...
İşgüzar nüfuzunun hüquqi müdafiəsi istənilən təşkilatın uğurunun vacib şərtlərindəndir
Hər bir sahibkar, kommersiya və ya qeyri-kommersiya, dövlət və ya bələdiyyə təşkilatı öz işgüzar nüfuzunu qorumağa çalışır. Çünki bu, onun cəmiyyətdə müsbət imic formalaşdırmasına, tərəfdaşların etibarını qazanmasına və ya gəlirlərinin artmasına xidmət edir. İşgüzar nüfuz təşkilatın əmtəə nişanı, patent kimi qeyri-maddi aktividir və onu qorumaq istənilən təşkilatın əsas qayğılarından biridir.
Təşkilatın işgüzar nüfuzuna həm bazar rəqibləri, həm də digər şəxslər (KİV nümayəndələri, ayrı-ayrı vətəndaşlar və s.) tərəfindən xələl gətirilə bilər.
Belə ki, bəzən bazar subyektləri rəqibinin bazarda pozitiv mövqeyinə qısqanclıqla yanaşır və qanunsuz olaraq işgüzar nüfuzuna xələl gətirməklə, ona qara yaxmaqla öz iqtisadi məqsədlərinə çatmağa çalışırlar.
Qanunvericilikdə bir sıra müddəalar bazar rəqibinin işgüzar nüfuzunu aşağılamağı, ona xələl gətirməyi qadağan edir. Məsələn, “Haqsız rəqabət haqqında” Qanun sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bazar subyektlərinin (rəqiblərinin) ... işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətləri haqsız rəqabət hesab edir. Həmin qanuna əsasən rəqibin təsərrüfat fəaliyyətini nüfuzdan salmağa gətirib çıxaran aşağıdakı hərəkətlərə yol verilmir:
- digər bazar subyektlərinin işgüzar nüfuzu və maliyyə vəziyyəti haqqında yalan və təhrif olunmuş məlumatların yayılması;
- rəqibin elmi-texniki və istehsal imkanları haqqında məlumatların təhrif olunmuş şəkildə açıqlanması.
Həmçinin, “Reklam haqqında”qanuna əsasən müxtəlif vasitələr və (və ya) üsullarla bazar rəqibinin şərəf və ləyaqəti, işgüzar nüfuzu aşağılandıqda reklam haqsız hesab edilir. Haqsız reklama yol verilmir.
Bundan başqa, “Yeyinti məhsulları haqqında” Qanununda qeyd edilir ki, rəqibin işgüzar nüfuzu, sahibkarlıq fəaliyyəti, buraxdığı və satdığı məhsulun keyfiyyəti haqqında təhrif olunmuş məlumatlar yaydıqda ... hüquqi və fiziki şəxslər yeyinti məhsulları haqqında qanunvericiliyin pozulmasında təqsirkar hesab edilir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Təcrübədə bəzi KİV nümayəndələri də təşkilat barəsində yalan, həqiqətə uyğun olmayan, dəqiqləşdirilməmiş məlumatlar yayırlar və təşkilatın işgüzar nüfuzuna xələl gətirir, bununla da KİV haqqında mövcud qanunvericiliyi pozurlar.
Beləliklə, yuxarıda qeyd edilən hallar baş verdikdə işgüzar nüfuzun qanunvericilik çərçivəsində müdafiəsi aktuallaşır.
Qanunvericilikdə işgüzar nüfuzun müdafiəsinin hüquqi əsasları ilk növbədə Mülki Məcəllənin 23-cü maddəsində əks edilmişdir. Odur ki, bu maddənin müddəalarına diqqət edək.
Maddənin konstruksiyası elə qurulub ki, maddədə fiziki şəxslərin şərəf və ləyaqətinin müdafiəsi qaydaları ilə yanaşı, bu şəxslərin işgüzar nüfuzunun müdafiəsi qaydaları da əks edilib. Eyni zamanda, bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Yəni, maddədə qeyd edilən işgüzar nüfuzun müdafiəsinə dair müddəalar həm fiziki şəxslərin, həm də hüquqi şəxslərin işgüzar müdafiəsi üçün nəzərdə tutulur.
