Davamlı inkişaf fəlsəfəsi
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının inzibati idarəetmə fakültəsi:
ibrahimovo643@gmail.com, hesen.orucov171@gmail.com
Orxan İbrahimov , Həsən Orucov
Bu gün davamlı inkişaf konsepsiyası dünyanın elmi ictimaiyyəti və ümumilikdə, cəmiyyət tərəfindən dəstəklənir, davamlı inkişaf prinsipləri praktikada və biznesdə geniş miqyasda tətbiq olunur. Konsepsiya dayanıqlı inkişafın 3 təməl prinsipi - iqtisadi artım, sosial irəliləyiş və ətraf mühitin dayanıqlılığı üzərində qurulmuş və inkişafa qarşı mövcud maneələri aradan qaldırmaq üçün vahid yanaşmanın əhəmiyyətini xüsusi olaraq vurğulayır.
Davamlı inkişaf nədir? Ədəbiyyatda təriflər çox olsa da, onun məzmunu haqqında birmənalı, hamı tərəfindən qəbul olunmuş fikir hələ ki, yoxdur. Adətən davamlı inkişaf dedikdə, indiki zəmanənin tələblərini ödəyə biləcək inkişaf nəzərdə tutulur, eyni zamanda o, gələcələk nəsillərin tələbatlarını ödəmək imkanını heç də təhlükə altına salmır. Davamlı inkişafın məzmununa iki başlıca anlayış daxildir; tələbatlar və məhdudiyyətlər.
Davamlı inkişafın aşağıdakı göstəriciləri zəruri hesab edilir: ekoloji cəhətdən «təmiz» texnologiyaların tətbiqi səviyyəsi, cəmi kapitalların (təbii, insani, maddi, mədəni və s.) keyfiyyəti və strukturu, ekoloji cəhətdən sağlam məhsulun istifadəsi və ixracı və s.
Davamlı inkişaf konsepsiyası üç əsas məqsədin sistemə birləşməsi nəticəsirdə əmələ gəlib: iqtisadi, sosial və ekoloji. Bu elementlərin qarşılıqlı fəaliyyəti davamlı inkişafının vəzifələrini müəyyən edir.
Davamlı inkişaf - bəşəriyyətin inkişaf göstəricilərin seçilməsi və reallaşmasında özündə iqtisadi, ekoloji və sosial komponentləri birləşdirən sistemli yanaşmanın həyati vacibliyinin dərk olunmasını əks etdirən yeni inkişaf paradiqmasıdır.
Burada söhbət, müasir cəmiyyətin dəyərlərinin və məqsədlərinin, insan fəaliyyətinin müxtəlif sferalarının istiqamət və məzmunun köklü şəkildə dəyişdirilməsi əsasında bəşər inkişafının yeni çağa (epoxaya) keçməsindən gedir. Çiçəklənmə, ədalət və sağlam çevrə (ətraf mühit) insanın daha yaxşı gələcək barədə arzularını ifadə edir. Davamlı inkişaf, düzgün seçim və düzgün siyasət vasitəsi ilə bu arzunun həyata keçirilməsin mümkün edir.
V.A. Kaptyuqa görə davamlı insan konsepsiyası, bəşəriyyətin idraklı şəkildə balanslaşdırılmış sosial-iqtisadi inkişafına və ətraf mühitin qorunmasına nail olmaq, həmçinin həm texnoloji proses və həm də istehlakın səmərəlişdirilməsi yolu ilə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında iqtisadi dispariteti kəskin şəkildə azaltmaqdan ibarətdir.
N.N. Moiseyev hesab edir ki, davamlı inkişafı biosfera və cəmiyyətin tarazlıq vəziyyətinə keçmə imkanını təmin edən fəaliyyəti qəsd edən cəmiyyət strategiyasının işlənməsi və həyata keçirilməsi kimi başa düşmək lazımdır. Bəşəriyyətin gələcəyi (stabil bioloji dövriyyə-tsikllər) şəraitində qarantiya altına alına bilər. Məhz dövretmələrin stabilliyi biosferanın tarazlıq vəziyyəti deməkdir.Akademik A.D.Ursul’a görə davamlı inkişaf, ətraf mühiti dağıtmayan, fasiləsiz ictimai tərəqqini təmin edən, idarə olunan, dəstəklənən və nizamlanan inkişaf strategiyasıdır.
Beləliklə davamlı inkişaf strategiyasının mənası bəşəriyyətin qeyri müəyyən uzun müddət var olması şərtlərini müəyyənləşdirməkdən ibarətdir. Bunun üçün insanların tələbatının elə şəkildə təmin olunması nəzərdə tutulur ki, bu biosferanın deqradasiyasına, gələcək nəsillərin maraqlarının sıxışdırılmasına gətirib çıxarmasın.
Nəzərə almaq lazımdır ki, davamlı inkişaf cəmiyyətin yalnız iqtisadi və ekoloji təhlükəsizliyi deyil, həmçinin siyasi, sosial inkişafda stabillikdir.
Beləliklə demək olar ki, hazırda bəşəriyyət təbiətlə qarşılıqlı əlaqənin elə səviyəsinə çatmışdır ki, hələ regional və qlobal səviyədə ekoloji dəyişiklikləri saxlamaq mümkündür. Bunun üçün müxtəlif ölkələrin qüvvəsinin birləşdirilməsi, yaranmış vəziyyətin hərtərəfli tədqiqi, davamlı inkişaf strategiyası əsasında vacib olan təcrübi tədbirlərin həyata keçirilməsi lazımdır.
Davamlı İnkişaf Konsepsiyası keyfiyyətcə yeni yanaşma olub özündə aşağıdakı 3 əsas problemin həllini birləşdirir:
1) iqtisadiyyatın davamlı miqyası həyat təminatının ekoloji sisteminə müvafiq olmalıdır.
2) resursların və imkanların təkcə indiki nəsil üçün deyil, həmçinin gələcək nəsillər, eləcə də insanla digər bioloji növlər arasında ədalətli bölgüsü (distribution) aparılmalıdır.
3) təbii kapitalı adekvat olaraq nəzərə alan resursların zamanda effektiv bölgüsü (allocation) keçirilməlidir.
Sənayeləşmə sonrası cəmiyyətə keçiddən fərqli olaraq davamlı inkişafa keçid kardinal dəyişiklər tələb edir. Bunun mərkəzində bəşəriyyət fəaliyyətinin bütün əsas növlərinin ekologiyalışdırılması, insanın özünün dəyişməsi, onun düşüncəsinin dəyişməsi və yeni cəmiyyətin qurulması durur. Sağ qalmaq və inkişafı davamlı etmək üçün ilk növbədə özün dəyişməlisən. Buna kibernetikanın əsasını qoyanlardan biri Nobert Viner diqqət yetirərək yazmışdır: “Biz öz mühitimizi o qədər kökündən dəyişmişik ki, indi bu mühitdə mövcud olmaq üçün özümüz dəyişməliyik”. Aydındır ki, belə dəyişiklik kor təbii getməyəcəkdir (əks halda kor təbiilik fəlakətə gətirə bilər), bu, məqsədyönlü, düşünülmüş şəkildə olmalı, davamlı inkişafa keçidin başlıca idarə mexanizmi birləşmiş bəşəriyyətin əxlaqi, humanist idrakı ola bilər.
