Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Notariat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli, 261 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADӘ
Bakı şəhəri, 11 sentyabr 2000-ci il
№ 167
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR
|
1. Bu Təlimat Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli, 261 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə hazırlanıb, dövlət notariusları və xüsusi notariuslar tərəfindən notariat hərəkətlərinin aparılması qaydasını müəyyən edir.
2. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 17 və 26-cı maddələrinə uyğun olaraq notarius aşağıdakı notariat hərəkətlərini aparır:
1) əqdləri və etibarnamələri təsdiq edir;
2) miras əmlakın qorunması üçün tədbirlər görür;[2]
3) vərəsəlik hüququ haqqında şəhadətnamələr verir;
4) ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verir;
5) yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr verir;
6) sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edir;
7) sənədlərdəki imzaların hәqiqiliyini təsdiq edir;
8) sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edir;
9) şəxsin sağ olması faktını təsdiq edir;
10) şəxsin müəyyən yerdə olması faktını təsdiq edir;
11) şəxslə fotoşəkildəki şəxsin eyniliyini təsdiq edir;
12) sənədlərin təqdim olunduğu vaxtı təsdiq edir;
13) fiziki və hüquqi şəxslərin ərizələrini başqa fiziki və hüquqi şəxslərə verir;
14) öhdəliyin icra predmetini saxlamağa, pul məbləğlərini, qiymətli kağızları və vəsiyyətnamələri depozitə qəbul edir;[3]
15) icra qeydləri aparır;
16) veksellərə protestlər tərtib edir;
17) çekləri ödənilmək üçün təqdim edir və çeklərin ödənilmədiyini təsdiq edir;
18) sənədləri saxlanmaq üçün qəbul edir;
19) dəniz protestləri tərtib edir;
20) sübutları təmin edir.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə dövlət notariusuna başqa notariat hərəkətlərinin aparılması da həvalə edilə bilər.
3. Notariat hərəkətlərini dövlət notariusu (böyük dövlət notariusu, dövlət notariusu) və xüsusi notarius aparır.
4. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq notariat hərəkətlərinin aparılması zamanı Azərbaycan Respublikasının Konstitusiyası, "Notariat haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, habelə "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununa zidd olmayan Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin öz səlahiyyətləri daxilində qəbul etdikləri normativ aktlar və Təlimat rəhbər tutulur.
5. Notarius "Notariat haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan notariat hərəkətlərini apara bilər, əqdlərin, ərizələrin və digər sənədlərin layihələrini tərtib edə bilər, sənədlərin surətlərini və onlardan çıxarışları hazırlaya bilər, notariat hərəkətlərinin aparılması ilə əlaqədar məsləhətlər verə bilər, fiziki və hüquqi şəxslərdən həmin hərəkətlərin aparılması üçün sənədlər və məlumatlar tələb edə bilər, daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular verə bilər. [4]
Bu hərəkətlərin yerinə yetirilməsi dövlət notariat kontorunun ştatında olan məsləhətçilərə, //çıxarılıb// eləcə də xüsusi notariusun məsləhətçilərinə həvalə edilə bilər. [5]
6. Notarius öz vəzifələrini yerinə yetirərkən:
a) fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün kömək göstərməlidir;
b) hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir;
c) "Notariat haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır;
d) "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 9-11-ci və 12-1-ci maddələrinin tələblərinə riayət etməli, bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər tədbirləri həyata keçirməlidir.[6]
ç) Notarius Notariusun etik davranış kodeksinin tələblərinə riayət etməlidir. [7]
7. Notariuslar və xidməti vəzifələrini yerinə yetirmələri ilə əlaqədar notariat hərəkətlərindən xəbərdar olan şəxslər bu hərəkətlərin sirrini saxlamağa borcludurlar.
Notariat hərəkətləri barədə arayışlar və sənədlər yalnız notariat hərəkətlərinin aparılmasını tapşırmış və ya barəsində notariat hərəkətləri aparılmış fiziki və hüquqi şəxslərə verilməlidir.
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada notariat hərəkətləri ilə bağlı məlumatlar maliyyə monitorinqi orqanına verilir.[8]
Notariat hərəkətləri ilə bağlı sənədlər məhkəmə, istintaq və təhqiqat orqanlarının icraatında olan konkret cinayət və ya mülki işlərlə əlaqədar bu orqanların qərarı əsasında onlara verilir, vəkilə isə notariat hərəkətləri ilə bağlı sənədlərin surətləri onun yazılı sorğusu və orderi əsasında verilir.
Konkret cinayət işləri ilə əlaqədar notariat sənədlərinin götürülməsindən əvvəl həmin orqanlar notariusu götürmə barədə qərarla tanış etməlidir, Notariat sənədlərinin götürülməsi müvafiq protokolla rəsmiləşdirilir və onun surəti notariusa verilir.[9]
Vəsiyyətnamələr haqqında arayışlar (vəsiyyətnamənin olması, onun məzmunu və s.) yalnız vəsiyyətçinin ölümündən sonra onun ölümü haqqında şəhadətnamə təqdim olunduqda verilə bilər.
Notarius, şahid, habelə vəsiyyətnaməni vəsiyyət edənin əvəzinə imzalamış şəxslər vəsiyyətnamənin məzmununa, tərtibinə, dəyişdirilməsinə və ya ləğvinə aid məlumatları miras açılanadək açıqlaya bilməzlər. Bu barədə notarius bu şəxsləri xəbərdar edir.
Notariat hərəkətləri sirrinin açılmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşımalıdırlar.
Notariat hərəkətlərinin aparılması ilə əlaqədar notariusa qarşı cinayət işi qaldırıldıqda məhkəmə onu sirri saxlamaq vəzifəsindən azad edə bilər.
Notariat hərəkətləri barədə məlumatlar məhkəmə, istintaq və təhqiqat orqanlarının icraatında olan konkret cinayət və ya mülki işlərlə əlaqədar həmin orqanların yazılı sorğuları, vəkilə isə onun yazılı sorğusu və orderi əsasında verilir.
Notarius daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqaviləni təsdiqlədikdən dərhal sonra onu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Elektron notariat" informasiya sistemi vasitəsilə, iki iş günü müddətində isə həmin müqavilənin bir nüsxəsini sifarişli poçt göndərişi vasitəsi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə göndərir.[10]
Nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən, notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə, habelə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin VI-I hissəsinə uyğun olaraq fiziki şəxslərin qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsi və olduğu halda elektron ünvanı və sürücülük vəsiqəsinin nömrəsi, hüquqi şəxslərin isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxs barədə müvafiq məlumatları dərhal “Elektron notariat” informasiya sisteminə daxil etməlidir.[11]
"Elektron notariat" informasiya sisteminə daxil olmuş məlumatı texniki vasitələrdən istifadə etməklə bir gün müddətində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərir.[12]
Notarius təsdiq etdiyi müqavilənin iki nüsxəsini müraciət etmiş şəxsə verir. Müraciət edən şəxsin istəyi ilə notarius daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat barəsində hüquq əldə edənin notariat qaydasında təsdiq edilmiş ərizəsinin müqavilə (zərurət olduqda - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsində nəzərdə tutulmuş hüquqların dövlət qeydiyyatı üçün digər əsasları əks etdirən sənədlər), torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd ilə birlikdə "Elektron notariat" informasiya sistemi vasitəsilə ərizənin təsdiq edildiyi gün, iki iş günü müddətində isə həmin sənədləri sifarişli poçt göndərişi vasitəsilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə göndərir (bu halda bu Təlimatın 7-ci hissəsinin on birinci abzasında müqavilənin nüsxəsinin göndərilməsi ilə bağlı müddəa tətbiq edilmir). Həmin ərizənin surəti müqavilənin notariat qaydasında təsdiqlənməsi haqqında müraciət edən şəxsə verilir. [13]
8. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə müvafiq olaraq notarius tərəfindən öz adına və öz adından, ərinin (arvadının), onun və özünün qohumlarının (valideynlərinin, uşaqlarının, nəvələrinin, babalarının, nənələrinin, həmçinin qardaşlarının, bacılarının, əmilərinin (dayılarının), bibilərinin (xalalarının), onların uşaqlarının adına və bu şəxslərin adından, həmin notarius ilə bir yerdə işləyənin adına və onun adından notariat hərəkətlərinin aparılması qadağandır.
Göstərilən hallarda notariat hərəkətləri hər hansı digər notariat kontorunda aparılır.
Bu bəndin tələblərini pozmaqla aparılmış notariat hərəkətləri və onlara bərabər tutulan hərəkətlər mübahisələndirilə bilər.[14]
9. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq notariat fəaliyyəti üzrə kargüzarlıq Azərbaycan Respublikasının dövlət dilində aparılır.
Notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə və ya notariat hərəkətinin hər hansı dildə aparılmasını xahiş edirsə, notarius imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edir və ya mətn ona müvafiq dili bilməsi barədə sənəd təqdim edən tərcüməçi tərəfindən tərcümə edilir.
Əgər şəxs sənədin tərtib olunduğu dili bilmirsə, o, sənədə ona məlum olan dildə imza edir.
10. Dövlət notariusları notariat hərəkətlərinin aparılmasına görə dövlət rüsumu tuturlar.
Dövlət notariusları sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünün, sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi ilə əlaqədar göstərilən xidmətə (texniki işlərin yerinə yetirilməsi) görə həmin hərəkətlərin aparılması üçün müəyyən edilmiş dövlət rüsumu məbləğində, əqdlərin və etibarnamələrin təsdiqi ilə əlaqədar göstərilən xidmətə (məsləhətlərin verilməsi, əqdlərin, ərizələrin və digər sənədlərin layihələrinin tərtib edilməsi, texniki işlərin yerinə yetirilməsi) görə isə həmin hərəkətlərin aparılması üçün müəyyən edilmiş dövlət rüsumu məbləğinin 15 faizi miqdarında haqq tuturlar.
"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa görə notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumunun ödənilməsindən azadolmalar tətbiq edilən hallarda notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq tutulmur.
Notariat hərəkətlərinə görə dövlət notariusu tərəfindən qəbul edilmiş dövlət rüsumu iki bank günü ərzində dövlət büdcəsinə, haqq isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xüsusi hesabına köçürülür.
Xüsusi notariuslar tərəfindən notariat hərəkətlərinin aparılmasına görə dövlət notariusları tərəfindən notariat hərəkətlərinin aparılması üçün müəyyənləşdirilmiş dövlət rüsumu miqdarında haqq tutulur.
11. Dövlət rüsumunun və notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqqın məbləğləri barədə məlumat lövhə şəklində hər bir dövlət notariat kontorunun yerləşdiyi və ya xüsusi notariusun işlədiyi binanın (otağın) görkəmli yerində asılmalıdır.[15]
12. Notariuslar statistik və mühasibat hesabatları aparmalı, notariat hərəkətləri və tutulan dövlət rüsumları, büdcəyə keçirilən vergilər və digər ödəmələr barəsində Dövlət Statistika Komitəsinin, Maliyyə Nazirliyinin və Vergilər Nazirliyinin müvafiq rayon İdarələrinə məlumat verməlidirlər.
Dövlət notariusları notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə tutulan haqq barəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq rayon (şəhər) idarələrinə (şöbələrinə) və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə həmin nazirliklərin müəyyən etdiyi forma və dövr üzrə məlumatlan təqdim etməlidirlər.[16]
13. Notariat fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.[17]
Hər bir notariusun notariat fəaliyyəti iki ildə bir dəfədən az olmadan yoxlanılmalıdır.
Notarius yoxlama aparılmasına səlahiyyətli şəxsə notariat fəaliyyətinə aid bütün məlumat və sənədləri təqdim etməyə borcludur.
Notariat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməsinə nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə notarius hər iş günü ərzində aparılmış notariat hərəkətləri barədə məlumatları "Elektron notariat" informasiya sisteminə daxil etməlidirlər.[18]
Notarius notariat hərəkətlərini apararkən bu Təlimatın 19-cu hissəsinin ikinci abzasında göstərilmiş məlumatları "Elektron notariat" informasiya sistemindən istifadə etməklə yoxlamalıdır.[19]
"Elektron notariat" informasiya sistemi vasitəsilə həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə notariat kontorları arasında yazışmalar aparılır.
14. Qanunvericilikdə nəzərdə tutulan hallar istisna edilməklə, notariat hərəkətləri Azərbaycan Respublikasının bütün ərazisində hər hansı dövlət notariusu və ya xüsusi notarius tərəfindən aparıla bilər.
Xaricdə istifadə edilməsi məqsədilə sənədlərin rəsmiləşdirilməsi, dəniz protestlərinin tərtib edilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən müəyyən notariuslara həvalə edilə bilər. [20]
15. Notariat hərəkətləri dövlət notariat kontoru yerləşən və ya xüsusi notarius işləyən binada (otaqda) aparılmalıdır.
Xəstəlik nəticəsində, əlilliklə, sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar olaraq və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda şəxsin dövlət notariat kontoruna və ya xüsusi notariusun işlədiyi binaya (otağa) gələ bilmədiyi hallarda əvvəlcədən verilmiş bildiriş üzrə dövlət rüsumu və müəyyən edilmiş hallarda haqq ödənildikdən və nəqliyyat vasitəsi ilə təmin edildikdən və ya maraqlı şəxs tərəfindən faktiki nəqliyyat xərcləri ödənildikdən sonra notariat hərəkətləri bu binalardan (otaqlardan) kənarda da aparıla bilər.[21]
Notariat hərəkətləri notariat kontorunun binasından kənarda aparılarsa, təsdiq qeydində və notariat reyestrində notariat hərəkətinin aparıldığı yer və ünvan qeyd olunur.
Notariat hərəkətləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində yerləşən notariat kontorları tərəfindən aparıldıqda, səyyar xidmətlər kənardan qulluğa və yardıma ehtiyacı olan əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün əlavə ödəniş aparılmadan həyata keçirilir.[22]
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ayrı qayda nəzərdə tutulmadıqda, notariat hərəkətləri bunun üçün lazım olan bütün sənədlərin təqdim olunduğu və dövlət rüsumu və müəyyən edilmiş hallarda haqq ödənildiyi gün aparılır.[23]
İdarələrin, müəssisələrin və təşkilatların vəzifəli şəxslərindən əlavə məlumatlar və ya sənədlər tələb etmək, yaxud sənədləri ekspertizaya göndərmək lazım gəldikdə notariat hərəkətlərinin aparılması bir aydan artıq olmayan müddətə təxirə salına bilər.
Təsdiq edilməli olan hüquq və ya fakt barəsində mübahisə edən digər əlaqədar şəxsdən ərizə alınması haqqında məhkəmədən məlumat gəldikdə notariat hərəkətlərinin aparılması məhkəmədə iş həll edilənədək dayandırılmalıdır.
Təsdiq edilməli olan hüquq və ya fakt barəsində mübahisə etmək üçün məhkəməyə müraciət etmək arzusunda olan digər əlaqədar şəxsin xahişi ilə notariat hərəkətinin aparılması on gün müddətində təxirə salınmalıdır. Bu müddətdə məhkəmədən təsdiq edilməli olan hüquq və ya fakt barəsində əlaqədar şəxsdən ərizə daxil olduğu haqqında məlumat alınmazsa, artıq notariat hərəkətinin aparılmasının dayandırılmasına yol verilmir.
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən şübhə yaradan əməliyyatlarla bağlı aparılan notariat hərəkətlərinin icrası maliyyə monitorinqi orqanı tərəfindən Qanunla müəyyən edilmiş müddətdə və qaydada dayandırıla bilər.[24]
Notariat hərəkətinin təxirə salınması və ya dayandırılması üçün başqa əsaslar yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilə bilər.
17. Notariat hərəkətlərini apararkən notariuslar hər bir halda notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya hüquqi şəxslərin nümayəndələrinin şəxsiyyətini müəyyən edirlər.
Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyəti Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir.[25]
Hərbi qulluqçuların şəxsiyyəti hərbi hissələrin və hərbi idarələrin komandanlığının verdiyi şəxsi vəsiqə və ya hərbi bilet əsasında müəyyən edilir.
Dənizçilərin şəxsiyyət dənizçinin şəxsiyyət sənədi əsasında müəyyən edilir.[26]
Nəqliyyat vasitəsinin müvəqqəti əvəzsiz istifadəyə verilməsinə dair etibarnamə təsdiq edilərkən etibar edənin şəxsiyyəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin verdiyi milli sürücülük vəsiqəsi əsasında müəyyən edilə bilər.
Sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyü təsdiq edilərkən vətəndaşların şəxsiyyəti həmçinin iş yeri üzrə idarə, müəssisə, təşkilat tərəfindən onlara verilmiş xidməti vəsiqə, tələbə bileti və ya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin verdiyi milli sürücülük vəsiqəsi əsasında da müəyyən edilə bilər. 16 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların şəxsiyyəti valideynlərin (övladlığa götürənlərin) pasportlarında onlar barəsində edilmiş qeydlərlə birlikdə doğum haqqında şəhadətnaməyə əsasən müəyyən oluna bilər.
//çıxarılıb// [27]
//çıxarılıb//[28]
Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyəti əcnəbinin pasportu, vətəndaşlığı olmayan şəxsin isə daimi qeydiyyatda olduğu digər ölkədə aldığı vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənəd əsasında müəyyən edilir;
Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin şəxsiyyəti müvafiq Qanunla təsdiq edilmiş xüsusi nümunəli şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir;
Azərbaycan Respublikasında müvəqqəti yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyəti //çıxarılıb// Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əsasında müəyyən edilir; [29]
Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyəti Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə vəsiqəsi əsasında müəyyən edilir.[30]
18. Əqdlər təsdiq edilərkən və bəzi başqa notariat hərəkətləri aparılarkən (məsələn, sənəddəki imzanın həqiqiliyi təsdiq olunarkən) notarius əqdlərin iştirakçılarının, şahidlərin və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyini yoxlayır.
19. Əqdlər təsdiq edilərkən əqddə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılır.
Notariat hərəkətlərinin aparılmasından əvvəl notarius "Elektron notariat" informasiya sistemi vasitəsilə əqdlərin, o cümlədən etibarnamələrin və vəsiyyətnamələrin təsdiqi və ya ləğv edilməsi, habelə vərəsəlik işinin açılıb-açılmaması, mülkiyyət və vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilib-verilməməsi barədə müvafiq məlumatları yoxlamalıdır.[31]
20. Notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun iştirakı ilə imzalanır. Əgər əqd, ərizə və ya başqa sənəd notariusun iştirakı olmadan imzalanmışsa, onu imzalayan şəxs sənədi özünün imzaladığını şəxsən təsdiq etməlidir.
21. Notarius idarələrin, müəssisələrin, təşkilatların onlara məlum olan vəzifəli şəxslərinin şəxsi müraciətləri zamanı alınmış və həqiqiliyi şübhə doğurmayan imzalarının nümunələri vardırsa, həmin vəzifəli şəxslərin hər dəfə gəlməsini tələb etməyə bilər.
22. Şəxs əqdi, ərizəni və ya başqa sənədi cismani qüsuruna, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda, notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilməlidir.
Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs savadsız və kordursa, notarius ona sənədin mətnini oxumağa və bu barədə sənəddə qeyd yazmağa borcludur.
Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş kar, kor və kar-lal şəxs savadsızdırsa, notariat hərəkəti aparılarkən onu başa salmağı bacaran savadlı şəxs mütləq iştirak etməli və öz imzası ilə təsdiq etməlidir ki, əqdin, ərizənin və ya digər sənədin məzmunu əqddə, ərizədə və digər sənəddə iştirak edən kar, kor və ya kar-lal şəxsin iradəsinə uyğundur.
23. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən notariusların notariat hərəkətlərinin aparılması üçün lazım olan məlumat və sənədləri idarələrdən, müəssisələrdən və təşkilatlardan tələb etmək, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular vermək hüququ vardır. [32]
Müvafiq məlumat və sənədlər notariusun göstərdiyi müddətdə təqdim edilməlidir. Bu müddət bir aydan artıq ola bilməz.
24. Pozuntu və qaralaması olan, təsdiq edilməmiş əlavələri olan sənədlərin, zədələndiyinə görə mətninin oxunması mümkün olmayan, yaxud karandaşla yazılmış sənədlərin notariat hərəkətlərinin aparılması üçün qəbul edilməsi qadağandır.
Əgər bir neçə vərəqdə ifadə olunmuş sənədlər nömrələnməmiş, qaytanlanmamış, vəzifəli şəxsin imzası ilə və sənədi verən idarənin, müəssisəsinin və təşkilatın möhürü ilə təsdiq edilməmişsə, bu sənədlər də qəbul edilmir.
25. Notariat qaydasında təsdiq edilən əqdlərin və sənədlərin mətnləri aydın və dürüst yazılmalı, sənədin mətninə aid olan tarixlər və müddətlər heç olmasa bir dəfə sözlərlə, hüquqi şəxslərin adları isə onların orqanlarının ünvanı göstərilməklə ixtisarsız yazılmalıdır.
Fiziki şəxslərin soyadı, adı və atasının adı tam yazılmalı, onların yaşayış yeri göstərilməlidir.
İki və daha artıq ayrıca vərəqdən ibarət olan sənədlər tikilməli, nömrələnməli və möhürlə təsdiq edilməlidir. Əcnəbi vətəndaşlar adından əqdlər təsdiq edilərkən onların vətəndaşlığı da göstərilir.
Xaricdə istifadə üçün nəzərdə tutulub, boş yerlərində xətlər çəkilməsinə yol verilməyən sənədlər istisna edilməklə, sənədlərin axıradək doldurulmamış sətirlərində və digər boş yerlərində xətlər çəkilir.
Əlavə yazılar və düzəlişlər lazımi şəxslərin (əqd iştirakçılarının və əqdi, ərizəni və s. imzalamış digər şəxslərin) imzasından əvvəl şərtləşdirilməli və təsdiq qeydinin sonunda təkrar olunmalıdır, həm də düzəlişlər elə edilməlidir ki, səhvən yazılan və sonra üstündən qələm çəkilən nə varsa, hamısını ilk mətndə oxumaq mümkün olsun.
Sənədin mətnində tərəflərin imzalamadıqları düzəlişlər yalnız təsdiq qeydinin sonunda notarius tərəfindən şərtləşdirilir.
26. Əgər təsdiq olunmalı olan sənəd düzgün ifadə edilməmiş və ya savadsız yazılmışsa, notarius müraciət etmiş şəxsə onu düzəltməyə və ya yenisini tərtib etməyi təklif edir. Müəyyən edilmiş haqq ödənildikdə, əqdlərin və etibarnamələrin layihələri dövlət notariusu tərəfindən tərtib oluna bilər.[33]
Təsdiq edilən və ya verilən sənədlər bir neçə ayrı-ayrı vərəqdə ifadə olunduqda həmin vərəqlər nömrələnməli və qaytanlanmalı, bu barədə müvafiq qeyd yazılmalı, həmin qeyd notarius tərəfindən notariusun imzası və gerbli möhürü ilə təsdiq edilməlidir. Məsələn: "Beş vərəq nömrələnmiş və qaytanlanmışdır. Notariusun imzası və gerbli möhürü".
27. Əqdləri təsdiq edərkən sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü, sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü, sənədlərdəki imzaların həqiqiliyini, sənədlərin təqdim olunması vaxtını və s. təsdiq edərkən notarius həmin sənədlərdə imza edib şəxsi gerbli möhür vurmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi formalar üzrə təsdiq qeydləri aparır.
Təsdiq qeydinin mətni makinada çap edilməli və ya əl ilə aydın şəkildə, pozulmuş sözlərə yol verilmədən yazılmalı, boş yerlərdən xətt çəkilməli, əlavə yazılar və başqa düzəlişlər şərtləşdirilməlidir.
Təsdiq qeydlərini aparmaq üçün müvafiq mətni olan ştamplardan istifadə edilə bilər.
Təsdiq qeydi sənəddə şəxsin imzasından sonra eyni səhifədə və ya sənədin arxa tərəfində, yaxud ayrıca vərəqdə yerləşdirilir. Təsdiq qeydinin ayrıca vərəqdə edildiyi, habelə təsdiq edilən sənədin məzmunu bir neçə vərəqdə ifadə olunduğu hallarda bütün vərəqlər nömrələnməli və qaytanlanmalıdır, bu barədə müvafiq qeyd yazılaraq, notariusun imzası və şəxsi gerbli möhürü ilə təsdiq olunur.
Təsdiq qeydini və ya onun davamını yazmaq üçün kağız vərəqini, gerbli möhür vurulmaqla, yapışdırmağa icazə verilir, möhürün ottiskinin bir hissəsi yapışdırılmış vərəq üzərinə düşməlidir.
Sənədin surətinin düzgünlüyünü təsdiq etmək haqqındakı qeyd üçün kağız vərəqləri əlavə edilməsinə və yapışdırılmasına, habelə sənədin dublikatı üzərində əlavə yazışmalar edilməsinə yol verilmir.
28. Notarius vərəsəlik, mülkiyyət hüququnu, şəxsin sağ olması faktını, şəxsin müəyyən yerdə olması faktını, şəxsin fotoşəkildəki şəxslə eyniliyini, sənədlərin saxlanmaq üçün qəbul edilməsini təsdiq edərkən müvafiq şəhadətnamələr verməlidir.
29. Notariusun apardığı bütün notariat hərəkətləri notariat reyestrində qeyd edilməli və hər bir hərəkətə müstəqil nömrə verilməlidir.
Reyestrlər qaytanla tikilməli, onların vərəqləri nömrələnməlidir. Vərəqlərin sayı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən buna vəkil edilmiş şəxsin imzası ilə təsdiq olunmalıdır. İşçinin imzası müvafiq ədliyyə orqanının möhürü ilə təsdiq edilir.[34]
Notariusların rəsmiləşdirdiyi notariat hərəkətləri reyestrdə qeyd edilir. Notariuslar ayrı-ayrı notariat hərəkətləri üzrə bir neçə reyestr aparırlar və hər bir reyestrin indeksinə notariat hərəkətinin adına uyğun hərf əlavə edirlər:
sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiq edilməsi - "1-S" reyestrinə;
vəsiyyətnamə, vərəsəlik hüququ haqqında şəhadətnamə və mülkiyyət hüququ haqqında şəhadətnamə "2-V" reyestrinə;
daşınmaz əmlakın özgəninkiləşdirilməsindən başqa bütün müqavilələr "3-M" reyestrinə;
daşınmaz əmlakın özgəninkiləşdirilməsi "4-Ə" reyestrinə;
depozit hərəkətləri "5-D" reyestrinə;
sənədlərin leqallaşdırılması "6-L" reyestrinə;
"1-S", "2-V", "3-M", "4-Ə", "5-D" və "6-L" reyestrlərinə qeyd edilən notariat hərəkətləri istisna olunmaqla qalan bütün notariat hərəkətləri "7-E" reyestrinə qeyd edilir.
Reyestrlərə qeyd edilmiş sənədlərdə nömrələr aşağıdakı şəkildə işarə olunur: 1-S-1, 1-S-2, 2-V-1, 2-V-2; 3-M-1, 3-M-2 və s.
Notariat hərəkətlərinin reyestrlə qeydə alınıb nömrələnməsi hər təqvim ilinin əvvəlindən birinci nömrədən başlanır.
Notariat hərəkətləri reyestrə mürəkkəblə (və ya pastalı qələmlə) və yalnız təsdiq qeydi və ya verilən sənədlər notarius tərəfindən imzalandıqdan sonra yazılır. Reyestrdə karandaşla qeyd yazılmasına və sözlərin pozulmasına yol verilmir. Doldurulmamış yerlərdən xətt çəkilməli, edilmiş düzəlişlər isə notariusun imzası ilə şərtləşdirilməlidir.
Hər bir reyestrin indeks nömrəsi il ərzində dəyişdirilmədən saxlanılır.
30. Notariusun notariat hərəkətləri aparılması haqqında tapşırıq vermiş və ya barəsində notariat hərəkətləri aparılmış hüquqi və fiziki şəxslərin yazılı ərizəsinə əsasən, habelə məhkəmənin, istintaq və təhqiqat orqanının qərarı əsasında bu Təlimatın 7-ci bəndində göstərilən qaydada notariat reyestrindən çıxarış verir.[35]
Notariat reyestrindən çıxarışı notarius gerbli möhür vurmaqla təsdiq edir.
31. Əsasında notariat hərəkəti aparılmış sənədlər əqdin, vərəsəlik hüququ haqqında şəhadətnamənin və sairin notariusda saxlanılan nüsxəsinə əlavə olunur.
Sənədlərin əsli (məsələn, doğum, nikah, ölüm haqqında şəhadətnamələr) onları təqdim etmiş şəxslərə qaytarılır, onların surəti isə notariusda saxlanılır. Surətlər əlaqədar şəxslər tərəfindən təqdim olunur və ya onların xahişi ilə notariusun işçisi tərəfindən hazırlanır və tarix göstərilməklə notarius tərəfindən "Əsli ilə düzdür" sözləri yazılır, imzalanır və şəxsi gerbli möhürlə təsdiq edilir. Bu halda surət təsdiqinə görə dövlət rüsumu və haqq alınmır.[36]
Notariat hərəkətləri aparılması üçün müraciət edən şəxslərin, onların nümayəndələrinin və ya idarə, müəssisə və təşkilatlarının nümayəndələrinin şəxsiyyətini təsdiq edən sənədlər surəti saxlanılmadan onları təqdim etmiş şəxslərə qaytarılır, lakin reyestrə sənədin adı, nömrəsi, verilmə tarixi və sənədi vermiş idarənin adı yazılır.
Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə dair müqavilələr təsdiq edilərkən, habelə nəqliyyat vasitələrinə vərəsəlik hüququ və mülkiyyət hüququ haqqında şəhadətnamələr verilərkən onların qeydiyyat şəhadətnamələri (texniki pasportları) notariusda saxlanılmır.[37]
Notariat hərəkətlərini reyestrə qeyd etməklə bərabər, göstərilən sənədlərin olması haqqında əqdin notariusda saxlanılan nüsxəsində, vərəsəlik hüququ və mülkiyyət hüququ haqqında şəhadətnamələrin verilməsinə dair ərizələrdə qeyd edilir və sənədlər onları təqdim etmiş şəxslərə qaytarılır.
32. Notariusun təsdiq etdiyi və ya verdiyi sənəd itirildikdə, notarius verdiyi və ya təsdiq etdiyi sənədlərin nüsxələri dövlət notariat arxivinə təhvil verilənədək notariat hərəkətinin aparılmasını tapşırmış və ya barəsində notariat hərəkətləri aparılmış şəxsin, idarə, müəssisə və təşkilatın yazılı ərizəsinə əsasən itirilmiş sənədin dublikatını verir.
Sənədin dublikatında təsdiq edilmiş və ya verilmiş sənədin tam mətni olmalıdır.
Sənədin dublikatında müəyyən olunmuş forma üzrə təsdiq qeydi aparılır.
Vəsiyyətnamənin dublikatı vəsiyyətnamədə göstərilən vərəsələrə yalnız vəsiyyət edənin ölümü haqqında şəhadətnamə vərəsələr tərəfindən təqdim edildikdən sonra verilə bilər. Vəsiyyətnamədə göstərilmiş vərəsələr öldükdə, vəsiyyətnamənin dublikatı onların vərəsələrinə, onlar vəsiyyət edənin ölümü haqqında şəhadətnamə (əgər əvvəllər bu cür şəhadətnamə təqdim olunmamışsa) və vəfat etmiş vərəsənin ölümü haqqında şəhadətnamə təqdim etdikdə verilə bilər.
33. Notarius notariat hərəkəti apararkən şəxslərin və ya ayrı-ayrı vəzifəli şəxslərin qanunçuluğu pozduqlarını aşkara çıxardıqda, bu barədə lazımi tədbirlərin görülməsi üçün əlaqədar idarəyə, müəssisəyə, təşkilata və ya prokurora xəbər verir.
Əgər təqdim olunmuş sənədin həqiqiliyi şübhə doğurursa, notarius bu sənədi alıb (götürüb) ekspertizaya göndərməlidir.
Sənədi ekspertizaya göndərmək üçün notarius qərar çıxarır, həmin qərarda aşağıdakılar göstərilir:
qərarın çıxarıldığı tarix;
qərarı çıxaran notariusun soyadı, adı, atasının adı, notariat kontorunun adı və ünvanı;
sənədin adı və kimin adına verilmişdir;
sənədi notariusa kim təqdim etmişdir (soyadı, adı, atasının adı və yaşayış yeri);
sənədi ekspertizaya göndərmək zərurətinin səbəbləri;
sənəd ekspertizadan keçirilmək üçün haraya (hansı ekspert idarəsinə) göndərilir;
ekspertizanın həlli üçün qoyulmuş suallar.
33-1. Notariuslar daşınmaz əmlakın alğı-satqısı, pul vəsaitlərinin, qiymətli kağızların, bank və ya qiymətli kağız hesablarının və ya digər əmlakın idarə olunması, habelə hüquqi şəxslərin yaradılması, onların idarə olunması və alğı-satqısı ilə əlaqədar əməliyyatlarla bağlı notariat hərəkətləri aparılarkən əməliyyatın predmeti olan pul vəsaitlərinin və ya digər əmlakın cinayət yolu ilə əldə edilməsi və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallarda, həmçinin bu əməliyyatlar siyahısı maliyyə monitorinqi orqanı tərəfindən müəyyən edilmiş dövlətlərin (ərazilərin) vətəndaşları ilə, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin dövlətdə (ərazidə) olan şəxslərlə, eləcə də göstərilən dövlətlərdə (ərazilərdə) qeydiyyatdan keçmiş bankda hesaba malik olan şəxslərlə və ya siyahısı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən təsdiq edilmiş şəxslərlə həyata keçirildikdə, yaxud xarici dövlətlərin siyasi xadimlərinin pul vəsaitləri və ya digər əmlakla bağlı olduqda, bu barədə məlumatı maliyyə monitorinqi xidmətinə təqdim etməlidir.
Yuxarıda qeyd olunan əməliyyatlarla bağlı notariat hərəkətləri aparılarkən notarius eyniləşdirmə üçün təqdim olunan şəxsiyyəti təsdiq edən sənədin surətini, habelə müvafiq vergi orqanı tərəfindən verilmiş şəhadətnamənin, nümayəndənin səlahiyyətlərini təsdiq edən sənədin, hüquqi şəxsin nizamnaməsinin və dövlət qeydiyyatına alınması haqqında sənədin surətini və əməliyyatın növündən asılı olaraq təqdim olunmuş digər eyniləşdirmə sənədlərinin surətlərini təsdiq edərək saxlayır və:
hüquqi şəxslərin verifikasiyası üçün aşağıdakı tədbirlərdən birini və ya bir neçəsini görür:
hüquqi şəxsin təqdim etdiyi məlumatların hüquqi şəxslərin dövlət reyestrinə daxil edilən məlumatlarla üzləşdirir;
hüquqi şəxsin fəaliyyəti barədə kütləvi informasiya vasitələrindən, internet informasiya ehtiyatlarından və ya rəsmi nəşrlərdən məlumatlar əldə edir;
əldə olunan yeni məlumatların əvvəllər təqdim edilmiş eyniləşdirmə məlumatları ilə üzləşdirir;
fiziki şəxslərinin verifikasiyası üçün isə aşağıdakı tədbirlərdən birini və ya hər ikisini görür:
doğum haqqında şəhadətnamə, pasport, sürücülük vəsiqəsi və ya digər rəsmi sənəd əsasında fiziki şəxsin doğum tarixini təsdiqləyir;
mənzil-kommunal xidməti və ya qeyri-yaşayış sahələrindən istismar haqqı üçün mədaxil qəbzləri, yaxud mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi əsasında fiziki şəxsin yaşayış yeri üzrə qeydiyyatını təsdiqləyir.[38]
Əməliyyatın tərəflərini qanunvericiliklə müəyyənləşdirilmiş qaydada dəqiq eyniləşdirmək mümkün deyilsə və ya müştəri və ya benefisiar barədə eyniləşdirmə məlumatlarının təqdim edilməsindən imtina edilirsə, habelə müştəri və ya benefisiarla bağlı əvvəllər təqdim edilmiş eyniləşdirmə məlumatlarının doğru olmadığı aşkarlandıqda, notariuslar tərəfindən maliyyə monitorinqi orqanına müvafiq məlumat verilir.[39]
34. Notarius təsdiq olunmuş, yaxud verilmiş sənədin mahiyyətini dəyişməyən yalnız aşkar səhvləri və ya aşkar riyazi səhvləri öz təşəbbüsü və ya əlaqədar şəxslərin xahişi ilə düzəldə bilər.
35. Notarius, əgər notariat hərəkətlərinin aparılması qanuna ziddirsə, hərəkət başqa notariat orqanı tərəfindən aparılmalıdırsa, notariat hərəkətinin aparılması üçün fəaliyyət qabiliyyəti olmayan şəxs, yaxud lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etmişsə, hüquqi şəxsin adından bağlanan əqd onun nizamnaməsində və ya əsasnaməsində göstərilən məqsədlərə ziddirsə, qanunun tələblərinə uyğun olmayan əqd bağlanmışsa, sənədlər qanunvericiliyin tələblərinə uyğun gəlmirsə və ya sənədlərdə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən məlumatlar varsa, əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun gəlmirsə, notariat hərəkətlərini aparmaqdan imtina edir.
36. Notarius notariat hərəkətinin aparılmasına rədd cavabı almış şəxsin xahişi ilə üç gün müddətində imtinanın səbəbləri barəsində əsaslandırılmış qərar çıxarmalı və ondan şikayət verilməsi qaydasını izah etməlidir. Aparılmış notariat hərəkətini və ya notariat hərəkətinin aparılmasından imtina edilməsini düzgün saymayan şəxsin bu barədə notariusun yerləşdiyi yerin məhkəməsinə şikayət vermək hüququ vardır. Həmin şikayətə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 342-344-cü maddələri ilə nəzərdə tutulmuş qaydada baxılır.
Notariusun notariat hərəkətlərinin mahiyyətinə aid olmayan hərəkətləri (notariat hərəkətlərinin aparılması müddətlərinin pozulması, müəyyən edilmiş qəbul saatlarına riayət edilməməsi, ədəbsizlik edilməsi və sair) barəsində şikayətlərə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən baxılır.[40]
37. Notariusun qanunsuz hərəkətləri nəticəsində ayrı-ayrı şəxslərə, təşkilata və ya dövlətə maddi ziyan vurularsa, o, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada maddi məsuliyyət daşımalıdır.
Vurulmuş ziyanın məbləği tərəflərin razılığı ilə və ya məhkəmə qaydasında müəyyən edilir.
38. Notariuslar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər.[41]
Notariuslar təsdiq etdikləri əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar.
39. Notarius əqd iştirakçılarının fəaliyyət qabiliyyətini aydınlaşdırarkən əqd iştirakçılarının yaşı göstərilən sənədi tələb edir.
