Yaşa görə pensiya necə hesablanır

Ramil Gachay's picture

Salam. Pensiyanın hesablanması bir çox insanlar üçün çətin ola bilər, amma kim ki, düsturlarla işləməyi xoşlayır öz pensiyasını özü hesablaya bilər. Bunun üçün aşağıdakı düsturu rəhbər tuta bilərsiniz. Bütün məlumatlar Əmək pensiyaları haqqında qanuna və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalara əsaslanır. Ona görə də özünüz də bu sənədlərlə tanış ola bilərsiniz. 

10.1.      Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

10.2. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir:

SH = PSK/T, burada:

SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir;

PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla);

T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır.

10.3. Yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir:

YH=PYK/T, burada:

YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir;

PYK- sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır;

T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır.

10.4. Yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir:

P=BH+SH+YH, burada:

P- yaşa görə əmək pensiyasıdır;

BH - yaşa görə əmək pensiyasının baza hissəsidir;

SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir;

YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir.

 

Aşağıda misallar göstərilib.

Yaşa görə əmək pensiyası

 

2.1. Yaşa görə əmək pensiyaları Qanunla müəyyən edilmiş aşağıdakı şərtlərlə təyin edilir.

2.1.1. 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.

2.1.2. Qaydaların 2.1.1-ci yarımbəndində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır.

Misal 1. 13 yanvar 1948-ci il tarixdə anadan olmuş, 27 il sığorta stajı və 13 yanvar 2010-cu il tarixdə 62 yaşı tamam olan sığortaolunan kişinin həmin tarixdən altı ay sonra, yəni 13 iyul 2010-cu il tarixdə yaşa görə əmək pensiyası hüququ yaranır.

2.1.3. Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

Misal 2. 18 fevral 1959-cu il tarixdə anadan olmuş altı uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və 10 il sığorta stajı olan qadının 51 il altı ay yaş həddinin tamam olduğu 18 avqust 2010-cu il tarixdən (Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş 57 il altı ay yaş həddi 6 il, yəni hər uşağa görə 1 il azaldılmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.

2.1.4. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

Misal 3. 21 mart 1958-ci il tarixdə anadan olmuş sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və 10 il sığorta stajı olan qadının 52 il altı ay yaş həddinin tamam olduğu 21 sentyabr 2010 –cu il tarixdən (Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş 57 il altı ay yaş həddi 5 il azaldılmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.

2.1.5. Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin azı 10 il sığorta stajı olduqda Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

2.1.6. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslərin Qanunun 9.1- 9.8-ci maddələrində nəzərdə tutulmuş şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

2.1.7. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

2.1.8. Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.

Misal 4. 14 aprel 1956-cı il tarixdə anadan olmuş kişi 2004-cü il tarixədək işləyərək 21 il ümumi sığorta stajı qazanmışdır. O, 10 il 3 ay Bakı polad tökmə zavodunda polad tökücüsü vəzifəsində işləmişdir. Sığortaolunanın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 20 il ümumi sığorta stajı olduğundan və bundan 10 ili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli “Siyahı”nın III Metallurgiya istehsalatı bölməsinin 2-ci bəndinin 1030200a-17627 yarımbəndində nəzərdə tutulduğundan, ona əvvəllər qüvvədə olmuş müvafiq qanunvericiliklə müəyyən edilmiş 52 yaş həddinə çatdığı 14 aprel 2008-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci və 32.1-ci maddələrinə əsasən müraciəti əsasında yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı gündən Qanunun müvafiq maddələri ilə müəyyən olunan qaydada və məbləğlərdə əmək pensiyası təyin edilir.

Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar.

Misal 5. 27 mart 2009-cu il tarixdə 54 yaşlı kişi 20 il ümumi sığorta stajının tamam olduğu və bu müddətin 13 il 8 ayını Bibiheybət neft və qaz çıxarma idarəsində dəniz şəraitində buruqlara xidmət üzrə çilingər peşəsində işlədiyi nəzərə alınmaqla Qanunun 9.1-ci maddəsinə əsasən yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra Fond) rayon şöbəsinə müraciət etmişdir.

