Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI ALİ MƏHKƏMƏSİNİN PLENUMUNUN QƏRARI
Azərbaycan Respublikasında yeni Cinayət Məcəlləsinin qəbul edilməsi ilə əlaqədar məhkəmə təcrübəsində cəza təyinini tənzimləyən normaların tətbiqi ilə bağlı yeni məsələlər meydana çıxmışdır. Yeni cinayət qanunvericiliyində cinayətlərin təsnifatı və cəzaların növləri məsələlərində əvvəlki qanunvericilikdən fərqli anlayışlar müəyyən edilmiş, yaxud qanunvericiliyə yeni istilahlar daxil edilmişdir.
Cəzanı yüngülləşdirən və ağırlaşdıran halların siyahısı dəqiqləşdirilmiş, başa çatmayan cinayətə görə, iştirakçılıqla törədilmiş cinayətə görə, residivə görə, cinayətlərin və hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsi sahəsində bir çox hallarda imperativ xarakter daşıyan yeni normalar müəyyən edilmişdir. Cinayət məsuliyyətindən və cəzadan azad etmə, məhkumluğun ödənilməsi məsələlərində də dəyişikliklər edilmişdir.
Təbii ki, cinayət qanunvericiliyinin yeni normalarının anlayışında və tətbiqində məhkəmələr müəyyən çətinliklərlə qarşılaşmışlar. Son illərin məhkəmə təcrübəsi göstərir ki, cəzanı yüngülləşdirən hallar olduqda, residivə görə, cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi, cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi məsələlərində məhkəmələr daha çox səhvlərə yol verirlər. Şərti məhkum etmənin ləğv edilməsi və ya sınaq müddətinin uzadılması məsələlərinin məhkəmələr tərəfindən eyni cür qavranılmaması, nəticədə məzmun etibarilə biri-digəri ilə uzlaşmayan qərarlar qəbul edilməsi halları da mövcuddur.
Məhkəmələr tərəfindən cinayət cəzaları təyin edilməsi məsələlərində yol verilən nöqsanların gələcəkdə aradan qaldırılması və bu sahədə qanunların eyni cür tətbiq edilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu
QƏRARA ALIR :
1. Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər.
Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.
Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir.
Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir.
Azərbaycan Respublikası CPM-nin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir.
2. Şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.
Təqsirli şəxsə islah işləri və ya cərimə cəzası təyin edilərkən onun maddi vəziyyəti, öhdəsində yetkinlik yaşına çatmayanların, əmək qabiliyyəti olmayan digər şəxslərin olması və s. aydınlaşdırılmalıdır. Cərimə növündə cəza təyin edərkən məhkum edilənin əmək haqqının və ya başqa gəlirinin miqdarı hökm çıxarılan vaxt üçün hesablanmalıdır.
CM-nin 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir.
Məhkum edilənin əmək haqqının və ya başqa gəlirinin aşağı olması ona əsas cəza kimi cərimə cəzası əvəzinə sanksiyada nəzərdə tutulan başqa daha ağır cəza növü təyin edilməsi üçün əsas ola bilməz.
Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir.
3. Bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir.
Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Yetkinlik yaşına çatmamış şəxslərə cəza təyin edərkən məhkəmə hər bir konkret halda yeniyetmələrin həyat və məişət şəraitini, yaşlı şəxslərin onun davranışına mənfi təsiri barədə məlumatları, psixi inkişaf səviyyəsini, şəxsiyyətinin digər xüsusiyyətlərini nəzərə almalıdır.
Təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmaması və ya CM-nin 53.5-ci maddəsində sadalanan sosial qruplardan olması özü-özlüyündə ona maddənin sanksiyasında nəzərdə tutulan daha ağır cəza növünün təyin edilməsi üçün əsas ola bilməz. Maddənin sanksiyasında azadlığın məhdudlaşdırılmasından daha yüngül cəza növü nəzərdə tutulmadıqda və həmin sosial qrupdan olan məhkuma ağır cəza verilməsinə əsaslar olmadıqda yuxarıda qeyd edilən hallar işin müstəsna halı kimi və CM-nin 62-ci maddəsinin tətbiqinə əsas verən amil kimi qiymətləndirilə bilər.
4. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır.
