Vergi qanunvericiliyini öyrənək. Dərs #34

Ramil Gachay's picture

Vergi qanunvericiliyinə uyğun olaraq vergi ödəyicisinə hər hansı ziyan vurmaq qadağandır. Və əgər vəzifəli şəxs öz hərəkətləri ilə vergi ödəyicisinə zərər vurubsa, buna görə məsuliyyət daşımalıdır. VM-nin 51-ci maddəsi bu barədə ətraflı danışır.

VM-nin 52-ci maddəsində, vergi qanunvericiliyin pozulmasına görə maliyyə sanksiyasının alınması qaydası göstərilib. Baxmayaraq ki, vergi qurumunun qərarlarından məhkəmə qaydasında şikayət etmək olar, bu məsələdə bir-sıra xoşagəlməz hallar olur.

Belə ki, vergi qurumu maliyyə sanksiyaları tətbiq edərkən, onları dərhal özbaşına icra edir. Misal üçün, vergi ödəyicisinə qarşı 200 manat maliyyə sanksiyası tətbiq edir və onun bank hesabında olan vəsaitinə tutma yönəldilir, artıq bank bu vəsaitlərdən istifadə etməyə sizə icazə verməyəcək. Müəyyən müddətdən sonra həmin vəsaitlər hesabınızdan silinəcək. Məhkəmə olmamış. 

Baxmayaraq ki, bu sistem kifayət qədər effektivdir və qanunu pozan şəxslərə qarşı tez bir zamanda tədbirlər görülür, amma eyni zamanda vergi ödəyicisinin hüquqları da pozula bilər, çünki maliyyə sanksiyaları hər zaman ədalətli olmur.

52-ci maddədə göstərilir ki, maliyyə sanksiyalarının alınması barədə iddialarına MPM uyğun olaraq həyata keçirilir. Nəzərə almaq lazımdır ki, əgər vergi ödəyicisi vergi qurumunun qərarından şikayət etsə, o İnzibati-Prosessual Məcəlləsinə uyğun olaraq şikayət etməlidir. Əgər inzibati xəta ilə məsuliyyətə cəlb etmədirsə, onda İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsələ həll olunmalıdır.

 

Maddə 51. Vergi yoxlaması keçirildikdə qanunsuz zərərin vurulmasının yolverilməzliyi

51.1. Vergi yoxlaması keçirildikdə, vergi ödəyicisinə və ya onun sahibliyində, istifadəsində və sərəncamında olan əmlaka qanunsuz olaraq zərər vurulmasına yol verilmir.

51.2. Vergi orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə vergi yoxlaması keçirildikdə, vurulan ziyan tam həcmdə, buraxılmış fayda (əldə edilməyən gəlir) da daxil olmaqla, vergi ödəyicisinə ödənilməlidir.

51.3. Vergi orqanları və onların vəzifəli şəxsləri vergi ödəyicisinə qanunsuz hərəkətləri nəticəsində vurduqları ziyana görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

51.4. Vergi orqanlarının vəzifəli şəxslərinin qanuni hərəkətləri nəticəsində vergi ödəyicisinə vurulan ziyan qanunla müəyyən edilmiş hallar istisna olmaqla, ödənilmir.

 

Maddə 52. Vergi qanunvericiliyin pozulmasına görə maliyyə sanksiyasının alınması qaydası

52.1. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın çıxarılmasından sonra müvafiq vergi orqanı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilən şəxsdən bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyalarını bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilən qaydada və ya məhkəmə qaydasında alır.

52.2. Vergi orqanları tərəfindən maliyyə sanksiyalarının alınması barədə iddialarına Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə müvafiq olaraq baxılır.

52.3. Məhkəmənin maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.

Tags: 
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.