Əqdin iştirakçılarından hər hansı birinin ruhi xəstəliyə və ya ağılı zəifliyi nəticəsində öz hərəkətinin əhəmiyyətini başa düşə və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsini, yaxud spirtli içkilərdən və ya narkotik vasitələrdən, psixotrop maddələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salmasını, yaxud digər israfçılıq hərəkətləri ilə ailəsini dolanacaq xərclərindən məhrum etməsini güman etmək üçün notariusun əsasları vardırsa, şəxsin isə fəaliyyət qabiliyyətinin olmamasına və ya fəaliyyət qabiliyyətinin məhdud olmasına dair məhkəmə qətnaməsi yoxdursa, notarius əqdin təsdiq edilməsini təxirə salır və şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında məhkəmə qətnaməsinin olub-olmadığını aydınlaşdırır.[42]
14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların, habelə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslərin adından əqdləri yalnız onların qanuni nümayəndələri olan valideynləri, övladlığa götürənləri və qəyyumları bağlaya bilər.
14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların əqdləri və məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış şəxslər adından əqdlər yalnız valideynlərinin, övladlığa götürənlərin, himayəçilərin yazılı razılığı ilə təsdiq oluna bilər.[43]
Qəyyumluq və himayə orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdlər, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına icazə verə bilməz.
Əgər valideynlər, qəyyumlar və ya himayəçilər hər-hansı səbəbə görəsə (ezamiyyətdə olmaq, başqa yerdə yaşamaq və s.) əqdi təsdiq etmək üçün razılıq verə bilmirlərsə, əqd qəyyumluq və himayə orqanı nümayəndəsinin iştirakı ilə təsdiq edilə bilər.
40. Əqddə hüquqi şəxslər iştirak edirlərsə, notariuslar əqddə iştirak edən hüquqi şəxslərin hüquq qabiliyyətini yoxlamalıdırlar. Əqddə iştirak edən hüquqi şəxslərin hüquq qabiliyyətini yoxlayarkən notariuslar hüquqi şəxslərin onun nizamnaməsi ilə və ya əsasnaməsi ilə tanış olmağa və aparılan notariat hərəkətlərinin hüquqi şəxsə onun nizamnaməsi və ya əsasnaməsi ilə verilmiş hüquqlara müvafiq olub-olmadığını yoxlamağa borcludurlar.
41. Əqd nümayəndə tərəfindən bağlandıqda, notariuslar onun səlahiyyətini yoxlayırlar. Nümayəndənin səlahiyyəti onun adına verilmiş etibarnamə ilə təsdiq edilir.
Əgər nizamnamə və ya əsasnaməyə görə hüquqi şəxslərin rəhbərlərinə əqd bağlamaq hüququ verilmişsə, notariuslar əqd bağlanması və başqa əməliyyatlar aparılması üçün hüquqi şəxslərin rəhbərlərindən etibarnamə tələb etmirlər. Belə hallarda yalnız onların vəzifəsini təsdiq edən sənəd tələb olunur.
Hüquqi şəxs seçkili kollegial orqan tərəfindən idarə olunursa, vəzifəli şəxslərin seçilməsi və onlar arasında vəzifə bölgüsü haqqında qərar tələb edilir.
42. Əmlakın özgəninkiləşdirilməsi haqqında müqavilənin pozulması barəsində saziş həm müqaviləyə əlavə olunan ayrıca sənəd tərtib etmək yolu ilə, həm də tərəflərin imzaladığı müqavilənin bütün nüsxələrində qeyd yazmaq yolu ilə rəsmiləşdirilə bilər.
Əmlakın özgəninkiləşdirilməsi haqqında müqavilə pozularkən, əgər bu müqavilə müvafiq orqanda hələ qeydə alınmamışsa, notarius tərəflərin ərizəsinə əsasən müqavilənin pozulması haqqında onun bütün nüsxələrində və reyestrdə qeyd edir. Müqavilə müvafiq orqanda qeydə alındıqdan sonra müqavilənin pozulması haqqında tərəflərin sazişi notariat qaydasında təsdiq edilir.
Notarius əmlakın özgəninkiləşdirilməsi haqqında müqavilənin etibarsız hesab edilməsi barəsində məhkəmənin qətnaməsini aldıqda, bu barədə reyestrdə və müqavilənin notariusda saxlanılan nüsxəsində qeyd edir.
Əmlakın özgəninkiləşdirilməsi haqqında pozulan müqavilə bağlanana qədər özgəninkiləşdirəndə olmuş, notariusda saxlanılan hüquq müəyyənedici sənəd (və ya onun dublikatı) əmlakı özgəninkiləşdirənin tələbi ilə ona qaytarılır.
Göstərilən müqavilələr pozularkən bu sənədləri təsdiq etməyə görə əvvəllər tutulmuş dövlət rüsumu və haqq tərəflərə qaytarılmır.[44]
43. Qeydə alınmalı olan əmlakın (yaşayış evi, mənzil və s.) özgəninkiləşdirilməsi haqqında müqavilə, habelə bu cür müqavilənin (müvafiq orqanda qeydə alındıqdan sonra) pozulması haqqında saziş həmin əmlakın qeydə alındığı yerdə qeydiyyat üçün təqdim olunmalıdır, bunu notarius təsdiq qeydində göstərir və tərəflərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinin tələblərini izah edir.[45]
44. Notariat qaydasında təsdiq edilən əqdlərin məzmunu ifadə olunan müqavilələr, vəsiyyətnamələr, etibarnamələr və digər sənədlər azı iki nüsxədə tərtib edilir, bunlardan bir nüsxə notariat kontorunda saxlanılır, digəri isə əqdin iştirakçılarına verilir.
Bütün nüsxələr əqdin iştirakçıları tərəfindən imzalanır. Təsdiq qeydi də bütün nüsxələrdə aparılır.
45. Daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında müqavilə həmin əmlakın yerləşdiyi yerin notariusu tərəfindən təsdiq edilir.
46. Notariuslar daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında müqavilələri notariat qaydasında təsdiq edərkən onların özgəninkiləşdirən və ya girov qoyan şəxsə məxsus olmasını yoxlayırlar.
47. Qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdləri təsdiq edərkən notarius özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında müvafiq reyestrdən çıxarışı tələb edir.[46]
48. Daşınmaz əmlak obyektlərinə sərəncam verilməsi haqqında müqavilələr təsdiq olunarkən, notarius daşınmaz əmlaka sərəncam verənin və ya onun nümayəndəsinin (vəkil edilmiş şəxsin) ərizəsi və daşınmaz əmlak obyektinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edir. [47]
Daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış mülkiyyətçi və ya onun nümayəndəsi tərəfindən təqdim edilir.
Avtonəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və ya girov qoyulmasına dair müqavilələr isə onların Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi tərəfindən müayinədən keçməsi barədə arayış təqdim olunduqdan sonra təsdiq edilir.
Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair məlumat olduqda, əmlaka sərəncam verilməsi haqqında müqavilə yalnız borcun əmlakı əldə edənin adına keçirilməsinə dair kreditorun və əldə edənin razılığı olduqda təsdiq edilir.
49. Yaşayış evinin, mənzilin, bağın, bağ evinin özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq edilərkən notarius özgəninkiləşdirilən yaşayış evində, mənzildə, bağda və bağ evində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb edir və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır.
Ümumi mülkiyyətdə olan əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması barədə müqavilələr təsdiq edilərkən hər bir mülkiyyətçinin razılığı tələb edilir.
Əmlakın özgəninkiləşdirilməsinə və ya girov qoyulmasına razılıq haqqında ərizə yazılı olmalıdır və bu ərizədəki imzanın həqiqiliyi notarius, notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri və Azərbaycan Respublikası konsulluqlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən təsdiq edilməlidir.
Əmlakın özgəninkiləşdirilməsinə və ya girov qoyulmasına razılıq haqqında ərizələrini notariusa şəxsən təqdim edən şəxslərin imzalarının həqiqiliyinin təsdiq edilməsi tələb olunmur. Bu halda notarius razılıq vermiş şəxslərin şəxsiyyətini müəyyən edir və onların imzalarının həqiqiliyini yoxlayır, bu barədə ərizələrdə qeyd edir və onların şəxsiyyətini təsdiq edən sənədin adını, nömrəsini, verildiyi tarixi və sənədi vermiş idarənin adını göstərir.
Ərizələrdə razılıq verən şəxsin əmlakın konkret kimə (şəxsin soyadı, adı, atasının adı, təşkilatın adı) satılmasına, bağışlanmasına, dəyişdirilməsinə və ya girov qoyulmasına razı olduğu göstərilmişsə, yaxud qiymət və digər şərtlər göstərilmişsə, notarius özgəninkiləşdirmə və ya girov müqaviləsini təsdiq edərkən ərizələrdə göstərilmiş şərtlərə riayət olunub-olunmadığını yoxlamalıdır.
Nikah müqaviləsində başqa qayda nəzərdə tutulmayıbsa, nikahın qeydə alınmasından sonra əldə edilən və ər-arvadın ümumi (birgə) mülkiyyət olan əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər o zaman təsdiq oluna bilər ki, əmlakın özgəninkiləşdirilməsinə və ya girov qoyulmasına ər-arvadın digərinin harada daimi qeydiyyatda olmasından asılı olmayaraq yazılı razılığı olsun.
Əmlakı özgəninkiləşdirən və ya girov qoyan şəxs onun ərinin (arvadının) olmaması (subay, dul olması) haqqında ərizə təqdim edərsə, notarius bunu əqdin digər iştirakçısının nəzərinə çatdırır, o isə ərizədə imza etməklə, həmin halın ona məlum olduğunu təsdiq edir. Göstərilən ərizə əmlakı özgəninkiləşdirən və ya girov qoyan şəxsin özü tərəfindən, əqd nümayəndə vasitəsilə bağlandıqda isə nümayəndə tərəfindən verilməlidir.
Əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdləri təsdiq edərkən, notarius bu əmlak üzərində mülkiyyət hüququnun nə vaxt yaranmasını yoxlayır. Əgər özgəninkiləşdirilən və ya girov qoyulan əmlakın mülkiyyətçisi bu əmlakı nikaha daxil olmadan, habelə nikah müddətində hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər təmənnasız əqdlər üzrə əldə etmişsə, bu əmlakın özgəninkiləşdirilməsinə və ya girov qoyulmasına ərin (arvadın) razılığı tələb edilmir.
Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər.
Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər.
Paylar məlum olan ümumi mülkiyyətin iştirakçılarından biri ona məxsus olan payı kənar şəxsə satdığı hallarda, notarius satanın xahişi ilə onun ərizəsini satılan əmlakın qiyməti və digər şərtləri göstərməklə paylar məlum olan ümumi mülkiyyət iştirakçılarına göndərə bilər.
Paylar məlum olan ümumi mülkiyyətin qalan iştirakçıları satın almaqda üstünlük hüququnu həyata keçirməkdən imtina edərlərsə və ya satma niyyəti və satış şərtləri haqqında xəbərdar edildikləri gündən daşınmaz əmlak üçün 45 gün ərzində, daşınar əmlak üçün isə 15 gün ərzində həmin hüququ həyata keçirməzlərsə, notarius payın kənar şəxsə satışına dair alqı-satqı müqaviləsini təsdiq edir.
Əmlakda ki, payın kənar şəxsə satışına dair alqı-satqı müqaviləsi, həmçinin o halda təsdiq edilə bilər ki, paylar məlum olan ümumi mülkiyyətin digər iştirakçıları əmlakın olduğu yerdə yaşamasınlar və onların ünvanı məlum olmasın. Bunu təsdiq etmək üçün ünvan stolunun müvafiq arayışı təqdim edilməlidir.
Ümumi paylı mülkiyyətin iştirakçılarının hər biri öz paylarını digər mülkiyyətçilərin razılığı olmadan ipoteka qoya bilər.
Ümumi paylı mülkiyyətdə olan ipoteka predmetinə məhkəməyə müraciət edilmədən tutmanın yönəldilməsi barədə ipoteka saxlayanla bütün mülkiyyətçilər notariat qaydasında təsdiqlənmiş razılaşma bağlaya bilərlər.[48]
50. Satılmış əmlak üçün alınan məbləği yetkinlik yaşına çatmamışların və ya fəaliyyət qabiliyyəti olmayan digər şəxslərin adına bank əmanətinə qoyulması qəyyumluq və himayə orqanı tərəfindən valideynlərə, qəyyumlara və ya himayəçilərə tapşırılarsa, notarius həmin tələbin yerinə yetirilməsini yoxlaması və bunu müqavilənin mətnində göstərməlidir.
51. Yaşayış evinin, bağın, bağ evinin özgəninkiləşdirilməsi haqqında əqdlər təsdiq edilərkən yaşayış evinin, bağın, bağ evinin yerləşdiyi torpaq sahəsinin xüsusi mülkiyyətdə olduğu müəyyən edilərsə və tərəflərin torpağı da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 245-ci maddəsində qeyd olunan hallarda tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqların binanı (qurğunu) əldə edənə keçməsi barədə müddəalar bu əqddə öz əksini tapmalıdır. Əgər torpaq xüsusi mülkiyyәtdә deyilsə, o zaman notarius tərəflərə izah etməlidir ki, torpaqdan yalnız istifadə (icarə) hüquqi digər tərəfə keçir.[49]
Eyni zamanda izah edilməlidir ki, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq torpaq yalnız Azərbaycan Respublikasının fiziki və hüquqi şəxslərinin xüsusi mülkiyyətində ola bilər.
52. Daşınmaz əmlakın müəyyən hissəsinin özgəninkiləşdirilməsi haqqında əqdlər təsdiq edilərkən müqavilənin mətnində tərəflərin arzusu ilə həm əmlakın konkret hissələri, həm riyazi paylar (1/2; 1/3 və sairə), həmçinin konkret hissələr göstərilə bilər.
Paylar məlum olan ümumi mülkiyyətin iştirakçılarından biri tərəfindən daşınmaz əmlakda ona məxsus payın özgəninkiləşdirilməsi haqqında müqavilədə daşınmaz əmlakın konkret hissələrindən istifadə qaydası yalnız o zaman göstərilə bilər ki, daşınmaz əmlakdan istifadə qaydası haqqında paylar məlum olan ümumi mülkiyyət iştirakçıları arasında müvafiq saziş olsun və ya buna onların yazılı razılığı olsun, yaxud da daşınmaz əmlakın konkret hissələrindən istifadə qaydası haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olsun.
Daşınmaz əmlakın konkret hissələri (mənzillər, otaqlar, mərtəbələr və s.) göstərilməklə ümumi daşınmaz əmlakdan istifadə qaydası haqqında paylar məlum olan ümumi mülkiyyət iştirakçıları arasında saziş müstəqil sənəd tərtib etmək yolu ilə rəsmiləşdirilə bilər.
Bu cür sazişlər təsdiq olunarkən daşınmaz əmlakın hüquq müəyyənedici sənədi və texniki pasportu tələb edilir.
53. Notarius daşınmaz əmlaka ümumi mülkiyyətdə payın özgəninkiləşdirilməsi haqqında müqaviləni təsdiq edərkən payı əldə edənə izah edir ki, iştirakçıların paylarına müvafiq surətdə daşınmaz əmlakın ayrı-ayrı hissələrindən istifadə etmək qaydası haqqında bu daşınmaz əmlakda paylar məlum olan ümumi mülkiyyət iştirakçıları arasında əvvəllər bağlanmış saziş notariat qaydasında təsdiq olunmuş və müvafiq dövlət orqanında qeydə alınmışsa, bu saziş həmin daşınmaz əmlaka ümumi mülkiyyətin bir hissəsini əldə edən şəxs üçün də məcburidir.
54. Daşınmaz əmlak üçün hüquq müəyyənedici sənəddə payların miqdarı göstərilməmişsə və ya qeyri-düzgün göstərilmişsə, payların miqdarının müəyyən edilməsi, yaxud payların miqdarının dəyişdirilməsi haqqında saziş həm müstəqil sənəd tərtib etmək yolu ilə, həm də hüquq müəyyənedici sənəddə qeyd yazmaq yolu ilə rəsmiləşdirilə bilər.[50]
Paylar məlum olan ümumi mülkiyyətin iştirakçısı öldükdə, payların miqdarının dəyişdirilməsi haqqında saziş onun mirası qəbul etmiş vərəsələrinin iştirakı ilə təsdiq edə bilər.
Daşınmaz əmlakı üçün məlum olan ümumi mülkiyyətin iştirakçılarından hər birinə məxsus olan payın miqdarının müəyyən edilməsi, eləcə də payların miqdarının dəyişdirilməsi haqqında saziş təsdiq edilərkən təsdiq qeydində göstərilir ki, bu saziş dövlət reyestrində qeydə alınmalıdır.
Payların miqdarının müəyyən edilməsi və ya dəyişdirilməsi haqqında saziş hüquq müəyyənedici sənədə (sənədlərə) əlavə olunur.
(Çıxarılıb)[51]
Tikintisi başa çatdırılmamış daşınmaz əmlakın özgəninkiləşdirilməsi haqqında müqavilə təsdiq edilərkən, zəruri sənədlərlə yanaşı müvafiq icra hakimiyyəti orqanından tikintisi başa çatdırılmamış daşınmaz əmlakın dəyəri haqqında və özgəninkiləşdirməyə qadağanın və həbsin olmadığı barədə arayış tələb edilir.
56. Tarix və mədəniyyət abidələrinin özgəninkiləşdirilməsinə və ya girov qoyulmasına dair müqavilələrin təsdiqi zamanı müvafiq mədəniyyət orqanlarının bu barədə razılığı olmalıdır.
57. Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər.
58. Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsi ilə tərtibinə yol verilmir.
59. Notariuslar fəaliyyət qabiliyyəti olan ayrı-ayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən notariusa təqdim etdikləri vəsiyyətnamələri təsdiq edirlər.
60. Vəsiyyətdə bir miras qoyanın sərəncamı olmalıdır. Vəsiyyətin iki və ya daha çox şəxs tərəfindən birgə tərtibinə yol verilmir. Yalnız ərlə arvad qarşılıqlı vərəsəlik haqqında birgə vəsiyyətnamə tərtib edə bilərlər. Bu vəsiyyət ərin və ya arvadın tələbi ilə, lakin onların hər ikisinin sağlığında edilə bilər.
Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır.
Yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığı alan (leqatari) vəsiyyətin şahidləri ola bilməzlər.
Xeyrinə əmlakın vəsiyyət olunduğu şəxs vəsiyyətnamə təsdiq olunarkən iştirak edə bilməz və vəsiyyətnaməni vəsiyyət edənin əvəzinə imzalaya bilməz.
Notarius da vəsiyyətnaməni vəsiyyət edənin əvəzinə imzalaya bilməz.
61. Vəsiyyət edənin arzusu ilə şahidlər vəsiyyətnaməni onun məzmunu ilə tanış olmadan (qapalı vəsiyyət) təsdiqləməlidirlər. Bu halda şahidlər vəsiyyətnamənin tərtibi zamanı vəsiyyət edənin yanında olmalıdırlar.
Qapalı vəsiyyətnaməni təsdiqləyərkən şahidlər vəsiyyətnamənin vəsiyyət edən tərəfindən onların yanında tərtib edildiyini, lakin vəsiyyətnamənin məzmununu bilmədiklərini göstərməlidirlər.
62. Əgər vəsiyyətnamə vəsiyyət edənin sözlərinə əsasən notarius tərəfindən tərtib olunursa, vəsiyyətnamədə vəsiyyət edəndən başqa, iki şahidin imza etməsinə yol verilir. Bu halda notarius ilk növbədə hər iki şahidin imzalarının həqiqiliyini, sonra isə vəsiyyətnaməni təsdiq etməlidir.
63. Vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər.
Vəsiyyət edən öz əli ilə yazdığı və imzaladığı vəsiyyətnaməni zərfə qoyub bağlayaraq üç şəxsin yanında notariusa verə bilər. Həmin şəxslərin orada olması onların zərfin üzərində notariat qaydasında (formasında) təsdiq edilmiş imzaları ilə müəyyən olunur. [52]
Bu növ vəsiyyətnamənin saxlanması onun notariusda rəsmən depozitə qoyulması ilə təmin edilməlidir.
