Vergi qanunvericiliyini öyrənək. Dərs #36 (Məsuliyyətdən azad olma)

Ramil Gachay's picture
Bu dəfə məsuliyyətdən yox, əksinə məsuliyyətə cəlb olunması istisna edən hallar barədə oxuyacayıq. Razılaşsanız, bu daha xoş müddəalardır. Məsuliyyətə cəlb etmənin müəyyən halları var və vergi orqanı bu halları gözləməlidir. Aşağıdakı maddələri oxuyarkən bir-çox maraqlı detallarla rastlaşacaqsınız. Ola bilsin gələcəkdə sizə kömək edəcək. VM-nin 56-cı maddəsinə dair bir qeydim var, Həmin maddə ilə bağlı Konstitusiya Məhkəməsinin qərarı var (http://dejure.az/az/court-acts/azrbaycan-respublikasi-vergi-mcllsinin-56...) onunla tanış olmağınız bu məsələ ilə bağlı biliklərinizi artırar.
 

Maddə 54. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallar

54.0. Şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz:

54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması;

54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması;

54.0.3. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması;

54.0.4. vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması.

 

Maddə 55. Vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar

55.1. Vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar aşağıdakılardır:

55.1.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunun təbii fəlakət, yaxud digər fövqəladə və qarşısıalınmaz hadisələr nəticəsində törədilməsi;

55.1.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunun vergi ödəyicisi - fiziki şəxs tərəfindən xəstə halı ilə əlaqədar olaraq öz hərəkətlərinə nəzarət (özünə hesabat verməyi) və rəhbərlik etməyi bacarmadığı vəziyyətdə törədilməsi;

55.1.3. vergi ödəyicisi və ya vergi agenti tərəfindən vergi orqanının və ya digər səlahiyyətli dövlət orqanının, yaxud onların vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri yazılı göstərişlərinin və ya izahatlarının yerinə yetirilməsi;

55.1.4. vergi orqanlarının qərarlarına yenidən baxıldıqda vergi ödəyicisinin hərəkətləri üçün hüquqi əsaslar olmasının aşkar edilməsi;

55.1.5. hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması;

55.1.6. vergilərin düzgün hesablanmaması və vergi öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı vergi qanunvericiliyinin pozulmasının vergi orqanının yoxlamasına qədərki dövrdə vergi ödəyicisinin özü tərəfindən aradan qaldırılması.

55.2. Bu Məcəllənin 55.1-ci maddəsində müəyyən edilən hallar olduqda, şəxs vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusuna görə, bu Məcəllənin 55.1.6-cı maddəsində göstərilən hallarda faizlərin ödənilməsi istisna olmaqla, məsuliyyət daşımır.

 

Maddə 56. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusuna görə məsuliyyətə cəlb etmənin və maliyyə sanksiyalarının alınmasının müddəti 

56.1. Vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz.

 

 

Tags: 
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.