Systematic shelling of positions of the Azerbaijan Army by the formations of Armenia’s armed forces using weapons of different calibers, continued...
Salam. İkinci həftədir ki, biz vergi qanunvericiliyi ilə maraqlanırıq və artıq 3-cü dərsimizdir. Dərs adlandırmaq, bir az çətindir, çünki biz birlikdə öyrənirik, amma bu söz hələ ki, ən uyğunudur. Keçən dəfə VM-nin 2-ci maddəsi göstərdi ki, qanunlar necə də qarışıq ola bilər.
Amma biz tələsmirik. Yavaş-yavaş, asta-asta biz Vergi Məcəlləsini öyrənəcəyik və əminəm ki, bunun xeyri çox olacaq.
Bu gün VM-nin 3-cü maddəsi ilə yüngülvari tanış olaq.
Ola bilsin bu maddə ilə tanış olduqdan sonra deyəcəksiniz ki, bütün bunlar Azərbaycana aid deyil, çünki reallıqda başqa bir şəraitlə rastlaşırsınız. Amma, bəli, bu bizim Məcəllədir və siz, öz hüquqlarınızı qoruya bilərsiniz. Ola bilsin vergi qurumları kiməsə qorxulu gəlsə də, hal-hazırda Azərbaycanda effektiv çalışan nazirliklərdən biridir (digər nazirliklərlə müqayisədə). Sistemləri yaxşı avtomatlaşdırılıb və şəxslərin müraciətlərinə (o cümlədən, elektron qaydada) baxırlar, araşdırırlar və çox vaxt məsələləri düzgün həll edirlər. Ona görə əgər əsaslandırılmış şikayətləriniz varsa, onları yazmaqdan çəkinməyin.
Buna baxmayaraq vergi sistemimiz hələ də ideal deyil və bu sahədə olan problemləri ardıcıllıqla üzə çıxardacayıq.
Gördüyünüz kimi aşağıdakı maddə, əsasən, ayrıseçkiliyin aradan qaldırılmasına yönəldilib. Amma bəzi məqamlar var ki, hansıları xüsusi qeyd etməliyik.
Belə ki, maddənin 3.5-ci hissəsi vacib prinsipi vurğulayır: heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz.
Suii-istifadələrə qarşı yönəldilən bir müddəadır.
Daha sonra, vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin (3.9). Təəssüflər olsun ki, bu məqsədə hələ nail olmamışıq. Çünki bir çox vergilər əksər əhali üçün aydın olmaya da bilər. Misal üçün əmlak vergisi, və yaxud dividenddən vergi. Misal üçün dividenddən vergi hüquqi şəxslərə aiddir, bəs hüquqi şəxs sadələşdirilmiş vergi ödəyicidirsə, dividenddən vergi tutulması nə qədər əsaslıdır. Elə çıxır ki, sadələşdirilmiş vergi ödəyiciləri olan fiziki şəxs və hüquqi şəxs eyni miqdarda pul qazanırlar, amma hüquqi şəxs əlavə olaraq dividendən vergi ödəməlidir. Fikrimcə bu hal, ayrıseçkiliyə yol verir.
Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir (3.10). Yəqin çox adam razı olacaq ki, bu müddəa bizim ölkədə yaxşı işləmir, amma bunun səbəblərini araşdırmaq dərslərimizin predmeti deyil.
Və vergi ödəyicisinə aid olan ən vacib müddəa - Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir (3.11).
Bu günə bu qədər.
Sizə uğurlu gün arzu edirəm.
Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları
3.1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır.
3.2. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır.
3.3. Hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir.
3.4. Azərbaycan Respublikasının vahid iqtisadi məkanını pozan (xüsusilə, Azərbaycan Respublikasının ərazisində malların (işlərin, xidmətlərin) və pul vəsaitlərinin azad yerdəyişməsini bilavasitə və ya dolayısı ilə məhdudlaşdıran və ya digər yolla vergi ödəyicilərinin qanuni fəaliyyətini məhdudlaşdıran, yaxud maneçilik törədən) vergilərin müəyyən edilməsinə yol verilmir.
3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz.
3.6. Vergilər siyasi, ideoloji, etnik, konfessional və vergi ödəyiciləri arasında mövcud olan digər xüsusiyyətlər əsas götürülməklə müəyyən edilə bilməz və diskriminasiya xarakteri daşıya bilməz.
Mülkiyyət formasından və ya fiziki şəxslərin vətəndaşlığından və ya kapitalın yerindən asılı olaraq vergilərin müxtəlif dərəcələrinin müəyyən edilməsi qadağandır.
Azərbaycan Respublikasına gətirilən mallar üçün həmin malların hansı ölkədən gətirilməsindən asılı olaraq bu Məcəlləyə və gömrük qanunvericiliyinə uyğun olaraq müxtəlif gömrük rüsumu dərəcələrinin müəyyən edilməsi mümkündür.
3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir.
3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz.
3.9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin.
3.10. Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir.
3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.
3.12. Fiziki və hüquqi şəxslərin vergilərə aid normativ hüquqi aktlarla azad tanış olmaq imkanı təmin edilməlidir.