...
Salam. Vergi Məcəlləsinin 13-cü maddəsi. Nəs rəqəmdir və mürəkkəb maddədir. Burda biz vergi hüququnda istifadə olunan əsas anlayışlarla tanış olacayiq. Nə deyim. Bunları sadəcə oxumaq lazım olacaq.
Ola bilsin, hesab edəcəksiniz ki, bütün bu anlayışlar lazımsızdır və heç oxumayacaqsınız, amma bu səhv olacaq. İzah edim nəyə görə.
Ola bilər ki, nə vaxtsa vergi orqanları ilə mübahisəniz yarana bilər və onda bu anlayışlar böyük rol oynaya bilər. Siz bilməlisiniz ki, rezident və ya qeyri-rezident kimdir, əmlak nədir, royalti nədir. Vergi ilə bağlı mübahisə yaranarkən, gərək ilk növbədə VM-də istifadə olunan anlayışlara istinad edəsən. Misal üçün elə ola bilər ki, "ailə üzvləri" anlayışı digər məcəllələrdə (qanunlarda) fərqli olsun və qanunlar arasında ziddiyyət yarana, o zaman məhkəmə adətən sahə qanunvericiliyi üstün tutur (yəni vergi qanunvericiliyini).
Baxmayaraq ki, bu xırdalıqlardır, amma sizə kömək edə bilər.
Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar
13.1. Bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir.
13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur:
13.2.1. Şəxs - istənilən fiziki və ya hüquqi şəxs, qeyri-rezidentin daimi nümayəndəliyi, filialı və digər bölməsi.
13.2.2. Hüquqi şəxs - Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq huquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar.
13.2.3. Fiziki şəxs - Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxs.
13.2.4. Vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs.
13.2.5. Rezident:
13.2.5.1. aşağıda göstərilən tələblərin birinə cavab verən istənilən fiziki şəxs:
13.2.5.2. Fiziki şəxs vergi ilində Azərbaycan Respublikasının ərazisində qaldığı son gündən etibarən bu vergi ilinin sonunadək olan dövr ərzində Azərbaycan Respublikasının qeyri-rezidenti sayılır, bu şərtlə ki, həmin şəxs bilavasitə növbəti vergi ilində Azərbaycan Respublikasının qeyri-rezidenti olsun;
13.2.5.3. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq təsis edilən və sahibkarlıq fəaliyyətini həyata keçirən və ya Azərbaycan Respublikasında idarəetmə yeri olan istənilən hüquqi şəxs. Bu maddədə hüquqi şəxsin idarəetmə yeri dedikdə, əsas nəzarət orqanlarının yerləşdiyi yerdən asılı olmayaraq, idarəetmənin həyata keçirilməsi üçün zəruri olan kommersiya qərarlarının qəbul olunduğu və gündəlik praktiki idarəetmənin həyata keçirildiyi əsas fəaliyyət yeri nəzərdə tutulur.
13.2.6. Qeyri-rezident:
13.2.6.1. Azərbaycan Respublikasının ərazisində diplomatik və ya konsulluq statusu olan şəxs və onun ailə üzvləri;
13.2.6.2. Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş beynəlxalq təşkilatın əməkdaşı və ya Azərbaycan Respublikasında xarici ölkənin dövlət xidmətini həyata keçirən şəxs və onların ailə üzvləri;
13.2.6.3. məqsədi yalnız Azərbaycan Respublikasının ərazisindən bir xarici dövlətdən digər xarici dövlətə keçmək olan şəxs;
13.2.6.4. Bu Məcəllənin 13.2.6.1-ci və 13.2.6.2-ci maddələri Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti göstərən şəxslərə aid edilmir;
13.2.6.5. Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik imtiyazları və immunitetləri olan diplomatik nümayəndəliklər, konsulluq idarələri və xarici ölkələrin digər rəsmi nümayəndəlikləri, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri;
13.2.6.6. rezident anlayışı ilə əhatə edilməyən digər şəxslər.
