Dollarla götürülmüş kreditlər barədə

Ramil Gachay's picture

Son zamanlar, bank sistemində və ümumiyyətlə Azərbaycanın iqtisadiyyatında  baş verən hadisələr əhalinin güzəranına mənfi təsir edib və bunu birlikdə hiss edirik. Bu hadisələrdən biridə dolların manata nisbətdə bahalaşmasıdır. 

Dollarla kredit götürənlərin sayı kifayət qədər çoxdur və dollar bahalaşdıqca onun qaytarılması bir çox insanlar üçün çətin və hətta mümkünsüz olur. Və ona görə də vətəndaşlar məhkəmələrə müraciət etdilər və dollarla götürülmüş krediti manatla qaytarmağı xahiş etmişdirlər. Bu məsələ ilə əlaqədar Konstitusiya Məhkəməsinin qərarı var. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair qərara əsasən dollarla götürülən kreditlər elə dollarla da qaytarılmalıdır (məzənnəyə uyğun olaraq manatla da qaytarıla bilər).

Lakın qeyd olunan məsələ ilə bildirməliyik ki, bu cür yanaşma səhv ola bilər. Çünki hal-hazırda 1 dolların qiyməti  təxminən 1.6 manatdır, kredit götürüləndə isə 0.78 manat idi. Yəni artıq götürülən borclar ikiqat artdı. Mərkəzi Bank və ümumiyyətlə hökümət öz hərəkətləri ilə əhalini sabitlikdə inandırırdı və birdən bu cür fəlakət yarandı. Ola bilsin dövlət qurumları gözləmirdi, amma sadə insanların proqnoz etmək imkanları daha da məhduddur. 

Təsəvvür edək ki, 1 dollar oldu 100 manat. Onda yenə mi, vətəndaşlar həmin məzənnə ilə qaytarmalıdır? Misal üçün bir şəxs 10.000 dollar borc götürür və onun qazancı 2000 manatdır və o bu borcu rahat qaytarır. Birdən həmin borc çevrilir 1000.000 manata. Bu borcu qaytarmaq təbii ki, mümkünsüz olur. Hətta adam bütün əmlakını satsa belə. 

Hesab edirik ki, bu məsələ Mülki Məcəllənin 422-ci maddəsi (şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi) ilə tənzimlənməlidir və vətəndaşlara 1 dollar =1,05 manat məzənnəsi ilə borları qaytarmaq imkanı yaradılmalıdır. Bununla bağlı vətəndaşlar iddia ərizələri ilə məhkəmələrə müraciət etməlidir və iddialarını təmin etməyi tələb etməlidirlər. Çünki həm xaricdə, həm ölkə daxilində baş verən hadisələr bu cür münasibətlərə radikal dərəcədə təsir etmişdir və şərait əhamiyyətli dərəcədə dəyişilmişdir.

Əgər məhkəmə qaydasında həll etmək olmasa vətəndaşlar Konstitusiyanın 96.1-ci maddəsini rəhbər tuta bilərlər.  Belə ki, Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına, Azərbaycan Respublikasının Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur. 40.000 vətəndaşın səsi bu məsələni qanun çərçivəsində həll edə bilər. Hüququnuzdan istifadə edin.

Bundan başqa Konstitusiyamızın 19.3 maddəsini xatırlamalıyıq Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Baxmayaraq ki, xarici valyutanın istifadəsi qadağan deyil, amma kreditlərin kütləvi şəkildə dollarla verilməsi ağlabatan deyil. Bundan başqa Konstitusiyanın preambulasında göstərilir ki, - ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək Azərbaycan xalqının niyyətidir. Hökumət bu niyyətdən kənar çıxmamalıdır. 

Və nəhayət Konstitusiyanın 15-ci və 16-cı maddələri:

Maddə 15. İqtisadi inkişaf və dövlət

I. Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir.

II. Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. 

Maddə 16. Sosial inkişaf və dövlət

I. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.

II. Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur.

 

Tags: 
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.