(Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"ndan çıxarış)
3.1. Nikahın qeydə alınması nikaha daxil olanlardan və ya onların valideynlərindən birinin seçdiyi hər hansı bir Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən həyata keçirilir.
3.2. Nikaha daxil olmağı arzu edənlər bu barədə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə şəxsən yazılı ərizə verirlər.
Əgər nikaha daxil olmaq istəyən şəxslərdən birinin üzürlü səbəbə görə (ağır xəstəlik, uzunmüddətli ezamiyyətə getmə, uzaq yerdə yaşama və s.) ərizə vermək məqsədilə Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və icra hakimiyyətinin nümayəndəliyinə gəlmək imkanı olmadıqda, gəlmiş ikinci tərəf digər tərəfin özünə aid hissəsini şəxsən doldurduğu birgə ərizə və ya ayrı-ayrı ərizələri təqdim edir.
Gəlməmiş tərəfin ərizədəki imzasının həqiqiliyi onun yaşadığı yerin Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən və ya notariat qaydasında təsdiq edilməlidir.
3.3. Ərizədə nikahın bağlanmasına mane olan halların - nikahın yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və ya anası olan) qardaş və bacılar) arasında, övladlığa götürənlər və övladlığa götürülənlər arasında, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında, ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında bağlanması hallarının olmadığı təsdiq edilməli, habelə hərənin neçənci nikaha daxil olduğu və neçə uşağı olduğu, nikahın bağlanmasından sonra daşımaq istədiyi soyad göstərilməli və ərizə blankında göstərilmiş digər suallara cavab verilməlidir.
3.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmadıqda, evlənmək arzusunda olan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin vəziyyətini təsdiq edən sənədlərində onların ailə vəziyyəti barədə qeydin olmamasına əsaslanaraq, onlardan vətəndaşı olduqları və ya daimi yaşadıqları ölkənin səlahiyyətli orqanları tərəfindən verilmiş ailə vəziyyəti haqqında arayış tələb edilir. Arayış müəyyən olunmuş qaydada leqallaşdırılmalıdır.
Qeyd olunan arayış verildiyi gündən 6 ay müddətində etibarlıdır.
3.5. Ərizəni qəbul etmiş Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi nikaha daxil olanları nikahın qeyd olunması şərtləri və qaydası ilə tanış etməli, bu şəxslərin bir-birinin səhhəti və ailə vəziyyəti haqqında xəbərdar olduqlarını aydınlaşdırmalı, habelə gələcək ər-arvad və ya valideyn kimi onlara hüquqlarını və vəziyyətini izah etməlidir.
Ümumi uşaqları olan şəxslər arasında nikah bağlandığı hallarda Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi onlara eyni zamanda atalığın müəyyən olunması qaydasını izah etməlidir.
3.6. Əvvəllər nikahda olmuş şəxslər yalnız nikahın pozulması haqqında şəhadətnaməni (surətini) və ya ərinin (arvadının) ölüm şəhadətnaməsi (surətini), yaxud nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya ondan çıxarışı təqdim etdikdə yeni nikah qeydə alına bilər.
3.7. Nikahın qeydiyyatının günü və saatı nikaha daxil olan şəxslərlə razılaşdırılaraq müəyyən edilir.
Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi ərizəni qəbul etdikdən sonra evlənənlərin razılığı ilə istirahət günü də nəzərə alınmaqla nikahın bağlanması günü və saatı təyin edilir.
Nikahın bağlanması vaxtının təyin olunması haqqında ərizədə, habelə ərizələrin uçotu jurnalında qeyd aparılır.
Nikahın bağlanması vaxtı elə təyin edilməlidir ki, o, eyni binada ölüm və nikahın pozulmasının qeydiyyatı ilə bir vaxta düşməsin.
Nikahın qeydiyyatı günü təyin edilərkən Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi nikaha daxil olanların nikahı təntənəli şəraitdə bağlamaq arzusunda olub-olmadıqlarını aydınlaşdırır.
Nikahda daxil olanlar nikahı təntənəli şəraitdə bağlamaq arzusunda olduqlarını bildirdikdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi bunun üçün şərait yaradır.
3.8. Nagah Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq onların iştirakı ilə bağlanır.
3.9. Üzrlü səbəblər olduqda nikahın bağlanma müddəti Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər.
Müddəti azaltmaq və uzatmaq üçün əsas ola bilən üzrlü səbəblərə təcili olaraq uzunmüddətli ezamiyyətə getmə və ya daimi yaşamaq üçün başqa yerə köçmə, birgə uşaqların olması, nikaha daxil olmaq istəyən qadının hamilə olması, evlənənlərin və ya onların yaxın qohumlarının ağır xəstəliyi, hərbi xidmətə çağırılma və digər hallar aid edilə bilər. Bu hallar müvafiq sənədlərlə (ezamiyyə vərəqəsi, tibb arayışı, doğum haqqında şəhadətnamə və s) təsdiq edilməlidir.