Davamlı inkişafa doğru ilk addımlar
1. Ölkənin, regionun, şəhərin davamlı inkişafı konsepsiyasının hazırlanması və
vəziyyətin təhlili (mühit, investisiya cazibədarlığı və s.);
2. Ölkənin, regionun, şəhərin davamlı inkişafı sahəsində normativ aparıcı dünya təcrübəsini nəzərə alaraq, ölkənin hazırlanması;
3. Davamlı inkişaf prinsiplərinin tədricən tətbiqi strategiyasının hazırlanması;
4. Davamlı inkişaf prinsiplərinin icrası dərəcəsinin qiymətləndirilməsi;
5. Prinsiplərin tətbiqi üzrə mümkün müddətlərin müəyyən edilməsi;
6.Tətbiq üzrə təfsilatlı planın hazırlanması, infrastrukturun inkişafı səviyyəsi, sosial və ekoloji normativ-hüquq bazasının təhlili.
Davamlı inkişaf konsepsiyanin yaranma tarixi 5 əsas mərhələdən ibarətdir: I –XX əsrin 50-60 -ci illərini əhatə edir;
II-XX əsrin 60-80-illərini ,
III mərhələ- XX əsrin 80-2000-ci illəri;
IV -2000-2015 illərini əhatə edir.
V -2015-2030 illərini əhatə edir.
I-ci mərhələ (1950-60) iqtisadiyyatın təkcə lokal deyil, həm dünya miqyasında, həm də kimyəvi və radiasiya tullantıları vasitəsilə gerçəkləşən zərərli təsirin dərkedilməsi ilə bağlıdır. Bu mərhələ nüvə təhlükəsinin artması və nüvə silahından istifadənin yarada biləcəyi faciəvi təsirin müzakirəsi, məişət fəaliyyətinin ətraf mühitə mənfi təsiri barədə məlumatların toplanması, qlobal ekoloji şüurun və hərəkatın əsasının qoyulması dövrüdür. İqtisadi inkişaf və ətraf mühitin deqradasiyası prosesləri arasında qarşılıqlı əlaqələr dünya ölkələri tərəfindən kifayət qədər yaxşı dərk edilir, lakin onların əksəriyyəti əsasən iqtisadi inkişaf prosesində təbiəti qorumağı n əhəmiyyətinin nəzərə alınması haqqında nitqlərlə kifayətlənmişlər. Bu mərhələnin əsas hadisələri:
1955-ci il- " Dünyanın böyük şəhərlərində havanın çirkləndirilməsinin tüstüdən ölüm hallarının artmasının nəticəsi kimi" adlı 1-ci beynəlxalq konfrans.
1962-ci il- Reyçel Karsonun "Səssiz bahar" adlı kitabı işıq üzü görür. Bu kitabda ilk dəfə və oxucu kütləsi üçün çox anlaşıqlı bir dildə kənd təsərrüfatında istifadə olunan sintetik pestisidlərin törətdiyi təhlükə haqqında bəhs edilirdi. Reyçel (Raxil) Luiz Karson ( Rachel Louise Carson; 27 may 1907, Springdel, Pensilvaniya 14 aprel 1964, Silver- Spring, Merilend) amerikalı bioloq, təbiətin mühafizəsi sahəsi üzrə görkəmli xadim, yazıçı. Onun “Ətrafımızdakı dəniz” (1951) kitabında elmi dəqiqlik canlı təbiətin dərindən təsviri ilə vəhdət təşkil edir. Pestisidlərin canlı orqanizmlərə, xüsusilə də quşlara zərərli təsirinə həsr olunan “Səssiz bahar” adlı əsər Karsona ümumdünya şöhrəti gətirdi. Bu zaman Karson kimya sənayəsini dezinformasiyada, hökumət nümayəndələrini isə aqrokimyəvi maddələrin istehsalına etimadda günahlandırdı,
Karsonun əsərləri ABŞ və digər ölkələrdə ekoloji hərəkatın genişlənməsinə təkan verdi. Onun apardığı elmi tədqiqatlar ölümündən sonra öz bəhrəsini verməyə başladı (DDT insektidinə beynəlxalq qadağanın qoyulması və ABŞ- da Ətraf mühitin mühafizəsi üzrə agentliyin yaranması kimi).
Bir dəfə dostları ona məhsulu zərərvericilərdən qorumaq məqsədilə çöllərə səpilən DDT maddəsindən zərər çəkən bir neçə quş nümunəsi gətirdilər. Həmin canlıların qanadları cisminə yapışıb qalmış can verirdilər. Bu hadisə Reyçel Karsonu çox zaman iri korporasiya və qurumlara qarşı yönəldilmiş gərgin ekoloji fəaliyyətə başlamasına təkan verdi. Onu bir çox digər alimlər də dəstəklədi. “Səssiz bahar” adlı əsəri cəmiyyətdə böyük bir rezonans doğurdu və təbiətin mühafizəsinin qeydinə qalan insanların sayını artırdı.
Kitabın nəşrindən dərhal sonra Reyçel bir sıra kimya sənayəçiləri və hökumət nümayəndələri tərəfindən alarmizmdə günahlandırıldı. Onu bu cür əsərləri yazmaq səriştəsi olmayan“isterik qadın” adlandırırdılar. Lakin bütün bu qınaqlara baxmayaraq, “Səssiz bahar” bestsellerə çevrildi. Kitabı yeni ekoloji hərəkatın inkişafının təşəbbüskarı hesab edirlər. Bununla belə, DDT maddəsinin tibdə malyariya xəstəliyinə qarşı effektiv vasitə olduğu və məhz bu sahədə nisbətən təhlükəsiz olması təcrübələr əsasında bir sıra rəsmi qurumlar tərəfindən təsdiqini tapdı.
Reyçel Karson ABŞ prezidenti Cimmi Karter tərəfindən ömürlük Prezidentin Azadlıq nişanı ilə təltif olundu.
18 dekabr 1962-ci il- BMT Baş Assambleyasının "İqtisadi İnkişaf və təbiətin mühafizəsi"adlı qətnaməsində iqtisadi inkişafın sənayeləşdirmə və urbanizasiya da daxil olmaqla təbii sərvətlər, flora və faunaya zərər verdiyini bildirir, ona görə də iqtisadi inkişaf mütləq "təbii sərvətlərdən və məhsuldarlığın artırılmasının qorunması, bərpa edilməsi, zənginləşdirilməsi və rasional istifadəsi" ilə müşayiət olunmalıdır.