64. Vəsiyyətnamə, tərtib edildiyi yer və vaxt göstərilməklə, yazılı şəkildə tərtib edilməli və vəsiyyət edən tərəfindən şəxsən imzalanmalıdır.
Vəsiyyətnamə təsdiq olunan tarix və saat dəqiq göstərilməlidir. Vəsiyyətnamənin mətnində qeyd-şərtə və qaralamaya yol verilməməlidir.
Vəsiyyət edən fiziki qüsurlarına, xəstəliyinə və ya başqa səbəblərə görə vəsiyyətnaməni şəxsən imzalaya bilmirsə, vəsiyyətnaməni onun xahişi və iştirakı ilə digər şəxs imzalaya bilər. Bu zaman təsdiq qeydində vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir.
65. Əgər vəsiyyət edən şəxs lal-kardırsa və ya lal-kar və savadsızdırsa, vəsiyyətnaməni o, notariusda və iki şahidin və işin məğzini ona izah edə bilər və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin idarəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən bir nəfər şəxsin yanında tərtib etməlidir.
Kor və ya savadsız olan vəsiyyət edən vəsiyyətnaməni notariusda üç şahidin yanında tərtib etməlidir. Bu barədə müvafiq qeyd yazılır və ona oxunur.
savadsız olan vəsiyyət edən vəsiyyətnaməni notariusda üç şahidin yanında tərtib etməlidir. Bu barədə müvafiq qeyd yazılır və ona oxunur.
Notarius lal-kar və ya lal-kar-kor və savadsız şəxsin vəsiyyətnaməsini dörd şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyən bir şəxsin yanında tərtib etməlidir. Vəsiyyətnaməni şahidlər yaza və oxuya bilərlər, lakin vəsiyyətnaməni onu yazan oxumamalıdır. Bu barədə vəsiyyətnamədə qeyd edilir. Qeyddə vəsiyyətnamənin kim tərəfindən yazıldığı və kim tərəfindən oxunduğu göstərilməlidir. Qeyd şahidlər tərəfindən imzalanır və notarius tərəfindən təsdiq edilir.
66. Vəsiyyətin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyəti iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyət onların yanında texniki vasitədən istifadə etməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyəti imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətdə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsi ilə vəsiyyəti təsdiqləməlidirlər.
67. Notarius vəsiyyətnamənin təsdiqi barədə xahişlə müraciət edən şəxsi qanun üzrə vərəsələrin Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə müəyyən olunmuş dairəsi ilə tanış etməli və vəsiyyət edənə onun aşağıdakı hüquqlarını izah etməlidir, o cümlədən:
bütün əmlakını və ya onun bir hissəsini qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə şəxsə, dövlətə və ya ayrı-ayrı təşkilata vəsiyyət üzrə bilər, vəsiyyətnamədə qanun üzrə vərəsələrin birini, bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər;
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir;
vəsiyyət edən vəsiyyətnamədə təyin edilmiş vərəsələrin mirasdan paylarını müəyyənləşdirə bilər və ya hansı əmlakın verildiyini konkret göstərə bilər;
vəsiyyət bir neçə şəxsin xeyrinə edildikdə vəsiyyət edən vəsiyyətnamədə mirasdan onların hər birinə düşən payı göstərə bilər;
istənilən vaxt bu barədə ərizə verməklə və ya yeni vəsiyyətnamə tərtib etmək yolu ilə qoyulmuş vəsiyyətnaməni dəyişə və ya ləğv edə bilər. Vəsiyyət edən həmçinin həmin Qaydanın 39-cu bəndinə uyğun olaraq vəsiyyətnamənin saxlanılmaq üçün göndərildiyi dövlət notariat kontoruna və ya dövlət notariat arxivinə ərizə vermək yolu ilə də vəsiyyətnaməni ləğv edə bilər və sair.
68. Vəsiyyət edən vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxt bu əmlak onun mülkiyyətində olsun.
69. Vəsiyyət edən özünün təyin etdiyi vərəsənin miras açılanadək ölməsi və ya mirası qəbul etməməsi, yaxud vərəsəlik hüququnda məhrum edilməsi halı üçün vəsiyyətnamədə başqa vərəsənin (ehtiyat vərəsənin) adını göstərə bilər.
70. Vəsiyyət edən miras hesabına hər hansı öhdəliyin bir və ya bir neçə şəxsin xeyrinə icra olunmasını vəsiyyətnamə ilə vərəsəyə həvalə edə bilər (vəsiyyət tapşırığı).
Vəsiyyət sərəncamlarının dəqiq icrası məqsədi ilə vəsiyyət edən vəsiyyətnamə ilə həm vəsiyyət üzrə vərəsələr sırasından vəsiyyətnamənin bir və ya bir neçə icraçısını, həm də vərəsə olmayan başqa şəxsi təyin edə bilər. Başqa şəxsin təyin edildiyi halda vəsiyyətnamə icraçısının razılığı zəruridir. Bu razılığı o, vəsiyyətnamənin özündə və ya vəsiyyətnaməyə qoşulmuş ərizədə yazmaqla ifadə etməlidir.
71. Vəsiyyətnamə təsdiq olunarkən vəsiyyət edəndən vəsiyyət etdiyi əmlak üzərində mülkiyyət hüququnu, eləcə də onun xeyrinə vəsiyyət olunan şəxslə qohumluq əlaqəsini təsdiq edən sənəd tələb olunmur. Vəsiyyətnamə kənar şəxsin xeyrinə də təsdiq oluna bilər.
Əgər vəsiyyət edən özəlləşdirilmiş mənzili vəsiyyət edirsə, o zaman notarius bu mənzildə qeydiyyatda olan ailə üzvləri haqqında arayış tələb edir və mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin yazılı razılığını tələb edir.
Notariuslar təsdiq elədikləri vəsiyyətnamələrin uçotunun əlifba kitabını aparmalıdır.
72. Vəsiyyət edən vəsiyyətnaməni aşağıdakı üsullarla həmişə dəyişdirə və ya ləğv edə bilər:
əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə;
notariusa ərizə verməklə;
vəsiyyətnamənin bütün nüsxələrinin vəsiyyət edən tərəfindən və ya onun sərəncamı ilə notarius tərəfindən məhv edilməsi ilə.
73. Sonradan tərtib edilmiş vəsiyyətnamə ilə ləğv edilən vəsiyyətnamə sonradan tərtib edilmiş vəsiyyətnamənin ərizə vermək yolu ilə ləğv edildiyi halda da bərpa oluna bilməz.
74. Notarius vəsiyyətnamənin ləğv olunması və ya dəyişdirilməsi haqqında ərizə aldıqda, eləcə də əvvəlki vəsiyyətnaməni ləğv edən və ya dəyişdirən yeni vəsiyyətnamə aldıqda, vəsiyyətnamənin notariusda saxlanılan nüsxəsində və notariat hərəkətlərinin qeydiyyatı reyestrində bu barədə qeyd edir. Əgər vəsiyyət edən vəsiyyətnamənin onda olan nüsxəsini təqdim edərsə, vəsiyyətnamənin ləğvi haqqında qeyd bu nüsxədə də edilir. Bundan sonra həmin nüsxə ərizə ilə birlikdə (əgər vəsiyyətnamə ərizə ilə ləğv olunmuşsa) notariusda saxlanılan nüsxəyə əlavə edilir.
Vəsiyyətnamənin dəyişdirilməsi, ləğv və ya məhv edilməsi haqqında ərizədə olan imzanın həqiqiliyi mütləq notariat qaydasında təsdiq olunmalıdır.
Notarius vəsiyyətnaməni təsdiq edərkən əvvəllər vəsiyyətnamə təsdiq edildiyi ona məlum olarsa, aparılmış notariat hərəkəti barədə əvvəllər tərtib olunmuş vəsiyyətnamə nüsxəsinin saxlanıldığı dövlət notariat arxivinə, notariusa və ya rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndələrinə bildiriş göndərməlidir. [53]
Notarius dəyişdirilmiş, ləğv və ya məhv edilmiş vəsiyyətnamə barəsində reyestrdə və vəsiyyətnamələrin uçotunun əlifba kitabında qeyd etməlidir.
75. Notarius bir və ya bir neçə şəxs adından bir və ya bir neçə şəxsin adına verilən etibarnaməni təsdiq edə bilər.
Etibarnamə istənilən (nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə istisna olmaqla) müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o, verildiyi gündən bir il ərzində qüvvəsini saxlayır. Verildiyi tarix göstərilməyən etibarnamə etibarsızdır. Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz.[54]
Xaricdə hərəkətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulan və qüvvədə olma müddəti göstərilməyən etibarnamə notarius tərəfindən təsdiqləndikdə, etibarnaməni vermiş şəxs tərəfindən ləğv edilənədək qüvvəsini saxlayır.
Etibarnamənin mətnində onun tərtib edildiyi (imzalandığı) yer və vaxt, nümayəndənin və ya təmsil olunanın soyadı, adı, atasının adı (hüquqi şəxsin tam adı) və yaşayış yeri (hüququ şəxsin olduğu yer), lazımi hallarda isə vəzifəsi göstərilməlidir. Vəkillərin adına etibarnamələrdə vəkillərin iş yeri (hüquq məsləhətxanası) göstərilir.
Etibarnamənin qüvvədə olma müddəti sözlə yazılır.
76. Əgər əmlakın müəyyən müddətdə özgəninkiləşdirilməsinə qadağan qoyulmuşsa, həmin müddət başa çatmamış bu əmlakın özgəninkiləşdirilməsi üçün etibarnamə təsdiq edə bilməz.
77. Nəqliyyat vasitələrindən müvəqqəti əvəzsiz istifadə edilməsi üçün verilən etibarnamələr təsdiq edilərkən etibar edilən şəxsin sürücülük vəsiqəsinin surəti etibarnamənin notariusda saxlanılan nüsxəsinə əlavə edilir və ya sürücülük vəsiqəsi haqqında məlumatlar (nömrəsi, verildiyi tarix, onu vermiş orqanın adı, dərəcəsi, qüvvədə olma müddəti) həmin nüsxədə qeyd edilir.
Etibarnamənin müddəti sürücülük vəsiqəsinin qüvvədə olma müddətindən artıq ola bilməz. Notarius həmçinin etibar edilən şəxsin sürücülük vəsiqəsi əsasında etibar edilmiş nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq dərəcəyə malik olub-olmamasını yoxlamalıdır.
Əgər etibar edilən yol hərəkəti qaydalarını pozduğuna görə onun sürücülük vəsiqəsi alınaraq əvəzinə müvəqqəti icazə vərəqəsi verilmişsə, nəqliyyat vasitəsindən istifadə edilməsi üçün verilən etibarnamənin müddəti müvəqqəti icazə vərəqəsinin qüvvədə olduğu müddətdən artıq ola bilməz.
78. Əgər nəqliyyat vasitələrinə MDB dövlətlərində və ya digər xarici dövlətlərdə hüquq müəyyənedici sənəd (texniki pasport, qeydiyyat şəhadətnaməsi və ya vəsiqəsi) verilmişsə, həmin nəqliyyat vasitələrinə yalnız nəqliyyat vasitəsindən istifadə edilməsi üçün etibarnamə verilə bilər, bir şərtlə ki, nəqliyyat vasitəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsində müvəqqəti qeydiyyata götürülsün.
Əgər nəqliyyat vasitəçinin hüquq müəyyənedici sənədi müəyyən müddətə verilmişsə, həmin nəqliyyat vasitəsinə etibarnamə bu müddətdən artıq müddətə verilə bilməz.
79. Etibar edilmişi başqasına etibaretmə qaydasında verilən etibarnamə etibar edilmişi başqasına etibaretmə hüququ şərtləşdirilmiş əsas etibarnamə təqdim olunduqda və ya əsas etibarnamə üzrə nümayəndə etibarnamə verən şəxsin mənafeyinin mühafizəsi üçün buna məcbur olduğunu təsdiq edən sübutlar təqdim etdikdə notariat qaydasında təsdiq edilir.
Etibar edilmiş başqasına etibaretmə qaydasında verilmiş etibarnamə əsas etibarnamə üzrə verildiyindən artıq hüquqlar etibar etməməlidir. Etibar edilmişi başqasına etibarnamə qaydasında verilmiş etibarnamənin qüvvədə olma müddəti onun verilməsi üçün əsas götürülmüş etibarnamənin qüvvədə olma müddətindən artıq ola bilməz.
Etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamədə əsas etibarnamənin təsdiq olunduğu vaxt və yer, əsas etibarnamənin verildiyi şəxsin və onun öz səlahiyyətini etibar etdiyi şəxsin soyadı, adı, atasının adı və yaşadığı yer, lazımi hallarda isə onların vəzifəsi göstərilməlidir.
Əsas etibarnamədə etibar edilmişi başqasına etibaretmə haqqında qeyd yazılır. Əsas etibarnamənin surəti etibarnamənin notariat kontorunda saxlanılan nüsxəsinə əlavə olunur.
Səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur.
80. Mirasın qəbul edilməsinə qədər mirasın açıldığı yerdəki notarius və ya rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndələri zərurət olarsa, mirasın qorunması məqsədi ilə tədbirlər görür. Həmin qayda vərəsənin məlum olmadığı və ya onun mirası qəbul edib-etməməsinin bilinmədiyi halda da şamil edilir.[56]
81. Miras qoyanın əmlakı və ya əmlakın bir hissəsi vərəsəliyin açıldığı yerdən kənardadırsa, vərəsəliyin açıldığı yerdəki notarius əmlakın qorunması üçün tədbirlər görülməsi haqqında miras əmlakın olduğu yerdəki notariusa və ya rayon, şəhər, şəhər rayonu İcra Hakimiyyətinin nümayəndələrinə tapşırıq göndərir.
Miras əmlakın qorunması üçün tədbirlər görmüş notarius və rayon, şəhər, şəhər rayonu İcra Hakimiyyətinin nümayəndələri göstərilən tədbirlərin görüldüyü haqqında vərəsəliyin açıldığı yerdəki notariusa məlumat verirlər.
Habelə, əmlakın yerləşdiyi yerdəki notarius mirasın açıldığı yerdəki notariusa xəbər verməklə, mirasın qorunması üçün tədbirlər görə bilər.[57]
//çıxarılıb//[58]
82. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır.
Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır.
Müddətli xidmətdə olan hərbi qulluqçuların, habelə daimi yaşayış yerindən kənarda yerləşən təhsil müəssisələrində təhsil alan tələblərin ölümündən sonra vərəsəliyin açıldığı yer onların müddətli hərbi xidmətə çağırılanadək və ya müvafiq məktəbə daxil olanadək daimi yaşadıqları yer hesab edilir.
83. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir.
Notarius həmçinin kütləvi elan verilməsi və mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər.
84. Notarius mirasın qorunması üçün mirası siyahıya alır və bu fəsildə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün əmlak idarəçisini təyin edir.[59]
85. Notarius əmlak idarəçisini miras əmlakı israf etməyə, özgəninkiləşdirməyə, gizlətməyə və dəyişdirməyə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyəti və vurulan zərər üçün maddi məsuliyyət haqqında xəbərdarlıq edir, bu barədə onlardan iltizam alır. İltizam miras əmlakın siyahıyaalma aktında ifadə oluna bilər.[60]
86. Miras əmlak, //çıxarılıb// əmlak idarəçisinin, vəsiyyətnamənin icraçısının və azı iki şahidinin iştirakı ilə siyahıya alınır. [61]
Siyahıyaalma aktında miras əmlakın qorunması üçün tədbirlər görülməsi haqqında ərizənin (məlumatın) daxil olduğu tarix, siyahıyaalmanın aparıldığı tarix, siyahıyaalmada iştirak edən şəxslərin soyadı, adı, atasının adı və ünvanı, miras qoyanın soyadı, adı, atasının adı, onun öldüyü tarix və siyahıya alınan əmlakın olduğu yer, notarius gələnədək mənzilin (binanın) möhürlənib-möhürlənmədiyi, əgər möhürlənmişsə-kim tərəfindən möhürləndiyi, plomb və ya möhürün qırılıb-qırılmadığı, əşyaların hər birinin qiyməti və köhnəlmə faizi göstərilməlidir. Siyahıya alınmış əşyalar pərakəndə qiymətlər üzrə (köhnəlməsi nəzərə alınmaqla) pərakəndə qiymətləri olmayan əşyalar isə səriştəli şəxslərin rəyinə əsasən qiymətləndirilir. Daşınmaz əmlak və nəqliyyat vasitələri bazar qiymətləri üzrə və ya inventarizasiya qiyməti üzrə qiymətləndirilir.[62]
Torpaq sahələri bazar qiymətləri ilə, lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Torpaqların yeni normativ qiymətlərinin müəyyən edilməsi haqqında" qərarı ilə müəyyən olunmuş qiymətdən aşağı olmamaq şərti ilə qiymətləndirilir.
Müəssisələrin qiyməti onların son balans qiymətindən aşağı olmamaqla qiymətləndirilir.
Vərəsələr qoyulmuş qiymətlə razılaşmadıqda, qiymətləndirici dəvət edə bilərlər. Qiymətləndiricinin əməyinin haqqını vərəsələr ödəyirlər.
Aktın hər bir səhifəsində əşyaların (əmlakın) miqdarına və dəyərinə, siyahıyaalma başa çatdıqdan sonra isə onların ümumi miqdarına və dəyərinə yekun vurulur.[63]
Siyahıyaalma aktına ölənin mənzilindəki (binasındakı) bütün əmlak daxil edilir. Ayrı-ayrı əşyaların onlara məxsus olması haqqında qonşuların və digər şəxslərin məlumatı siyahıyaalma aktına daxil edilir, əlaqədar şəxslərə isə həmin əmlakın siyahıdan çıxarılması haqqında iddia ilə məhkəməyə müraciət etmək qaydası izah olunur.[64]
Əmlakın siyahıya alınması dayandırılarsa və ya bir neçə gün çəkərsə, hər dəfə mənzil (bina) notarius tərəfindən möhürlənir. Siyahıyaalmanın dayandırılması və davam etdirilməsi səbəbləri və vaxtı haqqında, habelə sonralar mənzili (binanı) açarkən plombun və ya möhürün vəziyyəti barədə siyahıyaalma aktında qeyd yazılır.
Aktın sonunda əmlak idarəçisinin soyadı, adı, atasının adı, anadan olduğu il, onun şəxsiyyətini təsdiq edən sənədin adı, nömrəsi, verilmə tarixi, sənədi vermiş idarənin adı, əmlak idarəçisinin yaşadığı yer göstərilir.[65]
Siyahıyaalma aktı azı 3 nüsxədə tərtib olunur ki, bunlardan da biri əmlak idarəçisinə (vəsiyyətnamə icraçısına) verilir, digəri vərəsəliyin açıldığı yer üzrə notariusa göndərilir, üçüncüsü isə aktı tərtib etmiş notariusda saxlanılır.[66]
Siyahıyaalma aktı notarius, əlaqədar şəxslər, hal şahidləri və əmlak idarəçisi və ya vəsiyyətnamə icraçısı tərəfindən imzalanır.[67]
87. Miras əmlakın qorunması üçün tədbirlər görülməsi mümkün deyildirsə (//çıxarılıb// miras qoyanla birgə yaşayan //çıxarılıb// şəxslər əmlakın siyahıya alınmasına etiraz edirlərsə, əmlakı siyahıya almaq üçün vermirlərsə, yaxud əmlak başqa yerə aparılmışsa və sairə) notarius akt tərtib edir və bu barədə əlaqədar şəxslərə, zəruri hallarda isə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə, maliyyə orqanlarına və ya prokurora məlumat verir.[68]
Mirasın qorunması üçün nəzərdə tutulmuş tədbirlərlə bağlı xərclər mirasın passivinə aid edilir.[69]
(Çıxarılıb)[70]
88. Vərəsələr mirası qəbul edənədək, miras qəbul edilmədikdə isə dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək, notarius miras əmlakın tərkibindəki pul məbləğindən aşağıdakı xərclərin ödənilməsi haqqında sərəncam verir:
1) miras qoyanın xəstəliyi dövründə ona qulluq etməkdən ötrü sərf edilmiş, habelə miras qoyanın dəfnindən ötrü xərcləri ödəmək üçün;
2) miras qoyanın himayəsində olan şəxslərin saxlanılması üçün;
3) əmək qanunvericiliyindən irəli gələn və bunlara bərabər tutulan digər tələblərin ödənilməsi üçün;
4) miras əmlakın qorunması və idarə olunması, eləcə də mirasın açılması barədə vərəsələrə məlumat verilməsi üzrə xərclər üçün.[71]
Miras əmlakın tərkibində pul məbləği olmadıqda notarius bu bəndin birinci hissəsində göstərilən ehtiyacların ödənilməsinə sərf olunmuş faktiki xərclərin məbləğini aşmamaq şərti ilə miras əmlakdan şeylərin verilməsi barədə sərəncam verir.