13.2.7. Vergi ödəyicisinin ailə üzvləri:
13.2.7.1. ər-arvadlar;
13.2.7.2. valideynlər, övladlar və övladlığa götürülmüş şəxslər;
13.2.7.3. vərəsələr;
13.2.7.4. doğma (ögey) bacılar (qardaşlar);
13.2.7.5. bacı və qardaş övladları;
13.2.7.6. ər-arvadların bacıları, qardaşları və valideynləri;
13.2.7.7. bacıların ərləri və qardaşların arvadları;
13.2.7.8. valideynlərin bacıları (qardaşları);
13.2.7.9. qəyyumlar və qəyyumluğa götürülənlər, onların arasındakı ev təsərrüfatı birliyi nəticəsində biri o biri ilə valideyn və övlad kimi bağlı olduqda.
13.2.8. Mal - hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və su.
Əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır.
13.2.9. Qeyri-maddi aktivlər - intellektual, o cümlədən ticarət nişanları, digər sənaye mülkiyyəti obyektləri, habelə müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyicisinin mülkiyyət hüququnun obyekti kimi tanınan digər analoji hüquqlar.
13.2.10. Malların təqdim edilməsi - mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, o cümlədən, lakin bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi.
13.2.11. Xidmət (iş) - malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət.
ƏDV-nin məqsədləri üçün pul vəsaitinə və torpağa mülkiyyət hüququnun başqasına verilməsi, həmçinin işəgötürənə muzdlu işçi kimi xidmət göstərilməsi istisna olunur.
Xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istifadə olunan mallar ayrıca təqdim edilmirsə və ya xidmətin (işin) dəyərinə daxil edilməyən kompensasiyalı xərclər müqavilədə və ya ödəniş sənədlərində ayrıca göstərilmirsə, həmin mallar və ya xərclər xidmətin (işin) ayrılmaz tərkib hissəsi hesab edilir.
13.2.12. Satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri.
13.2.13. Vergi ödəyicisinin, alıcının, sifarişçinin və ya hər hansı şəxsin adı - hüquqi şəxsin dövlət qeydiyatına alınmış adı, fiziki şəxsin adı, atasının adı və soyadı.
13.2.14. Maliyyə xidmətləri:
13.2.14.1. kreditlərin, maliyyə lizinqi əməliyyatlarının, kredit təminatlarının və pul-kredit əməliyyatlarında hər hansı girov və ya lombard təminatının təqdim edilməsi (yaxud verilməsi) və qaytarılması, o cümlədən krediti və ya təminatı təqdim etmiş şəxsin kreditləri və kredit təminatlarını idarə etməsi;
13.2.14.2. müştərilərin depozitlərinin və hesablarının idarə edilməsi, tədiyələr, köçürmələr, borc öhdəlikləri və tədiyə vasitələri ilə bağlı əməliyyatlar;
13.2.14.3. qanuni tədiyə vasitələri olan valyutanın, pul vəsaitlərinin və əskinasların (numizmatika əşyalarından başqa) tədavülü ilə bağlı əməliyyatlar;
13.2.14.4. səhmlərin, istiqraz vərəqələrinin, sertifikatların, veksellərin, çeklərin və digər qiymətli kağızların tədavülü ilə bağlı əməliyyatlar. İnkassasiya xidmətləri və ya banknotların, qiymətli kağızların və ya digər qiymətlilərin saxlanması və ya onların qorunmasının təmin edilməsi üzrə xidmətlər maliyyə xidmətlərinə aid deyildir;
13.2.14.5. törəmə maliyyə vasitələri ilə əqdlərə, forvard müqavilələrinə, opsionlara və analoji sazişlərə aid əməliyyatlar;
13.2.14.6. investisiya fondlarının idarə edilməsi ilə bağlı xidmətlər;
13.2.14.7. sığorta və təkrar sığorta əməliyyatları, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləri.
