Vergi qanunvericiliyini öyrənək. Dərs #26

Ramil Gachay's picture

Vergi yoxlamaları mövzusunda söhbətimizi davam edirik. Səyyar vergi yoxlaması kameral yoxlamadan fərqlənir, daha mürəkkəbdir. Bəlkə ona görə də VM-də ona daha çox yer ayrılır. 

Səyyar yoxlaması zamanı obyektlərə, yaşayış sahələrinə daxil olmalar mümkündür və bütün bu tədbirlər qanunvericiliyə uyğun həyata keçirilməlidir. Müvafiq aktlar tərtib edilməli və imzalanmalıdır. Vergi ödəyicisi kimi bu məsələ ilə tanış olmağınız vacibdir. Bu gün VM-nin 39 və 40-cı maddələrinə baxacağıq.

Həmişəki kimi, yalnız ən maraqlı məqamlara toxunmalıyıq.

Yoxlama aktına öz qeydlərinizi apara bilərsiniz. Və əgər vergi işçisi tərəfindən hər hansı pozuntulara yol verilmişdirsə, onları qeyd edə bilərsiniz. Səyyar yoxlamanın keçirilməsi ilə bağlı müəyyən sənədlər mövcuddur. Onlarla tanış ola bilərsiniz:

Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə, aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir. Həmin aktdan 30 gün ərzində şikayət edə bilərsiniz.

Əgər vergi işçiləri sizin yaşayış yerinizə daxil olmaq istəyirsə, onları burxmaya da bilərsiniz. Bu sizin hüququnuzdur və bu hüquq Konstitusiya ilə qorunur (m.33.1. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz).

Əgər vergi ödəyicisi, onun fəaliyyət göstərdiyi yerə (yaşayış yeri istisna olmaqla)  vergi işçilərini buraxmırsa, yoxlamanı keçirən  vəzifəli şəxslər  akt tərtib edirlər və təbii ki, bu cür aktlar vergi ödəyicisinin xeyrinə deyil. Həmin aktı vergi ödəyicisi imzalaya da bilər, imzalamaya da bilər.

 

Maddə 39. Səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi

39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır.

39.2. Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir.

39.3. Vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

39.4. Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir.

39.5. Vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır.

39.6. Bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır.

39.7. Vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır.

Vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verir. Vergi ödəyicisi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq üzürlü səbəb olmadan gəlməyibsə, yoxlamanın materiallarına, vergi ödəyicisi tərəfindən təqdim edilən etirazlara, izahatlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxılır.

 

Maddə 40. Səyyar vergi yoxlamasının keçirilməsi üçün vergi orqanlarının vəzifəli şəxslərinin ərazilərə və ya binalara daxil olması

40.1. Səyyar vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxslərinin vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün istifadə etdiyi ərazisinə və ya binasına (yaşayış binaları (sahələri) istisna olmaqla) bilavasitə daxil olması həmin şəxslər tərəfindən öz xidməti vəsiqələrini və vergi orqanının rəhbərinin (onun müavininin) həmin vergi ödəyicisində səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarını və ya məhkəmənin qərarını təqdim etdikdən sonra həyata keçirilir.

40.2. Vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanlarının vəzifəli şəxslərinin yaşayış binalarına (sahələrinə) orada yaşayan fiziki şəxslərin iradəsindən kənar və ya onların iradəsinə zidd olaraq daxil olmasına yol verilmir.

40.3. Bilavasitə səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxslərinə bu Məcəllənin 40.1-ci maddəsində göstərilən ərazilərə və ya binalara (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, yoxlamanı keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan akt tərtib edilir. Həmin akta əsasən vergi orqanının ödənilməli olan vergi məbləğlərini bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müəyyən etmək hüququ vardır.

Vergi ödəyicisi həmin aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda qeyd edilir. Tərtib olunmuş aktın surəti vergi ödəyicisinə verilir.

40.4. Səyyar vergi yoxlamasını bilavasitə keçirən vergi orqanlarının vəzifəli şəxslərinin vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün istifadə etdiyi ərazisinə və ya binasına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olmasına qeyri-qanuni maneçilik vergi qanunvericiliyinin pozulması hesab olunur və qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.