Beh və avans - fərqli mülki hüquq institutları kimi

Ayrı-ayrı müqavilələrdə behə aid tələblərin göstərilməsi zamanı kontragentlər beh və avansa dair hüquqi tələbləri qarışdırırlar. MM-in 491-ci maddəsi ümumilikdə beh və avansla bağlı məsələləri tam ətraflı tənzimləmir. Bu anlayışlara aşağıdakı mətndə qısa şəkildə aydınlıq gətirməyə çalışacayıq.
İlk öncə behin nə olduğuna baxaq. MM-in 491.1-ci bəndinə əsasən beh, müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Rusiya MM-nin 380-381-ci maddələri də məsələni oxşar qaydada tənzim edir. Türkiyanin Borclar Qanununun 178-ci maddəsinə görə müqavilədə beh müəyyən edilibsə, tərəflərdən hər biri müqavilədən imtina edə bilər: bu halda pulu verən müqavilədən imtina edərsə pulu tələb edə bilməz; pulu alan tərəf müqavilədən imtina edərsə aldığı məbləğin 2 qatını digər tərəfə qaytarar.
Bəs avans nədir? Azərbaycan və Rusiya MM-i avansa heç bir normativ aktda anlayış vermir. Türkiyə Borclar Qanununun 177-ci maddəsinə əsasən avans müqavilə bağlanan zaman verilən bir miqdar pul, beh olaraq deyil, müqavilənin bağlandığının sübutu olaraq verilmiş sayılır. Hər hansı əlavə razılaşma və yerli adətdə başqa şərt nəzərdə tutulmazsa, avans müqavilə üzrə ödəmələrin bir hissəsi hesab edilir və ümumi məğləğdən çıxılır.
Beh və avans arasındakı fərqli xüsusiyyətlər nədən ibarətdir?
1. Ən önəmli fərq ondan ibarətdir ki, beh öhdəliyin təmin edilməsi üsulu qismində çıxıs edir. Bundan fərqli olaraq isə avans istənilən vaxt geri tələb edilə və ya qaytarıla bilər və bu halda imtina tərəflər üçün hər hansı hüquq və öhdəlilk yaratmır;
2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Avans isə ümumilikdə heç bir normativ aktla tənzimlənmədiyi kimi onun üçün belə bir tələb də qoyulmamışdır. Lakin o da tərəflərin istəyindən asılı olaraq yazılı şəkildə bağlana bilər və belə olan halda ödənişin edilməsi ilə bağlı tələbləri əsaslandırmaq daha asan olur. MM-in müəyyən etdiyi qaydaya görə beh haqqında razılaşmaya dair yazılı qayda tələbinə əməl edilməməsi nəticəsində şübhə yaranarsa, həmin məbləğ əksi sübuta yetirilməsə avans kimi ödənilmiş sayılır;
3. Behlə əlaqədar əgər müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Bundan fərqli olaraq Avans vermiş tərəf hər hansı cərimə və ya sanksiyaya məruz qala bilməz.

Mənbə qismində baxa bilərsiniz:

1. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (mad. 491-492);
2. Türkiyə Respublikasının Borclar Qanunu (mad. 177-178);
3. Rusiya Federasiyasının Mülki Məcəlləsi (mad. 380-381);
4. http://www.berloga-piter.ru/news/89-raznitsa-mezhdu-zalogom-zadatkom-i-a...
5. http://knigabankira.ru/zadatok_i_avans_v_chem_otlichiya;
6. http://www.an-innovasia.ru/page4.

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.