Vergi qanunvericiliyini öyrənək. Dərs #46 (Vergi öhdəliyi)

Ramil Gachay's picture

Vergi öhdəliyi nədir? Sadə desək - vergini ödəmək. Daha geniş isə VM-nin 77.1-ci maddəsində göstərilib. Maraqlı məqam ondadır ki, qanunverici öhdəlik kimi, yalnız vergini ödəmək  göstərib və əgər bu öhdəliyi yerinə yetirmirsənsə onda məsuliyyət nəzərdə tutula bilər. Amma təcrübədə fərqli hallarla rastlaşa bilərik. Misal üçün, vergi ödəyicisi vergini düzgün ödəsə belə, amma bəyannaməni düzgün təqdim etməsə məsuliyyət daşıyacaq. Niyə? Əgər vergi öhdəliyi deyilsə buna görə məsuliyyət nəzərdə tutulmamalıdır. Fikrimcə, bu məsələ mübahisəlidir və ola bilsin bu suala birdə qayıdacayıq.

Bir məsələyə də toxunmaq olar. VM-nin 78.4-cü maddəyə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi digər şəxsin üzərinə qoyula bilməz ,amma bununla yanaşı 77.4.3-cü maddəyə uyğun olaraq vəfat etmiş və ya ölmüş hesab edilmiş şəxsin əmlak vergiləri üzrə borcları vərəsəlik əmlakının dəyəri hədlərində ödənilir. Yəni faktiki olaraq, bu öhdəlik vərəsələrə keçir. Fikrimcə 78.4-cü maddəyə müəyyən düzəlişlər etmək olardı.

 

Maddə 77. Vergi öhdəliyi

77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.

77.2. Vergi öhdəliyinin yaranması, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar, həmçinin vergi öhdəliyinin yerinə yetirilməsi qaydası və şərtləri yalnız bu Məcəllə ilə müəyyən edilir.

77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.

77.4 Vergi öhdəliyinə aşağıdakı hallarda xitam verilmiş hesab olunur:

77.4.1. verginin ödənilməsi;

77.4.2. verginin ödənilməsi öhdəliyinin xitam verilməsi vergilər haqqında qanunvericiliyə müvafiq olaraq ortaya çıxan hallarda;

77.4.3. vergi ödəyicisi vəfat etmiş və ya Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş hesab edildikdə. Vəfat etmiş və ya ölmüş hesab edilmiş şəxsin əmlak vergiləri üzrə borcları vərəsəlik əmlakının dəyəri hədlərində ödənilir;

77.4.4. bu Məcəlləyə müvafiq olaraq ləğvetmə komissiyası tərəfindən büdcə ilə bütün hesablaşmalar aparıldıqdan sonra vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə.

77.4.5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müflis olması nəticəsində ləğv edilmiş borclu vergi ödəyicisinin məhkəmənin qərarı ilə ödənilməsindən imtina edilmiş tələblər ləğv edilmiş sayıldıqda.

 

Maddə 78. Vergi öhdəliklərinin yerinə yetirilməsi

78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

78.2. Vergi öhdəliklərinin yerinə yetirilməsi Mülki Məcəllədə nəzərdə tutulmuş ardıcıllıqla həyata keçirilir.

78.3. Vergi öhdəliklərinin yerinə yetirilməsi bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyicisi tərəfindən həyata keçirilir.

78.4. Vergi öhdəliklərinin yerinə yetirilməsi digər şəxsin üzərinə qoyula bilməz.

Tags: 
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.