Sığortaolunanın 13 il 8 ay dəniz şəraitində işlədiyi buruqlara xidmət üzrə çilingər peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli “Siyahı”nın X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin 1-ci bəndinin 1100000a-18497 yarımbəndində nəzərdə tutulmasına və tələb olunan xüsusi sığorta stajına malik olmasına baxmayaraq, əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan 20 il ümumi sığorta stajını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi tarixdən sonra, 27 mart 2009-cu il tarixdə qazandığı üçün onun bu Qanunun 9.1-ci maddəsinə əsasən əmək pensiyası təyin edilməsi üçün tələb olunan iş (sosial sığorta) stajı yoxdur.

2.2. Yaşa görə əmək pensiyası Qanunla müəyyən edilmiş aşağıdakı qaydada və məbləğdə təyin edilir.

2.2.1. Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.

2.2.2. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir:

SH = PSK/T, burada:

SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir;

PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla);

T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır.

2.2.3. Qanunun 27–ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır.

Misal 6. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək 30 il 8 ay ümumi iş stajı olan sığortaolunanın fərdi hesabının sığorta hissəsində həmin tarixədək qeydə alınmalı olan pensiya kapitalı aşağıdakı qaydada hesablanır:

(30 il tam iş stajı x 170 manat ) + (170 manat : 12 ay x 8 ay) =5213,33 manat.

2.2.4. Qanunun 29.2-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı ildə bir dəfədən az olmamaqla və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilir.

Misal 7. 6-cı misal üzrə sığortaolunanın 01.01.2006-cı il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 5213,33 manat pensiya kapitalı 01.01.2010-cu il tarixə indeksləşdirilərək 8078,82 manat (5213,33 manat + 432,71 manat ( 5213,33 manat x 8,3% istehlak qiymətləri indeksinin 2006-cı il üzrə illik səviyyəsi) + 942,89 manat (5646,04 manat x 16,7% istehlak qiymətləri indeksinin 2007-ci il üzrə illik səviyyəsi) +1370,50 manat (6588,93 manat x 20,8% istehlak qiymətləri indeksinin 2008-ci il üzrə illik səviyyəsi ) + 119,39 manat (7959,43 manat x 1,5% istehlak qiymətləri indeksinin 2009-cu il üzrə illik səviyyəsi ) məbləğində müəyyənləşdirilir.

Misal 8. 13 iyul 2010-cu il tarixdə 62 il 6 ay yaş həddi, 35 il 2 ay (bundan 30 il 8 ayı 01.01.2006-cı il tarixədək, 4 il 6 ayı isə 01.01.2006-cı il tarixdən pensiya hüququnun yarandığı tarixədək toplanmışdır) sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 12578,82 manat (bundan 8078,82 manatı 01.01.2006-cı il tarixədək, 4500 manatı isə 01.01.2006-cı il tarixdən pensiya hüququnun yarandığı tarixədək toplanmışdır) pensiya kapitalı olan sığortaolunan kişinin yaşa görə əmək pensiyasının sığorta hissəsi bu Qaydaların 2.2.2-ci yarımbəndində göstərilən SH = PSK/T düsturuna müvafiq olaraq 12578,82/144 = 87,35 manat məbləğində hesablanır.

2.2.5. Yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir:

P=BH+SH+YH, burada:

P- yaşa görə əmək pensiyasıdır;

BH- yaşa görə əmək pensiyasının baza hissəsidir;

SH- yaşa görə əmək pensiyasının sığorta hissəsidir;

YH- yaşa görə əmək pensiyasının yığım hissəsidir.

