Vergi qanunvericiliyini öyrənək. Dərs #38

Ramil Gachay's picture

Bu günki maddələr faizlərə və banklara tətbiq olunan sanksiyalara aiddir. Tələb olunan məbləği vaxtında ödəmədikdə 0,1 faiz hesablanır. Bu həm vergi ödəyicisinə, həm vergi qurumuna aiddir.

Maddə 59. Ödənilmə vaxtı keçmiş və artıq ödənilmiş vergilər üzrə faizlər

59.1. Vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur.

59.2. Bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir.

59.3. Müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir.

Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə verdiyi müddətdən 45 gün ərzində məbləğ qaytarılarsa, faizlər vergi ödəyicisinə qaytarılmır.

 

Maddə 60. Banklara və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatlarına tətbiq olunan maliyyə sanksiyaları

60.1. Banklara və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatlarına aşağıdakı maliyyə sanksiyaları tətbiq edilir:

60.1.1. vergi orqanı tərəfindən hüquqi şəxsə, fərdi sahibkara, filiala və nümayəndəliyə bu Məcəllənin 35-ci maddəsinə uyğun olaraq vergi orqanı tərəfindən verilən şəhadətnamə-dublikat olmadan, bu Məcəlləyə uyğun olaraq sahibkarlıq fəaliyyətini göstərən hüquqi və fiziki şəxslərin hesablaşma hesabı və ya digər hesablar açdığına görə - hər açılmış hesab 400 manat məbləğində;

60.1.2. sahibkarlıq fəaliyyətini göstərən hüquqi və fiziki şəxslərin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olduqda, onun vergilərin ödənilməsinə dair tapşırıqlarını, habelə vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinin hesabından Mülki Məcəllədə nəzərdə tutulmuş ödənişlərin növbəliyinə uyğun tutulması  yaxud bu Məcəllə ilə müəyyən edilən həcmdə vəsaitin dondurulması haqqında vergi orqanlarının sərəncamlarını icra etmədiyinə görə növbəliyi pozmaqla aparılan əməliyyatların məbləğlərinin, yaxud bu Məcəllə ilə müəyyən edilən həcmdə pul vəsaitinin dondurulması haqqında vergi orqanlarının sərəncamlarında göstərilən məbləğlərin 50 faizi. Bu zaman tətbiq edilən maliyyə sanksiyasının məbləği həmin ödəmə tapşırıqlarında və ya vergi orqanının sərəncamında göstərilən məbləğin 50 faizindən çox olmamalıdır.

Vergi ödəyicisinin valyuta hesabından vəsait mübahisəsiz qaydada tutulduğu halda bank həmin gün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə ilə sərəncamda göstərilən məbləğin 105 faizinədək hesabdakı valyuta vəsaitini dondurur. Valyuta vəsaiti vergi ödəyicisi tərəfindən manata konvertasiya edildikdən sonra sərəncam icra olunur;

60.1.3. Çıxarılmışdır.

60.1.4. Bu Məcəllənin 76.2-1-ci maddəsinin tələblərini icra etməməyə görə - aparılmış əməliyyatın ümumi məbləğinin 30 faizi miqdarında, bu hesablar üzrə əməliyyat aparılmadıqda isə hər belə hesab üçün 400 manat məbləğində.

60.2. Bu Məcəllənin 60.1.2-ci maddəsində müəyyən edilən hallarda vergi ödəyicisindən banka və ya bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatına müvafiq tapşırıq və ya sərəncam daxil olduğu gündən həmin günlər üçün vergi ödəyicisinə faiz hesablanmır.

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.