13.2.15. Dividend - hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş.
Hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir, həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər dividend sayılmır.
13.2.16. Azərbaycan mənbəyindən gəlir:
13.2.16.1. Azərbaycan Respublikasında muzdlu işdən gəlir;
13.2.16.2. Azərbaycan Respublikasında istehsal edilmiş malların istehsalçı tərəfindən təqdim edilməsindən gəlir;
13.2.16.3. Azərbaycan Respublikasında malların təqdim edilməsindən, iş görülməsindən və xidmət göstərilməsindən gəlir;
13.2.16.4. Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyə aid edilən sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir, o cümlədən belə daimi nümayəndəlik vasitəsilə təqdim edilmiş mallara (işlərə, xidmətlərə) aid edilə bilən eyni cinsli, yaxud bənzər (oxşar) malların (işlərin, xidmətlərin) təqdim edilməsindən, habelə daimi nümayəndəlik vasitəsilə həyata keçirilən fəaliyyətə aid edilə bilən fəaliyyətdən və ya ona oxşar fəaliyyətdən əldə edilmiş gəlir;
13.2.16.5. Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar:
13.2.16.6. rezident hüquqi şəxsdən dividend şəklində əldə edilən gəlir, həmçinin bu hüquqi şəxsdə iştirak payının satılmasından və ya başqasına verilməsindən əldə edilən gəlir;
13.2.16.7. rezidentlərdən alınan faizlər şəklində gəlir;
13.2.16.8. rezident tərəfindən ödənilən pensiya;
13.2.16.9. Azərbaycan Respublikasının ərazisində daimi nümayəndəliyi və ya əmlakı olan şəxsdən alınan faizlər şəklində gəlir - həmin şəxsin bu faizlər üzrə borcu bu cür daimi nümayəndəlik və ya əmlakla bağlıdırsa;
13.2.16.10. Azərbaycan Respublikasında saxlanılan və ya istifadə edilən əmlak üçün alınan royalti şəklində gəlir, yaxud bu Məcəllənin 13.2.23-cü maddəsində göstərilən və Azərbaycan Respublikasında saxlanılan və ya istifadə edilən əmlakın təqdim edilməsindən gəlir;
13.2.16.11. Azərbaycan Respublikasında istifadə edilən daşınan əmlakın icarəyə verilməsindən əldə edilən gəlir;
13.2.16.12. Azərbaycan Respublikasındakı daşınmaz əmlakdan əldə edilən gəlir, o cümlədən bu əmlakda iştirak payının təqdim edilməsindən gəlir;
13.2.16.13. aktivlərinin 50 faizindən çox olan hissəsi birbaşa və ya dolayısı ilə Azərbaycan Respublikasındakı daşınmaz əmlakdan ibarət olan müəssisənin səhmlərinin və ya iştirak payının təqdim edilməsindən gəlir;
13.2.16.14. rezidentin sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan əmlak təqdim edilməsindən əldə etdiyi digər gəlirlər;
13.2.16.15. idarəetmə, maliyyə xidmətləri göstərilməsindən əldə edilən gəlir - bu gəlir rezident hüquqi şəxsin və ya qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisində yerləşən daimi nümayəndəliyi tərəfindən ödənilirsə, yaxud o, həmin müəssisə və ya onun daimi nümayəndəliyi ilə bağlanmış müqaviləyə əsasən əldə edilmişdirsə;
13.2.16.16. Azərbaycan Respublikasında riskin sığortası və ya təkrar sığortası haqqında müqavilə üzrə ödənilən gəlir;
13.2.16.17. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya daşınmalar həyata keçirilərkən telekommunikasiya və ya nəqliyyat xidmətlərindən gəlir;
13.2.16.17-1. mədəniyyət, incəsənət, teatr, kino, radio, televiziya, musiqi, rəssamlıq, idman, mühəndislik, memarlıq, arxitektura və elm sahələri üzrə Azərbaycan Respublikasındakı fəaliyyətlə bağlı edilən ödənişlər.