II-mərhələ (1960-1980) Sosial - tarixi təcrübə göstərir ki, insan-təbiət münasibətlərinin gərginləşməsində texniki və intellektual tərəqqi hərəkətverici qüvvə olmuşdur. Texniki və intellektual tərəqqinin gücü biosferin tarazlığını pozmaqla qlobal ekoloji böhrana gətirib çıxarmışdır. Xüsusən XX əsrin II yarısından başlayaraq yaranmış ekoloji böhram dərk edən dünya alimləri obyektiv faktlara əsaslanaraq bu təhlükənin ciddiliyini öz elmi tədqiqatlarında şərh etmişlər. Bu sahədə ilk dəfə həyəcan təbilini çalanlar məşhur Roma klubunun üzvləri olmuşdur.
1968-ci ildə “Ümumdünya sisteminin inkişafını modelləşdirən və proqnozlaşdıran “Roma klubu” Beynəlxalq təşkilatı yaradılmışdır
Bu isə ətraf mühitin mühafızəsi sahəsində ilk beynəlxalq təşkilat idi.
«Roma klubu» italiyalı iqtisadçı, biznesmen ictimai xadim , ”Fiat” firmasının direktorlar şurasının üzvü və “Olivetti” şirkətinin vitse-prezidenti Aurelio Peççei avropanın 30 nəfər ən görkəmli alimlərinə və iş adamlarına müasir dövrün kəskin problemlərini müzakirə etmək üçün dəvətnamə göndərdi. Həmin ilin 6-7aprel tarixində Romada, qədim de Linçei Milli akademiyasında dəvətlilərin görüşü keçirildi. Bu görüşdə toplaşanlar müasir dövrün ən aktual problemlərini müzakirə etdilər. Beynəlxalq təşkilatın yaradılması ideyasını dəstəkləyən iştirakçılar “Roma klubu”-nda birləşdilər. Həmin təşkilat 30-dan çox ölkənin iş adamlarinı, alimlərini və ictimai xadimlərini birləşdirən Beynəlxalq Qeyri-hökumət Təşkilatı kimi fəaliyyət göstərməyə başlamışdır. («Roma klubu»nun ilk prezidenti də A.Peççei seçilmişdir). Klubunun üzvlərinin sayı 100 nəfər olmaqla ,məhduddur. Heç bir rəsmi dövlət vəzifəsi tutmayan və heç bir ölkənin maraqlarını təmsil etməyən nüfuzlu insanlar RK-nun üzvü ola bilər. Bu təşkilatın əsas məqsədi insanın təbiətlə harmoniyada olmasına nəzarət etməkdir. Əslində «Qlobal problemlər» anlayışında elmə həmin təşkilatin nümayəndələri gətirmişlər. Qlobal problemlərin ümumbəşəri xarakteri onu kulturologiyanın predmeti etmişdi. «Roma klubu»nun üzvləri qlobal problemlərin həlli baxımından «pessimistlərə» (bədbin) və «optimistlərə» (nikbin) bölünürdü. Təəssüflə qeyd etmək lazımdır ki, qlobal problemlər termininin yaradılmasından başlayaraq həmin problemlərin dairəsi genişlənmiş, sayı artmışdır. Biosferdə mövcud olan qlobal ekoloji böhran sivilizasiyanı dilemma (seçim) qarşısında qoyur: bədbin və nikbin. Bədbin mövqeyə görə XXI əsrin ortalarında ətraf mühitin həddindən artıq çirklənməsi, atmosferin tərkibində oksigenin miqdarının kəskin azalması, təbii ehtiyatların tükənməsi və s. qlobal problemlər dünyanın sonunu yaxınlaşdıracaq və sivilizasiya məhv olacaq.
Nikbin mövqeyə görə dərrakəli insan ekoloji problemlərin kəskin xarakter aldığını dərk edərək yaranmış problemlərin həlli yollarını axtarır. Nikbin mövqeyə görə:
• Yerin altında və dünya okeanında istifadə və kəşf olunmamış kifayət qədər ehtiyatların olması;
• yeni ehtiyatlardan istifadənin genişlənməsi (kosmik, nüvə enerjisi və s.);
• ənənəvi təsərrüfat formalarından yeni təsərrüfatçılığa keçilməsi, məsələn kənd təsərrüfatının sənayeləşdirilməsindən bioloji təsərrüfatçılığa keçid;
• elmi-texniki tərəqqinin biosferdə tarazlığın saxlanmasına və ətraf mühitin yaxşılaşdırılmasına xidmət etməsi;
• «birgə yaşamaq» və «davamlı inkişaf» konsepsiyasını əldə rəhbər tutaraq insan nəslini davam etdirmək ;
«Roma klubu» o dövrdə qlobal problemlər siyahısina aşağıdakıları daxil etmişdir:
1 ) əhali artımı problemi - doğumun azalması problemi (dünyanın bir tərəfındən «demoqrafik partlayış» baş verir, digər tərəfındən artım sıfıra enir);
2) ətraf mühitin çirklənməsi;
3) ozon qatın azalması ;
4) su hövzələrinin quruması;
5)enerjinin ənənəvi mənbələrinin tükənməsi;
6) aclıq təhlükəsi;
7) millətlərarası münaqişələr problemi;
8) insan həyatının saxlanılması problemi və s.
Klubun məruzəyə olan sifarişi yalnız onun mövzusunu müəyyənləşdirir və elmi-tədqiqatların maliyyələşdirilməsinə zəmanət verir lakin bu zaman işin gedişinə, onun nəticələrinə və yekun rəyinə heç bir təsir göstərmir. Məruzənin müəllifləri (bu müəllif klubun üzvü olsa belə) tam sərbəst və müstəqildir. Bir qayda olaraq, hazır məruzəni təhvil alan Klub ,onu illik konfransında müzakirə və təsdiq edir. Əksər hallarda bu müzakirələrdə geniş kütlənin-ictimaiyyət, elm, siyasət və mətbuat nümayəndələri də iştirak edir. Bundan sonra isə Klub bu tədqiqatların nəticələrinin yayılması , məruzənin nəşri və dünyanın müxtəlif ölkələrində onun müzakirəsi ilə məşğul olur.
Bu təşkilat biosferin inkişaf perspektivlərinin tədqiqi , insan və təbiətin münasibətlərinin harmonikləşdirilməsi ideyalarının təbliğində əhəmiyyətli işlər görmüşdür.
