İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
Birinci bölmə
Rantsev Kiprə və Rusiyaya qarşı
QƏRAR
(Şikayət № 25965/04)
Strasburq, 07 yanvar 2010-cu il
Bu qərar qətidir, lakin redaktə edilməsi üçün yenidən baxıla bilər. Qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti olacaq. O, yenidən redaktə edilə bilər (Yenidən baxılma barədə müraciətə baxılır).
Rantsev Kiprə və Rusiyaya qarşı iş üzrə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə,
Xristos Rozakis, Sədr,
Anatoli Kovler,
Elizabet Steyner,
Din Spilman,
Sverr Erik Jebens,
Ciorcio Malinverni,
Corc Nikolau, hakimlər,
və Soren Nilsen, Bölmə Katibi,
10 dekabr 2009-cu ildə qapalı şəkildə müzakirə edərək, həmin gündə bu qərarı qəbul edir:
Proses
1. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 34-cü maddəsinə əsasən, Rusiya vətəndaşı olan cənab Nikolay Mixayloviç Rantsevin (“ərizəçi”) Kiprə və Rusiyaya qarşı verdiyi şikayət üzrə (№ 25965/04) iş 26 may 2004-cü ildə başlanılmışdır.
2. Hüquqi yardım alan ərizəçini Yekaterinburqda vəkil işləyən xanım L. Çurkina təmsil etmişdir. Kipr Hökumətini onun Məhkəmə yanında səlahiyyətli nümayəndəsi — Kipr Respublikasının Baş Prokuroru təmsil etmişdir. Rusiya Hökumətini onun Məhkəmə yanında səlahiyyətli nümayəndəsi cənab Matyuşkin təmsil etmişdir.
3. Ərizəçi Konvensiyanın 2, 3, 4, 5 və 8-ci maddələrinə əsasən, qızının ölümü ilə bağlı hallara aid kifayətedici istintaqın aparılmamasından, hələ sağ olan vaxtda Kipr polisi tərəfindən qızının adekvat müdafiəsinin çatışmazlığından və qızının ölümünə və onunla pis rəftara məsuliyyətli şəxslərin cəzalandırılması üçün Kipr dövlət orqanlarının heç bir addım atmamasından şikayət etmişdir. O, həmçinin Konvensiyanın 2 və 4-cü maddələrinə əsasən, qızının iddia olunan insan alverinin predmeti olması və sonrakı ölümü barədə Rusiya dövlət orqanlarının istintaq aparmamasından və onu insan alveri təhlükəsindən qorumaq üçün heç bir addımlar atmamasından şikayət etmişdir. Nəhayət, Konvensiyanın 6-cı maddəsinə əsasən, o, istintaq prosesindən və Kiprdə məhkəməyə müraciətin iddia olunan çatışmazlığından şikayət etmişdir.
4. 19 oktyabr 2007-ci ildə Kipr və Rusiya Hökumətlərindən tələb olunub ki, bu məsələ üzrə hər iki Hökumətin yazışmaları daxil olmaqla, bütün istintaq materiallarını təqdim etsinlər. 17 dekabr 2007-ci və 17 mart 2008-ci ildə müvafiq olaraq Kipr və Rusiya Hökumətləri müəyyən sənədləri təqdim etmişlər.
5. 20 may 2008-ci ildə Birinci Bölmənin Sədri Məhkəmə Reqlamentinin 41-ci qaydasına əsasən işə prioritet təqdim etməyi qərara almışdır.
6. 27 iyun 2008-ci ildə Birinci Bölmənin Sədri cavabdeh Hökumətlərdən hər birinə şikayət barədə məlumat verməyi qərara almışdır. Həmçinin qərara alınıb ki, şikayətin məqbuliyyəti işin mahiyyəti ilə birgə araşdırılsın (Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndi).
7. 27 və 28 oktyabr 2008-ci ildə müvafiq olaraq Kipr və Rusiya Hökumətləri məqbuliyyət və mahiyyətlə bağlı öz yazılı qeydlərini təqdim etmişdir. Əlavə olaraq, Londonda yerləşən iki qeyri-hökumət təşkilatları, İnterayts və AİRE Centre tərəfindən üçüncü tərəf qeydləri daxil olmuşdur. Sədr bu təşkilatlara yazılı prosesə cəlb olunmaq icazəsini vermişdir (Konvensiyanın 36-cı maddəsinin 2-ci bəndi və Reqlamentin 44-cü qaydasının 2-ci bəndi).
8. 12 dekabr 2008-ci ildə Birinci Bölmənin Sədri qərara alıb ki, Məhkəmədə təmsil olunmaq üçün ərizəçiyə hüquqi yardım göstərilməlidir.
9. 16 dekabr 2008-ci ildə ərizəçi ədalətli kompensasiya tələbləri ilə yanaşı, cavab olaraq yazılı qeydlərini təqdim etmişdir.
10. Kipr və Rusiya Hökumətləri ərizəçinin ədalətli kompensasiya tələblərinə dair öz qeydlərini təqdim etmişlər.
11. 10 aprel 2009-cu il tarixli məktubla Kipr Hökuməti Məhkəmədən işi siyahıdan çıxarmağı xahiş etmiş və ərizəçi tərəfindən qaldırılmış məsələlərin həlli üçün birtərəfli bəyanatın mətnini əlavə etmişdir. 21 may 2009-cu ildə ərizəçi Kipr Hökumətinin tələbinə aid yazılı qeydlərini təqdim etmişdir.
12. Ərizəçi şifahi iclasın keçirilməsini xahiş etmiş, lakin hazırkı qərarın çıxarılmasından əvvəl Məhkəmə qərara alıb ki, bunun üçün zərurət yoxdur.
Faktlar
I. İşin halları
13. Ərizəçi, cənab Nikolay Mixayloviç Rantsev 1938-ci ildə anadan olmuş Rusiya vətəndaşıdır və Rusiyanın Svetloqorsk şəhərində yaşayır. O, Rusiya vətəndaşı olan, 1980-ci ildə anadan olmuş xanım Oksana Rantsevanın atasıdır.
14. Tərəflərin dəlilləri və onların təqdim etdiyi materiallar, xüsusən Kipr polisi tərəfindən alınmış şahid ifadələri əsasında işin halları aşağıdakı kimi ümumiləşdirilə bilər.
A. Faktların tarixçəsi
15. 05 mart 2001-ci ildə Oksana Rantseva Kiprə gəlmişdir. 13 fevral 2001-ci ildə Limassoldakı kabarenin sahibi X.A. onun kabaresində xanım Rantsevanın artist kimi işlməsinin mümkün olması üçün “artist” vizası və iş icazəsi ilə bağlı müraciət etmişdir (baxın, aşağıda 115-ci paraqraf). Müraciətə xanım Rantsevanın pasportunun surəti, tibbi şəhadətnamə, əmək müqaviləsinin surəti (görünür ki, xanım Rantseva tərəfindən hələ imzalanmamışdır) və aşağıdakı şərtlərlə (X.A.) Agentlik tərəfindən imzalanmış öhdəlik (əsli ingilis dilində) əlavə olunmuşdur:
“İştirak edən bütün şəxslər bilir ki, L/SSOL Am ünvanda yaşayan mən (X.A.)
Kipr Respublikasının Daxili İşlər Nazirliyinə 150 funt məbləği ödəməliyəm.
Möhürümlə təsdiqlənmişdir.
13 fevral 2001-ci il
Bundan sonra immiqrant adlanacaq Rusiya vətəndaşı olan xanım Oksana Rantseva (bu ifadə kontekst buna yol verdiyi halda, onun vərəsələrini, vəsiyyətnaməsinin icraçısını, qəyyumunu və hüquqi varisini nəzərdə tutur) Kiprə daxil olur və mən üzərimə öhdəlik götürmüşəm ki, bugünkü tarixdən başlayaraq beş il müddətində immiqrantın Kiprdə yardıma ehtiyacı olmayacaq və immiqranta yardım (hər hansı yardımın zəruri olmasını həll edən yeganə şəxs Nazirdir) göstərmək üçün Kipr Respublikasının sərf etdiyi hər hansı məbləği və ya bugünkü tarixdən etibarən beş il müddətində immiqrantın Kiprdən vətəninə qaytarılması ilə bağlı xərcləri Kipr Respublikasına qaytarım.
YUXARIDA GÖSTƏRİLƏNLƏRİN ŞƏRTLƏRİ ondan ibarətdir ki, immiqrant və ya mən özüm, mənim vərəsələrim, vəsiyyətnamənin icraçıları, qəyyumlarım və hüquqi varislərim müvafiq tələb üzrə yuxarıda göstərilmiş məbləğləri Kipr Respublikasına qaytarmalıdırlar. Belə olduqda, yuxarıdakı öhdəlik qüvvəsini itirmiş olur. Lakin əks halda, tam qüvvəsində qalır.”
16. Xanım Rantsevaya 09 mart 2001-ci ilədək ziyarətçi kimi müvəqqəti yaşamaq hüququ verilmişdir. O, X.A.-nın kabaresində işləyən başqa gənc qadınla eyni mənzildə qalmışdır. 12 mart 2001-ci ildə ona X.A.-ya məxsus və onun qardaşı M.A. tərəfindən idarə olunan kabaresində işləyən artist kimi 08 iyun 2001-ci ilədək işləmək üçün icazə verilmişdir. 16 mart 2001-ci ildə o, işləməyə başlamışdır.
17. 19 mart 2001-ci ildə səhər saat 11-də M.A. xanım Rantseva ilə yaşayan qadın tərəfindən məlumatlandırılıb ki, o, mənzili tərk etmiş və bütün əşyalarını özü ilə aparmışdır. Qadın ona deyib ki, o, rus dilində yazı qoyaraq qeyd etmişdir ki, yorulub və Rusiyaya qayıtmaq istəyir. Həmin gün M.A. Limassoldakı İmmiqrasiya İdarəsini məlumatlandırıb ki, xanım Rantseva iş və yaşayış yerini tərk etmişdir. M.A.-nın sonrakı şahid ifadələrinə görə, o, kabaredə işləməyə başqa qız gətirmək üçün xanım Rantsevanın tutulmasını və Kiprdən çıxarılmasını istəmişdir. Lakin xanım Rantsevanın adı polis tərəfindən axtarılan şəxslərin siyahısına daxil edilməmişdir.
B. 28 mart 2001-ci il tarixli hadisələr
18. 28 mart 2001-ci ildə gecə təxminən saat 4-də kabaredə işləyən başqa artist xanım Rantsevanı Limassoldakı diskotekada görmüşdür. M.A. polis çağırmış və onu tutmağı xahiş etmişdir. Sonradan, o, kabaredən mühafizəçi ilə birgə həmin diskotekaya getmişdir. Diskotekanın işçisi xanım Rantsevanı onun yanına gətirmişdir. Sonrakı şahid ifadələrində M.A. göstərib ki:
“O, (xanım Rantseva) maşınıma oturarkən ümumiyyətlə şikayət və ya hər hansı başqa hərəkət etməmişdir. O, içkili görünmüş və mən sadəcə olaraq ona mənimlə getməyi demişəm. Onun içkili görünməsi səbəbindən aramızda söhbət olmamış və o, mənimlə ümumiyyətlə danışmamışdır.”
19. M.A. xanım Rantsevanı iki polis əməkdaşının növbətçi olduğu Limassol Mərkəzi Polis İdarəsinə aparmışdır. O, xanım Rantsevanın Kiprə gəlməsi, işləməsi və onun 19 mart 2001-ci ildə mənzildən sonrakı yoxa çıxması ilə bağlı halları qısa izahatında göstərmişdir. Növbətçi polis əməkdaşının ifadəsinə görə:
“28 mart 2001-ci ildə gecə saat 4-dən bir az əvvəl M.A. xanım Rantsevanı “Titanik” gecə klubunda tapmış ... onu oradan götürmüş və polis idarəsinə gətirərək xanım Rantsevanın qanunsuz miqrant olmasını və kameraya yerləşdirilməli olduğunu bildirmişdir. Sonradan M.A. polis idarəsini tərk etmişdir.”
20. Bundan sonra, polis əməkdaşları pasport şöbəsinin növbətçi əməkdaşı ilə evində əlaqə saxlamış və xanım Rantsevanın qanunsuz miqrant olub-olmamasının yoxlanılmasını xahiş etmişlər. Araşdırmadan sonra o, onlara məlumat verib ki, xanım Rantsevanın adı axtarışda olan şəxslərin siyahısında yoxdur. Daha sonra, o bildirib ki, M.A.-nın 19 mart 2001-ci il tarixli şikayəti barədə qeyd yoxdur və hər bir halda şikayətin edilməsindən sonra 15 gün keçməmişsə, şəxs qanunsuz miqrant sayılmır. Pasport şöbəsinin əməkdaşı ƏİPX-də (Əcnəbilər və immiqrasiya üzrə Polis Xidməti) növbədə olan şəxslə əlaqə saxlamış və ondan təlimatlar almışdır ki, xanım Rantseva həbs olunmamalı, barəsində məsuliyyət daşıyan işəgötürəni onu idarədən götürməli və həmin gün səhər saat 7-də əlavə araşdırmanın aparılması üçün bu xidmətin Limassol şöbəsinə aparmalıdır. Polis əməkdaşları M.A. ilə əlaqə saxlamışlar ki, xanım Rantsevanın aparılmasını xahiş etsinlər. Polis tərəfindən xanım Rantsevanın həbs olunmaması xəbərindən M.A. təəssüflənmiş və gəlib onu götürməkdən imtina etmişdir. Polis əməkdaşları ona deyiblər ki, onlara göstəriş verilib ki, M.A. götürmədiyi halda, onu azad etsinlər. M.A. hirslənmiş və onların rəisi ilə danışmağı tələb etmişdir. Polis əməkdaşları telefon nömrəsini M.A.-ya vermişlər. Bundan sonra, rəisləri onlara deyib ki, M.A. gəlib xanım Rantsevanı aparacaq. Hər iki polis əməkdaşları öz ifadələrində deyiblər ki, xanım Rantseva içkili görünməmişdir. Növbətçi polis deyib:
“Xanım Rantseva bizimlə qalmışdır ... O, üzünə kosmetik vasitələr çəkmiş və içkili görünməmişdir ... Səhər saat təxminən 5:20-də ... mən ... məlumatlandırılmışam ki, M.A. gəlib onu aparmışdır...”
21. M.A.-nın şahid ifadələrinə görə, o, xanım Rantsevanı polis idarəsindən götürdükdə, həmçinin onun pasportunu və polisə gələrkən təhvil verdiyi başqa sənədləri özü ilə aparmışdır. Daha sonra, o, xanım Rantsevanı kabaresində işləyən kişi cinsindən olan işçisi M.P.-nin evinə aparmışdır. M.P.-nin arvadı D.P. ilə yaşadığı mənzil, girişi bloklu mənzillərin beşinci mərtəbəsində yerləşən bir neçə mərtəbəli ev olmuşdur. M.A.-ya görə, onlar xanım Rantsevanı ikinci mərtəbədəki mənzilə yerləşdirmişlər. Polisə izahatında o göstərmişdir ki:
“O, içkili görünmüş və hər hansı hərəkət etmək niyyətində olduğu hiss olunmamışdır. Mən onu apardığım mənzilin otağından çıxmasının qarşısının alınması üçün hər hansı hərəkət etməmişəm.”
22. M.A. deyib ki, M.P. və onun arvadı ikinci mərtəbədə yerləşən yataq otaqlarına yatmaq üçün getmişlər və özü yuxuladığı zaman mənzilin böyük otağında olmuşdur. Mənzil elə tərzdə planlaşdırılmışdır ki, mənzilin qapısından çıxmaq üçün böyük otaqdan keçmək lazımdır.
23. M.P. göstərib ki, o, Limassoldakı “Ziqos” kabaresindəki iş yerini təxminən gecə saat 3-də tərk etmiş və alkoqol içmək üçün “Titanik” diskotekasına getmişdir. Ora gəldikdə, ona məlumat verilib ki, rus mənşəli axtardıqları qız diskotekadadır. Bundan sonra, kabaredən mühafizəçi ilə birgə M.A. gəlmiş və “Titanik”in işçilərindən qızı girişə gətirməyi xahiş etmişdir. Sonra M.A., xanım Rantseva və mühafizəçi M.A.-nın maşınına oturmuş və getmişlər. Gecə təxminən 4:30-da M.P. evinə qayıtmış və yatmağa getmişdir. Saat təxminən 6-da arvadı onu oyatmış və demişdir ki, M.A. xanım Rantseva ilə birgə gəlmişlər və İmmiqrasiya Xidməti işə başlayanadək qalacaqlar. Bundan sonra o yatmışdır.
24. D.P. göstərib ki, M.A. xanım Rantsevanı mənzilə təxminən saat 5:45-də gətirmişdir. O, kofe hazırlamış və M.A. əri ilə böyük otaqda söhbət etmişdir. Sonra M.A. D.P.-dən xanım Rantsevaya yataq otağının verilməsini xahiş edib ki, o, bir az istirahət etsin. D.P. göstərib ki, xanım Rantseva içkili görünmüş və heç bir şey içmək və ya yemək istəməmişdir. D.P.-yə görə, əri ilə birlikdə saat təqribən 6-da yatmağa getmiş, M.A. isə böyük otaqda qalmışdır. İfadə verərkən, D.P. hadisələr barədə ilkin təsvirini dəyişərək, israr edib ki, M.A. xanım Rantseva ilə mənzilə gəldikdə əri yatmışdır. D.P. göstərib ki, özbaşına olaraq mənzilin qapısını açdığını və M.A. ilə kofe içdiyini etiraf etməyə qorxub.
25. 28 mart 2001-ci ildə səhər saat təxminən 6:30-da xanım Rantseva mənzilin aşağı hissəsində yerləşən küçədə ölmüş vəziyyətdə aşkarlanmışdır. Onun əl çantası çiyni üzərində olmuşdur. Polis mənzilin yuxarı mərtəbəsində xanım Rantsevanın qaldığı otağa bitişik kiçik balkonun məhəccərindən bağlanmış mələfə tapmışdır. Bu balkonun altında beşinci mərtəbənin daha böyük balkonu yerləşmişdir.
26. M.A. iddia edib ki, xanım Rantsevanı İmmiqrasiya İdarəsinə aparmaq üçün səhər saat 7-də oyanmışdır. O, D.P. və M.P.-ni çağırmış və D.P.-nin sözlərini eşidib ki, polis küçədə binanın qarşısındadır. Onlar yataq otağına baxmış, lakin xanım Rantsevanın orada olmadığını, balkondan küçəyə baxdıqda isə, küçədə cəsəd görmüşlər. Sonradan ona məlum olub ki, bu, xanım Rantsevadır.
27. D.P. iddia edib ki, o, xanım Rantsevanın otağında olmadığını və onu axtarmaq lazım gəldiyini deyən M.A.-nın otağın qapısını döyməsi ilə oyanmışdır. O, bütün evi axtarmış və onlar görmüşlər ki, yataq otağındakı balkonun qapısı açıqdır. O, balkona çıxmış və mələfə görmüş və xanım Rantsevanın nə etdiyini anlamışdır. O, başqa balkona çıxmış və ağ mələfə ilə örtülmüş və polislərin əhatə etdiyi cəsədin küçədə olduğunu görmüşdür.
28. M.P. göstərib ki, təxminən saat 7-də səs-küyə oyanmış və arvadını şok vəziyyətində görmüşdür; arvadı ona demişdir ki, xanım Rantseva balkondan düşmüşdür. O, M.A.-nı və bir neçə polisləri gördüyü əsas otağa getmişdir.
29. 28 mart 2001-ci il tarixli ifadəsində Q.A. göstərib ki, 28 mart 2001-ci ildə səhər təxminən saat 6:30-da M.P. və D.P.-nin evinin birinci mərtəbəsindəki balkonunda siqaret çəkmişdir. O deyib ki:
“Mən yuxarıdan nəyinsə düşdüyünün və düz qabağından keçdiyinin kölgəsini gördüm. Bundan dərhal sonra mən nəyinsə sındığının səsini eşitdim ... Mən arvadıma dedim ki, polisi çağırsın ...Bundan əvvəl və dərhal sonra mən hər hansı səs eşitməmişəm. Yerə düşdükdə, o qışqırmamışdır. O, sadəcə olaraq anlaqsız kimi yerə düşmüşdür ... (Mənzilin beşinci mərtəbəsində ) dava olsa belə, mən bunu eşidə bilməzdim.”
C. Kiprdə istintaq
30. Kipr Hökuməti Məhkəməyə məlumat verib ki, ölümün cinayət əməlinə aid olmadığına dair qənaətə gəlinmiş işlərdə beş il müddət keçdikdən sonra materialların məhv edilməsi üzrə daxili siyasət baxımından istintaqın əsl materialları məhv olunmuşdur. Qeyd yazıları istisna olmaqla, bütün müvafiq sənədləri əks etdirən dublikat materiallar Hökumət tərəfindən Məhkəməyə təqdim edilmişdir.
31. Materiallar istintaqa məsuliyyət daşıyan vəzifəli şəxsin raportunu əks etdirir. Raport məhkəmə tibb ekspertizasının və hadisə yerinin müayinəsinin sübutları ilə təsdiq olunduğu kimi faktların tarixçəsini əks etdirir və 17 şahidi göstərir: M.A., M.P., D.P., Q.A., Limassol Polis İdarəsində iki növbətçi polis əməkdaşı, xanım Rantsevanın yerə düşməsindən sonra hadisə yerində olan səkkiz polis əməkdaşı, məhkəmə tibb eksperti və qan və sidik nümunələrini yoxlayan laboratoriya texniki.
32. Raportda göstərilir ki, Q.A.-nın arvadının zəngindən bir neçə dəqiqə, təxminən səhər saat 6:30-dan bir az sonra polis sözügedən binaya gəlmişdir. 6:40-da onlar hadisə yerini möhürləmiş və xanım Rantsevanın yerə düşməsi ilə bağlı araşdırmaya başlamışlar. Onlar xanım Rantsevanın qaldığı otağın və balkonların fotoşəkilləri daxil olmaqla, hadisə yerinin fotoşəkillərini çəkmişlər. Məhkəmə tibb eksperti 9:30-da gəlmiş və ölümü təsdiq etmişdir. İlkin məhkəmə tibb ekspertizası hadisə yerində aparılmışdır.
33. Həmin gün polis M.A., M.P. və D.P.-ni, eləcə də Q.A.-nı dindirmişdir. Onlar, həmçinin xanım Rantsevanın ölümündən bir az əvvəl M.A.-nı və xanım Rantsevanı Limassol Polis İdarəsində görmüş iki polis əməkdaşını və növbədə olan pasport şöbəsinin əməkdaşını dindirmişlər (verilmiş ifadələrdən müvafiq çıxarışlar və xülasələr yuxarıda 17-29-cu paraqraflarda göstərilmiş faktlar daxilində əks olunmuşdur). İşin materialları istintaqa məsul vəzifəli şəxs daxil olmaqla, hadisə yerində olmuş səkkiz polis əməkdaşlarından altısının ifadələrini daxil etdirir. Xanım Rantsevanın işlədiyi kabarenin başqa işçilərindən və ya onun qısa müddətdə mənzili bölüşdüyü qadından hər hansı ifadələrin götürülməsi ilə bağlı heç bir sənəd yoxdur.
34. 28 mart 2001-ci ildə şahid ifadəsini verərkən, M.A. xanım Rantsevanın pasportunu və digər sənədlərini polisə təqdim etmişdir. İfadəsini verdikdən və imzaladıqdan sonra o, pasporta aid aydınlaşdırmanı əlavə etməklə göstərib ki, xanım Rantseva 19 mart 2001-ci ildə mənzili tərk edərkən, öz pasportunu və sənədlərini götürmüşdür.
35. 29 mart 2001-ci ildə Kipr dövlət orqanları tərəfindən autopsiya aparılmışdır. Autopsiya xanım Rantsevanın bədənində və daxili orqanlarında bir neçə zədələri aşkar etmişdir. Belə nəticəyə gəlinmişdir ki, bu zədələr onun yerə düşməsi nəticəsində əmələ gəlmiş və yerə düşmə ölümün səbəbi olmuşdur. Ərizəçinin autopsiyanın nəticələri barədə nə vaxt məlumatlandırıldığı aydın deyildir. Ərizəçiyə görə, autopsiyanın surəti ona təqdim olunmamış və sonrakı istintaqın qənaətlərində qısa ümumiləşdirilmiş rəyin nəticələri barədə onun hər hansı təfsilatla məlumat alıb-almaması aydın deyildir.
36. 05 avqust 2001-ci ildə ərizəçi vəkillə birgə Limassol Polis İdarəsində olmuş və 28 mart 2001-ci ildə xanım Rantsevanı və M.A.-nı qəbul etmiş polis əməkdaşı ilə danışmışdır. Ərizəçi istintaqda iştirak etməsini xahiş etmişdir. Polis əməkdaşının sonrakı 08 iyul 2002-ci il tarixli ifadəsinə görə, görüş zamanı polis tərəfindən ərizəçiyə deyilmişdir ki, onun vəkili Limassol Dairə Məhkəməsində istintaqa baxılmasının tarixi barədə məlumatlandırılacaq.
37. 10 oktyabr 2001-ci ildə ərizəçi, surəti Kipr Respublikasının Baş Prokurorluğuna və Rusiyanın Kipr Respublikasındakı Konsulluğuna ünvanlanmaqla, Limassol Dairə Məhkəməsinə şikayət göndərmişdir. O, hüquqi yardımın göstərilməsinə aid Çelyabinsk prokurorluğunun 08 oktyabr 2001-ci il tarixli tələbinə istinad etmiş (baxın, aşağıda 48-ci paraqraf) və məhkəmə baxışından əvvəl işin materialları ilə tanış olmaq hüququnun həyata keçirilməsini, iclasda iştirakının təmin edilməsini və iclasın keçirilməsinin tarixi barədə lazımınca məlumatlandırılmasını xahiş etmişdir. O, həmçinin məlumat verib ki, lazımi qaydada məhkəməyə əlavə sənədləri təqdim etmək niyyətindədir.
38. Məhkəmə iclası 30 oktyabr 2001-ci il tarixinə təyin olunmuş və polis əməkdaşının 08 iyul 2002-ci il tarixli ifadəsinə görə (baxın, yuxarıda 36-cı paraqraf), ərizəçinin vəkili dərhal bu barədə məlumatlandırılmışdır. Hər bir halda, nə vəkil, nə də ərizəçi dairə məhkəməsinə gəlmişlər. İşin baxılması 11 dekabr 2001-ci il tarixinə təxirə salınmış və əmr edilmişdir ki, ərizəçini məlumatlandırmaq məqsədilə iclasın yeni tarixi haqqında Rusiya səfirliyinə məlumat verilsin.
39. Surəti Kipr Respublikasının Baş Prokurorluğuna və Rusiyanın Kipr Respublikasındakı Konsulluğuna ünvanlanmış 20 oktyabr 2001-ci il tarixi qoyulmuş və 31 oktyabr 2001-ci ildə Limassol Dairə Məhkəməsinə göndərilmiş faksda ərizəçi iclasın tarixi barədə məlumatın onun yeni yaşayış yerinə göndərilməsini xahiş etmişdir.
40. 11 dekabr 2001-ci ildə ərizəçi yerli məhkəməyə gəlməmiş və işə baxılması 27 dekabr 2001-ci il tarixinə təxirə salınmışdır.
41. 27 dekabr 2001-ci ildə ərizəçinin iştirakı olmadan Limassol Dairə Məhkəməsində işə baxılmışdır. Məhkəmənin həmin gün tarixli verdikti, inter alia, əks etdirmişdir ki:
“28 mart 2001-ci ildə təxminən səhər saat 6:30-da yuxarıda qeyd olunmuş mənzildən qaçmaq niyyətində olan mərhum şübhəli vəziyyətdə yerə hoppanmış və bunun nəticəsində ölümə səbəb olan zədələr almışdır...
Mənim verdiktim ondan ibarətdir ki, xanım Oksana Rantseva 28 mart 2001-ci ildə bədbəxt hadisəyə oxşar şəraitdə qonaq olduğu mənzildən qaçmağa cəhd edərkən ölmüşdür.
Mənim qarşımda onun ölümündə üçüncü şəxsin cinayət məsuliyyətini müəyyən edən hər hansı sübut yoxdur.”
D. Kipr və Rusiyada sonrakı araşdırmalar
42. 08 aprel 2001-ci ildə xanım Rantsevanın cəsədi Rusiyaya aparılmışdır.
43. 09 aprel 2001-ci ildə ərizəçi meyitin autopsiyasının keçirilməsini Çelyabinsk Regional Tibbi Ekspertiza Bürosundan (“Çelyabinsk Bürosu”) xahiş etmişdir. Daha sonra, o, Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətindən və Baş Prokurorluğundan xahiş etmişdir ki, xanım Rantsevanın Kiprdəki ölümünün istintaqını aparsınlar. 10 may 2001-ci ildə Çelyabinsk Bürosu autopsiya barədə rəyini tərtib etmişdir.
44. Tibbi ekspertizanın rəyində xüsusən aşağıdakılar göstərilmişdir:
“Bu, yüksək məsafədən müxtəlif dərəcəli yerə düşməyin nəticəsində əmələ gələn travma, bədənin politravması və açıq beyin travmasıdır: üz və kəllə-beynin çoxşahəli sınığı, beyin hissəsində və qabaq beyin boşluğunda beyin diafraqmanın çoxlu sınıqları, yumşaq beyin diafraqmaları altında qansızma, yumşaq toxumalarda qansızma, çoxlu zədələr, geniş zədələr və dəridə yaralar, qabaq tərəfdən arxaya istiqamətdə kəllənin açıq deformasiyası, döş orqanlarının zədələnməsi ilə döş qəfəsinin qapalı küt travması ..., arxanın üstündə ağ ciyərin zədələnməsi, sümüyün tam sınması ilə döş hissəsində onurğanın sınığı və onun iki şaquli və üfüqi istiqamətdə yerindən çıxması...
Alkoqol intoksikasiyası orta dərəcədə: etil alkoqolun qanda mövcudluğu 1,8%, sidikdə mövcudluğu — 2,5%”.
45. Rəyin nəticəsi aşağıdakıları əks etdirmişdir:
“Zədələr, sınıqlar və yaralar, eləcə də zədələnmiş toxumalarda eyni növlü morfoloji dəyişikliklərlə qansızma, şübhəsiz göstərir ki, bu travmalar onun hələ sağ olduğu vaxtda əmələ gəlmiş, eləcə də çox qısa zamanda ölümündən elə də çox əvvəl olmayan zamanda bir-birinin ardınca edilmişdir.
O.N. Rantsevanın cəsədinin tibbi ekspertizası zamanı müxtəlif odlu silahlardan, müxtəlif iti obyektlərdən və silahlardan, fiziki və ya kimyəvi reagentlərin təsirindən və ya təbii faktorlardan istifadə edilməklə, kənar zorakılıqdan əmələ gələn zədələr müəyyən olunmamışdır . Qan və sidiyin, cəsədin daxili orqanlarının kimyəvi tibbi ekspertizası zamanı hər hansı narkotik vasitələr, güclü və ya toksik maddələr aşkar edilməmişdir. Göstərilən hallar O.N. Rantsevanın atəşdən, soyuq dəmirdən, psixiki, kimyəvi və təbii faktorlardan, eləcə də zəhərləmədən və orqanların və sistemin müxtəlif xəstəliklərindən ölməsinin mümkünlüyünü istisna edir. ...
Zədələrin yerlərini, onların morfoloji xüsusiyyətlərini, eləcə də morfoloji və histoloji təhlillər zamanı aşkar olunmuş müəyyən fərqləri və zədələnmiş toxumaların reaksiyasını araşdıraraq, biz inanırıq ki, konkret bu işdə böyük məsafədən yerə düşməkdən travma baş vermiş və bu travma mümkün sürüşmə ilə bədənin arxa səthinin böyük məsafədən düşmənin son mərhələsində maneə ilə ilk kontakt və şok təsirinə görə üz tərəfdən arxaya istiqamətdə kəllənin açıq deformasiyası ilə əsasən üz hissədə bədənin üz tərəfinin ikinci kontaktı zamanı yerin müxtəlif dərəcələrinə ardıcıl düşmənin nəticəsidir...
O.N. Rantsevanın cəsədinin kimyəvi tibb ekspertizası zamanı onun qanı və sidiyində etil spirti müvafiq olaraq 1,8 və 2,5 faizdə aşkar olunmuşdur ki, bu nəticə onun həyatı zamanı əhəmiyyətli emosional qeyri-sabitlik, zaman və məkanda əqli və oriyentasiya pozuntuları ilə klinik xarakterizə oluna bilən orta alkoqol intoksikasiya uyğundur.”
46. 09 avqust 2001-ci ildə Rusiyanın Kiprdəki səfirliyi xanım Rantsevanın ölümü ilə bağlı materialların surətlərini Limassol Polis İdarəsinin rəisindən tələb etmişdir.
47. 13 sentyabr 2001-ci ildə ərizəçi Çelyabinsk regionunun prokuroruna müraciət edərək xahiş etmişdir ki, onun adından Kiprin prokuroruna pulsuz hüquqi yardım, eləcə də Kipr ərazisində qızının ölməsinə aid əlavə istintaqa görə məhkəmə məsrəflərindən azad olunması üçün müraciət etsin.
48. 11 dekabr 2001-ci il tarixli məktubla Rusiya Federasiyasının Baş Prokurorunun müavini Kipr Respublikasının Ədliyyə Nazirinə məlumat verib ki, Çelyabinsk regionunun prokurorluğu tibbi ekspertiza daxil olmaqla, xanım Rantsevanın ölümü barəsində araşdırma aparmışdır. O, Cinayət İşləri üzrə qarşılıqlı yardım haqqında Avropa Konvensiyasına (“Qarşılıqlı yardım Konvensiyası” - baxın, aşağıda 175-178-ci paraqraflar) və SSRİ ilə Kipr Respublikası arasında Mülki və cinayət İşləri üzrə Sazişə (“Hüquqi yardım haqqında Saziş” — baxın, aşağıda 179-185-ci paraqraflar) əsasən, xanım Rantsevanın ölümü ilə bağlı bütün halların müəyyən olunması və Kipr qanunvericiliyinə əsasən təqsirli şəxslərin mühakimə edilməsi məqsədilə 08 oktyabr 2001-ci il tarixli tələbi hüquqi yardım üçün göndərmişdir. Tələb işin hallarının tarixçəsi barədə Rusiya dövlət orqanlarının qənaətlərini daxil etdirmişdir: bu qənaətlərə necə gəlindiyi və Rusiya dövlət orqanları tərəfindən istintaqın aparıldığı halda, onun hansı hərəkətlərdən ibarət olduğu aydın deyildir.
49. Bu qənaətlər, inter alia, aşağıdakıları nəzərdə tutub:
“Polis əməkdaşları O.N. Rantsevanı tutmaqdan imtina etmişlər, ona görə ki, onun 02 aprel 2001-ci ilədək işləmək hüququ olmadan 14 gün müddətində Kipr ərazisində yaşamaq hüququ olmuşdur. Bundan sonra, cənab M.A. O.N. Rantsevanın içkili şəxs kimi səhərədək tutulmasını xahiş etmişdir. Ona imtina cavabı verilib, ona görə ki, polis əməkdaşlarının təqdim etdiyi izahatlara əsasən O.N. Rantseva ayıq görünmüş, davranışı qabiliyyətli və soyuqqanlı olmuş, üzünə kosmetik vasitələr çəkmişdir. M.A. şəxsiyyəti məlum olmayan şəxs ilə birgə 28 mart 2001-ci ildə səhər saat 5:30-da O.N. Rantsevanı regional polis şöbəsindən götürmüş, yemək hazırladıqları D.P.-nin evinə gətirmiş və daha sonra, saat 6:30-da onu sözügedən evin 7-ci mərtəbəsinin çardağında bağlamışlar.”
50. Tələb Çelyabinsk Tibbi Ekspertiza Bürosunun bu qənaətini əks etdirib ki, xanım Rantsevanın yerə düşməsində iki mərhələ vardır: biri bel hissəsində, digəri isə üz tərəfində. Tələbdə qeyd olunub ki, bu qanaət Kipr tibb ekspertizasının o nəticəsi ilə ziddir ki, xanım Rantsevanın ölümü üz tərəfdən yerə düşməsi nəticəsində olmuşdur. Daha sonra qeyd olunub ki:
“Güman etmək olar ki, yerə düşdüyü anda zərərçəkmiş qorxudan qışqıra bilərdi. Lakin bu, asfalta cansız cəsədin düşdüyü barədə 2-ci mərtəbənin sakininin ifadəsini daxil etdirən istintaq materiallarına ziddir...”
51. Raportda belə nəticəyə gəlinib ki:
“Müstəntiqin cənab N.M. Rantsevə verdiyi məlumat baxımından, istintaq belə nəticə ilə yekunlaşıb ki, O.N. Rantsevanın ölümü əlavə istintaqı tələb edən şübhəli və qeyri-müəyyən hallarda baş vermişdir.”
52. Bu səbəbdən də Çelyabinsk vilayətinin Prokuroru Hüquqi yardım haqqında Sazişə əsaslanaraq tələb etmişdir ki, ölümün səbəbini müəyyənləşdirmək və mövcud dəlillərdəki ziddiyyətləri aradan qaldırmaq məqsədilə xanım Rantsevanın ölümünün başvermə şəraitinin araşdırılması üçün əlavə istintaq aparılsın; ölümün başvermə şəraiti ilə əlaqədar hər hansı məlumatı olan şəxslər müəyyənləşdirilsin və sorğu-sual edilsinlər; müxtəlif tərəflərin davranışı qətlə yetirmə və/və ya insan oğurluğu və qanunsuz olaraq azadlıqdan məhrumetmə cinayətləri baxımından araşdırılsın və xüsusilə, M.A. istintaqa cəlb olunsun; ərizəçi istintaq materialları ilə tanış edilsin; xanım Rantsevanın ölümü ilə əlaqədar məhkəmə orqanlarının yekun qərarlarının surətləri Rusiya orqanlarına təqdim edilsin; və ərizəçi pulsuz hüquqi yardım ilə təmin olunsun və məhkəmə xərclərinin ödənilməsindən azad edilsin.
53. 27 dekabr 2001-ci ildə Rusiya Federasiyası ərizəçinin adından Kipr Ədliyyə Nazirliyinə müraciət edərək, xanım Rantsevanın ölümü ilə əlaqədar cinayət təqibinin başlanılması, ərizəçinin zərərçəkən qismində işə cəlb edilməsi və ona pulsuz hüquqi yardım göstərilməsini xahiş etmişdir.
54. 16 aprel 2002-ci il tarixdə Rusiyanın Kiprdəki səfirliyi Rusiya Federasiyası Baş Prokurorluğunun xanım Rantsevanın ölümü ilə əlaqədar hüquqi yardımın göstərilməsinə dair Hüquqi yardım haqqında Sazişə əsasən hazırladığı 11 dekabr və 27 dekabr 2001-ci il tarixli müraciətlərini Kipr Ədliyyə Nazirliyinə təqdim etmişdir.
55. 25 aprel 2002-ci il tarixdə Rusiya Federasiyası Baş Prokurorluğu xanım Rantsevanın ölümü ilə əlaqədar cinayət təqibinin başlanılması və ərizəçinin əlavə ifadəsinin təqdim olunması üçün onun zərərçəkən qismində işə cəlb edilməsi, eləcə də hüquqi yardım alması barədə təkrarən müraciət etmişdir. O, Kipr hökumətindən qəbul edilmiş qərarlara düzəliş olunması və bu barədə bildirilməsini xahiş etmişdir.