CM-nin 59.1.9-cu maddəsilə nəzərdə tutulan könüllü gəlib təqsirini boynuna alma halının mövcud olub-olmaması məsələsinə baxarkən məhkəmələr təqsirkarın bu barədə istintaq və ya təhqiqat orqanına ərizə və ya hər hansı formada məlumat verməsinin könüllü olduğunu yoxlamalıdırlar. Bu zaman nəzərə almaq lazımdır ki, şübhəli şəxs kimi saxlandığı zaman təqsirkarın cinayət hadisəsi törətməkdə iştirak etməsini etiraf etməsi könüllü gəlib təqsirini boynuna almaq kimi qiymətləndirilə bilməz.
Cinayət törədilməsi faktı üzrə başlanmış iş üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmişdirsə, şəxsin bu əməli onun tərəfindən törədilməsi barədəki ərizəsi və ya məlumatı könüllü gəlib təqsirini boynuna almaq kimi qiymətləndirilməlidir. Artıq cinayət məsuliyyətinə alınmış şəxsin istintaq orqanlarına məlum olmayan başqa cinayətləri törətdiyini bildirməsi də könüllü gəlib təqsirini boynuna alma hesab edilməlidir.
Cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən könüllü gəlib təqsirini boynuna alma kimi yüngülləşdirici hal yalnız təqsirkarın özünün etiraf etdiyi cinayətlərlə əlaqədar nəzərə alınmalıdır.
5. Qanunun mənasına görə CM-nin 60-cı maddəsində müəyyən olunan qaydalar 59.1.9 və 59.1.10-cu maddələrində göstərilən cəzanı yüngülləşdirən hallardan ən azı birinin olduğu təqdirdə, həm də cəzanı ağırlaşdıran hallar olmadıqda tətbiq oluna bilər. Cəzanı ağırlaşdıran hallar dedikdə CM-nin 61-ci maddəsində sadalanan hallar başa düşülməlidir. CM-nin 60-cı maddəsinin müddəaları tətbiq edilərkən nəzərə almaq lazımdır ki, CM-nin 59.1.9 və 59.1.10-cu maddələri ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilərkən də CM-nin 62-ci maddəsində göstərilən əsaslar olduqda məhkəmə işin hallarını və təqsirkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq konkret cinayətə görə qanunla müəyyən edilən cəzadan da yüngül cəza təyin etməyə haqlıdır. Lakin bu zaman CM-nin 62-ci maddəsinə mütləq istinad edilməlidir.
CM-nin 59.1.9 və 59.1.10-cu maddələrinin tətbiqi ilə əlaqədar təyin olunacaq cəza konkret maddədə müəyyən edilən cəzanın aşağı həddindən də aşağı olduğu hallarda CM-nin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur.
6. Cəzanı ağırlaşdıran halların siyahısı CM-nin 61-ci maddəsində göstərilənlərdən ibarətdir və onlar geniş təfsir oluna bilməz.
Cinayətin alkoqollu içkilərdən, narkotik, psixotrop və ya digər güclü təsir edən maddələrdən istifadə nəticəsində törədilməsi qanunla cəzanı ağırlaşdıran hallara aid edilməmişdir. Lakin belə məlumatlar CM-nin 58.3-cü maddəsinə uyğun olaraq müvafiq əsaslar olduqda şəxsiyyəti səciyyələndirən məlumatların qiymətləndirilməsi zamanı nəzərə alına bilər.
7. Cinayətlərin residivinin qanunla (CM-nin 18.1-ci maddəsi) qəsdən cinayət törətməyə kimi əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi kimi başa düşüldüyü nəzərə alınaraq hər bir iş üzrə ödənilməmiş və ya götürülməmiş məhkumluğun olmasına dəlalət edən materiallar CM-nin 83-cü maddəsinə uyğun olaraq tədqiq olunmalı, belə yoxlamanın nəticəsindən asılı olaraq cinayətlərin residivinin mövcud olub-olmaması məsələsi həll edilməlidir.
CM-nin 18-ci maddəsinin mənasına görə cinayətlərin residivinin mövcudluğu məsələsi həll edilərkən qəsdən törədilən cinayətlərə görə məhkum olunmuş şəxsin bu cinayətlərdən hər hansı birinin törədilməsində icraçı və iştirakçı olması, yaxud törətdiyi cinayətin başa çatıb-çatmamasının əhəmiyyəti yoxdur. Həm də nəzərə almaq lazımdır ki, CM-nin 18.4-cü maddəsinə görə yetkinlik yaşına çatmayana qədər törədilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır.