RK nümayəndələrinin nəzəri tədqiqatlarının nəticələri müxtəlif ölkələrdə isti-fadəolunmaqdadır. Klubun praktik tövsiyələri ayrı-ayrı ölkələrin , sənaye sahələrinin və şirkətlərin sosial-iqtisadi inkişafının proqnozlaşdırılmasında nəzərə alınmaqdadır. Roma klubunun təklifi ilə 1970-ci ilin əvvəlində C.Forrester EHM-da özünün işləyib hazırladığı modelləşdirmə metodikasını dünya problematikasına tətbiq etdi. Tədqiqatların nəticələri 1971-ci ildə ”Dünyanın dinamikası” adlı kitabda dərc olundu. Bu kitabda qeyd olunurdu ki, fiziki cəhətdən məhdud olan Yer planetində insanlığın sonrakı inkişafı XXI əsrin 20-ci illərində ekoloji fəlakətlərə gətirib cıxaracaq. 1972-ci ildə ABŞ-nın Massaçuset Texnologiya İnstitutundan heç kimə tanış olmayan assistent Dennis Medouz Roma klubuna “Artımın həddi” adlı məruzəsini təqdim etdi. Məhz, o vaxtdan da Medouzun adi müasir dövrün görkəmli ekoloqları ilə bir sırada çəkilir. O vaxtdan uzun müddət keçməsinə baxmayaraq “Artımın həddi” kitabı bu gün də bir çox ölkələrdə ekoloq-iqtisadçıların masaüstü kitabına çevrilmişdir. Medouz oz işləri ilə sanki, dünyanın “maşımla” dərk olunmasını təbliğ edir. O, EHM-rı ilə cəmiyyətin qlobal düşüncəsinə təsir etməyə cəhd edərək rəqəmləri sözdən “yüksəkdə tutur”. Məhz, ona görə də qeyri-standart düşüncə tərzinə malik bu qəribə amerikalı Roma klubuna gəlmişdi.
1972-ci ildə Roma klubunun Forrester və Medouz tərəfındən təqdim edilən «Artım həddi» adlı məruzəsi, dünyada böyük rezonans doğurdu. Məruzənin müəllifləri qlobal problemlərin vəziyyətinin kəskin surətdə pisləşməsi ilə əlaqədar təcili olaraq ekoloji və iqtisadi sabitləşmə tədbirləri keçirməyi, iqtisadi artımdan qlobal tarazlığa keçid tələb edirdilər. Hələ XX əsrin 70-ci illərində Roma klubunun üzvlərindən D.Medouz “Artım həddi” (1972), M.Messaroviç və E.Pestel “Bəşəriyyət iki yol ayrıcında” (1974) adlı əsərlərində göstərmişlər ki, dünya əhalisinin artım surəti və ona paralel olaraq istehsalın inkişaf tempi belə gedərsə, ətraf mühitin çirklənməsi və təbii ehtiyatların tükənməsi XXI əsrin ortalarında qlobal fəlakətə səbəb olacaqdır. Roma klubunda “Artım həddi” barədə 1972-ci ildə geniş müzakirələr olmuşdur. Burada müəlliflər gələcək 130 il cəmiyyətin inkişaf meylini proqnozlaşdırmışlar.
Bunun üçün 5 qlobal problemi nəzərdə tutmuşlar.
Beləliklə müəlliflər əhalinin sayının təqribən 33 ilə, sənaye istehsalının isə 10-15 ilə 2 dəfə artması ehtimalı qəbul etmişlər. Əfsuslar olsun ki, keçmiş SSRİ-də uzun müddət Roma klubu və xüsusilə də onun məruzələri haqqında cəmiyyətin çox az məlumatı olmuş və ya heç olmamışdır. Bu məruzələr barədə ya susmuşlar ya da bu məlumatları ilkin mənbəyə istinad etmədən vermişlər. Medouzun “Artımın həddi” isə tənqid hədəfinə çevrilir və yararsız hesab edilirdi. Çünki, “hansısa Medouz çox əsaslandırılmış şəkildə göstərmişdi ki, inkişafın müəyyən bir mərhələsində iqtisadi artım ekoloji şəraitin pisləşməsinə səbəb olacaq və nəticədə doğuşların sayı azalacaq, xəstəliklər artacaq və s”. Bu isə iqtisadiyyatın ekstensiv inkişaf yolunu tutmuş o dövr siyasətçilərinin xoşuna gəlmirdi. Əlbəttə, iqtisadı artım vacibdir, lakin bu artım müəyyən həddə qədər mümkündür. Məhz ixtisasca riyaziyyatçı olan ekoloq Medouz da bunu əsaslandırırdı. O, qeyd edirdi ki, müəyyən həddən sonra artıq bu artım deyil, deqradasiyadır.
1938-ci ildə İ.V.Stalinin “dialektik və tarixi materializmə dair” məqaləsində irəli sürülmüş müddüalar Sovet alimlərinin şüuruna möhkəm hopmuşdu. Bu məqalədə insan təsiri altında coğrafi mühitin, yəni təbiətin dəyişməsi inkar edilirdi. Ona görə də Sovet alimləri “Artımın həddi”-ni belə kəskin hücumlar edirdilər. Yalnız 1988-ci ildə SSRİ “İnsanlığın ümumbəşəri mədəniyyət və təbiət irsinin qorunması haqqında Konvensiyaya” qoşuldu. Düz 16 il SSRİ bu sənədi və ətraf mühitin qorunması üzrə beynəlxalq hərəkatları tanımadı. Artıq dünyada çox şey dəyişmişdi. Bu dövr ərzində professor Medouzun qrupu dünyanın quruluşunun modelini işləyib hazırladı və dinamik tarazlıq anlayışına aydınlıq gətirdi. 7 Əgər, Medouzun modelinə diqqət yetirsək görərik ki, təəccüblü olsa da dinamik tarazlıq sadə və aydın bir anlayışdır.
Medouzun modelinə görə, bizim dünyanı beş dəyişənin-əhali, məhsul istehsalı, bərpa olunmayan təbii resursların istehlakı, sənayeləşmə və ətraf mühitin çirklənməsinin daxil olduğu riyazi sistem kimi təsvir etmək olar. Məsələn, aydınlaşdırmaq olar ki, əhalinin sayının artımı sənayeləşməyə gətirib çıxarırmı və ya əksinə, sənayeləşmə əhalinin sayının artmasına səbəb olurmu? Medouzun modelində minlərlə belə sualları tədqiq etmək olar.
Medouzun fikrinə görə, məhz bu beş dəyişənin balansı elə dinamik tarazlıq deməkdir. Medouz yazırdı ki, arzu olunan balans isə yalnız beşinci dəyişənin, yəni
ətraf mühitin çirklənməsinin nəzərə alınması zamanı mümkündür.
Medouz əhali artımının və təbii resursların məlum ehtiyatlarının tükənməsinin müşahidə olunan tendensiyalarının ekstropolyasiyasına əsasən bir neçə model qurmuşdu.