56. 25 noyabr 2002-ci ildə ərizəçi qızının ölümü ilə əlaqədar cinayət işində zərərçəkən qismində tanınmaq üçün Rusiya orqanlarına müraciət etmiş və hüquqi yardım almaq barədə müraciətini təkrarlamışdır. Müraciət Rusiya Federasiyası Baş Prokurorluğu tərəfindən Kipr Ədliyyə Nazirliyinə göndərilmişdir.
57. Rusiya Federasiyası Baş Prokurorunun köməkçisi Qarşılıqlı yardım haqqında Konvensiya və Hüquqi yardım haqqında Sazişə əsaslanaraq, ərizəçinin qızının ölümü ilə əlaqədar cinayət təqibinin başlanılması və Kiprdə ona hüquqi yardım göstərilməsi barədə Kipr orqanlarına edilmiş ətraflı müraciətinə istinad edərək, Kipr Ədliyyə Nazirliyinə 27 dekabr 2002-ci il tarixli məktub ünvanlanmışdır. Məktubda bildirilirdi ki, sözügedən məsələ ilə bağlı heç bir məlumat alınmamışdır və cavab verilməsi xahiş edilir.
58. 13 yanvar 2003-cü il tarixdə Rusiya səfirliyi Kipr Xarici İşlər Nazirliyindən xanım Rantsevanın ölümü ilə əlaqədar hüquqi yardım alınması barədə müraciətinə təcili cavab verilməsini xahiş etmişdir.
59. Rusiya Federasiyası Baş Prokurorluğunun 17 və 31 yanvar 2003-cü il tarixli məktublarında qeyd edilib ki, hüquqi yardımın göstərilməsi barədə eyni məzmunlu müraciətlərə Kipr orqanlarından heç bir cavab alınmamışdır.
60. 4 mart 2003-cü il tarixdə Kipr Ədliyyə Nazirliyi Rusiya Federasiyası Baş Prokuroruna məlumat vermişdir ki, Prokurorluğun tələbi Kipr polisi tərəfindən lazımi qaydada yerinə yetirilmişdir. Cavab məktubuna polis rəisinin məktubu və ərizəçinin 2001-ci ilin avqust ayında Limassol Polis İdarəsinə gəlişinə dair 8 iyul 2002-ci il tarixli hesabat da əlavə edilmişdir.
61. 19 may 2003-cü ildə Rusiya səfirliyi xanım Rantsevanın ölümü ilə bağlı hüquqi yardımın göstərilməsinə dair tələbinə dərhal cavab verilməsi üçün Kipr Xarici İşlər Nazirliyinə müraciət ünvanlanmışdır.
62. 05 iyun 2003-cü il tarixdə Rusiya Federasiyası Baş Prokurorluğu Hüquqi yardım haqqında Sazişə müvafiq olaraq əlavə müraciət təqdim etmişdir. Məktubda bildirilirdi ki, 27 dekabr 2001-ci il tarixli qərar əsaslandırılmamış olduğundan, xanım Rantsevanın ölümünün başvermə şəraiti ilə bağlı əlavə istintaq aparılmalıdır. Xüsusilə, qeyd olunurdu ki, hadisənin müəmmalı şəraitdə baş verməsi və xanım Rantsevanın saxlanıldığı mənzildən qaçmağa cəhd etməsinin təsdiqlənməsinə baxmayaraq, qərarda müvafiq şahidlərin ziddiyyətli ifadələrinə istinad edilmir və ya Kipr orqanlarının keçirdikləri autopsiyanın nəticələrinin ətraflı təsviri öz əksini tapmır.
63. 08 iyul 2003-cü ildə Rusiya səfirliyi Kipr Xarici İşlər Nazirliyindən əvvəl edilmiş müraciətlərə təcili cavab verilməsini xahiş etmişdir.
64. 04 dekabr 2003-cü il tarixdə Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Kipr orqanlarının qeyri-adekvat cavabı haqqında ərizəçinin şikayətini Kipr Ombudsmanına göndərmişdir.
65. 17 dekabr 2003-cü il tarixdə Rusiya orqanlarının tələbinə (baxın, yuxarıda 52-ci paraqraf) cavab olaraq, Kipr Ədliyyə Nazirliyi Rusiya Federasiyası Baş Prokurorluğuna Kipr polisi tərəfindən tərtib olunmuş 17 noyabr 2003-cü il tarixli hesabatı göndərmişdir. Hesabat 28 mart 2001-ci il tarixdə hadisə yerində olmuş polis məmurlarından biri tərəfindən tərtib edilmişdi və Rusiya orqanları tərəfindən verilən sorğulara qısa cavablardan ibarət xarakter daşıyırdı. Hesabatda təkrarən bildirilirdi ki, şahidlər dindirilmiş və onların ifadəlari alınmışdır. Qeyd olunurdu ki, bütün ifadələr istintaq tərəfindən nəzərə alınmışdır. Hesabatda daha sonra deyilirdi:
“28 mart 2001-ci il tarixdə təqribən səhər saat 6:30 radələrində həlak olmuş şəxs balkon qapısından otağının balkonuna çıxmış, balkonun məhəccərinə bağladığı mələfə vasitəsilə binanın ikinci mərtəbəsinin balkonuna enmişdir. Qızın çiynində özünün şəxsi çantası olmuşdur. Bu nöqteyi-nəzərdən, o, qaçmaq məqsədilə balkonun alüminium məhəccərindən yapışıb aşağı mərtəbənin balkonuna düşməyə çalışmışdır. Naməlum şəraitdə o, küçəyə yıxılmış və aldığı zədələr nəticəsində dünyasını dəyişmişdir.”
66. Hesabatda göstərilir ki, xanım Rantsevanın 19 mart 2001-ci il tarixdə mənzili hansı səbəblərdən tərk etməsi məlum deyil, lakin istintaq nəticəsində:
“ ...belə nəticəyə gəlinir ki, həlak olmuş şəxs Kiprdən çıxarılmasını istəməmişdir və onu işə götürmüş şəxsin onun qaldığı mənzilin hollunda olması səbəbindən balkondan aşaraq risk etmək qərarına gəlmişdir, bunun nəticəsində də, o, yerə yıxılmış və dərhal ölmüşdür.”
67. Kipr tərəfindən keçirilmiş autopsiyanın nəticələrinin tənqidə məruz qalması və Kipr və Rusiya orqanlarının məhkəmə ifadələrində ehtimal edilən ziddiyyətlərin olması ilə bağlı, hesabatda bildirilirdi ki, bu qeydlər autopsiyanı keçirmiş Kipr məhkəmə tibb ekspertinə çatdırılmışdır. Onun cavabı bundan ilərət olmuşdur ki, onun özünün əldə etdiyi nəticələr kifayətdir və əlavə məlumata ehtiyac yoxdur. Yekun olaraq hesabatda təkrar edilirdi ki, istintaq xanım Rantsevanın ölümü ilə bağlı hər hansı cinayət məsuliyyətinin əlamətlərini aşkar etməmişdir.
68. Rusiyanın Kiprdəki səfiri 17 avqust 2005-ci il tarixli məktubla 14 oktyabr 2005-ci il tarixinə təyin olunmuş məhkəmə iclası haqqında əlavə məlumat verilməsini xahiş etmiş və ərizəçinin pulsuz hüquqi yardım almaq haqqında müraciətini təkrar nəzərə çatdırmışdır. Kipr Ədliyyə Nazirliyi 21 sentyabr 2005-ci il tarixdə faks bildirişi vasitəsilə verdiyi cavabında bildirmişdir ki, Limassol Dairə Məhkəməsi 14 oktyabr 2005-ci il tarixinə təyin edilmiş məhkəmə iclası haqqında heç bir istinad tapmamış və Rusiya orqanlarından məsələyə aydınlıq gətirilməsini xahiş etmişdir.
69. 28 oktyabr 2005-ci il tarixdə ərizəçi Rusiya orqanlarından hazırda Rusiyada yaşayan və xanım Rantseva ilə birlikdə Limassolda kabaredə çalışmış və orada cinsi istismara yol verildiyini təsdiqləyə biləcək iki gənc qadının ifadələrinin alınmasını tələb etmişdir. O, 11 noyabr 2005-ci il tarixdə bu tələbini təkrarən ünvanlamışdır. Rusiya orqanları cavab vermişlər ki, onlar belə ifadələri yalnız Kipr tərəfinin müraciəti əsasında ala bilərlər.
70. Rusiya Federasiyası Baş Prokurorluğu 22 dekabr 2005-ci il tarixli məktubla Kipr Ədliyyə Nazirliyinə müraciət edərək, xanım Rantsevanın ölümü ilə bağlı yeni istintaq işinin başlanılması və Kipr məhkəmə qərarlarına dair apelyasiya şikayətinin verilməsi qaydası barədə sorğu ünvanlanmışdır. Məktubda göstərilirdi ki, əldə olunmuş məlumata görə 14 oktyabr 2005-ci il tarixinə təyin edilmiş məhkəmə iclası xanım Rantseva ilə kabaredə çalışan rus millətindən olan şəxslərin ifadələrinin olmadığına görə təxirə salınmışdır. Yekun olaraq, məktubda əlavə ifadələrin toplanılması üçün Kipr tərəfinin hüquqi yardımın göstərilməsi haqqında öhdəliyinin olması öz əksini tapırdı.
71. Ərizəçinin sözlərinə görə, 2006-cı ilin yanvar ayında Kiprin Baş Prokuroru ərizəçinin vəkilinə bildirmişdir ki, o, cinayət işi əlamətlərinin olmasına dair əlavə dəlillərin əldə edilməsi üçün istintaq işinin yenidən açılması haqqında göstəriş vermək niyyətindədir.
72. 26 yanvar 2006-cı il tarixdə Rusiyanın Kiprdəki səfirliyi Kipr Ədliyyə Nazirliyindən 14 oktyabr 2005-ci il tarixdə təxirə salınmış işə yenidən baxılmasını xahiş etmişdir. Ədliyyə Nazirliyi faks bildirişi vasitəsilə nə Limassol Dairə Məhkəməsinin, nə də Kipr Ali Məhkəməsinin belə bir işə baxılması haqqında qeydlərin olmadığını bildirmiş və güman edilən məsələ barədə ətraflı məlumat verilməsini istəmişdir.
73. 11 aprel 2006-cı il tarixdə Rusiya Federasiyası Baş Prokurorluğu təxirə salınmış işə yenidən baxılmasını xahiş etmiş və bir daha Kiprdə apelyasiya şikayəti prosedurlarına dair məlumat verilməsi barədə sorğusunu təkrarlamışdır.
74. 14 aprel 2006-cı il tarixdə Rusiyanın dövlət orqanlarına göndərdiyi məktubunda Kiprin Baş Prokuroru bildirmişdir ki, o, ərizəçi tərəfindən müəyyən edilmiş iki Rusiya vətəndaşının ifadələrinin alınması barədə Rusiyanın dövlət orqanlarına müraciət ünvanlamaq üçün səbəb görmür. Əgər sözügedən şəxslər Kipr Respublikasında olsalar, onların ifadələri Kipr polisi tərəfindən alına bilər, lakin əgər onlar Rusiyadadırlarsa, onların ifadələrinin alınması üçün Rusiyanın dövlət orqanlarına Kipr orqanlarının razılığı tələb olunmur.
75. 26 aprel 2006-cı ildə Kipr Ədliyyə Nazirliyi güman edilən təxirə salınmış məhkəmə iclası haqqında daha ətraflı məlumat verilməsi barədə Rusiya Federasiyası Baş Prokurorluğunun müraciətinə cavab vermişdir.
76. 17 iyun 2006-cı ildə Rusiya Federasiyası Baş Prokurorluğu Kiprin Baş Prokuroruna yazaraq, xanım Rantsevanın ölümü ilə bağlı istintaqın yenidən başlanılması və hüquqi prosedurların gedişi haqqında məlumat verilməsinə dair müraciətlərin cavabsız qalmasını xatırlatmışdır.
77. 22 iyun və 15 avqust 2006-cı il tarixdə ərizəçi iki rus qadının ifadələrinin alınması haqqında Rusiyanın dövlət orqanlarına təkrar tələblə müraciət etmişdir.
78. 17 oktyabr 2006-cı il tarixdə Kipr Ədliyyə Nazirliyi Rusiya Federasiyası Baş Prokurorluğuna təsdiq məktubu göndərərək bildirmişdir ki, xanım Rantsevanın ölümü ilə əlaqədar istintaq 27 dekabr 2001-ci il tarixdə başa çatmış və müəyyən olunmuşdur ki, onun ölümü bədbəxt hadisə nəticəsində baş vermişdir. Məktubda qeyd olunurdu ki:
“Əlavə dəlillərin olmadığına görə, qərarla bağlı heç bir apellyasiya şikayəti verilməmişdir.”
79. 25 oktyabr 2006-cı il, 27 oktyabr 2006-cı il, 3 oktyabr 2007-ci il və 6 noyabr 2007-ci il tarixlərdə ərizəçi iki rus qadının ifadələrinin alınması barədə Rusiyanın dövlət orqanlarına təkrar müraciətlər etmişdir.
II. Kiprdə “artistlər”in vəziyyəti haqqında hesabatlar
A. Əcnəbi qadınların Kiprin əyləncə mərkəzlərində artist kimi fəaliyyət göstərmələrinə dair Kipr Ombudsmanının 24 noyabr 2003-cü il tarixli Ex Officio hesabatı
80. 2003-cü ilin noyabrında Kipr Ombudsmanı Kiprdə fəaliyyət göstərən “artistlər” haqqında hesabatı dərc etdi. Hesabatın giriş hissəsində o, hesabatın səbəblərini aşağıdakı qaydada izah edirdi (bütün sitatlar hesabatın Kipr hökuməti tərəfindən təqdim edilmiş tərcüməsindən gətirilir):
“[Oksana] Rantsevanın həlak olduğu şəraiti nəzərə alaraq və Kiprə “artist” kimi işləməyə gələn əcnəbi qadınlara qarşı zorakılıq və ya ölüm halları kimi ictimaiyyətin diqqətinə çatdırılmış buna bənzər hallar nöqteyi-nəzərindən, mən ex officio istintaq aparmaq qərarına gəlmişəm...”
81. Xanım Rantsevanın işinə dair xüsusi faktlar barədə o, aşağıdakıları qeyd edir:
“Rəsmi immiqrasiya prosedurlarından sonra o, 16 mart 2001-ci il tarixdə işə başlamışdır. Üç gün sonra o, araşdırılmamış səbəblər üzündən kabareni və qaldığı yeri tərk etmişdir. İşəgötürən fakt barədə Limassolda yerləşən Xarici Vətəndaşlar və İmmiqrasiya Məsələləri üzrə Departamentə məlumat vermişdir. Bununla belə, [Oksana] Rantsevanın adı məlum olmayan səbəblərdən polis tərəfindən axtarılan şəxslərin siyahısına salınmamışdır.”
82. O, həmçinin qeyd edir ki:
“[Oksana] Rantsevanın sərbəst buraxılmaq əvəzinə nədən polis tərəfindən işəgötürənə təslim edilməsi səbəbi qaranlıqdır, belə ki, onun əleyhinə [nə] həbs orderi, [nə də] işdən çıxarılma əmri olmamışdır.”
83. Ombudsman öz hesabatında “artist” sözünün Kiprdə “fahişə” sözü ilə sinonim olmasını qeyd edərək, gənc əcnəbi qadınların kabare aktrisaları kimi işə götürülməsi tarixindən bəhs edir. Hesabatda qeyd edilir ki, 70-ci illərin ortalarından başlayaraq minlərlə gənc qadın estrada artisti kimi işləmək üçün hüquqi yollarla Kiprə gəlirdilər, lakin əslində onlar Kiprdəki kabarelərdə fahişə kimi çalışırdılar. 80-ci illərin əvvəllərindən başlayaraq, səlahiyyətli orqanlar müvafiq immiqrasiya monitorinqinin təmin edilməsi və “hamıya məlum olan və hamı tərəfindən qəbul olunan, Kiprə estrada artisti kimi işləməyə gəlmiş qadınların fahişəliklə məşğul olması fenomenini” məhdudlaşdırmaq üçün daha ciddi rejim tətbiq etmək üçün səy göstərirdilər. Bununla belə, təklif edilmiş tədbirlər kabare menecerlərinin və agentlərin etirazlarına görə yerinə yetirilməmiş qalırdı.
84. Ombudsmanın hesabatında deyilir ki, 90-cı illərdə Kiprdəki fahişə bazarında əsasən Sovet İttifaqının keçmiş ölkələrindən gələn qadınlar işləməyə başladılar. O qeyd edir ki:
“Həmin vaxtlarda belə tədbirlərin və qəbul edilmiş siyasətin həyata keçirilməsində müəyyən inkişafı müşahidə etmək olardı. Lakin müasir əsarət rejimində qadınların cinsi istismarı, alveri və bir yerdən başqa yerə aparılması ilə bağlı heç bir dəyişiklik hiss olunmurdu.”
85. Artistlərin həyat və iş şəraiti haqqında hesabatda deyilir:
“Ölkəyə artist kimi işləməyə gəlmiş qadınların əksəriyyəti keçmiş sosialist ölkələrində yaşayan yoxsul ailələrə mənsubdurlar. Onların əksəriyyəti təhsillidirlər... Bəziləri həqiqətən də artist fəaliyyəti ilə məşğuldurlar. Adətən onlar bilirlər ki, fahişə kimi özlərini satmağa məcbur ediləcəklər. Bununla belə, onlar heç də həmişə bu işi hansı şəraitdə yerinə yetirəcəklərini bilmirlər. Kiprə gələn bir çox əcnəbi qadınların ofisiant və ya rəqqasə kimi çalışacaqları və müştərilərlə yalnız içki içəcəkləri (qonaq etmə) barədə təəssürata malik olduqları hallar mövcuddur...
Belə təzyiqə boyun əyməyən əcnəbi qadınlar işəgötürənlər tərəfindən Xarici Vətəndaşlar və İmmiqrasiya Məsələləri üzrə şöbələrə gələrək müqavilələrinə xitam vermək və əsaslı səbəblərdən Kipri tərk etmək niyyətində olduqlarını bildirməyə məcbur edilirlər. Nəticə etibarilə, işəgötürənlər onları tez bir zamanda digər artistlərlə əvəz edirlər...
Kipr Respublikasına daxil olduqları andan etibarən Kipri tərk edənədək əcnəbi artistlər öz işəgötürənlərinin davamlı müşahidəsi və nəzarəti altında olurlar. İşin başa çatmasından sonra onların istədikləri yerə getməsinə icazə verilmir. Artistlərin yaşadıqları yerdə qapalı şəraitdə saxlanması halları barədə ciddi şikayətlər mövcuddur. Bundan əlavə, onların pasportları və digər şəxsi sənədləri işəgötürənlər və ya artistlərin agentləri tərəfindən götürülür. İtaət göstərməkdən boyun qaçıranlar zor tətbiq edilməklə və ya adətən içkilər, “qonaq etmələr” və kommersiya xarakterli cinsi əlaqədən faiz məbləğlərinin tutulması yolu ilə özünü büruzə verən üsullarla cəzalandırılırlar. Sözsüz ki, bu məbləğlər artistlər tərəfindən imzalanmış müqavilələrə daxil edilir.
...
Ümumilikdə, artistlər adətən kabarelərin yaxınlığında yerləşən artistlərin agentlərinə və ya kabare sahiblərinə məxsus birulduzlu və ya ulduzsuz otellərdə, mənzillərdə və ya qonaq evlərində qalırlar. Bu yerlər davamlı olaraq nəzarət altındadır. Hər bir otaqda üç və ya dörd qadın qalır. Polis tərəfindən verilən məlumata görə bu binaların əksəriyyəti yararsızdır və kifayət qədər sanitariya qovşağına malik deyil.
... Yekun olaraq qeyd olunur ki, Kiprə gələn kimi əcnəbi artistlər səfər xərcləri, onları Kiprə gətirən agentlərin tutduğu komisyon haqları və ya öz ölkələrindəki agentlərin tutduğu komisyon haqları və s. ibarət olan borclarla yüklənirlər. Buna görə də, onlar heç olmasa öz borclarını ödəyə bilmək üçün istənilən şərtlərdə işləməyə məcburdurlar.” (haşiyə yoxdur)
86. Qadınların öz ölkələrində işə götürülməsi ilə əlaqədar, hesabatda deyilir:
“Kiprə işləməyə gələn qadınların yerləşdirilməsi adətən müxtəlif ölkələrdə olan həmkarları ilə birlikdə yerli agentlər tərəfindən aparılır və bütün hazırlıq işləri onların arasında bölüşdürülür. Maksimum altı ay ərzində Kiprdə işlədikdən sonra bu qadınların müəyyən hissəsi Livan, Suriya, Yunanıstan və ya Almaniyaya göndərilirlər.” (haşiyə yoxdur)
87. Ombudsman müşahidə etmişdir ki, polis insan alverinin qurbanlarından az sayda şikayət alır:
“Polis şikayətlərin az olmasını artistlərin vasitəçiləri tərəfindən onlara edilən hədələrdən qorxduqları ilə izah edir.”
88. O, həmçinin qeyd edir ki, şikayət etmiş qurbanların mühafizəsi tədbirləri yetərli deyil. Baxmayaraq ki, onlara istənilən yerdə işləməyə icazə verilir, onların oxşar iş yerlərində işə düzəlməsi tələb olunur. Buna görə də, onlar keçmiş işəgötürənləri tərəfindən asanlıqla aşkar edilirlər.
89. Ombudsman belə nəticəyə gəlir ki:
“İnsan alveri fenomeni bütün dünyada geniş yayılmışdır. İnsan alveri yalnız digərlərinin cinsi istismarından ibarət deyil, eləcə də onların qul və kölə şəklində işləməsini nəzərdə tutur...
Hesabatda nəzərə çatdırılan məlumatdan aydın olur ki, son iki onillik ərzində Kipr yalnız təyinat ölkəsi yox, həm də qadınların sistematik olaraq fahişə bazarına cəlb olunduğu tranzit ölkəyə çevrilmişdir. Bu hal, həmçinin əslində nə baş verdiyindən tam olaraq xəbərdar olan immiqrasiya orqanlarının hədsiz tolerantlığı ilə müşayiət olunur.
Əyləncə və şou yerlərinə daxil olmaq və işləmək üçün icazələrin verilməsində aparılan siyasət əsasında minlərlə əcnəbi qadın təhlükəsizlik sipəri olmadan qanunsuz artist kimi fəaliyyət göstərmək üçün ölkəyə hüquqi yollarla daxil olur. Müxtəlif təzyiq və zorakılıq formaları ilə bu qadınlar öz işəgötürənləri tərəfindən qəddar şərtlər altında fahişəliyə məcbur edilirlər, bu da şəxsi azadlıq və insan ləyaqəti kimi fundamental insan hüquqlarının pozulmasına gətirib çıxarır.” (haşiyə yoxdur)
90. İnsan alveri və cinsi istismarla mübarizə aparmaq üçün mövcud qanuni tədbirləri kifayət hesab etməsinə baxmayaraq, Ombudsman qeyd edir ki, nəzərdə tutulan siyasəti həyata keçirmək üçün praktiki tədbirlər görülməmişdir:
“...Problemin həlli ilə məşğul olan müxtəlif departament və xidmətlər çox vaxt məsələdən xəbərsiz olur və ya lazımi qaydada təlimatlandırılmır və ya Qanunda nəzərdə tutulan öhdəliklərə əhəmiyyət vermirlər...”
B. Avropa Şurası İnsan Hüquqları üzrə Komissarının 2003-cü ilin iyun ayında Kiprə etdiyi səfər barədə 12 fevral 2004-cü il tarixli hesabatından çıxarışlar (CommDH(2004)2)
91. Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı 2003-cü ilin iyun ayında Kiprə etdiyi səfərlə bağlı 12 fevral 2004-cü il tarixli hesabatında qadın alveri ilə bağlı Kiprdə baş verən məsələlərə toxunurdu. Hesabatda, inter alia, qeyd olunurdu ki:
“29. Kiprin nəzərəçarpan iqtisadiyyata və turizm inkişafına malik olmasını nəzərə alaraq, onun necə Şərqi Aralıq dənizi regionunda insan alveri üçün əsas təyinat yerinə çevrilməsini başa düşmək çətin deyil. Bununla əlaqədar immiqrasiya siyasətinin olmaması və qanunvericilikdə rast gəlinən nöqsanlar bu fenomenin güclənməsinə imkan yaratmışdır.”
92. Kiprdə mövcud hüquq strukturu ilə əlaqədar (baxın, aşağıda 127-131-ci paraqraflara), Komissar öz müşahidələrini nəzərə çatdırır:
“30. Səlahiyyətli orqanlar normativ səviyyədə cavab vermişlər. 2000-ci ildə qəbul olunmuş Qanun (3(I) saylı Qanun, 2000-ci il) insan alveri və uşaqların cinsi istismarına qarşı mübarizə aparılması üçün müvafiq struktur yaratmışdır. Qanuna əsasən, İnsan Alveri və Üçüncü Şəxslər Tərəfindən Fahişəliyin İstismarına Qarşı Mübarizə üzrə Konvensiya nöqteyi-nəzərindən insan alveri kimi qəbul edilən hər hansı bir əməl, həmçinin qanunla müəyyən olunmuş oxşar xarakterli digər əməllərə görə 10 il azadlıqdan məhrum etmə cəzası təyin edilir, qurbanın yaşı 18-dən az olduğu təqdirdə isə, cəza müddəti 15 il müddətinə qədər artırılır. Cinsi istismar cinayəti törətmiş şəxslər 15 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilirlər. Qurbanın ətrafında olan şəxslər və ya qurban üzərində səlahiyyətə və ya təsirə malik şəxslər tərəfindən törədildikdə, həbs müddəti 20 il təşkil edir. 4-cü maddənin müddəalarına əsasən, pornoqrafik materialın yaradılması və satılmasında uşaqlardan istifadə edilməsi cinayətdir; 7-ci maddə istismara məruz qalmış şəxslərə mümkün hədd çərçivəsində dövlət tərəfindən yardım edilməsini nəzərdə tutur; belə yardım pul yardımı, müvəqqəti yaşayış yeri ilə təmin olunma, tibbi yardım və psixiatr dəstəyindən ibarətdir. 8-ci maddə məhkəmənin istismar dərəcəsi və ya təqsirləndirilən şəxsin qurbana göstərdiyi təzyiq dərəcəsi ilə əsaslandırılan cəza təyin etmək səlahiyyətinə malik olduğunu vurğulayaraq, belə səlahiyyəti bir daha təsdiqləyir. Kiprdə çalışan və istismarın qurbanı olmuş əcnəbi işçi ilkin icazəsinin (maddə 9) başa çatmasınadək digər iş yeri tapmaq məqsədilə səlahiyyətli orqanlara müraciət edə bilər. Yekun olaraq, Nazirlər Kabineti 10-cu maddəyə müvafiq olaraq, qurbanlar üçün əsas öhdəlikləri onlara məsləhət vermək və yardım etmək, istismar haqqında şikayətlərə baxmaq və təqsirləndirilən şəxsi məhkəmə qaydasında təqib etmək, eləcə də, qanunda mövcud olan hər hansı çatışmazlıqlar və ya boşluqları aşkara çıxarmaq və onların aradan qaldırılması üçün tövsiyələrini verməkdən ibarət olan hami şəxs təyin edir.”
93. Praktiki tədbirlərin görülməsinə dair, Komissar qeyd edir:
“Praktiki səviyyədə hökumət ittihamları əsaslandırmaq məqsədilə işəgötürənlərin əleyhinə şikayət etmiş qadınların ölkədə qalmasına icazə verərək, onları müdafiə etmək üçün cəhd göstərmişdir. Bəzi hallarda qadınlar istintaqın davam etdiyi müddət ərzində Kiprdə dövlət hesabına qalmışlar.”
94. Bununla belə, o, səlahiyyətli orqanları Kipr kabarelərində işləməyə gələn çox sayda gənc əcnəbi qadınların olması probleminin həllini tapa bilmədiyi üçün tənqid edir:
“32. Bununla belə, cəza prosedurları ilə yanaşı, qabaqlayıcı nəzarət tədbirləri də tətbiq olunmalıdır. Səlahiyyətli orqanların özlərinin verdiyi buraxılış nəticəsində Kiprdə gecə klublarında artist kimi çalışmaq məqsədilə gələn gənc qadınların sayı adanın əhalisinin sayının yarısına çatır.”
C. Avropa Şurası İnsan Hüquqları üzrə Komissarının tövsiyələrinin yerinə” yetirilməsində əldə olunan nailiyyətlər haqqında müşahidələrə dair 26 mart 2006-cı il tarixli hesabatından çıxarışlar (CommDH(2006)12)
95. 26 mart 2006-cı il tarixində Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı əvvəlki hesabatında verilən tövsiyələrin yerinə yetirilməsində Kipr Hökumətinin əldə etdiyi nailiyyətlərin qiymətləndirildiyi sonrakı hesabatını dərc etdi. İnsan alveri ilə bağlı məsələlər haqqında hesabatda bildirilirdi ki:
“Komissar özünün 2003-cü il hesabatında qeyd etmişdir ki, Kiprə gecə klublarında çalışmaq üçün gələn gənc qadınların sayı ada əhalisinin sayının yarısına bərabərdir və səlahiyyətli orqanlar bu fenomeni həll etmək üçün qanunvericilikdə nəzərdə tutulan təhlükəsizlik tədbirləri ilə yanaşı, qabaqlayıcı nəzarət tədbirlərini də nəzərə almalıdırlar. Xüsusilə, Komissar insan alverinə qarşı mübarizə aparmaq üçün səlahiyyətli orqanlara tədbirlər planı hazırlamağı və həyata keçirməyi tövsiyə edirdi.”
96. Hesabatda daha sonra deyilirdi:
“49. “Artist” vizaları kimi adlandırılan vizalar əslində gecə klubları və barlarda işə düzəlmək üçün verilən icazələrdir. Bu icazələr 3 ay müddətinə etibarlıdır və əlavə 3 ay müddətinə uzadıla bilər. Müəssisə sahibi hər hansı bir qadın ilə əlaqədar icazənin alınması üçün müraciət edir. Hər il təqribən 4000 ədəd icazə verilir, hal-hazırda belə icazələr əsasında 1200 qadın işləyir və onların əksəriyyəti Şərqi Avropadandır. Miqrasiya Xidməti tərəfindən xüsusi məlumat kitabçası tərtib edilmiş və dörd dilə tərcümə olunmuşdur. Bu kitabça belə icazə əsasında ölkəyə daxil olan qadına təqdim edilir, eyni zamanda Daxili və Xarici İşlər Nazirliklərinin internet səhifələrində verilir və surətləri qadınların Kiprə gəlməzdən qabaq məlumatlandırılması məqsədilə Rusiya, Bolqarıstan, Ukrayna və Rumıniya konsulluqlarına göndərilir. Burada qadınların hüquqları və onların işəgötürənlərinin məsuliyyəti müəyyən edilir. Səlahiyyətli orqanlara məlumdur ki, belə “artist” vizaları ilə ölkəyə daxil olan qadınlar əslində fahişəliklə məşğul olacaqlar.”
97. Komissarın hesabatı Kiprdə son vaxtlarda görülmüş və görülməkdə olan işləri əks etdirir:
“50. Hal-hazırda İnsan alveri haqqında yeni qanun müzakirə olunur. Yeni qanun özündə əməyin istismarı, eləcə də cinsi istismar məqsədilə insan alveri kimi digər istismar növlərini əks etdirəcək. Kipr İnsan Alverinə Qarşı Mübarizə haqqında Avropa Şurası Konvensiyasına qoşulmuş, lakin bunu ratifikasiya etməmişdir.
51. Baş Prokurorluq İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı hazırlamışdır. Fəaliyyət Planı 2005-ci ildə Nazirlər Kabinetinə təqdim olunmuş və təsdiq edilmişdir. Bəzi qeyri-dövlət təşkilatları bununla bağlı konsultasiya prosesinə cəlb edilmədikləri üçün şikayətlərini bildirmişdilər. Daxili İşlər Nazirliyi Fəaliyyət Planının yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Fəaliyyət Planına müvafiq olaraq, cinsi istismara və ya vasitəçiliyə məruz qalmış qadınlar həbs edilmir və ya hər hansı cinayət məsuliyyətinə cəlb olunmurlar, lakin onlar qurban hesab edilir və Əmək və Sosial Müdafiə Nazirliyinin himayəsində saxlanılırlar. Məhkəmə proseslərində şahid qismində çıxış edən zərərçəkən şəxslər işin başa çatmasınadək Kiprdə yaşaya bilərlər. Onların işləmək imkanı var, lakin onlar işləmək arzusunda olmadıqları halda, Nazirlik onların bütün yaşayış, tibbi xərclərini və digər ehtiyaclarını təmin edəcəkdir. İnsan alverinin qurbanı olmuş şəxslər üçün xüsusi prosedurlar təlimatının ilkin variantı hazırlanmış və konsultasiya məqsədilə bütün nazirliklər və hökumət idarələrinə, eləcə də qeyri-dövlət təşkilatlarına təqdim edilmişdir.
52. Hal-hazırda insan alverinin qurbanı olmuş şəxslər üçün xüsusi sığınacaq yoxdur, baxmayaraq ki, onlar dövlət orqanları tərəfindən hər bir əsas şəhərdə mövcud olan dövlətə məxsus qocalar evlərində iki otaqda yerləşdirilirlər. Limassol şəhərində 15 qadının yerləşdirilə biləcəyi sığınacaq tezliklə açılacaq, eləcə də burada sosial işçi, hüquqşünas və könüllü məsləhətçi xidmətləri göstəriləcək.”
98. İnsan alveri ilə əlaqədar məlumat toplanılması və araşdırma aparılması proseslərinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərlə bağlı, o qeyd edir:
“53. 2004-cü ilin aprel ayında polis tərəfindən İnsan Alveri Hallarına Qarşı Mübarizə İdarəsi yaradılmışdır. İdarənin vəzifələri insan alveri ilə bağlı məlumatın toplanılması və qiymətləndirilməsi, bütün polis bölmələri və departamentlərinin Fəaliyyətinin əlaqələndirilməsi, əməliyyatların təşkili və əməliyyatlarda iştirak və istintaq altında olan, məhkəmə prosesini gözləyən və ya məhkəmələrə təqdim edilmiş işlərin nəticələrinin izlənilməsindən ibarətdir. İdarə, həmçinin insan alveri məsələləri üzrə hesabatlar hazırlayır və İnternet məkanında uşaq pornoqrafiyasının yayılması hallarını araşdırır. Əlavə olaraq, idarə Kipr Polis Akademiyasında tədris seminarları təşkil edir.
54. Polisin 2000-ci ildən etibarən 2005-ci ilədək apardığı statistik məlumata əsasən, cinsi istismar, vasitəçilik və fahişəlikdən əldə olunan gəlirlə yaşamaq və s. kimi cinayət hallarına dair daxil olan məlumatların sayı açıq-aydın artmışdır. Qeyri-dövlət təşkilatları təsdiq edirlər ki, insan alveri ilə bağlı məsələlərdən xəbərdar olma halları artmışdır.”
99. Yekun olaraq, qabaqlayıcı tədbirlərə dair Komissar son müsbət dəyişiklikləri nəzərə çatdırır:
“55. Kabarelərə edilən reydlər, yoxlamalar, qadınların sorğu-sual edilməsi, kütləvi informasiya vasitələri ilə əməkdaşlıq və müxtəlif qəzetlərdə çıxan elanlara nəzarət kimi qabaqlayıcı və mübarizə tədbirləri polis tərəfindən də aparılır. Polis anonim pulsuz qaynar xətt təşkil edir və hər kəs yardım almaq və ya məlumat vermək üçün bura zəng edə bilər. İstintaqa cəlb olunmuş kabarelər qara siyahıya salınır və yeni vizaların alınması üçün müraciət edə bilmir.
56. Qurbanın eyniləşdirilməsi və həkim müayinəsinə göndərilməsi prosedurunu təkmilləşdirmək məqsədilə Kipr orqanları tərəfindən müəyyən səylər göstərilmiş və bu məsələ ilə əlaqədar 150 polis zabitinə təlim keçilmişdir. Bununla belə, qeyri-dövlət təşkilatlarına görə, polisin qadınların öz ağır vəziyyətlərinə “razı” olduqları kimi yanaşma tərzi hələ də üstünlük təşkil edir və qurbanın müəyyən edilməsi qeyri-adekvat qalmaqda davam edir.”
100. Hesabatda aşağıdakı nəticələrə gəlinir:
“57. İnsan alveri Kipr daxil olmaqla, Avropa Şurasına üzv dövlətlərin üzləşdiyi ən çətin və mürəkkəb insan hüquqları problemidir. Kiprə estrada artisti vizaları ilə gələn gənc qadınların insan alverinin qurbanı ola biləcəkləri və ya sonradan qeyri-insani davranış və ya zorakılığa məruz qala biləcəkləri təhlükəsi açıq-aydın mövcuddur. Bu qadınlar rəsmi olaraq kabare rəqqasələri kimi işə götürülürlər, lakin çox vaxt onların, həmçinin fahişə kimi işləyəcəkləri gözlənilir. Onlar, adətən Kiprə nisbətən aşağı gəlirə malik ölkələrdəndirlər və öz işəgötürənləri və ya müştərilərinin tələblərinə etiraz etməkdə aciz ola bilərlər. Sistem özü, bir halda ki, müəssisənin sahibi qadının adından icazə üçün müraciət edir, çox vaxt qadını işəgötürən şəxsdən və ya onun agentindən asılı vəziyyətə salır və qadının insan alveri şəbəkəsinin əlinə düşmək təhlükəsini artırır.
58. Komissar Kiprin səlahiyyətli orqanlarından vəziyyətin monitorinqi və artistlərə verilən vizaların insan alveri və ya fahişəliyə məcbur etmə üçün istifadə olunmadığını təmin etmək üçün xüsusilə ayıq olmağı tələb edir. Bu kontekstdə Komissar ölkə ilə bağlı hesabatda əksini tapmış oxşar məsələlərə dair Lüksemburq orqanlarının cəza reaksiyasını və kabare artistlərinin viza rejiminin ləğv olunmasını xatırladır. Cari təcrübəyə dəyişiklik edilməsi ən azı qadınların viza üçün özlərinin müraciət etməsinə və mümkün olduğu təqdirdə, onların ölkəyə daxil olması zamanı onlara məlumat bukletlərinin verilməsinə imkan yarada bilər.
59. Komissar İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planını bu məsələ ilə bağlı atılmış ilk addım kimi alqışlayır və Daxili İşlər Nazirliyini onun tam olaraq həyata keçirilməsini təmin etməyə çağırır. İnsan alveri haqqında yeni qanun da mühüm rol oynayacaq. Bu fenomenlə əlaqədar polis fəaliyyətinin müxtəlifliyi, məsələn, İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin yaradılması, həmçinin uğurlu dəyişiklik hesab olunmalıdır.
60. İnsan alverinin qurbanı olmuş şəxslərin hüquqları ilə əlaqədar səlahiyyətli orqanlar zərərçəkmiş şəxsləri tapmaq və onları sığınacaq və müdafiə ilə təmin edən, eləcə də dəstəkverici xidmətlər göstərən ixtisaslaşmış agentliklərə göndərməyə qabil olmalıdırlar. Komissar Kipr dövlət orqanlarını qurbanların müəyyən edilməsi və yönəldilməsi işində polis zabitlərinə təlim keçilməsinə davam etməyə çağırır və bu sahəyə qadın polis zabitlərin təyin olunmasını təklif edir. Qeyri-dövlət təşkilatları və ictimai xadimlər ilə daha effektiv əlaqələr yaradılmalıdır. Komissar Limassolda sığınacağın mümkün qədər tez bir zamanda istismara veriləcəyinə ümid etdiyini bildirir.”
