Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) Azərbaycan üzrə hesabatı

Ramil Gachay's picture
Dünən Parisdə Avropa Şurasının nəzdində fəaliyyət göstərən Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) öz dövri - 6-cı hesabatını təqdim etmişdir. Hesabat 2016-cı ildə çıxsa da 2014-cü ilə dair məlumatları əhatə edir. Hesabatda Azərbaycanın da əks olunduğu 45 ölkənin məhkəmə-hüquq sistemlərinin cari vəziyyətinə dair məlumatlar öz əksini tapmışdır. Eyni zamanda, hesabata əlavə kimi AŞ üzv ölkələrin məhkəmələrində İKT-nin tətbiqi səviyyəsinə dair tematik hesabat da təqdim olunmuşdur.
Qeyd olunmalıdır ki, CEPEJ bu tip statistik xarakterli hesabatları faydalı olmaqla bərabər, 2002-ci ildən etibarən hazırlamaqdadır.
Hesabat “məhkəmə sisteminə ayrılmış büdcə”, “hakimlər, vəkillər, prokurorlar və digər hüquqşünaslar”, “məhkəmələrin təşkili və istifadəçiləri” və ”məhkəmə və prokurorluqların fəaliyyətinin səmərəliliyi və keyfiyyəti” kimi bölmələrdən ibarətdir.
 
1. Beləliklə, hesabatda “məhkəmə sisteminə ayrılmış büdcə” ilə bağlı aşağıdakı məlumatlar öz əksini tapmışdır:
 
- Ümumən AŞ regionu üzrə məhkəmə sisteminə ayrılmış büdcənin həcmində ümumi artım müşahidə edilsə də, iqtisadi böhran fonunda Latviya, Litva, Rumıniya və Sloveniya kimi ölkələrin büdcələrində artım olmuşdur. Lakin İrlandiya, Yunanstan, Portuqaliya və İspaniyada isə məhkəmə sisteminə ayrılmış büdcənin həcmi azaldılmışdır.
- İl ərzində adambaşına məhkəmə-hüquq sisteminə ayrılmış məbləğ ortalama 60 Avro olsa da, bir sıra iqtisadi cəhətdən imkanlı ölkələrin ayırdığı məbləğ ortalama həddən aşağı olmuşdur.
- Azərbaycan, Latviya, Malta, Litva, Moldova, Rusiya kimi ölkələrdə inşaat və yenidənqurma işlərinə, yeni texnologiyaların alınmasına, əməkhaqqların artırılmasına əhəmiyyətli vəsaitlər ayrılmışdır.
- Hesabatda əks olunan ölkələrin ¼-də vergilər və dövlət rüsumlarından daxilolmalarda artım olmuşdur. Bu ölkələrdə dövlət rüsumlarından daxilolmalar məhkəmə-hüquq sisteminin büdcəsinin 20%-ni təşkil edir.
- Məhkəmələrin kompüterlərinin sazlığının təmin edilməsi, məhkəmə işçilərinin davamlı tədrisi, təhlükəsizlik, təmizlik və arxivlərinin idarə olunması kimi xidmətlərin kənar şirkətlərə verilməsində artım qeyd olunmuşdur.
- Hüquqi yardım sisteminin, məhkəmə qərarlarının icrası və məhkəmə mediasiyası institutunun tətbiqi genişlənmişdir.
 
2. Hesabatın “hakimlər, vəkillər, prokuorlar və digər hüquqşünaslar” ilə bağlı bölməsində vəziyyət aşağıdakı kimidir:
 
- Adambaşına düşən hakimlərin sayında dəyişiklik olmayıb: 100 min nəfərə 21 hakim.
- Qadın hakim və prokurorların sayında artım var. Burada balans müşahidə olunsa da, qadınların yüksək vəzifələrə qalxmasında “maneə”lər var.
- Kağız üzərində prokurorların fəaliyyətində müstəqillik müşahidə olunsa da, bir sıra ölkələrdə siyasi hakimiyyətin prokurorluğun işinə müdaxiləsi müşahidə olunur.
 
3. “Məhkəmələrin təşkili və istifadəçiləri” ilə bağlı bölmədə işlər belədir:
 
- Məhkəmələrin sayı azalsa da, həcmləri böyüməklə ixtisaslaşmaları təkmilləşdirilmişdir.
- İKT-dən istifadə məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artmasına təkan versə də, İKT sahəsində daha çox inkişaf etmiş ölkələrin məhkəmə sistemləri məhkəmə sistemind də daha çox inkişaf etmiş olaraq qəbul olunmamalıdır.
 