89. Ölənin pul məbləği vərəsələrə verilənədək və ya miras əmlak vərəsəlik hüququ üzrə dövlətə keçdikdə dövlət mədaxilinə keçirilənədək bank idarəsində notariat kontorunun depozit hesabına təhvil verilir.
Sikkə, külçə şəklində və xam halında qızıl, gümüş, platin və platin qrupundan olan metallar (palladium, osmium, rodium, rutenium) xarici valyuta və xarici valyuta ilə yazılmış tədiyə sənədləri, emissiya və qeyri emissiya qiymətli kağızları (orderlər, veksellər, çeklər, istiqrazlar, səhmlər, əmtəə kağızları və sair), qiymətli materialdan, qiymətli daşlardan və mirvaridən hazırlanmış məlumat, habelə qiymətli daşlar və mirvari vərəsələrə verilənədək və ya miras əmlak vərəsəlik hüququ üzrə dövlətə keçdikdə dövlət mədaxilinə keçirilənədək saxlanılmaq üçün banka verilir.[72]
Minimum əmək haqqının 20 mislindən az məbləğdə olan qiymətli şeylər saxlanılmaq üçün miras əmlakın təyin olunmuş əmlak idarəçisinə verilir.
Notariusda sərvətlərin uçotu kitabı aparılır və burada yuxarıda göstərilən sərvətlər qeydə alınır.
Ölənin əmlakı tərkibində silah, o cümlədən ov tüfəngi olduqda, xüsusi siyahı üzrə polis orqanlarına saxlanılmaq üçün təhvil verilir.
Siyahıya alınmalı əmlakın tərkibində qiymətli əlyazmaları, ədəbi əsərlər, tarixi və ya elmi əhəmiyyəti olan məktublar olduqda, bu sənədlər ayrıca qorunması üçün əmlak idarəçisinə (vəsiyyətnamə icraçısına) verilir.[73]
90. Miras əmlakın qorunması miras qəbul edilənədək, miras //çıxarılıb// qəbul edilmədikdə isə qanunla mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətlər bitənədək davam edir.[74]
(Çıxarılıb)[75]
92. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
93. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
94. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir.
95. Mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir.
Vəsiyyət edən öldükdən sonra notarius gün təyin edərək maraqlı şəxsləri vəsiyyətnamənin məzmunu ilə tanış edir. Notarius bu barədə müvafiq protokol tərtib etməlidir. Əgər vəsiyyətnamənin qoyulduğu zərf möhürlənmişdirsə, möhürün salamatlığı qeyd edilməlidir.
96. Vərəsəlik hüququ haqqında şəhadətnamə vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilir. Əgər notariusda şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik hüququ haqqında şəhadətnamə altı aydan tez də verilə bilər.
Qanunla müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə yazıla bilərlər. Razılıq vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək yazılı surətdə ifadə edilməlidir.
Əgər mirası qəbul etməyə çağırılmış vərəsə miras açıldıqdan sonra onu müəyyənləşdirilmiş müddətdə qəbul etməyə macal tapmadan ölərsə, onun vərəsələri ilkin miras qoyanın ölümündən sonra qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilərlər.
Vərəsəlik hüququ haqqında şəhadətnamə həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.
97. Əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan əmlak dövlətə keçir; əgər miras qoyan şəxs qocalar, əlillər , sağlamlıq imkanları məhdud uşaqlar üçün müəssisələrin, müalicə, tərbiyə və sosial təminat müəssisələrinin təminatında olmuşdursa, onların mülkiyyətinə keçir.[76]
Əmlak vərəsəlik hüququ üzrə dövlətə keçdikdə dövlətin vərəsəlik hüququ haqqında şəhadətnamə vәrәsәliyin açıldığı gündən altı aydan tez olmayaraq Dövlət Əmlakı Nazirliyinə verilir.
98. Mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi haqqında ərizələr yazılı formada olmalıdır.
Bu ərizələrdə vərəsənin imzasının həqiqiliyi notariat hərəkətləri aparan orqan tərəfindən təsdiq edilməlidir.
Vərəsə ərizəni vərəsəliyin açıldığı yerdəki notariusa şəxsən təqdim edərsə, imzanın həqiqiliyinin təsdiq edilməsi tələb olunmur. Bu halda notarius vərəsənin şəxsiyyətini müəyyən edir və imzasının həqiqiliyini yoxlayır, bu barədə ərizədə qeyd edir və şəxsiyyəti təsdiq edən sənədin adını, nömrəsinin verilmə tarixini, sənədi vermiş idarənin adını, vərəsənin anadan olduğu ili göstərir.
Əgər mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi haqqında poçtla daxil olmuş ərizədə vərəsənin imzasının həqiqiliyi təsdiq edilməmişsə, notarius ərizəni qəbul edir, lakin vərəsəyə təklif edir ki, lazımi qaydada tərtib olunmuş ərizə göndərsin, yaxud notariat kontoruna şəxsən gəlsin.
99. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
Vərəsə mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
Əgər vərəsələrdən biri miras payını qəbul etməkdən başqa vərəsənin xeyrinə imtina edərsə, belə hərəkət mirasın qəbul olunmaması sayılır.
Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras qoyanla birgə yaşadığı haqqında və ya miras qoyanın əmlakının vərəsə tərəfindən götürüldüyü haqqında mənzil-istismar idarəsinin arayışı, daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə Vergilər Nazirliyinin yerli İdarəsinin və ya mənzil-istismar sahələrinin arayışı və ya verginin, yaxud kommunal xidmətlər üçün haqların ödənildiyi barədə sənəd, mirasın vaxtında qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti və miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər.
Notariusda mirası qəbul etmək üçün əmanət kitabçasının qanunla müəyyən olunmuş müddətdə alınmasını təsdiq edən məlumat olduqda, əmanət kitabçasının olması da miras əmlakı idarə etməyə başlanılmasına sübut ola bilər (miras qoyanın ölümündən sonra miras əmlakı siyahıya almış idarənin, müəssisənin sənədi, əmanət kitabçasının vərəsəyə verilməsi haqqında miras əmlakın qorunması üçün tədbirlər görmüş notariusun sənədi, miras qoyanın dəfnini təşkil edən komissiyanın aktı (əmanət kitabçasının vərəsəyə təqdim olunduğu vaxt bu sənədlərdən görünür), vərəsənin bankdan pul alması haqqında əmanət kitabçasında qeydlər və ya bankın məlumatı, miras qoyanın ölümündən sonra qalan əmanət kitabçasının müəyyən vaxtda vərəsəyə təqdim edildiyi barədə mənzil-istismar idarəsinin arayışı, bu kitabçanın poçtla göndərilməsi haqqında sənəd və sair).[77]
100. Mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsi ilə qəbul edirlər. Bu halda notarius yetkinlik yaşına çatmamış və fəaliyyət qabiliyyəti olmayan vərəsələrin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə onların əmlak mənafelərini mühafizə etmək məqsədi ilə vərəsənin yaşayış yeri üzrə qəyyumluq və himayə orqanına məlumat verməlidir (vərəsəlik hüququ haqqında şəhadətnamənin surətini göndərməlidir).
101. Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər.
102. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölümü faktını, vərəsəliyin açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır.
Ölüm faktı və vərəsəliyin açıldığı vaxt miras qoyanın ölümü haqqında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnaməsi ilə təsdiq edilir.
Mirasın açıldığı yer aşağıdakı sənədlərlə təsdiq olunur: miras qoyanın yaşayış yeri haqqında mənzil-istismar idarəsindən, rayon icra hakimiyyətindən və ya ölənin iş yerindən verilən arayış, ölənin yaşayış yeri məlum olmadıqda isə miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer haqqında sənəd.
Vərəsələrdə həmin sənədlər olmadıqda, notarius vərəsəliyin açıldığı yerin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surətini tələb edir.
Vərəsələrin miras qoyanla qohumluq və digər münasibətləri aşağıdakı sənədlərlə sübut edilir: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnamələri, yaş kağızı kitablarından çıxarışlar, //çıxarılıb// qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrinin surəti. [78]
Ayrı-ayrı hallarda iş və ya yaşayış yeri üzrə idarə və təşkilatların verdikləri arayışlar da qəbul edilə bilər, bu şərtlə ki, onlar digər sənədlərlə birlikdə vərəsələrin miras qoyanla qohumluq münasibətlərini təsdiq etsin.
Qanun üzrə bir və ya bir neçə vərəsə miras qoyanla qohumluq münasibətlərinə dair sübutlar təqdim etmək imkanına malik deyildirsə, onlar miras qoyanla qohumluq münasibətlərinə dair sübutlar təqdim etmiş bütün qalan vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.[79]
103. Əgər miras qoyanın himayəsində olmuş və özlərini müstəqil saxlaya bilməyən əmək qabiliyyəti olmayan şəxslərin adları vəsiyyətnamədə çəkilməmişdirsə, onlar mirasdan dolanacaq təminatı (aliment) tələb edə bilərlər. Dolanacaq təminatı kimi ödənilməli məbləğin ölçüsü miras aktivin həcmi nəzərə alınmaqla azaldıla bilər.
Himayədə olma faktının sübut olunması üçün aşağıdakı sənədlər təqdim edilə bilər: miras qoyanın himayəsində olan şəxslər haqqında evlər idarəsinin və ya miras qoyanın iş yerinin arayışı, ailəni dolandıranın itirilməsi ilə əlaqədar olaraq pensiya təyin edilməsi haqqında pensiya təyin edən orqanın arayışı, himayədə olma faktının müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti.
Himayədə olanın yaşla əlaqədar əmək qabiliyyətinin olmaması şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə əsasında yoxlanılır, səhhətlə əlaqədar əmək qabiliyyətinin olmamasıpensiya vəsiqəsi və ya tibb-əmək ekspert komissiyasının arayışı ilə yoxlanılır.[80]
Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır.
104. Notarius vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölümü faktını, vəsiyyətnamənin olub-olmadığını, vərəsəliyin açıldığı vaxtı və yeri, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır, mirasda məcburi paya hüququ olan şəxslər olub-olmadığını aydınlaşdırır, habelə vəsiyyətnamənin ləğv edilib-edilmədiyini onu təsdiq etmiş notariat kontorunda yoxlayır.
Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə vərəsələrin miras qoyanla qohumluq və ya digər münasibətlər göstərilirsə (vərəsələrin arzusu ilə), notarius bu münasibətləri təsdiq edən sənədləri tələb edir.
105. Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənə verilərkən vəsiyyətnamənin vərəsə tərəfindən təqdim olunmuş əsl nüsxəsi və ya dublikatı notariusda saxlanılır. Vərəsənin arzusu ilə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə vəsiyyətnamənin notariat qaydasında təsdiq olunmuş surəti və ya onun dublikatı əlavə edilə bilər.
106. Əgər vəsiyyətnamədə bütün miras əmlak vəsiyyət üzrə vərəsələr arasında bölüşdürülmüşdürsə, lakin mirasın açıldığı vaxt vərəsələrdən biri sağ deyildirsə, qanun üzrə vərəsəlik əmələ gəlmir və onun əmlak payını vəsiyyət üzrə digər vərəsələr paylarına mütənasib surətdə alırlar.[81]
107. Miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, notarius miras qoyanın daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədi tələb edir. [82]
Notarius hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edir.
Daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış vərəsə və ya onun nümayəndəsi tərəfindən təqdim edilir.
Kredit alınması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqlar məhdudlaşdırıldıqda və kreditor barədə məlumat, daşınmaz əmlakın təsviri bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışa əsasən məlum olduqda, notarius kreditora bildirir ki, borc alanın vərəsələrinə vərəsəlik şəhadətnaməsi verilmişdir.
Əmlak üzərində məhkəmə və ya istintaq orqanları tərəfindən həbs qoyulmuşdursa, vərəsəlik şəhadətnaməsinin verilməsi həbs götürülənədək dayandırılır.
108. Xüsusi qeydə alınmalı olan əmlakı (avtomobil, motosikl, motorlu qayıq və s.) vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil etmək üçün notarius həmin əmlakın miras qoyana məxsus olması haqqında sənədi (texniki pasportu, gəmi şəhadətnaməsini və s.) yoxlayır və şəhadətnamə verilməsi haqqında ərizədə bu barədə qeyd edir.
109. Miras əmlakın müəyyən hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə almış vərəsələrə sonralar miras əmlakın əvvəlcə verilmiş şəhadətnamədə göstərilməyən digər hissələrinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilir.
Başqa əmlaka vərəsəlik hüququ haqqında əlavə şəhadətnamə verildikdə və əvvəlcə verilən şəhadətnaməyə daxil edilməmiş vərəsələr gəldikdə, onlar da mirası qəbul etmiş bütün vərəsələrin yazılı razılığı ilə əlavə əmlaka vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.
110. Notarius vərəsəlik işlərinin uçotu kitabını aparır.
Vərəsəlik işlərinin uçotu kitabında aşağıdakı sənədlər qeydə alınır: mirasın qəbul edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi, xərclərin miras əmlak hesabına ödənilməsi haqqında sərəncamlar, mirasdan imtina haqqında və mirasın qəbulu haqqında ərizələr, kreditorların tələbləri, habelə miras əmlakın qorunması üçün tədbirlər görülməsi haqqında ərizələr (bu ərizələr əsasına həmin tədbirlər görülmüşsə).[83]
Qeydə alınmış ərizələr əsasında ölənin adına vərəsəlik işi açılır. Bütün sonrakı ərizələr (əlavə ərizələr, başqa vərəsələrdən və kreditorlardan daxil olan ərizələr) də vərəsəlik işlərinin uçotu kitabında qeydə alınır.
Bütün ərizələrdə onların daxil olduğu vaxt və vərəsəlik işinin nömrəsi göstərilir.
Vərəsələrdən, digər şəxslərdən və idarələrdən tələb olunmuş sənədlər və vərəsəlik hüququ haqqında şəhadətnamənin nüsxəsi vərəsəlik işinə tikilir.
111. Notarius ər-arvadın birgə yazılı ərizəsi əsasında onların birinə və ya hər ikisinə birgə nikah dövründə əldə edilmiş ümumi əmlakdakı paya görə mülkiyyət hüququ haqqında şəhadətnamə verir.
Şəhadətnamə ər-arvadın hər birinə həm nikahda olarkən, həm də nikah pozulduqdan sonra verilə bilər.
Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah müqaviləsində və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artırılan vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchiz etmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah müqaviləsində və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.
112. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
113. Notarius şəhadətnamə verərkən nikah haqqında şəhadətnamə, nikahları pozulmuş şəxslər (keçmiş ər-arvad) müraciət etdikdə isə nikahın pozulması haqqında şəhadətnamə tələb edir. Vergi və ya rüsum tutulan əmlak barəsində şəhadətnamə verilərkən, vergi idarəsindən arayış və ya rüsumun ödənilməsi haqqında sənəd təqdim olunur.[84]
114. Əmlakın tərkibinə yaşayış evi, mənzil, bağ, bağ evi, qaraj, qeyri-yaşayış sahəsi, torpaq sahəsi, digər daşınmaz əmlak, nəqliyyat vasitəsi və digər əmlak daxildirsə, notarius bu əmlakın ər-arvada məxsus olmasını yoxlayır. Bu məqsədlə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı orqanından arayış tələb edir.
Evin tikintisi və ya əsaslı təmiri üçün verilmiş borcla əlaqədar olaraq evin özgəninkiləşdirilməsinə qadağan qoyulmuş olduqda mülkiyyət hüququ haqqında şəhadətnamə borcu vermiş müvafiq bank idarəsinin, yaxud təsərrüfat hesablı müəssisənin, yaxud təşkilatın icazəsi ilə verilir. Ev üzərinə həbs qoyulmuşdursa, mülkiyyət hüququ haqqında şəhadətnamə verilə bilməz.
Yaşayış evinə, mənzilə, bağa, bağ evinə, qaraja, torpaq sahəsinə və digər daşınmaz əmlaka mülkiyyət hüququ haqqında şəhadətnaməni yalnız əmlakın olduğu yerin notariusu verə bilər.
115. Mülkiyyət hüququ haqqında şəhadətnamə ər-arvadın yalnız əmlakdakı paya mülkiyyət hüququnu təsdiq edir. Konkret əmlaka şəhadətnamə verilmir (məsələn, ər-arvadın birinə evə, digərinə avtomobilə şəhadətnamə verilməsinə yol verilmir). Ona görə də əgər ər-arvadın hər hansı biri əmlaka (əşyaya) ayrılıqda mülkiyyət hüququ almaq istəyirsə, notarius onlara şəhadətnamə almaq əvəzinə nikah dövründə birgə əldə etdikləri əmlakın bölüşdürülməsi müqaviləsinin rəsmiləşdirilməsini təklif etməlidir.
116. Ər-arvadın biri öldükdə, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnaməni sağ qalmış ərin (arvadın) ərizəsinə əsasən yalnız mirasın açıldığı yerin notariusu verməli və bu barədə miras qoyanın mirası qəbul etmiş vərəsələrinə məlumat göndərməlidir.
Məlumatda ər-arvadın ümumi əmlakının tərkibi (həmin əmlakda pay barəsində sağ qalmış ər (arvad) mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir) göstərilir, habelə sağ qalmış ərin (arvadın) əmlak tələbləri barəsində vərəsə mübahisə etdikdə məhkəməyə müraciət etmək hüququ izah olunur.
Məlumat poçtla göndərilir, notariusa şəxsən müraciət edən vərəsələrə isə notarius tərəfindən şifahi məlumat verilir, bu barədə sağ qalmış ərin (arvadın) ərizəsində vərəsənin imzası ilə müvafiq qeyd yazılır. Vərəsələr arasında yetkinlik yaşına çatmayan və ya fəaliyyət qabiliyyəti olmayan şəxslər olduqda bildiriş onların yaşayış yeri üzrə qəyyumluq və himayə orqanına göndərilir.
117. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, sağ qalmış ərə (arvada) ər-arvadın ümumi əmlakında paya mülkiyyət hüququ haqqında şəhadətnamə nikah dövründə əldə edilmiş ümumi əmlakın yarısına verilir.
Ər-arvadın biri öldükdə, əmlak isə ər-arvadın birgə nikah dövründə əldə edilibsə və sağ qalan ərin (arvadın) adına rəsmiləşdirilibsə (qeydə alınıbsa), ölənin mirası qəbul etmiş vərəsələrinin ərizəsi əsasında sağ qalmış ərin (arvadın) razılığı ilə ölmüş ərin (arvadın) ümumi əmlakından pay da müəyyən edilə bilər. Bu pay əmlakın 1/2 hissəsindən ibarət olmalıdır. Həmin pay müəyyənləşdiriləndən sonra qanuni vərəsələrin vərəsəlik hüququ haqqında şəhadətnamə almağa hüququ var.
