Təfsir hüquq elminin mühüm nəzəri və praktiki mövzularından biridir. Milli hüquq ədəbiyyatlarında təfsir mövzusuna olan yanaşmalardan fərqli olaraq, bu məqalədə təfsir daha çox praktiki mövzu kimi araşdırılacaq. Təfsirin praktiki mövzu kimi xarakterizə olunmasının başlıca səbəbi onun hüquq normasının mətninin mahiyyətinin aydınlaşdırılması və (və ya) birbaşa, yaxud dolayı yolla qanunvericilik aktlarında mövcud olan boşluqların doldurulması, kolliziyaların aradan qaldırılması üsulu kimi çıxış etməsidir. Məhz bu səbəbdən məqalənin əsasını təşkil edən məsələlər "necə başa düşülür?" və "necə tətbiq edilir?" suallarından daha çox, "niyədir?", "necə başa düşülməlidir?" və "necə tətbiq edilməlidir?" suallarına cavab verilməklə qiymətləndiriləcək. Nəticədə məqalədə hüquqşünaslar üçün təfsir etmə bacarığının əhəmiyyətliliyini göstərən və inkişafına şərait yaradan nümunələr daha sadə və aydın anlaşılan formada izah ediləcək.






