Bu qaydalar nədən ibarətdir?
Qanunun 23-cü maddəsində qeyd edilən əsas qaydalar odur ki, fiziki şəxs (həmçinin, hüquqi şəxs) ... işgüzar nüfuzunu ləkələyən ... məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin .... işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir.
Beləliklə, məhkəmə qaydasında işgüzar nüfuzun müdafiəsinə başlamaq üçün 3 əsas elementin birlikdə mövcudluğuna diqqət yetirməliyik:
1. Məlumatlar işgüzar nüfuzu ləkələyən olmalıdır;
2. həmin məlumatlar yayılmalıdır;
3. məlumatlar həqiqətə uyğun olmamalıdır (və ya natamam olmalıdır).
Bunların biri olmadıqda, işgüzar nüfuzun müdafiəsi barədə iddianın perspektivi olmayacaqdır.
Bunların hər birinin üzərində bir qədər dayanmaq olar.
1. Məlumatların işgüzar nüfuzu ləkələyən olması
Hüquqi şəxsin işgüzar nüfuzunun ləkələnməsi onun məhsullarının və ya xidmətlərinin keyfiyyəti, maddi-texniki, istehsal imkanları, rəhbərlərinin və ya əməkdaşlarının təşkilatın fəaliyyəti ilə bağlı hərəkəti (hərəkətsizliyi) və təşkilatın fəaliyyətinin digər istiqamətləri barədə yalan məlumatlar yaymaqla edilə bilər.
Eyni zamanda, məlumat istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət və yaxud ayrı-ayrı qruplar və ya şəxslər arasında təşkilat barəsində mənfi rəy yaradırsa, o, işgüzar nüfuzu ləkələyən məlumat hesab edilə bilər.
Hüquqi şəxsin (təşkilatın) rəhbər şəxslərinin və ya əməkdaşlarının fiziki şəxslər kimi şəxsi, təşkilatın fəaliyyəti ilə bağlı olmayan məsələləri barədə yalan məlumatların yayılması təşkilatın işgüzar nüfuzunun ləkələnməsi kimi qiymətləndirilmir.
Hər hansı bir yayılmış məlumatın təşkilatın işgüzar nüfuzunu ləkələyib-ləkələməməsi hüquqi məsələdir və bu məsələdə yalnız məhkəmə yekun nəticəyə gələ bilər. Burada işgüzar nüfuzun ləkələnib-ləkələnməməsini müəyyən etmək üçün linqvistik ekspertiza tələb olunmur.
Bəzi hallarda yayılmış məlumat işgüzar nüfuzu ləkələyə bilər, lakin onun həqiqət olması məsuliyyəti aradan qaldırır. Məsələn, borclu barədə kütləvi informasiya vasitələrində məlumatın yerləşdirilməsi, onun borclu olmağı barədə məlumatın qeyri-müəyyən dairədə yayılması, bununla da onun etibarsız tərəfdaş olması barədə rəy yaradılması və s. bunu yayan şəxs üçün məsuliyyət yaratmır.
2. Həmin məlumatlar yayılmalıdır
“Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli 4 saylı Qərarına əsasən məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır.
Bu halda nəzərə alınmalıdır ki, öz təşəbbüsü ilə deyil, vəzifəsinin icrası çərçivəsində müvafiq tapşırığa və ya sorğuya əsasən araşdırma aparıb onun nəticəsində arayış, rəy (o cümlədən, ekspert rəyi), izahat, sorğuya cavab məktubu və ya digər bu kimi sənəd təqdim edən vəzifəli şəxs məlumat yaymış hesab edilmir və məsuliyyət daşımır.