D. Avropa Şurası İnsan Hüquqları üzrə Komissarının 7-10 iyul 2008-ci il tarixlərdə Kiprə səfəri haqqında 12 dekabr 2008-ci il tarixli hesabatı (CommDH(2008)36)
101. İnsan Hüquqları üzrə Komissar 2008-ci ilin iyul ayında Kiprə etdiyi səfərlə bağlı bu yaxınlarda əlavə hesabat dərc etmişdir. Hesabatda istismar məqsədilə qadın alverinin bir çox Avropa ölkələri, o cümlədən Kipr üçün əsas problem olduğu vurğulanaraq, insan alveri ilə bağlı məsələlər üzrə görülən işlər təhlil edilir. Hesabatda daha sonra deyilir ki:
“33. Artıq 2003-cü ildə Administrasiyanın Komissarı (Ombudsman) qeyd edirdi ki, Kipr insan alveri ilə həm təyinat, həm də tranzit ölkəsi kimi əlaqəlidir, qadınların əksəriyyəti şantaj edilərək seksual xidmətlərin göstərilməsinə məcbur edilmişlər. 2008-ci ildə ada hələ də kommersiya məqsədilə cinsi istismar üçün Filippin, Rusiya, Moldova, Macarıstan, Ukrayna, Yunanıstan, Vyetnam, Özbəkistan və Dominikan Respublikasından gətirilmiş çoxlu sayda qadınlar üçün təyinat ölkəsidir... Qadınlara əmək haqqının verilməsindən tam olaraq və ya qismən boyun qaçırılır, onların pasportları əllərindən alınır və müştərilərə seksual xidmətlərin göstərilməsinə məcbur edilirlər. Bu qadınların çoxu sərbəst şəkildə hərəkət edə bilmir, normal iş saatlarından əlavə işləməyə məcbur edilir və çıxılmaz vəziyyətdə, təcrid olunmuş şəraitdə və ciddi nəzarət altında yaşayırlar.
34. İnsan alverinin qurbanları Kiprə gecə klubları və barlar daxil olmaqla, kabare industriyasında işləmək üçün üç ay müddətinə verilmiş “artist” və ya “əyləncə sahəsi” adlı vizalar və ya şəxsi mənzillər kimi pərdələnmiş massaj salonlarında işləmək üçün turist vizaları əsasında gəlirlər... Sözügedən qadınlar üçün müvafiq icazələr “kabare” adlandırılan müəssisə sahibləri tərəfindən alınır.
35. Gender Problemləri üzrə Aralıq Dənizi İnstitutunun (MİGS) apardığı araşdırmalar 2007-ci ilin oktyabr ayında dərc edilmiş insan alveri haqqında hesabatda öz əksini tapmışdır. Hesabatda deyilir ki, hər il təqribən 2000 əcnəbi qadın “artist” və ya “əyləncə sahəsi” fəaliyyəti üçün verilən qısamüddətli icazələr əsasında adaya gəlirlər. 20 il — 1982-2002-ci illər müddəti ərzində adada fəaliyyət göstərən kabarelərin sayında 111% təşkil edən dramatik artım müşahidə edilmişdir...
36. Səfər zamanı Komissara məlum olmuşdur ki, Kipr Respublikasında hər birinin təqribən 10-15 nəfər qadın işçisi olan 120 kabare fəaliyyət göstərir...” (haşiyə yoxdur)
102. Komissar qeyd edir ki, Hökumət cinsi istismar üçün 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası müəyyən etməklə, insan alverinin bütün formalarını cinayət əməli hesab edən və qurbanlar üçün müdafiə və dəstək tədbirlərini nəzərdə tutan insan alverinə qarşı mübarizə haqqında hərtərəfli qanunvericilik hazırlamışdır (baxın, aşağıda 127-131-ci paraqraflara). O, həmçinin 2007-ci ilin noyabrından istifadəyə verilmiş, dövlət idarəsində olan yeni sığınacağa baş çəkmiş və əlverişli şərait və personalın göstərdiyi diqqətdən təsirlənmişdir. Polis sıralarında olan rüşvətxorluq halları ilə bağlı hesabatda deyilir:
“42. Komissar bildirir ki, polis sıralarında insan alveri ilə bağlı rüşvətxorluq halları azlıq təşkil edir. Səlahiyyətli orqanlardan Komissara verilən məlumata görə, hal-hazıradək insan alveri/fahişəliyə cəlb etmə ilə bağlı üç inzibati hal araşdırılmışdır: bunlardan biri bəraət qazandırma ilə nəticələnmişdir, digər ikisi haqqında isə istintaq hələ də davam edir. Əlavə olaraq, 2006-cı ildə bir polis işçisi insan alveri ilə əlaqəli olduğundan, 14 ay müddətinə azadlıqdan məhrum edilmiş və polis xidmətindən kənarlaşdırılmışdır.”
103. Hesabat Kiprdə artistlərə viza verilməsi rejimi ilə əlaqədar aşağıdakı nəticələrə gəlir:
“45. Komissar bir daha qeyd edir ki, cinsi istismar məqsədilə qadın alveri Kipr daxil olmaqla, Avropa Şurasına üzv olan dövlətlərin üzləşdiyi çətin və mürəkkəb insan hüquqları problemidir. Paradoks bundadır ki, Kipr Hökumətinin insan alverinə qarşı mübarizə aparmaq məqsədilə qanuni nöqteyi-nəzərdən addımlar atmasına və özünün 2005-ci il Milli Fəaliyyət Planınına baxmayaraq, o, hələ də kabare artistləri adlandırılan işçilər üçün icazələr və belə kabarelər üçün lisenziyalar verməkdə davam edir. Kağız üzərində belə icazələr bir növ artistlik fəaliyyəti ilə məşğul olacaq qadınlara verilir, lakin əslində əksər hallarda bu qadınların çoxunun fahişəlik edəcəyi gözlənilir.
46. “Artist” kimi fəaliyyət göstərmək üçün verilən icazələr hüquq-mühafizə orqanlarının zorakılıq və insan alveri hallarını təsdiqləməsi və belə hallara qarşı effektiv mübarizə aparması işini çətinləşdirir. Buna görə də, bu cür icazə növü insan alveri əleyhinə görülən tədbirlərə zidd və ya ən azı onları təsirsiz edən hesab oluna bilər.
47. Bu səbəblərdən, Komissar təəssüf edir ki, dövlətin “artist” fəaliyyəti üçün icazələri ləğv etmək niyyətini ifadə etməsinə baxmayaraq, onlar hələ də verilir. Belə görünür ki, ölkəyə gələn qadınlara təqdim olunan xüsusi məlumat kitabçası az təsirə malikdir, baxmayaraq ki, qadın belə bir kitabça ilə rəsmi şəxsin iştirakı ilə tanış olmalı və imzalamalıdır.
48. Komissar Kiprin səlahiyyətli orqanlarına kabare artistlərinə iş icazələrinin verilməsi üzrə cari sistemin ləğv edilməsini təklif edir.”
104. Komissar, həmçinin qeyd edir ki, insan alverinə qarşı mübarizədə yaxşı təlim keçmiş və motivasiya edilmiş polisin rolu mühüm əhəmiyyət kəsb edir və səlahiyyətli orqanları qurbanların adekvat olaraq və vaxtında müəyyən edilməsinə çağırır.
E. İnsan alveri halları üzrə hesabat, ABŞ Dövlət Departamenti, iyun 2008-ci il
105. ABŞ Dövlət Departamenti insan alverinə dair 2008-ci il hesabatında qeyd edir ki: “Kipr cinsi istismar məqsədilə Filippin, Rusiya, Moldova, Macarıstan, Ukrayna, Yunanıstan, Vyetnam, Özbəkistan və Dominikan Respublikasından gətirilmiş çoxlu sayda qadın üçün təyinat ölkəsidir... İnsan alverinin qurbanı olmuş qadınların əksəriyyəti kabare industriyasında “estrada artisti” kimi çalışmaq məqsədilə üç ay müddətinə verilən icazələr və ya şəxsi mənzillərdə fəaliyyət göstərən massaj salonlarında işləmək üçün turist vizaları əsasında aldadılaraq Kiprə gətirilmişlər.”
106. Hesabatda qeyd edilir ki, Kipr əvvəlki ildən bəri insan alverinin sərt formalarına qarşı mübarizə istiqamətində göstərdiyi səyləri artırmasına dair tutarlı sübut gətirə bilməmişdir.
107. Hesabatda Kipr Hökumətinin nəzərinə aşağıdakı tövsiyələr çatdırılır:
“İnsan alverinə qarşı mübarizənin yaxşı məlum olan üsulu — estrada artisti kimi fəaliyyət göstərə bilmək üçün verilən iş icazələrinin ləğvi və ya əhəmiyyətli dərəcədə məhdudlaşdırılması; insan alverinin qurbanı olmuş şəxslər üçün nəzərdə tutulan sığınacaqda qurbanların müdafiəsi və onlara dəstək verilməsi üçün standart iş prosedurlarının yaradılması; insan alveri və kabare industriyası haqqında geniş yayılmış yanlış təsəvvürləri aradan qaldırmaq üçün xüsusi olaraq müştərilərin və geniş ictimai kütlənin diqqətinə yönəldilən tələbatın azaldılması kampaniyasının işlənib hazırlanması və başlanılması; insan alverinə qarşı mübarizə sahələrinə daha çox resurs ayrılması; və insan alveri ilə məşğul olanların təqsirli bilinməsi və müvafiq qaydada cəzalandırılmasını təmin etmək üçün insan alveri ilə bağlı ittiham prosedurlarının keyfiyyətinin yaxşılaşdırılması.
III. Müvafiq daxili qanunvericilik və təcrübə
A. Kipr
1. Konstitusiyadan çıxarışlar
108. Kipr Konstitusiyasına əsasən yaşamaq və fiziki toxunulmazlıq hüququ 7-ci maddəyə müvafiq olaraq qorunur.
109. 8-ci maddə təsbit edir ki, heç bir şəxs işgəncə və ya qeyri-insani və ya alçaldıcı cəza və ya rəftara məruz qalmamalıdır.
110. 9-cu maddə təminat verir ki:
“Hər bir insanın ləyaqətlə yaşamaq və sosial təminat almaq hüququ vardır. Qanun fəhlələri müdafiə etməli, yoxsullara köməklik göstərməli və sosial sığorta sistemini təmin etməlidir.”
111. 10-cu maddə nəzərdə tutur ki:
“1. Heç bir insan köləlikdə və ya asılılıqda saxlanılmamalıdır.
2. Heç bir insan məcburi və ya icbari əməyə sövq edilməməlidir...”
112. 11-ci maddənin 1-ci bəndində müəyyən edilir ki, hər bir insanın şəxsi azadlıq və təhlükəsizlik hüququ vardır. 11-ci maddənin 2-ci bəndi Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan və qanunla müəyyən edilən hallar istisna olmaqla, hər hansı bir azadlıqdan məhrumetmə halını qadağan edir.
2. Estrada artistləri üçün ölkəyə daxil olma, yaşama və fəaliyyət göstərmək üçün icazələrin alınması
a. Müvafiq vaxtda mövcud olan prosedur
113. 2000-ci ildə Vətəndaşların Qeydiyyatı və Miqrasiya Departamenti “artist” terminini aşağıdakı kimi tərif etmişdir:
“Kabare, musiqi-rəqs və ya digər gecə əyləncə yerlərində çalışmaq üçün Kiprə gəlmək niyyətində olan və yaşı 18-ə çatmış hər hansı bir əcnəbi şəxs.”
114. Xarici Vətəndaşlar və İmmiqrasiya haqqında Qanunun 105-ci fəslinin 20-ci maddəsinə müvafiq olaraq, Nazirlər Şurası əcnəbilərin ölkəyə daxil olması tələblərini qaydaya salmaq, onların miqrasiyası və yerdəyişməsinin monitorinqi, icazələrə malik əcnəbi vətəndaşlarla əlaqədar zəmanətləri tənzimləmək və hər hansı müvafiq haqları müəyyən etmək barədə yurisdiksiyaya malikdir. Bu hüquqların mövcud olmasına baxmayaraq, Kiprə kabare artistləri qismində işləməyə gələnlər üçün ölkəyə daxil olma prosedurları Daxili İşlər Nazirliyinin qərarları və ya göstərişləri, immiqrasiya üzrə məsul şəxslər və Nazirliyin baş direktorları tərəfindən tənzimlənirdi.
115. 1987-ci ildə təqdim edilmiş prosedura müvafiq olaraq, ölkəyə daxil olma, müvəqqəti yaşamaq və Fəaliyyət göstərmək üçün olan icazələr, tərəflər arasında razılaşdırılmış şərtləri əks etdirən müqavilə və estrada artisti kimi fəaliyyət göstərəcək şəxsin pasportunun müvafiq səhifələrinin surətləri ilə birlikdə gələcək işəgötürənə (kabare sahibinə) və artistlərin agentinə təqdim olunmalı idi. Vətənə qayıtma ilə əlaqədar mümkün ola biləcək xərcləri ödəmək üçün artistlərin agentlərinin 10.000 Kipr funtu (CYP) (təqribən 17.000 Avro) məbləğində bank zəmanət məktubu təqdim etmələri tələb olunurdu. Kabare sahiblərinin məsuliyyət daşıdıqları vətənə qayıtma xərclərinin ödənilməsi üçün 2.500 Kipr funtu (CYP) (təqribən 4.200 Avro) məbləğində bank zəmanəti təqdim etmələri tələb olunurdu.
116. Bütün şərtlərin yerinə yetirildiyi təqdirdə, ölkəyə gəlmək və müvəqqəti yaşamaq üçün 5 gün ərzində etibarlı olan icazə alınırdı. Ölkəyə gəlməsindən sonra artistin AİDS (QİÇS) və digər yoluxucu və ya keçici xəstəliklərin olub-olmamasını müəyyən etmək üçün tibbi yoxlamadan keçməsi tələb olunurdu. Nəticələrin qənaətbəxş olduğu təqdirdə, üç ay ərzində müvəqqəti yaşamaq və işləmək üçün icazə verilirdi. Tək bir kabaredə işə götürülə biləcək estrada artistlərinin sayı məhdudlaşdırılmışdı.
117. Artistlərin kabareni müştərilərlə birlikdə tərk etməyə məcbur edilməmələri üçün artistlərin axşam saat 9-dan gecə saat 3-dək kabaredə qalmaları tələb olunurdu, baxmayaraq ki, onların çıxışı bəzən yalnız bir saat sürə bilərdi. Xəstəliyə görə işə çıxmama həkimin arayışı ilə təsdiqlənməli idi. Kabare sahiblərindən tələb olunurdu ki, estrada artistinin işləyə bilmədiyi və ya müqavilənin öhdəliklərini başqa yolla pozduğu hallar barədə İmmiqrasiya İdarəsinə məlumat versinlər. Belə məlumatın verilməməsi artistin vətənə qayıtma xərclərinin kabare sahibi tərəfindən verilmiş bank zəmanəti əsasında ödənilməsi ilə ölkədən çıxarılmasına səbəb ola bilərdi. Əgər artistin agenti fahişəlik kimi cinayətlərlə əlaqəli olmaqda təqsirli bilinərdisə, ona artistlərin ölkəyə gətirilməsinə dair icazə verilmirdi.
b. Digər müvafiq dəyişikliklər
118. 1986-cı ildə artistlərin fahişəliklə məşğul olması üzrə hesabatların təqdim edilməsindən sonra Polis rəisi Kiprə gəlmək istəyən artistlərin onlara viza verilməsi üçün uyğun olub-olmadıqlarını qiymətləndirmək barədə məsuliyyət daşıyan ad hoc komitənin yaradılması barədə təklif irəli sürdü. Lakin bu istiqamətdə heç bir iş görülmədi. Daha məhdud səlahiyyətə malik komitə yaradıldı, lakin vaxt keçdikcə tədricən zəiflədi.
119. 1987-ci ildə təqdim edilmiş prosedur əsasında ölkəyə giriş icazəsinin alınması üçün müraciət artist kimi ixtisaslı olmaq barədə təsdiqləyici sənədlə müşayiət edilməli idi. Bununla belə, bu addımın həyata keçirilməsi o dövrdəki Daxili İşlər Nazirliyinin Baş direktorunun göstərişlərinə əsasən 1987-ci ilin dekabrında dayandırıldı.
120. Artist agentlərinin, həmçinin kabare sahibi olduqları və ya kabareləri idarə etdikləri və ya artistlərinin yaşadıqları yaşayış yerlərinin sahibi olduqları faktı üzrə fikirləri əsas tutaraq, 1990-cı ildə Vətəndaşların Qeydiyyatı və İmmiqrasiya Departamenti bütün artist agentlərinə bildirdi ki, 30 iyun 1990-cı ildən etibarən kabare sahiblərinin həm də artist agentləri kimi fəaliyyət göstərmələrinə icazə verilməyəcək. Onlardan tələb edildi ki, bu iki peşədən hansına üstünlük verdikləri barədə lazımi orqanları məlumatlandırsınlar. Bundan əlavə, artist agentləri ilə əlaqədar bank zəmanətlərinin səviyyəsi 10.000 Kipr funtundan (CYP) 15.000 Kipr funtunadək (CYP), kabare sahibləri ilə əlaqədar isə 2.500-dən 10.000 Kipr funtuna (CYP) qədər artırıldı. Bununla belə, artist agentləri və kabare sahibləri tərəfindən edilən etirazlara görə bu tədbirlər heç vaxt həyata keçirilmədi. Baş verən yeganə dəyişiklik kabare sahiblərinin bank zəmanətinin səviyyəsinin 2.500 Kipr funtundan (CYP) 3.750 Kipr funtunadək (CYP) (təxminən 6.400 Avro) yüksəldilməsi oldu.
3. İstintaq haqqında qanunlar
121. Kiprdə istintaqların aparılması Koronerlər (müəmmalı ölümlərin istintaqını aparan müstəntiqlər) haqqında 1959-cu ildə qəbul olunmuş Qanunun 153-cü fəsli ilə tənzimlənir. 3-cü maddənin müddəalarına əsasən, hər bir dairə hakimi və magistrat öz səlahiyyətləri çərçivəsində istintaq apara bilər. 3-cü maddənin 3-cü bəndində nəzərdə tutulur ki, koroner tərəfindən başlanılmış hər hansı bir istintaq işi Qanunla müəyyən olunmuş qaydada davam etdirilə, tamamlana və ya yenidən açıla bilər.
122. 14-cü maddə istintaq prosedurunu müəyyən edir (Kipr qanunvericiliyinə olan bütün istinadlar tərcümə edilib):
“Hər bir istintaq işində —
(a) Koroner mərhumun şəxsiyyəti və ölümün yeri, vaxtı və üsulu haqqında mümkün olan bütün şahid ifadələrini and əsasında qəbul edir;
(b) Maraqlı tərəflərin hər biri ya vəkili vasitəsilə, ya da şəxsən təmsil oluna və hər hansı bir şahidi sorğu-sual edə və ya işdən asılı olaraq çarpaz sorğu apara bilərlər.”
123. 16-cı maddə koronerin səlahiyyətlərini tənzimləyir və müəyyən edir ki:
“(1) İstintaqı aparan koroner şahidlərin çağırılması, dindirilməsi və onların ifadələrinin alınması və istintaqla bağlı hər hansı bir sənədin tərtibi ilə əlaqədar dairə həkiminin və ya magistratın daşıdığı bütün səlahiyyətlərə malikdir və belə səlahiyyətlərdən istifadə edə bilər.”
124. 24-cü maddənin müddəalarına müvafiq olaraq, koronerin ölüm hadisəsi ilə bağlı hər hansı bir şəxsin əleyhinə ittiham irəli sürmək üçün kifayət qədər əsasların olduğu qənaətinə gəldiyi təqdirdə, o, belə şəxsın yurisdiksiyaya malik məhkəmə qarşısında cavab verməsi məqsədilə məhkəmə çağırışı göndərə və ya onun iştirakını təmin edə bilər.
125. 25-ci maddə nəzərdə tutur ki, ifadənin alınmasından sonra koroner öz qərarını bildirməli və ölənin kim olması, ölümün nə vaxt, harada və necə baş verməsi haqqında məlumatı yazılı şəkildə təsdiqləməlidir. 26-cı maddənin müddəalarına əsasən, əgər istintaq tamamlanarkən koroner istintaqın aparıldığı hadisədə müəyyən bir şəxsin cinayət məsuliyyəti daşıması barədə əlində əsasların olması qənaətinə gələrsə, lakin belə bir şəxsin kimliyini müəyyənləşdirə bilməzsə, o öz qərarını təsdiqləməli və istintaq işinin sürətini istintaqın aparıldığı dairə polisinə təqdim etməlidir.
126. 30-cu maddəyə əsasən, Baş prokurorun müraciətindən sonra Dairə Məhkəməsinin sədri istintaqın aparılması, yenidən başlanılması və ya istintaqın və ya məhkəmə qərarının ləğv olunması barədə göstəriş vermək səlahiyyətinə malikdir.
“(1) Baş prokuror tərəfindən və ya onun səlahiyyəti əsasında müraciət edildiyi təqdirdə, Dairə Məhkəməsinin sədri vacib və ya arzuolunan hesab etdikdə,
(a) hər hansı bir şəxsin ölümü ilə əlaqədar istintaqın aparılması barədə göstəriş verə bilər;
(b) hər hansı bir istintaq işi üzrə əlavə ifadənin alınması və ya işə daxil edilməsi, artıq alınmış ifadə ilə birlikdə baxılması, müəyyən məhkəmə prosesinə aid olan və belə bir istintaq işi ilə uyğunluq təşkil edə bilən ifadənin nəzərə alınması və bütünlükdə yeni qərarın çıxarılması üçün istintaq işinin yenidən açılmasını təmin edə bilər;
(s) hər hansı bir istintaq işi üzrə çıxarılmış qərarı qanuni sayılan və yuxarıdakı bənddə nəzərdə tutulduğu qaydada alınmış və ya əlavə edilmiş ifadələrə əsaslanan başqa bir qərarla əvəzləyə bilər;
(d) yeni istintaqın aparılması haqqında göstəriş verməklə və ya belə göstəriş olmadan, hər hansı bir istintaqı dayandıra bilər.”
4. İnsan alveri
127. İnsan alveri haqqında qanunvericilik Kiprdə İnsan Alveri və Uşaqların Cinsi İstismarına Qarşı Mübarizə haqqında 2000-ci ildə qəbul olunmuş 3(1) saylı Qanunla ifadə olunur. Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən, aşağıdakılar qadağandır:
“a. Gəlir məqsədilə yetkinlik yaşına çatmış şəxslərin aşağıdakı yollarla cinsi istismarı:
i. zorla, güc tətbiq edərək və ya hədə-qorxu gələrək; və ya
ii. dələduzluq yolu ilə; və ya
iii. hər hansı bir şəxsin təzyiqə və ya alçaldıcı rəftara boyun əyməkdən başqa tutarlı və ağlabatan seçiminin olmadığı dərəcədə ona qarşı səlahiyyətindən sui-istifadə etməklə və ya başqa cür təzyiq göstərməklə.
b. Yuxarıdakı (a) yarımbəndində istinad edilən hallarda gəlir əldə etmə və cinsi istismar məqsədləri üçün yetkinlik yaşına çatmış insanların alveri;
c. Yetkinlik yaşına çatmayanların cinsi istismarı və ya onlarla alçaldıcı rəftar edilməsi;
d. Cinsi istismar və ya alçaldıcı rəftar məqsədilə yetkinlik yaşına çatmayanların alveri.”
128. 6-cı maddədə deyilir ki, qurbanın razılığının olması insan alveri cinayəti üzrə məsuliyyətdən azad etmir.
129. 5-ci maddənin 1-ci bəndinə əsasən, yetkinlik yaşına çatmış insanların cinsi istismar məqsədilə alverində təqsirli bilinən şəxslər on ilə qədər azadlıqdan məhrum edilə və ya 10.000 Kipr funtu məbləğində cərimə edilə və ya barələrində hər iki cəza tədbiri birlikdə görülə bilər. Uşaq alveri hallarında potensial azadlıqdan məhrum etmə müddəti on beş il müddətinədək, cərimə məbləği isə 15.000 Kipr funtu məbləğinədək artırılır. 3-cü maddənin 2-ci bəndi müəyyən hallarla əlaqədar daha ağır cəzaları nəzərdə tutur:
“Bu maddənin məqsədləri üçün qurbanla qan qohumluğu və ya üçüncü dərəcəyədək qohumluq əlaqəsi və qurbanın qəyyum şəxs, müəllimlər, yataqxana administrasiyası, reabilitasiya evi, həbsxanalar və ya digər oxşar təşkilatlar daxil olmaqla, vəzifəsinə görə qurban üzərində təsirə və səlahiyyətə malik olan şəxslərlə və səlahiyyətindən sui-istifadə etmə və ya başqa cür məcburetmə formalarına imkan verən oxşar vəzifə və ya vəziyyətə malik digər şəxslərlə hər hansı bir əlaqəsinin olduğu hallar:
a. 1-ci maddənin (a) və (b) yarımbəndlərinin müddəalarına zidd hərəkət edən şəxs cinayət törədir və təqsirli bilindikdən sonra 15 il müddətinə azadlıqdan məhrum etməyə məhkum edilir;
b. 1-ci maddənin (c) və (d) yarımbəndlərinin müddəalarına zidd hərəkət edən şəxs cinayət törədir və təqsirli bilindikdən sonra 20 il müddətinə azadlıqdan məhrum etməyə məhkum edilir.
130. 7-ci maddə insan alverinin qurbanlarını yaşayış yeri, tibbi yardım və psixiatr köməyindən ibarət dəstək verərək qorumaq barədə Dövləti öhdəlikli edir.
131. 10 və 11-ci maddələrin müddəalarına əsasən, Nazirlər Şurası insan alverinin qurbanlarına məsləhət vermək və yönəltmək; istismarla əlaqədar şikayətlərini dinləmək və araşdırmaq; onları müalicə və təhlükəsiz yaşayış yeri ilə təmin etmək; cinayətkarları təqib etmək üçün lazımi addımları atmaq; qurbanların reabilitasiyası, yenidən işə düzəlməsi və ya vətənə qaytarılması istiqamətində tədbirlər görmək; və insan alverinə qarşı mübarizə üzrə qanunda aşkar edilən hər hansı ziddiyyətləri müəyyənləşdirmək üçün “qurbanlar üçün hami” təyin edə bilər. Haminin təyin edilməsinə baxınayaraq, Kipr Ombudsmanının 2003-cü il Hesabatı dövründə (baxın, yuxarıda 80 və 90-cı paraqraflar) onun rolu nəzəri olaraq qalmış və qurbanların müdafiəsini təmin etmək üçün heç bir proqram hazırlanmamışdır.
B. Rusiya
1. Rusiya Cinayət Məcəlləsi üzrə yurisdiksiya
132. Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 11 və 12-ci maddələrinin müddəaları Rusiya cinayət qanunvericiliyinin müəyyən ərazi üzrə tətbiqini müəyyən edir. 11-ci maddə Rusiya Federasiyası ərazisində törədilmiş cinayətlərə dair Rusiyanın yurisdiksiyasını nəzərdə tutur. 12-ci maddənin 3-cü bəndi Rusiya vətəndaşı olmayan şəxslərin Rusiya ərazisindən kənarda Rusiya Federasiyası əleyhinə cinayət törətmələri ilə əlaqədar və beynəlxalq müqavilə ilə nəzərdə tutulan hallarda məhdud yurisdiksiya müəyyən edir.
2. Cinayət Məcəlləsi üzrə ümumi xarakterli cinayətlər
133. Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə müəyyən edilir ki, qətl törətmiş şəxslər azadlıqdan məhrum etmə cəzasına məhkum edilirlər.
134. Rusiya Cinayət Məcəlləsinin 125-ci maddəsinə əsasən, təhlükədə olan şəxsi qəsdən buraxıb getmə və ona yardım etməmə cərimə, icbari işlər, islahedici əmək və ya azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
135. 126 və 127-ci maddələr qaçırılma və qanunsuz yolla azadlıqdan məhrum etmə hallarına görə azadlıqdan məhrum etmə cəzası müəyyən edir.
3. İnsan alveri
136. 2003-cü ilin dekabrında Rusiya Cinayət Məcəlləsinin 127-ci maddəsinin 1-ci bəndinə aşağıdakı qaydada dəyişiklik edilmişdir:
“1. İnsan alveri insanın istismar məqsədilə satın alınması və ya cəlb edilməsi, aparılması, ötürülməsi, gizlədilməsi və ya qəbul edilməsi deməkdir... 5 il müddətinə qədər azadlıqdan məhrum etmə cəzası təyin olunur.
2. Eyni əməllərə aşağıdakı hallarda yol verildikdə:
a) iki və daha artıq şəxs ilə əlaqədar;
...
d) qurbanı Rusiya Federasiyasının dövlət sərhədindən kənara çıxardıqda və ya onu qanunsuz şəkildə xaricdə saxladıqda;
...
f) zor tətbiq edildikdə və ya zor tətbiq ediləcəyi barədə hədə-qorxu gəldikdə;
...
10 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunur.
3. Bu maddənin 1-ci və 2-ci bəndlərində nəzərdə tutulan hallar:
a. bilərəkdən qurbanın ölümü, səhhətinə ciddi xəsarət yetirilməsi və ya digər faciəvi sonluqla nəticələnərsə;
b. bir çox insanın həyat və sağlamlığı üçün hər hansı bir yolla təhlükə törədərsə;
c. mütəşəkkil qrup tərəfindən törədilərsə,
8 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilir.
IV. Müvafiq beynəlxalq sazişlər və digər materiallar
A. Köləlik
1. Köləlik Haqqında 1926-cı il tarixli Konvensiya
137. 1926-cı ildə Cenevrədə imzalanmış Köləlik haqqında Konvensiya 07 iyul 1955-ci il tarixdə qüvvəyə minmişdir. Rusiya Köləlik haqqında Konvensiyaya 08 avqust 1956-cı ildə, Kipr isə 21 aprel 1986-cı ildə qoşulmuşdur. Sənədin giriş hissəsində iştirakçı Tərəflər aşağıdakı qaydada bəyan edirlər:
“Qul ticarəti və köləlik ilə əlaqədar Sen-Jermen-an-Le Konvensiyasının iştirakçiları tərəfindən aydın ifadə olunmuş niyyətlərin bütün dünyada səmərəli həyata keçirilməsi ... arzusunda olaraq və bu məqsədlə də həmin Konvensiyada nəzərdə tutulanlardan daha ətraflı tədbirlərin işlənib hazırlanmasının əhəmiyyətini qəbul edərək,
Bundan əlavə, məcburi əməyin köləliyə analoji hala çevrilməsinin qarşısının alınmasının vacibliyini nəzərə alaraq...”
138. 1-ci maddə köləliyin tərifini aşağıdakı qaydada verir:
“barəsində mülkiyyət hüququna aid bəzi, yaxud bütün səlahiyyətlərin həyata keçirildiyi şəxsin statusu və ya vəziyyəti”.
139. 2-ci maddəyə əsasən, iştirakçı tərəflər qul ticarətinin qarşısını almaq və ona qarşı mübarizə aparmaq və köləliyin bütün formalarının tədricən və mümkün qədər tez bir zamanda ləğv edilməsi barədə öhdəlik qəbul edirlər.
140. 5-ci maddə məcburi və ya icbari əmək şərtlərinə aiddir və inter alia, təsbit edir ki:
“Konvensiyanın Tərəfləri məcburi və ya icbari əməyə məcbur edilmənin faciəvi nəticələri ola biləcəyini qəbul edir və hər biri öz suverenliyi, yurisdiksiyası, müdafiəsi, suveren hakimiyyəti və ya himayəsində olan ərazi ilə əlaqədar məcburi və ya icbari əməyin köləliyə analoji hallara çevrilməsinin qarşısını almaq üçün bütün zəruri tədbirləri görmək haqqında öhdəlik götürürlər.”
141. 6-cı maddə Köləlik haqqında Konvensiyanın məqsədlərinin həyata keçirilməsi nöqteyi-nəzərindən, qanunvericilikləri qanun pozuntularının cəzalandırılmasına dair qüvvəyə minmiş müddəalara cavab verməyən Dövlətlərdən belə qanun pozuntuları ilə əlaqədar ciddi cəzaların tətbiq edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini tələb edir.
2. Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının presedent-hüququ
142. Köləliyə cinsi istismar məqsədilə insanlıq əleyhinə olan bir cinayət kimi baxıldığı birinci işdə — Prokuror Kunarak, Vukoviç və Kovaka qarşı 12 iyun 2002-ci il tarixli işdə Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı müşahidə etmişdir ki:
“117. ...Köləlik haqqında 1926-cı il tarixli Konvensiyada tərifi verilən və çox vaxt “qul əməyi” adlandırılan ənənəvi köləlik anlayışı mülkiyyət hüququna dair hər hansı və bütün səlahiyyətlərin həyata keçirilməsinə əsaslanan müxtəlif müasir köləlik formalarını əhatə edən səviyyəyə gəlmişdir. Bu müxtəlif müasir köləlik formalarında qurban “qul əməyi” ilə əlaqəli ifrat mülkiyyət hüquqlarının həyata keçirilməsinə məruz qalmır, lakin mülkiyyət hüququna aid edilən istənilən və bütün səlahiyyətlərdən istifadənin nəticəsində hüquqi qabiliyyətin bir növ məhvi baş verir; “qul əməyi” halında hüquqi qabiliyyətin məhvolma dərəcəsi daha yüksəkdir, amma fərqli dərəcələrdən biridir...”
143. Belə nəticəyə gəlinir ki:
“119. ... xüsusi bir halın köləlik forması olub-olmaması, “bir kəsin hərəkətinə nəzarət, fiziki şəraitə nəzarət, psixoloji nəzarət, qaçmanın qarşısını almaq və ya tutub saxlamaq üçün görülən tədbirlər, zorakılıq, zorakılıqla hədələmə və ya məcburetmə, müstəsnalığın davam etdirilməsi və möhkəmləndirilməsi, qəddar rəftar və təhqirə məruz qoyma, cinsi istismar və məcburi əmək [daxil olmaqla], belə köləlik faktorları və ya xüsusiyyətlərinin istifadəsindən asılıdır. Nəticə etibarilə, əsas ideya daxilində dərk edilən köləliyin bütün müasir formalarının tamamilə aradan qaldırılması mümkün deyil...”
3. Roma Nizamnaməsi
144. 01 iyul 2002-ci il tarixdə qüvvəyə minmiş Beynəlxalq Cinayət Tribunalı haqqında Nizamnamənin (“Roma Nizamnaməsi”) 7-ci maddəsinin 1-ci bəndinin “c” yarımbəndində müəyyən edilir ki, “köləlik” anlayışı:
“şəxs barəsində mülkiyyət hüququna dair istənilən və bütün səlahiyyətlərin həyata keçirilməsini bildirir və belə hüquqdan insan alveri, xüsusilə, qadın və uşaq alverində istifadəni də nəzərdə tutur.”
145. Kipr 15 oktyabr 1998-ci ildə Roma Nizamnaməsini imzalamış və 07 mart 2002-ci ildə ratifikasiya etmişdir. Rusiya Roma Nizamnaməsini 13 sentyabr 2000-ci ildə imzalamış, lakin ratifikasiya etməmişdir.
B. İnsan alveri
1. İnsan alverinə dair əvvəlki sazişlər
146. İnsan alverinin qarşısını almaq üçün ilk beynəlxalq sənəd olan Ağ kölələrin alverinin qarşısının alınması üzrə Beynəlxalq Saziş 1904-cü ildə qəbul edilmişdir. Bundan sonra 1910-cu ildə Ağ kölələrin alverinin qarşısının alınması üzrə Beynəlxalq Konvensiya qəbul edilmişdir. Sonralar, 1921-ci ildə Millətlər Liqası 1933-cü il tarixli Yetkinlik yaşına çatmış qadınların alverinin qarşısının alınması üzrə Beynəlxalq Konvensiya ilə təsdiq olunmuş Qadın və Uşaq alverinin qarşısının alınması üzrə Beynəlxalq Konvensiyanı qəbul etmişdir. İnsan alveri və digər şəxslərin fahişəliyinin istismarının qarşısının alınması üzrə 1949-cu il tarixli Konvensiyaya əsasən əvvəlki sənədlər Birləşmiş Millətlər Təşkilatının himayəsi altına keçmişdir.
2. Qadınlara qarşı hər növ ayrı-seçkiliyin aradan qaldırılması üzrə Konvensiya
147. Qadınlara qarşı hər növ ayrı-seçkiliyin aradan qaldırılması üzrə Konvensiya (QNAAK) 1979-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmişdir. Rusiya QNAAK-ı 23 yanvar 1981-ci il tarixdə ratifikasiya etmiş, Kipr isə ona 23 iyul 1985-ci il tarixdə qoşulmuşdur.
148. QNAAK-ın 6-cı bəndinə əsasən:
“Üzv Dövlətlər bütün növ qadın alveri və qadın fahişəliyinin istismarının qarşısını almaq məqsədilə bütün müvafiq tədbirləri, o cümlədən qanunverici tədbirlər görməlidir.”
Palermo Protokolu
149. 2000-ci il tarixli Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan, İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında Protokol (“Palermo Protokolu”) Kipr tərəfindən 12 dekabr 2000-ci il, Rusiya tərəfindən isə 16 dekabr 2000-ci il tarixdə imzalanmışdır. Protokol onlar tərəfindən müvafiq olaraq 26 may 2004-cü il və 6 avqust 2003-cü il tarixlərdə ratifikasiya edilmişdir. Onun preambulasına əsasən aşağıdakılar qeyd edilir:
“insan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması üzrə səmərəli tədbirlərin görülməsinə və onunla mübarizə aparmaq üçün mənşə, tranzit və təyinat ölkələrində bu cür alverin qarşısının alınmasına, bununla məşğul olan şəxslərin cəzalandırılmasına və bu cür alverin qurbanlarının müdafiəsinə, o cümlədən onların beynəlxalq səviyyədə tanınmış insan hüquqlarının müdafiəsinə yönələn tədbirləri özündə əks etdirən hərtərəfli beynəlxalq yanaşmanın zəruriliyini bəyan edərək,”
150. 3-cü maddənin “a” yarımbəndi “İnsan alverini” aşağıdakı kimi müəyyən edir:
“güc tətbiq etmək hədəsi ilə və ya güc tətbiq etməklə və ya məcburetmə, oğurlama, dələduzluq, aldatma, hakimiyyətdən və ya vəziyyətin zəifliyindən sui-istifadə etməklə, yaxud da digər şəxsə nəzarət edən şəxsin razılığını almaq üçün ödəniş və ya mənfəət şəklində rüşvət verməklə, insanların istismar məqsədilə cəlb edilməsi, daşınması, təhvil verilməsi, gizlədilməsi və ya alınması başa düşülür. İstismar ən azı digər şəxslərin fahişəliyinin istismarını və ya cinsi istismarın digər formalarını, icbari əməyi və ya xidmətləri, köləliyi, köləliyə bənzər adətləri, asılılıq vəziyyətini və ya orqanların çıxarılmasını nəzərdə tutur.”
151. 3-cü maddənin “b” yarımbəndi müəyyən edir ki, “a” yarımbəndində göstərilən təsir vasitələrindən hər hansı biri istifadə edilmişdirsə, insan alveri qurbanının planlaşdırılmış istismara razılığı nəzərə alınmır.
152. 5-ci maddə Dövlətlərin üzərinə aşağıdakı öhdəlikləri qoyur:
“bu Protokolun 3-cü maddəsində göstərilən əməlləri, onlar qəsdən törədildikdə, cinayət qanunu ilə cəzalandırılan əməl kimi tanımaq üçün zəruri qanunverici və digər tədbirlər görür.”
