Vergi qanunvericiliyini öyrənək. Dərs #87

Аватар пользователя Ramil Gachay

Maddə 191. Aksizlər üzrə hesabat dövrü və aksizlərin ödənilməsi

191.1. Aksizlər üzrə hesabat dövrü təqvim ayıdır. Aksizli mallar istehsal edildikdə, hər hesabat dövrü üçün vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməlidir.

191.2. Vergi ödəyicisinin aksizin ödənişi üzrə borcu varsa, həmin borc yaranandan ödənilənədək həyata keçirilən vergi tutulan əməliyyatlar üzrə aksizlər bu Məcəllənin 191.1-ci maddəsinin tələblərinə baxmayaraq həmin əməliyyatların aparıldığı vaxt ödənilir və vergi ödəyicisinin həmin malları bu mallar üzrə aksizi ödəyənədək istehsal binasının hüdudlarından kənara çıxartmağa hüququ yoxdur.

191.3. Aksizli mallar idxal edildikdə, aksiz gömrük orqanları tərəfindən gömrük rüsumlarının tutulduğu qaydada tutulur.

191.4. Aksizlər dövlət büdcəsinə ödənilir.

 

Maddə 192. Bəyannamənin verilməsi

192.1. Vergi ödəyicisi bu Məcəllənin 191.1-ci maddəsində göstərilən hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada verginin ödənilməsi üçün nəzərdə tutulmuş müddətlərdə, hesabat dövrü ərzində vergi tutulan əməliyyatlarını göstərməklə bəyannamə verməlidir.

Vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin fəaliyyətinə xitam verildikdə, aksiz bəyannaməsi bu Məcəllədə nəzərdə tutulmuş müddətdən gec olmamaq şərti ilə 30 gün müddətində vergi orqanına təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.

192.2. Aksizin ödəyicisi bu Məcəllənin 189-cu maddəsində göstərilən əvəzləşdirmə üçün ərizəni aksizin ödənilməsinə dair bəyannamə ilə birlikdə vergi orqanına verir.

 

Maddə 193. Təkrar ixrac zamanı aksizin qaytarılması

193.1. Sonradan təkrar ixrac məqsədi ilə idxal olunan mallar üçün aksiz, malların idxalı vaxtı ödənilir və sonradan təkrar ixracın faktiki həcminə müvafiq məbləğdə aksizi almış gömrük orqanları tərəfindən 15 gün ərzində geri qaytarılır.

193.2. Bu Məcəllənin 188.1.4-cü maddəsinə uyğun olaraq aksizlərdən azad edilən idxal mallarına bu Məcəllənin 193.1-ci maddəsi tətbiq edilmir.

 

Maddə 194. Aksizli mallar üzərində vergi nəzarəti

194.1. Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Aksiz markalarının hazırlanmasına dair sifarişin verilməsi, onların satışı və uçotunun aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Belə aksizli malları markasız idxal etmək, saxlamaq (şəxsi məqsədlər üçün istisna olmaqla) və ya satmaq qadağandır və qanunvericilikdə müəyyən edilmiş məsuliyyətə səbəb olur. 

194.1-1. Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və həmin qaydaların tələblərini pozan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır.

194.2. Vergi orqanları markalanmalı olan aksizli malları istehsal edən vergi ödəyiciləri tərəfindən bu Məcəllədə müəyyən edilmiş tələblərin pozulması hallarını müəyyən etdikdə, vergi ödəyicilərinin müvafiq binalarında və ya anbarlarında (şəxsi istehlak üçün anbarlar istisna olmaqla) nəzarət postları, ölçü cihazları, plomblar qurmaqla və digər tədbirləri görməklə aksizli malların uçota alınmadan, markalanmadan və bu Məcəllənin 191.2-ci maddəsində nəzərdə tutulan hallarda və müəyyən edilmiş prosedura uyğun olaraq aksizləri ödəmədən istehsal binasının hüdudlarından kənara çıxarılmasının qarşısının alınmasını təmin etməyə səlahiyyətlidir.

194.2.1. Nəzarət postları müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən telefon və digər zəruri avadanlıqla təchiz edilməklə markalanmalı olan aksizli malları istehsal edən vergi ödəyicilərinin istehsal sahələrinin əsas giriş və çıxış qapısının yaxınlığında yaradılır.

