...
Çoxlarınız bilirsiniz ki, yol hərəkəti sahəsində cərimələr sərtləşir və bununla bağlı bir çox qanunlar və digər normativ aktlar qəbul olunur. Təəssüflər olsun ki, bu tədbirlərə baxmayaraq adıçəkilən sahədə hüquq pozuntuları azalmır.
Dövlət Yol Polisinin işi son illərdə nisbətən qənaətbəxş olsa da (səbəbsiz yerə çox nadir hallarda saxlayırlar), bir çox sahələrdə onların işi çox zəif təşkil edilib. Sürücülük vəsiqəsini əldə etməkdən başlaya bilərik. Yəqin ki, hamı bilir ki, sürücülük vəsiqəsi rüşvətlə də alına bilər. Çox təəssüf edirəm ki, bunu bu cür yazıram, amma bu acı həqiqətdir və heç kim, bununla mübarizə aparmır. DİN özü, Baş prokurorluq, Nazirlər Kabineti, Milli Məclis və Prezident bu məsələyə hələ ki, göz yumurlar.
Bu sahədə yeganə müsbət (əgər müsbət adlandırmaq mümkündürsə) hal - əgər imtahanlara hazırsansa onda "şablon" (nəzəri biliklərin yoxlanılması) imtahandan keçə bilərsən (rüşvətsiz). Amma təcrübi imtahandan keçərkən (birbaşa nəqliyyat vasitəsini sürmək), daha çətin olur. Çünki burda süni maneələr yaradılır və rüşvət verməmək imkanı azalır. Ən sarsıdıcı odur ki, rüşvət barədə burda açıq-aşkar danışırlar, elə bil belə də olmalıdır. Amma maşını çox yaxşı sürürsənsə, ola bilsin 2-ci ya 3-cü dəfədən rüşvətsiz keçə bilərsən.
Bir çox bəlalar bu mərhələdən başlayır. Sürə bilməyən sürücü, sürücülük vəsiqəsini alır və bu andan cəmiyyətdə növbəti təhlükə mənbəyi yaranır.
Müşahidə etsəniz, Bakıda və digər rayonlarda sürücülük mədəniyyəti olduqca aşağıdır. Və, maariflənmə işi (ictimai qurumlar, fərdi şəxslər tərəfindən) aparılsa da, hələ ki, effektiv bir üsul tapılmayıb. Qanunverici hesab edir ki, cərimələr nə qədər yüksək olsa, o qədər də yaxşı olar. Amma bu belədir mi?
Misal üçün bəzi ölkələrdə, əgər piyada və ya sürücü yol hərəkəti qaydalarını pozubsa, müfəttiş onu 1 (hərdən 2) aylıq icbari təlimə göndərir. Bu cür təlimlər dövlət tərəfindən pulsuz həyata keçirilir. Qaydaları pozan şəxs həftədə bir və ya iki dəfə bu təlimlərdə iştirak edir və bunun bir çox üstünlükləri var (yeni biliklər əldə edir, qaydaları öyrənir, vaxt sərf edir (çox vaxt cərimədən daha effektivdir), sürücülük mədəniyyəti və təhsili artırılır). Əgər şəxs təlimə gəlməsə onu yüksək cərimə gözləyə bilər.
Cərimə özü-özlüyündə effektiv olmaya da bilər. Misal üçün Azərbaycanda "xəbərdarlıq etmə" sistemi ümümiyyətlə toxdur. Əgər qaydanı ilk dəfə pozmusansa mütləq cərimələnəcəksən. Çünki, bildiyimiz kimi, müfəttişin "planı" var (sovet dövrlərdən qalmış arxaizm) və o, protokolların müəyyən sayını təhvil verməlidir. Amma əgər polis nəfəri, xəbərdarlıq etsə və şəxsi təlimə göndərsə, bunun daha çox üstünlükləri olacaq (polis qurumlarının müsbət nüfusu artacaq, pozuntuların, savadsız sürücülərin sayı azalacaq).
Əgər kim hesab edirsə, cərimələrlə dövlət büdcəsini doldurmaq olar, o səhv fikirləşir. Büdcənin əsas mənbəyi vergi ödəyiciləridir. Cərimələr isə ona görə tətbiq olunur ki, hüquq pozuntunun qarşısı alınsın və ya daha yaxşı desək inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq (İXM maddə 22).
Ümid edirəm ki, yazdıqlarımla razılaşarsınız və bəlkə nə vaxtsa bu sahədə daha səmərəli addımlar atılacaq.