153. İnsan alveri qurbanlarına yardım və onların müdafiə olunması məsələsi 6-cı maddədə nəzərdə tutulur. O, müvafiq hallarda aşağıdakıların yerinə yetirilməsini müəyyən edir:
“2. Hər bir İştirakçı dövlət təmin edir ki, onun daxili hüquqi və ya inzibati sistemi insan alveri qurbanlarına lazım gəldikdə:
a. müvafiq məhkəmə və inzibati araşdırma haqqında məlumatın təqdim edilməsinə;
b. müdafiənin hüquqlarına xələl gətirməyən, müvafiq cinayət icraatı mərhələlərində cinayəti törətmiş şəxslər barəsində onların fikir və qorxularının izah edilməsinə və baxılmasına imkan verən yardımın göstərilməsini mümkün edən tədbirləri nəzərdə tutsun.
3. Hər bir İştirakçı dövlət insan alveri qurbanlarının fiziki, psixoloji və sosial reabilitasiyasının təmin edilməsi üçün tədbirlərin həyata keçirilməsi mümkünlüyünü nəzərdən keçirir...
5. Hər bir İştirakçı dövlət insan alveri qurbanlarının öz ərazisində olan müddət ərzində fiziki təhlükəsizliyini təmin etməyə çalışır.”
154. İnsan alverinin qarşısının alınması haqqında 9-cu maddəyə əsasən:
“1. İştirakçı dövlətlər birgə əsaslarla:
a. insan alverinin qarşısının alınması və onunla mübarizə; və
b. insan alveri qurbanlarının, xüsusilə də qadınların və uşaqların yenidən qurbana çevrilməkdən (reviktimizasiyadan) müdafiə olunması məqsədilə siyasət, proqramlar və digər tədbirlər işləyib hazırlayır və tətbiq edirlər.
2. İştirakçı dövlətlər insan alverinin qarşısının alınmasına və onunla mübarizəyə yönələn tədqiqatların keçirilməsi, informasiya kampaniyalarının, o cümlədən həmin kampaniyaların kütləvi informasiya vasitələrində keçirilməsi, eləcə də sosial-iqtisadi təşəbbüslərin həyata keçirilməsi kimi tədbirlərin görülməsinə çalışırlar.
Bu maddəyə uyğun olaraq işlənib hazırlanan və qəbul edilən siyasət, proqramlar və digər tədbirlər lazımi hallarda qeyri-hökumət təşkilatları, digər müvafiq təşkilatlar və vətəndaş cəmiyyətinin digər elementləri ilə əməkdaşlığı özündə əks etdirə bilər.
4. İştirakçı dövlətlər insan alveri nöqteyi-nəzərindən insanların, xüsusilə də qadın və uşaqların zəifliyini şərtləndirən yoxsulluq, inkişafın aşağı səviyyədə olması və bərabər imkanların olmaması kimi amillərin təsirinin azaldılmasına yönələn tədbirlər qəbul edir və ya təkmilləşdirirlər, o cümlədən bunları ikitərəfli və ya çoxtərəfli əməkdaşlıqla həyata keçirirlər.
5. İştirakçı dövlətlər insanların, xüsusilə də qadın və uşaqların istismarına (onun bütün təzahürlərinə — çünki, bu, insan alverinə gətirib çıxarır) səbəb olan tələbata qarşı yönələn, məsələn, təhsil və mədəniyyət sahələrində və ya sosial sahələrdə qanunverici və ya digər tədbirlər qəbul edir və ya təkmilləşdirirlər, o cümlədən bunları ikitərəfli və ya çoxtərəfli əməkdaşlıqla həyata keçirirlər.”
155. 10-cu maddə müvafiq orqanlar arasında səmərəli şəkildə məlumatın mübadilə edilməsi və hüquq-mühafizə və miqrasiya orqanlarının kadrlarının təlimi tələbini vurğulayır. Maddə, mümkün olan hallarda, aşağıdakıların yerinə yetirilməsi zərurətini müəyyən edir:
“1. İştirakçı dövlətlərin hüquq mühafizə, miqrasiya və ya digər müvafiq orqanları lazım gəldikdə öz daxili qanunvericiliklərinə uyğun olaraq aşağıda göstərilənləri müəyyən etmək üçün bir-biri ilə məlumat mübadiləsi vasitəsilə əməkdaşlıq edirlər:
...
(c) insan alveri məqsədilə mütəşəkkil cinayətkar qrupların istifadə etdiyi vasitələri və üsulları, o cümlədən qurbanların cəlb edilməsi və daşınması, bu cür alverlə məşğul olan qruplar və ayrı-ayrı şəxslər arasında marşrutları və əlaqələri, habelə bu cür qrupların daxilində olan əlaqələri və onların aşkar edilməsi üçün mümkün tədbirləri.
2. İştirakçı dövlətlər hüquq mühafizə, miqrasiya və digər müvafiq orqanların əməkdaşlarının insan alverinin qarşısının alınması məsələlərinə dair hazırlığını təmin edir və ya təkmilləşdirir. Göstərilən hazırlıq bu cür alverin qarşısının alınması üsullarına, həmin alverlə məşğul olan şəxslərin cinayət təqibinə və qurbanların hüquqlarının müdafiəsinə, o cümlədən qurbanların belə alverlə məşğul olan şəxslərdən müdafiəsinə yönəlməlidir. Hazırlıq zamanı, həmçinin insan hüquqlarına riayət olunması vacibliyi, uşaq və gender (cins) problemləri nəzərə alınmalıdır, hazırlıq qeyri-hökumət təşkilatları, digər müvafiq təşkilatlar və vətəndaş cəmiyyətinin digər elementləri ilə əməkdaşlığa yardım etməlidir.”
4. İnsan alveri ilə mübarizə üçün Avropa Birliyinin Tədbiri
156. Avropa Birliyi Komissiyası insan alverinə qarşı mübarizə haqqında Çərçivə Qərar qəbul etmişdir (2002/JHA/629 saylı 19 iyul 2002-ci il tarixli Çərçivə Qərarı). O, Üzv Dövlətlərin cinayət hüququnda cinayət, cərimələr (cəza), yurisdiksiya və məhkəmə təqibi, qurbanların müdafiəsi və onlara yardım anlayışlarının təriflərinin uyğunlaşdırılması üçün tədbirlərin görülməsini nəzərdə tutur.
157. 2000-ci ildə Komissiya insan alverinə qarşı mübarizə və onun qarşısının alınması işində qabaqcıl təcrübə, standart və prosedurlarla bağlı tədbirlər planı qəbul etmişdir (OJ C 311/1 saylı 9.12.2005 tarixli). Tədbirlər planı Üzv Dövlətlər, Komissiya və digər AB orqanları tərəfindən AB tədbirlərinin uzlaşdırılması, problemin müəyyən olunması, insan alverinin qarşısının alınması, tələbatın azaldılması, insan alveri hallarının araşdırılması və məhkəmə vasitəsilə təqib edilməsi, insan alveri qurbanlarının müdafiəsi və onlara yardım, ölkəyə qaytarılması və reinteqrasiyası (təkrarən vətəndaşlıq alması) və xarici əlaqələri özündə cəmləşdirən addımların atılmasını təklif edir.
5. Avropa Şurasının insan alverinə qarşı ümumi tədbiri
158. Son illər Avropa Şurasının Nazirlər Komitəsi insanların cinsi istismar məqsədilə alverinə qarşı üç hüquqi sənəd qəbul etmişdir: Nazirlər Komitəsinin üzv dövlətlərə insanların cinsi istismar məqsədilə alverinə qarşı tədbirlərin görülməsi haqqında № R (2000) 11 saylı Tövsiyəsi; Nazirlər Komitəsinin üzv dövlətlərə uşaqların cinsi istismardan müdafiə olunması haqqında № Rec (2001) 16 saylı Tövsiyəsi; Nazirlər Komitəsinin üzv dövlətlərə qadınların zorakılıqdan müdafiə olunması haqqında № Rec (2005) 5 saylı Tövsiyəsi. Həmin üç sənəd, inter alia, təriflər, ümumi tədbirlər, metodoloji və tədbir çərçivəsi, önləyici tədbirlər və müdafiə, cinayət hüququ sahəsində tədbirlər, hüquqi əməkdaşlıq və beynəlxalq əməkdaşlıq və tədbirlərin uzlaşdırılması məqsədilə tədbirləri özündə cəmləşdirən pan-Avropa (bütün Avropa ölkələrini əhatə edən) strategiyanı təklif edir.
159. Avropa Şurasının Parlament Assambleyası bu sahədə, həmçinin bir neçə sənəd qəbul etmişdir: Avropa Şurasının üzv Dövlətlərində qadınların alveri və məcburi fahişəliyinə dair 1325 saylı (1995) Tövsiyə; Avropada qadınlara qarşı zorakılığa dair 1450 saylı (2000) Tövsiyə; Ev köləliyinə dair 1523 saylı (2001) Tövsiyə; Şərqi Avropa marşrutuna son qoymaq məqsədilə Moldovanın nümunəsi əsasında həddi-büluğa çatmamış uşaqların alveri əleyhinə kampaniyaya dair 1526 saylı (2001) Tövsiyə; Qadınların alveri əleyhinə kampaniyaya dair 1545 saylı (2002) Tövsiyə; Qadın alveri və fahişəliyi ilə bağlı miqrasiyaya dair 1610 saylı (2003) Tövsiyə və Ev şəraitində köləlik barədə 1663 (2004) saylı Tövsiyə: Köləlik, au pairs (yaşayış yeri, yemək və pul üçün ev işini görən xarici qadın) və “kataloqla gəlinlərə” dair 1663 saylı (2004) Tövsiyə.
6. İnsan alverinə qarşı Tədbir haqqında Avropa Şurasının Konvensiyası, CETS № 197, May 2005-ci il
160. İnsan alverinə qarşı Tədbir haqqında Avropa Şurasının Konvensiyası (“İnsan Alverinə qarşı Konvensiya”) Kipr tərəfindən 16 may 2005-ci il tarixdə imzalanmış və 24 oktyabr 2007-ci ildə ratifikasiya olunmuşdur. O, Kiprə münasibətdə 01 fevral 2008-ci il tarixdə qüvvəyə minmişdir. Rusiya Konvensiyanı hələ imzalamaq üzrədir. Ümumilikdə, Avropa Şurasının 41 Üzv Dövləti İnsan Alverinə qarşı Konvensiyanı imzalamış, daha 26 Üzv Dövlət isə onu ratifikasiya etmişdir.
161. İnsan Alverinə qarşı Konvensiyaya əlavə edilən İzahedici məruzə vurğulayır ki, insan alveri bu gün Avropada insan hüquqları və başlıca dəyərlərini təhlükə altına qoyan böyük bir problemdir. Məruzədə bu cür davam edilir:
“Qurbanlarını cinayətə vadar etməklə, insan alveri bütün dünyada yayılmış olan qədim qul alverinin müasir formasıdır. O, insanlarla satıla və ya satın alına bilən mal kimi rəftar edir və onları, adətən fahişəlik sahəsində, həmçinin kənd təsərrüfatı, yaxud rəsmi və ya qeyri-rəsmi ağır əmək tələb edən müəssisələrdə cüzi ödənişlə, yaxud tamamilə pulsuz işləməyə macbur edir. İnsan alverinin daha çox müəyyən olunan qurbanları qadınlar olurlar, lakin kişilər də bəzən insan alverinin qurbanlarına çevrilə bilərlər. Bundan başqa, qurbanlardan çoxu gənc, bəzən uşaq yaşında olurlar. Onların hamısı acından ölməmək üçün pul qazanmağa çalışırlar və nəticədə həyatları istismar və acgözlük qurbanına çevrilir.
Effektiv olmaq üçün insan alveri ilə mübarizə strategiyası önləyici tədbirlər, qurbanların insan hüquqlarının qorunması və insan alverçilərinin məhkəmə təqibini özündə cəmləşdirən çoxsahəli mövqe qəbul etməli və eyni zamanda müvafiq yerli qanunları bir-birinə uyğunlaşdırmalı və həmin qanunların müntəzəm və effektiv şəkildə tətbiq olunmasını təmin etməlidir.”
162. Bu preambulada İnsan Alverinə qarşı Konvensiya, inter alia, aşağıdakıları da bəyan edir:
“Nəzərə alaraq ki, insan alveri insan hüquqlarının pozulması və insan ləyaqətinin alçaldılmasını və şəxsiyyətin toxunulmazlığının pozulmasını təşkil edir;
Nəzərə alaraq ki, insan alveri onun qurbanları üçün köləliklə nəticələnə bilər;
Nəzərə alaraq ki, qurbanların hüquqlarına hörmət, onların müdafiəsi və insan alverinə qarşı mübarizə tədbiri ən vacib vəzifələrdən biri olmalıdır;
...”
163. 1-ci maddə müəyyən edir ki, İnsan Alverinə qarşı Konvensiyanın məqsədi insan alverinin qarşısının alınması və onunla mübarizənin aparılması, insan alverinin qurbanlarının insan hüquqlarının qorunması, qurban və şahidlərin müdafiəsi və onlara yardımın göstərilməsinə dair hərtərəfli sistemin işlənib hazırlanması və insan alverinin effektiv istintaqı və məhkəmə təqibindən ibarətdir.
164. 4-cü maddənin “a” yarımbəndi Palermo Protokolunun insan alveri tərifini qəbul edir və 6-cı maddənın “b” yarımbəndi insan alveri qurbanının istismara razı olub-olmadığı haqqında şərtin əhəmiyyətsiz olduğunu bir daha təkrar edir (baxın, yuxarıda 150-151-ci paraqraflar).
165. 5-ci maddə Dövlətləri insan alverinin qarşısını almağa çağırır və, inter alia, aşağıdakıları müəyyən edir:
“1. Hər bir Tərəf insan alverinin qarşısının alınması və onunla mübarizə aparılması üçün cavabdeh olan müxtəlif orqanlar arasında milli koordinasiyanın qurulması və ya möhkəmləndirilməsi üçün tədbirlər görməlidir.
2. Hər bir Tərəf insan alverinin qarşısını almaq üçün araşdırma, məlumatlandırma, maarifləndirmə və təhsil kampaniyaları, sosial və iqtisadi təşəbbüslər və treninq proqramları (xüsusilə də, insan alverinə qarşı həssas ola bilən qruplar və insan alveri məsələləri ilə məşğul olan mütəxəssislər üçün) vasitəsilə təsirli siyasət və proqramlar yaratmalı və/ya onları möhkəmləndirməlidir.
...”
166. 6-cı maddə Dövlətlərdən insan alveri üçün zəmin yaradan tələbatı azaltmaq məqsədilə tədbirlər görməyi tələb edir və müvafiq hallarda aşağıdakıları müəyyən edir:
“İnsan, xüsusilə də qadın və uşaqların hər növ istismarı üçün zəmin yaradan və insan alverinə gətirib çıxaran tələbatı azaltmaq məqsədilə bütün Tərəflər qanunverici, təhsil, mədəni və digər tədbirlər görməli, yaxud onları möhkəmləndirməlidir, o cümlədən:
a. qabaqcıl təcrübə, üsul və strategiyaları araşdırmaq;
b. tələbatın insan alverinin ən əsas səbəbi kimi müəyyən olunmasında kütləvi informasiya vasitələri və vətəndaş cəmiyyətinin məsuliyyəti və rolu haqqında biliklərin artırılması;
c. müvafiq surətdə, inter alia, dövlət orqanları və yüksək rütbəli məmurları cəlb etməklə, məlumatlandırma kampaniyalarının aparılması;
...”
167. 10-cu maddə treninq və əməkdaşlığa dair tədbirləri təsvir edir və aşağıdakıları müəyyən edir:
“1. Hər bir Tərəf öz müvafiq orqanlarına insan alverinin qarşısının alınması və onunla mübarizə, qurbanların, o cümlədən uşaqların müəyyən olunması və onlara yardım göstərilməsi işində səriştəli olan və treninq keçmiş şəxslər ayırmalı və təmin etməlidir ki, müxtəlif dövlət orqanları həm bir-biri ilə, həm də müxtəlif yardım təşkilatları ilə əməkdaşlıq etsin, belə ki, insan alveri qurbanları, qadın və uşaq qurbanların xüsusi vəziyyətini nəzərə alan münasib prosedur vasitəsilə müəyyən edilə bilsin...
2. Hər bir Tərəf başqa Tərəflər və əlaqədar yardım təşkilatları ilə əməkdaşlıqda qurbanları müəyyən etmək üçün lazım ola biləcək qanunverici və digər tədbirləri qəbul etməlidir. Hər bir Tərəf təmin etməlidir ki, müvafiq orqanların hər hansı bir şəxsin insan alveri qurbanı olduğunu düşünməyə əsası varsa, həmin şəxs Konvensiyanın 18-ci maddəsində sözügedən cinayət qurbanının müəyyən olunması prosesi müvafiq orqanlar tərəfindən başa çatdırılmayınca, ölkədən xaric edilə bilməsin və bundan başqa, təmin etməlidir ki, həmin şəxs 12-ci maddənin 1 və 2-ci bəndlərində müəyyən olunan yardımı alsın.
...”
168. 12-ci maddə müəyyən edir ki,
“1. Hər bir Tərəf qurbanlara fiziki, psixoloji və sosial cəhətdən bərpa olunmaqda yardım etmək üçün lazım olan qanunverici və digər tədbirləri qəbul etməlidir...
2. Hər bir Tərəf qurbanların təhlükəsizlik və müdafiə tələbatlarını lazımi şəkildə nəzərə almalıdır.
...”
169. 18-dən 21-ci maddəyə kimi müəyyən olunan şərtlər Dövlətlərdən aşağıdakı hərəkətləri cinayət hesab etməyi tələb edir:
“18. Hər bir Tərəf bu Konvensiyanın 4-cü maddəsində sözügedən hərəkətlərin, onlar bilərəkdən törədildiyi halda, cinayət hesab olunması üçün qanunverici və digər tədbirlərin qəbul edilməsini təmin etməlidir.
19. Hər bir Tərəf öz daxili qanunlarına əsasən, bu Konvensiyanın 4-cü maddəsinin “a” yarımbəndində müəyyən olunduğu kimi, hər hansı şəxsin insan alveri qurbanı olduğunu bilərək ondan istismar obyekti kimi istifadə edilməsinin cinayət hesab olunması üçün lazım olan qanunverici və digər tədbirlərin qəbul edilməsi məsələsini nəzərdən keçirməlidir.
20. Hər bir Tərəf aşağıda müəyyən olunan hərəkətlərin, onlar bilərəkdən törədildikdə və insan alverinə imkan yaratmaq məqsədi daşıdıqda, cinayət hesab olunması üçün qanunverici və digər tədbirlərin qəbul edilməsini təmin etməlidir:
a. səfər və ya şəxsiyyət sənədlərinin saxtalaşdırılması;
b. bu cür sənədin əldə olunması və ya təmin edilməsi;
c. başqa şəxsin səfər və ya şəxsiyyət sənədinin saxlanması, alınması, gizlədilməsi, korlanması və ya məhv edilməsi.
21(1). Hər bir Tərəf bu Konvensiyanın 18 və 20-ci maddələrində sözügedən hərəkətlərin hər hansının bilərəkdən törədilməsinin və ya onların törədilməsinə bilərəkdən sövq edilməsinin cinayət hesab olunması üçün qanunverici və digər tədbirlərin qəbul edilməsini təmin etməlidir.
(2). Hər bir Tərəf bu Konvensiyanın 18 və 20-ci maddələrinin “a” bəndində müəyyən olunan hərəkətlərin bilərəkdən törədilməsinə cəhd edilməsinin cinayət hesab olunması üçün qanunverici və digər tədbirlərin qəbul edilməsini təmin etməlidir.”
170. 23-cü maddə Dövlətlərdən 18-ci maddədən başlayaraq 21-ci maddəyə kimi müəyyən olunan cinayət əməllərinin effektiv və mütənasib sanksiyalarla cəzalandırıla bilməsi üçün lazım olan qanunverici və digər tədbirləri qəbul etməsini tələb edir. 18-ci maddəyə əsasən müəyyən olunan cinayət əməlləri ilə bağlı bu cür sanksiyalar ekstradisiyaya gətirib çıxaran azadlıqdan məhrum olma kimi cəzanı daxil etməlidir.
27-ci maddəyə əsasən, Dövlətlər təmin etməlidir ki, ən azı cinayət onun ərazisi və ya ərazisinin bir hissəsində törədildiyi halda, İnsan Alverinə qarşı Konvensiya ilə müəyyən olunan cinayətlərin istintaqı və məhkəmə təqibi qurban tərəfindən verilən məlumat, yaxud onun ittihamından asılı olmasın. Bundan başqa, Dövlətlər təmin etməlidir ki, öz yaşadıqları Dövlətlərin ərazisində yox, digər Dövlətin ərazisində törədilən cinayət qurbanları öz yaşadıqları Dövlətlərin əlaqədar orqanlarına şikayət verə bilsinlər. Qurbanların yaşadıqları Dövlət ləngitmədən şikayəti cinayətin törədildiyi Dövlətin əlaqədar orqanına göndərməli və orada şikayətə cinayətin törədildiyi Dövlətin daxili qanunlarına əsasən baxılmalıdır.
172. 31-ci maddənin 1-ci bəndi yurisdiksiya məsələsinə aiddir və İnsan Alverinə qarşı Konvensiyaya əsasən müəyyən olunmuş hər hansı cinayət üzərində, cinayətin aşağıda sadalanan şərtlərlə törədildiyi halda, yurisdiksiyanın təyin olunması üçün qanunverici və digər tədbirlərin qəbul edilməsini Dövlətlərdən tələb edir:
“a. onun ərazisində törədilmişdir; yaxud
d. əgər cinayət onun törədildiyi yerin cinayət qanunvericiliyinə əsasən cəzalandırılmalıdırsa, yaxud cinayət hər hansı Dövlətin ərazi yurisdiksiyasından kənarda törədildiyi halda, onun hər hansı vətəndaşı, yaxud ərazisində daimi yaşayış yeri olan vətəndaşlığı olmayan şəxs tərəfindən törədilmişdirsə;
e. onun vətəndaşlarından birinə qarşı törədilmişdir.”
173. Dövlətlər 31-ci maddənin 1-ci bəndinin “d” və “e” yarımbəndlərində sözügedən yurisdiksiya qaydalarını tətbiq etməmək, yaxud xüsusi hallarda və ya xüsusi şəraitdə tətbiq etmək hüququna malikdir.
174. 32-ci maddə Dövlətlərdən aşağıda sadalanan məqsədlərlə bu Konvensiyanın müddəalarına əsasən və müvafiq beynəlxalq və yerli sənədlərin şərtlərini tətbiq etməklə, mümkün qədər bir-biri ilə əməkdaşlıq etməyi tələb edir:
“ - insan alverinin qarşısını almaq və onunla mübarizə aparmaq;
-qurbanlara müdafiə və yardım təmin etmək;
-bu Konvensiyaya əsasən müəyyən olunmuş cinayətlərin istintaqı və məhkəmə təqibi.”
C. Qarşılıqlı hüquqi yardım
1. Cinayət işləri üzrə Qarşılıqlı yardım haqqında Avropa Konvensiyası, CETS № 30, 20 may 1959-cu il (“Qarşılıqlı yardım haqqında Konvensiya”)
175. Qarşılıqlı yardım haqqında Konvensiya Kipr tərəfindən 27 mart 1996-cı il tarixdə imzalanmışdır. O, 24 fevral 2000-ci ildə ratifikasiya olunmuş və 24 may 2000-ci ildə qüvvəyə minmişdir. Rusiya Federasiyası Konvensiyanı 07 noyabr 1996-cı il tarixdə imzalamış və 10 dekabr 1999-cu il tarixdə ratifikasiya etmişdir. O, Rusiyaya münasibətdə 9 mart 2000-ci ildə qüvvəyə minmişdir.
176. 1-ci maddə imza edən (Razılığa gələn) tərəflər üçün aşağıdakı öhdəliyi müəyyən edir:
“bu Konvensiyanın müddəalarına uyğun olaraq, cəzası yardım haqqında sorğu edilən zaman sorğu edən Tərəfin məhkəmə orqanlarının cinayət yurisdiksiyası altına düşən cinayətlərə görə cinayət təqibi məsələsində qarşılıqlı əsaslarla bir-birinə ən geniş hüquqi yardımın göstərilməsini öz öhdələrinə götürürlər.”
177. 3-cü maddə aşağıdakı şərti müəyyən edir:
“1. Sorğunu alan Tərəf onun qanunvericiliyi ilə müəyyən edilən qaydada cinayət İşlərinə aid olan və şahid ifadələrinin alınması və ya maddi sübutların, materialların və ya sənədlərin ötürülməsi məqsədilə sorğu edən Tərəfin məhkəmə orqanları tərəfindən ona göndərilən istənilən məhkəmə tapşırıqlarını yerinə yetirir.”
“2. Əgər sorğu edən Tərəf istəyirsə ki, şahidlər və ekspertlər ifadəni and içərək versinlər, onda o bu barədə xüsusi olaraq xahiş edir, sorğunu alan Tərəf isə, əgər onun ölkəsinin qanunvericiliyi bunu qadağan etmirsə, həmin xahişi yerinə yetirir.”
178. Konvensiyanın 26-cı maddəsi Dövlətlərə, Qarşılıqlı Yardım haqqında Konvensiyanın müddəalarına əlavə olaraq, qarşılıqlı hüquqi yardım haqqında ikitərəfli sazişlər bağlamaq imkanı verir.
2. SSRİ və Kipr Respublikası arasında mülki, ailə və cinayət işləri üzrə Hüquqi Yardım haqqında 19 yanvar 1984-cü il tarixli Saziş (“Hüquqi Yardım haqqında Saziş”)
179. Hüquqi Yardım haqqında Sazişin 2-ci maddəsi (Rusiya tərəfindən SSRİ dağıldıqdan sonra ratifikasiya edilmişdir) hər iki tərəf üçün Sazişin müddəalarına uyğun olaraq bir-birinə mülki və cinayət işlərində yardım göstərmək üzrə ümumi öhdəlik müəyyən edir.
180. Sazişin 3-cü maddəsi Sazişə əsasən təmin olunmalı yardımın həcmini təyin və aşağıdakıları müəyyən edir:
“Mülki və cinayət işlərində hüquqi yardım xidməti və sənədlərin göndərilməsi, qüvvədə olan qanun və hüquqi praktika haqqında məlumatın təmin edilməsi və sorğunu alan Tərəfin qanunu ilə müəyyən olunan xüsusi prosedur aktlarının həyata keçirilməsi, xüsusilə də çəkişən tərəflərdən, təqsirləndirilən şəxslərdən, cavabdehlərdən, şahid və ekspertlərdən ifadələrin alınması, habelə mülki işlərdə qərarların həyata keçirilməsi, cinayət işinin açılması və cinayətkarların ekstradisiyasından ibarətdir.”
181. Sorğunun edilməsi üçün prosedur 5-ci maddənin 1-ci bəndində təsvir olunmuşdur və müvafiq hissəsində aşağıdakıları müəyyən edir:
“Hüquqi yardım haqqında sorğu yazılı formada və aşağıdakılardan ibarət olmalıdır:
(1) Sorğu edən tərəfin adı.
(2) Sorğu alan tərəfin adı.
(3) Barəsində hüquqi yardım tələb olunan işin təsviri və sorğunun məzmunu.
(4) Sorğunun aid olduğu şəxslərin adları və soyadları, onların vətəndaşlığı, vəzifəsi və daimi, yaxud müvəqqəti yaşayış ünvanları.
...
(6) Lazım olan hallarda faktlar, habelə tələb olunan sənədlərin siyahısı və hər hansı başqa ifadələr izah edilməlidir.
(7) Cinayət işlərində yuxarıda qeyd olunanlardan başqa, cinayətin təfərrüatları və onun hüquqi tərifi”.
182. 6-cı maddə sorğunun verilməsi prosedurunu müəyyən edir:
“1. Sorğu alan tərəf öz Dövlətinin prosessual hüquq və qaydaları ilə müəyyən olunan formada hüquqi yardımı təmin etməlidir. Lakin o, sorğunu, bu onun Dövlətinin qanunlarına zidd deyilsə, orada göstərilən qaydada da yerinə yetirə bilər.
2. Əgər sorğunu alan orqan hüquqi yardım təmin etmək xahişini yerinə yetirmək səlahiyyətinə malik deyilsə, o, sorğunu bu səlahiyyətə malik olan orqana göndərməli və bu haqda sorğunu verən orqanı müvafiq qaydada məlumatlandırmalıdır.
3. Sorğunu alan orqan tələb olunduqda, müvafiq vaxt ərzində sorğunun yerinə yetirilməsi yeri və vaxtı haqqında sorğunu edən tərəfi məlumatlandırmalıdır.
4. Sorğunu alan Tərəf sorğu edən Tərəfi sorğunun yerinə yetirilməsi barədə yazılı şəkildə məlumatlandırmalıdır. Əgər sorğunun yerinə yetirilməsi qeyri-mümkündürsə, sorğunu alan Tərəf səbəblərini göstərməklə təxirə salmadan sorğu edən Tərəfi bu haqda yazılı şəkildə məlumatlandırmalı və sənədləri qaytarmalıdır.”
183. 18-ci maddəyə əsasən, Tərəflər təmin etməlidir ki, bir Dövlətin vətəndaşları digər Dövlətin ərazisində həmin Dövlətin vətəndaşları ilə eyni şərtlər əsasında və eyni dərəcədə rüsum və xərclərin ödənilməsindən azad olunsun və münasib şərait və pulsuz hüquqi yardımla təmin olunsun. 20-ci maddəyə əsasən, pulsuz hüquqi yardım istəyən şəxs daima və ya müvəqqəti yaşadığı Dövlətin səlahiyyətli orqanlarına müvafiq müraciət ünvanlandıra bilər. Həmin orqan sonradan bu müraciəti başqa Dövlətə göndərməlidir.
184. Sazişin VI Bölməsində əsasən cinayət işlərinə, xüsusilə də cinayət işlərinin açılmasına dair müddəalar vardır. 35-ci maddənin 1-ci yarımbəndinə əsasən:
“Hər bir Tərəf digər Tərəfin müraciəti əsasında öz qanunlarının müddəalarına müvafiq olaraq və onlara əsasən həmin digər Tərəfin ərazisində cinayət törətməsi iddia olunan vətəndaşlarına qarşı cinayət işi açmalıdır.”
185. 36-cı maddə cinayət işinin açılmasına dair müraciətin edilməsi prosedurunu müəyyən edir:
“1. Cinayət işinin açılması haqqında müraciət yazılı formada edilməli və aşağıdakıları özündə cəmləşdirməlidir:
(1) Müraciət edən orqanın adı.
(2) Haqqında cinayət işinin açılması müraciəti olunan cinayəti təşkil edən aktların təsviri.
(3) Mümkün qədər dəqiq olaraq törədilən aktın vaxtı və yeri.
(4) Müraciət edən Tərəfin qanununun həmin hərəkətin cinayət hesab edilməsini müəyyən edən müddəasının mətni.
(5) Şübhəli bilinən şəxsin adı və soyadı, onun vətəndaşlığına, daimi və ya müvəqqəti yaşayış yerinə dair detallar, habelə ona aid digər məlumat və mümkündürsə, şəxsin xarici görkəminin təsviri, onun fotoşəkli və barmaq izləri.
(6) Varsa, hər hansı zərərin ödənilməsi haqqında tələb daxil olmaqla, cinayətin qurbanının şikayətləri.
Cinayətdən irəli gələn maddi zərərin həcmi haqqında əldə olan məlumat.”
V. Kipr dövlətinin birtərəfli Bəyanatı
186. 10 aprel 2009-cu il tarixli məktubla Kipr Respublikasının Ədliyyə Naziri Məhkəməyə aşağıdakıları bildirmişdir:
“Xahiş olunur nəzərə alasınız ki, Dövlət şikayət ilə qaldırılan məsələni həll etmək niyyəti ilə birtərəfli bəyanat vermək istərdi. Birtərəfli bəyanat verməklə, Dövlət Məhkəmədən Konvensiyanın 37-ci maddəsinə əsasən şikayəti siyahıdan çıxarmağı xahiş edir.”
187. Əlavə edilən birtərəfli bəyanatın müvafiq hissələrində aşağıdakılar qeyd edilmişdir:
“... (a) Dövlət polis məmurlarının 28 mart 2001-ci ildə ərizəçinin qızını azad etmək yox, onu qurtulmaq istədiyi (M.A.)-ya vermək haqqında qərarından heyfslənir. Dövlət etiraf edir ki, bu qərar ərizəçi və onun qızına münasibətdə Konvensiyanın 2-ci maddəsindən irəli gələn ərizəçinin qızını başqa fiziki şəxsin cinayətkar hərəkətlərindən qorumaq üçün qabaqlayıcı tədbirlər görməyi nəzərdə tutan pozitiv öhdəliyini pozmuşdur.
(b) Dövlət etiraf edir ki, bu işlə əlaqədar ərizəçinin qızının ölümdən qabaq qəddar və alçaldıcı rəftara məruz qalıb-qalmadığına dair polis araşdırması qeyri-effektiv olmuşdur. Beləliklə, Dövlət etiraf edir ki, o, ərizəçinin qızının ölümdən qabaq qəddar və alçaldıcı rəftara məruz qalıb-qalmadığına dair münasib və effektiv araşdırma apara bilməyərək, Konvensiyanın 3-cü maddəsindən irəli gələn prosedur öhdəliyini pozmuşdur.
(c) Dövlət etiraf edir ki, o, ərizəçi və onun qızı ilə əlaqədar Konvensiyanın 4-cü maddəsindən irəli gələn pozitiv öhdəliyi pozmuşdur, belə ki, o, ərizəçinin qızının insan alveri qurbanı olub-olmadığını və/və ya cinsi, yaxud başqa növ istismara məruz qalıb-qalmadığını müəyyən etmək üçün heç bir tədbir görməmişdir.
(d) Dövlət etiraf edir ki, polis idarəsində 28 mart 2001-ci il tarixdə ərizəçinin qızını azad etmək yox (onu azadlıqdan məhrum etmək üçün heç bir əsas olmadığı halda), cənab (M.A)-ya təhvil verməklə, onunla edilən rəftar Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə zidd olmuşdur.
(e) Dövlət etiraf edir ki, o öz orqanları (yəni, Ədliyyə və İctimai Asayiş və Polis Nazirliyi) və ərizəçi arasında, ərizəçinin dindirmə prosesi və ya istifadə edə biləcəyi hər hansı başqa hüquqi vasitələri əldə etməsinə dair hər hansı real və effektiv əlaqə təmin edə bilməməklə, ərizəçinin effektiv məhkəməyə müraciət hüququnu pozmuşdur.”
3. Yuxarıdakı məsələlərlə əlaqədar Dövlət xatırladır ki, Nazirlər Şurası Baş Prokurorun — Dövlətin Agentinin tövsiyəsinə əməl edərək, 05 fevral 2009-cu il tarixdə üç müstəqil cinayət müstəntiqi təyin etmişdir. Onlar aşağıdakı məsələləri araşdırmalıdır:
(a) Ərizəçinin qızının öldüyü şərait və hər hansı şəxs, Dövlət orqanı, polis işçisinin onun ölümü üçün cinayət məsuliyyəti,
(b) Dövlətin həmin vaxt qüvvədə olan qanunlarına zidd olaraq, onun qəddar və alçaldıcı rəftara məruz qalması və ya cəzalandırılması və/və ya alveri və/və ya cinsi, yaxud başqa növ istismarı (polis işçiləri, dövlət orqanları, yaxud üçüncü şəxslər tərəfindən) mümkünlüyü ilə birgə onun Kiprdə işləməsi və qalması ilə əlaqədar şərait və
(c) Dövlətin həmin vaxt qüvvədə olan qanunlarına zidd olaraq, ərizəçinin qızına qarşı hər hansı başqa qeyri-qanuni hərəkətin edilməsi (polis işçiləri, dövlət orqanları, yaxud üçüncü şəxslər tərəfindən).
4. Dövlət xatırladır ki, müstəntiqlər polislə bağlı deyil (birinci müstəntiq Polisin hərəkətlərinə şikayət və iradların araşdırılması üzrə Müstəqil orqanın Prezidenti, ikinci müstəntiq həmin orqanın üzvü, üçüncü isə cinayət hüququ sahəsi ilə məşğul olan vəkildir). Dövlət xatırladır ki, müstəntiqlər artıq istintaqa başlamışlar.
5. Bu cür şəraitdə və işin müəyyən faktlarını nəzərə alaraq, Dövlət ərizəçiyə ümumilikdə 37.300 AVRO (otuz yeddi min üç yüz avro) məbləğində kompensasiya ödəməyə hazırdır (maddi və mənəvi zərər, xərc və məsrəflərin əvəzi olaraq). Dövlətin fikrincə, bu məbləğ yol verilmiş pozuntular üçün ədalətli ödəniş və kompensasiyadır və onun həcmi bu işlə əlaqədar kifayət və münasibdir. Lakin Məhkəmənin fikrincə bu həcm ədalətli ödəniş və kompensasiya üçün kifayət edən məbləği təşkil etmirsə, Dövlət ərizəçiyə ədalətli kompensasiya olaraq Məhkəmə tərəfindən təklif olunan başqa məbləği ödəməyə hazırdır.
Hüquqi məsələlər
I. Konvensiyanin 37-ci maddəsinin 1-ci bəndi
188. Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndi Məhkəməyə şikayəti işlərin siyahısından çıxarmağa icazə verir və müvafiq olaraq aşağıdakıları nəzərdə tutur:
“1. Əgər vəziyyət aşağıdakı nəticələrə gəlməyə əsas verirsə, icraatın istənilən mərhələsində Məhkəmə şikayəti işlərin siyahısından çıxarmaq barədə qərar qəbul edə bilər:
b) məsələ öz həllini tapıbsa; və ya
c) Məhkəmənin müəyyənləşdirdiyi istənilən digər səbəbə görə şikayətə baxışı davam etdirməyə lüzum yoxdursa.
Bununla belə, əgər bu Konvensiyanın və ona dair Protokolların müddəalarında müəyyən edilən insan hüquqlarına riayət olunması bunu tələb edirsə, Məhkəmə şikayətə baxmaqda davam edir.”
A. Məhkəməyə təqdim olunmuş dəlillər
1. Kipr Hökuməti
189. Kipr Hökuməti bildirib ki, işin dostcasına həll olunmasına yönəlmiş səylərin uğursuz olduğu halda, Məhkəmə birtərəfli bəyanat əsasında şikayəti işin siyahısından o halda çıxara bilər ki, Konvensiyanın 37-ci maddəsinin 1 “c” bəndində göstərildiyi kimi, şikayətə baxılmasına xitam verilməsini əsaslandıran “hər hansı başqa səbəb” mövcud olsun. Birtərəfli bəyanatın məzmunu və xanım Rantsevanın ölümü ilə bağlı davam edən daxili istintaq (baxın, yuxarıda 187-ci paraqraf) əsasında Kipr Hökuməti hesab edib ki, Konvensiyanın 37-ci maddəsinin 1 “c” bəndinə tamamilə riayət olunub.
2. Ərizəçi
190. Ərizəçi birtərəfli bəyanat əsasında şikayəti işlərin siyahısından çıxarmaq barədə Kipr Hökumətinin müraciətini rədd etməyi Məhkəmədən xahiş etmişdir. O bildirib ki, bəyanatda əks olunmuş təkliflər təminat vermir ki, məsuliyyət daşıyan şəxslər cəzalandırılacaq; cinsi istismar üçün insan alveri Kiprdə qəbul olunmuş problem olsa belə, bəyanat gələcəkdə oxşar pozuntuların qarşısını almaq üçün hər hansı ümumi tədbirləri əks etdirmir; və Məhkəmə hazırkı işdə qərar çıxarmaq niyyətindədirsə, Nazirlər Komitəsi Kipr Hökumətinin təklif etdiyi şərtlərə nəzarət edə bilməyəcək.
