Vəkillərin peşə bayramı günü ilə əlaqədar müraciət edənlərə pulsuz hüquqi yardım göstəriləcək

Ramil Gachay's picture

25.07.2018-ci il tarixində Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclasda Vəkillər Kollegiyasının sədri Anar Bağırov tərəfindən son dövrlər Vəkillər Kollegiyası Rəyasət Heyəti tərəfindən görülən işlərin vəziyyəti barədə məlumat verilmiş, xüsusilə vəkilliyə qəbul prosesinin yekunlaşdırılması, yeni vəkillərin vəkil qurumlarına göndərilməsi, onların qurumların işinə yaxından cəlb edilməsi məsələləri müzakirə olunmuş, vəkil qurumları tərəfindən təqdim olunmuş növbətçilik cədvəlləri təsdiq edilmişdir.

Daha sonra Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədov tərəfindən “Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən növbəlilik üzrə dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi” qaydlarına dair layihənin təqdimatı keçirilmiş, bildirilmişdir ki, Rəyasət Heyətinin üzvləri ən qısa zamanda layihəyə dair öz təkliflərini Kollegiyanın aparatına təqdim etsinlər. 

Eyni zamanda, yeni vəkil qurumlarının təsis edilməsi, başqa vəkil qurumuna keçmək, fərdi qaydada fəaliyyət göstərmək və vəkilliyə qəbul üzrə müraciətlərə baxılmış, bir sıra vəkillərin mükafatlandırılması haqqında qərarlar qəbul olunmuşdur.

İclasda vəkillər barəsində başlanılmış 10 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, peşə borcunun həyata keçirilməsi ilə bağlı qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozuntusu əsası ilə 2 vəkilə töhmət verilmiş, 1 vəkilin fəaliyyəti dayandırılmış, 1 vəkilin də Vəkillər Kollegiyası üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərər qəbul olunmuş, digər işlər üzrə isə pozuntu aşkar edilmədiyi üçün intizam icraatına xitam verilmişdir.

Bundan başqa, iclasda Vəkillər Kollegiyası üzvlərinin peşə fəaliyyəti zamanı yol verdikləri nöqsanlar, onlardan şikayətlər və digər məsələlərlə bağlı Vəkillər Kollegiyası Rəyasət Heyətinin “qaynar xəttinin” yaradılması barədə qərara verilmişdir.

O cümlədən, 30 iyul – “Vəkillərin peşə bayramı günü”ndə Vəkillər Kollegiyası Rəyasət Heyəti üzvlərinin Bakı şəhərində yerləşən ahıllar evlərindən birini ziyarət etməsi və oranın sakinlərinə ödənişsiz hüquqi yardım göstərilməsi barədə qərar qəbul edilmiş, bütün vəkil qurumlarına isə həmin tarixdə gün ərzində qurumlara müraciət edənlərə pulsuz hüquqi yardım göstərilməsi tövsiyə olunmuşdur.

Sonda Kollegiyanın fəaliyyətinə dair sair məsələlər ətrafında müzakirələr aparılmış, müvafiq qərarlar qəbul olunmuşdur.

http://barassociation.az/

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.