Mövcud ənənələrin sadə ekstropolyasiyası şəklində qurulmuş standart model bəşəriyyətin inkişafını proqnozlaşdırmağa imkan verir.
Bu modelə əsasən XXI əsrin 20-ci illərində bəşəriyyəti əhalinin əhəmiyyətli hissəsinin aclıqdan ölməsinə səbəb olacaq böhranlar sistemi gözləyir.
Qlobal planlaşdırmanı və “şüurlu “idarəetməni nəzərə alan model isə aşağıdakı mənzərəni əks etdirir
Professor Medouzun işləri ilə tanış olarkən hiss olunur ki, müəllif özü bu modeli
son həqiqət kimi təqdim etmir. O, hesab edir ki, “model mükəmməl deyil, sadələşdirilib və tam deyil”. Medouz yalnız həqiqəti dərk etmək üçün bir alət təklif edir. Bu alətdən istifadə edib-etməmək isə hər bir kəsin öz hüququdur.
Qədim Troyanı mühasirədə saxlayan axeylilərə taxta at “tələni” fikirləşmək üçün on il vaxt lazım gəldi. Medouz isə öz modeli ilə Roma klubuna daxil olmaq üçün iki ildən də az vaxt sərf etdi.
D. Medouzun “Artımın həddi” layihəsi Forresterin tədqiqatlarını tamamladı. Forrester-Medouz modelinə Roma klubunun birinci hesabatı statusu verildi
1974-cü ildə Roma klubunun üçüncü məruzəsi işıq üzü gördü. Bu məruzəyə RK-nun üzvləri M.Messaroviç və E.Pestel rəhbərlik edirdi. “Insanlıq iki yol
ayrıcında” adlanan bu məruzə “üzvi artım “konsepsiyasının əsasını qoydu. Bu
konsepsiyaya görə, dünyanın hər bir regionu canlı orqanizmin hüceyrəsi kimi öz xüsusi funksiyasını yerinə yetirməlidir. “Üzvi artım “ konsepsiyası RK tərəfindən yekdilliklə qəbul olundu və bu günə qədər də onların müdafiə etdikləri əsas ideyalardan biri olaraq qalmaqdadır.
Medouz-Forrester və Messaroviç-Pestel modelləri ”sənayecə zəif inkişaf etmiş ölkələrin hesabına resurs istehlakının məhdudlaşdırılması” ideyasının əsasını qoydu. Bu alimlər tərəfindən təklif olunan metodika Dünyada baş verən prosesləri proqnozlaşdırmaq və bu proseslərə fəal surətdə təsir göstərmək üçün ABD hökuməti tərəfindən istənildi. RK üzvlərinin növbəti məruzəsi Y.Tinbergen tərəfindən hazırlanmış və dünya sisteminə həsr olunmuş “Beynəlxalq qaydalara (nizama) yenidən baxılması” (1976) oldu. Bu məruzə əvvəlkilərdən əhəmiyyətli dərəcədə fərqlənirdi. Tinbergen öz məruzəsində dünya iqtisadiyyatının sturukturunun yenidən qurulması layihəsini təqdim edirdi. O ,dünya sisteminin daha
davamlı inkişafını təmin etmək üçün davranış və fəaliyyət, siyasətin əsas istiqamətləri, yeni institutların yaradılması və ya mövcud institutların yenidən təşkili prinsiplərinə dair konkret tövsiyələr irəli sürülürdü. Sonrakı illərdə biri-birinin ardınca RK-nun bir neçə məruzəsi də işlənib hazırlandı. Bu məruzələrdən aşağıdakıları qeyd etmək olar
RK-nun məruzələri içərisində klubun prezidenti A.Peççeinin “İnsani keyfiyyətlər”(1980) adlı məruzəsi əhəmiyyətli rol oynayır. Peççei “planetin xarici hüdudları”, insanın özünün “daxili hüdudları”, xalqların mədəni irsi, dünya birliyinin formalaşması, ətraf mühitin mühafizəsi və istehsalat sisteminin yenidən qurulması məsələləri ilə bağlı olan altı “başlanğıc” məqsədi təklif edir. Insan onu əhatə edən təbiətin imkanları daxilində fəaliyyət göstərməli, önü son həddə gətirməməlidir. Bu məruzənin əsas ideyası insanın mükəmməlləşməsi və onun yeni potensial imkanlarının aşkarlanmasından ibarətdir.
XX əsrin 70-ci illərində irəli sürülən bu proqnozlar fəlsəfi dünyagörüşü baxımmdan “ekoioji pessimizm” təbliğ edirdi. Ekoloji pessimizmdən uzaqlaşmağın əsas yolu təbiətə münasibətin dəyişdirilməsidir. Təbiətə yeni münasibəti formalaşdırmaq son illərdə bütün dünya alimlərini düşündürməkdədir. Tarixi təcrübə və elmin nailiyyətləri göstərir ki, istehsalın genişləndirilməsi paralel olaraq təbii ehtiyatların da istismarının artırır. Təbii ehtiyatlarm hasilatı genişləndikcə , ətraf mühitin çirklənmə dərəcəsi də artır. Hazırkı şəraitdə ölkələr təbii ehtiyatların hasilatının azaldılması əvəzinə, onu daha da artırmağa səy göstərirlər. Hər bir ölkə öz sosial - iqtisadi inkişafını təmin etmək üçün təbii ehtiyatlardan istifadəni getdikcə artırır. Bu proses istər- istəməz insan - təbiət münasibətlərinin gərginləşməsinə səbəb olur. Buna görə də, təbii ehtiyatların hasilatı prosesində ekoloji gərginliyi azaltmağın münasib variantı insan - təbiət münasibətlərinin optimallaşdırılmasıdır.
1993-cü ilin dekabrında Hannoverdə Roma klubunun 25 illiyinə həsr olunmuş müşavirə keçirilmişdir . Görüş iştirakçılarının diqqət mərkəzində Avropa Birliyinin gələcək perspektivləri olmuşdur. Əlavə edək ki, Roma klubu hal-hazırda da fəaliyyət göstərir.
II Dünya müharibəsindən sonrakı dövrdə, xüsusən 70-80-ci illərdə elmi-texniki tərəqqinin inkişafı insan - təbiət münasibətlərini ziddiyyətli vəziyyətə gətirib çıxarmış və indi də bu vəziyyət yüksələn xətlə davam etməkdədir. Məhz, bu səbəbdən dünya alimləri və beynəlxalq təşkilatlar XX əsrin 70-ci illərindən başlayaraq insan-təbiət münasibətlərinin gərginləşməsinə diqqət yetirmişlər. Bu məqsədlə 1972-ci ildə Stokholm Bəyannamasi qəbul edilmişdir.