3. AİRE Mərkəzi tərəfindən üçüncü tərəf dəlilləri
191. AİRE Mərkəzi bildirib ki, Avropa Şurasına üzv Dövlətlərdə insan alverinin miqyası və problemə Dövlətlər tərəfindən hazırkı qeyri-adekvat cavabı ondan xəbər verir ki, Konvensiyanın müəyyən etdiyi kimi insan hüquqlarına hörmət Konvensiyanın 37-ci maddəsinin 1 “c” bəndinə müvafiq olaraq başqa yolla işlərin siyahıdan çıxarılması mümkün olsa belə, insan alveri məsələlərini qaldıran işlərin davamlı araşdırılmasını tələb edir.
192. Öz dəlillərində AİRE Mərkəzi işin davamlı araşdırmanı tələb edib-etməməsinə aid Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndinə əsasən qərar qəbul edərkən Məhkəmənin nəzərə aldığı faktorlara istinad edərək vurğulamışdır ki, belə faktorlardan birini “qaldırılmış məsələlərin əvvəlki işlərdə Məhkəmənin artıq müəyyən etdiyi məsələlərlə müqayisəli olub-olmadığı” təşkil etmişdir. AİRE Mərkəzi insan alveri qurbanlarının müdafiəsi, xüsusən insan alverinə və istismarına aid cinayət əməllərinin istintaqı və mühakiməsi ilə bağlı birbaşa əlaqəli olmayan müdafiə tədbirləri barədə üzv Dövlətlərin öhdəliklərinin dairəsini əhatə edən qeyri-müəyyənliyi vurğulamışdır.
B. Məhkəmənin qiymətləndirməsi
1. Ümumi prinsiplər
193. Məhkəmə ilk növbədə qeyd edir ki, birtərəfli bəyanat yalnız Kipr Respublikasına aiddir. Rusiya Federasiyası tərəfindən birtərəfli bəyanat təqdim edilməmişdir. Müvafiq olaraq, Məhkəmə yalnız Kipr dövlət orqanlarına qarşı olan şikayətlərə aid siyahıdan çıxarmanın tətbiqinin əsaslı olub-olmamasını araşdıracaq.
194. Məhkəmə xatırladır ki, ərizəçi işin araşdırılmasını tələb etsə belə, müəyyən hallarda Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndinə əsasən cavabdeh Hökumətin birtərəfli bəyanatı əsasında şikayəti tam və ya qismən siyahıdan çıxarmaq əsaslı ola bilər. Konkret işdə bunun yolverilən olub-olmaması birtərəfli bəyanatın Konvensiyanın müəyyən etdiyi kimi insan hüquqlarına hörmətin Məhkəmədən işin araşdırılmasını tələb etməməsi üçün kifayətedici əsası təşkil edib-etməməsindən asılıdır (baxın, həmçinin,inter alia, Taşin Açar Türkiyəyə qarşı (ilkin etiraz) (BP), № 26307/95, § 75, İHAM 2003-VI; və Radotsveşka-Zakosyelna Polşaya qarşı, № 858/08, § 50, 20 oktyabr 2009-cu il).
195. Bununla bağlı müvafiq faktorlar edilmiş şikayətlərin xarakterini, qaldırılmış məsələlərin əvvəlki işlərdə Məhkəmənin artıq müəyyən etdiyi məsələlərlə müqayisəli olub-olmamasını, hər hansı belə əvvəlki işlərdə Məhkəmə tərəfindən qəbul olunmuş qərarların icrası kontekstində cavabdeh Hökumətin gördüyü hər hansı tədbirlərin xarakteri və dairəsini və müvafiq işə belə tədbirlərin təsirini daxil etdirir. Faktların tərəflər arasında mübahisəli olub-olmaması və belə olduqda, ixtilafın dərəcəsi və tərəflərin faktlar barədə dəlillərinə hansı sübut qiymətinin verilməli olduğu da əhəmiyyət kəsb edə bilər. Digər əhəmiyyətli faktlar birtərəfli bəyanatda cavabdeh Hökumətin Konvensiyanın iddia olunan pozuntularına aid hər hansı dəlillər irəli sürüb-sürməməsi və belə olduqda, bu dəlillərin dairəsi və Hökumətin ərizəçiyə təqdim etmək istədiyi bərpa etmənin tərzini daxil etdirə bilər. Sonuncu məqama gəldikdə, iddia olunan pozuntunun nəticələrinin aradan qaldırılması mümkün olduğu və cavabdeh Hökumətin bunu etməyə hazır olduğunu bəyan etdiyi işlərdə, bərpa etmə barədə Hökumətin istəyi daha çox şikayətin siyahıdan çıxarılması üçün müvafiq kimi qiymətləndirilə bilər. Belə olan halda, Məhkəmə həmişə olduğu kimi Konvensiyanın 37-ci maddəsinin 2-ci bəndinin və Məhkəmə Reqlamentinin 44-cü qaydasının 5-ci bəndinin nəzərdə tutduğu qaydada şikayəti siyahıda bərpa etmək səlahiyyətini özündə saxlayır (baxın, yuxarıda qeyd olunmuş Taşin Açar işi, § 76).
196. Yuxarıda göstərilən faktorlar əhəmiyyətli faktorların dəqiq siyahısını təşkil etmir. Hər işin konkret hallarından asılı olaraq mümkündür ki, Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndinin məqsədləri üçün birtərəfli bəyanatın qiymətləndirilməsində başqa düşüncələr ortaya çıxsın (baxın, yuxarıda qeyd olunmuş Taşin Açar işi, § 77).
197. Nəhayət, Məhkəmə xatırladır ki, onun qərarları yalnız qarşısında olan işlərə deyil, daha ümumi şəkildə Müqavilə Tərəfləri kimi üzərlərinə götürdükləri öhdəliklərə Dövlətlərin riayət etməsinə töhfə verməklə, Konvensiya ilə yaradılmış qaydaları aydınlaşdırmağa, təminatlatdırmağa və inkişaf etdirməyə xidmət edir (baxın, İrlandiya Böyük Britaniyaya qarşı, 18 yanvar 1978-ci il, § 154, A Seriyaları, № 25; Quzzardi İtaliyaya qarşı, 06 noyabr 1980-ci il, § 86, A Seriyaları, № 39; və Karner Avstriyaya qarşı, № 40016/98, § 26, İHAM 2003-IX). Konvensiya sisteminin əsas məqsədinin fərdi kömək göstərməkdən ibarət olmasına baxmayaraq, onun missiyası, həmçinin insan hüquqlarının müdafiəsinin ümumi standartlarını qaldırmaqla və Konvensiya Dövlətləri birliyi arasında insan hüquqlarının məhkəmə təcrübəsini genişləndirməklə, ümumi maraqlı sahələrdə ictimai siyasət məsələlərini müəyyən etməkdir (baxın, yuxarıda qeyd olunmuş Karner işi, § 26; və Kapital Bank AD Bolqarıstana qarşı iş, № 49429/99, §§ 78079, İHAM 2005-XII (çıxarışlar)).
2. Ümumi prinsiplərin hazırkı işə tətbiqi
198. Kiprin birtərəfli bəyanatı əsasında Kipr Respublikasına qarşı yönəlmiş şikayətlərin siyahıdan çıxarılmasının zəruri olub-olmadığını müəyyən edərkən, Məhkəmə aşağıdakı qeydləri edir.
199. Birincisi, Məhkəmə Konvensiyanın 2, 3, 4 və 5-ci maddələri baxımından məsələləri ortaya çıxaran hazırkı işdə edilmiş insan alveri iddialarının ciddi xarakterini vurğulayır. Bununla bağlı qeyd olunur ki, beynəlxalq müstəvidə tədbirlərin qəbul edilməsi, eləcə də bir neçə Dövlətlərdə müvafiq daxili qanunvericiliyin qüvvəyə minməsi ilə göstərildiyi kimi insan alveri problemindən xəbərdar olma və ona qarşı mübarizə aparmaq zərurəti son illər yaranmışdır (baxın, həmçinin aşağıda 264 və 269-cu paraqraflar). Kabare artistlərinin alveri və cinsi istismarının xüsusi narahatlıq doğurmasının geniş təsdiq edildiyi Avropa Şurası İnsan hüquqları üzrə Komissarının hesabatları və Kipr Ombudsmanın hesabatı Kiprdəki problemin kəskin xarakterini vurğulayır (baxın, yuxarıda 83, 89, 91, 94, 100-101 və 103-cü paraqraflar).
200. İkincisi, Məhkəmə insan alveri işləri ilə bağlı Konvensiyanın 4-cü maddəsinin təfsiri və tətbiqi üzrə presedent-hüququnun kiçikliyinə diqqət yetirir. Xüsusilə əhəmiyyət kəsb edir ki, Məhkəmə Konvensiyanın 4-cü maddəsi ilə cinayət istintaqı və mühakiməsi çərçivəsindən kənar insan alverinin potensial qurbanlarının müdafiəsi üçün pozitiv addımların atılmasının üzv Dövlətlərdən tələb olunub-olunmamasını və tələb edildiyi halda, bunun hansı dərəcədə olmasını müəyyən etməlidir.
201. Kipr Hökuməti etiraf edib ki, xanım Rantsevanın ölümündən əvvəl və bundan sonra Konvensiya pozuntuları baş vermişdir. Onlar xanım Rantsevanın ölümünün hallarının istintaq edilməsi üçün əlavə yeni addımlar atmışlar və ədalətli kompensasiya ilə bağlı məbləğ təklif etmişlər. Lakin Konvensiya ilə təsbit edilmiş qaydaları aydınlaşdırmaq, təminatlatdırmaq və inkişaf etdirmək üzrə Məhkəmənin vəzifəsi baxımından, bu, şikayətin araşdırılmasının davam olunmasının artıq əsaslı olmadığı barədə qənaətə gəlmək üçün kifayət deyildir. Göstərilənlərə əsasən insan alveri məsələləri qaldıran işlərin davamlı araşdırılmasına zərurət vardır.
202. Nəticədə, Məhkəmə hesab edir ki, Konvensiyada müəyyən edildiyi kimi insan hüquqlarına hörmət işin araşdırılmasının davam olunmasını tələb edir. Müvafiq olaraq, Məhkəmə Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndinə əsasən şikayəti siyahıdan çıxarmaq barədə Kipr Hökumətinin tələbini rədd edir.
II. Konvensiyanın 2, 3,4 və 5-ci maddələrinə əsasən verilmiş şikayətlərin məqbuliyyəti
A. Rusiya Hökumətinin ratione loci etirazı
1. Tərəflərin dəlilləri
203. Rusiya Hökuməti iddia edib ki, şikayətin əsasında duran hadisələr onun ərazisindən kənarda baş verdiyi üçün şikayət Rusiya Federasiyasına qarşı yönəldiyi hissədəratione loci qeyri-məqbuldur. Onlar bildiriblər ki, Kipr Respublikasının ərazisi üzərində hər hansı “faktiki hakimiyyətə” malik deyillər və Rusiya Federasiyasının hərəkətləri Kipr Respublikasının suverenliyi ilə məhdudlaşır.
204. Ərizəçi bu dəlili rədd etmişdir. O iddia edib ki, Drozd və Janusek Fransaya və İspaniyaya qarşı iş üzrə 26 iyun 1992-ci il tarixli qərara (A Seriyaları, № 240) müvafiq olaraq, hakimiyyət orqanlarının hərəkət və hərəkətsizliyi ərazisindən kənar nəticələrə səbəb olduğu qədər Rusiya Federasiyası məsuliyyətli hesab oluna bilər.
2. Məhkəmənin qiymətləndirməsi
205. Konvensiyanın 1-ci maddəsi nəzərdə tutur ki:
“Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyasında olan hər kəs üçün bu Konvensiyanın I bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər.”
206. Ümumi (ictimai) beynəlxalq hüquq baxımından Məhkəmənin əvvəllər vurğuladığı kimi Dövlətin yurisdiksiya səlahiyyəti ilk növbədə ərazi ilə bağlıdır. Müvafiq olaraq, öz vətəndaşları üzərində xaricdə yurisdiksiyasına həyata keçirmək üzrə Dövlətin səlahiyyəti başqa Dövlətin ərazi yurisdiksiyasına tabedir və Dövlət öz yurisdiksiyasını digər Dövlətin ərazisində sonuncunun icazəsi, dəvəti və ya razılığı olmadan, bir qayda olaraq, həyata keçirə bilməz. Konvensiyanın 1-ci maddəsi yurisdiksiyanın bu adi və əsas ərazi anlayışını əks etdirmək üçün qiymətləndirilməlidir (baxın, Bankoviç və digərləri Belçikaya və 16 digər Tərəf Dövlətlərə qarşı (qərardad) (BP), № 52207/99, §§ 59-61, İHAM 2001-XII).
207. Ərizəçinin Rusiyaya qarşı hazırkı işdə şikayətləri Rusiya tərəfindən xanım Rantsevanı insan alveri və istismar təhlükəsindən qorumaq və onun Kiprə gəlməsi, orada işləməsi və sonrakı ölümü ilə bağlı halların istintaqını araşdırmaq üçün zəruri tədbirlərin iddia olunan görülməməsinə aiddir. Məhkəmə qeyd edir ki, belə şikayətlər o mülahizəyə əsaslanmır ki, Rusiya Kiprdə və ya Kipr dövlət orqanları tərəfindən törədilmiş hərəkətlərə görə məsuliyyət daşıyır. İddia olunan insan alverinin Rusiyada başladığı fakt baxımından və insan alverinə qarşı mübarizə aparmaq üzrə Rusiyanın öz üzərinə götürdüyü öhdəliyi nəzərə alaraq, Məhkəmənin səlahiyyətindən kənarda deyil ki, xanım Rantsevanı insan alverindən qorumaq və onun insan alverinə məruz qalması mümkünlüyünü araşdırmaq üçün yurisdiksiya və səlahiyyətləri daxilində tədbirlər görmək məqsədilə üzərində olan hər hansı öhdəliyə Rusiya tərəfindən riayət edilib-edilmədiyini araşdırsın. Eynilə, ərizəçinin Konvensiyanın 2-ci maddəsi üzrə Rusiya dövlət orqanlarına qarşı şikayəti Rusiyada yaşayan şahidlərin ifadələrinin təmin olunması daxil olmaqla, istintaq hərəkətlərinin həyata keçirilməməsinə aiddir. Məhkəmənin üzərinə düşür ki, Konvensiyanın 2-ci maddəsi üzrə ərizəçinin şikayətini mahiyyəti üzrə araşdırarkən, Rusiyada dövlət orqanlarının üzərinə düşən hər hansı prosessual öhdəliyin əhatəsini və hazırkı işin halları baxımından hər hansı belə öhdəliyə riayət olunub-olunmamasını qiymətləndirsin.
208. Nəticədə, Məhkəmə ərizəçinin qızını insan alverindən qorumaq, insan alveri ilə bağlı şikayətləri araşdırmaq və onun ölümünə gətirib çıxaran halları araşdırmaq üçün öz ərazi suverenliyinin hədləri daxilində Rusiyanın görə bildiyi addımların əhatəsini araşdırmağa səlahiyyətlidir. Şikayət edilən məsələlərin hazırkı işin halları baxımından Dövlətin məsuliyyətinə səbəb olub-olmaması aşağıda şikayətin mahiyyətini araşdırarkən Məhkəmənin müəyyən etməli olduğu məsələdir.
B. Rusiya Hökumətinin ratione materiae etirazı
1. Tərəflərin dəlilləri
209. Rusiya Hökuməti iddia edib ki, Konvensiyanın 4-cü maddəsinə əsasən verilmiş şikayət ratione materiae qeyri-məqbuldur, ona görə ki, iş üzrə köləlik, əsarət və ya məcburi əmək baş verməmişdir. Onlar o faktı vurğulayıblar ki, xanım Rantseva Kipr Respublikasına könülü daxil olaraq, bağladığı əmək müqaviləsinə müvafiq işləməyə icazə almaq üçün əmək icazəsini öz istəyi ilə əldə etmişdir. Hər hansı sübut göstərmir ki, xanım Rantseva əsarətdə olmuş və öz vəziyyətini dəyişdirmək iqtidarında olmamış və ya işləməyə məcbur olmuşdur. Daha sonra Rusiya Hökuməti vurğulayıb ki, digər kabare artisti ilə yaşadıqdan sonra xanım Rantseva hər hansı məneə olmadan mənzili tərk etmişdir. Buna görə, onlar iddia ediblər ki, kabare artistlərinin mənzildə öz iradələrinə zidd saxlandıqlarına dair nəticəyə gəlmək üçün kifayətedici əsaslar yoxdur. Rusiya Hökuməti əlavə edib ki, xanım Rantsevanın M.A. ilə polis idarəsini tərk etməsi faktı belə nəticəyə gəlməyə kifayət deyil ki, xanım Rantseva əsarətdə olmuş və əməyə zorla cəlb edilmişdir. Həyatı və təhlükəsizliyi üçün qorxduğu halda, o, polis idarəsində olarkən bu barədə polis əməkdaşlarına məlumat verə bilərdi.
210. Ərizəçi təkid edib ki, xanım Rantsevanın məruz qaldığı rəftar Konvensiyanın 4-cü maddəsinin dairəsinə düşür.
2. Məhkəmənin qiymətləndirməsi
211. Məhkəmə hesab edir ki, ərizəçinin şikayət etdiyi rəftarın Konvensiyanın 4-cü maddəsinin əhatəsinə düşüb-düşməməsi məsələsi bu şikayətin mahiyyəti ilə sıx əlaqəlidir. Müvafiq olaraq, Məhkəmə bu nəticəyə gəlir ki, ratione materiae etirazı mahiyyətlə birləşməlidir.
C. Nəticə
212. Konvensiyanın 2, 3, 4 və 5-ci maddələrinə əsasən verilmiş şikayət ratione loci və ratione materiae Konvensiyanın müddəaları ilə Rusiyaya aid zidd deyildir. Əlavə olaraq, Məhkəmə qeyd edir ki, onlar Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında açıq-aşkar əsassız deyil. Buna görə, həmin şikayətlər məqbul elan edilməlidir.
II. Konvensiyanın 2-ci maddəsinin iddia olunan pozuntusu
213. Ərizəçi iddia edib ki, Kipr dövlət orqanları tərəfindən qızının həyatının qorunması və hər iki Dövlətin dövlət orqanlarının onun ölümü ilə bağlı səmərəli istintaqın aparılmadığı üçün həm Rusiya, həm də Kipr dövlət orqanları tərəfindən Konvensiyanın 2-ci maddəsi pozulmuşdur. Konvensiyanın 2-ci maddəsi, inter alia, nəzərdə tutur:
“1. Hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət törətməyə görə, məhkəmə tərəfindən çıxarılmış belə hökmün icrasından başqa, həyatından məhrum edilə bilməz.
...”
A. Həyata təhlükəyə qarşı müdafiə olunmaq üçün tədbirlərin iddia olunan çatışmazlığı
1. Tərəflərin dəlilləri
a. Ərizəçi
214. Osman Birləşmiş Krallığa qarşı iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərara (Hesabatlar, 1998-VIII) istinadən, ərizəçi həyata real və birbaşa təhlükə barədə Dövlətin bildiyi və ya bilməli olduğu halda, başqa fərdi şəxsin cinayət hərəkətlərindən həyatı təhlükədə olan fərdi şəxsi qorumaq üçün operativ qabaqlayıcı tədbirlərin görülməsini tələb edən Konvensiyanın 2-ci maddəsinə əsasən ortaya çıxan pozitiv öhdəliklərə əsaslanıb. Ərizəçi iddia edib ki, xanım Rantsevanı azad etməməklə və əvəzində onu M.A.-ya təhvil verməklə, Kipr dövlət orqanları onun həyatına real və birbaşa təhlükədən yayınmaq üçün səlahiyyətləri daxilində olan ağlabatan tədbirləri görməmişlər.
b. Kipr Hökuməti
215. Kipr Hökuməti mübahisə etməyib ki, Konvensiyanın 2-ci maddəsinin 1-ci bəndi müvafiq dövlət orqanlarının üzərinə pozitiv öhdəlik qoyur ki, başqa fərdi şəxsin cinayət hərəkətlərindən həyatı təhlükədə olan fərdi şəxsi qorumaq üçün operativ qabaqlayıcı tədbirlər görsün. Lakin belə öhdəliyin əmələ gəlməsi üçün müəyyən olunmalıdır ki, dövlət orqanları şəxsiyyəti bəlli olan fərdi şəxsin həyatına real və birbaşa təhlükənin olmasından xəbərdar və ya bunu bilməli idilər və onlar səlahiyyətləri daxilində əsaslı şəkildə qiymətləndirilməklə, bu təhlükəni aradan qaldıra bilən tədbirləri görməmişlər (yuxarıda qeyd olunmuş Osman işinə istinadən).
216. Öz yazılı dəlillərində Kipr Hökuməti iddia edib ki, ərizəçinin qızının həyatını qorumaq üçün çatışmazlıq olmamışdır. 28 mart 2001-ci ildə xanım Rantseva ilə əlaqədə olmuş polis əməkdaşlarında olan məlumata görə, onun həyatına real və ya birbaşa təhlükənin olduğunu güman etməyə əsaslar olmamışdır. Polis əməkdaşlarının ifadələrinə əsasən, xanım Rantseva kosmetik vasitələri soyuqqanlılıqla üzərinə çəkmiş və M.A.-nın ona qarşı davranışı normal görünürdü (baxın, yuxarıda 20 və 49-cu paraqraflar). Xanım Rantsevanın öz kabaredəki işindən çıxmasına baxmayaraq, o, işəgötürən şəxsə qarşı və ya əmək şəraitinə dair hər hansı şikayət təqdim etməmişdir. Polis idarəsində olarkən, o, polis əməkdaşlarına şikayətlər etməmiş və M.A. ilə polisi tərk etməyə etiraz bildirməmişdir. Xanım Rantsevanı azad etmədən onu M.A.-ya vermək qərarı onun həyatını qorumaq üçün Kipr dövlət orqanları üzərində olan hər hansı öhdəliyi pozmur.
217. Sonrakı birtərəfli bəyanatında Kipr Hökuməti təsdiq edib ki, xanım Rantsevanın M.A.-ya verilməsi qərarı başqa fərdi şəxsin cinayət hərəkətlərindən onun qorunması üçün qabaqlayıcı tədbirlər görmək barədə Konvensiyanın 2-ci maddəsinə əsasən Kipr üzərində olan pozitiv öhdəliyi pozmuşdur (baxın, yuxarıda 187-ci paraqraf).
2. Məhkəmənin qiymətləndirməsi
a. Ümumi prinsiplər
218. Aydındır ki, Konvensiyanın 2-ci maddəsi Dövlətin üzərinə yalnız həyatdan qəsdən və qanunsuz məhrum etmədən çəkinmək deyil, həmçinin öz yurisdiksiyasında olan hər kəsin həyatına təminat vermək üçün lazımi tədbirlər görmək vəzifəsini qoyur (baxın, L.C.B. Birləşmiş Krallığa qarşı, 09 iyun 1998-ci il, § 36, Hesabatlar, 1998-III; və yuxarıda qeyd olunmuş Pol və Odri Edvərds, § 54). İlk növbədə, bu öhdəlik Dövlətdən tələb edir ki, səmərəli cinayət hüquqi müddəaları qəbul etməklə, belə müddəaların pozuntularının qarşısının alınması, onların dəf edilməsi və törədildiyi halda cəzalandırılması üçün hüquq mühafizə mexanizminə arxalanan şəxsə qarşı cinayətlərin törədilməsinin yayındırılması məqsədilə onun yaşamaq hüququnu təmin etsin. Lakin bu öhdəlik, həmçinin müvafiq hallarda dövlət orqanları üzərində pozitiv öhdəliyi nəzərdə tutur ki, başqa fərdi şəxslərin cinayət hərəkətlərindən həyatları təhlükədə olan fərdi şəxsləri qorumaq üçün operativ qabaqlayıcı tədbirlər görsünlər (baxın, yuxarıda qeyd olunmuş Osman işi, § 115; Medova Rusiyaya qarşı, № 25385/04, § 95, 15 yanvar 2009-cu il; Opuz Türkiyəyə qarşı, № 33401/02, § 128, 09 iyun 2009-cu il).
219. Məhkəmə xatırladır ki, müasir cəmiyyətlərdə ictimai qaydanın qorunmasında çətinlikləri, insan davranışının gözlənilməzliyi və prioritetlər və resurslar şərtləri baxımından edilməli olan fəaliyyət seçimlərini nəzərə alaraq, istənilən pozitiv öhdəliyin əhatəsi dövlət orqanlarının üzərinə mümkünsüz və ya qeyri-mütənasib yükü qoymayan tərzdə təfsir edilməlidir. Həyata hər bir təhlükə dövlət orqanlarının bu təhlükənin qarşısının alınması üçün operativ tədbirlər görməsinə dair Konvensiya tələbini yaratmır. Həyatı qorumaq üzrə pozitiv öhdəliyin pozulmasının Məhkəmə tərəfindən müəyyən edilməsi üçün aşkarlanmalıdır ki, üçüncü tərəfin cinayət hərəkətlərindən şəxsiyyəti bəlli olan fərdi şəxsin həyatına real və birbaşa təhlükədən onun mövcudluğu zamanı dövlət orqanları məlumatlı olmuşlar və ya məlumatlı olmalı idilər və onlar səlahiyyətləri daxilində əsaslı şəkildə qiymətləndirilməklə, bu təhlükəni aradan qaldıra bilən tədbirləri görməmişlər (baxın, yuxarıda qeyd olunmuş Osman işi, § 116; yuxarıda qeyd olunmuş Pol və Odri Edvards işi, § 55; və yuxarıda qeyd olunmuş Medova işi, § 96).
b. Ümumi prinsiplərin hazırkı işə tətbiqi
220. Məhkəmə xanım Rantsevanın M.A.-ya təhvil verilməsi ilə onun həyatının real və birbaşa təhlükəyə atıldığının Kipr dövlət orqanları tərəfindən qabaqcadan görünən olub-olmamasını araşdırmalıdır.
221. Məhkəmə qeyd edir ki, Opuzun işində Dövlətin məsuliyyəti ona görə mövcud olmuşdur ki, ərizəçinin anasına sonradan atəş açmış və onu öldürmüş şəxs ərizəçiyə və onun anasına qarşı əvvəllər də ölüm hədələri etmiş və zorakı hərəkətlərə yol vermiş və dövlət orqanları bu barədə məlumatlı olmuşlar (baxın, yuxarıda qeyd olunmuş Opuz işi, §§ 133-136). Əksinə, Osman işində Məhkəmə müəyyən edib ki, iş üzrə Konvensiyanın 2-ci maddəsi pozulmamışdır, ona görə ki, hadisələrin gedişində Osmanın ailəsinin həyatının real və birbaşa təhlükədə olmasını polisin bildiyi və ya bilməli olduğuna dair hər hansı mərhələni göstərə bilməmişdir (yuxarıda qeyd olunmuş Osman işi, § 121).
222. İnsan alverinin və istismarın qurbanlarının adətən qəddar şəraitdə yaşamağa və işləməyə məcbur olduğu və onları istismar edən şəxslərin əllərində zorakılıqdan və pis rəftardan əziyyət çəkə bildikləri (baxın, yuxarıda 85, 87-88 və 101-ci paraqraflar) mübahisəsiz olsa belə, konkret işdə hər hansı spesifik göstəricilərin olmadığı təqdirdə, pis rəftarın və zorakılığın ümumi təhlükəsi həyat üçün real və birbaşa təhlükəni təşkil edə bilməz. Hazırkı işdə polis xanım Rantsevanın insan alveri qurbanı olduğu barədə məlumatlı olmalı olsa da (bu məsələ aşağıda ərizəçinin Konvensiyanın 4-cü maddəsi üzrə şikayəti baxımından araşdırılmalıdır), polis idarəsində keçən vaxt ərzində xanım Rantsevanın həyatının real və birbaşa təhlükədə olduğunu göstərən hər hansı dəlil yoxdur. Məhkəmə hesab edir ki, xanım Rantsevanın ölümünə gətirib çıxaran hadisələrin konkret axımı onu M.A.-nın ixtiyarına verərkən polis əməkdaşları üçün qabaqcadan görünən olmamışdır. Müvafiq olaraq, Məhkəmə belə nəticəyə gəlir ki, həyat üçün təhlükənin qarşısının alınması məqsədilə operativ tədbirlər görmək öhdəliyi hazırkı işdə ortaya çıxmır.
233. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə belə qənaətə gəlir ki, Kipr dövlət orqanlarının Konvensiyanın 2-ci maddəsinə əsasən xanım Rantsevanın yaşamaq hüququnun qorunması üzrə pozitiv öhdəliyi pozulmamışdır.
B. Səmərəli istintaqın həyata keçirilməsi barədə prosessual öhdəlik
1. Tərəflərin dəlilləri
a. Ərizəçi
224. Ərizəçi iddia edib ki, Kipr və Rusiya xanım Rantsevanın ölümü ilə bağlı halların səmərəli istintaqının aparılması barədə Konvensiyanın 2-ci maddəsinə əsasən öhdəliklərini pozmuşlar. O, Kipr və Rusiya dövlət orqanlarının autopsiyaları arasında iddia olunan ziddiyyətlərin (baxın, yuxarıda 50-ci paraqraf) və aşkar anormallıqların əlavə araşdırılması üçün Rusiya dövlət orqanları vasitəsilə Kiprə ötürülmüş, lakin Kipr dövlət orqanlarının riayət etmədiyi tələblərinə işarə etmişdir (baxın, yuxarıda 52 və 62-ci paraqraflar). O, həmçinin polis tərəfindən alınmış şahid ifadələrinin məhdud sayından şikayət edərək (baxın, yuxarıda 31 və 33-cü paraqraflar) vurğulamışdır ki, müvafiq yeddi ifadələrdən beşi ya Limassol polis idarəsində növbədə olmuş polis əməkdaşlarından, ya da qızının ölümü zamanı mənzildə olmuş, yəni, onun fikrincə, hadisələrin konkret versiyasını ifadəsində göstərən maraqlı şəxslərdən alınmışdır. Daha sonra ərizəçi iddia edib ki, hər hansı istintaq rəsmi şikayətdən və ya qurbanın qohumlarının tələbindən asılı olmamalıdır. O bildirib ki, onun qızı hərtərəfli yoxlanılmalı olan müəmmalı şəraitdə ölmüş və Konvensiyanın 2-ci maddəsi müvafiq olaraq istintaqın aparılmasını tələb edir. Yuxarıda göstərilmiş çatışmazlıqlar, eləcə də qurbanın qohumu kimi ona əlçatan olmaması faktı səbəbindən Kiprdə aparılmış istintaq Konvensiyanın 2-ci maddəsinə uyğun deyildir.
225. Xüsusən, istintaqa aid ərizəçi şikayət edib ki, o, yekun araşdırma iclasının tarixi barədə məlumatlandırılmamış, bununla da, həmin iclasda onun iştirakı mümkün olmamışdır. O, işin gedişi və ya onun üçün əlçatan olan başqa vasitələr barədə məlumat almamışdır. O iddia edib ki, yalnız yekunlaşmasından təxminən 15 ay sonra 16 aprel 2003-cü il tarixli araşdırma prosesi üzrə Dairə Məhkəməsinin nəticəsini almışdır. Bundan başqa, hüquqi təmsilçiliyin Kiprdəki qiymətinin onun üçün qadağanedici xarakterli olmasına baxmayaraq, Kipr dövlət orqanları onu pulsuz hüquqi yardımla təmin etməmişlər.
226. Rusiya Federasiyasına gəldikdə, ərizəçi iddia edib ki, qızının Rusiya Federasiyasının vətəndaşı olması faktı nəzərdə tutub ki, onun Kiprdə müvəqqəti yaşadığına və orada öldüyünə baxmayaraq, Konvensiyanın 2-ci maddəsinə əsasən Rusiya Federasiyası da onun Kiprə gəlişinin, orada işləməsinin və sonrakı ölümünün halları ilə bağlı istintaq aparmaq öhdəliyi altındadır. O bildirib ki, onun tələb etdiyi kimi, Rusiya dövlət orqanları Hüquqi yardım haqqında Sazişə əsasən 5 və 36-cı maddələrə müvafiq olaraq cinayət işinin başlanılması üçün Kipr dövlət orqanlarına müraciət etməli olmuşlar (baxın, yuxarıda 181 və 207-ci paraqraflar). Əvəzində, Rusiya dövlət orqanları sadəcə olaraq xanım Rantsevanın ölümü ilə bağlı məlumatları istəmişlər. Cinayət işinin başlanılması barədə Rusiyadakı müvafiq dövlət orqanlarına ərizəçinin sonrakı müraciəti Çelyabinsk prokurorluğu tərəfindən rədd edilmişdir, ona görə ki, xanım Rantseva Rusiyadan kənarda vəfat etmişdir. Rusiyada yaşayan iki Rusiya vətəndaşından Rusiya dövlət orqanları tərəfindən ifadələrin alınması barədə onun təkrar tələbləri rədd olunmuşdur, ona görə ki, Rusiya dövlət orqanları hesab etmişlər ki, Kipr dövlət orqanları tərəfindən hüquqi yardım müraciəti olmadan onlar tələb olunan hərəkəti edə bilməzlər. Ərizəçi hesab edib ki, bu çatışmazlıqlar nəzərdə tutub ki, Konvensiyanın 2-ci maddəsinin tələb etdiyi kimi Rusiya dövlət orqanları onun qızının ölümü ilə bağlı səmərəli istintaq aparmamışlar.
b. Kipr Hökuməti
227. Öz yazılı dəlillərində Kipr Hökuməti qəbul edib ki, səmərəli istintaq aparmaq öhdəliyi Konvensiyanın 2-ci maddəsindən o halda irəli gəlir ki, Dövlət agentləri fərdi şəxsin ölümünə gətirib çıxaran hadisələrə cəlb olunsunlar, lakin Hökumət iddia edib ki, hər bir faciəvi ölüm araşdırmanın aparılması ilə xüsusi addımların atılmasını tələb etmir. Hazırkı işdə Kipr dövlət orqanları xanım Rantsevanın ölməsi halları ilə bağlı istintaq aparmaq öhdəliyində olmamışlar, lakin bunu etmişlər. Xanım Rantsevanın ölümünə gətirib çıxarmış dəqiq halların qeyri-müəyyən qalmasına baxmayaraq, Kipr Hökuməti istintaqda çatışmazlıqların mövcudluğu barədə ehtimalı mübahisələndirib. İstintaq polis tərəfindən aparılmış və məsuliyyət daşıyan şəxslərin müəyyən edilməsi və cəzalandırılması iqtidarında olmuşdur. Vacib sübutun təmin edilməsi üçün əsaslı addımlar atılmış və istintaq aparılmışdır.
228. İstintaqa gəldikdə, Kipr Hökuməti bildirib ki, ərizəçi Kipr dövlət orqanları tərəfindən işə baxılmasının tarixi barədə məlumat almışdır. Bundan başqa, iclas iki dəfə təxirə salınmışdır, ona görə ki, ərizəçi iştirak etməmişdir. Kipr Hökuməti təxirə salınma barədə ərizəçinin müraciəti haqqında Kipr dövlət orqanlarını məlumatlandırmaqda Rusiya dövlət orqanlarının gecikməsinə işarə etmişdir: müraciət iclasın keçirilməsindən yalnız dörd ay sonra alınmışdır. Məhkəmə ərizəçinin müraciəti barədə məlumatlı olduğu halda, o, iclası yenə də təxirə sala bilərdi. Ərizəçinin bütün başqa müraciətləri ünvanına çatmış və müvafiq Kipr dövlət orqanları mümkün olduğu yerlərdə ərizəçiyə kömək göstərməyə çalışmışlar. Hüquqi yardıma aid ərizəçinin şikayətinə gəldikdə, Kipr Hökuməti göstərib ki, ərizəçi düzgün prosedur vasitəsilə müraciət etməmişdir. O, “Hüquqi yardım haqqında” Qanuna əsasən müraciət etməli idi; ərizəçinin istinad etdiyi Hüquqi yardım haqqında Saziş hüquqi yardımı deyil, pulsuz hüquqi yardımı nəzərdə tutub ki, bu da kifayət qədər fərqli məsələdir.
229. Öz birtərəfli bəyanatında (baxın, yuxarıda 187-ci paraqraf), Kipr Hökuməti təsdiq edib ki, bu yaxınlarda üç müstəqil müstəntiqlər xanım Rantsevanın ölümünün hallarının və onun ölümünə görə hər hansı şəxsin və ya dövlət orqanının məsuliyyət dairəsinin araşdırılması üçün təyin olunmuşlar.
c. Rusiya Hökuməti
230. Rusiya Hökuməti qəbul edib ki, sonradan dəyişikliklərin edilməsinə baxmayaraq, müvafiq vaxtda Rusiya cinayət qanunvericiliyi Rusiya vətəndaşına qarşı Rusiya ərazisindən kənarda törədilmiş cinayətə görə qeyri-Rusiya vətəndaşlar barəsində Rusiyada cinayət təqibinin başlanılmasının mümkünlüyünü nəzərdə tutmamışdır. Hər bir halda ərizəçi Rusiya dövlət orqanlarından cinayət işinin başlanılmasını deyil, sadəcə olaraq Kiprdə qızının ölümünə gətirib çıxarmış halların müəyyən olunmasında köməklik göstərilməsini xahiş etmişdir. Müvafiq olaraq, xanım Rantsevanın ölümü ilə bağlı hər hansı ibtidai istintaq Rusiyada aparılmamış və hər hansı sübut əldə edilməmişdir. Xanım Rantseva ilə işləmiş iki gənc qadından ifadələrin alınması ərizəçi tərəfindən Rusiya dövlət orqanlarından bir neçə dəfə xahiş edilsə belə, onun məlumatlandırıldığı kimi, Kipr dövlət orqanlarından hüquqi yardım barədə müraciət olmadan Rusiya dövlət orqanları tələb olunan addımları ata bilməzlər. Rusiya dövlət orqanları Kipr dövlət orqanlarını məlumatlandırıblar ki, onlar Hər hansı belə müraciəti icra etməyə hazırdırlar, lakin hər hansı müraciət edilməmişdir.
231. Rusiya Hökuməti iddia edib ki, Rusiya dövlət orqanları xanım Rantsevanın ölümünün hallarının müəyyən olunması, istintaqın aparılmasında Kipr dövlət orqanlarına yardım göstərilməsi və ərizəçinin hüquqlarının bərpası üçün bütün mümkün tədbirləri görmüşlər. Müvafiq olaraq, onlar iddia ediblər ki, Rusiya Konvensiyanın 2-ci maddəsinə əsasən üzərində olan hər hansı prosessual öhdəliklərə riayət etmişdir.