2000-ci ilin sentyabrın 01-dən əvvəl qəsdən törədilən cinayətlərə görə məhkumluqlar ödənmədikdə və ya götürülmədikdə həmən tarixdən sonra qəsdən cinayətlərin törədilməsi cinayətin residivini yaradır.
8. CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır.
Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır.
CM-nin 62-ci maddəsində müəyyən olunmuş qaydalar nəzərə alınmaqla CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində göstərilməmiş hər hansı daha yüngül cəza növü, o cümlədən cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, islah işləri, azadlığın məhdudlaşdırılması və sair qismində cəzalar CM-nin 43.1 və 43.2-ci maddələrinin müddəalarına riayət etməklə CM-nin Ümumi hissəsinin müvafiq maddələrində bu cəzaların hər biri üçün müəyyən edilmiş müddətdən və ya miqdardan az olmamaqla təyin oluna bilər.
CM-nin 62.1-ci maddəsinin mənasına görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında alternativ, daha yüngül cəzaların olması (məsələn, CM-nin 177.2 və 178.2-ci maddələri) həmin maddədə müəyyən edilmiş hər hansı cəza növünün aşağı həddindən də az cəza təyin edilməsinə mane olmur.
Eyni zamanda nəzərə almaq lazımdır ki, törədilmiş cinayət üçün qanunda alternativ cəzalar qismində yalnız cərimə və azadlıqdan məhrumetmə növündə cəzalar nəzərdə tutulmuşsa, bu zaman CM-nin 62-ci maddəsini tətbiq etməklə maddədə göstərilənlərdən başqa cəza növü seçilə bilməz. Çünki 62-ci maddədə belə hallarda «maddədə müəyyən ediləndən daha yüngül cəza növü» təyin edilməsindən söhbət gedir. Cəzaların təsnifatına görə isə (CM-nin 42-ci maddəsi) ən yüngül cəza növü cərimə cəzası hesab edilmişdir.
Maddənin sanksiyasında azadlıqdan məhrumetmədən daha yüngül cəza növü olmadıqda və şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza vermək zərurəti yarandıqda belə cəza növü CM-nin 53-cü maddəsi xatırlanmadan birbaşa CM-nin 62-ci maddəsinə istinad edilməklə təyin oluna bilər.
Şəxs CM-nin Xüsusi Hissəsinin bir neçə maddəsi ilə təqsirli bilindikdə və ona bu maddələrin hər birinin sanksiyalarında nəzərdə tutulan cəzalardan aşağı həddə cəza təyin edilməsi zərurəti yarandıqda CM-nin 62-ci maddəsi ilə müəyyən edilən qaydalar hər bir maddə üzrə ayrıca tətbiq olunmalı və yalnız bundan sonra qəti cəza CM-nin 66-cı maddəsi ilə müəyyən edilən qaydalarda təyin edilməlidir. Cinayətlərin məcmusu üzrə qəti cəza təyin edildikdən sonra CM-nin 62-ci maddəsinin tətbiq olunması yolverilməzdir.
9. CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğu hallarda başa çatmamış cinayətə görə belə cəza növü təyin edilə bilməz. Belə hallarda təqsirkara yalnız CM-nin 63.2 və 63.3-cü maddələrində göstərilən hədlər daxilində azadlıqdan məhrumetmə cəzası təyin edilə bilər.
Cinayətə hazırlığa və cinayətə cəhdə görə cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, bu zaman təyin olunası cəza müddəti CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az ola bilər. Bu səbəbdən də belə hallarda Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Cəzalar CM-nin 63.2 və 63.3-cü maddələrilə müəyyən edilən qaydalara əsasən təyin edildikdə bu, hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır.
Başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz.
10. Yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxs barəsində CM-nin 63,66 və 67-ci maddələrinin müddəalarına uyğun cəza təyin edilərkən nəzərə alınmalıdır ki, başa çatmış cinayətə görə cəzanın müddəti və ya miqdarı CM-nin 85-ci maddəsində nəzərdə tutulan həddən yuxarı ola bilməz. Yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxs barəsində cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edərkən qəti cəza 10 il müddətinə azadlıqdan məhrumetmədən çox olmamalıdır. Belə hallarda, habelə yetkinlik yaşına çatmayanların təqsirli bilindiyi CM-nin müvafiq maddəsinin aşağı həddi 10 ildən yuxarı azadlıqdan məhrumetmə cəzası nəzərdə tutduqda 10 il azadlıqdan məhrumetmə cəzası təyin edərkən CM-nin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur.