Xüsusi hallarda (hamiləlik, birgə uşağın olması, nikaha daxil olmaq istəyən şəxslərin hər ikisinin yaşının 50-dən yuxarı olması, bu Qaydanın 3.9-cu bəndində nəzərdə tutulmuş digər hallarda) nikah ərizə verilən gün bağlana bilər.
3.10. Konkret vəziyyətdən asılı olaraq hər bir ayrı-ayrı halda müddətin azaldılması və ya uzadılması vaxtı müəyyən edilir. Səbəbi göstərilməklə ərizələrin uçot jurnalında nikahın qeydə alınması müddətinin azaldılması və ya uzadılması haqqında müvafiq qeyd aparılır.
Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinin vəzifəli şəxsi nikahın bağlanması haqqında ərizəyə dərkənar yazmaqla ona icazə verir.
3.11. Nikaha daxil olmağı arzu edən şəxslər müəyyən olunmuş vaxtda gəlmədikdə və gəlməməyin səbəbi üzürlü hesab edilmədikdə nikahın qeydə alınması haqqında ərizə ləğv edilir.
Nikaha daxil olmağı arzu edən şəxslər fikirlərini dəyişmədikdə yenidən ərizə verməlidirlər. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi isə nikahı qeydə almaq üçün yenidən 1 aylıq müddət müəyyən etməlidir.
3.12. Azərbaycan Respublikasında nikah yaşı kişilər üçün 18 yaş, qadınlar üçün 17 yaş müəyyən olunur.
3.13. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı və onların nikah yaşına çatmaları zəruridir.
3.14. Nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin yerli icra hakimiyyəti nikah yaşının azaldılmasına icazə verdikdə nikah haqqında akt qeydinin 16-cı qrafasında "_______ rayon (şəhər, şəhərdə rayon) icra hakimiyyəti başçısının 20___ci il_________tarixli_______nömrəli sərəncamı ilə vətəndaş_________ nikah yaşı__________ilədək (ayadək) azaldılmışdır" məzmununda qeyd aparılır.
3.15. Nikahı qeyd etmək üçün təyin olunmuş günədək nikahın qeyd edilməsinə qanuni maneələrin olduğu haqqında Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə ərizə daxil olarsa, qeydiyyat təxirə salınır, nikaha daxil olmağı arzu edən şəxslər bu barədə məlumatlandırılır, ərizə verənə ərizəni təsdiq edən sənədli sübutlar təqdim olunması üçün 1 aydan çox olmayaraq vaxt verilir.
Nikahın qeydiyyatı üçün maneələrin olmasını təsdiq edən sübutlar təqdim edildikdə, Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi nikahı bağlamaqdan imtina edir, nikaha daxil olmağı arzu edən şəxslərə bu barədə yazılı surətdə bildirir.
Müəyyən edilmiş müddətdə əsaslı sübutlar təqdim olunmazsa, nikah qeydə alına bilər. Bu barədə nikaha daxil olmağı arzu edən şəxslərə məlumat verilir.
3.16. Nikaha daxil olan şəxslərin arzusu ilə nikahın qeydə alınmasında digər şəxslər iştirak edə bilərlər. Nikah haqqında aktın qeydində imza edən şahidlər iki nəfərdən artıq olmamalıdır.
3.17. Müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrası zamanı məhkumlarla, barələrində həbs qətimkan tədbiri seçilmiş və istintaq təcridxanalarında saxlanılan şəxslərlə nikahın qeydə alınması aşağıdakı xüsusiyyətlər nəzərə alınmaqla, ümumi qaydada həyata keçirilir:
3.17.1. məhkumlarla və istintaq təcridxanalarında saxlanılan şəxslərlə nikah cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanalarının olduğu yer üzrə Qeydiyyat şöbəsi tərəfindən qeydə alınır;
3.17.2. nikah bağlamağı məhkum arzu edirsə, cəzaçəkmə müəssisəsinin müdiriyyəti onu müəyyən olunmuş forma üzrə nikah haqqında ərizə blankı ilə təmin edir. Məhkum ərizənin özünə aid hissəsini doldurduqdan sonra cəzaçəkmə müəssisəsinin müdiriyyəti ərizədə göstərilən məlumatları məhkumun şəxsi işindəki sənədlərlə tutuşdurur, onun imzasını və ərizədə göstərilən məlumatların doğruluğunu (cəzaçəkmə müəssisəsi rəisinin imzası və möhürlə) təsdiq edir;
məhkumun şəxsi işində onun ailə vəziyyəti haqqında məlumat olmadıqda, natamam və ya ziddiyyətli olduqda cəza müəssisəsi müvafiq orqanlar və təşkilatlar vasitəsilə həmin məlumatların alınması və ya dəqiqləşdirilməsi üçün tədbirlər görür;
bundan sonra cəzaçəkmə müəssisəsinin müdiriyyəti ərizəni məhkumun nikaha daxil olmağı arzu etdiyi şəxsə göndərir. Belə ərizəni alan şəxs nikah bağlamağa razı olduqda, özünə aid hissəsini doldurur və Qeydiyyat şöbəsinə şəxsən təqdim edir;