118. Sağ qalmış ərə (arvada) ər-arvadın ümumi əmlakında paya mülkiyyət hüququ haqqında şəhadətnamə verilərkən ərin (arvadın) ölümü haqqında şəhadətnamə, ərizə sahibinin ölmüş ərlə (arvadla) nikah münasibətlərini təsdiq edən sənəd, ər-arvadın əmlakına ümumi (birgə) mülkiyyət hüququnu təsdiq edən sənəd, nikah müqaviləsi tələb olunur.
119. Əmlakın tərkibində yaşayış evi, mənzil, bağ, bağ evi, qaraj, qeyri-yaşayış sahəsi, torpaq sahəsi, digər daşınmaz əmlak, nəqliyyat vasitəsi və digər əmlak daxildirsə, notarius bu Təlimatın 113-114-cü bəndlərində göstərilən qaydalara əməl edir.
120. Vərəsələrin sağ qalmış ərin (arvadın) payının müəyyən edilməsinə dair yazılı razılığı olmadıqda, notarius mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsindən imtina edir və vərəsələrə məhkəməyə müraciət etmək hüququnu izah edir.
121. Ər-arvadın ikisi də öldükdə (bir gündə və yaxud müxtəlif vaxtda), notarius tərəfindən mülkiyyət hüququ haqqında şəhadətnamə vərəsələrin ərizələri əsasında verilmir və onlara məhkəməyə müraciət etmək hüququ izah olunur.
122. Açıq hərracdan yaşayış evlərinin alınmasını evin yerləşdiyi yerin notariusu əldə edənə bu barədə şəhadətnamə verməklə rəsmiləşdirməlidir.
Hərrac Azərbaycan Respublikasının mülki və mülki-prosessual qanunvericiliyində nəzərdə tutulan hallarda və qaydada keçirilir.
123. Hərrac baş tutmadıqda yaşayış evinin əldə edilməsi barədə şəhadətnamə tələbkara verilir.
Şəhadətnamə evin açıq hərrac yolu ilə satılması və ya hərracın baş tutulması ilə əlaqədar olaraq evin tələbkara verilməsi barədə aktın surəti əsasında verilir.
Aktda hərracın keçirildiyi gün, yaşayış evinin yerləşdiyi ünvan, onun satış qiyməti, alıcının (hərrac baş tutmayıbsa, tələbkarın) soyadı, adı, atasının adı, yaşayış yeri (hüquqi şəxsdirsə adı, hüquqi ünvanı, səlahiyyətli nümayəndəsinin soyadı, adı, atasının adı) göstərilməlidir. Aktda hərrac keçirən vəzifəli şəxsin imzası və möhürü olmalıdır.
Akt əsasında notarius alıcıya, hərrac baş tutmayıbsa - tələbkara şəhadətnamə verir.
Şəhadətnamədə:
şəhadətnaməni verən notariusun soyadı, adı, atasının adı, vəzifəsi, şəhadətnamənin verilmə tarixi;
alıcının (tələbkarın) soyadı, adı, atasının adı, yaşayış yeri;
yaşayış evinin ünvanı;
şəhadətnamənin hansı akt əsasında verilməsi barədə məlumat göstərilməlidir.
124. Notariuslar idarələrin, müəssisələrin və təşkilatların verdikləri sənədlərin surətlərini o şərtlə təsdiq edirlər ki, həmin sənədlər qanuna zidd olmasın, hüquqi əhəmiyyət daşısın, sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq etmək qanunla qadağan edilməmiş olsun.
Şəxsin verdiyi sənədin surətinin düzgünlüyü o hallarda təsdiq edilir ki, sənədin əslində həmin şəxsin imzasının həqiqiliyini notarius, müvafiq icra hakimiyyəti orqanı və ya şəxsin işlədiyi, təhsil aldığı və yaxud müalicə olunduğu yer üzrə idarə, müəssisə, təşkilat təsdiq etmiş olsun.
125. Sənədin surətinin düzgünlüyü notariat qaydasında təsdiq olunmuşsa və ya sənədin surətini sənədin əslini vermiş idarə, müəssisə, təşkilat vermişdirsə, notarius sənədin surətindən çıxarılmış surətin düzgünlüyünü təsdiq edə bilər. Sonuncu halda sənədin surəti idarənin, müəssisənin, təşkilatın blankında tərtib edilməli, üzərinə möhür vurulmalı və qeyd olunmalıdır ki, sənədin əsli həmin idarə, müəssisə, təşkilatda saxlanılır.
126. Sənədlərdən çıxarışların düzgünlüyü o halda təsdiq edilə bilər ki, bu sənədlərin məzmunu bir-biri ilə əlaqəsi olmayan bir neçə məsələyə aid olsun. Çıxarış sənədin müəyyən məsələyə aid hissəsinin tam mətnini özündə əks etdirməlidir.
Sənədlərdən çıxarışların düzgünlüyü bu Təlimatın 124-125-ci bəndlərində müəyyən olunmuş qaydada təsdiq olunmalıdır.
127. Sənədin təsdiq edilən surəti və ya sənəddən çıxarış sənədin əsli ilə tutuşdurulur. Sənədin surəti kseroks və yaxud çap və əlyazma üsulu ilə tərtib edilə bilər.
128. Notarius qanuna zidd və əqdin şərhindən ibarət olmayan, eləcə də özündə insanın şərəf və ləyaqətini ləkələyən məlumatlar əks etdirməyən sənədlərdə imzanın həqiqiliyini təsdiq edir.
129. Notarius imzanın həqiqiliyini təsdiq edərkən sənəddə şərh olunmuş faktları deyil, yalnız müəyyən şəxsin etdiyi imzanın həqiqiliyini təsdiq edir. Sənədlər əqdin şərhindən ibarətdirsə, notarius tərəflərə müvafiq qaydada əqd bağlamağı təklif etməlidir.
130. Əqddə yalnız cismani qüsurlarına, xəstəliyinə və ya digər üzrlü səbəblərə görə şəxsən imza edə bilməyən şəxsin əvəzinə imza etmiş şəxsin imzasının həqiqiliyi təsdiq oluna bilər.
Bu halda notarius cismani qüsurlarına, xəstəliyinə və ya başqa səbəblərə görə şəxsən imza edə bilməyən şəxsin əvəzinə imza etmiş şəxsin imzasının həqiqiliyini təsdiq edərkən həm imza etmiş şəxsin, həm də bu şəxs kimin əvəzindən imza etmişsə həmin şəxsin şəxsiyyətini müəyyən edir.
131. Sənəddə təsdiq edilən halları təsdiq etmək hüququ yalnız dövlət orqanına məxsus olduqda (məsələn, anadan olma, nikah, ölüm tarixi və s.), şəxsin həmin sənəddəki imzasının həqiqiliyi təsdiq edilə bilməz. Həmin sənəddəki imzanın həqiqiliyi elə hallarda təsdiq edilə bilər ki, bu sənəd xarici dövlətin məhkəməsinə və ya digər idarəsinə təqdim olunmaq üçün nəzərdə tutulsun.
132. Bank vərəqələrində vəzifəli şəxslərin imzalarının nümunələrini təsdiq edərkən notarius onların imzalarının həqiqiliyini və imza hüququna səlahiyyətini yoxlayır.
Səlahiyyətin təsdiqi üçün notarius aşağıdakı sənədləri tələb edir və özündə saxlayır: vəzifəli şəxsin təyin edilməsi haqqında əmr və ya seçilməsi haqqında protokol, müəyyən edilən qaydada təsdiq olunmuş nizamnamə və ya əsasnamə, yaxud idarə başçısının adına yuxarı təşkilat tərəfindən verilmiş etibarnamə. Vərəqədə bu təşkilatın möhürü ottiskinin nümunəsi göstərilməlidir. Təşkilatın möhürü yoxdursa, bu halı təsdiq edən müvafiq sənəd (hesabın sahibinə nisbətən yuxarı təşkilat tərəfindən verilmiş arayış və s.) təqdim olunmalıdır.
133. Notarius müvafiq dilləri bilirsə, sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edə bilər.
Notarius müvafiq dilləri bilmədiyi halda sənədləri tərcüməçi tərcümə etməli, onun imzasının həqiqiliyini isə notarius təsdiq etməlidir.
Notarius tanıdığı tərcüməçinin hər dəfə gəlməməsi üçün onu qeydiyyata götürür. Bu məqsədlə onun ərizəsini, diplomunun surətini və imza nümunəsini tələb edir.
Notarius etibar etdiyi tərcüməçinin imzasını tanıdığı hallarda onun imzaladığı sənədi elektron rabitə vasitəsilə qəbul edə bilər. Tərcümə elektron rabitə vasitəsilə qəbul edildikdə onun surət kimi təsdiqlənməsi tələb olunmur.
Sənədlərin tərcüməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi və notarius vasitəsilə təşkil edildiyi halda tərcüməyə görə haqq notarius tərəfindən qəbul edilərək iki bank günü ərzində tərcümə xidməti göstərən hüquqi şəxsin bankdakı hesabına keçirilir.[85]
134. Notariat hərəkəti aparılarkən (əqdin təsdiq edilməsi, surətin düzgünlüyünün təsdiq olunması və s.) eyni zamanda başqa dilə tərcümə də edilərsə, tərcümə sənədin əsli ilə bir vərəqdə, hər iki mətn bir-birinin yanında, şaquli xətlə ayrılan bir səhifə elə yerləşdirilir ki, mətnin əsli sol tərəfdə, tərcümə isə sağ tərəfdə olsun. Mətnin hamısı tərcümə olunmalı və imzalarla qurtarmalıdır. Tərcümənin sonunda tərcüməçinin imzası olur. Təsdiq qeydi sənədin və sənəddən tərcümənin mətnlərinin sonunda ifadə olunur.
135. Tərcümə sənədin əslindən ayrı vərəqdə də verilə bilər. Bu halda tərcümə sənədin əslinə əlavə olunur, qaytanla ona tikilir və notariusun imzası və şəxsi gerbli möhürü ilə təsdiq edilir.
136. Notarius şəxsin xahişinə əsasən onun sağ olması faktını təsdiq edir.
14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların sağ olması faktı onların qanuni nümayəndələrinin (valideynlərinin, övladlığa götürənlərinin, qəyyumlarının) xahişi ilə təsdiq edilir, 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların sağ olması faktı isə onların xahişi ilə qanuni nümayəndələrinin (valideynlərinin, övladlığa götürənlərinin, himayəçilərinin) razılığı ilə təsdiq edilir.
137. Şəxsin sağ olması faktı həm o, notariusa gəldikdə, həm də notarius bu faktı notariusun yerləşdiyi binadan kənarda təsdiq etdikdə müəyyən olunur.
138. Notarius maraqlı şəxslərə şəxsin sağ olması faktını təsdiq edən şəhadətnamə verməlidir.
139. Notarius şəxsin xahişi ilə, onun müəyyən yerdə olması faktını təsdiq edir.
14 yaşı tamam olmayan yetkinlik yaşına çatmayanların müəyyən yerdə olması faktı onların qanuni nümayəndələrinin (valideynlərinin, övladlığa götürənlərinin, qəyyumlarının) xahişi ilə təsdiq edilir, 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların müəyyən yerdə olması faktı isə onların xahişi ilə qanuni nümayəndələrinin (valideynlərinin, övladlığa götürənlərinin, himayəçilərinin) razılığı ilə təsdiq edilir.
140. Şəxsin müəyyən yerdə olması faktı həm o, notariusa gəldikdə, həm də notarius bu faktı notariusun yerləşdiyi binadan kənarda təsdiq etdikdə müəyyən olunur.
141. Notarius maraqlı şəxslərə şəxsin müəyyən yerdə olması faktını təsdiq edən şəhadətnamə verməlidir.
142. Notarius şəxsin xahişinə əsasən onun təqdim olunan fotoşəkildəki şəxslə eyniliyinə şübhə etmirsə, həmin halı təsdiq etməli və bu barədə həmin şəxsə şəhadətnamə verməlidir.
143. Fotoşəkil şəhadətnamənin verilən nüsxəsinin yuxarı sol küncünə yapışdırılır, notariusun imzası və şəxsi gerbli möhürü ilə təsdiq edilir. Həm də möhürün bir hissəsi fotoşəklin üzərinə, bir hissəsi isə şəhadətnaməyə düşməlidir.
144. Notarius fotoşəkildəki şəxslə şəxsin eyniliyinə şübhə edirsə, bu halı təsdiq etmədən ona məsələ üzrə məhkəməyə müraciət etmək hüququnu izah etməlidir.
145. Notarius ayrı-ayrı şəxslərin, idarə, müəssisə və təşkilatın ərizəsinə əsasən sənədin təqdim olunduğu vaxtı təsdiq etməlidir.
Bu notariat hərəkətinə ehtiyac o vaxt yaranır ki, ezam olunmuş şəxs ezam olunduğu təşkilata vaxtında gəlir, lakin həmin vaxt bu təşkilat ləğv edilmiş olur. Belə halda notarius ezamiyyə vərəqinin təqdim olunduğu vaxtı təsdiq edir.
Təqdim olunduğu vaxt təsdiq edilən sənədlərə müxtəlif növ ixtiraların təsviri, avtoreferatlar və s. aiddir.
146. Notarius sənədi təsdiq etmiş şəxsin şəxsiyyətini müəyyən edir.
Notariusa sənədin təqdim edildiyi vaxtın təsdiq edilməsinin təsdiq qeydi sənədin əslində və hökmən sənədi təqdim etmiş şəxs göstərilməklə qeyd edilir.
147. Əgər eyni vaxtda bir neçə sənəd təqdim edilərsə, təsdiq qeydi hər bir sənədə ayrılıqda qeyd edilir və dövlət rüsumu hər bir sənəd üçün ayrılıqda tutulur. Əgər bir sənəd bir neçə vərəqdə ifadə edilibsə, notarius bu sənədlərdə təsdiq qeydi apararkən onları qaytanlamalı, vərəqlərin sayını göstərməklə imza etməli və şəxsi gerbli möhürünü vurmalıdır.
148. Notarius ayrı-ayrı şəxslərin, idarələrin, müəssisələrin və təşkilatların məzmunu qanuna zidd olmayan və özündə insanın şərəf və ləyaqətini ləkələyən məlumatları əks etdirməyən ərizələrini başqa şəxslərə, idarələrə, müəssisələr və təşkilatlara verir.
149. Ərizələr geri məlumat verilməsi şərti ilə poçt vasitəsi ilə və ya imza etdirmək şərti ilə şəxsən verilir. Ərizələr həmçinin texniki vasitələrdən istifadə etməklə verilə bilər.
150. Notarius ərizə vermiş şəxsin xahişi ilə, ona ərizənin başqasına verilməsi haqqında şəhadətnamə verir.
151. Ərizələrin verilməsi və ərizələrin verilməsinə dair şəhadətnamə verilməsi reyestrdə qeydə alınır.
152. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 532-533-cü maddələrində nəzərdə tutulmuş hallarda notariuslar kreditora vermək üçün öz depozit hesablarına pul məbləğlərini və qiymətli kağızları qəbul edirlər.
Pul məbləğlərini və qiymətli kağızları öhdəliyin icrası yerindəki notarius depozitə qəbul edir.
Notarius //çıxarılıb// öhdəliyin icra predmetini saxlamaq üçün depozitə qəbul edir.[87]
153. Notarius pul məbləğlərini və qiymətli kağızları depozitə qəbul edərkən borcluya təklif edir ki, öz soyadını, adını, atasının adını (və ya təşkilatın adını) və ünvanını, pul məbləğləri və ya qiymətli kağızlar kimə verilmək üçün qoyulmuşsa, həmin şəxsin soyadını, adını, atasının adını və məlum olan son ünvanını, öhdəliyin hansı səbəblərə görə bilavasitə icra edilə bilmədiyini yazılı və ya şifahi bildirsin. Borclu həmçinin ödəniş barəsində əsasını və hesablaşmanı göstərə bilər.
Notarius öhdəliyin predmetini (pul məbləğlərini, qiymətli kağızları) depozitə qəbul edərkən ödənişin əsaslarını, yəni kreditorun hüquqlarının və borclunun vəzifəsinin əmələ gəlməsi əsaslarını yoxlamır.
154. Notarius depozitə pul məbləğləri və ya qiymətli kağızlar qoyan şəxsə ödəniş haqqında sənəd verir.
Borclunun xahişi ilə ödəniş haqqında qeyd borcu müəyyən edən təqdim olunmuş sənəddə də yazıla bilər.
155. Notarius pul məbləğlərinin və qiymətli kağızların daxil olması haqqında kreditora məlumat verir və kreditorun tələbi ilə bu pul məbləğini və ya qiymətli kağızları ona verir.
Borclu kreditorun ünvanını göstərmirsə və bu ünvan notariusa məlum deyildirsə, borclu xəbərdar edilir ki, pulun və ya qiymətli kağızların ödənildiyi barədə kreditora məlumat vermək vəzifəsi borclunun öhdəsində qalır.
156. Pul məbləğləri notariusa poçtla və kredit idarəsindən daxil olmuşsa, daxil olmuş məbləğdən lazımi qədər dövlət rüsumu tutulur, qalan məbləğ isə depozitə qəbul edilir.
157. Pul məbləğlərinin və qiymətli kağızların onları depozitə (debitora) vermiş şəxsə qaytarılmasına yalnız xeyrinə haqq ödənilmiş şəxsin (kreditorun) yazılı razılığı ilə və ya məhkəmənin qərarına əsasən yol verilir.
158. Depozit məbləğlərinin notariusun hesabında saxlanması aşağıdakı müddətlərdə məhdudlaşdırılır:
fiziki şəxslərə verilməli olan depozit məbləğləri üç il saxlanılır;
təsərrüfat hesablı dövlət müəssisələrinə və təşkilatlarına, habelə digər hüquqi şəxslərə verilməli olan depozit məbləğləri bir il saxlanılır;
bu müddətlər kreditorun adına depozitə pul məbləğləri və ya qiymətli kağızlar verilməsi haqqında kreditora bildiriş göstərildiyi gündən hesablanır;
dövlət büdcəsində və yerli büdcədə olan idarələrə verilməli depozit məbləğlərinin bu məbləğləri verildiyi ilin dekabr ayının 31-dək, həll edilməmiş məhkəmə işləri üzrə depozitə verilmiş məbləğlər isə məhkəmənin qətnamə çıxardığı ilin dekabr ayının 31-dək saxlanılır.
Tələb olunmayan depozit məbləğləri həmin müddət keçdikdən sonra dövlət büdcəsi mədaxilinə keçirilir.
Tələb edilməmiş depozit məbləğləri göstərilən müddətlər keçdikdən sonra bir aydan gec olmayaraq dövlət büdcəsi mədaxilinə keçirilməlidir.
159. Notarius predmeti saxlamağa qəbul etdiyi barədə kreditora məlumat verir və predmet ondan qəbul etməyi tələb edir.
Borclu saxlanmağa verdiyi predmetin kreditor tərəfindən qəbul edilənə qədər qaytarılmasını tələb edə bilər, bu şərtlə ki, lap əvvəldən o, qaytarmadan imtina etməmiş olsun. Borclu predmetin qaytarılmasını tələb edirsə, saxlama baş tutmamış sayılır.
Kreditor predmetdən imtina edirsə və ya Azərbaycan Respublikası Mülki Məcəlləsinin 369-cu maddəsi ilə müəyyən edilmiş müddət qurtarmışsa, borclu təhvil verdiyi predmeti geri götürə bilər.
Borclu predmeti geri götürürsə, saxlama xərcləri onun üzərinə düşür.
Borclu predmeti geri götürülmə üçün zəruri olan müddət ərzində almazsa, o, dövlət əmlakı sayılır.