Əgər şəxs tərəfindən dövlət orqanına edilmiş müraciətdə dövlət orqanına müraciət hüququndan sui-istifadə edilməklə təşkilat barəsində bilə-bilə yalan, onun işgüzar nüfuzuna xələl gətirən məlumatlar verilibsə, həmin şəxsin üzərinə bu yalan məlumatı təkzib etmək və digər məsuliyyət növləri qoyula bilər.
3. Məlumatlar həqiqətə uyğun olmamalıdır (və ya natamam olmalıdır)
Yuxarıda qeyd edilən Ali Məhkəmənin Plenumunun 14 may 1999-cu il tarixli 4 saylı Qərarına əsasən məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır.
Mülki Məcəllənin 23-cü maddəsindən görünür ki, işgüzar nüfuzu ləkələyən hər hansı bir məlumatın həqiqətə uyğun olduğunu sübuta yetirmək yükü həmin məlumatı yaymış şəxsin üzərinə düşür. Bu şəxs yaydığı məlumatın doğruluğunu sübuta yetirə bilməsə məlumat yalan hesab edilir.
Bundan başqa, həmin maddəyə əsasən “faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin .... işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir”.
Yəni məlumatların natamam dərc edilməsi, əgər bununla şəxsin işgüzar nüfuzuna toxunulursa, bu şəxsə hüquq verir ki, işgüzar nüfuzunu ləkələyən məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb etsin və bundan irəli gələn digər tələbləri irəli sürsün.
Eyni zamanda, məlumatı qiymətləndirici mülahizələrdən fərqləndirmək lazımdır. Əgər yayılanlar məzmununa görə müəyyən vaxt və yer çərçivəsində olan faktlar, və ya baş verən hadisələr, hərəkətlər (hərəkətsizliklər) barədədirsə və bunun həqiqətə uyğunluğunun yoxlanılması mümkündürsə, bunlar məlumatlardır və bunları yayan şəxs həqiqiliyi sübut etməlidir.
YALAN MƏLUMAT YAYANA QARŞI HANSI TƏLƏBLƏRİ İRƏLİ SÜRMƏK OLAR?
Qeyd edilidiyi kimi, Mülki Məcəllənin 23-cü maddəsinə əsasən şəxs işgüzar nüfuzunu ləkələyən (habelə, natamam) məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər. Əgər şəxsin işgüzar nüfuzunu ləkələyən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.
Bundan başqa həmin maddədə qeyd edilir ki, kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır.
Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin.
“Kütləvi informasiya vasitələri haqqında” Qanunda bu münasibətlər daha detallı şəkildə əks edilmişdir. Belə ki, həmin qanuna əsasən kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır.
Şikayətçi müraciət edərkən, yaxud məhkəmə qərar çıxararkən kütləvi informasiya vasitəsi müvəqqəti olaraq dayandırılmışsa və ya onun istehsalına (yayımına) xitam verilmişsə təkzib, cavab və ya düzəliş cavabdehin vəsaiti hesabına iddiaçının istədiyi kütləvi informasiya vasitələrindən birində dərc oluna (efirə verilə) bilər.
Kütləvi informasiya vasitəsində cinayət işləri üzrə ibtidai araşdırmanın mahiyyəti və nəticələri barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatlar verildikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan məlumatın təkzib olunması və ya düzəliş verilməsi tələbi ilə müraciət etmək hüququna malikdir (maddə 44).
Habelə qanunda qeyd edilir ki, təkzibdə hansı məlumatın həqiqətə uyğun olmadığı, həmin kütləvi informasiya vasitəsində nə vaxt və necə dərc olunduğu göstərilir. Dövri mətbu nəşrdə təkzib bir qayda olaraq məlumatın və ya materialın verildiyi səhifədə həmin şriftlə yığılır və "Təkzib" başlığı aktında dərc olunur. Gündəlik və həftəlik yayılan mətbu nəşrlər təkzib, cavab və ya düzəliş haqqında tələbin daxil olduğu gündən sonrakı nömrədə, digər dövri nəşrlər isə hazırlanan və ya yaxın günlər üçün planlaşdırılan buraxılışda təkzibi, cavabı və ya düzəlişi dərc etməlidirlər.