Şəxsin təqsirli bilindiyi bir neçə cinayətin bir qismi yetkinlik yaşına çatanadək, digər qismi yetkinlik yaşında törədilmişsə məhkəmə cinayətlərin məcmusu üzrə cəza təyin edərkən əvvəlcə CM-nin 85-ci maddəsinin tələblərini nəzərə alaraq 18 yaşına çatanadək törədilmiş cinayətlərə görə, sonra isə yetkinlik yaşında törədilmiş cinayətlərə görə cəzanı təyin edir və CM-nin 66-cı maddəsinə uyğun olaraq cəzaları birləşdirir.
11. Cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivi zamanı cəza təyin edərkən məhkəmələr CM-nin 65.1 və 65.2-ci maddələrində göstərilmiş halları nəzərə almalıdırlar. Birinci instansiya məhkəmələri tərəfindən həmin qaydaların pozulduğu hallarda apellyasiya instansiyası məhkəməsi dövlət ittihamçısının apellyasiya protestinə və ya zərərçəkmişin apellyasiya şikayətinə əsasən hökmü CPM-nin 397.2, 398.1.4, 399.1.4, 399.1.5 403, 404 və 405.1-ci maddələrinə uyğun olaraq dəyişdirməlidir.
CM-nin 65.3-cü maddəsi ilə müəyyən edilən qaydalar yalnız o vaxt tətbiq edilir ki, CM-nin Xüsusi hissəsinin maddəsi şəxsin məhkumluğunu yeni törədilmiş cinayətin tövsifedici əlaməti kimi nəzərdə tutsun. (məsələn, 177.3.3 və 178.3.3-cü maddələri) CM-nin 65.3-cü maddəsinin qaydaları digər ağırlaşdırıcı əlamətlər, məsələn təkrarlıq barəsində tətbiq olunmur. Müstəsna hallar (CM-nin 62-ci maddəsi) olduqda məhkəmə CM-nin 65.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydaların tətbiq edilməsi barədə qərarını hökmün təsviri- əsaslandırıcı hissəsində CPM-nin 353.2-ci maddəsinə müvafiq surətdə əsaslandırmalıdır. Bu halda hökmün nəticəvi hissəsində yalnız CM-nin 62-ci maddəsinə istinad edilməlidir.
12. Cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törətdildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Bu halda cəza CM-nin 65.3-cü maddəsi ilə müəyyən edilmiş qaydalar nəzərə alınmaqla təyin edilir, bu şərtlə ki, CM-nin 65.2-ci maddəsinə görə belə cəzaların təyinini istisna edən əsaslar olmasın. Cinayətlərin və ya hökmlərin məcmusu üzrə qəti cəza isə müvafiq olaraq CM-nin 66 və 67-ci maddələrinə uyğun olaraq təyin edilir.
13. Bir neçə cinayət törədilməsində təqsirli bilinən şəxs onlardan heç birinə görə məhkum edilmədikdə və onun hərəkətləri cinayətin təkrar törədilməsi kimi tövsif olunmuşdursa (məsələn, CM-nin 120.2.10-cu, 177.2.2-ci maddələri) cəza təyin edilərkən həmin hal CM-nin 61.3-cü maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilə bilməz. İş üzrə cəzanı ağırlaşdıran hallar yoxdursa və CM-nin 59.1.9-cu və 59.1.10-cu maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda CM-nin 60-cı maddəsinin göstərişinə uyğun olaraq təyin edilən cəzanın müddəti və miqdarı CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasını nəzərdə tutan daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.
Əvvəlki məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxsin əməli cinayətin təkrar törədilməsi əlaməti üzrə tövsif edilmişdirsə, cinayətlərin residivinin, (o cümlədən hansı növünün) olub-olmaması CM-nin 18-ci maddəsinə müvafiq olaraq müəyyən edilməlidir.Cinayətlərin residivi müəyyən olunduqda CM-nin 60-cı maddəsinin müddəaları tətbiq edilmir, belə ki, burada CM-nin 61.1.1-ci maddəsində göstərilən ağırlaşdırıcı hal (cinayətlərin residivi) mövcuddur. Belə hallarda əgər CM-nin Xüsusi hissəsinin maddəsi cinayət törətmiş şəxsin məhkumluğunu ağırlaşdırıcı əlamət kimi göstərmirsə və müstəsna hallar (CM-nin 62-ci maddəsi) yoxdursa cəza təyin edilərkən CM-nin 65.2-ci maddəsinin müddəaları rəhbər tutulmalıdır.