Təbiətin mühafizəsi BMT-nin baş və köməkçi orqanları vasitəsilə realizə edilir. BMT-nin ətraf mühitə dair 1-ci konfransı Stokholmda 15-16 iyun 1972-ci ildə olmuşdur. Konfransda ətraf mühitə dair Bəyannamə və Fəaliyyət Planı qəbul olundu. 113 dövlətin nümayəndələrinin iştirak etdiyi bu konfransdan sonra beynəlxalq və milli səviyyələrdə aktiv ekoloji fəaliyyət başlandı.
Konfrans ətraf mühitin mühafizəsi haqqında bəyanat qəbul etdi və 5 iyun Beynəlxalq ətraf mühitin mühafizəsi günü elan olundu. Konfranda insan mühitinin mühafizə prinsipi və ətraf mühiti mühafizə məqsədilə plan tərtib olunmuşdur. 1972-ci ildə BMT- nin Baş Assambleyasının xətti ilə BMT-nin ətraf mühit proqramı tərtib edilir, bu isə BMT sistemində əsas yer tutur.
1972-ci il Stokholm Konfransından sonra YUNEP-in yaradılması istiqamətində aparılan fəaliyyət bu müsbət nəticəni bir qədər artırdı. Son illərdə isə müəyyən bir ekoloji problemin həlli üçün ixitsaslaşdırılmış müəssisələr arası proqramlar daha çox tətbiq edilir. Bu isə ixtisaslaşdırılmış müəssisələrin bir-biri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərməsi ilə mümkündür.
YUNEP-in əsas məqsədi «ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq qanunvericiliyin inkişafı və təkmilləşdirilməsi», bir sözlə, beynəlxalq ekologiya hüququnun mütərəqqi məcəllələşdirilməsi və inkişafıdır.
YUNEP-in müvafiq fəaliyyəti beynəlxalq hökumətlərarası təşkilatlarla yanaşı, qeyri –hökumət təşkilatlarının ekoloji fəaliyyət istiqamətlərinin koordinasiyasına yönəlib.
Ətraf mühitin mühafizəsində fəaliyyət göstərən beynəlxalq təşkilatları da fərqləndirmək problemin həlli baxımından əhəmiyyət kəsb edir. Ekoloji problemin rəngarəngliyi beynəlxalq sferada: universal və regional; hökumətlərarası və qeyri- hökumət təşkilatları; ümumi yurisdiksiyalı və xüsusi yurisdiksiyalı beynəlxalq təşkilatlar; elmi-texniki, sosial-iqtisadi, nəzarət və s. funksiyalı beynəlxalq təşkilatların yaranmasını zəruri etmişdir.
YUNEP fəaliyyətinin planlaşdırılması və həyata keçirilməsi üç mərhələli yanaşma:
birinci mərhələdə - ətraf mühitin konkret problemləri üzrə məlumatların illik məruzə formasında təqdim olunması;
ikinci mərhələdə - qlobal miqyasda, o cümlədən ayrı-ayrı dövlətlər, beynəlxalq hökumət və qeyri-hökumət təşkilatları, digər maraqlı müəssisə və təşkilatlar çərçivəsində tədbir proqramlarının formalaşması;
üçüncü mərhələdə - layihələrin bəyənilməsi əsasında qurulmuşdur.
1990-cı ildə Nobel mükafatı laureatı olan qırx doqquz alim bəyan etdi ki, "qlobal istiləşmə XXI yüzilliyin ən ciddi ekoloji təhlükəsidir və biz gələcək nəsillərin bu təhlükə ilə üzləşməyəcəklərinə əmin olmaq üçün indidən ölçü götürməliyik". Elə həmin il müstəqil beynəlxalq ekoloji təşkilat olan "Qrinpis" ABŞ-ın, Böyük Britaniyanın, İsveçin, Braziliyanın və Hindistanın energetika sahəsində aparıcı alimləri tərəfindən yazılmış "Qlobal istiləşmə" məruzəsini dərc etdi. Roma klubu hazırda da, ekoloji vəziyyəti getdikcə pisləşən və fundamental (xüsusilə də geosiyasi)dəyişikliklərə məruz qalan dünyanın müasir vəziyyətinin tədqiqini davam etdirir.
3-cü mərhələ (1980-90-cı illər). “Davamlı inkişaf” termininin ilk və daha çox istinad olunan məzmunu Ətraf mühit və inkişaf üzrə Ümumdünya komissiyası (Brundtland Q.X. komissiyası, 1987 ildə) tərəfindən təklif olunmuşdur. Komissiya “davamlı cəmiyyət” olaraq, “bugünkü nəslin ehtiyaclarını təmin etməklə gələcək nəsli öz ehtiyaclarını təmin etməkdən məhrum etməyən” cəmiyyəti adlandırır. Nəticədə “Bizim ümümi gələcəyimiz” adlı qətnamə qəbul olunmuşdur və onun əsas mahiyyəti aşağıdakılardan ibarətdir:
1.Təbiəti ilə harmoniyada olan, sağlam və məhsuldar həyat hüququna malik olan insanlar diqqət mərkəzindədir .
2.Ətraf mühitin mühafizəsi inkişaf prosesinin ayrılmaz tərkib hissəsi olmalıdır.
3.Inkişaf ehtiyacları və ətraf mühitin qorunması yalnız indiki deyil, həm də gələcək nəsillərin tələbatını ödəməlidir.
4.Ölkələr arasında yaşayış səviyyəsində mövcud olan fərqlərin azaldılması , yoxsulluğun aradan qaldırılması beynəlxalq ictimaiyyətin ən mühüm vəzifələrindən biridir.
5.Davamlı inkişafa nail olmaq üçün həmin prosesə mane olan və zərər verən sənaye kompleksləri dövlət tərəfindən ləğv olunmalı və ya azaldılmalıdır.
1990-cı ildə təsis edilmiş Beynalxalq davamlı inkişaf institutu (İİSD, Vinnipeq, Kanada, prezident Artur Xanson) davamlı inkişafa aşağıdakı tərifi vermişdir: “Davamlı inkişaf vahid ətraf mühit, iqtisadi səmərəlilik və xalqların rifahının birliyini ifadə edir”.
1992-ci ildə Rio-de-Janeyro şəhərində ətraf mühit və inkişaf üzrə keçirilən ümumdünya Sammit keçirilmişdir. Davamlı inkişafın təmin edilməsi istiqamətində ən mühüm beynəlxalq tədbir Braziliyanın Rio-de-Janeyro şəhərində 1992-ci ilin iyun ayında keçirilən “Ətraf mühit və inkişaf” üzrə BMT konfransıdır. Rio konfransında insan - təbiət münasibətlərinə aid aşağıdakı bir neçə mühüm sənədlər qəbul edilmişdir. Bu sənədlər içərisində “XXI əsrin gündəliyi” və 27 prinsipdən ibarət olan “Rio bəyannaməsi” ayrı-ayrı ölkələrdə insan-təbiət münasibətlərinin yaxşılaşdırılmasmda ən vacib sənəd kimi mühüm əhəmiyyət kəsb edir.
