Vergi qanunvericiliyini öyrənək. Dərs #4

Ramil Gachay's picture

Bu günkü mövzumuz Vergi Məcəlləsinin 4-cü və 5-ci maddələridir. 

Bu maddələr, kifayət qədər aydındır. Onları bir dəfə oxumaqla kifayətlənə bilərsiniz. çünki, əsasən məlumatverici xarakter daşıyırlar. Üç cür vergilərimiz var: dövlət, müxtar respublika və bələdiyyə vergiləri.

Reallıqda muxtar respublika vergiləri və bələdiyyə vergiləri, Azərbaycanda o qədər də inkişaf etməyib. Ümumiyyətlə, hələ də Naxçıvan MR Vergilər Nazirliyi nominal xarakter daşıyır (saytlarını ziyarət edə bilərsiniz http://vergi.nakhchivan.az).

Buna görə də, vergi siteminin bu sahəsinin inkişafı gələcəyin işidir. 

5-ci maddə vergitutma formaları barədə bizə məlumat verir. 

Bu formalar bir az qarışıqdır və sizi çaşdıra bilər. Amma qorxmayın. İndi hər şeyi izah edərik.

Verginin bilavasitə mənbədən tutulması forması  verginin ödəyicinin birbaşa özü tərəfindən ödənilməsini deyil, bunu gəliri ödəyən digər şəxs tərəfindən ödəmə mənbəyində tutulmasını nəzərdə tutur (vergi agenti tərəfindən). Vergi bu halda gəliri ödəyən şəxsdən tutulub ödənilsə də, əslində, gəliri əldə edən vergi ödəyicisinin vergisi sayılır. Misal üçün icarə haqqını, obyektin sahibi (icarəyə verən) yox, həmin daşınmaz əmlakın icarəyə götürən şəxs ödəyə bilər (başqa variantlar da var: 122, 123 və s,  Ödəmə mənbəyində verginin tutulması qaydası m.150-ə göstərilib. 

İkinci forma. Verginin bəyannamə üzrə tutulmasının xüsusiyyəti ondan ibarətdir ki, vergi gəlir və ya mənfəət əldə edilməsindən sonra  tutulur. Bu zaman Vergi Məcəlləsi ilə müəyyən olunmuş hesabat dövrü bitdikdə və həmin dövr üçün vergi ödəyicisinin gəlir və ya mənfəəti artıq məlum olduqdan sonra həmin dövr ərzində yaranan vergitutma obyektindən verginin hesablanıb büdcəyə ödənilməsi  həyata keçirilir. Yəni adi qaydada. Misal üçün sadələşdirilmiş vergi ödəyicisi kimi dövlətə 4% vergi ödəyirsiniz. Oktyabr ayı üzrə 100 AZN qazandınız, onda noyabrda 4 AZN vergi ödəyəcəksiniz. Çalışın vergini vaxtında  ödəyin.

Nəhayət sonuncu forma. Verginin tutulmasının yuxarıda göstərilən formalarda həyata keçirilməsi mümkün olmadığı hallarda, vergi orqanı və ya bələdiyyə tərəfindən müvafiq vergitutma obyektindən verginin hesablanması haqqında bildiriş tərtib olunaraq vergi ödəyicisinə göndərilir. Dövlət vergi orqanları tərəfindən verginin bu formada hesablanması halları və qaydası Vergi Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuşdur. Misal üçün, Vergi Məcəlləsinə və yerli vergilər haqqında qanunvericiliyə  əsasən, fiziki şəxslərin mülkiyyətində və istifadəsində olan torpaq sahələrinə görə torpaq vergisi və fiziki şəxslərin mülkiyyətində olan əmlaka görə əmlak vergisi bələdiyyələr tərəfindən hesablanır və onun ödənilməsi üçün ödəyicilərə müvafq tədiyyə bildirişi göndərilir. (http://vergiler.az saytında olan məlumatlar istifadə edilmişdir).

 

Maddə 4. Azərbaycan Respublikasında vergi sistemi

4.1. Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir:

4.1.1. dövlət vergiləri;

4.1.2. muxtar respublika vergiləri;

4.1.3. yerli vergilər (bələdiyyə vergiləri).

4.2. Dövlət vergiləri dedikdə, bu Məcəllə ilə müəyyən edilən və Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər nəzərdə tutulur.

4.3. Muxtar respublika vergiləri dedikdə, Naxçıvan Muxtar Respublikasında bu Məcəlləyə müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının qanunları ilə müəyyən edilən və Naxçıvan Muxtar Respublikasında ödənilən vergilər nəzərdə tutulur.

4.4. Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir.

Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər.

4.5. Azərbaycan Respublikasında bu Məcəlləyə uyğun olaraq xüsusi vergi rejimi tətbiq edilə bilər.

Xüsusi vergi rejimi dedikdə, müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsinin xüsusi qaydası nəzərdə tutulur.

4.6. Bu Məcəllə ilə nəzərdə tutulmayan vergilərin müəyyən edilməsinə yol verilmir.

 

Maddə 5. Vergitutmanın formaları

5.0. Vergi məbləğləri aşağıdakı formalarda tutulur:

5.0.1. bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması);

5.0.2. bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması);

5.0.3. Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi).

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.