160. Depozit məbləğlərinin uçotu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müəyyən etdiyi qaydada aparılır.
160-1. Daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş pul məbləğindən artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir.[88]
//çıxarılıb//[89]
Tərəflər müqavilə ilə bağlı məbləğin depozit hesabı vasitəsilə ödənilməsi barədə ərizə ilə müraciət etdikdən sonra notarius, təsdiq etdiyi əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlayır, habelə "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 42-1-ci maddəsində nəzərdə tutulmuş tədbirləri görür və ərizəni daxil olan sənədlərin qeydə alınması kitabında qeydə alır.
Razılaşdırılmış pul məbləğinin depozit hesabına mədaxil edilməsi üçün alıcıya banka ünvanlanmış məktub verir və depozit hesabı üzrə aparılmış əməliyyatlar barədə gündəlik bank çıxarışı notariusa çatdırıldıqdan, habelə alıcı tərəfindən həmin vəsaitin hesabına ödənilməsi barədə bank qəbzi təqdim etdikdən sonra müqavilə təsdiq edilir.
Pulu ödəmiş şəxsin xahişi ilə bu barədə qəbzin surəti təsdiq edilərək ona verilir.
Müqavilə üzrə pul məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş aşağı həddən az olduğu hallarda da notarius müvafiq notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin xahişi ilə həmin məbləğin depozit hesabı vasitəsilə ödənilməsi barədə tədbir görə bilər.
Müqavilə rəsmiləşdirildikdə notarius depozit hesabına mədaxil edilmiş müqavilə məbləğinin götürülməsi üçün satıcıya müştərinin istəyindən asılı olaraq pul çeki və ya hesablaşma çeki (çek kitabçaları ilə notariusu müvafiq bank təmin edir) verir. Göstərilən işin düzgün və dəqiq qurulması üçün notariat kontorunda depozit hesaba mədaxil və məxaric edilən məbləğin, həmçinin onun qalığının uçotu aparılır.
Hər ay başa çatdıqda növbəti ayın birinci iş günü təsdiq edilmiş müqavilələr üzrə depozit hesabı vasitəsilə ödənilmiş məbləğlər barədə bank hesabından çıxarışla üzləşmə aparılır və rübdən sonra ayın 5-dək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verilir
Depozit hesabının açılması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırılmalıdır.[90]
160-2. Notarius bu Təlimatın 63-cü hissəsində göstərilən vəsiyyətnamələri depozitə notariat kontorunda qəbul edir və həmin kontorda olan seyflərdə saxlayır. [91]
Notarius vəsiyyətnaməni depozitə qəbul edərkən, vəsiyyətnaməni təqdim edən şəxsin şəxsiyyətini müəyyən edir və onun fəaliyyət qabiliyyətini yoxlayır.
Notarius vəsiyyətnamənin qoyulduğu zərfin vəsiyyətnaməni təqdim edən şəxs tərəfindən etibarlı bağlandığını və sonradan açılmadığını təsdiq etmək üçün zərfin bağlanan hissəsinə möhür vurur. Əgər zərf üzərində qeydlərin aparılması üçün kiçikdirsə və ya yararsızdırsa, notarius vəsiyyətnaməni təqdim edən şəxsə zərfi dəyişdirməsini təklif edir. Notarius zərfin üzərində zərfdəki vəsiyyətnaməni onu təqdim edən şəxsin öz əli ilə yazıb imzalaması və vəsiyyətnamənin hansı tarixdə və saatda depozitə qəbul olunması barədə qeyd yazır. Qeyd notariusun imzası və şəxsi gerbli möhürü ilə təsdiq edilir.
Notarius vəsiyyətnaməni depozitə qəbul etdikdən sonra bu barədə iki nüsxədə qəbz tərtib edərək onun bir nüsxəsini vəsiyyətnaməni təqdim edən şəxsə verir, digər nüsxəsini isə bunun üçün xüsusi ayrılmış qovluqda saxlayır. Qəbzdə vəsiyyətnaməni təqdim edən şəxsin, vəsiyyətnamə notariusa təqdim edilərkən iştirak edən üç şəxsin adı, soyadı, atasının adı, yaşadığı ünvan, depozitin yeri, vəsiyyətnamənin depozitə qəbul olunduğu tarix və saat qeyd edilir. Vəsiyyətnaməni depozitə qəbul edən notarius qəbzi imzalamalı və ona şəxsi gerbli möhürünü vurmalıdır. Qəbz itdikdə vəsiyyətnaməni depozitə qoyan şəxsin, həmin şəxs öldükdən sonra isə onun vərəsəsinin müraciəti əsasında qəbzin notariat qaydada təsdiq olunmuş surəti verilir.
Depozitin yeri dəyişdirildikdə, notarius bu barədə digər şəxslərə məlumatın çatmasını istisna edən üsullarla vəsiyyətnaməni təqdim edən şəxsə məlumat verir.
Notariusun fəaliyyətinə xitam verildikdə, depozitə qoyulmuş vəsiyyətnamələr həmin ərazi üzrə təyin edilmiş notarius tərəfindən saxlanılır.
Notarius depozitə qoyulmuş vəsiyyətnaməni onu təqdim edən şəxsin notariat qaydasında təsdiq edilmiş ərizəsinə əsasən geri qaytarır.
Vəsiyyətnaməni depozitə qoyan şəxs öldükdən sonra qəbzi təqdim edən şəxs ərizə ilə müraciət etdikdə, notarius işlədiyi və fəaliyyət göstərdiyi inzibati ərazi vahidi üzrə digər notariat kontoruna mirasın qəbul edilməsi və ya vərəsəlik şəhadətnaməsinin alınması barədə ərizənin verilib-verilməməsini yoxlayır. Digər notariat kontoruna mirasın qəbul edilməsi və ya vərəsəlik şəhadətnaməsinin alınması barədə ərizə verilmişdirsə, notarius 2 (iki) iş günü ərzində vəsiyyətnaməni mirasın açıldığı yerin notariusuna təqdim edir və ya “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə göndərir və şəxsə bununla bağlı yazılı məlumat verir. Mirasın açıldığı yerin notariusu vəsiyyətnamə saxlayan notariusla eyni şəhərdə (rayonda) fəaliyyət göstərirsə, vəsiyyətnamə onu saxlayan notarius tərəfindən mirasın açıldığı yerin notariusuna imza etdirməklə şəxsən təqdim edilməlidir.
Mirasın qəbul edilməsi və ya vərəsəlik şəhadətnaməsinin alınması barədə ərizə verilməyibsə, notarius qəbzi təqdim edən şəxsə həmin ərizənin verilməsi qaydasını izah edir. Mirasın qəbul edilməsi və ya vərəsəlik şəhadətnaməsinin alınması barədə ərizənin verilməsi haqqında məlumat notariat kontoruna daxil olduqdan sonra notarius vəsiyyətnaməni mirasın açıldığı yerin notariusuna, mirasın açıldığı yer Azərbaycan Respublikasının hüdudlarından kənarda olduqda, həmin yer üzrə Azərbaycan Respublikasının konsulluğuna göndərilməsi üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə, bu Təlimatın 160-2-ci hissəsinin səkkizinci abzasında nəzərdə tutulmuş qaydada təqdim edir və ya göndərir və şəxsə bununla bağlı yazılı məlumat verir.
Mirasın açıldığı yerin notariusu gün təyin edərək, maraqlı şəxsləri vəsiyyətnamənin məzmunu ilə tanış edir. Notarius maraqlı şəxsləri vəsiyyətnamənin məzmunu ilə tanış edərkən, vəsiyyətnamənin surətlərini onlara paylayır və vəsiyyətnamənin mətnini ucadan oxuyur. Vəsiyyətnamənin məzmunu bu barədə notarius tərəfindən tərtib edilən müvafiq protokolda qeyd edilir. Vəsiyyətnamənin qoyulduğu zərf açılmazdan əvvəl zərfə vurulan möhürün salamatlığının yoxlanılması barədə məlumat da protokolda qeyd edilir. Protokol notarius və vəsiyyətnamənin məzmunu ilə tanış olan maraqlı şəxslər tərəfindən imzalanır. Vəsiyyətnamənin məzmunu ilə tanış olan maraqlı şəxs protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Vəsiyyətnamənin məzmunu ilə tanış olan maraqlı şəxsin protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə edilir. Protokolun notariat qaydasında təsdiq edilmiş surətləri vəsiyyətnamənin məzmunu ilə tanış olan maraqlı şəxslərə verilir, vəsiyyətnamənin əsli isə notariusda saxlanılır.
Vəsiyyətnamə mirasın açıldığı yerin notariusunda depozitə qoyulubsa, bu Təlimatın 160-2-ci hissəsinin onuncu abzasında nəzərdə tutulmuş hərəkətlər həmin notarius tərəfindən həyata keçirilir.
Vəsiyyətnamənin depozitə qəbul olunması, saxlandığı depozitin yeri, vəsiyyətnaməni təqdim edən şəxs tərəfindən onun geri götürülməsi, vəsiyyətnamənin mirasın açıldığı yerin notariusuna göndərilməsi, vəsiyyətnamənin məzmunu ilə maraqlı şəxslərin tanış edilməsi barədə məlumatlar notariat reyestrində qeyd edilir.
161. Borclunun olduğu yer üzrə notariuslar borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün əlaqədar şəxslərin ərizələrinə əsasən borcu müəyyən edən sənədlərdə icra qeydləri aparırlar.
Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
162. İcra qeydləri aşağıdakı hallarda aparılır:
1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə;
2) tələb etmək hüququnun yarandığı gündən on ildən çox keçməmişsə, müqavilə tələbləri üzrə münasibətlərdə isə üç ildən çox keçməmişsə.
Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət ərzində verilir.
İcra qeydinin aparıla biləcəyi müddətlər tələbkarda borcu məcburi qaydada tutmaq hüququnun əmələ gəldiyi gündən hesablanır.
163. Notarius icra qeydi apararkən borcun tutulmasını əsaslandırmaq üçün borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısında göstərilmiş sənədlərin təqdim olunmasını tələb edir.
164. İcra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir:
icra qeydi aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı;
tələbkarın adı və ünvanı;
borclunun adı və ünvanı;
ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və peniyalarla birlikdə;
borcun miqdarı, tələbkarın ödəyəcəyi və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği;
icra qeydinin aparıldığı tarix (il, ay, gün);
icra qeydinin reyestrdə qeyd olunduğu nömrə;
icra qeydi aparan notariusun imzası və şəxsi gerbli möhürü.
165. İcra qeydi borcu müəyyən edən sənədin əslində qeyd olunur.
İcra qeydi borcu müəyyən edən sənəddən ayrılıqda aparılmır.
Borcu müəyyən edən sənədə əsasən borcu hissə-hissə tutmaq lazım olduqda, hər bir sənəd üzrə icra qeydi borc sənədinin surətində və ya borclunun şəxsi hesabından çıxarışda qeyd oluna bilər və həmin hallarda borcu müəyyən edən sənədin əslində tutulmalı olan məbləğ notariat reyestrində qeydə alınma tarixi və nömrəsi göstərilməklə, aparılmış icra qeydi haqqında qeyd yazılır.
166. Borcu müəyyən edən sənədin surəti, yaxud borclunun şəxsi hesabından çıxarış və icra qeydinin surəti notariusda saxlanılır.
Eyni öhdəlik üzrə sonralar hər dəfə icra qeydi aparıldıqda, borcu müəyyən edən sənədin surətinin təkrar təqdim olunması tələb edilmir. Bu hallarda şəxsi hesabdan çıxarışın iki nüsxəsini və öhdəliyin əslini təqdim etməklə kifayətlənmək lazımdır. Çıxarışın, üzərində icra qeydi olan bir nüsxəsi və öhdəliyin əsli tələbkarlara qaytarılır, ikinci nüsxə isə notariusda saxlanılır.
167. Borcu müəyyən edən vahid formalı (məsələn, bank borcu) sənədlər üzrə bir neçə icra qeydi aparıldıqda, notariusda borcu (borclulardan biri üçün) müəyyən edən sənədin bir surəti və borclarının tutulması üçün icra qeydləri aparılmış borcluların siyahısı (borcluların tam adı və ünvanı, ödəmə müddətləri, icra qeydi üzrə tələbin məbləği, lazım gəldikdə isə digər məlumatlar göstərilməklə) saxlanıla bilər.
168. İcra qeydi aparmaq üçün borcu müəyyən edən sənəddən əlavə, borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısında göstərilən digər sənədləri də təqdim etmək zəruridirsə, həmin sənədlər icra qeydinə əlavə olunmur, notariusda saxlanılır.
169. Çeklərdə icra qeydləri ödəyicinin və ya bank idarəsinin olduğu yer üzrə aparılır. İcra qeydləri notarius tərəfindən yalnız o zaman aparılır ki, çekin ödənişə təqdim edildiyi gün göstərilməklə və ödənilmədiyi barədə ödəyicinin və ya bank idarəsinin çek üzərində qeydi olsun. İcra qeydi aparılarkən çekin ödənişə vaxtında təqdim olunması yoxlanılır.
İcra qeydi ödəyicinin (bankın) çeki ödəməkdən imtina etdiyi gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müddətlərdə verilir.
İcra qeydi çek sahibinin arzusu ilə həm çekverən əleyhinə, həm də çek üzrə məsuliyyət daşıyan qeyd yazanlar əleyhinə aparılır.
Notarius icra qeydi aparılması haqqında reyestrdə qeyd edir, çekin ödənilməməsi və icra qeydi verilməsi haqqında çekverənə məlumat göndərir.
İcra qeydi üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi və məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir.
169-1. İpoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi aşağıdakı hallarda aparılır:
a) ipoteka predmetinə məhkəməyə müraciət edilmədən tutmanın yönəldilməsi ipoteka müqaviləsində nəzərdə tutulubsa;
b) ipoteka müqaviləsi müəyyən edilmiş qaydada dövlət qeydiyyatına və qanunla nəzərdə tutulmuş hallarda əlavə qeydiyyata alınıbsa;
c) ipoteka kağızında ipoteka predmetinə tutmanın yönəldilməsinə dair ipoteka saxlayanın hüquqlarının məhkəməyə müraciət edilmədən həyata keçirilməsi barədə qeyd olunubsa;
ç) ipoteka kağızı qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının qeydə alındığı müvafiq reyestrdə əlavə qeydiyyata alınıbsa;
d) ipoteka saxlayan tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş ipoteka qoyana, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərilibsə, bildirişdə ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq əks olunubsa və bildiriş müvafiq reyestrdə təsdiqlənibsə;
e) tutmanın yönəldilməsi haqqında bildiriş bu bəndin “d)” yarımbəndində nəzərdə tutulmuş şəxslərə verildikdən azı 30 təqvim günü keçdikdə və əsas öhdəlik bu müddətdə icra edilməyibsə.[92]
170. İcra qeydini təqdim etmək üçün buraxılmış müddətin bərpası Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir.
171. Notariuslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1032-1033-cü maddələrinə müvafiq olaraq ödənilməmiş, aksept olunmamış və ya aksept tarixi qoyulmamış veksellərə protest verirlər.
172. Ödənilməmiş veksellərə protestlər ödəyicisinin olduğu yer və ya ödəniş yeri (veksel) verənin yaşayış yerinə nisbətən başqa ödəniş yeri qeyd olunmuş veksellər, yeni üçüncü şəxsin yanında ödənilməli olan veksellər) üzrə, aksept olunmamış və ya aksept tarixi qoyulmamış veksellərə protestlər isə ödəyicinin olduğu yer üzrə notarius tərəfindən aparılır.
173. Ödənilməmiş veksellər protest verilməsi üçün veksel üzrə ödəniş tarixi keçdikdən sonra, ertəsi gün də notarius tərəfindən qəbul edilə bilər.
174. Protest notarius tərəfindən tərtib edilməlidir.
Protestdə aşağıdakı məlumatlar göstərilməlidir:
protest verən şəxsin adı;
protestin yönəldiyi şəxsin adı;
protestin yönəldiyi şəxsdən ödənişi həyata keçirmək və ya aksepti icra etmək barəsində xahişlər edilməsinin nəticəsiz qaldığı və ya onu yerində tapmağın mümkün olmadığı və ya protestin yönəldiyi şəxsin yaşayış yerini və ya olduğu yeri müəyyənləşdirməyin mümkün olmadığı;
nəticəsiz qalmış xahişin verildiyi və ya cəhdin edildiyi yer və gün.
175. Veksellərə protest Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1032.2-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə verilir.
176. Notarius protesti imzalayır və köçürmə vekselinin arxa tərəfinə və ya ona qoşulmuş vərəqə şəxsi gerbli möhür vuraraq imzalayır.
177. Əgər köçürmə vekselindən irəli gələn bir neçə tələb bir neçə şəxsə və ya eyni şəxsə qarşı irəli sürülməlidirsə, çoxsaylı tələblər üçün bir protest tərtib edilir.
Notarius protestin bir surətini özündə saxlamalıdır.
Bu surətdə aşağıdakılar göstərilməlidir:
veksel məbləği;
ödəniş müddəti;
protestin tərtib etdiyi yer və tarix;
veksel verənin, ödəyicinin adı, habelə ödəniş kimə və ya kimin sərəncamı ilə həyata keçirilməlidirsə, onun adı.
178. Vekselin protest üçün qəbul edildiyi gün notarius ödəyiciyə və ya domisilianta (üçüncü şəxsin yanında ödənilməli olan vekseli ödəmiş şəxsə) ödəniş (və ya aksept) haqqında tələb verir.
Ödəyici (domisiliant) vekseli ödəyərsə, notarius protest verməyərək vekseli onu ödəyən şəxsə qaytarır və vekselin özündə ödənişin və digər çatası məbləğlərin alınması haqqında müəyyən olunmuş formada qeyd yazır.
Ödəyici köçürmə vekselində aksept haqqında qeyd etmişsə, veksel protest verilmədən veksel sahibinə qaytarılır.
179. Vekseli ödəmək və ya aksept etmək barəsində ödəyicidən (domisiliantdan) imtina cavabı alındıqda və ya o, notariat kontoruna gəlmədikdə, notarius ödənilməyə və ya aksept edilməməyə protest haqqında müəyyən olunmuş formada akt tərtib edir və reyestrdə müvafiq qeyd edir, habelə vekselin özündə ödənilməməyə və ya aksept olunmamağa protest haqqında qeyd yazır.
180. Ödəyicinin yeri məlum deyildirsə, vekselə protest vekselin ödənilməsi və ya aksept edilməsi haqqında tələb verilmədən, protest haqqında aktda və reyestrdə qeyd yazılmaqla verilir.
181. Barəsində protest verilmiş veksel sahibinə və ya onun vəkil etdiyi şəxsə verilir.
182. Ödəyicinin olduğu yerdəki notarius çekin verildiyi gündən on gün keçdikdən sonra, xarici çeklər üzrə isə çekin verildiyi gündən altı ay keçdikdən sonra, lakin bu müddətdən sonra gələn gün saat 12-dən gec olmayaraq təqdim edilmiş çekləri ödənilməyə verilmək üçün qəbul edir.
Notarius elə həmin gün çeki ödəniş üçün banka verir. Çek ödənilmədikdə, notarius çek üzərində müəyyən olunmuş formada qeyd yazmaqla çekin ödənilmədiyini təsdiq edir və bunu reyestrdə qeyd edir.
Notarius çek üzərində qeyd yazmaqla yanaşı, çek verənə onun çekinin bank tərəfindən ödənilmədiyi və çek üzərində qeyd yazıldığı barəsində xəbərdarlıq məktubu göndərir.
Çek ödənilmədikdə, notarius çek sahibinin xahişi ilə bu Təlimatın 169-cu bəndində göstərilən qaydalar üzrə icra qeydi aparır.