Sammitin işində 179 hökumət nümayəndələrinin, beynəlxalq və qeyri-hökumət təşkilatları iştirak edirdilər. Deklarasiya beynəlxalq səylərin ekoloji və iqtisadi cavabdehliyə əsaslanmış 27 ümumi prinsipindən ibarətdir. BMT-nin sammiti ətraf mühitin mühafızəsi məsələsini dünyanın sosial-iqtisadi inkişafının vacib tərkib hissəsi olduğunu xüsusi vurğuladı. Konfransda ətraf mühitin mühafizəsinin və təbii resursların idarə edilməsinin sosial- iqtisadi inkişafa, o cümlədən yoxsulluğun aradan qaldırılmasam yönəlmiş səylərə inteqrasiyasının vacib olduğu qəbul edildi. Bu ideya Davamlı İnkişaf konsepsiyası şəklini aldı. Bu konsepsiyanın əsas qayəsi "müasir dövrün tələbatların ödənilməsini təmin etməklə bərabər, eyni zamanda gələcək nəsillərin həmin tələbatlarına ziyan vurmayan" inkişafa nail olmaqdır. Başqa sözlə "Təbiət miras deyil, gələcək nəsillərin əmanətidir!". Bu anlayış həm iqtisadi inkişafın prioritetliyi tərəfdarlarının, həm də ətraf mühitin mühafizəsini zəruri və vacib sayan tərəflərin dəstəyini almaq məqsədi daşıyır. Sammit nəticəsində formalaşmış yeni siyasət konfransın 5 əsas yekun sənədində öz əksini tapdı:
1997-ci ilin dekabrında Yaponiyanın Kioto şəhərində BMT-nin İqlimin Dəyişməsi Üzrə Üçüncü Konfransı keçirildi ki, burada dünyanın 171 ölkəsinin dövlət nümayəndələri iqlimin istiləşməsinə aparıb çıxaran karbon qazı atılmalarının azaldılması üzrə saziş (Kioto protokolu) imzaladılar və 2007-ci ildə o, bütünlükdə qüvvəyə mindi. Bu sazişə görə, dünyanın sənaye cəhətdən güclü inkişaf etmiş 38 ölkəsi atmosferə karbon qazı atılmalarını əhəmiyyətli dərəcədə azaldaraq, 2012-ci ilə qədər onların miqdarını 1990-cı ildə olduğundan da 5 faiz az səviyyəyə çatdırmalıdırlar. Bunun üçün Avropa İttifaqı ölkələri karbon qazı da daxil olmaqla istixana qazlarının atılmalarını 8 faiz, ABŞ 7 faiz, Yaponiya isə 6 faiz azalacaqdır. Protokol istixana qazları atılmaları üçün kvotalar nəzərdə tutur. Bunun mənası odur ki, protokolu imzalamış 38 inkişaf etmiş ölkənin hər biri atmosferə yalnız müəyyən miqdara qədər istixana qazı atacağını öhdəsinə götürür. Kvota həddini keçməyə məcbur olan ölkələr və ya şirkətlər atılmaları kvotada göstərildiyindən az olan ölkələrdən və yaxud şirkətlərdən atmosferə əlavə atılmalar üçün pulla icazə ala bilərlər.
Azərbaycan Respublikası 1992-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını imzalamış, 1995-ci ildə Milli Məclis tərəfindən ratifikasiya etmiş, 2000-ci ildə bu konvensiyaya əlavə olan Kioto protokolunu imzalamışdır. Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Respublika prezidentinin sərəncamı ilə 1997-ci ildə iqlim dəyişmələri üzrə dövlət komissiyası yaradılmışdır. Konvensiyanın tərəfi kimi Azərbaycan iqlim dəyişmələrinin gözlənilən təsirinin azaldılmasına yönəlmiş milli və regional proqramların hazırlanması, həyata keçirilməsi və nəşr etdirilərək ictimaiyyətə çatdırılması kimi öhdəliklər götürmüşdür. Konvensiyanın tələblərinə uyğun olaraq 1998-1999-cu illərdə "İqlim dəyişmələri üzrə birinci milli məlumatlar" layihəsinin I mərhələsi, 2000-ci ildə isə II mərhələsi yerinə yetirilmişdir. Layihənin I mərhələsi çərçivəsində respublika ərazisində müasir iqlim dəyişmələrinin tendensiyası müəyyən edilmiş, gözlənilən iqlim dəyişmələrinin ssenariləri (5 ssenari) hazırlanmış, iqlim dəyişikliklərinin neqativ təsirləri nəticəsində baş verə biləcək itkilərin azaldılması üçün milli adaptasiya planı, qlobal istiləşməyə səbəb olan parnik qazlarının milli kadastrı, parnik qazlarının tullantılarının azaldılmasına dair milli fəaliyyət planı hazırlanmışdır. Layihənin II mərhələsində Azərbaycan Respublikasında parnik qazlarının azaldılması üçün texnologiyalara milli tələbat müəyyənləşdirilmiş, iqlim üzərində sistematik müşahidələrin hazırkı vəziyyəti və potensialı qiymətləndirilmişdir.
Hazırda Azərbaycan iqlim dəyişmələri üzrə Şərqi Avropa və keçmiş SSRİ dövlətləri (12 ölkə) ilə birlikdəparnik qazlarının inventarlaşdırılmasının keyfiyyətinin təkmilləşdirilməsi üçün milli potensialın yaradılması üzrə regional layihənin ilkin mərhələsində iştirak edir. İqlim dəyişmələri üzrə milli səviyyədə aşağıdakı strateji vəzifələrin yerinə yetirilməsi vacibdir:
- İstilik effekti yaradan qazların tullantılarının statistik hesabatı, qiymətləndirilməsi, mənbələri və toplayıcıları haqqında məlumatların analitik-informasiya sistemlərinin yaradılması;
- Davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi üçün iqtisadiyyata və təbii ekosistemlərə iqlimin təhlükəli təsirinin qiymətləndirilməsi və müvafiq adaptasiya tədbirlərinin işlənib hazırlanması;
- İqlim dəyişmələrinin əhalinin sağlamlığına təsirinin qiymətləndirilməsi və müvafiq adaptasiya tədbirlərinin işlənib hazırlanması;
- Günəş, külək və bioqazdan istilik və elektrik enerjisi alınması imkanı verən, ekoloji cəhətdən təmiz texnologiyaların Azərbaycana gətirilməsinin stimullaşdırılması;
- Ozondağıdıcı maddələrdən istifadə ovunmasının tədricən aradan qaldırılmasının başa çatdırılması.
