Systematic shelling of positions of the Azerbaijan Army by the formations of Armenia’s armed forces using weapons of different calibers, continued...
Maddə 149. Bəyannamənin verilməsi
149.1. Aşağıdakı vergi ödəyiciləri bu Məcəllənin 149.2-ci maddəsində göstərilən müddətlərdə vergi orqanlarına bəyannamə verirlər:
149.1.1. rezident müəssisələr;
149.1.2. Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan qeyri-rezidentlər;
149.1.3. vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər;
149.1.4. xüsusi notariuslar, ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir, o cümlədən royaltidən gəlir əldə edən rezident fiziki şəxslər.
149.2. Bu Məcəllənin 149.1-ci maddəsində göstərilən şəxslər (xüsusi notariuslar istisna olmaqla) hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər. Xüsusi notariuslar hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verməlidirlər.
149.3. Vergi ödəyicisi Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətini dayandırdıqda, 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Bu maddənin məqsədləri üçün hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.
149.4. Hüquqi şəxs və ya qeyri-rezidentin daimi nümayəndəliyi ləğv edildikdə, ləğvetmə komissiyası və ya vergi ödəyicisi bu barədə qanunvericiliklə müəyyən edilmiş qaydada vergi orqanına məlumat verməlidir. Hüquqi şəxsin ləğv edilməsi haqqında qərarda göstərilən ləğv olunma tarixindən, qeyri-rezidentin daimi nümayəndəliyi üçün bu tarix göstərilmədikdə isə qərarın Azərbaycan Respublikasının xarici dövlətlərdəki nümayəndəlikləri (Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələrində) leqallaşdırıldığı tarixindən sonra 30 gün ərzində ləğvetmə komissiyası vergi orqanına bəyannamə verməyə borcludur.
149.5. Bəyannamə verməli olmayan fiziki şəxs verginin yenidən hesablanması və vəsaitlərin qaytarılması haqqında tələb irəli sürülən bəyannamə verə bilər.
149.6. Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan, bu Məcəllənin 125.1.3-cü, 125.1.4-cü, 125.1.5-ci və ya 125.1.7-ci maddələrinə müvafiq qaydada ödəmə mənbəyində vergi tutulan gəlir əldə edən qeyri-rezident vergi ödəyicisi bu cür gəlir haqqında bəyannamə verməklə tutulmuş verginin qaytarılması tələbini irəli sürə bilər. Bu cür bəyannamə bu Məcəllənin 149.2-ci maddəsinin birinci cümləsində müəyyən edilən müddətlərdə verilməlidir. Belə vergi ödəyicisindən Azərbaycan Respublikasında vergi ödəyicisinin daimi nümayəndəliyinin gəliri kimi bu Məcəllənin 105.1-ci maddəsində müəyyən edilən dərəcə ilə vergi tutulur, vergi ödəyicisinin gəlir əldə edilməsi ilə bağlı olan xərci isə daimi nümayəndəliyin xərcində olduğu kimi gəlirdən çıxılmalıdır, bu şərtlə ki, vergi bu Məcəllənin 125-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində tutulan verginin məbləğindən artıq olmasın.
Maddə 150. Ödəmə mənbəyində verginin tutulması qaydası
150.1. Aşağıdakı şəxslər (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludurlar:
150.1.1. muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər;
150.1.2. muzdla işləyən fiziki şəxslərə ödəmələr verən sahibkarlar və xüsusi notariuslar;
150.1.3. dövlət sosial təminat sistemi vasitəsilə ödənilən pensiyalar istisna edilməklə, digər şəxslərə pensiya ödəyən hüquqi şəxslər və ya sahibkarlar;
150.1.4. hüquqi və fiziki şəxslərə dividend ödəyən rezident hüquqi şəxslər;
150.1.5. hüquqi və fiziki şəxslərə faizlər ödəyən hüquqi şəxslər və ya sahibkarlar;
150.1.6. bu Məcəllənin 124-cü, 125-ci və ya 126-cı maddələrində nəzərdə tutulan ödəmələr verən hüquqi şəxslər və ya sahibkarlar.
150.1.7. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar.
150.1.8. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, sığorta haqları ödəyən sığortaçılar;
150.1.9. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda təqdim edilmə, həmçinin bu Məcəllənin 221.5-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergi hesablanmış tikinti sahələrinin həmin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən təqdim edilməsi halları istisna olmaqla) üzrə müqavilələri təsdiq edən notarius;
150.1.10. idman mərc oyunlarından uduşlar əldə edən şəxsə ödəmələr verən şəxs.
150.2. Bu Məcəllənin 150.1-ci maddəsində göstərilən şəxslər verginin tutulması və büdcəyə köçürülməsi üçün cavabdehdirlər. Vergi məbləği tutulmursa və ya tutulmuş vergi büdcəyə köçürülmürsə, gəliri ödəyən hüquqi şəxslər və sahibkarlar tutulmamış və ya köçürülməmiş verginin məbləğini, həmçinin müvafiq faizləri və sanksiyaları büdcəyə ödəməyə borcludurlar.
150.3. Bu Məcəllənin 150.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində vergi tutan hüquqi şəxslər, fərdi sahibkarlar və xüsusi notariuslar:
150.3.1. bu Məcəllənin 150.1.1, 150.1.2 və 150.1.8-ci maddələrinə uyğun olaraq fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisini hesablamağa və hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq büdcəyə köçürməyə;
150.3.2. bu Məcəllənin 150.1.3-150.1.7-ci maddələrinə uyğun olaraq gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməyə;
150.3.3. ödəmə mənbəyində tutulan vergilər barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada bəyannaməni vergi orqanına:
150.3.3.1. bu Məcəllənin 150.1.3.-150.1.8-ci maddələrinə uyğun olaraq ödəmə mənbəyində vergini tutanlar rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq;
150.3.3.2. bu Məcəllənin 150.1.1-ci və 150.1.2-ci maddələrinə uyğun olaraq ödəmə mənbəyində vergi tutan ƏDV ödəyiciləri və sadələşdirilmiş vergi ödəyiciləri hesabat ilindən sonrakı ilin yanvar ayının 31-dən gec olmayaraq;
150.3.3.3. ƏDV ödəyiciləri və sadələşdirilmiş vergi ödəyiciləri istisna olmaqla, bu Məcəllənin 150.1.1-ci və 150.1.2-ci maddələrinə uyğun olaraq ödəmə mənbəyində vergi tutan digər vergi ödəyiciləri rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq verməyə borcludurlar.
150.3-1. Notarius bu Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəyir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludur.
150.3-2. Bu Məcəllənin 150.1.10-cu maddəsində göstərilən şəxslər bu Məcəllənin 101.5-ci maddəsinə uyğun olaraq gəlir vergisini hesablamağa və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludurlar.
150.4. Vergi ödəyicisinin iş yerində vergi agenti aylıq gəlir üzrə vergi tutmağa borcludur. Vergi ödəyicisi bu Məcəllənin 149.5-ci maddəsində nəzərdə tutulmuş hüquqlardan istifadə etmirsə, tutulmuş vergi gəlir vergisinin tam məbləği sayılır.