183. Notarius gəmi sahibinin hüquqlarını və qanuni mənafeyini qorumaq üçün sübutların təmin olunması məqsədi ilə, səfər dövründə və ya gəminin dayandığı dövrdə baş verən, gəmi sahibinə əmlak tələbləri verilməsi üçün əsas ola biləcək hadisə haqqında gəmi kapitalının ərizəsini qəbul edir.
184. Dəniz protesti haqqında ərizədə hadisənin təsviri və kapitana etibar olunmuş əmlakın qorunmasını təmin etmək üçün kapitanın gördüyü tədbirlər göstərilməlidir.
Gəmi kapitalını dəniz protesti haqqında ərizədə şərh olunmuş halların təsdiq edilməsi üçün SSRİ Dəniz Ticarət Gəmiçiliyi Məcəlləsinin 290-cı maddəsinə müvafiq surətdə ərizə ilə birlikdə, yaxud gəminin Azərbaycan Respublikası limanına daxil olduğu vaxtdan və ya hadisə limanda baş vermişsə, hadisə baş verdiyi vaxtdan ən çoxu yeddi gün müddətində gəmi jurnalını və gəmi jurnalından kapitanın təsdiq etdiyi çıxarışı nəzərdən keçirmək üçün notariusa verməlidir.
185. Dəniz protesti haqqında ərizə SSRİ Dəniz Ticarət Gəmiçiliyi Məcəlləsinin 288-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası limanında notariusa gəminin limana gəldiyi vaxtdan iyirmi dörd saat ərzində verilməlidir. Dəniz protesti verilməsi zərurətini doğuran hadisə limanda baş vermişsə, protest hadisə vaxtından iyirmi dörd saat ərzində verilməlidir.
Protesti müəyyən edilmiş müddətdə vermək mümkün olmadıqda, bunun səbəbləri dəniz protesti haqqında ərizədə göstərilməlidir.
186. Notarius gəmi kapitanın ərizəsinə, gəmi jurnalının məlumatına, habelə kapitanın özünün və imkan daxilində gəmi heyətindən olan azı dörd şahidin, o cümlədən, komanda heyətindən olan iki şahidin dindirilməsinə əsasən müəyyən olunmuş formada dəniz protesti haqqında akt tərtib edir, onu öz imzası və şəxsi gerbli möhürü ilə təsdiq edir. Aktın bir nüsxəsi gəmi kapitanına və ya onun müvəkkil etdiyi şəxsə verilir, digər nüsxəsi isə kapitanın ərizəsini və gəmi jurnalından çıxarışı ona əlavə etməklə, notariusda qalır.
187. Notariuslar sənədləri saxlanılmaq üçün siyahı üzrə qəbul edirlər.
Siyahı iki nüsxədə tərtib olunur, sənədləri saxlanılmaq üçün verən şəxs və notarius tərəfindən imzalanır.
Siyahının bir nüsxəsi notariusda, ikincisi isə sənədləri saxlanılmaq üçün təhvil vermiş şəxsdə qalır.
Sənədlər notariusun iştirakı ilə lazımi qaydada qablaşdırılmışdırsa, notarius şəxsin xahişi ilə sənədləri siyahısız qəbul edə bilər.
Qablaşdırma notariusun möhürü, onun və sənədləri saxlanılmaq üçün təhvil verən şəxsin imzaları ilə təsdiq edilməlidir.
Sənədləri saxlanılmaq üçün təhvil vermiş şəxsə müəyyən olunmuş formada şəhadətnamə verilir.
188. Qəbul olunmuş sənədlər notariat kontorunun möhürü ilə möhürlənmiş dəmir şkaflarda və ya seyflərdə ayrıca qovluqda saxlanılır.
189. Saxlanılmaq üçün qəbul edilmiş sənədlər onları saxlanılmaq üçün təhvil vermiş şəxsin və ya müvəkkil edilmiş şəxsin tələbi üzrə şəhadətnamə və siyahının nüsxəsi təqdim olunduqda, yaxud məhkəmənin qərarı əsasında qaytarılır.
190. Notarius məhkəmələrdə, istintaq və təhqiqat orqanlarında iş başlanarkən zəruri olacaq sübutları, həmin sübutların təqdim edilməsinin sonralar qeyri-mümkün və ya çətin olacağını güman etməyə əsaslar olduqda, maraqlı şəxslərin xahişi ilə təmin edir.
Notariuslar maraqlı şəxslərin notariusa müraciət etdikləri zaman məhkəmənin , istintaq və təhqiqat orqanlarının icraatında olan işlər üzrə sübutları təmin etmirlər.
Zəruri sübutlar xarici dövlətin məhkəmə orqanına və ya digər idarəsinə təqdim olunmalıdırsa, sübutlar maraqlı şəxsin müraciət etdiyi anda işin artıq xarici dövlətin məhkəməsinin və ya digər idarəsinin icraatında olmasından asılı olmayaraq təmin edilir.
Sübutların təmin edilməsində maraqlı olan şəxs (gələcək iddiaçı, güman edilən cavabdeh) fəaliyyət ərazisində sübutların təmin edilməsi sahəsində prosessual əməliyyatlar aparılmalı olan notariusa ərizə verir.
191. Notarius sübutların təmin olunması qaydasında şahidləri dindirir, yazılı və maddi sübutları müayinə edir, ekspertiza təyin edir.
192. Notarius sübutların təmin edilməsi sahəsində prosessual hərəkətləri yerinə yetirərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müvafiq qaydalarını rəhbər tutur.
193. Notarius sübutlarının təmin edildiyi vaxt və yer haqqında digər tərəfə və maraqlı şəxslərə xəbər verir, lakin onların gəlməməsi sübutların təmin olunması sahəsindəki hərəkətləri yerinə yetirməyə mane olmur.
Digər tərəflərə və maraqlı şəxslərə xəbər vermədən sübutların təmin olunması yalnız təxirəsalınmaz hallarda və ya gələcəkdə kimlərin işdə iştirak edəcəyini müəyyənləşdirmək mümkün olmadıqda həyata keçirilir.
Çağırışlar üzrə şahid və ekspert gəlmədikdə, notarius Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün bu barədə şahidin və ya ekspertin yaşayış yerindəki məhkəməyə məlumat verir.
194. Notarius bilə-bilə yalan ifadə, yalan rəy verməyə görə və yaxud ifadə verməkdən imtina etməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-298-ci maddələrinə əsasən məsuliyyət haqqında şahidi və eksperti xəbərdar edir.
195. Notarius sübutların təmin olunması qaydasında şahidin dindirilməsi haqqında protokol tərtib edir, protokolda aşağıdakılar göstərilir:
dindirmə tarixi, dindirməni aparan notariusun soyadı, adı, atasının adı, notariusun fəaliyyət göstərdiyi ərazi;
dindirmədə iştirak edən şəxslərin soyadı, adı və atasının adı;
şahidin soyadı, adı və atasının adı, anadan olduğu il, yaşadığı yer;
bilə-bilə yalan ifadə verməyə görə və ifadə verməkdən imtina etməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsi haqqında qeyd;
şahidin ifadəsinin məzmunu (ona verilmiş suallar və onlara cavablar).
Protokol şahid, dindirmədə iştirak etmiş şəxslər və notarius tərəfindən imzalanır.
196. Notarius yazılı və maddi sübutların müayinəsi haqqında protokol tərtib edir; protokolda aşağıdakılar göstərilir:
müayinənin aparıldığı tarix və yer;
müayinə aparan notariusun soyadı, adı, atasının adı, notariusun fəaliyyət göstərdiyi ərazi;
müayinədə iştirak edən əlaqədar şəxslərin soyadı, adı və atasının adı, onların yaşayış yeri;
müayinə zamanı aşkara çıxarılan hallar.
Protokol müayinədə iştirak edən şəxslər və notarius tərəfindən imzalanır.
197. Notarius ekspertiza təyin edilməsi haqqında qərar çıxarır; qərarda aşağıdakılar göstərilir:
qərarın tərtib olunduğu tarix, qərar çıxarmış notariusun soyadı, adı, atasının adı, notariusun fəaliyyət göstərdiyi ərazi;
ekspertiza təyin olunmasını xahiş etmiş şəxsin soyadı, adı və atasının adı, onun yaşayış yeri;
barəsində ekspertin rəyi tələb olunan məsələlər;
ekspertiza aparılması tapşırılan ekspert idarəsinin (ekspertin) adı. Ekspertiza aparılması konkret şəxsə tapşırılırsa, onun soyadı, adı, atasının adı, yaşayış yeri, iş yeri və vəzifəsi göstərilir. Qərar notarius tərəfindən imzalanır.
Ekspertiza aparılması haqqında akt tərtib olunur, aktı ekspert və ekspertizada iştirak edən şəxslər imzalayırlar. Ekspertin rəyi ekspert tərəfindən imzalanır.
198. Sübutların təmin edilməsi icraatı qurtardıqdan sonra əlaqədar şəxsə sübutların təmin olunması qaydasında tərtib edilmiş hər bir sənədin bir nüsxəsi verilir, hər bir sənədin bir nüsxəsi isə notariusda saxlanılır.
199. Notarius sübutların təmin olunması icraatının aparılması üçün xahişlə müraciət etmiş şəxsdən şahidlərə və ekspertlərə haqq ödəmək üçün, habelə sübutların təmin edilməsi icraatı üzrə digər xərclərdən ötrü pul ödəməsini tələb edir.
Ekspertlərə və şahidlərə haqq və digər xərclər, məhkəməyə şahidlər və ekspertlər çağırıldıqda onlara haqq verilməsi üçün müəyyən olunmuş dərəcələr üzrə verilir.
Ekspertlərə və şahidlərə haqq və digər xərclər üçün vəsait əvvəlcədən notariusun depozit hesabına qoyulur. Notarius bu xərcləri həmin hesabdan ödəyir.
NOTARİAT HAQQINDA QANUNVERİCİLİYİN ƏCNƏBİLƏRƏ VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRƏ TƏTBİQ EDİLMƏSİ. XARİCİ DÖVLƏTLƏRİN QANUNVERİCİLİYİNİN TƏTBİQ EDİLMƏSİ. BEYNƏLXALQ MÜQAVİLƏLƏR VƏ SAZİŞLƏR
200. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 88-ci maddəsinə müvafiq olaraq əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası vətəndaşları ilə bərabər səviyyədə Azərbaycan Respublikasının notariuslarına müraciət etmək hüququ vardır.
Xarici müəssisələrin və təşkilatların Azərbaycan Respublikasının notariat kontorlarına müraciət etmək hüququ vardır.
201. Notariuslar Azərbaycan Respublikasının qanunvericiliyinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq xarici dövlətlərin qanunvericiliyinin normalarını tətbiq edirlər.
Notariuslar xarici dövlətlərin qanunvericiliyinin tələblərinə müvafiq surətdə tərtib olunmuş sənədləri qəbul edir, habelə xarici dövlətlərin qanunvericiliyi ilə nəzərdə tutulan formada təsdiq qeydlərini bu şərtlə aparırlar ki, bunlar Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmasın.
202. Notarius tərəfindən təsdiq edilib, xaricdə əməliyyatlar aparmaq üçün nəzərdə tutulan və qüvvədə olma müddəti göstərilməyən etibarnamə, onu vermiş şəxs tərəfindən ləğv edilənədək qüvvəsini saxlayır, bu, etibarnamənin mətnində göstərilə bilər.
203. Əcnəbinin ölümündən sonra Azərbaycan Respublikasının ərazisində qalmış əmlakın və ya Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra əcnəbiyə çatası qorunması ilə, habelə bu cür əmlak barəsində vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar hərəkətlər "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 89-cu maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq bu Təlimatda ifadə olunmuş qaydalar üzrə aparılır.[93]
Müvəqqəti xaricdə yaşamış və orada ölmüş Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra mirasın açıldığı yer onun xaricə getməzdən əvvəl Azərbaycan Respublikasında yaşadığı yer, bu yer məlum olmadıqda isə mirasın və ya onun əsas hissəsinin olduğu yer sayılır.
Xaricdə daimi yaşamış Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra mirasın açıldığı yer onun yaşadığı ölkə sayılır.
204. Notariuslar Azərbaycan Respublikasının miras əmlakın qorunması haqqında normalar ehtiva edən beynəlxalq müqavilə bağladığı xarici dövlətin vətəndaşının ölümü haqqında məlumat aldıqda, müvafiq müqaviləni rəhbər tutaraq ölənin Azərbaycan Respublikasının ərazisində əmlakı olduğu hallarda miras əmlakın mühafizəsi üçün lazımi tədbirlər görür, miras əmlakın miqdarını və dəyərini müəyyən edir, vərəsələri aşkar edir, vəsiyyətnamənin olub-olmadığını yoxlayır və bu barədə ölənin vətəndaşı olduğu ölkənin diplomatik və ya konsul nümayəndəliyinə həmin Təlimatda nəzərdə tutulmuş qaydada dərhal məlumat verirlər.[94]
Vərəsəlik işi üzrə icraatın aparılması beynəlxalq müqaviləyə görə vətəndaşı ölmüş xarici dövlətin idarələrinin səlahiyyətinə aid edilmişsə, miras daşınar əmlakın notariat kontoru həmin dövlətin diplomatik və ya konsul nümayəndəliyinin tələbi ilə ona verə bilər.
205. Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrə müvafiq olaraq, xarici dövlətin qanunlarında nəzərdə tutulmuş forma üzrə tərtib edilmiş vəsiyyətnamə vəsiyyət edənin ölümündən sonra açılıb elan olunmaq üçün notariusa təqdim edildikdə, notarius vəsiyyətnamənin məzmununu elan edir, vəsiyyətnamənin vəsiyyəti və məzmunu haqqında protokol tərtib edir. Protokolda vəsiyyətnamənin tərtib olunduğu tarix, vəsiyyətnaməni təqdim etmiş şəxsin adı, sənədin vəziyyəti: onun möhürlənmiş halda, yoxsa açıq şəkildə təqdim edilməsi, sənəddə pozulmuş yerlərin, düzəlişlərin və başqa nöqsanların olub-olmadığı göstərilir. Protokol notarius və vəsiyyətnaməni təqdim etmiş şəxs tərəfindən imzalanır. Vəsiyyətnamənin hər bir səhifəsi də bu şəxslər tərəfindən imzalanır. Vəsiyyətnamə möhürlənmiş halda notariusda saxlanılırdısa, yuxarıda göstərilən bütün hərəkətləri notarius təkbaşına aparır.
206. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 91-ci maddəsinə əsasən Azərbaycan Respublikasının notariusları notariat hərəkətlərinin icrası haqqında xarici ədliyyə orqanlarından alınan tapşırıqları yerinə yetirir və ayrı-ayrı notariat hərəkətlərinin icra edilməsi haqqında tapşırıqlarla Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vasitəsilə xarici ədliyyə orqanlarına müraciət edirlər.
207. Azərbaycan Respublikası notariuslarının xarici dövlətlərin ədliyyə orqanları ilə əlaqə qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən olunur.
Müvafiq konsul nümayəndəsinin konsul dairəsi notariusun xidmət fəaliyyəti rayonu ilə əlaqədar olduqda, notariuslar hüquqi yardım haqqında müqavilələrdə və başqa beynəlxalq sazişlərdə nəzərdə tutulmuş hallarda konsul nümayəndələri ilə bilavasitə əlaqə saxlayırlar. Qalan hallarda notariat orqanlarının konsul nümayəndəliyi ilə və diplomatik nümayəndəliklə əlaqələri Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə həyata keçirilir.
208. Notariuslar xarici dövlətlərin orqanlarında işlərin aparılması üçün tələb edilən sübutları bu Təlimatda ifadə olunmuş qaydalar üzrə təmin edirlər.
209. Beynəlxalq müqavilə ilə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş notariat hərəkətləri haqqındakı qaydalardan fərqli qaydalar müəyyən edilmişsə, notariat hərəkətləri aparılarkən beynəlxalq müqavilənin qaydaları tətbiq olunur.
"Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 93-cü maddəsinə müvafiq olaraq beynəlxalq müqavilə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmayan notariat hərəkətlərinin aparılmasını notariusların səlahiyyətinə aid edirsə, onlar bu notariat hərəkətlərini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada aparırlar.
"Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 90-cı maddəsinə uyğun olaraq xarici hakimiyyət orqanlarının iştirakı ilə xaricdə tərtib edilmiş və ya onların göndərdiyi sənədləri notariuslar bu şərtlə qəbul edilir ki, həmin sənədlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının xarici dövlətlərdə nümayəndəlikləri tərəfindən leqallaşdırılmış olsun.
210. Azərbaycan Respublikasının qanunvericiliyində və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və sazişlərdə nəzərdə tutulduğu hallarda notariuslar bu cür sənədləri leqallaşdırılmadan qəbul edirlər.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 13 noyabr 2001-ci il tarixli 182 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 722)
2. 23 mart 2002-ci il tarixli 45 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 3, maddə 148)
3. 30 iyul 2002-ci il tarixli 118 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 7, maddə 455)
4. 7 oktyabr 2002-ci il tarixli 152 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 10, maddə 635)
5. 31 oktyabr 2003-cü il tarixli 147 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 629)
6. 20 aprel 2005-ci il tarixli 72 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 386)
7. 3 iyun 2005-ci il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 534)
8. 5 avqust 2005-ci il tarixli 151 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 782)
9. 10 oktyabr 2005-ci il tarixli 183 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 10, maddə 977)
10. 3 noyabr 2005-ci il tarixli 201 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 1061)
11. 14 dekabr 2005-ci il tarixli 228 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1228)
12. 19 dekabr 2005-ci il tarixli 231 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1231)
13. 9 mart 2006-cı il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 3, maddə 297)
14. 9 avqust 2006-cı il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 731)
15. 26 sentyabr 2006-cı il tarixli 217 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 830)
16. 14 oktyabr 2006-cı il tarixli 224 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 10, maddə 902)
17. 20 noyabr 2006-cı il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 994)
18. 5 fevral 2008-ci il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 108)
19. 23 aprel 2008-ci il tarixli 96 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 4, maddə 316)
20. 20 avqust 2008-ci il tarixli 192 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 787)
21. 12 fevral 2009-cu il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 148)
22. 30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 846)
23. 01 oktyabr 2009-cu il tarixli 160 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 849)
24. 29 dekabr 2009-cu il tarixli 204 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ()
25. 12 iyun 2010-cu il tarixli 110 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 6, maddə 555)
26. 19 oktyabr 2011-ci il tarixli 165 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 10, maddə 971)
27. 15 mart 2012-ci il tarixli 66 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 03, maddə 263)
28. 18 may 2012-ci il tarixli 116 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 may 2012-ci il, № 109, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 489)
29. 29 may 2012-ci il tarixli 124 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 may 2012-ci il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 495)
30. 6 iyul 2012-ci il tarixli 151 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 777)
31. 16 noyabr 2012-ci il tarixli 267 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 21 noyabr 2012-ci il, № 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1206)
32. 11 dekabr 2012-ci il tarixli 290 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 13 dekabr 2012-ci il, № 278, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1354)
33. 12 aprel 2013-cü il tarixli 65 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 21 aprel 2013-cü il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 04, maddə 444)
34. 29 may 2013-cü il tarixli 92 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 2 iyun 2013-cü il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 578)
35. 30 yanvar 2014-cü il tarixli 28 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 1 fevral 2014-cü il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 76)
36. 5 may 2014-cü il tarixli 123 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 18 may 2014-cü il, № 103)
37. 23 may 2014-cü il tarixli 165 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 1 iyun 2014-cü il, № 114)
38. 12 iyun 2014-cü il tarixli 193 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 iyul 2014-cü il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 746)
39. 20 avqust 2014-cü il tarixli 286 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 avqust 2014-cü il, № 180, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 8, maddə 1019)
40. 30 dekabr 2014-cü il tarixli 411 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 07 yanvar 2015-ci il, № 3, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1685)
© 2009-2022 De Jure.