13.2.16.18. Azərbaycan Respublikasındakı fəaliyyətlə bağlı meydana çıxan və bu Məcəllənin əvvəlki maddələrində əhatə edilməyən digər gəlirlər. Bu maddəyə uyğun olaraq gəlirin mənbəyi müəyyən edilərkən gəlirin ödənildiyi yer, həmçinin onun birbaşa və ya dolayısı ilə ödənilməsi nəzərə alınmır.
13.2.17. Əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər.
13.2.18. Faizlər - borc öhdəlikləri ilə bağlı olan hər hansı ödəmə, o cümlədən kreditlərin (ssudaların) və ya depozitlərin (hesabların) verilməsi üçün ödəmə.
13.2.19. Xalis mənfəət - mənfəət vergisi çıxıldıqdan sonra qalan mənfəət.
13.2.20. İştirakçı - səhmdar, payçı və ya müəssisənin mənfəətində digər iştirakçı.
13.2.21. Əmlak - hər hansı daşınan və ya daşınmaz əmlak, o cümlədən qeyri-maddi aktivlər, dövriyyə vəsaitləri və mülkiyyət hüququnun digər obyektləri.
13.2.22. Əmlakın qalıq dəyəri - əsas vəsaitlərin ilkin dəyərinin həmin əsas vəsaitlərə hesablanmış amortizasiyanın məbləği qədər azaldılan dəyəri.
13.2.23. Royalti - ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram təminatı, kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə, istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya, sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlərdir.
13.2.24. Nəzarət-kassa aparatı - malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı hesablaşmaların qeydiyyatında istifadə edilən, fiskal yaddaşa malik olan və vergi orqanlarında müəyyən olunmuş qaydada qeydiyyatdan keçən elektron avadanlıq və ya kompüter sistemləri.
13.2.25. Forvard kontraktı - şəxsin qiymətli kağızlar, mallar və ya pul vəsaitləri gələcəkdə müəyyən vaxtda və müəyyən şərtlərlə bu cür forvard kontraktının bağlandığı anda təsbit edilmiş qiymətlə əldə etməyə (satmağa) öhdəliyini təsdiq edən müqavilədir.
13.2.26. Opsion - qiymətli kağızlar, mallar və ya pul vəsaitləri gələcəkdə müəyyən şərtlərlə bu cür opsionun bağlanması anına və ya tərəflərin qərarına əsasən bu cür əldə etmənin anına satış qiymətlərinin təsbit edilməsi ilə əldə etməyə (satmağa) hüququ təsdiq edən sənəddir.
13.2.27. Qeyri-kommersiya fəaliyyəti - məqsədi gəlir götürmək olmayan və əldə etdiyi gəliri yalnız qeyri-kommersiya məqsədləri, o cümlədən öz nizamnamə məqsədləri üçün istifadə etməyi nəzərdə tutan qanunla qadağan edilməyən fəaliyyətin həyata keçirilməsidir, əks halda bu fəaliyyət kommersiya fəaliyyəti sayılır.
13.2.28. Çıxarılmışdır.
13.2.29. Malların ixracı - gömrük qanunvericiliyinə uyğun olaraq ixrac malları hesab edilən malların Azərbaycan Respublikası ərazisindən çıxarılması.
13.2.30. Malların təkrar ixracı - gömrük qanunvericiliyinə uyğun olaraq, təkrar ixrac malları sayılan malları idxal etmiş şəxsin həmin malları idxal edəndən sonra təqdim etmədən və idxal olunduğu andakı vəziyyətdə ixrac etməsi.
13.2.31. Malların idxalı - gömrük qanunvericiliyinə uyğun olaraq idxal malları sayılan malların Azərbaycan Respublikası ərazisinə gətirilməsi.
13.2.32. Malların təkrar idxalı - gömrük qanunvericiliyinə uyğun olaraq, təkrar idxal malları sayılan malları təqdim etmədən və ixrac olunduğu andakı vəziyyətdə ixrac etmiş şəxsin həmin malları idxal etməsi.