1992-ci ildə BMT-nin ətraf mühit və inkişaf üzrə Rio-de-Janeyroda keçirilmiş konfransında İqlim Dəyişmələri Haqqında Konvensiya qəbul olundu. Bu sənəddə qlobal istiləşməsinin mənfi nəticələrinin qarşısını almaq üçün cəhdlərin beynəlxalq səviyyədə birləşməsinin zəruri olduğu göstərildi.
IV mərhələ -2000-2010 illərini əhatə edir. "Minilliyin Forumu" 2000-ci ildə BMT -nin təşəbbüsü ilə keçirib.
Minilliyin İnkişaf Məqsədlərinin (MİM) tarixdə yoxsulluğa qarşı ən uğurlu qlobal addım olması hesabatda qeyd edilmişdir. Hədəflərin çoxuna nail olunması yolunda əhəmiyyətli və əsaslı addımlar atılmışdır - bura kəskin yoxsulluq həddində yaşayan insanların sayının və təkmilləşdirilmiş içməli su mənbələrinə davamlı çıxışı olmayan insanların nisbətinin yarıya qədər azaldılmasında daxildir. Malyariya və vərəmə qarşı mübarizədə diqqətəlayiq uğurlar qazanılmışdır. Səhiyyənin bütün sahələrində, eləcə də ibtidai təhsildə nəzərəçarpan irəliləyiş müşahidə edilmişdir.
"MİM-lərə nail olunması istiqamətində on ildən yuxarı aparılan işlər zamanı biz öyrəndik ki, qlobal inkişaf səylərinin mərkəzləşdirilməsi fərq yaratmağa qabildir”, - deyə BMT-nin Baş Katibi Pan Gi Mun hesabatda bildirib. Fəaliyyətin sürətləndirilməsi yolu ilə, dünya MİM-lərə nail ola və 2015-ci ildən sonrakı, yüksək hədəflərə yönələn və ilhamlandırıcı inkişaf çərçivəsi üçün zəmin yarada bilər”.
Hesabatda vurğulanan məsələlər
İnkişaf üçün qlobal tərəfdaşlığı inkişaf etdirmək
2002 Rio+10 Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçirilən (26 avqust- 4 sentyabr 2002-ci il) Sammitidir. Bu sammitdə Davamlı İnkişaf məsələsinin beynəlxalq gündəliyin əsas və vacib elementi olduğu xüsusi qeyd edildi. Sammitin əsas məqsədi 21-ci əsrin Gündəliyinin və Rio-de- Janeyro sammitinin digər yekun sənədlərinin realizasiyasının qiymətləndirilməsi, eləcə də qəbul edilmiş sazişlərin həyata keçirilməsi üçün atılacaq sonrakı addımların müəyyənləşdirilməsi idi. Davamlı İnkişafın Yoxanesburq deklarasiyasının əsas yekun sənədlərinin birində qeyd edildiyi kimi, iştirakçılar ümumi razılığa gəlirlər ki, "ətraf mühitin mühafizəsi, sosial və İqtisadi İnkişaf Davamlı İnkişaf üçün fumdamental əhəmiyyət daşıyır". Bu görüşdə sammit iştirakçıları 5 əsas sahəyə-su təchizatı və sanitar şəraitin təmin edilməsi, energetika, səhiyyə, kənd təsərrüfatı və bioloji müxtəliflik - xüsusi diqqət yetirməyin vacibhyini qeyd etdilər.
2012-ci ilin iyunda , "Rio +20" zirvə görüşü yenə keçirildi. 20 il sonra, Rio de Janeyroda keçirilən Ətraf Mühit və İnkişaf üzrə Konfransda "yaşıl" iqtisadiyyat, davamlı inkişaf və yoxsulluğun aradan qaldırılması problemləri müzakirə olundu. Beləliklə davamlı inkişaf strategiyasının mənası bəşəriyyətin qeyri müəyyən uzun müddət var olması şərtlərini müəyyənləşdirməkdən ibarətdir. Bunun üçün insanların tələbatının elə şəkildə təmin olunması nəzərdə tutulur ki, bu biosferanın deqradasiyasına, gələcək nəsillərin maraqlarının sıxışdırılmasına gətirib çıxarmasın.
V mərhələ 2015-2030 illəri əhatə edir.
2015-ci ilin sentyabrında dünya liderləri insanları və planeti dayanıqlı inkişaf yoluna aparacaq birgə razılaşdırılmış hədəflərdən ibarət olan yeni Dayanıqlı İnkişaf Məqsədlərini qəbul etdilər. Bu məqsədlər aclığa son qoymaq, insan həyatını dəyişmək və planetimizi qorumaq üçün ölkələrin qlobal fəaliyyət istiqamətlərini müəyyən edəcək yeni inkişaf gündəliyinin təməlini qoymuşdur.
Cari “2030 Qlobal İnkişaf Gündəliyi” 15 il ərzində həyata keçirilmiş Minilliyin İnkişaf Məqsədləri (2000-2015-ci illər) əsasında yaradılmışdır. Milyonlarla insan həyatı məhz həmin inkişaf gündəliyinin birgə tətbiqi nəticəsində xilas olmuşdur. Minilliyin İnkişaf Məqsədləri ifrat yoxsulluğun azaldılması, daha yaxşı içməli su mənbələrinə çıxışın təminatı, yoxsul təbəqənin həyat səviyyəsinin yaxşılaşdırılması və ibtidai məktəblərdə gender bərabərliyinin əldə olunması kimi hədəfləri reallaşdırıb.
Azərbaycanda 2000-2015 Minnilliyin İnkişaf Məqsədlərinin tətbiqi dövründə ifrat yoxsulluq aradan qaldırılıb, mütləq yoxsulluq səviyyəsi 49.0%-dən 5.0%-ə qədər azaldılmışdır, məktəblərə qeydiyyat dərəcəsi ibtidai, ümumi və tam orta təhsil səviyyələrində 99.8 - 100%-ə çatdırılmışdır, gender bərabərliyinin təşviqi və qadınların səlahiyyətlərinin artırılmasında tərəqqiyə nail olunmuşdur, 1000 yeni doğulan körpə arasında 5 yaşadək uşaq ölümü göstəricisi 28-dən 12.8-ə düşmüşdür. Uşaq və ana ölümü əhəmiyyətli dərəcədə azalmış, yoluxucu və digər xəstəliklərə qarşı mübarizə gücləndirilmiş, malyariyanın tam qarşısı alınmış, ətraf mühitin mühafizəsi və qorunması üçün qlobal tərəfdaşlığın təmin edilməsində mühüm irəliləyişlər əldə olunmuşdur.
Açar sözlər:
Sustainable Development, Millenium Development Goals, Non-governmental Organizations, Absolute poverty, Deforestation, Ozone layer, Education expenditure
© 2009-2022 De Jure.