4. ”Məhkəmə və prokurorluqların fəaliyyətinin səmərəliliyi və keyfiyyəti” bölməsi ilə bağlı:
 
- Cinayət işlərinin sayında artım müşahidə olunur.
- Uzun perspektivdə məhkəmələrin daxil olmuş işlərə vaxtında baxılması baxımından fəaliyyətləri təkmilləşmişdir.
- 1-ci instansiya məhkəmələri tərəfindən mülki işlərlə bağlı ərizələrə baxılmasında sürətlənmə olsa da, bu növ işlərin sayında 2010-cu ildən etibarən yavaş-yavaş atrım var.
- İnzibati işlər ilə əlaqədar isə iş yükünün azalması, işlərə sürətlə baxılması müşahidə olunur.
- Cinayət işlərinin əksəriyyəti ibtidai araşdırma mərhələsində həll oluna bilinməsə də, məhkəmələr bu işin öhəsindən kafi dərəcədə gələ bilir.
- Bəzi iddia növləri üzrə şikayətlərin onlayn yolla göndərilməsində artım var.
 
 
Hesabatın Azərbaycan Republikası ilə bağlı hissində (2014-cü il üzrə) aşağıdakı əsas məsələlərə diqqət yetirilmişdir:
 
a) Məhkəmə-hüquq sisteminə ayrılmış ümumi büdcənin 57%-i sırf məhkəmələrə aiddir.
 
b) Dövlət büdcəsinin 1,3%-i məhkəmə-hüquq sistemi üçün nəzərdə tutulmuşdur.
 
c) Azərbaycanda il ərzində adambaşına məhkəmə-hüquq sisteminə ayrılmış məbləğ 16 Avrodur. Moldovada 8 Avro, Albaniya və Ukraynada 9 Avro, Türkiyədə 21 Avro, İsveçdə 103 Avro, İngiltərədə 144 Avro, İsveçrədə 219 Avrodur.
 
d) Əvvəlki illərlə müqayisədə Azərbaycanda 2014-cü ildə məhkəmə-hüquq sisteminə ayrılmış büdcədə 45% artım olubdur. Rumıniyada 62,5%, Moldovada 71,6% artım olmuşdur. Halbuki, İngiltərədə 6,44%, Macarıstanda 10,75%, Belçikada 11,78%, Norveçdə 23,51% azalma müşahidə edilmişdir.
 
e) Azərbaycan, İrlandiya, Rumıniya və İngiltərədə məhkəmə sisteminə ayrılmış büdcənin 50%-dən azı əməkhaqqına ayrılıb.
 
f) Məhkəmə-hüquq sisteminə ayrılmış büdcə vəsaitlərinin İKT sektoruna yönəldilməsi baxımından Azərbaycan liderdir – 12%, Danimarka – 8%, Niderland – 7%, Rusiya – 5%, Türkiyə - 4%. Busahədə orta rəqəm 3%-dir.
 
g) Bütün ölkələr üzrə məhkəmə sisteminə ayrılmış büdcənin hakimlərin tədrisinə ayrılmış hissəsi ortalama 1%-dir. Ən yüksək göstəricilər (2%-dən artıq) Azərbaycan, Fransa, Gürcüstan və Niderlanda aiddir.
 
h) Azərbaycanda dövlət rüsumları və digər ödənişlərdən daxilolmalar məhkəmə-hüquq sistemi büdcəsinin 3%-ni təşkil edir, halbuki, Türkiyədə bu rəqəm 51%, Avstriyada isə 111%-dir.
 
i) Azərbaycanda 100 min nəfərə düşən hakim sayısı 6 nəfərdir. 2012-ci ildən 2014-cü ilədək bu rəqəm 5% aşağı düşmüşdür. Bu indikator üzrə orta rəqəm 100 min nəfərə 21,1 nəfərdir.
 
j) Azərbaycanda qadın hakimlər hakim korpusunun 11%-ni, Sloveniyada 78%-ni, Lüksemburqada 72%-ni, Gürcüstanda 49%-ni, Türkiyədə 34%-ni, Ermənistanda 23%-ni təşkil edir.
 
k) Hakim karyerasının başlanğıcında Azərbaycanda hakimlərin illik brutto maaşları 25318 Avro, Gürcüstanda 20978 Avro, Rusiyada 18600 Avro, Serbiyada 16757 Avro, Türkiyədə 21108 Avro, Ukraynada 7693 Avrodur.
 
l) Azərbaycanda hər 100 min nəfərə düşən prokurorluq işçilərinin sayı 11,3 nəfərdir. Ölkə üzrə cəmi 1069 prokurorluq işçisi fəaliyyət göstərir. AŞ üzrə orta rəqəm isə 100 min nəfərə 11 nəfərdir.
 
m) Prokurorluq işçilərinin qadın/kişi nisbəti 96%/4%-dir. Yunanstanda  42%/58%, Türkiyədə 94%/6%-dir. AŞ üzrə isə ortalama 50%/50%-dir.
 
n) Azərbaycanda 2014-cü ilin statistikasına görə vəkillərin sayı 927 nəfər idi. 100 min nəfərə düşən vəkil sayı 10 nəfərdir, halbuki, AŞ üzrə orta rəqəm 100 min nəfərə 147 vəkildir.
 
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.