Vergi qanunvericiliyini öyrənək. Dərs #22 (Bankların vəzifələri)

Ramil Gachay's picture

Sahibkarlıq fəaliyyəti ilə məşğul olarkən, insanlar bankların fəaliyyəti ilə daha yaxın tanış olur. Misal üçün sizin bank hesabınız artıq var və orada müəyyən pul məbləği var (elektron qaydada malları alırsınız və s.). Amma bir gün siz onlayn-xidmətlərlə məşğul olmağa başladınız (veb-sayt hazırlamağa, məsləhətlər verməyə və s.). Müştəriniz sizin hesabınıza pul köçürür və .... siz hesabdan pulu çıxarda bilmirsiniz. Niyə? Bank icazə vermir. Deyir ki, sizin VÖEN-iz olmalıdır. 

Bu hal ilə rastlaşmamaq üçün əvvəlcədən hazırlıqlı olmalısınız.

Əgər hüquqi şəxs kimi fəaliyyət göstərirsinizsə banklarla daha sıx şəkildə işləyəcəksiniz. Adətən vergi orqanlarında qeydiyyatdan keçdikdən sonra və möhürü aldıqdan sonra, hüquqi şəxs bank hesabı açır. Bank hesabı nəyə görə açırlar?

Birincisi bu rahatdır. Bank vasitəsilə hüquqi şəxs öz vergilərini, işçilərin maaşlarını ödəyə bilir (ödəniş tapşırıqları vasitəsilə). Elə müştəri-şirkətlər var ki, onlar malların (xidmətlərin) haqlarını yalnız nağdsız şəkildə köçürürlər. Bütün bunlar gəlirləri və xərcləri rəsmi şəkildə hesablamağa da kömək edir. Təbii ki, bank öz xidmətlərinə görə xidmət haqqı götürür, amma onlar cüzidir və şirkətin fəaliyyətinə təsir etmir. 

Əgər bir-neçə valyutada hesab açmaq istəyirsinizsə bunun üçün bir-neçə şəhadətnamə-dublikat tələb oluna bilər. Bu şəhadətnamə-dublikat almaq üçün vergi orqanına müraciət etməlisiniz (müraciət elektron da ola bilər). 

Bankda hesab açmaq üçün sizə aşağıdakılar lazım olur:

  • təsis sənədlərin notariat qaydada təsdiq edilmiş surətləri, direktorun əmri (ya qərarı)
  • imza nümunəsi (notariat qaydada təsdiq olunur, amma forması bank tərəfindən təqdim olunur)

Bu prosedura 1-2 gün vaxt alır. 

Amma bankda hesabın olmasının mənfi tərəfləri də var. Misal üçün vergi orqanı ilə sizin mübahisəniz yaranır. İş üzrə hələ də yekun qərar yoxdur, amma vergi orqanı hesabınıza həbs qoyur və bankı məlumatlandırır və siz öz vəsaitlərinizdən istifadə edə bilmirsiniz. Ona görə də ehtiyatlı olmaq lazımdır. Çalışın vergi qurumuna borcunuz yaranmasın.

 

Maddə 35. Bankların vergi ödəyicilərinin uçotu ilə bağlı vəzifələri

35.1. Dövlət qeydiyyatı vergi orqanları tərəfindən aparılan hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları dövlət qeydiyyatına alınması haqqında ərizə ilə birlikdə və ya qeydiyyata alındıqdan sonra istənilən vaxt, digər vergi ödəyiciləri isə uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra bank idarəsində hesab açmaq üçün vergi orqanına ərizə verir. Vergi orqanı bu ərizə əsasında vergi ödəyicisinə 2 gündən gec olmayaraq şəhadətnamə-dublikat verir. Vergi ödəyicisinə verilən şəhadətnamə-dublikatların sayı məhdudlaşdırılmır və onların hər biri nömrələnir. Bank hesabının açılması məqsədi ilə şəhadətnamə-dublikat vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadıqda bu maddədə müəyyən edilmiş müddətdə verilir. Şəhadətnamə-dublikatın alınması üçün vergi ödəyicisi tərəfindən verilən ərizənin və şəhadətnamə-dublikatın forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Vergi orqanı bu maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə-dublikatı vergi ödəyicisinə verdikdən sonra 1 gün müddətində müvafiq icra hakimiyyəti orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada məlumatı elektron və (və ya) kağız daşıyıcılar vasitəsilə göndərir.

35.2. Banklar hüquqi şəxslərə, onların filial və nümayəndəliklərinə, fərdi sahibkarlara yalnız onlar vergi orqanı tərəfindən verilən şəhadətnamə-dublikatını təqdim etdikdən sonra bank hesabları açırlar (qeyri-rezident üçün sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan hesabların açılması halları istisna olmaqla).

35.3. Şəhadətnamə-dublikat alındığı tarixdən 10 gün müddətində hesabın açılması üçün istifadə olunmadıqda qüvvədən düşmüş hesab edilir.

35.4. Şəhadətnamə-dublikat iki hissədən ibarətdir. Onun bir hissəsi vergi ödəyicisinin hesab açdığı bankda qalır, bildiriş adlanan digər hissəsini isə bank idarəsi müvafiq qeydləri apardıqdan sonra onu vermiş vergi orqanına göndərir.

Vergi orqanı bank idarəsindən bu maddədə göstərilən bildirişi aldıqdan sonra bildirişdə göstərilən məlumatları vergi uçotu məlumatlarına daxil edir və 1 gün müddətində həmin məlumatları müvafiq icra hakimiyyəti orqanına elektron və (və ya) kağız daşıyıcılar vasitəsilə göndərir.

35.5. Şəhadətnamə-dublikatla yalnız onda göstərilmiş bankda (bankın filialında) hesab açmaq olar.

35.6. Şəhadətnamə-dublikatın bildiriş hissəsi bank idarəsi tərəfindən 10 gün müddətində qaytarılmadıqda, vergi orqanı bunun səbəblərini vergi ödəyicisi və müvafiq bank idarəsi ilə dəqiqləşdirməlidir. Şəhadətnamə-dublikat 10 gün ərzində istifadə olunmadıqda, vergi ödəyicisinə verilmiş şəhadətnamə-dublikat geri alınır və hesabın açılmaması barədə bankdan alınmış rəsmi məlumata əsasən onun etibarsız olması haqqında vergi ödəyicisinin uçot məlumatlarında müvafiq qeydlər edilir.

Tags: 
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.