Misal 9. Yuxarıdakı 8-ci misal üzrə yaşa görə əmək pensiyasının məbləği P=BH+SH+YH düsturuna müvafiq olaraq 85 manat (əmək pensiyasının baza hissəsi) + 87,35 manat (əmək pensiyasının sığorta hissəsi) + “0” (əmək pensiyasının yığım hissəsi) = 172,35 manat məbləğində hesablanır.

2.2.6. 01.01.2010-cu il tarixədək qüvvədə olan qanunvericiliyə uyğun yaşa görə əmək pensiyası hüququ olan, lakin həmin tarixdən sonra əmək pensiyası təyin edilməsi üçün müraciət etmiş şəxslərə də bu Qaydaların 2.1-ci bəndində nəzərdə tutulmuş şərtlər tətbiq edilir.

Misal 10. 14 sentyabr 2009-cu il tarixdə 51 yaşı, 8 il 11 ay sosial sığorta stajı olan və üç uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadın yaşa görə əmək pensiyası təyin edilməsi üçün 18 mart 2010-cu il tarixdə Fondun rayon şöbəsinə müraciət etmişdir.

Həmin sığortaolunanın bu Qaydaların 2.1-ci bəndində nəzərdə tutulmuş yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddi və 12 il sosial sığorta stajı olmadığı üçün onun müraciət etdiyi tarixə yaşa görə əmək pensiyası hüququ yaranmır.

Misal 11. 18 oktyabr 2009-cu il tarixdə 62 yaşı, 14 il 9 ay (bundan 11 ili 01.01.2006-cı il tarixədək, 3 il 9 ayı isə 01.01.2006-cı il tarixdən sonra pensiya hüququnun yarandığı tarixədək ) sosial sığorta stajı olan kişi yaşa görə əmək pensiyası təyin edilməsi üçün 17 sentyabr 2010-cu il tarixdə Fondun rayon şöbəsinə müraciət etmişdir. Onun 01.01.2006-cı il tarixdən pensiya hüququnun yarandığı tarixə fərdi hesabının sığorta hissəsində 1980 manat pensiya kapitalı vardır.

Bu halda Qaydaların 2.1.1-ci və 2.1.2-ci yarımbəndlərinə əsasən həmin sığortaolunanın 62 il 6 ay yaş həddinin tamam olduğu 18 aprel 2010-cu il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranır. Qaydaların 2.2.3-cü yarımbəndinə uyğun olaraq Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək 11 il ümumi iş stajı olan sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan 1870 manat (11 il tam iş stajı x 170 manat ) pensiya kapitalı yaşa görə əmək pensiyası hüququnun yarandığı 18 aprel 2010-cu il tarixə indeksləşdirilərək 2897,84 manat müəyyənləşdirilir və Qaydaların 2.2.2-ci yarımbəndinə uyğun olaraq yaşa görə əmək pensiyası 118,87 manat məbləğində aşağıdakı qaydada hesablanır.

85 manat əmək pensiyasının baza hissəsi + 33,87 manat (2897,84 manat 01.01.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı + 1980 manat 01.01.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı) = 4877,84 /144)

 

 

Aşağıdakı maddələr Əmək pensiyaları haqqında qanunun maddələridir və hesablanmanın aparılması üçün kömk edə bilər.

26.3-1. 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır.

26.3-2. 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış və sonra əmək fəaliyyətini davam etdirmiş şəxslərin, onlara pensiya təyin edildiyi tarixdən 2006-cı il yanvarın 1-dək olan dövrdəki iş stajının hər ili üçün də 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilərək pensiyalarının sığorta hissəsinin 2011-ci il 01 iyul tarixindən yenidən hesablanmasında nəzərə alınır.

27.1. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır.

27.2. 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək olan dövrdə pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, 2006-cı il yanvarın 1-dək nəzərə alınmış sığorta stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır.

27.3. 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin əmək pensiyalarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) yenidən hesablanması zamanı yenidən hesablanmış pensiya məbləği ilə mövcud pensiya məbləği arasında fərq yarandıqda, daha yüksək olan məbləğ pensiya təyinatı üçün əsas götürülür.

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.