“2023-cü il ərzində Vəkillər Kollegiyasının Rəyasət Heyətində 186 intizam işinə baxılıb. 12 nəfər vəkilin fəaliyyəti, onların üzvlükdən azad...
Praktikada bəzən hüquqşünaslar arasında səhmdar cəmiyyətlərlə bağlı qanunvericiliyin müddəalarının öyrənilməsi və tətbiqi zamanı problemlər ortaya çıxır. Bununla əlaqədar bəzi müddəalara aydınlıq gətirməyə çalışacağıq.
Səhmdar cəmiyyəti (bundan sonra «SC») nədir?
Mülki Məcəllənin (bundan sonra «MM») 98-ci maddəsinə əsasən, nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət SC sayılır. SC təsis edilərkən bir neçə fiziki və ya hüquqi şəxs kapitallarını toplayaraq SC-nin kapitalını formalaşdırırlar və bu kapitaldan səhmlər buraxırlar. Məsələn, əgər SC 1 000 000 manat kapitala malikdirsə, onda 10 000 manatlıq nominalda 100 səhm buraxılacaq MM-in 1077.1-ci maddəsinə əsasən, səhm qiymətli kağız olub, SC-də üzvlüyü və sahibinin (səhmdarın) SC mənfəətinin bir hissəsini dividendlər şəklində almaq, SC işlərinin idarə olunmasında iştirak etmək hüququnu və cəmiyyətin ləğvindən sonra qalan əmlakın bir hissəsinə hüququnu təsdiqləyir. Səhmlər buraxmaq hüququ yalnız SC-ə aiddir. SC-yə aid digər bir önəmli xüsusiyyət ondan ibarətdir ki, SC-nin iştirakçıları, yəni səhmdarlar onun öhdəlikləri üçün cavabdeh deyildirlər və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün onlara mənsub səhmlərin dəyəri həddində risk daşıyırlar. SC-nin firma adında onun adı, habelə "açıq səhmdar cəmiyyəti" və ya "qapalı səhmdar cəmiyyəti" (SC qapalı, yaxud açıq tipli səhmdar cəmiyyəti formasında yaradılır-müvafiq olaraq «QSC» və ya «ASC») sözləri göstərilməlidir. SC-nin təsisçiləri ilə bağlı qanunvericilikdə qadağa müəyyən olunmayıb, belə ki, SC bir şəxs (fiziki və ya hüquqi şəxs) tərəfindən yaradıla bilər və ya cəmiyyətin bütün səhmlərini bir səhmdarın əldə etdiyi halda bir şəxsdən (fiziki və ya hüquqi şəxsdən) ibarət ola bilər. Bu barədə məlumat cəmiyyətin nizamnaməsində göstərilməli, qeydə alınmalı və hamının tanış olması üçün dərc edilməlidir. Yeganə məhdudiyyət ondan ibarətdir ki, SC-nin yeganə iştirakçısı bir şəxsdən ibarət digər təsərrüfat cəmiyyəti ola bilməz.
Səhmdar cəmiyyəti öz mahiyyətinə görə çoxşərikli kommersiya təşkilatı olduğundan və sırf sərmayə üzərində qurulduğundan, onun məhz əksəriyyət prinsipinə görə idarə edilməsi zəruridir. Mülki qanunvericilikdə əksəriyyət prinsipi “bir səsli səhm – bir səsdir” (MM-in 107-3.5-ci maddəsi) formasında öz əksini tapıb. Bu prinsipə əsasən, əksəriyyət səhmdarların say etibarı ilə çoxluğuna görə deyil, nizamnamə kapitalında iştirak payının həcminə görə müəyyən olunur. Başqa sözlə, səhmdar cəmiyyətində hüquqlar şəxsə görə deyil, qoyulan sərmayəyə görə müəyyən edilir.
ASC və QSC-nin qanunvericilikdə verilən anlayışları ilə tanış olaq: (MM: 99 və 100-cü mad.)
Səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, ASC sayılır.
Səhmləri yalnız onun təsisçiləri arasında və ya qabaqcadan müəyyənləşdirilmiş digər şəxslər dairəsində yayılan səhmdar cəmiyyəti QSC sayılır.
QSC və ASC-nin yaradılması və fəaliyyəti ilə əlaqədar aşağıdakı fərqlər vardır:
1. QSC-nin iştirakçılarının say həddi 50 fiziki və hüquqi şəxs civarında müəyyən edilmişdir;
2. ASC və QSC yə verilən anlayışdan da göründüyü kimi ASC-də cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildiyi mümkün olsa da, QSC-də yalnız onun təsisçiləri arasında və ya qabaqcadan müəyyənləşdirilmiş digər şəxslər dairəsində səhmlər yayıla bilər;
3. Nizamnamə kapitalının minimum həddi QSC üçün 2000 manat, ASC 4000 manatdır;
4. ASC və QSC üçün dövlət qeydiyyatı üçün müəyyən olunmuş rüsumlar, bankların, birjaların, sığortaçıların, sığorta birlik və brokerlərinin, xarici hüquqi şəxslərin nümayəndəliklərinin və filiallarının qeydiyyatı üçün 220 manat digər cəmiyyətlər üçün isə 11 manatdır.
Diqqət: bu bir məqalə deyil, təcrübi vəsaitdir .
Mənbələr:
1. Mülki Məcəllə;
2. “Dövlət rüsumu haqqında” AR Qanunu;
3. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” AR KM Plenumunun 16.12.2011-ci il tarixli Qərarı;
4. “AR MM-nin qəbul edilməsindən irəli gələn bəzi məsələlərin həll edilməsi haqqında” NK-nin 23 dekabr 2000-ci il tarixli, 224 №-li Qərarı;