13.2.33. Azərbaycan Respublikası ərazisindən tranzit - gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası sərhəddindəki iki məntəqə arasında Azərbaycan Respublikası ərazisi ilə daşınma.
Beynəlxalq daşıma - yüklərin və sərnişinlərin Azərbaycan Respublikası ilə (Azərbaycan Respublikasının sərhədlərindən) digər dövlətlərdəki məntəqə arasında daşınma sayılır.
13.2.34. Muzdlu iş - əmək qanunvericiliyinə uyğun olaraq müqavilə (kontrakt) əsasında haqqı ödənilməklə yerinə yetirilən əmək fəaliyyətidir. Muzdlu işləyən şəxs bu Məcəllənin məqsədləri üçün «işçi», bu cür fiziki şəxsin işçi kimi göstərdiyi xidmətlərin haqqını ödəyən şəxs «işəgötürən», bu cür haqq isə «əmək haqqı» adlandırılır.
13.2.35. Xeyriyyəçilik fəaliyyəti - fiziki şəxs və (və ya) xeyriyyə təşkilatı tərəfindən həyata keçirilən və maddi və ya digər köməyə (yardıma) ehtiyacı olan fiziki şəxslərə və ya bilavasitə bu cür kömək (yardım) göstərən təşkilatlara, o cümlədən xeyriyyə təşkilatlarına, birbaşa bu cür təmənnasız kömək (yardım) göstərməkdən, o cümlədən əvəzsiz pul köçürməkdən ibarət olan fəaliyyət, yaxud bu Məcəllədə digər hallar nəzərdə tutulmamışdırsa, ictimai mənafelər naminə həyata keçirilən elmi, təhsil və ya başqa fəaliyyətdir. Aşağıdakı hallarda kömək (yardım) göstərilməsi xeyriyyəçilik fəaliyyəti sayılmır:
13.2.35.1. bu cür köməyi (yardımı) alan şəxs köməyi (yardımı) göstərən şəxsin qarşısında mülkiyyət və ya qeyri-mülkiyyət xarakterli öhdəlik (alınan vəsaitdən və ya əmlakdan məqsədli təyinatla istifadə olunmasına dair öhdəlikdən başqa) qəbul edirsə;
13.2.35.2. bu cür köməyi (yardımı) alan və köməyi (yardımı) göstərən şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər sayılırlarsa;
13.2.35.3. bu cür kömək (yardım) hər hansı fiziki və ya hüquqi şəxsə seçki kompaniyasında iştirak etmək üçün göstərilirsə.
13.2.36. Xeyriyyə təşkilatı - xeyriyyəçilik fəaliyyətini həyata keçirən qeyri-kommersiya təşkilatı.
13.2.37. Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir.
13.2.38. Büdcə təşkilatı - büdcə smetası əsasında fəaliyyəti tamamilə və ya qismən büdcə vəsaiti hesabına maliyyələşdirilən, hesablaşma hesabı olmayan qeyri-kommersiya təşkilatıdır.
13.2.39. Müəssisə - bu Məcəllənin məqsədləri üçün müəssisələr-sahibkarlıq fəaliyyətini həyata keçirən və bu cür fəaliyyət üçün yaradılan aşağıdakı qurumlar deməkdir:
13.2.39.1. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış hüquqi şəxslər;
13.2.39.2. xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər (korporasiyalar, şirkətlər, firmalar və digər analoji qurumlar), habelə onların filialları və ya daimi nümayəndəlikləri;
13.2.39.3. bu Məcəllənin 13.2.39.1-ci maddəsində göstərilmiş hüquqi şəxslərin sərbəst balansa, cari və ya digər hesablara malik olan filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri.
13.2.40. ƏDV-nin depozit hesabı - ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır.