2. Məhkəmənin qiymətləndirməsi
a. Ümumi prinsiplər
232. Məhkəmənin ardıcıl olaraq nəticəyə gəldiyi kimi, Konvensiyanın 1-ci maddəsinə əsasən “yurisdiksiyası altında olan hər kəsin Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqların təmin edilməsi” barədə Dövlətin ümumi vəzifəsi ilə birgə götürülməklə, Konvensiyanın 2-ci maddəsinə əsasən yaşamaq hüququ müdafiə etmək öhdəliyi tələb edir ki, gücdən istifadə nəticəsində fərdi şəxslərin öldürüldüyü halda, rəsmi səmərəli istintaqın müəyyən forması mövcud olmalıdır (baxın, Mak Keynn və digərləri Birləşmiş Krallığa qarşı, 27 sentyabr 1995-ci il, § 161, A Seriyaları, № 324; Kaya Türkiyəyə qarşı, 19 fevral 1998-ci il, § 86, Hesabatlar, 1998-I; yuxarıda qeyd olunmuş Medova Rusiyaya qarşı, § 103). Rəsmi səmərəli istintaqı həyata keçirmək öhdəliyi, həmçinin ölümün Dövlət agentlərinə aid olmayan şübhəli vəziyyətdə baş verdiyi halda əmələ gəlir (baxın, Menson Birləşmiş Krallığa qarşı (qərardad), № 47916/99, İHAM 2003-V). Belə istintaqın əsas məqsədi yaşamaq hüququnu müdafiə edən daxili qanunvericiliyin səmərəli implementasiyasını və Dövlət agentlərinin və ya orqanlarının iştirakını cəlb edən işlərdə onların məsuliyyəti altında baş vermiş ölümlərə cavab vermələrini təmin etməkdən ibarətdir. Məsələ diqqətlərinə çatdırıldığı andan başlayaraq, dövlət orqanları öz mülahizələri ilə hərəkət etməlidirlər. Onlar bunu yaxın qohumun formal şikayət vermək və ya istintaq hərəkətlərinin həyata keçirilməsi üçün məsuliyyəti üzərinə götürmək təşəbbüsünə buraxmamalıdırlar (baxın, məsələn, İlhan Türkiyəyə qarşı (BP), № 22277/93, § 63, İHAM 2000-VII; yuxarıda qeyd olunmuş Pol və Odri Edvards işi, § 69).
233. İstintaqın səmərəli olması üçün onun həyata keçirilməsinə məsuliyyətli olan şəxslər hadisələrdə iştirak edən şəxslərdən müstəqil olmalıdırlar. Bu, yalnız iyerarxik və ya institusional deyil, həm də praktiki müstəqilliyi tələb edir (baxın, Hyuq Cordan Birləşmiş Krallığa qarşı, № 24746/94, § 120, İHAM 2001-III (çıxarışlar); və Kelli və digərləri Birləşmiş Krallığa qarşı, № 30054/96, § 114, 04 may 2001-ci il). İstintaq məsuliyyətli şəxslərin şəxsiyyətinin müəyyən olunmasına və onların cəzalandırılmasına qadir olmalıdır (baxın, yuxarıda qeyd olunmuş Pol və Odri Edvards, § 71). Sürətlilik və istintaqın ağlabatan şəkildə vaxtında keçirilməsi Konvensiyanın 2-ci maddəsinin mənasında səmərəli istintaqın kontekstində nəzərdə tutulur (baxın, Yaşa Türkiyəyə qarşı, 02 sentyabr 1998-ci il, §§ 102-104, Hesabatlar, 1998-VI; Cakıçı Türkiyəyə qarşı (BP), № 23657/94, §§ 80-87 və 106, İHAM 1999-IV; və yuxarıda qeyd olunmuş Kelli və digərləri, § 97). Bütün işlərdə qurbanın yaxın qohumu qanuni maraqlarının təmin olunması üçün zəruri olan həddə prosesə cəlb olunmalıdır (baxın, məsələn, Gülec Türkiyəyə qarşı, 27 iyul 1998-ci il, § 82, Qərar və Qərardadların Hesabatı, 1998-IV; və yuxarıda qeyd olunmuş Kelli və digərləri, § 98).
b. Ümumi prinsiplərin hazırkı işə tətbiqi
i. Kipr
234. İlk növbədə, məhkəmə təsdiq edir ki, xanım Rantsevanın gücdən birbaşa istifadə etmə nəticəsində ölməsinə dair hər hansı sübut yoxdur. Lakin yuxarıda göstərildiyi kimi (baxın, yuxarıda 232-ci paraqraf), bu, Konvensiyanın 2-ci maddəsinə əsasən onun ölümü ilə bağlı istintaqın aparılması öhdəliyinin mövcudluğunu aradan qaldırmır (baxın, həmçinin Kalvelli və Siqlio İtaliyaya qarşı (BP), 32967/96, §§ 48-50, İHAM 2002-1; və Önəryıldız Türkiyəyə qarşı (BP), 48939/99, §§ 70-74, İHAM 2004-XII). Xanım Rantsevanın ölümünü əhatə edən qeyri-müəyyən və izah olunmamış halları və insan alveri, pis rəftar və ölümünə gətirib çıxaran dövrdə qanunsuz həbs iddiaları baxımından, Məhkəmə hesab edir ki, Kipr dövlət orqanlarına aid xanım Rantsevanın ölümünün hallarının araşdırılması barədə prosessual öhdəlik yaranmışdır. Yaranmış zərurətə görə, istintaq xanım Rantsevanın balkondan yerə düşməsi ilə bağlı yalnız birbaşa kontekstlə deyil, həmçinin iddia olunan insan alveri ilə xanım Rantsevanın sonrakı ölümü arasındakı əlaqənin olub-olmamasının qiymətləndirilməsi üçün onun Kiprə gəlişi və qalması barədə daha geniş kontekst araşdırmağı tələb edir.
235. İstintaqın adekvatlığına gəldikdə, Məhkəmə qeyd edir ki, polis tez bir vaxtda hadisə yerinə gəlmiş və bir neçə dəqiqə ərzində hadisə yerini möhürləmişdir. Fotoşəkillər çəkilmiş və məhkəmə tibb ekspertizası aparılmışdır (baxın, yuxarıda 32-ci paraqraf). Həmin səhər polis xanım Rantseva öldüyü zaman mənzildə olmuş şəxslərin və onun yerə düşməsini müşahidə etmiş şəxsin ifadəsini almışdır. Limassol Polis İdarəsində növbədə olmuş polis əməkdaşları da ifadə vermişlər (baxın, yuxarıda 33-cü paraqraf). Meyitin yarılması aparılmış və istintaq keçirilmişdir (baxın, yuxarıda 35-41-ci paraqraflar). Lakin istintaqın bir neçə elementləri qeyri-qənaətbəxş olmuşdur.
236. Birincisi, mənzildə olmuş şəxslərin ifadələrində ziddiyyətlər olmuş və görünür ki, Kipr istintaq orqanları onları aradan qaldırmaq üçün hər hansı addım atmamışlar (baxın, yuxarıda 22-24 və 26-28-ci paraqraflar). Eynilə, xanım Rantsevanın fiziki vəziyyətinə və konkret olaraq onun davranışına alkoqolun təsirinə aid toplanmış sübutlardan da uyğunsuzluqlar irəli gəlir (baxın, yuxarıda 18, 20-21 və 24-cü paraqraflar). İşdə Kipr və Rusiya dövlət orqanlarının məhkəmə tibb ekspertizalarının rəyləri arasındakı iddia olunan ziddiyyətlər və balkondan düşərkən xanım Rantsevanın səs-küy etmədiyi faktı kimi hər hansı qaneedici izah təqdim olunmayan aşkar anormallıqlar vardır (baxın, yuxarıda 29, 50-52 və 67-ci paraqraflar).
237. İkincisi, araşdırma üzrə çıxarılmış verdikt qeyd edib ki, xanım Rantseva “qonaq” olduğu mənzildən qaçmağa cəhd edərkən, “şübhəli hallarda” ölmüşdür (baxın, yuxarıda 41-ci paraqraf). Onun ölümünü əhatə edən halların qeyri-aydın olmasına baxmayaraq, xanım Rantseva ilə yaşamış və ya onunla birgə kabaredə işləmiş şəxslərin dindirilməsi üçün Kipr polisi tərəfindən hər hansı səy göstərilməmişdir. Daha sonra, xanım Rantsevanın mənzildən qaçmaq istədiyi barədə araşdırmanın təəccüblü nəticəsinə baxmayaraq, onun niyə qaçmaq istəməsinin müəyyən edilməsi və ya iradəsinə zidd olaraq mənzildə həbsdə olub-olmadığına aydınlıq gətirilməsi üçün hər hansı addım atılmamışdır.
238. Üçüncüsü, 28 və 29 mart 2001-ci ildə növbədə olmuş iki polis əməkdaşının və bir pasport şöbəsi əməkdaşının ilkin ifadələrindən başqa polis idarəsində nəyin baş verdiyinə və konkret olaraq polisin nəyə görə xanım Rantsevanı M.A.-nın saxlamasına verdiyinə dair hər hansı istintaqın aparılması görünmür. Şahid ifadələrindən aydındır ki, ƏİPX M.A.-nı xanım Rantsevanın ölümü üçün təqsirli hesab edir, lakin bu nəticə üçün səbəblər və onun düzgünlüyü hərtərəfli şəkildə heç zaman araşdırlmamışdır. Daha sonra, polis əməkdaşlarının ifadələri xanım Rantsevadan götürülmüş hər hansı ifadəyə istinad etmir və bunun nəyə görə edilməməsinə izahat verən hər hansı dəlil istintaq materiallarında yoxdur; ifadə M.A. tərəfindən verilmişdir (baxın, yuxarıda 19-cu paraqraf). Məhkəmə xatırladır ki, Avropa Şurasının Komissarı 2008-ci ildə məruzə edib ki, polis qüvvələri daxilində insan alveri ilə bağlı korrupsiya iddiaları tək-tük işlərdir (baxın, yuxarıda 102-ci paraqraf). Lakin hazırkı işin faktları baxımından, Məhkəmə hesab edir ki, dövlət orqanları xanım Rantsevanın ölümünə gətirib çıxaran hadisələrə aid polis qüvvələri daxilində korrupsiyanın hər hansı əlamətlərinin olub-olmamasını istintaq etmək öhdəliyi altında olmuşdur.
239. Dördüncüsü, Kipr dövlət orqanlarına aydın müraciətinə baxmayaraq, ərizəçi iclasın tarixi barədə şəxsən məlumat almamış və nəticədə verdiktin çıxarılmasında iştirak etməmişdir. Kipr Hökuməti ərizəçinin bu tələbini mübahisələndirməyib ki, o, iclasın keçirilməsindən yalnız 15 ay sonra məlumatlandırılmışdır. Müvafiq olaraq, ərizəçinin təkidli səylərinə baxmayaraq, Kipr dövlət orqanları onun prosesdə səmərəli iştirakını təmin etməyiblər.
240. Beşincisi, ərizəçinin Rusiya dövlət orqanları vasitəsilə istintaq üçün davamlı tələbləri Kipr dövlət orqanları tərəfindən diqqətdən kənarda qalmış görünür. Xüsusən, Kipr hüquq sistemi daxilində ona əlçatan olan başqa vasitələr üçün informasiya müraciətləri, eləcə də Kipr dövlət orqanları tərəfindən pulsuz hüquqi yardım tələbləri etinasızlıqla üzləşmişdir. Hüquqi yardım tələbinin səhv yolla edildiyi barədə Kipr Hökumətinin Məhkəməyə verdiyi cavab qənaətbəxş deyildir. Ərizəçinin təkrar tələblərini və sözügedən işin ağırlığını nəzərə alaraq, Kipr Hökuməti ən azı pulsuz hüquqi yardımın tələb olunması üçün düzgün proseduru ərizəçiyə izah etməli olmuşdur.
241. Nəhayət, ölümlə bağlı istintaqın səmərəli olması üçün üzv Dövlətlər elə addımlar atmalıdırlar ki, onlar istintaqı aparan Dövlətin ərazisində yerləşməsindən asılı olmayaraq əhəmiyyətli sübutun təmin olunması üçün zəruri və əlçatan olsun. Məhkəmə qeyd edir ki, həm Kipr, həm də Rusiya Qarşılıqlı yardım haqqında Konvensiyanın tərəfləridir və əlavə olaraq Hüquqi yardım haqqında Saziş bağlamışlar (baxın, yuxarıda 175-185-ci paraqraflar). Bu vasitələr xanım Rantsevanın Kiprdə qalması və onun sonrakı ölümü ilə bağlı halların istintaqında Kipr dövlət orqanlarının Rusiyadan yardım üçün müraciət etməsinə dair aydın proseduru müəyyən etmişdir. Rusiya Federasiyasının Baş Prokuroru könüllü öhdəlik götürmüşdür ki, başqa sübutların toplanmasında kömək etməklə bağlı hüquqi yardım üçün Rusiya istənilən müraciətə köməklik göstərəcək (baxın, yuxarıda 70-ci paraqraf). Lakin heç bir sübut yoxdur ki, Kipr dövlət orqanları öz istintaqlarının keçirilməsində Rusiyadan hər hansı hüquqi yardım istəmişdir. Belə olan halda, Məhkəmə xanım Rantseva ilə kabaredə işləmiş iki rus qadının ifadələrinin əldə olunması üçün hüquqi yardım barədə tələbin edilməsindən Kipr dövlət orqanlarının imtinasını xüsusilə təəssüfləndirici hesab edir, nəzərə alaraq ki, belə ifadələr istintaqın mərkəzində olan məsələlərin aydınlaşdırılması üçün dəyərlidir. Xanım Rantsevanın 2001-ci ildə ölməsinə baxmayaraq, ərizəçi onun ölümünə gətirib çıxaran halların qaneedici izahını hələ də gözləyir.
242. Müvafiq olaraq, Məhkəmə hesab edir ki, xanım Rantsevanın ölümü ilə bağlı Kipr dövlət orqanları tərəfindən səmərəli istintaqın aparılmamasına görə iş üzrə Konvensiyanın 2-ci maddəsinin prosessual pozuntusu baş vermişdir.
ii. Rusiya
243. Məhkəmə xatırladır ki, xanım Rantsevanın ölümü Kiprdə baş vermişdir. Müvafiq olaraq, ümumi yanaşmadan kənara çıxmağı tələb edən xüsusi məqamların hazırkı işdə olduğu göstərilmirsə, rəsmi səmərəli istintaqın təmin olunması öhdəliyi yalnız Kiprin üzərinə düşür (baxın, mutatis mutandis, Al-Adsani Birləşmiş Krallığa qarşı (BP), № 35763/97, § 38, İHAM 2001-XI).
244. Xüsusi məqamların mövcudluğuna gəldikdə, ərizəçi o fakta istinad edir ki, xanım Rantseva Rusiya vətəndaşı olmuşdur. Lakin Məhkəmə hesab etmir ki, Konvensiyanın 2-ci maddəsi üzv Dövlətlərin cinayət qanunvericiliyindən tələb edir ki, vətəndaşlarından birinin ölümü ilə bağlı işlərdə universal yurisdiksiyanı nəzərdə tutsunlar. Özünün istintaqını keçirmək barədə Rusiya üzərində öhdəliyin qoyulmasını əsaslandıra bilən hər hansı digər xüsusi məqamlar yoxdur. Müvafiq olaraq, Məhkəmə hesab edir ki, Konvensiyanın 2-ci maddəsinə əsasən xanım Rantsevanın ölümünün istintaqının aparılması üçün hər hansı ayrıca öhdəlik Rusiya dövlət orqanlarının üzərində olmamışdır.
245. Lakin istintaq aparan Dövlətin üzərində digər yurisdiksiyalarda yerləşən sübutu təmin etmək öhdəliyinin nəticəsi olaraq sübutun yerləşdiyi Dövlətin vəzifəsidir ki, hüquqi yardım tələbi əsasında istənilmiş hər hansı köməyi səlahiyyəti və imkanları daxilində təqdim etsin. Hazırkı işdə yuxarıda göstərildiyi kimi, Rusiya Federasiyasının Baş Prokuroru iki rus qadının ifadələrinə istinadən Rusiya dövlət orqanlarına ünvanlanmış istənilən qarşılıqlı hüquqi yardım tələbinə riayət etmək və şahid ifadələrini almağı təşkil etmək niyyətini açıqlamış, lakin hər hansı belə tələb verilməmişdir (baxın, yuxarıda 241-ci paraqraf). Ərizəçi iddia edib ki, Kipr dövlət orqanlarından hər hansı tələbin olmamasına baxmayaraq, Rusiya dövlət orqanları iki qadını dindirməli olmuşdur. Lakin Məhkəmə xatırladır ki, xanım Rantsevanın ölümünü istintaq etmək öhdəliyi Kiprə aiddir. Hüquqi yardım tələbinin olmadığı halda, Rusiya dövlət orqanlarından Konvensiyanın 2-ci maddəsinə əsasən sübutu əldə etmək tələb olunmurdu.
246. Cinayət işinin başlanılmasına dair Rusiya dövlət orqanları tərəfindən tələbin irəli sürülməməsi barədə ərizəçinin dəlilinə gəldikdə, Məhkəmə qeyd edir ki, Rusiya dövlət orqanları Kipr dövlət orqanlarını hərəkətə gətirmək üçün qarşılıqlı hüquqi yardım sazişləri ilə təqdim olunmuş imkanlardan geniş istifadə etmişdir (baxın, məsələn, 48, 52, 55, 57 və 61-62-ci paraqraflar). Xüsusən, 11 dekabr 2001-ci il tarixli məktubla onlar tələb etmişlər ki, xanım Rantsevanın ölümü ilə bağlı əlavə istintaq aparılsın, əhəmiyyətli şahidlər dindirilsin və Kipr dövlət orqanları qəsdən adam öldürmə, adam oğurluğu və ya azadlığın qanunsuz məhdudlaşdırılması ittihamlarını irəli sürsün (baxın, yuxarıda 52-ci paraqraf). 27 dekabr 2001-ci il tarixli məktubla cinayət işinin başlanılması üçün xüsusi tələb təqdim edilmişdir (baxın, yuxarıda 53-cü paraqraflar). Bu tələb bir neçə dəfə təkrarlanmışdır.
247. Nəticədə, Məhkəmə hesab edir ki, Rusiya Federasiyası tərəfindən Konvensiyanın 2-ci maddəsinin prosessual pozuntusu baş verməmişdir.
IV. Konvensiyanin 3-cü maddəsinin iddia olunan pozuntusu
248. Ərizəçi xanım Rantsevanı pis rəftardan qorumaq üçün addımlar atmamağa və ölümünə gətirib çıxaran dövrdə onun qeyri-insani və ya alçaldıcı rəftara məruz qalıb-qalmamasının araşdırılmamasına aid Kipr dövlət orqanları tərəfindən Konvensiyanın 3-cü maddəsinin pozulmasını iddia etmişdir. Konvensiyanın 3-cü maddəsi nəzərdə tutur ki:
“Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldən rəftara və ya cəzaya məruz qalmamalıdır.”
A. Tərəflərin dəlilləri
1. Ərizəçi
249. Ərizəçi iddia edib ki, hazırkı işdə pozitiv öhdəlik fərdi şəxslərin pis rəftarından xanım Rantsevanı qorumaqdan irəli gəlib. O iddia edib ki, xanım Rantsevanın ölümündən sonra aparılmış iki məhkəmə tibb ekspertizasının rəyləri aşkar edib ki, onun ölümü ilə bağlı izahlar qeydə alınmış zədələrə uyğun gəlmir. O iddia edib ki, toplanmış şahid ifadələri ölümündən əvvəl xanım Rantsevanın bədəni üzərində zədələrin olub-olmamasına qaneedici cavabı nəzərdə tutmayıb. Buna baxmayaraq, xanım Rantsevanın qeyri-insani və ya alçaldıcı rəftara məruz qalıb-qalmamasına aid Kipr dövlət orqanları tərəfindən istintaq aparılmamışdır. Daha sonra, real və birbaşa təhlükə barədə dövlət orqanlarının bildiyi və ya bunu bilməli olduğu təqdirdə, xanım Rantsevanı pis rəftar təhlükəsindən qorumaq üçün hər hansı addımlar atılmamışdır. Müvafiq olaraq, ərizəçinin dəlilində iş üzrə Konvensiyanın 3-cü maddəsi pozulmuşdur.
2. Kipr Hökuməti
250. Özünün yazılı dəlillərində Kipr Hökuməti razı olmayıb ki, iş üzrə Konvensiyanın 3-cü maddəsi pozulmuşdur. Onlar işarə ediblər ki, işin materiallarında heç bir məqam ölümündən əvvəl xanım Rantsevanın qeyri-insani və ya alçaldıcı rəftara məruz qaldığını göstərmir. Hər bir halda məsuliyyət daşıyanların şəxsiyyətinin müəyyən edilməsi və cəzalandırılmasına gətirib çıxara bilən hərtərəfli istintaq xanım Rantsevanın ölməsi halları ilə bağlı aparılmışdır. Buna görə, Konvensiyanın 3-cü maddəsinə riayət olunmuşdur.
251. Özünün sonrakı birtərəfli bəyanatında (baxın, yuxarıda 187-ci paraqraf) Kipr Hökuməti təsdiq edib ki, ölümündən əvvəl xanım Rantsevanın qeyri-insani və ya alçaldıcı rəftara məruz qalıb-qalmaması ilə bağlı polis istintaqının qeyri-səmərəli olduğu qədər Konvensiyanın 3-cü maddəsinə əsasən ortaya çıxan prosessual öhdəlik pozulmuşdur. Onlar, həmçinin təsdiq etmişlər ki, xanım Rantsevanın işləməsi və Kiprdə qalması və onun qeyri-insani və ya alçaldıcı rəftara məruz qalıb-qalmaması halları ilə bağlı istintaqın aparılması üçün üç müstəqil müstəntiqlər təyin olunmuşlar.
B. Məhkəmənin qiymətləndirməsi
252. Məhkəmə qeyd edir ki, ölümündən əvvəl xanım Rantsevanın pis rəftara məruz qaldığına dair hər hansı sübut yoxdur. Lakin aydındır ki, zorakılıqdan istifadə etmə və qurbanların pis rəftara məruz qalmaları insan alverinin ümumi xüsusiyyətləridir (baxın, 85, 87-88 və 101-ci paraqraflar). Buna görə, Məhkəmə hesab edir ki, pis rəftarla bağlı hər hansı spesifik iddiaların olmadığı halda, ölümündən əvvəl xanım Rantsevanın məruz qaldığı hər hansı qeyri-insani və ya alçaldıcı rəftar iddia olunan insan alveri və istismarla çox bağlıdır. Müvafiq olaraq, Məhkəmə hesab edir ki, ərizəçinin Konvensiyanın 3-cü maddəsi üzrə şikayətlərini ayrıca araşdırmaq zəruri deyil və Konvensiyanın 4-cü maddəsi baxımından ərizəçinin şikayətinin araşdırılması yönümündə ortaya çıxan ümumi məsələləri həll edəcək.
V. Konvensiyanin 4-cü maddəsinin iddia olunan pozuntusu
253. Ərizəçi qızının insan alverindən qorunması və Kiprə gəlişi və orada işləməsi halları ilə bağlı səmərəli istintaq aparılmasının uğursuzluğu baxımından həm Rusiya, həm də Kipr dövlət orqanları tərəfindən Konvensiyanın 4-cü maddəsinin pozulduğunu iddia etmişdir. Konvensiyanın 4-cü maddəsi müvafiq hissəsində nəzərdə tutur ki:
“1. Heç kəs köləlikdə və ya əsarət altında saxlanılmamalıdır.
Heç kəs məcburi və ya icbari əməyə cəlb olunmamalıdır.
... ”
A. Tərəflərin dəlilləri
1. Ərizəçi
254. Siliadin Fransaya qarşı işə (№ 73316/01, İHAM 2005-VI) və İnsan Alverinə qarşı Konvensiyaya (baxın, yuxarıda 162-174-cü paraqraflar) istinadən, ərizəçi iddia edib ki, Kipr dövlət orqanları insan alveri ilə mübarizə aparmaq üçün qanunlar qəbul etməli və bu mübarizə məqsədilə siyasətlərini və proqramlarını müəyyənləşdirməli və gücləndirməli olmuşlar. O, Avropa Şurasının İnsan hüquqları Komissarının məruzələrinə işarə etmişdir (baxın, yuxarıda 91-104-cü paraqraflar). Onun fikrincə, bu məruzələr göstərir ki, kabare artistləri kimi işləmək üçün Kiprə köçən gənc əcnəbi qadınların vəziyyətində pisləşmə vərdır. Ərizəçi bu nəticəyə gəlib ki, insan alveri ilə mübarizə üzrə Kiprin üzərində olan öhdəliyə riayət olunmamışdır. Xüsusən, ərizəçi göstərib ki, Kipr dövlət orqanları azad etmək əvəzinə, xanım Rantsevanı keçmiş işəgötürəninə niyə vermələrini izah edə bilməmişlər (baxın, yuxarıda 82-ci paraqraf). O israr edib ki, bunu etməklə, Kipr dövlət orqanları onun qızını insan alverindən qorumaq üçün tədbirlər görməmişlər. Onlar, həmçinin qızının insan alverinin qurbanı olub-olmadığını və ya cinsi və ya digər istismara məruz qalıb-qalmadığını istintaq etməmişlər. Xanım Rantsevanın kabaredə işləmək üçün Kiprə könüllü daxil olmasına baxmayaraq, Məhkəmə müəyyən edib ki, əvvəlki razılıq, daha irəliyə getmədən, məcburi əməyin mövcudluğunun müəyyən edilməsini təkzib etmir (Van der Mussel Belçikaya qarşı, 23 noyabr 1983-cü il, § 36, A Seriyaları, №70).
255. Rusiyaya münasibətdə ərizəçi göstərib ki, həmin vaxtda Rusiyanın Cinayət Məcəlləsi insan alverinə aşkar surətdə aid olan müddəaları əks etdirməyib. O iddia edib ki, Rusiya dövlət orqanları cinsi industriyada işləmək üçün Kiprə insan alveri üzrə gətirilən konkret gənc qadınlar problemindən xəbərdar olmuşdur. Müvafiq olaraq, Rusiya Federasiyası rus qadınların insan alverinin və istismarının qarşısının alınması üçün tədbirlər qəbul etmək öhdəliyi altında olmuş, lakin bunu etməmişdir. Hazırkı işdə o, xanım Rantsevanın Kiprə gəlişi və onun orada işləməsinin xarakterik hallarının araşdırılması üzrə spesifik öhdəlik altında olmuş, lakin belə istintaq aparılmamışdır.
2. Kipr Hökuməti
256. Öz yazılı qeydlərində Kipr Hökuməti təsdiq edib ki, xanım Rantsevanın ölümündən əvvəl və ya sonra insan alverinin qurbanı olub-olmadığının və ya onun cinsi və ya digər istismar formalarına məruz qalıb-qalmadığının müəyyən edilməsi üçün hər hansı addımlar atılmamışdır. Lakin onlar razı olmamışlar ki, iş üzrə Konvensiyanın 4-cü maddəsi pozulmuşdur. Onlar iddia etmişdir ki, Dövlətin üzərində köləlik, əsarət və ya məcburi və ya icbari əmək vəziyyətində şəxsin saxlanılması ilə bağlı hər hansı hərəkətin cəzalandırılması və səmərəli mühakiməsini tələb edən pozitiv öhdəliklər olmuşdur. Lakin Konvensiyanın 2 və 3-cü maddələri ilə analogiya üzrə onlar iddia ediblər ki, pozitiv öhdəliklər yalnız o halda əmələ gəlir ki, dövlət orqanları şəxsiyyəti bəlli olan şəxsin belə vəziyyətdə saxlandığını bilsinlər və ya bilməli olsunlar. Bu pozitiv öhdəlik yalnız o halda pozulmuş olar ki, onlar səlahiyyətləri daxilində əsaslı şəkildə qiymətləndirilməklə, bu təhlükəni aradan qaldıra bilən tədbirləri görməsinlər.
257. Hazırkı işdə nə istintaq materiallarında, nə də hər hansı digər sübutda heç bir dəlil göstərmir ki, xanım Rantseva köləlik və yaxud əsarətdə olmuş və ya məcburi əməyə cəlb edilmişdir. Əlavə olaraq, Kipr Hökuməti o fakta işarə edib ki, daxili dövlət orqanlarına hər hansı şikayət verilməmişdir ki, onun qızı trafikinqin və ya istismarın qurbanı olmuş və Rusiya dövlət orqanları tərəfindən hər hansı yazışma belə şikayətə istinadı əks etdirməmişdir. Xanım Rantseva özü ölümündən əvvəl bu xarakterli hər hansı iddialar irəli sürməmiş və yorulduğunu və geriyə Rusiyaya getdiyini bildirən mənzilində qoyduğu qeyd (baxın, yuxarıda 17-ci paraqraf) hər hansı belə iddiaları təsdiq etmək üçün qeyri-adekvat olmuşdur. Hökumət iddia edib ki, bu xarakterli şikayətin Limassoldakı Rusiya Ortodoksal keşişi tərəfindən dövlət orqanlarına ilk dəfə edildiyi tarix 13 aprel 2006-cı il olmuşdur. Onlar israr ediblər ki, Rusiya dövlət orqanları Kipr dövlət orqanları ilə əməkdaşlıq edə və xanım Rantseva ilə kabaredə işləmiş iki rus qadının şahid ifadələrini əldə edə bilməmişlər.
258. Özünün sonrakı birtərəfli bəyanatında (baxın, yuxarıda 187-ci paraqraf) Kipr Hökuməti etiraf edib ki, xanım Rantsevanın insan alverinə və ya hər hansı cinsi və ya istismarın digər formalarına məruz qalıb-qalmamasının müəyyən edilməsi üçün hər hansı tədbirləri görməməklə, Konvensiyanın 4-cü maddəsinə əsasən pozitiv öhdəliklərini pozmuşlar. Onlar, həmçinin təsdiq etmişlər ki, xanım Rantsevanın işləməsi və Kiprdə qalması və onun insan alverinin və ya istismarın qurbanı olub-olmadığına dair hər hansı sübutun mövcudluğu halları ilə bağlı istintaqın aparılması üçün üç müstəqil müstəntiqlər təyin olunmuşlar.
3. Rusiya Hökuməti
259. Yuxarıda göstərildiyi kimi, Rusiya Hökuməti iddia edib ki, xanım Rantsevanın hazırkı işdə məruz qaldığı rəftar Konvensiyanın 4-cü maddəsinin əhatəsinə düşür (baxın, yuxarıda 209-cu paraqraf).
260. Rusiya Hökuməti mahiyyəti üzrə razılaşıb ki, Konvensiyanın 4-cü maddəsindən irəli gələn pozitiv öhdəliklər üzv Dövlətlərdən təmin etməyi tələb edib ki, onun ərazisində yaşayan şəxslər köləlik və ya əsarətdə saxlanmasınlar və əməyə məcbur edilməsinlər. Belə hallar baş verdikdə, üzv Dövlətlərdən tələb olunub ki, qurbanların hüquqlarının qorunması və bərpası və təqsirli şəxslərin mühakimə olunması üçün səmərəli vasitələri yaratsınlar. Lakin ərizəçinin şikayətinin Rusiyaya ünvanlanması kontekstində onun dəlili ondan ibarət olmuşdur ki, Rusiya dövlət orqanları vətəndaşları xaricə köçməkdən qorumaq üçün qabaqlayıcı tədbirlər sistemini yaratsınlar. Rusiya Hökuməti göstərib ki, hər hansı belə tədbirlər Konvensiyanın 4-cü maddəsi ilə “hər kəsin özünün ölkəsi daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azad olduğunu” nəzərdə tutan Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsi ilə təmin olunmuş sərbəst hərəkət etmək hüququ arasında tarazlığa cavab verməlidir. Onlar, həmçinin iddia ediblər ki, hər hansı belə tədbirlərin dairəsi vətəndaşın səyahət etmək istədiyi Dövlətin suverenliyinə hörmət etmək zərurəti ilə əhəmiyyətli şəkildə məhduddur.
261. Rusiya Hökumətinə görə, Konvensiyanın 4-cü maddəsinin pozulmasının qarşısının alınması, qurbanların müdafiəsi və təqsirli şəxslərin mühakiməsi üçün Rusiyanın cinayət qanunvericiliyində müəyyən olunmuş həddən artıq tədbirlər vardır. Həmin vaxtda qüvvədə olmuş Rusiya cinayət qanunvericiliyində insan alverinə və kölə əməyinə dair müddəaların əks olunmamasına baxmayaraq, belə hərəkətlər hər bir halda adam öldürməyə cəhd və ya sağlamlığa ağır zərər vurma, adam oğurluğu, azadlığın qanunsuz məhdudlaşdırılması və cinsi cinayətlər kimi digər cinayətlərin tərkibi daxilinə düşüb (baxın, yuxarıda 133-135-ci paraqraflar). Rusiya Hökuməti, həmçinin “Köləlik haqqında” 1926-cı il tarixli Konvensiya (baxın, yuxarıda 137-141-ci paraqraflar) və 2000-ci il tarixli Palermo Protokolu (baxın, yuxarıda 149-155-ci paraqraflar) daxil olmaqla, Rusiya Federasiyası tərəfindən ratifikasiya olunmuş müxtəlif beynəlxalq müqavilələrə işarə edərək vurğulamışdır ki, Rusiya bir çox qarşılıqlı hüquqi yardım sazişlərinə imza etmişdir (baxın, yuxarıda 175-185-ci paraqraflar). Hazırkı işdə onlar qarşılıqlı hüquqi yardım çərçivəsi daxilində təqsirli şəxslərin müəyyən edilməsinə və cəzalandırılmasına təsir edilməsi üçün fəal tədbirlər görmüşlər. Əlavə olaraq, onlar izah ediblər ki, 27 iyul 2006-cı ildə Cinayət Məcəlləsinin tətbiqi Rusiya ərazisindən kənarda Rusiya vətəndaşlarına qarşı cinayət törətmiş qeyri-vətəndaş olan şəxslərin mühakiməsinə icazə verən qədər genişlənmişdir. Lakin bu səlahiyyətin həyata keçirilməsi cinayətin törədildiyi ərazinin Dövlətinin razılığından asılıdır.
262. Xanım Rantsevanın Kiprə gedişinə gəldikdə, Rusiya dövlət orqanları göstəriblər ki, onlar Rusiyanı tərk edən vətəndaş barədə yalnız onun sərhədi keçdiyi zaman məlumatlı olurlar. Onun getdiyi Dövlətin daxil olma tələblərinə riayət edildiyi və onun ölkədən çıxmasına məneə törədən hər hansı məqamların olmadığı halda, Rusiya dövlət orqanları şəxsin azad hərəkət etmək hüququnun həyata keçirilməsinə qadağa qoymağa icazəli deyil. Müvafiq olaraq, Rusiya dövlət orqanları yalnız tövsiyələr verə və mümkün təhlükələrdən vətəndaşları xəbərdar edə bilərlər. Onlar kütləvi informasiya vasitələri ilə, xəbərdarlıqlarla təhlükəli faktorlara aid daha təfsilatlı məlumatlar təqdim etmişdir.
263. Rusiya Hökuməti, həmçinin Məhkəmədən nəzərə almağı xahiş edib ki, əvvəllər Kiprə qarşı Konvensiyanın 4-cü maddəsinin pozuntusu müəyyən edilməmişdir. Onlar bildiriblər ki, Kiprlə münasibətlərinin inkişafında bunu nəzərə almalı olmuşlar.
4. Üçüncü tərəfin dəlilləri
a. İnterayts
264. İnterayts insan alveri ilə bağlı məlumatlandırmanın artdığını və onunla mübarizəyə yönəlmiş beynəlxalq və regional bir neçə vasitələrin qəbul olunmasını vurğulamışdır. Lakin onlar milli siyasətləri və bu sahədəki tədbirləri bəzən qeyri-adekvat və səmərəsiz hesab etmişdir. Onlar iddia ediblər ki, insan alverinə səmərəli cavab vermək üçün hər hansı hüquqi sistemin əsas tələbi çoxşahəli intizam yanaşması zərurətinin tanınması; Dövlətlər arasında əməkdaşlıq; və inteqrasiya olunmuş insan hüquqları yanaşmasında hüquqi çərçivədir.
265. İnterayts vurğulayıb ki, insan alverinin fərqləndirici elementi Palermo Protokolunda göstərilmiş hər hansı məcburetmə vasitəsindən istifadə olunduğu halda, qurbanın nəzərdə tutulan istismara razılığının yersiz olmasıdır (baxın, yuxarıda 151-ci paraqraf). Müvafiq olaraq, cinsi industriyada işləməli olduğunu bilən şəxs bunu bilməsi səbəbindən insan alverinin qurbanı olmaqdan azad olunmur. Həmçinin, əsasən qanunsuz miqrasiyaya qarşı Dövlətin müdafiə olunmasına aid olan qaçaqmalçılıqla fərdi şəxslərə qarşı cinayət olan və zəruri şərt kimi sərhədi keçmək öhdəliyini ehtiva etməyən insan alveri arasında fərqləndirmənin aparılması əhəmiyyət daşıyır.
266. İnsan alverini müasir köləliyin formalarından biri kimi qiymətləndirərək, İnterayts Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının Prokuror Kunaraça və digərlərinə qarşı iş üzrə qənaətlərini vurğulamış (baxın, yuxarıda 142-143-cü paraqraflar) və iddia edib ki, həmin qərarın zəruri nəticəsi bu olmuşdur ki, köləliyin anlayışı şəxs üzərində mülkiyyət hüququnun mövcud olmasını deyil, sadəcə olaraq belə hüquqa aid olan bir və ya bir neçə səlahiyyətin olduğunu tələb edir. Bu mənada, “köləlik” termininin müasir mənası qurbanın zorakılığa və məcburiyyətə, bununla da, qurban üzərində cinayətkarın tam nəzarətinin əldə olunması vəziyyətini daxil etdirə bilər.
267. İnterayts insan alveri kontekstində Konvensiyaya əsasən üzv Dövlətlərin pozitiv öhdəliklərinə münasibət bildirmişdir. Xüsusən, İnterayts israr edib ki, İnsan Alverinə qarşı Konvensiyada müəyyən edildiyi (baxın, yuxarıda 160-174-cü paraqraflar) və Məhkəmənin presedent-hüququ ilə təsdiq olunduğu kimi insan alverinə dair lazımi qanunvericilik qəbul edilməlidir. Belə qanunvericilik hüquqi, eləcə də fiziki şəxslərin məsuliyyətini müəyyən etməklə, insan alverinin kriminallaşdırılması; insan alveri üçün çox vaxt pərdə kimi istifadə olunan biznesin lisenziyalaşdırılması və fəaliyyətinə aid nəzarət prosedurlarının yaradılması; və müvafiq cəzaların müəyyən edilməsi üçün tələb olunur. Digər pozitiv öhdəliklər insan alveri üçün tələbatı aradan qaldırmağı, insan alveri cinayətlərində hüquq-mühafizə orqanlarının vəzifəli şəxslərinin hər hansı iştirakının müəyyən edilməsi və dəf olunması üçün adekvat qanunların tətbiqinin təmin olunmasını və polis və məhkəmə sistemlərində qurbanların məxfiliyinin yaradılmasını, eləcə də, müvafiq treninqlər keçirməklə insan alveri qurbanlarının müəyyən olunmasının səmərəli həyata keçirilməsinin təmin olunmasını daxil etdirir. Ən yaxşı təcrübə, metodlar və strategiyalar əsasında araşdırmaların aparılması, kütləvi informasiya vasitələrində və mülki cəmiyyətdə məlumatlandırmanın aparılması, dövlət orqanlarının və siyasi xadimlərin iştirakını cəlb etməklə, informasiya kampaniyalarının keçirilməsi, təhsil proqramları və cinsi turizmin hədəfə alınması da İnterayts tərəfindən müəyyən olunmuş mümkün Dövlət fəaliyyəti sahələridir.
268. Nəhayət, İnterayts iddia edib ki, Dövlətlərin üzərində nəzərdə tutulmuş öhdəlik vardır ki, insan alveri iddialarına aid səmərəli və diqqətli istintaq aparsınlar. Belə istintaq Konvensiyanın 2-ci maddəsinə əsasən tələb olunan istintaqın şərtlərinə uyğun olmalıdır.
b. AİRE Mərkəzi
269. AİRE Mərkəzi əksəriyyətinin qadın və uşaqlar olduğu hər il cinsi və ya başqa istismar üçün insan alveri qurbanları olan insanların artan sayını vurğulamışdır. Onlar bir çox hallarda müvafiq dövlət orqanlarına özlərini insan alverinin qurbanları kimi təqdim etməyə imkan verməyən həddən artıq zədələnmiş qurbanlar üçün qəddar psixiki və psixoloji nəticələrə işarə etmişlər. Onlar konkret olaraq 2008-ci ildə ABŞ-ın Dövlət Departamentinin hesabatının, İnsan Alveri Hesabatının nəticələrinə istinad etmişlər. Bu hesabatla müəyyən edilmişdir ki, Kipr keçmiş ilə nisbətən insan alverinin qəddar formalarına qarşı mübarizə aparmaq üçün öz səylərini inkişaf etdirməsi barədə sübutlar təqdim edə bilməmişdir (baxın, yuxarıda 106-cı paraqraf).
270. Daha ümumi şəkildə AİRE Mərkəzi narahatlığını vurğulayıb ki, insan alveri qurbanlarının hüquqları insan alverinə qarşı mübarizədəki başqa məqsədlərə bir çox hallarda tabe edilir. İnsan alveri barədə beynəlxalq və regional vasitələr qurbanların müdafiəsi üçün praktiki və səmərəli hüquqları əks etdirmir. İnsan alveri cinayətlərinin istintaqı və mühakiməsinə aid tələblərdən kənar Palermo Protokolunun müddəaları, AİRE Mərkəzinin fikrincə, “adətən ya örnəkedici və ya yönəldici” olmaqla, Dövlətləri bəzi tədbirləri görmək barədə “düşünməyə” və ya buna “səylər göstərməyə” məsuliyyətli edir.
271. Nəhayət, AİRE Mərkəzi qeyd edib ki, insan alverinə qarşı beynəlxalq vasitələr üçün nəzarət orqanlarının təcrübəsi hazırkı şikayətdən irəli gələn hallarda Dövlətlərin pozitiv öhdəliklərinin dairəsi və məzmununu tam aydınlaşdırmalıdır. Məhkəmənin təcrübəsinə gəldikdə, AİRE Mərkəzi qeyd edib ki, insan alveri işində (yuxarıda qeyd olunmuş Siliadin işi) Məhkəmənin artıq Konvensiyanın 4-cü maddəsinin tətbiqi dairəsinə dair mövqeyini bildirmək imkanına malik olmasına baxmayaraq, bu iş yalnız cinayətkarların qarşısının alınması və cəzalandırılması üçün adekvat cinayət qanunu normalarının Dövlət tərəfindən qəbul edilməməsi məsələsini həll etmişdir. Konvensiyanın 2, 3 və 8-ci maddələri baxımından inkişaf etdirilmiş presedent-hüququna istinadən, AİRE Mərkəzi iddia edib ki, fərdi şəxsin insan alveri qurbanı olmaq təhlükəsində olduğu barədə dövlət orqanlarının bildiyi və ya bilməli olduğu halda, Dövlətlər müdafiəni təqdim etmək öhdəliyi altındadırlar. Tələb olunan konkret tədbirlər məsələnin hallarından asılıdır, lakin Dövlətlər belə şəxsi müdafiəsiz saxlamağa və ya onu insan alveri və istismarı vəziyyətinə qaytarmağa icazəli deyil.
B. Məhkəmənin qiymətləndirməsi
1. Konvensiyanın 4-cü maddəsinin tətbiqi
272. Ortaya çıxan ilk məsələ hazırkı işin Konvensiyanın 4-cü maddəsinin əhatə dairəsinə düşüb-düşməməsi ilə bağlıdır. Məhkəmə xatırladır ki, Konvensiyanın 4-cü maddəsi “köləliyi”, “əsarəti” və “məcburi və icbari əməyi” qadağan etməklə, trafikinqi qeyd etmir.
273. Məhkəmə heç zaman Konvensiyanın müddəalarını orada təsbit olunmuş hüquq və azadlıqların təfsiri üçün sadəcə olaraq istinad çərçivəsi kimi qiymətləndirməmişdir (Dəmir və Baykara Türkiyəyə qarşı (BP), № 34503/97, § 67, 12 noyabr 2008-ci il ). Məhkəmə uzun müddət ərzində qeyd edib ki, Konvensiya müddəalarının tətbiqinin əsas prinsiplərindən biri ondan ibarətdir ki, o, bu müddəaları boşluqda tətbiq etmir (baxın, Luazidu Türkiyəyə qarşı, 18 dekabr 1996-cı il, Qərar və Qərardadların Hesabatı, 1996-VI; və Ocalan Türkiyəyə qarşı (BP), № 46221/99, § 163, İHAM 2005-IV). Beynəlxalq müqavilə kimi Konvensiya Müqavilələr haqqında 23 may 1969-cu il tarixli Vyana Konvensiyasında təsbit olunmuş təfsir etmə qaydalarına uyğun şərh olunmalıdır.
274. Bu Konvensiyaya əsasən, Məhkəmə sözlərə verilməli olan mənanı onların konteksti və əks olunduğu müddəanın obyekti və predmeti baxımından müəyyən etməlidir (baxın, Qolder Birləşmiş Krallığa qarşı, 21 fevral 1975-ci il, § 29, A Seriyaları, № 18; yuxarıda qeyd olunmuş Luazidu işi, § 43; və Vyana Konvensiyasının 31-ci maddəsinin 1-ci bəndi). Məhkəmə bu faktı nəzərə almalıdır ki, müddəanın konteksti fərdi insan hüquqlarının səmərəli müdafiəsi üçün müqavilədir və Konvensiya bütövlükdə oxunmalı və müxtəlif müddəaları arasında daxili uyğunluğu və harmoniyanı təbliğ etmək tərzində təfsir olunmalıdır (baxın, Steç və digərləri Birləşmiş Krallığa qarşı (qərardad) (BP), № 65731/01 və 65900/01, § 48, İHAM 2005-X). Həmçinin Müqavilə Tərəfləri arasındakı münasibətlərdə tətbiq olunan hər hansı müvafiq qaydalar və beynəlxalq hüququn prinsipləri nəzərə alınmalı və Konvensiya mümkün olduğu qədər tərkib hissəsi olduğu beynəlxalq hüquq qaydaları ilə harmoniyada təfsir edilməlidir (baxın, Al-Adsani Birləşmiş Krallığa qarşı (BP), № 35763/97, § 55, İHAM 2001-XI; yuxarıda qeyd olunmuş Dəmir və Baykara, § 67; Saadi Birləşmiş Krallığa qarşı (BP), 13229/03, § 62, İHAM 2008-...; və Vyana Konvensiyasının 31-ci maddəsinin 3 “c” bəndi).
275. Nəhayət, Məhkəmə vurğulayır ki, fərdi insanların müdafiəsi vasitəsi kimi Konvensiyanın obyekti və məqsədi tələb edir ki, onun müddəaları təminatlarını praktiki və səmərəli etdiyi tərzdə təfsir və tətbiq edilsinlər (baxın, inter alia, Soerinq Birləşmiş Krallığa qarşı, 07 iyul 1989-cu il, § 87, A Seriyaları, № 161; və Artiko İlaliyaya qarşı, 13 may 1980-ci il, § 33, A Seriyaları, № 37).
276. Siliadin işində Konvensiyanın 4-cü maddəsi əsasında “köləliyin” dairəsini qiymətləndirərkən, Məhkəmə daimi mülkiyyət hüququnun həyata keçirilməsini və “obyekt”lə bağlı olan fərdi şəxsin statusunun azaldılmasını tələb edən Köləlik haqqında 1926-cı il tarixli Konvensiyada təsbit olunmuş klassik köləlik anlayışına istinad etmişdir (yuxarıda qeyd olunmuş Siliadin işi, § 122). “Əsarət” anlayışına gəldikdə, Məhkəmə belə nəticəyə gəlib ki, bu, qadağan olunmuş “azadlıqdan xüsusilə ciddi imtinadır” (baxın,Van Druqenbroek Belçikaya qarşı, Komissiyanın 09 iyul 1980-ci il tarixli hesabatı, §§ 78-80, B Seriyaları, № 44). “Əsarət” anlayışı məcburiyyət əsasında kimsənin xidmətlərini təmin etmək öhdəliyini ehtiva edir və “köləlik” anlayışı ilə əlaqəlidir (baxın, Seqin Fransaya qarşı (qərardad), № 2400/98, 07 mart 2000-ci il; və yuxarıda qeyd olunmuş Siliadin, § 124). “Məcburi və icbari əməyin” əmələ gəlməsi üçün Məhkəmə hesab edib ki, müəyyən fiziki və mənəvi məcburiyyət, eləcə də şəxsin iradəsinin müəyyən hökmranlığı mövcud olmalıdır (Van der Mussel Belçikaya qarşı, 23 noyabr 1983-cü il, § 34, A Seriyaları, №70; yuxarıda qeyd olunmuş Siliadin işi, § 117).
277. Konvensiyada insan alverinə açıq istinadın olmaması təəccüblü deyil. Konvensiya özü insan alverinə hər hansı açıq qeydi əks etdirməyən 1948-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən bəyan olunmuş İnsan hüquqları haqqında Ümumi Bəyannamə ilə ruhlanmışdır. 4-cü maddəsində Bəyannamə “köləliyi və bütün formalarında kölə ticarətini” qadağan etmişdir. Lakin Konvensiyanın 4-cü maddəsinin əhatəsini qiymətləndirərkən, Konvensiyanın xüsusi məqamları və onun hazırkı gününün şəraitləri baxımından təfsir edilməli olan canlı vasitə olduğu faktı diqqətdən yayınmamalıdır. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi sahəsində tələb olunan artmaqda olan yüksək standartlar demokratik cəmiyyətlərin fundamental pozuntularının qiymətləndirilməsində möhkəmliyi müvafiq və qaçılmaz olaraq tələb edir (baxın, bir çox başqa mənbələr arasında Selmuni Fransaya qarşı (BP), № 25803/94, § 101, İHAM 1999-V; Kristin Qudvin Birləşmiş Krallığa qarşı (BP), № 28957/95, § 71, İHAM 2002-VI; və yuxarıda qeyd olunmuş Siliadin işi, § 121).
278. Məhkəmə qeyd edir ki, qlobal fenomen kimi insan alveri son illərdə əhəmiyyətli şəkildə artmışdır (baxın, yuxarıda 100, 103 və 269-cu paraqraflar). Avropada onun artması keçmiş Kommunist blokların dağılması ilə vüsətlənmişdir. 2000-ci ildə Palermo Protokolunun və 2005-ci ildə İnsan alverinə qarşı Konvensiyanın imzalanması beynəlxalq müstəvidə insan alverinin çox geniş yayılmasının və onunla mübarizə aparılması üçün müvafiq tədbirlərə zərurətin artan tanınmasını göstərir.
279. Məhkəmə Konvensiyanın 4-cü maddəsinin tətbiqini müzakirə etməyə mütəmadi olaraq çağırılmır və konkret olaraq bu günədək yalnız bir dəfə belə hala rast gəlmişdir ki, insan alveri ilə bağlı rəftarın bu maddənin dairəsinə düşməsinin əhatəsini müzakirə etsin (yuxarıda qeyd olunmuş Siliadin işi). Bu işdə Məhkəmə hesab edib ki, köləlik olsa belə, ərizəçinin məruz qaldığı rəftar əsarəti və məcburi və icbari əməyi təşkil etmişdir. Həm insan alverinin özünün, həm də onunla mübarizə tədbirlərinin sürətli yayılması baxımından, Məhkəmə hazırkı işdə məqsədəmüvafiq hesab edir ki, yuxarıda göstərilmiş üç növ davranışın müvafiq işdə konkret rəftarla cəlb olunmasının qiymətləndirilməsi zərurəti olmadan, Konvensiyanın 4-cü maddəsi ilə təklif olunmuş təminatların əhatəsi daxilinə düşmək üçün insan alverinin özünün bu maddənin ruhu və məqsədinə zidd olan hesab edilməsi dairəsini araşdırmalıdır.
280. Məhkəmə qeyd edir ki, keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cinayət Tribunalı belə nəticəyə gəlib ki, “köləliyin” ənənəvi anlayışı mülkiyyət hüququna aid olan hər hansı və ya bütün səlahiyyətlərin əsasında köləliyin müasir formalarının əhatə olunması üçün təkamül etmişdir (baxın, yuxarıda 142-ci paraqraf). Vəziyyətin köləliyin müasir formasını təşkil edib-etməməsinin qiymətləndirilməsində Tribunal hesab edib ki, əhəmiyyətli faktorlar şəxsin hərəkət etməsi və ya ətrafdakı fiziki vəziyyət üzərində nəzarətin olub-olmaması, psixoloji nəzarət elementinin mövcud olub-olmaması, qaçmağın qarşısının alınması üçün tədbirlərin görülüb-görülməməsi və cinsiyyət və məcburi əmək barədə nəzarətin olub-olmamasını daxil etdirir (baxın, yuxarıda 143-cü paraqraf).
281. Məhkəmə hesab edir ki, insan alveri özünün mahiyyəti və istismar məqsədi mülkiyyət hüququna aid olan səlahiyyətlərin həyata keçirilməsinə əsaslanır. O, insanları alınan və adətən cinsi industriyada, lakin həm də başqa sahələrdə bir çox vaxtlarda kiçik ödənişlə və ya ödənişsiz məcburi əməyə məruz edilən istifadə predmeti kimi qəbul edir (baxın, yuxarıda 101 və 161-ci paraqraflar). O, hərəkətləri adətən məhdud olan qurbanın fəaliyyətinə sıx müşahidəni nəzərdə tutur (baxın, yuxarıda 85 və 101-ci paraqraflar). O, pis vəziyyətdə yaşayan və işləyən qurbanlara qarşı zorakılıqdan və təhdidlərdən istifadəni ehtiva edir (baxın, yuxarıda 85, 87-88 və 101-ci paraqraflar). O, İnterayts tərəfindən və İnsan alverinə qarşı Konvensiyaya əlavə olunan izah hesabatında köhnə dünya miqyaslı kölə ticarətinin müasir forması kimi təsvir edilmişdir (baxın, yuxarıda 161 və 266-cı paraqraflar). Kipr Ombudsmanı cinsi istismarın və insan alverinin “müasir köləlik rejimi əsasında” baş verdiyini qeyd etmişdir (baxın, yuxarıda 84-cü paraqraf).
282. İnsan alverinin öz qurbanlarının insan ləyaqətinə və fundamental azadlıqlarına təhdid olması şübhəsizdir və demokratik cəmiyyətlə və Konvensiyanın təsbit etdiyi dəyərlərlə uyğun hesab edib bilməz. Hazırkı günün şəraiti baxımından Konvensiyanı təfsir etmək öhdəliyini nəzərə alaraq, Məhkəmə qeyri-zəruri hesab edir ki, ərizəçinin şikayət etdiyi rəftarın “köləlik”, “əsarət” və ya “məcburi və icbari əmək” təşkil edib-etməməsini müəyyən etsin. Əvəzində, Məhkəmə hesab edir ki, Palermo Protokolunun 3 “a” maddəsinin və İnsan alverinə qarşı Konvensiyanın 4 “a” maddəsinin mənasında insan alverinin özü Konvensiyanın 4-cü maddəsinin əhatə dairəsi daxilinə düşür. Müvafiq olaraq, Rusiya Hökumətinin ratione materiae uyğunsuzluğu etirazı rədd edilir.
2. Konvensiyanın 4-cü maddəsinin ümumi prinsipləri
283. Məhkəmə xatırladır ki, Konvensiyanın 2 və 3-cü maddələri ilə birgə 4-cü maddə Avropa Şurasını təşkil edən demokratik cəmiyyətlərin əsas dəyərlərindən birini təsbit edir (baxın, yuxarıda qeyd olunmuş Siliadin işi, § 82). Konvensiyanın əksər maddi məqamlarından fərqli olaraq, millətin həyatına təhdid edən ictimai həyəcan vəziyyətində olsa belə, 4-cü maddə hər hansı istisnaları və Konvensiyanın 15-ci maddəsinin 2-ci bəndinə əsasən icazə verdiklərindən kənara çıxmanı əks etdirmir.
284. Konvensiyanın 4-cü maddəsinin pozulub-pozulmadığını qiymətləndirərkən, müvafiq hüquqi və ya tənzimləyici çərçivə nəzərə alınmalıdır (baxın, mutatis mutandis,Naçovə və digərləri Bolqarıstana qarşı (BP), № 43577/98 və 43579/98, § İHAM 2005-VII). Məhkəmə hesab edir ki, milli qanunvericilikdə təsbit olunmuş təminatların spektri insan alveri qurbanlarının və ya potensial qurbanların hüquqlarının praktiki və səmərəli müdafiəsini təmin etmək üçün adekvat olmalıdır. Müvafiq olaraq, insan alveri ilə məşğul olanların cəzalandırılması üçün cinayət hüquqi tədbirlərə əlavə olaraq, Konvensiyanın 4-cü maddəsi üzv Dövlətlərdən tələb edir ki, insan alveri üçün pərdə kimi adətən istifadə olunan biznesləri tənzimləyən adekvat tədbirləri görsünlər. Bundan başqa, Dövlətin immiqrasiya qaydaları insan alverinin həvəsləndirilməsinə, asanlaşdırılmasına və ya ona qarşı tolerantlığa aid əhəmiyyətli narahatlıqlara münasibət bildirməlidir (baxın, mutatis mutandis, Qera və digərləri İtaliyaya qarşı, 19 fevral 1998, §§ 58-60, Qərar və Qərardadların Hesabatı, 1998-1; Z və digərləri Birləşmiş Krallığa qarşı (BP), № 29392/95, §§ 73-74, İHAM 2001-V; və yuxarıda qeyd olunmuş Naçova və digərləri, §§ 96-97 və 99-102).
285. Siliadinin işi üzrə qərarında Məhkəmə təsdiq etmişdir ki, Konvensiyanın 4-cü maddəsi üzv Dövlətlər üzərində spesifik pozitiv öhdəliyi ehtiva edir ki, köləlik, əsarət və ya məcburi, yaxud icbari əmək vəziyyətində şəxsin saxlanmasına yönəlmiş hər hansı hərəkət üçün səmərəli cəzalandırsın və mühakimə etsin (§§ 89 və 112-ci paraqraflar). Bu öhdəliyə riayət etmək üçün üzv Dövlətlərdən tələb olunur ki, insan alverinin qadağan edilməsi və cəzalandırılması üçün qanunverici və inzibati çərçivəni yaratsınlar. Məhkəmə qeyd edir ki, Palermo Protokolu və İnsan alverinə qarşı Konvensiya insan alveri ilə mübarizə üçün onunla məşğul olanların cəzalandırılmasına əlavə olaraq onun qarşısının alınması və qurbanların müdafiəsi tədbirlərini daxil etdirən kompleks yanaşma zərurətinə istinad edir (baxın, yuxarıda 149 və 163-cü paraqraflar). Bu iki vasitənin müddəalarından aydındır ki, Avropa Şurasının demək olar bütün üzv Dövlətləri daxil olmaqla, Müqavilə Tərəfləri belə mövqeyi formalaşdırmışlar ki, yalnız bütün üç aspektə aid olan tədbirlər məcmusu insan alverinə qarşı mübarizədə səmərəli ola bilər (baxın, həmçinin yuxarıda 267 və 271-ci paraqraflarda İnterayts və AİRE Mərkəzinin dəlillərinə). Müvafiq olaraq, insan alverini cəzalandırmaq və mühakimə etmək öhdəliyi insan alveri ilə mübarizə üçün üzv Dövlətlərin ümumi öhdəliyinin yalnız bir aspektidir. Konvensiyanın 4-cü maddəsinə əsasən ortaya çıxan pozitiv öhdəliyin dairəsi daha geniş kontekst daxilində qiymətləndirilməlidir.
286. Konvensiyanın 2 və 3-cü maddələri kimi 4-cü maddə də müəyyən hallarda Dövlətdən tələb edə bilər ki, insan alveri qurbanlarının və ya potensial qurbanların müdafiəsi üçün operativ tədbirlər görsün (baxın, mutatis mutandis, yuxarıda qeyd olunmuş Osman işi, § 155; və Mahmut Kaya Türkiyəyə qarşı, № 22535/93, § 115, İHAM 2000-III). Konkret işin hallarında operativ tədbirlərin görülməsinə dair pozitiv öhdəliyin əmələ gəlməsi üçün nümayiş etdirilməlidir ki, dövlət orqanları Palermo Protokolunun 3 “a” maddəsinin və İnsan alverinə qarşı Konvensiyanın 4 “a” maddəsinin mənasında şəxsiyyəti məlum olan şəxsin insan alverinə və ya istismara məruz qalmasına real və birbaşa təhlükə barədə etibarlı şübhəyə əsas verən hallardan məlumatlı və ya bunu bilməli olmuşlar. Müsbət cavab olduqda, fərdi şəxsin bu vəziyyət və ya təhlükədən xilas edilməsi üçün səlahiyyətləri daxilində olan lazımi tədbirlər dövlət orqanları tərəfindən görülmədiyi halda, Konvensiyanın 4-cü maddəsi pozulmuş olar (baxın, mutatis mutandis, yuxarıda qeyd olunmuş Osman işi, §§ 116-117; və yuxarıda qeyd olunmuş Mahmut Kaya işi, §§ 115-116).
287. Müasir cəmiyyətlərdə ictimai qaydanın qorunmasında çətinlikləri, insan davranışının gözlənilməzliyi və prioritetlər və resurslar şərtləri baxımından edilməli olan fəaliyyət seçimlərini nəzərə alaraq, istənilən pozitiv öhdəliyin əhatəsi dövlət orqanlarının üzərinə mümkünsüz və ya qeyri-mütənasib yükü qoymayan tərzdə təfsir edilməlidir (baxın, mutatis mutandis, yuxarıda qeyd olunmuş Osman işi, § 116). Hazırkı işdə ortaya çıxan hər hansı pozitiv öhdəliyin mütənasibliyinin qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edir ki, həm Kipr, həm də Rusiyanın 2000-ci ildə imzaladığı Palermo Protokolu Dövlətlərdən tələb edir ki, ərazilərində olduğu vaxtda insan alveri qurbanlarının fiziki təhlükəsizliyinin təmin edilməsi üçün səylər göstərsinlər və insan alverinin qarşısının alınması və onunla mübarizənin aparılması üçün kompleks siyasət və proqramlar müəyyən etsinlər (baxın, yuxarıda 153-154-cü paraqraflar). Dövlətlərdən, həmçinin tələb olunur ki, hüquq mühafizə orqanları və immiqrasiya xidmətləri üçün müvafiq treninqlərin keçirilməsini təmin etsinlər (baxın, yuxarıda 155-ci paraqraf).
288. Konvensiyanın 2 və 3-cü maddələri kimi 4-cü maddə də potensial insan alveri vəziyyətlərinin istintaq edilməsi barədə prosessual öhdəliyi ehtiva edir. İstintaqın aparılması tələbi qurbandan və ya onun qohumlarından şikayətin verilməsindən asılı olmur: məsələ dövlət orqanlarının diqqətinə çatdırılıbsa, onlar öz mülahizələri ilə hərəkət etməlidirlər (baxın, mutatis mutandis, Pol və Odri Edvərds Birləşmiş Krallığa qarşı, № 46477/99, § 69, İHAM 2002-II). İstintaqın səmərəli olması üçün o, hadisələrə aidiyyəti olan şəxslərdən müstəqil olmalıdır. İstintaq məsuliyyətli şəxslərin şəxsiyyətinin müəyyən olunmasına və onların cəzalandırılmasına qadir olmalıdır. Bu nəticə deyil, vasitələr öhdəliyidir. Sürətlilik və istintaqın ağlabatan şəkildə vaxtında aparılması bütün işlərə aid olunur, lakin şəxsin zərərli vəziyyətdən xilas olunması mümkün olduqda, istintaq təcili məsələ kimi həyata keçirilməlidir. Qurban və ya onun yaxın qohumu qanuni maraqlarının təmin olunması üçün zəruri olduğu qədər prosesə cəlb olunmalıdırlar (baxın,mutatis mutandis, Pol və Odri Edvards Birləşmiş Krallığa qarşı, № 46477/99, § 70-73).
289. Nəhayət, Məhkəmə xatırladır ki, insan alveri heç də həmişə daxili arena ilə məhdudlaşmayan problemdir. Şəxs bir Dövlətdən digərinə insan alveri üzrə keçirilərkən, insan alveri cinayətləri ana Dövləti, hər hansı tranzit Dövləti və təyinat Dövləti ehtiva edə bilər. Əhəmiyyət kəsb edən sübutlar və şahidlər bütün Dövlətlərdə yerləşə bilərlər. Palermo Protokolunun yurisdiksiya məsələsinə toxunmasa belə, insan alverinə qarşı Konvensiya hər bir üzv Dövlətdən tələb edir ki, onun ərazisində törədilmiş hər hansı insan alveri cinayəti ilə bağlı yurisdiksiyanı müəyyən etsin (baxın, yuxarıda 172-ci paraqraf). Məhkəmənin qənaətinə görə, iddia olunan insan alveri cinayətlərinin istintaq edilməsi üzrə Konvensiyanın 4-cü maddəsinə əsasən bütün Dövlətlərin üzərində olan, yuxarıda göstərilmiş ümumi öhdəlik baxımından, belə yanaşma yalnız məntiqi xarakterlidir. Öz ərazilərində baş vermiş hadisələrin daxili istintaqının aparılması barədə öhdəliyə əlavə olaraq, sərhədkeçmə işlərində üzv Dövlətlər, həmçinin ərazilərindən kənar baş vermiş hadisələrin istintaqına cəlb olunmuş başqa Dövlətlərin müvafiq orqanları ilə səmərəli əməkdaşlıq etmək vəzifəsi daşıyırlar. Belə bir öhdəlik, Palermo Protokolunda ifadə olunduğu kimi, ana, tranzit və təyinat ölkələrində insan alverinə kompleks beynəlxalq yanaşmanın qəbul edilməsi üçün üzv Dövlətlərin obyektlərinə uyğun hərəkət etməyi nəzərdə tutur (baxın, yuxarıda 149-cu paraqraf). Bu öhdəlik, həmçinin hazırkı işdə cavabdeh Dövlətin iştirak etdiyi qarşılıqlı hüquqi yardım barədə beynəlxalq sazişlərə uyğundur (baxın, yuxarıda 175-185-ci paraqraflar).
3. Ümumi prinsiplərin hazırkı işə tətbiqi
a. Kipr
i. Lazımi qanunverici və inzibati çərçivəni yaratmaq barədə pozitiv öhdəlik
290. Məhkəmə qeyd edir ki, insan alveri və cinsi istismarı qadağan edən qanunvericilik Kiprdə 2000-ci ildə qəbul olunmuşdur (baxın, yuxarıda 127-131-ci paraqraflar). Qanun Palermo Protokolunun müddəalarını əks etdirir və cinayətə qarşı hər hansı müdafiəni təqdim etmədən razılıqla insan alveri və cinsi istismarı qadağan edir. Qanunvericilikdə sərt cəzalar nəzərdə tutulur. Qanun, həmçinin, inter alia, qurbanların qəyyumlarının təyin olunması vasitəsilə onların müdafiəsi vəzifəsini nəzərdə tutur. Praktiki implementasiya tədbirlərinin qəbul olunması üçün dövlət orqanlarının çatışmazlığını Ombudsman tənqid etsə belə, o, qanunun özünü qənaətbəxş hesab etmişdir (baxın, yuxarıda 90-cı paraqraf)- Avropa Şurasının Komissarı da 3(1) 2000 saylı Qanunla müəyyən olunmuş hüquqi çərçivəni “yolverilən” kimi qiymətləndirir (baxın, yuxarıda 92-ci paraqraf). Kiprin insan alveri barədə qanunvericiliyinin qeyri-adekvatlığına dair ərizəçinin şikayətinə baxmayaraq, Məhkəmə hesab etmir ki, hazırkı işin halları bununla bağlı hər hansı narahatlığa əsas verir.
291. Lakin ümumi hüquqi və inzibati çərçivəyə və Kiprin immiqrasiya siyasətinin adekvatlığına gəldikdə, bir neçə zəif məqamlar aşkar oluna bilər. Avropa Şurasının İnsan Hüquqları Komissarı 2003-cü il tarixli hesabatında qeyd edib ki, immiqrasiya siyasətinin olmaması və bununla bağlı qanunverici çatışmazlıqlar qadınların Kiprə alverini həvəsləndirmişdir (baxın, yuxarıda 91-ci paraqraf). O, kabare artistləri kimi Kiprə daxil olan gənc qadınların axınının qarşısının alınması üçün qabaqlayıcı nəzarət tədbirlərinin qəbul olunmasına çağırmışdır (baxın, yuxarıda 94-cü paraqraf). Sonrakı hesabatlarında Komissar hüquqi çərçivələr barədə narahatlıqlarını təkrar etmiş və artistin ölkəyə daxil olmaq icazəsi üçün kabare administratorlarının müraciət etməli olması barədə sistemi xüsusilə tənqid edərək hesab etmişdir ki, bu sistem artisti işəgötürəni və ya agentindən asılı edir və onun həmin şəxslərin əllərinə düşmə təhlükəsini artırır (baxın, yuxarıda 100-cü paraqraf). 2008-ci il tarixli hesabatında Komissar artist viza rejimini insan alveri ilə mübarizənin aparılması üçün zəruri addımlar atmağı hüquq mühafizə orqanlarına çox çətin edən kimi tənqid etməklə qeyd etmişdir ki, bu, insan alverinə qarşı görülmüş tədbirlərə zidd və ya ən azı onları səmərəsiz edən kimi qəbul oluna bilər (baxın, həmçinin 105 və 107-ci paraqraflarda ABŞ Dövlət Departamentinin hesabatı). Komissar təəssüfünü ifadə edib ki, əvvəlki hesabatlarda ortaya çıxmış narahatlıqlara və onu ləğv etmək barədə Hökumətin öhdəliyinə baxmayaraq, artistin əmək icazəsi hələ qüvvədədir (baxın, yuxarıda 103-cü paraqraf). Eynilə, Ombudsman 2003-cü il tarixli hesabatında minlərlə gənc əcnəbi qadınların Kiprə daxil olmasında artist viza rejimini günahlandırmış və qeyd etmişdir ki, bu qadınlar pis yaşayış və əmək şəraitində işəgötürənləri tərəfindən istismar edilirlər (baxın, yuxarıda 89-cu paraqraf).
292. Daha sonra, Məhkəmə vurğulayır ki, artist öz işini tərk etdikdə, bu barədə dövlət orqanlarını məlumatlandırmaq üzrə işəgötürənlərin öhdəliyi (baxın, yuxarıda 117-ci paraqraf) immiqrantların immiqrasiya öhdəliklərinə riayət etməsinə nəzarət etməyi dövlət orqanlarına mümkün etmək üçün qanuni tədbir olsa belə, riayət olunmanın təmin olunması və riayət olunmadıqda, addımlar atmaq üçün məsuliyyət dövlət orqanların özlərində qalmalıdır. İtmiş artistlərin geriyə qaytarılması və ya artistlərin davranışı üçün şəxsi məsuliyyətin hər hansı digər şəkildə üzərinə götürülməsi barədə kabare sahiblərini və administratorlarını həvəsləndirən tədbirlər artistlərə aid Kiprdə insan alverinin daha geniş kontekstində yolverilməzdir. Bunun əksinə olaraq, Məhkəmə işə götürdükləri artistlərlə bağlı gələcək potensial xərclərin əhatə olunması üçün bank zəmanətinin kabare sahibləri və administratorlarından tələb olunması praktikasını xüsusilə narahatlıq doğuran hesab edir (baxın, yuxarıda 115-ci paraqraf). Xanım Rantsevanın imzaladığı ikinci borc öhdəliyi (baxın, yuxarıda 15-ci paraqraf), eləcə də M.A.-nın xanım Rantseva üçün məsuliyyət daşıdığı və bu səbəbdən polis idarəsinə gəlib onu oradan götürməsinin tələb olunduğu barədə ƏİPX-in izah edilməmiş qənaəti eynilə (baxın, yuxarıda 20-ci paraqraf narahatlıq doğurur.
293. Belə olan halda, Məhkəmə hesab edir ki, Kiprdə artist vizalarının rejimi insan alverinə və istismara qarşı praktiki və səmərəli müdafiəni xanım Rantsevaya təqdim etməmişdir. Müvafiq olaraq, bununla bağlı Konvensiyanın 4-cü maddəsi pozulmuşdur.
ii. Qoruyucu tədbirlər görmək barədə pozitiv öhdəlik
294. Hazırkı işdə xanım Rantsevanı müdafiə etmək məqsədilə tədbirləri görmək üçün pozitiv öhdəliyin yaranıb-yaranmamasını qiymətləndirərkən, Məhkəmə aşağıdakıları əhəmiyyətli hesab edir. Birincisi, Ombudsmanın 2003-cü il tarixli hesabatından aydındır ki, 1970-ci illərdən başlayaraq, Kiprdə gənc əcnəbi qadınları cinsi industriyada işləməyə məcbur etməklə bağlı ciddi boşluq vardır (baxın, yuxarıda 83-cü paraqraf). Hesabatda, həmçinin SSRİ-nin dağılmasından sonra keçmiş Sovet ölkələrindən gələn artistlərin əhəmiyyətli artması qeyd olunub (baxın, yuxarıda 84-cü paraqraf). Ombudsman öz qənaətlərində vurğulayıb ki, immiqrasiya orqanlarının tolerantlığına görə Kiprdə insan alveri çiçəklənə bilər (baxın, yuxarıda 89-cu paraqraf). 2006-cı il tarixli hesabatında Avropa Şurasının İnsan hüquqları Komissarı da qeyd edib ki, artist vizası əsasında Kiprə daxil olan artistlərin əksəriyyətinin fahişə işində işləməsi barədə dövlət orqanları məlumatlı olmuşlar (baxın, yuxarıda 96-cı paraqraf). Buna görə şübhəsizdir ki, Kipr dövlət orqanları xəbərdar idilər ki, əcnəbi qadınların, o cümlədən keçmiş SSRİ-dən gələnlərin əhəmiyyətli sayı Kiprə artist vizası əsasında insan alveri üzrə köçürülmüşlər və ora gələrkən, kabare sahibləri və administratorları tərəfindən cinsi şəkildə istismar edilmişlər.
295. İkincisi, Məhkəmə vurğulayır ki, xanım Rantseva işəgötürəni tərəfindən Limassol polis idarəsinə aparılmışdır. Polis idarəsinə gələrkən, M.A. polisə deyib ki, xanım Rantseva Rusiya vətəndaşıdır və kabare artisti kimi işləyir. Daha sonra, o izah edib ki, xanım Rantseva bu yaxınlarda Kiprə gəlmiş, xəbər vermədən işini atmış və ona ayrılmış mənzili də tərk etmişdir (baxın, yuxarıda 19-cu paraqraf). O, polisə xanımın pasportunu və digər sənədləri vermişdir (baxın, yuxarıda 21-ci paraqraf).
296. Məhkəmə potensial insan alveri qurbanlarının müəyyən edilməsi üçün müvafiq sahələrdə işləyənlərə adekvat treninqin təmin edilməsi üzrə Kipr dövlət orqanları tərəfindən Palermo Protokolu və sonradan insan alverinə qarşı Konvensiya kontekstində üzərinə götürdüyü öhdəlikləri xatırladır (baxın, yuxarıda 115 və 167-ci paraqraflar). Xüsusən, Palermo Protokolunun 10-cu maddəsinə əsasən, Dövlətlər insan alverinin qarşısının alınması üçün hüquq mühafizə, immiqrasiya orqanlarının və digər vəzifəli şəxslərin treninqinin təmin edilməsi və ya gücləndirilməsini üzərlərinə öhdəlik kimi götürmüşlər. Məhkəmənin qənaətinə görə, polis orqanlarına aşkar olan kifayət qədər dəlillər olub ki, onlar Kiprdə insan alverinin ümumi vəziyyəti baxımından, xanım Rantsevanın insan alverinin və ya istismarının qurbanı olmasını və ya qurbanı olmaq üzrə real və birbaşa təhlükədə olduğu barədə etibarlı şübhəyə əsas verən hallardan məlumatlı olsunlar. Müvafiq olaraq, pozitiv öhdəlik yaranıb ki, dərhal istintaq başlanılsın və xanım Rantsevanı müdafiə etmək üçün zəruri tədbirlər görülsün.
297. Lakin hazırkı işdə görünür ki, polis idarəsinə gəldikdə, polis xanım Rantsevanı heç dindirməmişdir. Ondan hər hansı izahat alınmamışdır. Polis faktlarla bağlı hər hansı araşdırmalar aparmamışdır. Onlar sadəcə olaraq xanım Rantsevanın adının axtarışda olan şəxslərin siyahısında olub-olmamasını yoxlamış və adının orada olmamasını müəyyən edərək, işəgötürəninə zəng etmiş və qayıdıb onu götürməyi xahiş etmişlər. O imtina edərək, xanım Rantsevanın həbsə alınmasında təkid etdikdə, məsələ ilə məşğul olan polis əməkdaşı rəisi ilə M.A.-nın arasında əlaqə yaratmışdır (baxın, yuxarıda 20-ci paraqraf). Polis əməkdaşının rəisi ilə M.A.-nın söhbətində deyilənlər məlum deyil, lakin həmin danışığın nəticəsi bu olub ki, M.A. gəlməyə və xanım Rantsevanı götürməyə razılıq vermiş və sonradan bunu etmişdir.
298. Hazırkı işdə polis orqanlarının səhvləri çox olmuşdur. Birincisi, onlar xanım Rantsevanın insan alverinə məruz qalıb-qalmaması ilə bağlı dərhal araşdırmalar aparmamışlar. İkincisi, onlar xanım Rantsevanı azad etməmiş, lakin onu M.A.-nın saxlamasına həvalə olunmasını qərara almışlar. Üçüncüsü, 3(1) saylı 2000-ci il tarixli Qanunun müddəalarına riayət etməyə və onu müdafiə etmək üçün bu Qanunun 7-ci maddəsində müəyyən olunmuş tədbirləri görməyə (baxın, yuxarıda 130-cu paraqraf) cəhd olunmamışdır. Müvafiq olaraq, Məhkəmə hesab edir ki, xanım Rantsevanın insan alverinə və istismara məruz qalmasına dəlalət edən hallarda çatışmazlıqlar onu müdafiə etmək üçün kipriot dövlət orqanları tərəfindən uğursuzluqla nəticələnmişdir. Nəticədə, iş üzrə bu məsələ ilə bağlı da Konvensiyanın 4-cü maddəsi pozulmuşdur.
iii. Trafikinqin istintaq edilməsi barədə prosessual öhdəlik
299. Digər məsələ qızının insan alverinə məruz qaldığı barədə ərizəçinin iddiaları ilə bağlı səmərəli istintaqın aparılması üzrə kipriot dövlət orqanlarının davamlı uğursuzluğu nəticəsində prosessual pozuntuya yol verilib-verilməməsindən ibarətdir.
300. Xanım Rantsevanın sonrakı ölümünün halları baxımından, Məhkəmə hesab edir ki, insan alveri iddiaları üzrə səmərəli istintaqın aparılması barədə kipriot dövlət orqanları üzərində olan tələb xanım Rantsevanın ölümü ilə bağlı səmərəli istintaqın aparılması üçün hazırkı işdə Konvensiyanın 2-ci maddəsinə əsasən yaranan ümumi öhdəliklə tamamlanır (baxın, yuxarıda 234-cü paraqraf). Onun ölümü ilə bağlı istintaqın səmərəliliyi məsələsi Konvensiyanın 2-ci maddəsi üzrə ərizəçinin şikayətinin Məhkəmə tərəfindən araşdırılması baxımından yuxarıda baxılmış və pozuntu müəyyən edilmişdir. Buna görə, Konvensiyanın 4-cü maddəsinə əsasən Kiprə qarşı prosessual şikayətə ayrıca baxılması tələb olunmur.
b. Rusiya
i. Lazımi qanunverici və inzibati çərçivəni yaratmaq barədə pozitiv öhdəlik
301. Məhkəmə təkrar edir ki, Rusiyanın hazırkı işdə məsuliyyəti onun yurisdiksiyasına düşən hərəkətlərlə məhdudlaşır (baxın, yuxarıda 207-208-ci paraqraflar). Cinayət qanunu həmin vaxtda insan alveri cinayətini xüsusi olaraq nəzərdə tutmasa belə, Rusiya Hökuməti iddia edib ki, ərizəçinin şikayət etdiyi hərəkətlər digər cinayətlərin tərkibi daxilinə düşür.
302. Məhkəmə qeyd edir ki, ərizəçi Rusiyanın cinayət qanunu müddəalarının konkret çatışmazlığını göstərmir. Həmçinin daha geniş inzibati və qanunverici çərçivəyə aid Məhkəmə kütləvi informasiya vasitələrində informasiya kampaniyası yolu ilə insan alverinin təhlükələrini ictimaiyyətin diqqətinə çatdırmağa dair Rusiya dövlət orqanlarının səylərini vurğulayır (baxın, yuxarıda 262-ci paraqraf).
303. Məhkəmə malik olduğu sübutlar əsasında hesab etmir ki, həmin vaxtda Rusiyada qüvvədə olan qanunverici və inzibati çərçivələr hazırkı işin halları baxımından xanım Rantsevanın praktiki və səmərəli müdafiəsini təmin edə bilməmişdir.
ii. Qoruyucu tədbirlər görmək üzrə pozitiv öhdəlik
304. Məhkəmə təkrar edir ki, operativ tədbirlər görmək barədə Rusiyaya aid olan hər hansı pozitiv öhdəlik yalnız onun ərazisində baş vermiş hərəkətlərdən yarana bilər (baxın, mutatis mutandis, yuxarıda qeyd olunmuş Al-Adsani, §§ 38-39).
305. Məhkəmə qeyd edir ki, gənc qadınların cinsi industriyada işləmək üçün xarici Dövlətlərə insan alveri üzrə köçürülməsi ilə bağlı ümumi problem haqqında Rusiya dövlət orqanlarının məlumatlı olduğu görünsə belə, heç bir sübut yoxdur ki, Kiprə getməsindən əvvəl xanım Rantsevanın real və birbaşa təhlükədə olması ilə bağlı etibarlı şübhəyə əsas verən hallar barədə onlar məlumatlı olmuşlar. Təcili operativ tədbirlər görmək öhdəliyinin yaranması üçün sadəcə olaraq artist vizaları əsasında Kiprə gedən gənc qadınlar üçün ümumi təhlükənin mövcud olmasını göstərmək kifayət deyil. Bu ümumi təhlükə ilə bağlı Məhkəmə təkrar edir ki, Rusiya dövlət orqanları vətəndaşları trafikinq təhlükələri barədə məlumatlandırmaq üçün addımlar atmışlar (baxın, yuxarıda 262-ci paraqraf).
306. Nəticədə, Məhkəmə hesab etmir ki, işin halları xanım Rantsevanı müdafiə etmək üçün operativ tədbirlər görmək üzrə Rusiya dövlət orqanlarına münasibətdə pozitiv öhdəliyin yaranmasına kifayət olmuşdur. Müvafiq olaraq, bu məsələ ilə bağlı Rusiya dövlət orqanları tərəfindən Konvensiyanın 4-cü maddəsi pozulmamışdır.
iii. Potensial insan alverini istintaq etmək barədə pozitiv öhdəlik
307. Məhkəmə xatırladır ki, sərhədkeçmə insan alverini cəlb edən işlərdə insan alveri cinayətləri doğma ölkədə, eləcə də təyinat ölkəsində baş verə bilər (baxın, yuxarıda 289-cu paraqraf). Ombudsmanın öz hesabatında (baxın, yuxarıda 86-cı paraqraf) göstərdiyi kimi, Kipr məsələsində qurbanların seçilməsi digər ölkələrdəki agentlərlə işləyən Kiprdəki artistik agentlər tərəfindən həyata keçirilir. İddia olunan insan alverinin qurbanının seçilməsi aspektinin istintaq olunmaması insan alveri silsiləsinin əhəmiyyətli hissəsinin cəzasız hərəkətinə imkan verər. Bununla bağlı, Məhkəmə vurğulayır ki, həm Palermo Protokolunda, həm də İnsan alverinə qarşı Konvensiyada insan alverinin qəbul olunmuş anlayışı qurbanların seçilməsini açıq-aşkar daxil etdirir (baxın, yuxarıda 150 və 164-cü paraqraflar). Seçilməkdən başlayaraq istismara qədər insan alveri iddialarının bütün aspektlərini əhatə edən tam və səmərəli istintaqın zəruriliyi mübahisəsizdir. Buna görə, Rusiya dövlət orqanları bu mümkünlüyü istintaq etməli olmuşlar ki, Rusiyada fəaliyyət göstərən fərdi agentlər və ya şəbəkələr xanım Rantsevanı Kiprə insan alverinə cəlb etmişlər.
308. Lakin Məhkəmə qeyd edir ki, Rusiya dövlət orqanları xanım Rantsevanın necə və harada seçilməsi ilə bağlı istintaq aparmamışdır. Xüsusən, dövlət orqanları xanım Rantsevanın seçilməsinə və ya istifadə olunmuş seçim metodlarına aid olan şəxsləri müəyyən etmək üçün hər hansı addım atmamışdır. Seçilmənin Rusiyanın ərazisində baş verdiyini nəzərə alaraq, Rusiya dövlət orqanları xanım Rantsevanın seçilməsi ilə bağlı səmərəli istintaqın həyata keçirilməsi üçün ən yaxşı vəziyyətdədir. Xanım Rantsevanın sonrakı ölümü və onun Rusiyadan getməsi hallarını əhatə edən qeyri-müəyyənlik baxımından hazırkı işdə bu məsələ ilə bağlı istintaqın aparılmaması ən ciddi məqamdır.
309. Müvafiq olaraq, iddia olunan insan alverini istintaq etmək üçün Konvensiyanın 4-cü maddəsinə əsasən prosessual öhdəliyin Rusiya dövlət orqanları tərəfindən pozuntusu baş vermişdir.
VI. Konvensiyanın 5-ci maddəsinin iddia olunan pozuntusu
310. Ərizəçi şikayət edib ki, qızının polis idarəsində həbsdə saxlanılması, M.A.-nın saxlamasına təhvil verilməsi və sonradan M.A.-nın işçisinin mənzilində həbsdə olması səbəbindən kipriot dövlət orqanları tərəfindən Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi pozulmuşdur. Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi, inter alia, nəzərdə tutur ki:
“1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz:
a) səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra şəxsin qanuni həbsə alınması;
b) məhkəmənin qanuni çıxardığı qərarı icra etməməyə görə və ya qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyin icra olunmasını təmin etmək məqsədilə şəxsin qanuni tutulması və ya həbsə alınması;
c) hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması;
d) yetkinlik yaşına çatmamış şəxsin tərbiyə nəzarəti üçün qanuni qərar əsasında həbsə alınması və ya onun səlahiyyətli orqana verilməsi üçün qanuni həbsə alınması;
e) yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün şəxslərin, habelə ruhi xəstələrin, alkoqolizmə və narkomaniyaya mübtəla olanların və ya səfillərin qanuni həbsə alınması;
f) şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq məqsədilə və ya barəsində deportasiya, yaxud ekstradisiya tədbirləri tətbiq olunan şəxsin qanuni tutulması və ya həbsə alınması.”
A. Tərəflərin dəlilləri
1. Ərizəçi
311. Ərizəçi bildirib ki, polis idarəsində qızının məruz qaldığı rəftar və M.A.-nın işçisinin mənzilində sonrakı həbsi Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndini pozmuşdur. O, qanunsuz həbsdən və hakimiyyətdən sui-istifadədən hər kəsin müdafiəsində Konvensiyanın 5-ci maddəsinin əhəmiyyətini vurğulamışdır. Xanım Rantseva Kipr Respublikasının ərazisində qanuni yaşamış və ərizəçi iddia edib ki, əsassız və qanunsuz olaraq M.A. tərəfindən tutulmuş, polis idarəsinə aparılmış, daha sonra M.A.-nın saxlamasına verilmiş və onun işçisinin mənzilində həbsdə saxlanılmışdır. O, daha sonra qeyd edib ki, əsasında xanım Rantsevanın həbs edildiyi və sonradan M.A.-ya təhvil verildiyini göstərən hər hansı sənəd kipriot dövlət orqanları tərəfindən təqdim edilməmişdir.
2. Kipr Hökuməti
312. Öz yazılı dəlillərində Kipr Hökuməti razılaşmayıb ki, hazırkı işdə Konvensiyanın 5-ci maddəsi pozulmuşdur. Onlar iddia ediblər ki, işin müəyyən olunmuş hallarında polisin xanım Rantseva üzərində hər hansı səlahiyyəti həyata keçirib-keçirməməsi aydın deyildir. Nə də xanım Rantsevanın M.A. ilə getməkdən imtina etdiyi halda nəyin baş verəcəyi məlumdur.
313. Birtərəfli bəyanatında (baxın, yuxarıda 187-ci paraqraf), Hökumət etiraf edib ki, polis idarəsində xanım Rantsevanın məruz qaldığı rəftar və azadlıqdan məhrum edilməsi üçün hüquqi əsas olmasa belə, onu azad etmək deyil, M.A.-ya təhvil vermək barədə qərar Konvensiyanın 5-ci maddəsinin tələblərinə ziddir.
B. Məhkəmənin qiymətləndirməsi
1. Hazırkı işdə azadlıqdan məhrum olunmanın mövcudluğu
314. Məhkəmə xatırladır ki, “azadlıq hüququnu” bəyan etməklə, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi şəxsin fiziki azadlığını nəzərdə tutur və onun məqsədi heç kəsin özbaşına tərzdə azadlıqdan məhrum edilməməsini təmin etməkdən ibarətdir. Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə əsasən azadlıqdan məhrum edilmənin əhatəsinə düşmək üçün hərəkət etmək üzərində kifayət qədər ciddi məhdudiyyətlərlə yalnız 4 saylı Protokolun 2-ci maddəsinə aid olan azadlığın sadəcə məhdudlaşdırılması arasında fərq xarakter və ya mahiyyətdən deyil, məhz dərəcə və ya intensivlikdən asılıdır (bax, Quzzardi İtaliyaya qarşı, 06 noyabr 1980-ci il tarixli qərar, A Seriyaları, № 39, § 93). Konvensiyanın 5-ci maddəsinin mənasında şəxsin “azadlıqdan məhrum” olunub-olunmamasının müəyyən edilməsi üçün başlanğıc məqamı onun konkret vəziyyəti olmalı və növü, davamiyyəti, nəticələri və sözügedən tədbirin tətbiqi tərzi kimi meyarların bütün dairəsi nəzərə alınmalıdır (baxın, Enqel və digərləri Niderlanda qarşı, 08 iyun 1976-cı il, §§ 58-59, A Seriyaları, № 22; yuxarıda qeyd olunmuş Quzzardi işi, § 92; və Riera Blum və digərləri İspaniyaya qarşı, № 37680/97, § 28, İHAM 1999-VII).
315. Hazırkı işdə Məhkəmə qeyd edir ki, xanım Rantseva təxminən bir saat ərzində həbsdə saxlanıldığı polis idarəsinə M.A. tərəfindən aparılmışdır. Sübut yoxdur ki, xanım Rantseva həbsdə olmasının səbəbi barədə məlumatlandırılmışdır; həqiqətən, Məhkəmənin yuxarıda qeyd etdiyi kimi (baxın, yuxarıda 297-ci paraqraf) elə bir qeyd yoxdur ki, polis idarəsində olduğu müddətdə o, polis tərəfindən dindirilmişdir. Polisin xanım Rantsevanın immiqrasiya statusunun səhv olmadığı və onun davamlı həbsinə əsasların olmaması qənaətinə gəlməsi faktına baxmayaraq, o, dərhal azad olunmamışdır. Əvəzində, Əcnəbilər və İmmiqrasiya Xidmətində (ƏİPX) növbədə olan şəxsin tələbinə əsasən polis M.A.-ya telefonla zəng etmiş və tələb etmişdir ki, onu götürsün və əlavə araşdırma üçün səhər saat 7-də onu ƏİPX-ə gətirsin. M.A.-ya məlumat verilib ki, xanım Rantsevanı götürmədiyi halda, ona getməyə icazə verilə bilər. M.A. gələnədək xanım Rantseva polis idarəsində həbsdə olmuş və sonradan onun saxlanılmasına verilmişdir (baxın, yuxarıda 20-ci paraqraf).
316. M.P.-nin mənzilində xanım Rantsevanın sonrakı qalmasını əhatə edən faktlar aydın deyil. M.A. polisə verdiyi şahid ifadəsində danıb ki, xanım Rantseva iradəsinə zidd olaraq mənzildə saxlanılmış və təkid etmişdir ki, o, getməyə sərbəst olmuşdur (baxın, yuxarıda 21-ci paraqraf). Ərizəçi iddia edir ki, xanım Rantseva yataq otağında bağlanmış və buna görə, balkondan qaçmağa cəhd etməyə məcbur edilmişdir. Məhkəmə qeyd edir ki, xanım Rantseva qaçmağa oxşar cəhddə mənzilin balkonundan düşərək ölmüşdür (baxın, yuxarıda 41-ci paraqraf). Güman etməyə əsas vardır ki, o, həmin mənzildə qonaq olub istənilən vaxt getməyə sərbəst olduğu halda, sadəcə olaraq giriş qapısından mənzili tərk edərdi (baxın, Stork Almaniyaya qarşı, № 61603/00, §§ 76-78, İHAM 2005-V). Müvafiq olaraq, Məhkəmə hesab edir ki, xanım Rantseva özünün azad iradəsi ilə mənzildə qalmamışdır.
317. İddia olunan həbs bütövlükdə təxminən iki saat davam etmişdir. Qısa müddət olsa belə, Məhkəmə həbsin ciddi xarakterini və nəticələrini vurğulayır və xatırladır ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin mənasında faktlar azadlıqdan məhrum etməyə dəlalət etdikdə, həbsin nisbətən qısa müddəti bu qənaətə təsir etmir (baxın,Yarvinen Finlandiyaya qarşı, №30408/96, Komissiyanın 15 yanvar 1998-ci il tarixli qərardadı; və polisə aparılmasının, axtarışa məruz qalmasının və təxminən bir saat ərzində kamerada müvəqqəti saxlanılmasının Konvensiyanın 5-ci maddəsinin məqsədləri üçün azadlıqdan məhrum etməni təşkil edən kimi qiymətləndirildiyi Novotka Slovakiyaya qarşı(qərardad), № 47244/99, 04 noyabr 2003-cü il).
318. Müvafiq olaraq, Məhkəmə hesab edir ki, xanım Rantsevanın polis idarəsində həbsi və mənzilə sonrakı aparılması və orada saxlanılması Konvensiyanın 5-ci maddəsinin mənasında azadlıqdan məhrum etməni təşkil edir.
3. Azadlıqdan məhrum etməyə görə Kiprin məsuliyyəti
319. Xanım Rantsevanın fərdi şəxslər tərəfindən həbsdə saxlanıldığını nəzərə alaraq, Məhkəmə polis əməkdaşlarının oynadığı rolu araşdırmalı və xüsusən, qanunsuz həbsdən fərdi şəxsləri müdafiə etmək barədə pozitiv öhdəlikləri baxımından, mənzildə azadlığın məhdudlaşdırılmasının kipriot dövlət orqanlarının məsuliyyətinə səbəb olub-olmadığını yoxlamalıdır (baxın, yuxarıda qeyd olunmuş Riera Blum işi, § 32-35).
320. Məhkəmə artıq narahatlığını ifadə etmişdir ki, polis xanım Rantsevanı sadəcə olaraq azad etmək əvəzinə M.A.-nın həbsinə vermişdir (baxın, yuxarıda 298-ci paraqraf). Xanım Rantseva yetkinlik yaşına çatmayan olmamışdır. Növbətçi polis əməkdaşlarının ifadəsinə görə, o, içkili olmasına dəlalət edən hər hansı hərəkət etməmişdir (baxın, yuxarıda 20-ci paraqraf). Kipr dövlət orqanlarının ixtiyarında iddia etməyə kifayət qədər dəlil yoxdur ki, xanım Rantsevanın M.A. ilə polis idarəsini tərk etməyə razılıq verməməsi sübut olunmur: AİRE Mərkəzinin göstərdiyi kimi (baxın, yuxarıda 269-cu paraqraf), insan alverinin qurbanları onları özlərini qurban kimi təqdim etmək üçün həddən artıq zədələyən ciddi psixiki və psixoloji nəticələrdən əziyyət çəkirlər. Eynilə, 2003-cü il tarixli hesabatında Ombudsman qeyd edib ki, Kipr polisinə qurbanlar tərəfindən edilmiş məhdud şikayətlərin səbəbi imtina və qeyri-adekvat müdafiə tədbirləri təhlükəsi olmuşdur (baxın, yuxarıda 87-88-ci paraqraflar).
321. Kiprdə kabare artistlərinin ümumi yaşayış və əmək şəraiti kontekstində, eləcə də xanım Rantsevanın işinin konkret halları baxımından, Məhkəmə hesab edir ki, polisə iddia etməyə əsas yoxdur ki, onlar vicdanlı hərəkət etmişdir və onlar M.P.-nin mənzilində xanım Rantsevanın azadlıqdan sonrakı məhrum olunması üçün məsuliyyət daşımırlar. Aydındır ki, kipriot polisinin hazırkı işdə fəal əməkdaşlığı olmadan azadlıqdan məhrum etmə baş verməyə bilərdi. Buna görə, Məhkəmə hesab edir ki, milli hakimiyyət orqanları xanım Rantsevanın azadlığının itirilməsinə susmaqla razı olmuşlar. 3. Azadlıqdan məhrum edilmənin Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə uyğunluğu
322. Həll edilməmiş qalmış məsələ azadlıqdan məhrum olunmanın Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində müstəsna göstərilmiş mümkün həbs kateqoriyalarından birinin daxilinə düşüb-düşməməsindən ibarətdir. Məhkəmə təkrar edir ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi əsasən milli hüquqa istinad edir və onun maddi və prosessual qaydalarına riayət etmək öhdəliyini təsbit edir. Lakin o, həmçinin tələb edir ki, şəxsi azadlığından məhrum edən hər hansı tədbir Konvensiyanın 5-ci maddəsinin məqsədlərinə, yəni şəxsi özbaşınalıqdan müdafiə etməyə uyğun olmalıdır (baxın, yuxarıda qeyd olunmuş Riera Blum işi, § 31).
323. Azadlıqdan məhrum olunmanın “qanunla müəyyən olunmuş prosedura uyğun” həyata keçirilməli olmasını təsbit etməklə, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi ilk növbədə tələb edir ki, hər hansı tutulma və ya həbs daxili qanunvericilikdə hüquqi əsasa malik olmalıdır. Kipr Hökuməti azadlıqdan məhrum olunma üçün hər hansı hüquqi əsası göstərməmişdir, lakin belə nəticəyə gəlmək olar ki, polis idarəsində xanım Rantsevanın ilkin həbsi onun immiqrasiya tələblərinə riayət edib-etməməsinin araşdırılması üçün edilmişdir. Lakin xanım Rantsevanın adının müvafiq siyahıda olmadığını müəyyən edərək, onun idarəni sərbəst tərk etməyə icazənin verilməsi barədə deyil, M.A.-nın həbsinə verilməsinə dair qərarın qəbul edilməsi üçün hər hansı səbəblər və ya hüquqi əsaslar Kipr dövlət orqanları tərəfindən təqdim olunmamışdır. Yuxarıda göstərildiyi kimi, polis müəyyən edib ki, xanım Rantseva özünü içkili kimi aparmır və özünə və ya başqalarına hər hansı təhdid ifadə etmir (baxın, yuxarıda 20 və 320-ci paraqraflar). Xanım Rantsevanın polis idarəsindən M.A. tərəfindən aparılmasını istədiyini göstərən hər hansı dəlil yoxdur və bu, heç təklif də olunmur. M.A.-nın gəlməsindən əvvəl xanım Rantsevanı həbsdə saxlamaq və sonradan onu M.A.-nın saxlamasına təhvil vermək barədə polis orqanlarının qərarı daxili qanunvericilikdə hər hansı əsasa malik deyildir.
324. İddia olunmayıb ki, xanım Rantsevanın mənzildə həbsi qanuni olmuşdur. Məhkəmə müəyyən edir ki, azadlıqdan məhrum etmə həm özbaşına, həm də qanunsuz olmuşdur.
325. Buna görə, Məhkəmə hesab edir ki, xanım Rantsevanın qanunsuz və özbaşına həbsi ilə Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi pozulmuşdur.
VII. Konvensiyanın 6-cı maddəsinin iddia olunan pozuntusu
326. Ərizəçi iddia edib ki, istintaq prosesində iştirakını təmin etməməklə, ona pulsuz hüquqi yardımı təqdim etməməklə və Kiprdə əlçatan olan hüquqi vasitələr barədə məlumatları ona verməməklə, kipriot dövlət orqanları onun Konvensiyanın 6-cı maddəsi ilə təmin olunmuş məhkəməyə müraciət hüququnu pozmuşlar. Konvensiyanın 6-cı maddəsi müvafiq hissəsində aşağıdakıları nəzərdə tutur:
“Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən ... məhkəmə vasitəsilə, ... işinin ədalətli... araşdırılması hüququna malikdir.”
A. Tərəflərin dəlilləri
1. Ərizəçi
327. Ərizəçi demokratik cəmiyyətdə məhkəməyə müraciət hüququnun əhəmiyyətini vurğulamışdır. Belə hüquq nəzərdə tutur ki, şəxs hüquqlarına müdaxilə edən aktı mübahisələndirmək üçün aydın və praktiki imkana malik olsun. Ərizəçi göstərib ki, qızının ölümü ilə bağlı işə mahiyyəti üzrə baxılmamışdır. Daha sonra, o, istintaq prosesində onun səmərəli iştirakının və ona pulsuz hüquqi yardımın göstərilməsinin kipriot dövlət orqanları tərəfindən təmin edilməməsindən şikayət etmişdir. Müvafiq olaraq, o bildirib ki, Kipr dövlət orqanları Konvensiyanın 6-cı maddəsi ilə təmin olunmuş məhkəməyə müraciət hüququnu pozmuşdur.
2. Kipr Hökuməti
328. Öz yazılı dəlillərində Kipr Hökuməti bildirib ki, Konvensiyanın 6-cı maddəsi istintaq prosesinə şamil olunmur, ona görə ki, mülki hüquq və vəzifələri müəyyən edən araşdırmanı təşkil etmir. Müvafiq olaraq, ərizəçi qızının ölümü ilə bağlı araşdırmalara müraciət hüququnun pozulmasını iddia edə bilməz.
329. Digər tərəfdən, istintaq prosesi Konvensiyanın 6-cı maddəsi ilə əhatə olunsa da, Kipr Hökuməti iddia edib ki, ərizəçinin məhkəməyə müraciət hüququ hazırkı işdə təmin olunmuşdur.
330. Sonrakı birtərəfli bəyanatında (baxın, yuxarıda 187-ci paraqraf) Kipr Hökuməti dövlət orqanları tərəfindən ərizəçi ilə məhkəmə arasında real və səmərəli əlaqənin yaradılmaması səbəbindən istintaqa və ərizəçiyə əlçatan olan hər hansı digər hüquqi vasitələrə aid ərizəçinin məhkəməyə səmərəli müraciət hüququnun pozulduğunu təsdiq etmişdir.
B. Şikayətin məqbuliyyəti
331. Məhkəmə ilk növbədə qeyd edir ki, Konvensiyanın 6-cı maddəsi konkret iş üzrə cinayət təqibinin başlanması hüququna və ya cinayət əməlinə görə üçüncü tərəflərin mühakimə olunmasına və ya məhkum edilməsinə əsas vermir (baxın, məsələn, Ramponya və Murqia İtaliyaya qarşı (qərardad), № 40753/98, 11 may 1999-cu il; Perez Fransaya qarşı(BP), № 47287/99, § 70, İHAM 2004-1; və Dinçev Bolqarıstana qarşı, № 23057/03, § 39, 22 yanvar 2009-cu il). Buna görə, ərizəçinin Konvensiyanın 6-cı maddəsinə əsasən qızının ölümü ilə bağlı cinayət təqibinin kipriot dövlət orqanları tərəfindən başlanılmamasına aid şikayəti ratione materiae qeyri-məqbuldur və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.
332. İstintaq prosesində iştirak etmək hüququna gəldikdə, Məhkəmə qeyd edir ki, istintaq prosesində prosessual təminatlar Konvensiyanın 2-ci maddəsinə xasdır və ərizəçinin şikayəti bu kontekstdə artıq araşdırılmışdır (baxın, yuxarıda 239-cu paraqraf). Konvensiyanın 6-cı maddəsinin istintaq prosesinə tətbiq olunmasına gəldikdə, Məhkəmə hesab edir ki, belə proses kontekstində ərizəçiyə aid hər hansı cinayət ittihamı və ya mülki hüquq yoxdur. Müvafiq olaraq, şikayətin bu hissəsi də ratione materiaeqeyri-məqbuldur və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.
333. Nəhayət, ərizəçinin ona əlçatan olan başqa hüquqi vasitələr barədə məlumatlandırılmaması və hüquqi təmsilçiliyin Kiprdəki qiymətinin həddən artıq olması baxımından, pulsuz hüquqi yardımla təmin edilmədiyi barədə şikayətlərinə aid Məhkəmə hesab edir ki, bu şikayətlər ərizəçinin Konvensiyanın 2-ci maddəsi üzrə şikayətləri ilə sıx əlaqəlidir və xatırladır ki, onlara bu kontekstdə münasibət bildirilmişdir (baxın, yuxarıda 240-cı paraqraf). Buna görə, belə hallarda Konvensiyanın 6-cı maddəsinə əsasən hər hansı ayrıca məsələnin ortaya çıxa biləcəyi sahəni araşdırmaq tələb olunmur.
6. Müvafiq olaraq, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi üzrə şikayətlər qeyri-məqbul elan edilməli və Konvensiyanın 35-ci maddəsinin 3 və 4- cü bəndlərinə əsasən rədd edilməlidir.
VII. Konvensiyanın 8-ci maddəsinin iddia olunan pozuntusu
335. Ərizəçi, həmçinin Konvensiyanın aşağıdakıları nəzərdə tutan 8-ci maddəsinə istinad etmişdir:
“1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq, sağlamlığı, yaxud mənəviyyatı qorumaq və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.”
336. Ərizəçi bu maddəyə əsasən verdiyi şikayətin xarakteri barədə hər hansı əlavə təfsilatlar təqdim etməmişdir. Malik olduğu bütün materiallar baxımından ərizəçinin qalan şikayətlərini, şikayət olunan məsələlər onun səlahiyyətində olduğu qədər araşdıraraq, Məhkəmə hesab edir ki, onlar Konvensiya və ya onun Protokolları ilə təsbit olunmuş hüquq və azadlıqların pozulmasının hər hansı görüntüsünü aşkar etmir. Belə nəticəyə gəlinir ki, şikayətin bu hissəsi Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən açıq-aşkar əsassız kimi rədd olunmalıdır.
IX. Konvensiyanın 41-ci maddəsinin tətbiqi
337. Konvensiyanın 41-ci maddəsi aşağıdakıları nəzərdə tutur:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, zəruri halda zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
A. Zərər
1. Tərəflərin dəlilləri
338. Ərizəçi qızının ölümü nəticəsində ona dəymiş mənəvi zərərə aid 100.000 EUR tələb etmişdir. O, hazırkı işdə iddiaların ciddi xarakterinə və qızının ailənin yeganə dolandıranı olmasına istinad etmişdir. O, həmçinin qızının ölümündən və buna məsuliyyətli şəxslərin mühakimə olunmasına sonrakı səylərindən irəli gələn emosional müsibəti vurğulamışdır.
339. Kipr Hökuməti iddia edib ki, Məhkəmənin presedent-hüququnu nəzərə alaraq, tələb olunmuş məbləğ həddən artıqdır. Daha sonra, onlar göstəriblər ki, ərizəçi maliyyə cəhətdən qızından asılı olduğunu təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. Öz birtərəfli bəyanatında (baxın, yuxarıda 187-ci paraqraf) onlar maddi və mənəvi zərərə, xərcə və məsrəflərə görə 37.300 EUR və ya Məhkəmə tərəfindən təklif olunan digər məbləğin ərizəçiyə ödənilməsini təklif etmişlər.
340. Rusiya Hökuməti bildirib ki, hər hansı mənəvi zərər ərizəçinin qızının təhlükəsizliyini təmin etməyən və onun ölümü ilə bağlı səmərəli istintaqı aparmayan Dövlət tərəfindən ödənilməlidir. Onlar qeyd ediblər ki, ərizəçinin maddi cəhətdən Konvensiyanın 2-ci maddəsi ilə bağlı şikayətinə aid cavabdeh Dövlət deyillər.
2. Məhkəmənin qiymətləndirməsi
341. Məhkəmə qeyd edir ki, iqtisadi dəstəyin itirilməsi barədə tələb daha çox maddi itki üçün tələb kimi qiymətləndirilir. Bununla bağlı, Məhkəmə təkrar edir ki, ərizəçinin tələb etdiyi zərərlə Konvensiyanın pozuntusu arasında aydın səbəbli əlaqə olmalı və bu, müvafiq işdə gəlir itkisinə aid kompensasiyanı daxil edə bilər (baxın, inter alia, Aktaş Türkiyəyə qarşı, № 24351/94, § 352, İHAM 2003-V (çıxarışlar)). Hazırkı işdə Məhkəmə xanım Rantsevanın ölümü üçün Kiprin məsuliyyətli olduğunu müəyyən etməyərək hesab etmişdir ki, Konvensiyanın 2-ci maddəsinin maddi deyil, prosessual pozuntusu baş vermişdir. Müvafiq olaraq, Məhkəmə xanım Rantsevanın ölümündən irəli gələn maddi zərərə görə ərizəçiyə hər hansı kompensasiyanı təqdim etmək zərurətini görmür.
342. Mənəvi zərərə gəldikdə, Məhkəmə müəyyən edib ki, Kipr dövlət orqanları xanım Rantsevanı insan alverindən müdafiə etmək üçün addımlar atmamış və onun insan alverinə məruz qalıb-qalmadığını araşdırmamışdır. Bundan başqa, Məhkəmə müəyyən edib ki, kipriot dövlət orqanları xanım Rantsevanın ölümü ilə bağlı səmərəli istintaq aparmamışdır. Müvafiq olaraq, Məhkəmə qaneedici hesab edir ki, xanım Rantsevanın ölümünün izah olunmamış halları və onu insan alverindən və istismardan müdafiə etmək üçün kipriot dövlət orqanlarının addımlar atmaması və onun Kiprə gəlişi və gedişinin hallarının səmərəli araşdırılmaması nəticəsində ərizəçi müsibət və narahatlıq içində olmuşdur. Ədalətli əsaslarla qərar çıxararaq, Məhkəmə kipriot dövlət orqanlarının hərəkətləri nəticəsində ərizəçiyə dəymiş zərərə aid üstünə gələ bilən hər hansı vergi hesablanmaqla, 40.000 EUR kompensasiyanı təyin edir.
343. Məhkəmə təkrar edir ki, o, Rusiyaya aid Konvensiyanın 4-cü maddəsinin prosessual pozuntusunu müəyyən etmişdir. Ədalətli əsaslarla qərar çıxararaq, Məhkəmə Rusiya dövlət orqanlarının hərəkətləri nəticəsində ərizəçiyə dəymiş zərərə aid üstünə gələ bilən hər hansı vergi hesablanmaqla, 2.000 EUR kompensasiyanı təyin edir.
B. Xərc və məsrəflər
1. Tərəflərin dəlilləri
344. Ərizəçi gediş-gəliş, kserosurət, tərcümə və notariat xidmətləri daxil olmaqla, 485.480 Rusiya rublu RUB (təxminən 11.240 EUR) məbləğində çəkilmiş xərc və məsrəflərin ödənilməsini tələb etmişdir. Bu məbləğə, həmçinin onun zəruri vəsait əldə etmək üçün lazım olan, Rusiyada evinin satılmasına aid 233.600 RUB; təqribən 46.310 RUB məbləğdə dəfn xərcləri; və 2008-ci ildə Kiprdə trafikinqə həsr olunmuş konfransda iştirak etmək üçün çəkilmiş 26.661 RUB daxildir. Müvafiq qəbzlər əlavə olunmuşdur.
345. Kipr Hökuməti iddia edib ki, ərizəçi yalnız Konvensiyanın pozuntusunun qarşısının alınması və ya bərpa etmənin təqdim edilməsi üçün çəkilməsi zəruri olan, həcminə görə ağlabatan və sözügedən pozuntu ilə səbəbli əlaqədə olan xərcləri tələb edə bilər. Bu mənada, onlar mənzilinin satılmasına aid ərizəçinin 233.600 RUB, 2008-ci ildə konfransda iştirak etmək üçün çəkilmiş məbləğləri və qəbzlərlə çəkilməmiş və ya həcminə görə ağlabatan olmayan xərc və məsrəfləri mübahisələndirmişlər.
346. Rusiya Hökuməti iddia edib ki, ərizəçi mənzilini satmalı və Kiprə getməli olduğu barədə iddiasını əsaslandıra bilməmişdir. Xüsusən, onlar bildiriblər ki, ərizəçi Kipr dövlət orqanlarından zəruri sənəd və sübutların tələb olunması üçün Rusiyada müvafiq hüquq mühafizə orqanlarına müraciət edə və bu barədə Kiprdəki vəkilinə göstəriş verə bilərdi. Rusiya Hökuməti, həmçinin 2008-ci ildə keçirilmiş konfransın xərci üçün ərizəçinin tələbini bu əsasla mübahisləndirmişdir ki, həmin xərclər xanım Rantsevanın ölümünə dair istintaqla birbaşa əlaqəli deyildir.
2. Məhkəmənin qiymətləndirməsi
347. Məhkəmə təkrar edir ki, ərizəçi öz xərc və məsrəflərinin əvəzləşdirilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurət qarşısında xərclənməsi və həcminə görə əsaslı olması göstərilsin. Hazırkı işdə ərizəçi evinin satılması məbləğini və ya 2008-ci ildə Kiprdə konfransda iştirak etmək üçün gediş-gəliş xərclərini tələb etmək hüququna malik deyil. Belə konfrans xanım Rantsevanın ölümü ilə birbaşa bağlı deyil. Bundan başqa, Məhkəmə xatırladır ki, o, Konvensiyanın 2-ci maddəsinin yalnız prosessual pozuntusunu müəyyən etmişdir. Müvafiq olaraq, ərizəçi dəfn xərclərini kompensasiya hüququna malik deyil.
348. Yuxarıda göstərilənləri nəzərə alaraq, Məhkəmə xərc və məsrəflərə aid Avropa Şurası tərəfindən hüquqi yardım kimi verilmiş 850 EUR çıxaraq, üstünə gələ bilən hər hansı vergi hesablanmaqla, 4.000 EUR məbləği təyin etməyi əsaslı hesab edir. Bu işin hallarında Məhkəmə lazımi hesab edir ki, xərc və məsrəflər Kiprə qarşı təyin edilsin.
C. Faiz dərəcəsi
349. Məhkəmə məqsədəmüvafiq hesab edir ki, faiz dərəcəsi üstünə üç faiz əlavə edilməli olan, Mərkəzi Avropa Bankının təqdim etdiyi dərəcənin son həddinə əsaslanmalıdır.
Bu səbəblərə görə, məhkəmə yekdilliklə
1. Şikayəti siyahıdan çıxarmaq barədə Kipr Hökumətinin etirazını rədd edir;
2. Konvensiyanın 4-cü maddəsinə aid Rusiya Hökumətinin ratione materiae etirazını işin mahiyyəti ilə birləşdirməyi qərara alır və bu etirazı rədd edir;
3. Konvensiyanın 2, 3, 4 və 5-ci maddələrinə əsasən şikayətləri məqbul və şikayətin qalan hissəsini qeyri-məqbul elan edir;
4. Kipr dövlət orqanları tərəfindən Konvensiyanın 2-ci maddəsinə əsasən xanım Rantsevanın yaşamaq hüququnu müdafiə etmək üzrə pozitiv öhdəliyin pozuntusunun baş verdiyini qərara alır;
5. Xanım Rantsevanın ölümü ilə bağlı səmərəli istintaq aparılmadığı üçün Kipr tərəfindən Konvensiyanın 2-ci maddəsinin prosessual pozuntusunun baş verdiyini qərara alır;
6. Rusiya tərəfindən Konvensiyanın 2-ci maddəsinin pozulduğunu qərara alır;
7. Ərizəçinin Konvensiyanın 3-cü maddəsi üzrə şikayətinin ayrıca araşdırılmasına zərurət olmadığını qərara alır;
8. Xanım Rantsevaya trafikinqdən və ekspluatasiyadan praktiki və səmərəli müdafiənin ümumi şəkildə təqdim olunmaması və onu müdafiə etmək üçün zəruri spesifik tədbirlərin görülməməsi ilə Kipr tərəfindən Konvensiyanın 4-cü maddəsinin pozulduğunu qərara alır;
9. Kipr dövlət orqanları tərəfindən səmərəli istintaqın davamlı həyata keçirilməməsinə aid Konvensiyanın 4-cü maddəsinin iddia olunan pozuntusunun ayrıca araşdırılmasının zəruri olmadığını qərara alır;
10. Xanım Rantsevanı trafikinqdən qorumaq üçün operativ tədbirlərin görülməsi üzrə Konvensiyanın 4-cü maddəsinə əsasən Rusiya tərəfindən özünün pozitiv öhdəliklərinin pozulmadığını qərara alır;
11. İddia olunan trafikinqin araşdırılması üçün özünün prosessual öhdəliklərinə Rusiya tərəfindən riayət olunmaması nəticəsində Konvensiyanın 4-cü maddəsinin pozulduğunu qərara alır;
12. Kipr tərəfindən Konvensiyanın 5-ci maddəsinin pozulduğunu qərara alır;
13. Qərara alır ki,
(a) Qərarın Konvensiyanın 44-cü maddəsinin 2-ci hissəsinə əsasən qəti olduğu gündən üç ay müddətində üstünə gələ bilən hər hansı vergi hesablanmaqla, mənəvi zərərə görə 40.000 EUR (qırx min avro), xərc və məsrəflərə görə isə 3.150 EUR (üç min yüz əlli avro) Kipr Hökuməti tərəfindən ərizəçiyə ödənilsin;
(b) Qərarın Konvensiyanın 44-cü maddəsinin 2-ci hissəsinə əsasən qəti olduğu gündən üç ay müddətində üstünə gələ bilən hər hansı vergi hesablanmaqla, həll olunma günündə tətbiq olunan dərəcədə Rusiya rubluna çevirməklə, mənəvi zərərə görə 2.000 EUR (iki min avro) Rusiya Hökuməti tərəfindən ərizəçiyə ödənilsin;
(c) Yuxarıda qeyd olunan üç ay bitdiyi vaxtdan həll olunma gününədək üç faiz əlavə olunmaqla, yuxarıdakı məbləğ üstünə Mərkəzi Avropa Bankının faiz dövründəki təqdim etdiyi dərəcənin son həddinə uyğun ödənilməlidir.
14. Ədalətli kompensasiyaya aid ərizəçinin qalan tələbini rədd edir.
İngilis dilində tərtib olunub və Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2 və 3-cü bəndlərinə müvafiq olaraq, qərar barədə məlumat yazılı şəkildə 07 yanvar 2010-cu ildə göndərilib.
Soren Nilsen |
Xristos Rozakis |
Katib |
Sədr |
© 2009-2022 De Jure.