14. Cəzaların az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmə və ya təyin olunmuş cəzaların tamamilə və ya qismən toplama yolu ilə birləşdirilməsi məsələsini həll edərkən məhkəmələr həm cinayətlərin hər birinin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həm də şəxsin törətdiyi bütün cinayətlərin məcmu halında yüksək təhlükəli olmasını nəzərə almalıdırlar.
Qanun cinayətlərin məcmusu üzrə müxtəlif növ cəzaların toplanmasını istisna etmədiyindən belə hallarda CM-nin 68-ci maddəsi ilə müəyyən edilən qaydalar rəhbər tutulmalıdır. Cinayətlərdən birinə görə cərimə, digərinə görə daha ağır cəza növü müəyyən edilmişsə CM-nin 66.2-ci maddəsinə əsasən cəzalar birləşdirilərkən məhkəmələr qəti cəza təyini üçün seçilmiş qaydadan asılı olaraq cərimə cəzasının daha ciddi cəza ilə əhatə edilməsi və ya cəzaların toplanması barədə qərar qəbul edə bilər. Cəzalar toplanarkən CM-nin 68.2-ci maddəsinin belə bir müddəasını rəhbər tutmaq lazımdır ki, bu halda cərimə cəzası müstəqil icra olunur.
15. Şəxs bir neçə başa çatmamış cinayət törətmişsə onlardan hər birinə görə cəza CM-nin 63-cü maddəsinə uyğun təyin edilir, lakin cinayətlərin məcmusu üzrə qəti cəza CM-nin 66.2 və 66.3-cü maddələri ilə müəyyən edilən qaydalara uyğun olmalıdır. Bu zaman CM-nin 66.2-ci maddəsi ilə müəyyən edilən qaydalara uyğun təyin edilmiş azadlıqdan məhrumetmə növündə qəti cəzanın müddəti törədilmiş cinayətlərdən daha ağırı üçün CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilən cəzanın yuxarı həddindən, CM-nin 66.3-cü maddəsinin müəyyən etdiyi qaydalara uyğun təyin edilmiş cəzanın müddəti isə 15 ildən çox ola bilməz.
Bir və ya bir neçə cinayətlərə görə CM-nin 66-cı maddəsinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edildikdə də həmin qaydalar tətbiq edilir.
16. Birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır.
Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilmişdirsə və əgər cinayətlər birinci və ikinci hökmlərdə CM-nin eyni maddəsi ilə (məsələn, CM-nin 120.2.1- 120.2.12-ci, 126.2.1-126.2.5, 126.3-cü maddələri) ilə tövsif olunmuşdursa, qəti cəza CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunur, lakin bu zaman təyin olunan qəti cəza CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddindən çox ola bilməz.
17. Məhkumun təqsirli bilindiyi cinayətlərin bir hissəsi birinci hökm çıxarılanadək, digər hissəsinin isə həmin hökm çıxarıldıqdan sonra törətdiyi müəyyən olunduqda ikinci hökm üzrə cəza ilk növbədə birinci hökm çıxarılanadək törədilmiş cinayətlərin məcmusu üzrə, sonra CM-nin 66.5-ci maddəsində müəyyən edilən qaydada təyin edilir, daha sonra birinci hökm çıxarılandan sonra törədilən cinayətlər üzrə cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Axırda isə CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə qəti cəza müəyyən edilir.
Başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir.
CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır.
18. Məhkəmənin cəzalanmalı olan əməli cinayət qanunun bir maddəsindən daha yüngül məsuliyyət müəyyən edən bir neçə maddəsinə tövsif etməsinə o vaxt yol verilir ki, belə tövsif məhkumun vəziyyətini ağırlaşdırmasın, onun müdafiə hüququnu pozmasın. Belə hallarda ciinayətlərin məcmusuna görə təyin edilən cəza şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqda qərarda və ittiham aktında göstərilən CM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan maksimum cəzadan artıq olmamalıdır.
Bu müddəalar işlərə apellyasiya və kassasiya qaydasında baxılması hallarına da aiddir.
19. Məhkəmələr hökmlərin məcmusu üzrə əsas və əlavə cəzaların hansı hissəsinin faktiki olaraq çəkildiyini aydınlaşdırmalı və bu hal hökmün giriş hissəsində öz əksini tapmalıdır. Çəkilməmiş cəza müddətinə məhkumun şərti olaraq vaxtından əvvəl azad edildiyi cəza müddəti, əvvəlki hökmlə təyin edilmiş şərti məhkumetmənin bütün müddəti, hamilə qadınlar və ya səkkiz yaşına qədər uşağı olan qadınlar tərəfindən çəkilməsi təxirə salınmış cəza müddəti aiddir.