3.17.3. Qeydiyyat şöbəsi nikah haqqında birgə ərizəni qəbul edərək nikahın qeydiyyatı gününü və vaxtını cəzaçəkmə müəssisəsinin müdiriyyəti ilə razılaşdırmaqla müəyyən edir, bu barədə nigah bağlayan şəxslərə, o cümlədən məhkuma cəzaçəkmə müəssisəsinin müdiriyyəti vasitəsilə qabaqcadan məlumat verir;
3.17.4. məhkumla nikahın qeydiyyatı nikaha daxil olmaq istəyən şəxslərin iştirakı ilə cəzaçəkmə müəssisəsinin müdiriyyətinin Qeydiyyat şöbəsi ilə razılaşdırmaqla müəyyən etdiyi yerdə (binada, otaqda) həyata keçirilir;
3.17.5. barələrində həbs qətimkan tədbiri seçilmiş və istintaq təcridxanalarında saxlanılan şəxslərlə nikahın qeydə alınması eyni qaydada həyata keçirilir. Nikahın qeydiyyat tarixi isə cinaytə işi icraatında olan orqanla da razılaşdırılır;
3.17.6. müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrası zamanı məhkumlarla, barələrində həbs qətimkan tədbiri seçilmiş və istintaq təcridxanalarında saxlanılan şəxslərlə nikahın qeydə alınmasını digər tərəf arzu etdikdə, nikahın qeydə alınması bu Qaydanın 3.17.1-3.17.5-ci yarımbəndləri nəzərə alınmaqla, ümumi qaydada həyata keçirilir.
3.18. Azərbaycan Respublikasının ərazisində əcnəbi şəxs üçün nikahın bağlanma şərtləri onun ölkəsinin qanunvericiliyi ilə yanaşı Azərbaycan Respublikasının qanunvericiliyindəki tələblərə əməl olunmaqla müəyyən edilir.
Nikah bağlayan şəxsin vətəndaşlığı yoxdursa, Azərbaycan Respublikasının ərazisində nikahın bağlanması şərtləri onun daimi yaşadığı ölkənin qanunvericiliyi ilə və Azərbaycan Respublikasının qanunvericiliyindəki tələbləri əməl olunmaqla müəyyən edilir.
3.19. 1944-cü il 8 iyul tarixinədək faktiki nikah münasibətlərində olmuş şəxslər faktiki birgə yaşadığı vaxtı göstərib qeyd etdirmək yolu ilə öz nikahlarını rəsmiləşdirə bilərlər. Nikah münasibətlərinin bağlanılması vaxtı nikahı rəsmiləşdirən şəxsin göstərişinə əsasən nikahın qeydə alınması haqqında akt qeydinin 16-cı qrafasında yazılır.
1944-cü il 8 iyul tarixinədək faktiki nikah münasibətlərində olmuş şəxslərdən biri öldükdə və ya xəbərsiz itkin düşdükdə Qeydiyyat şöbəsi və konsulluq idarəsi faktiki nikah münasibətlərində olma faktını təsdiq edən məhkəmə qərarına əsasən nikah münasibətlərinin başlanması vaxtını göstərir. Nikahın bağlanması haqqında akt qeydində faktiki nikah münasibətlərində olma faktını təsdiq edən məhkəmə qərarının tarixi, bu qərarı çıxaran məhkəmə və bu qərara əsasən nikah münasibətlərinin bağlanması vaxtı göstərilir.
3.20. Nikaha daxil olmağı arzu edən şəxslərdən biri ağır xəstəliyi ilə əlaqədar nikahın qeydə alınması üçün Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyinin yerləşdiyi binaya (otağa) gələ bilmədikdə nikahın qeydiyyatı nikaha daxil olanların hər ikisinin iştirakı ilə, bu Qaydaların şərtlərinə əməl olunmaqla evdə, tibb müəssisələrində aparıla bilər.
Bu halda nikaha daxil olmağı arzu edən şəxsin Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyinin yerləşdiyi binaya (otağa) gələ bilməməsinin səbəbi həkim arayışı ilə təsdiq olunur və bu arayış nikah haqqında ərizəyə əlavə edilir. Nikah haqqında akt qeydinin 16-cı qrafasına nikahın bağlandığı yer və həkim arayışı barədə məlumatlar daxil edilir.
3.21. Nikaha daxil olmağı arzu edən şəxslərin müraciətinə əsasən nikah toy mərasimində qeydə alına bilər.
Nikahın qeydiyyatı günü təyin edilərkən nikaha daxil olmağı arzu edən şəxslər Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə nikahın toy mərasimində qeydə alınmaq istəyi barədə məlumat verirlər.
3.22. Nikahın bağlanması haqqında qeyd aparıldıqda nikah haqqında şəhadətnamə verilir.
3.23. Ər-arvadın hüquq və vəzifələri Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır.
Nikahın qeydə alınması üçün dövlət rüsumu Dövlət rüsumu haqqında Qanunun 12.1-ci maddəsində qeyd olunub.
© 2009-2022 De Jure.