194.2.2. Nəzarət postları yaradıldıqda markalanmalı olan aksizli malları istehsal edən vergi ödəyicilərinin texnoloji avadanlıqlarının, ölçü vasitələrinin və laboratoriya cihazlarının texniki sazlığının, standartlara uyğunluğunun yoxlanılması və həmin cihazların plomblanması müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

194.2.3. Nəzarət postlarının işçiləri aksiz markalarının qalıqlarını inventarizasiya etməklə, istehsal həcmi üzrə nəzarət-ölçü cihazlarını, xammal, material və hazır məhsul anbarlarını, istehsal sahələrindəki texnoloji avadanlıqları plomblamaqla, eləcə də hazır məhsul satılarkən malların ilkin təsdiqedici sənədlərinə (qaiməsinə, mal-nəqliyyat qaiməsinə,  elektron vergi hesab-fakturasına və s.) baxış keçirməklə markalanmalı olan malların markalanmaqla istehsal sahələrindən kənara çıxarılmasına, hazır məhsulun anbara və oradan alıcılara buraxılmasına, markalarının yapışdırılması qaydalarına riayət olunmasına nəzarət edirlər.

194.2.4. İstehsal həcmi üzrə nəzarət-ölçü cihazlarının, xammal, material və hazır məhsul anbarlarının, istehsal sahələrindəki texnoloji avadanlıqların plomblanması nəzarət postlarının işçiləri tərəfindən istehsalçının nümayəndəsi ilə birlikdə vergi orqanının təsdiq etdiyi forma üzrə kitabda müvafiq qeydlər, o cümlədən istehsal həcmi üzrə nəzarət-ölçü cihazlarının göstəriciləri barədə qeydlər aparmaqla, iş gününün sonunda, növbələrarası həmçinin lisenziyaların qüvvədə olma müddətinin dayandırılması və ya onların ləğv edilməsi, hazır məhsulun maskalanması üçün aksiz markalarının, istehsal üçün xammalın, yardımçı və qablaşdırıcı materialların olmaması, habelə texniki səbəblərdən avadanlığın daha uzun müddət dayanması zamanı həyata keçirilir.

194.2.5. Avadanlığın dayandırılması zamanı istehsal güclərinin qapanması istehsal üzrə texnoloji xətlərin və avadanlığın elə yerlərdə plomblanması vasitəsilə həyata keçirilməlidir ki, onlardan istifadə edilməsi mümkün olmasın.

194.2.6. Plombların vurulması və çıxarılması nəzarət postunun işçiləri və istehsalçının nümayəndəsinin iştirakı ilə müvafiq aktla rəsmiləşdirilməlidir.

194.2.7. Nəzarət postlarının işçiləri iş başladığı vaxtda nəzarət postlarında olmadıqda istehsalçının məsul şəxsləri tərəfindən vergi orqanına məlumat verilməklə, səbəbi və vaxtı göstərilməklə müvafiq akt tərtib edilərək plomblar açıla bilər.

194.2.8. Nəzarət postlarının işçiləri satışa buraxılan hazır məhsulların sənədlərində göstərilən sayının, həcminin, çəkisinin onların faktiki sayı, həcmi və çəkisi ilə düzgünlüyünü yoxlamalı və sənədlərdəki göstəriciləri xüsusi jurnalda qeyd etməlidirlər. Bundan sonra nəzarət postlarının işçiləri malların ilkin təsdiqedici sənədlərində (qaimə, mal-nəqliyyat qaiməsi, elektron vergi hesab-faktura və s.) "buraxılışa icazə verilir" qeydini aparmalıdırlar.

194.2.9. Plombların vurulması və çıxarılması arasındakı müddətdə nəzarət-ölçü cihazlarının göstəricilərində dəyişikliklər edildikdə, texnoloji avadanlıqlardakı plomblar zədələndikdə, istehsal olunmuş məhsulların aksiz markası ilə markalanmasında, tam uçota alınmasında, aksiz markalarının inventarizasiyasında kənarlaşma aşkar edildikdə, eləcədə bu Məcəllənin 191.2-ci maddəsinin tələblərini pozmaqla hazır məhsulun istehsal sahəsindən kənara çıxarılması müəyyən edildikdə nəzarət postunun işçiləri müvafiq akt tərtib etməli, bu barədə dərhal vergi orqanına məlumat verməlidirlər.

Теги: 
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.