13.2.41. Kommersiya hüquqi şəxsi - Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur.
13.2.42. Qeyri-kommersiya hüquqi şəxsi - Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur.
13.2.43. İdman mərc oyunları - idman yarışlarının nəticələrinin və ya yarışlardakı hadisələrin əvvəlcədən proqnoz edilməsinə əsaslanmaqla oynanılan və iştirakçılar arasında doğru ehtimalı tapanlara əvvəlcədən bəyan edilən meyarlar əsasında pul mükafatı (uduş) qazandıran, idman mərc oyunlarının operatoru tərəfindən keçirilən oyunlar;
13.2.44. İdman mərc oyunlarının operatoru - idman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanununun 53-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada akkreditasiya olunmuş hüquqi şəxs.
13.2.45. İdman mərc oyunlarının satıcısı - idman mərc oyunlarının operatoru ilə bağlanmış müqaviləyə əsasən fəaliyyət göstərən və mərc oyununun iştirakçıları ilə idman mərc oyunlarının operatoru arasındakı bütün əlaqələri mərkəzi mərc sisteminə bağlı olaraq təmin edən şəxs;
13.2.46. Üçüncü şəxs - vergi orqanı tərəfindən kameral və ya səyyar qaydada yoxlanılan, vergi ödəyicisinin fəaliyyətində malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bilavasitə əlaqəli olan rezident və ya qeyri-rezident şəxs;
13.2.47. Vergi riskləri - vergi öhdəliklərinin hər hansı səbəbdən düzgün müəyyən edilməməsi nəticəsində vergi ödəyicisinin maliyyə itkilərinə məruz qalmasının mümkünlüyü;
13.2.48. Vergi risklərinin minimallaşdırılması - vergi ödəyicisinin vergi hesablamalarının tam və ya qismən yerinə yetirməsinə mənfi təsirlərin azaldılması və ya aradan qaldırılması;
13.2.49. Vergi partnyorluğu sazişi - vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırılması məqsədi ilə könüllü şəkildə bağlanmış niyyət razılaşması.
13.2.50. İri vergi ödəyicisi - bu Məcəllənin məqsədləri üçün aşağıdakı meyarlardan ən azı birinə uyğun olan vergi ödəyicisi (büdcə təşkilatları istisna olmaqla):
13.2.50.1. əvvəlki 3 ilin hər birində mülkiyyətində olan əsas vəsaitlərinin ilin sonuna qalıq dəyəri 2.500.000 manatdan və əvvəlki 3 il üzrə orta illik dövriyyəsi (ƏDV-siz) 1.250.000 manatdan çox olduqda;
13.2.50.2. son 3 vergi ili ərzində bu Məcəllə ilə müəyyən edilmiş bütün vergi və vergi olmayan digər ödənişlərin hesablanmış məbləği hər il üçün 500.000 manatdan çox olduqda;
13.2.50.3. Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq təbii inhisarçılara və ya bazarda hökmran mövqe tutan subyektlərə aid olunan vergi ödəyiciləri, o cümlədən onların Azərbaycan Respublikasının rezidenti olan törəmə təsərrüfat cəmiyyətləri.
13.2.51. Xüsusi vergi rejimli müəssisə - qanunla təsdiq edilmiş hasilatın pay bölgüsü, əsas ixrac boru kəməri haqqında və digər belə sazişlər və ya qanunlar, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti haqqında və xüsusi iqtisadi zonalar haqqında qanunlar çərçivəsində fəaliyyət göstərən, vergitutma və vergi nəzarəti məsələlərində müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsi xüsusi qaydalarla müəyyən edilən vergi ödəyiciləri, habelə xarici ölkələrin Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik və analoji nümayəndəlikləri, konsulluq idarələri və digər rəsmi nümayəndəlikləri;
13.2.52. Sənaye parkının rezidenti – müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada sənaye parkının qeydiyyat şəhadətnaməsini almış və sənaye parkında fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs;
13.2.53. Texnologiyalar parkının rezidenti – müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış və texnologiyalar parkında fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs.