Latviya

Latviyada daşınmaz əmlakın əldə...

Maliyyə xidmətləri:

  • Vergi orqanlarına...

Abunə hüquqi xidmətlər:

Kompleks hüquqi...

Müxtəlif növ sənədlər peşakar...

Bir çox şirkətlər, sənədlərin müvafiq qaydada tərtib edilməsi...

Vergi qanunvericiliyini öyrənək. Dərs #94. Sonuncu maddə

Ramil Gachay's picture

Bu gün sonuncu maddəni nəzərdən keçirəcəyik və bununla da Vergi Məcəlləsi ilə bitiririk. Növbəti yazılarda vergi sahəsində məhkəmə aktları ilə tanış olacayıq və onları təhlil etməyə çalışacayıq. 

Maddə 221. Sadələşdirilmiş verginin hesablanması qaydası, ödəmə müddəti və bəyannamənin verilməsi

221.1. Hesabat dövrü üçün sadələşdirilmiş verginin məbləği (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) bu Məcəllənin 220-ci maddəsi ilə müəyyən edilmiş vergi dərəcəsini hesabat dövrünün ümumi hasilatının həcminə tətbiq etməklə hesablanır.

221.2. Sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür.

221.3. Sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər.

Vergi ödəyicisi fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə, bu Məcəllədə müəyyən olunmuş müddətdən gec olmamaq şərtilə vergi orqanına bəyannamə təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildiyi və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir.

221.3.1. Bu Məcəllənin 218.4.2-ci maddəsində göstərilən şəxslər hesabat rübü üçün sadələşdirilmiş vergini bu Məcəllənin 220.9-cu maddəsində nəzərdə tutulmuş qaydada hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim etməklə vergini dövlət büdcəsinə ödəyirlər.

221.4. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə sadələşdirilmiş vergi aşağıdakı qaydada hesablanır:

221.4.1. Sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicisinin hər bir avtomobil nəqliyyatı vasitəsi üçün sadələşdirilmiş vergi bu Məcəllənin 220.5-ci maddəsində göstərilən sadələşdirilmiş verginin tətbiq edildiyi ölçü vahidini həmin maddədə qeyd olunan sadələşdirilmiş verginin aylıq məbləğinə, habelə bu Məcəllənin 220.6-cı maddəsində göstərilən əmsallara vurularaq hesablanır və dövlət büdcəsinə ödənilir.

221.4.2. Bu Məcəllənin 218.4.1-ci maddəsində göstərilən vergi ödəyiciləri avtomobil nəqliyyatı vasitələrinin qeydiyyata alındığı yerdən asılı olmayaraq sərnişin və yük daşımalarının faktiki həyata keçirildiyi ərazi üçün bu Məcəllənin 220.5 - 220.7-ci maddələrinə uyğun müəyyən edilən sadələşdirilmiş vergini ödəyirlər.

221.4.3. Vəkalətnamə (etibarnamə) və ya icarə müqaviləsi əsasında istifadə edilən avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımaları həyata keçirildikdə sadələşdirilmiş verginin ödənilməsinə nəqliyyat vasitəsini vəkalətnamə (etibarnamə) və ya icarə müqaviləsi ilə idarə edən şəxslər məsuliyyət daşıyırlar. Bütün digər hallarda sadələşdirilmiş verginin ödənilməsinə avtomobil nəqliyyatı vasitəsinin sahibi məsuliyyət daşıyır.

221.4.4. Hüquqi şəxsin balansında olan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımaları hüquqi şəxsin özü tərəfindən həyata keçirildikdə sadələşdirilmiş vergini həmin hüquqi şəxs ödəyir.

221.4.5. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bu fəaliyyətə görə vergi orqanlarına bəyannamə vermirlər.

221.4.6. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri tərəfindən sadələşdirilmiş verginin düzgün hesablanmasına və vaxtında dövlət büdcəsinə ödənilməsinə müvafiq icra hakimiyyəti orqanı nəzarət edir.

221.4.7. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün müvafiq icra hakimiyyəti orqanından təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" almalıdırlar. "Fərqlənmə nişanı" vergi ödəyicisinin nəqliyyat siyasətini həyata keçirən müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş formada ərizəsinə əsasən iki iş günündən gec olmayaraq verilir.

"Fərqlənmə nişanı" almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin  fəaliyyət üçün sadələşdirilmiş verginin ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir. Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir.

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesablanmış vergini tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara "Fərqlənmə nişanı" verilir. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilmiş vergi onların həmin ayda fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq geri qaytarılmır və növbəti ayın vergiləri ilə əvəzləşdirilmir.

Avtonəqliyyat vasitəsinin sahibi və ya istifadəçisi dəyişdikdə həmin nəqliyyat vasitəsinə sonrakı aylar üçün əvvəlki sahib və ya istifadəçi tərəfindən qabaqcadan ödənilmiş vergilər nəzərə alınır və verginin ödənildiyini təsdiq edən "Fərqlənmə nişanı"nın yenidən rəsmiləşdirilməsi tələb olunmur.

221.4.8. "Fərqlənmə nişanı"nın və bu Məcəllənin 221.4.9-cu maddəsində göstərilən "Xüsusi fərqlənmə nişanı"nın formaları nəqliyyat siyasətini həyata keçirən müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və aşağıdakı məlumatları özündə əks etdirirlər:

221.4.8.1. vergi ödəyicisi olan hüquqi şəxsin tam adı və ya fiziki şəxsin adı, atasının adı, soyadı;

221.4.8.2. vergi ödəyicisinin VÖEN-i;

221.4.8.3. nişanın qüvvədə olma müddəti;

221.4.8.4. avtonəqliyyat vasitəsinin markası və dövlət qeydiyyatı nişanı;

221.4.8.5. avtomobil nəqliyyatı vasitələrində oturacaq yerlərinin sayı və ya yükgötürmə qabiliyyəti;

221.4.8.6. daşımanın həyata keçirildiyi ərazi;

221.4.8.7. ödənilmiş verginin məbləği.

221.4.9. Vergi ödəyicilərinin mülkiyyətində olan avtomobil nəqliyyatı vasitələri ilə öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özünə məxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyat vasitələri sadələşdirilmiş vergiyə cəlb edilmir və bu nəqliyyat vasitələri üçün "Xüsusi fərqlənmə nişanı" alınır.

"Xüsusi fərqlənmə nişanı" mülkiyyətində avtomobil nəqliyyatı vasitələri olan vergi ödəyiciləri müraciətindən sonra beş iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. "Xüsusi fərqlənmə nişanı"nın alınması üçün hər hansı haqq ödənilmir.

"Xüsusi fərqlənmə nişanı" almış vergi ödəyiciləri avtomobil nəqliyyatı vasitələrini satarkən və ya icarəyə verərkən, habelə bu maddədə nəzərdə tutulmayan digər məqsədlər üçün istifadə edərkən ən azı bir iş günü əvvəl "Xüsusi fərqlənmə nişanı"nı onu vermiş orqana geri qaytarmalıdır.

221.4.10.Vergi ödəyicisinin işçi heyətinin və özünə məxsus yüklərin daşınmasında istifadə edilən yeni avtomobil nəqliyyatı vasitələri müvafiq  qaydada qeydiyyata alındıqdan sonra həmin avtomobil nəqliyyatı vasitələrinin sahibləri beş gün ərzində müvafiq icra hakimiyyəti orqanına bu barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş formada məlumat təqdim edirlər.

221.4.11. Çıxarılmışdır.

221.4.12. Çıxarılmışdır.

221.4.13. Xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı (sahibkarlıq fəaliyyəti çərçivəsində onlara digər vergi ödəyiciləri tərəfindən göstərilən bu cür xidmətlər istisna olmaqla), habelə dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının, hasilatın pay bölgüsü, əsas ixrac boru kəməri haqqında və bu qəbildən olan digər sazişlər çərçivəsində fəaliyyət göstərən xarici podratçıların və subpodratçıların, dövlət fondlarının, xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi üçün nəzərdə tutulan avtomobil nəqliyyatı vasitələri üçün "Fərqlənmə nişanı" və ya "Xüsusi fərqlənmə nişanı" alınmır və bu cür avtomobil nəqliyyatı vasitələrinin sahibləri həmin avtomobil nəqliyyatı vasitələri barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verirlər.

Müvafiq icra hakimiyyəti orqanı növbəti ayın 10-dək əvvəlki ay ərzində verilmiş nişanlar barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir.

221.5. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini bu Məcəllənin 220.8-ci maddəsində nəzərdə tutulmuş qaydadatikinti-quraşdırma işlərinin başlandığı rübdə hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim edirlər.

Bu Məcəllənin 218.1.3-cü maddəsində göstərilən vergi ödəyiciləri vergi ödəyicisi kimi uçota alındıqları yerdən asılı olmayaraq, bina tikintisi fəaliyyətinin faktiki həyata keçirildiyi (bina tikintisi meydançasının faktiki yerləşdiyi) ərazi (zona) üçün bu Məcəllənin 220.8-ci maddəsinə uyğun müəyyən edilən sadələşdirilmiş vergini ödəyirlər.

Bu maddədə nəzərdə tutulmuş bəyannamə vergi orqanına təqdim edildikdən sonra hesablanmış vergi bərabər hissələrlə 10 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödənilir.

221.6. Bu Məcəllənin 218.4-cü maddəsində göstərilən şəxslər digər fəaliyyət növü üzrə əldə etdikləri gəlirlərin və xərclərin uçotunu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparırlar. Həmin şəxslərin bu fəaliyyət növləri üzrə mənfəəti (zərəri) digər fəaliyyət növündən əldə edilmiş mənfəətə (zərərə) aid edilmir.

221.7. Əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər bu fəaliyyətlə yanaşı, digər fəaliyyət növləri ilə məşğul olduqda, bu Məcəllənin 218.1 -ci, 218.2-ci və 218.3-cü maddələrinin müddəaları nəzərə alınmaqla, digər fəaliyyətdən əldə etdiyi gəlirlərə sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdirlər. Bu halda əmlakın icarəyə verilməsi, royalti və digər fəaliyyət növləri üzrə əldə edilən gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılır.

Tags: 
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.