Təkzib, cavab və ya düzəliş radio və televiziya ilə, tələbin alındığı gündən sonrakı müvafiq verilişdə oxunur. Bu tələbi etmiş fiziki şəxsin özünə və ya nümayəndəsinə, hüquqi şəxsin rəhbərinə və ya onun səlahiyyətli nümayəndəsinə efirdə (ekranda) cavabla çıxış etmək imkanı verilə bilər.
Təkzib və ya cavab mətnində heç bir dəyişiklik edilmədən verilir. Təkzib və ya cavabın mətni təkzib edilən və ya cavab verilən məlumatın həcmindən iki dəfədən çox olmamalıdır.
Cavab dərc olunan (efirə gedən) buraxılışda həmin cavabı şərh etməyə və ya təkzib etməyə yol verilmir. Cavaba cavab kütləvi informasiya vasitəsinin sonrakı buraxılışlarında yerləşdirilə bilər.
Təkzib, cavab və ya düzəliş rədd edildikdə bu barədə tələb etmiş şəxsə 3 gün müddətində əsaslandırılmış məlumat verilməlidir.
Təkzibdən imtina üçün aşağıdakılar əsas ola bilər:
- məhkəmənin qanuni qüvvəyə minmiş qərarına ziddirsə;
- imzasızdırsa;
- həmin məlumat və ya material barədə kütləvi informasiya vasitəsində artıq təkzib getmişdirsə;
- təkzib və ya cavabın mətni təkzib edilən və ya cavab verilən məlumatın həcmindən iki dəfədən çoxdursa;
- məlumatın və ya materialın kütləvi informasiya vasitəsində yayılmasından bir aydan çox müddət keçmişdirsə (maddə 45).
Mülki Məcllənin 23-cü maddəsinə əsasən işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış ... şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
Bununla yanaşı, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 saylı Qərarına əsasən hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər.
Mülki Məcəllənin 21-ci maddəsində qeyd edilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
Həmin Məcəllənin 1097.1-ci maddəsində isə qeyd edilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericiliklə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütanasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.
Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən 3 noyabr 2008-ci il tarixli 7 saylı Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər.
Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən 14 may 1999-cu il tarixli 4 saylı Qərarına əsasən iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Şərəf və ləyaqətin müdafiəsi hüququnun konstitusion hüquq olmasına əsaslanaraq məhkəmələrə izah edilir ki, maraqlı şəxslər şərəf və ləyaqətlərinin müdafiəsi üçün kütləvi informasiya vasitəsinə təkzib vermək barədə ilkin müraciət etmədən birbaşa məhkəmədə iddia qaldıra bilərlər.
MƏSULİYYƏTDƏN AZAD EDİLMƏ HALLARI
“Kütləvi informasiya vasitələri haqqında” Qanununa əsasən kütləvi informasiya vasitəsində yayılmış həqiqətə uyğun olmayan məlumat aşağıdakı hallarda redaksiya (məsul redaktor), eləcə də jurnalist üçün məsuliyyət yaratmır:
1) rəsmi dövlət orqanları və ya onların mətbuat xidmətləri tərəfindən yayılmışdırsa;
2) informasiya agentliklərindən və ya idarə, müəssisə, təşkilat, siyasi partiya və ictimai birliklərin mətbuat xidmətlərindən alınmışdırsa;
3) digər kütləvi informasiya vasitəsindən götürülmüş və təkzib olunmamışdırsa;
4) Milli Məclis deputatlarının, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müәssisә, təşkilat və ictimai birliklərin nümayəndələrinin, habelə siyasi xadimlərin və vəzifəli şəxslərin rəsmi çıxışlarında olduğu kimi təkrar edilmişdirsə;
5) canlı yayımla efirə gedən çıxışlarda deyilmişdirsə, yaxud bu Qanuna müvafiq surətdə redaktə edilməli olmayan mətnlərdə getmişdirsə.
Vəkil Allahverən Oruclu