Əvvəlki hökm üzrə çəkilməmiş əlavə cəza hökmlərin məcmusu üzrə təyin edilmiş əsas cəzaya yalnız əlavə cəza qismində birləşdirilə bilər, yaxud yeni hökmlə təyin edilmiş həmin növdən olan əlavə cəza ilə CM-nin Ümumi hissəsinin müvafiq maddəsinin bu cəza növü üçün müəyyən etdiyi hədlərdən çox olmamaqla toplanıla bilər.
Bir neçə hökm üzrə islah işləri növündə cəza təyin edərkən islah işlərinin müddətləri ancaq CM-nin 67-ci maddəsi ilə müəyyən edilmiş qaydada toplanıla bilər. Bu zaman hökmlərin məcmusu üzrə islah işi cəzasının müddəti iki ildən artıq ola bilməz. Əmək haqqından tutulmaların miqdarı (faizlər) toplanıla bilməz.
20. CM-nin 69.4-cu maddəsinə görə məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə, yaxud müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Qanunun bu norması imperativ xarakter daşıyır və müvafiq hallarda mütləq tətbiq olunmalıdır. Belə hallarda cəzanın yüngülləşdirilməsi və ya cəzadan tamamilə azad olunma CM-nin 69.4-cü maddəsinə istinad etməklə hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır.
21. Birinci hökm üzrə təyin olunmuş və məhkəmə tərəfindən şərti hesab olunmuş cəzanın da hökmlə təyin olunmuş cəzaya tam birləşdirilməsi zamanı məhkəmə birinci iş üzrə qətimkan tədbiri və ya tutma qaydasında həbsdə (əgər belə tədbir tətbiq olunmuşsa) olunma müddətini hökmlərin məcmusu üzrə cəzanın qəti müddətinə hesablamalıdır.
Birinci hökm üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası CM-nin 77-ci maddəsinə uyğun olaraq, yaxud amnistiya aktı və ya əfv etmə qaydasında daha yüngül cəza ilə əvəz edildikdən sonra şəxs tərəfindən yeni cinayət törədilmişdirsə, ikinci hökm üzrə təyin edilən yeni cəzaya daha yüngül cəzanın çəkilməmiş hissəsi birləşdirilir.
Azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxs tərəfindən yeni cinayət törədildikdə cəzanın çəkilməmiş hissəsi törədilmiş yeni cinayətə görə həbs qismində qətimkan tədbirinin seçilməsindən sonra qalmış müddət hesab olunur.
Hərbi qulluqçuların cinayət törətmələri ilə əlaqədar hauptvaxtda olduqları müddət məhkəmə tərəfindən hökm çıxarılarkən cəza müddətinə hesablanır. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının 1991-ci il 25 dekabr tarixli Qanununun 35-ci maddəsinə əsasən intizam qaydasında həbs edilən, həmçinin «Sərhəd Qoşunları haqqında» Azərbaycan Respublikasının 1994-cü il 6 yanvar tarixli Qanununun 5-ci maddəsinə əsasən inzibati qaydada saxlanılan şəxslər həmin əməllərə görə sonradan cinayət məsuliyyətinə cəlb edildikdə də eyni qayda tətbiq olunur.
Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır.
22. CPM-nin 519-cu maddəsi ilə nəzərdə tutulmuş qaydada şəxsin islah işləri cəzasını çəkməkdən boyun qaçırmasının qərəzli olub-olmaması məsələsinə baxarkən məhkəmələr məhkum barəsində məhkəmə icraçısı tərəfindən Cəzaların İcrası Məcəlləsinin 51-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada xəbərdarlıqların tətbiq olunmasının əsaslılığını yoxlamalı, məhkuma yazılı şəkildə xəbərdarlıq edildikdən sonra onun tərəfindən cəza çəkmənin şərtlərinin yenidən pozulmasının səbəblərini, habelə məhkumun işləmək arzusunun olmamasına dəlalət edən digər halları (işə sərxoş vəziyyətdə gəlmə, işdə boşdayanma, işdən çıxma və üzürlü səbəb olmadan başqa işə girməmə və s.) aydınlaşdırılmalıdır.
CM-nin 49.3-cü maddəsinə uyğun olaraq şəxs islah işlərini çəkməkdən qəsdən boyun qaçırdıqda məhkəmə islah işlərinin çəkilməmiş hissəsini müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edə bilər (üç gün islah işlərini bir gün azadlıqdan məhrumetmə ilə əvəz etməklə). Bu qayda həm də o halda tətbiq olunur ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasındakı azadlıqdan məhrumetmə cəzasının müddəti islah işləri bu növ cəza ilə əvəz edildikdən sonra müəyyən edilən müddətdən az olsun, yaxud maddənin sanksiyasında ümumiyyətlə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmasın.
23. Məhkəmələrə tövsiyə edilir ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Yalnız müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəzası CM-nin Xüsusi hissəsinin maddəsinin sanksiyasında əsas cəzalardan biri kimi nəzərdə tutulmuşdursa, onun əlavə cəza qismində tətbiqinə yol verilmir.
CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Məhkəmələr nəzərə almalıdırlar ki, həmin maddənin geniş təfsirinə yol verilmir. Məhkəmə qərarları ilə digər orqanlarda müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə qismində əlavə cəza təyin edilə bilməz.
Maddənin sanksiyasında əlavə cəzanın məcburi tətbiq olunması nəzərdə tutulduğu hallarda belə cəzalar yalnız CM-nin 62-ci maddəsinə istinad edilməklə tətbiq olunmaya bilər, bu şərtlə ki, əlavə cəzanın təyin olunmamasının səbəbi hökmdə əsaslandırılsın.
Məhkəmələrə həmçinin tövsiyə edilir ki, müvafiq hallar olduqda və cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə cəza təyin edərkən əsas peşəsi nəqliyyat vasitəsini idarə etmə olan şəxslər barəsində bu növ əlavə cəzanın tətbiqinin məqsədə uyğunluğu məsələsini müzakirə etsinlər.
24. Şəxs bir neçə cinayətin törədilməsində təqsirli bilindikdə CM-nin 65 və CPM-nin 353.4.2-353.4.3-cü maddələrinə uyğun olaraq hökmün nəticəvi hissəsində hər bir cinayətə görə təyin edilmiş əsas və əlavə cəzaların növü və həddi, cinayətlərin məcmusu üzrə qəti cəzanın növü və miqdarı öz əksini tapmalıdır. Cinayətlərdən hər hansı birinə görə əlavə cəza təyin edilməmişdirsə, cinayətlərin məcmusu üzrə belə cəza növü tətbiq oluna bilməz.
İki və ya daha çox cinayətə görə əsas cəza ilə yanaşı eyni növ əlavə cəzalar təyin edilmişdirsə cəzaların tam və ya qismən toplanması zamanı onun qəti müddəti və ya miqdarı CM-nin Ümumi hissəsində bu əlavə cəza növü üçün nəzərdə tutulmuş həddən çox ola bilməz. Məcmuya daxil olan ayrı-ayrı cinayətlərə görə müxtəlif növ əlavə cəzalar təyin edilmişdirsə, onlar cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilən hallarda da müvafiq müddət və miqdar göstərilməklə hökmdə əks etdirilməlidir.
25. Şərti məhkum etmə haqlarında yalnız CM-nin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər.
Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər.
Məhkəmə iki və ya daha çox cinayət törətmiş şəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilərkən qəbul olunur.
Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən əlavə cəzalar isə real icra olunduğundan hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır.
26. CM-nin 71-ci maddəsinə uyğun olaraq şərti məhkum edilmiş şəxs məhkəmə tərəfindən üzərinə qoyulmuş vəzifələri sınaq müddəti ərzində yerinə yetirməkdən mütəmadi və ya qərəzli surətdə boyun qaçırdıqda, məhkəmə məhkumun üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında şərti məhkumetmənin ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın icra olunması haqqında qərar çıxarmağa haqlıdır.
Burada mütəmadilik dedikdə şərti məhkum edilən şəxsə qadağan olunmuş hərəkətlərə il ərzində iki dəfədən çox yol verilməsi və ya etməli olduğu hərəkətlərin il ərzində iki dəfədən çox yerinə yetirilməməsi, yaxud məhkəmələr tərəfindən üzərinə qoyulmuş vəzifələrin 30 gündən çox müddətə ardıcıl icra olunmaması, qərəzlilik dedikdə isə bu vəzifələrin şərti məhkumetmənin çəkilmə qaydasının təkrar pozulmasına yol verməmək barədə nəzarət orqanı tərəfindən edilən yazılı xəbərdarlıqdan sonra da təkrar yerinə yetirilməməsi və ya şərti məhkum edilən şəxsin nəzarətdən gizlənməsi nəzərdə tutulur.
CM-nin 70.4-cü maddəsinə uyğun olaraq barəsində sınaq müddətinin ən yuxarı həddi təyin edilmiş şərti məhkum edilən şəxs üzərinə düşən vəzifələri yerinə yetirməkdən boyun qaçırdığına və ya ictimai qaydanı pozduğuna görə inzibati tənbehə məruz qalmışsa məhkəmə onun davranışını və şəxsiyyətini səciyyələndirən başqa məlumatları nəzərə alaraq CM-nin 71.2-ci maddəsinə əsasən sınaq müddətini bir ildən çox olmayaraq uzada bilər.
27. Sınaq müddəti ərzində ehtiyatsızlıqdan və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət etmiş şəxs barəsində şərti məhkum etmənin ləğvi və ya qüvvədə saxlanılması məsələsinə baxarkən birinci və ya ikinci cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə məhkumun şəxsiyyəti və sınaq müddəti ərzində davranışı barədə məlumatlar nəzərə alınmalıdır. Belə məlumatların aydınlaşdırılması üçün zəruri olduqda şərti məhkum edilmiş şəxsin davranışı üzərində nəzarəti həyata keçirən dövlət orqanının nümayəndəsi məhkəməyə çağrıla bilər. Şərti məhkum edilən şəxsin sınaq müddəti ərzində özünü mənfi tərəfdən səciyyələndirdiyi, üzərinə qoyulmuş vəzifələri yerinə yetirmədiyi, ictimai qaydanı pozduğu və s. müəyyən edilərsə məhkəmə CM-nin 71.3-cü maddəsinə əsasən şərti məhkumetməni ləvğ edə (qəbul edilmiş qərarı əsaslandırmaqla) və hökmlərin məcmusu üzrə cəza təyin edə bilər.
Məhkəmə şərti məhkumetmənin saxlanması qərarına gələrsə hökmün təsviri əsaslandırıcı hissəsində bunu əsaslandırmalı, nəticəvi hissəsində isə birinci hökm üzrə şərti məhkumluğun müstəqil olaraq icra edilməli olduğunu göstərməlidir.
Şərti məhkum edilmiş şəxsin birinci iş üzrə hökm çıxarılanadək başqa cinayət törədilməsində də təqsirli olması müəyyən edilərsə bu halda CM-nin 65-ci maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilmir, belə ki, CM-nin 71-ci maddəsində şərti məhkumetmənin ləğv edilməsi əsaslarının tam siyahısı verilmişdir. Belə hallarda birinci və ikinci işlər üzrə hökmlər müstəqil icra olunur.
28. Məhkəmələr məhkumlara cəza növü və həddi ilə, o cümlədən CM-nin 60, 63 və 65-ci maddələrinin tətbiqi ilə bağlı məsələlər üzrə nəticələrini CPM-nin 353.2-ci maddəsinə uyğun olaraq hökmdə əsaslandırmalıdırlar.
Cəza təyini məsələsi hökmdə elə formada əks olunmalıdır ki, icra zamanı onun növü və ya həddinə münasibətdə heç bir şübhə meydana çıxmasın. CPM-nin 353.4-cü maddəsinə uyğun olaraq hökmün nəticəvi hissəsində hər bir cinayət üzrə məhkuma təyin olunan əsas və əlavə cəzaların növləri və miqdarları, cinayətlərin və hökmlərin məcmusu üzrə məhkumun çəkməli olduğu əsas və əlavə cəzaların növü və miqdarı öz əksini tapmalıdır.
Azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxsin himayəsində nəzarətsiz qalacaq uşaqlar olduqda ittiham hökmünün nəticəvi hissəsində onların CPM-nin 160-cı maddəsinə uyğun olaraq qohumların, yaxud başqa şəxslərin və ya orqanların himayəsinə verilməsi barədə göstərişlər əks etdirilməlidir.
29. Bu qərarın qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cəza təyin etmənin ümumi prinsiplərinin tətbiq olunması təcrübəsi haqqında» 1997-ci il 30 dekabr tarixli 3 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri
S.C.HƏSƏNOVA
Bakı şəhəri, 25 iyun 2003-cü il
№ 4
© 2009-2022 De Jure.