...
Baxmayaraq ki, bu gün iki VM-nin maddəsinə diqqət yetirəcəyik, əsas mövzümuz 23-cü maddə olacaq. Çünki 22-ci maddə sırf vergi işçiləri ilə bağlıdır. Amma bilsin sizə maraqlı bilər ki, dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 25 faizi hesabına vergi orqanların büdcədənkənar fonduna köçürülür. Ona görə vergi işçiləri maliyyə sanksiyaların tətbiqində maraqlıdır. Bu fakt vergi ödəyicilərin içini asanlaşdırmır.
İndi isə keçək 23-cü maddəyə. Adıçəkilən maddə vergi orqanlarının hüquqları barədə bizə məlumat verəcək. Təklif edirəm ki, bu maddəni oxuyasnız. Çünki vergi orqanlarına geniş səlahiyyətlər verilib və reallıqda bu səlahiyyətlər daha da genişdir.
Misal üçün 23.1.8-ci maddəsində göstərilib ki, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldıra bilər. Amma əslində çox vaxt elə olur ki, vergi orqanları məhkəməsiz hesablara həbs qoyur. Bunun üçün sadəcə banklara məlumat vermək kifayət olur və nəinki həbs qoyulur, hətta hesabdan silinir. Düzdür, çox vaxt bunun üçün əsas olur (hüquq pozuntusu və s.), amma bu səlahiyyət təhlükəlidir və sui-istifadələr qaçılmaz ola bilər.
Həmçinin nəzərə almaq lazımdır ki, vergi işçiləri səlahiyyətlərlə yanaşı müvafiq peşə bilik və təcrübəsinə malikdirlər. Bu halda vergi ödəyiciləri çox zəif mövqe tuturlar. Misal üçün vergi orqanı sankisya tətbiq edir və bildirir ki, hesabatları düzgün verməmisiniz və vergidən yayınmısınız. Siz amma tam əminsiniz ki, hər şey düzdür. Çünki hər rüb hesabat verirsiniz, hər ay vergini köçürürsünüz, və hətta şəxsi vərəqədə vergi qurumun sizə borcu var. Sən demə həmin borc ona görə yaranır ki, siz hesabatları düzgün vermirsiniz.
Buna görə də vergini tam və vaxtında versəniz də belə vergi orqanı sizi cərimə edə biləcək. Çünki onlrara maraqlı deyil, siz qanunvericiliyi yaxşı bilirsiniz ya yox. Təəssüflər olsun ki, belə yanaşma var və ona görə də siz diqqətli olmalısınız. Hər zaman öz şəxsi vərəqinizi yoxlayın. Vergi qurumlardan rəsmi məlumat alın (yazılı şəkildə), sübutlar toplayın. Çünki vergi orqanı hər yoxlama zamanı sərt olur.
Diqqətli olun və vergilərlə ehtiyatlı davranın.
Maddə 22. Vergi orqanları işçilərinin sosial müdafiəsi
22.1. Vergi orqanlarının işçilərinin sosial müdafiəsinə dövlət təminat verir və onlar dövlət büdcəsinin vəsaiti hesabına icbari qaydada sığorta olunurlar. İcbari sığortanın qaydası və şərtləri qanunla müəyyən edilir.
Vergi orqanının işçisinə xidməti fəaliyyəti həyata keçirdiyi zaman peşə fəaliyyəti ilə məşğul olmağa imkan verməyən ağır bədən xəsarəti yetirildikdə, ona dövlət büdcəsinin vəsaiti hesabına vəzifə maaşı ilə pensiyası arasındakı fərq ödənilir.
Xidməti fəaliyyətlə əlaqədar vergi orqanının işçisinin və ya onun ailə üzvlərinin əmlakına dəymiş zərər, sonradan təqsirkar şəxsdən tutulmaqla, tam həcmdə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
22.2. Vergi orqanları işçilərinin sosial müdafiəsi məqsədilə vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 25 faizi hesabına bu orqanların büdcədənkənar fondu yaradılır.
Maddə 23. Vergi orqanlarının hüquqları
23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır:
23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək;
23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək;
23.1.3. vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə bu Məcəllənin 50-1-ci maddəsində müəyyən edilmiş hallarda və qaydada xronometraj metodu ilə müşahidə aparmaq və baxış keçirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan sənədləri və əşyaları götürmək, mülkiyyətində və ya istifadəsində olan əmlakın (yaşayış sahələri istisna olmaqla) bu Məcəllədə müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan inventarizasiyasını aparmaq;
23.1.4. vergi ödəyicilərindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılmasını habelə vergi ödəyicisi auditor tərəfindən yoxlanılmalı olduğu halda auditor rəyini tələb etmək;
23.1.5. qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək;
23.1.6. müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək;
23.1.7. Vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil etmək;
23.1.8. qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək;
23.1.9. «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda və qaydada vətəndaşların vergi məsələləri ilə bağlı sorğusunu həyata keçirtmək;
23.1.10. «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda və qaydada binalara (yaşayış sahələri istisna olmaqla), qurğulara və torpaq sahələrinə daxil olmaq və baxış keçirtmək;
23.1.11. «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda və qaydada nəzarət qaydasında mal alqısını həyata keçirtmək;
23.1.12. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada təhqiqat aparmaq;
23.1.13. aksiz markası ilə markalanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materialların markalanmadan satışının həyata keçirilməsi aşkar edildikdə, həmin malları siyahıya almaq və vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanlarının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoymaq;
23.1.14. bu Məcəllə ilə müəyyən edilmiş qaydada mütəxəssisləri, ekspertləri, tərcüməçiləri, müşahidəçiləri cəlb etmək;
23.1.15. məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək;
23.1.15-1. hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq;
23.1.15-2. vergi risklərinin minimallaşdırılması məqsədi ilə vergi ödəyiciləri ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada "Vergi partnyorluğu sazişi" bağlamaq;
23.1.16. bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq nəzərdə tutulmuş başqa hüquqları həyata keçirmək.
23.2. Yuxarı vergi orqanları tabeliyində olan vergi orqanlarının və onların vəzifəli şəxslərinin qeyri-qanuni aktlarını və qərarlarını ləğv edə bilərlər.