Əmanətlərin Sığortalanması Fondunun qorunan əmanəti kompensasiya etməkdən yayınması cəhdi baş tutmadı! - Əkrəm Həsənov

Ramil Gachay's picture

ALİ MƏHKƏMƏ ƏMANƏTLƏRİN SIĞORTALANMASINA ETİMADI TAM BƏRPA ETDİ! (Əmanətlərin Sığortalanması Fondunun qorunan əmanəti kompensasiya etməkdən yayınması cəhdi baş tutmadı!)
Ötən il Nəsimi rayon məhkəməsinin əcaib qətnaməsi barədə yazmışdım (https://www.facebook.com/akram.hasanov.5/posts/10213389600391058). İşin qısa mahiyyəti belə idi. 1 avqust 2013-cü ildə hüquqlarını müdafiə etdiyim vətəndaş “Bank Standard”a 10000 dollar məbləğində 12,5%-lə 3 il müddətinə əmanət qoyub. Əmanət sığortasız idi. 2016-cı ildə bank sisteminə etimadın bərpası məqsədilə dövlət başçısının təşəbbüsü ilə “Əmanətlərin tam sığortalanması haqqında” Qanun qüvvəyə minir. Qanuna görə hər kəs bankdakı mövcud əmanətinin faiz dərəcəsini azaltmaqla onu sığortalaya bilər. Vətəndaş 23 iyun 2016-cı ildə banka gəlir və əlavə saziş bağlayaraq əmanəti üzrə faiz dərəcəsini 3%-ə endirir ki, əmanəti sığortalanmış olsun. Həmin ilin avqust ayında əmanət müqaviləsinin müddəti bitir, lakin bank əmanəti qaytarmır. 2016-cı ilin oktyabr ayında bank müflis olur. Vətəndaş əmanətinin sığortalı olduğu üçün onun kompensasiya edilməsini tələb edir. Lakin Əmanətlərin Sığortalanması Fondu ona bildirir ki, bankın elektron məlumat sistemində əmanət üzrə faiz dərəcəsi 3% deyil, 6%-dir (heç dəxli var???). Faktiki vətəndaşa deyirlər ki, əlindəki müqavilə (əlavə saziş) boş şeydir, əsas Fondun elektron məlumat sistemidir. Vətəndaş Nəsimi rayon məhkəməsinə müraciət edir. Məhkəmədə Fondun nümayəndəsi artıq yeni arqument əsasında əmanətin qaytarılmamasını əsaslandırır. Deyir ki, bankın müflis elan olunduğu ana (2016-cı ilin oktyabr ayı) əmanətin müddəti (2016-cı ilin avqust ayı) bitdiyi üçün, o, artıq sığortalı deyil. Hakim də məhz bu qanunsuz, absurd və məntiqsiz arqumenti rəhbər tutaraq iddianı rədd etmişdi.
Məhkəmənin bu qərarı faktiki o demək idi ki, əmanətlərin sığortalanmasına bel bağlamaq olmaz. Ən dəhşətlisi isə bu idi ki, bu etimadsızlığın təşəbbüskarı tam əksinə fəaliyyət göstərməli olan Əmanətlərin Sığortalanması Fondu özü idi. Oturduğu budağı kəsir! Axı müflisləşən hər bir bankın iflası əmanətləri qaytarmaması ilə başlanır. Əmanətlərin sığortalanması da elə məhz buna görə lazımdır ki, belə bank müflisləşən kimi sığortalanmış əmanətlər qaytarılsın. Fondun və Nəsimi rayon məhkəməsinin məntiqindən isə belə çıxırdı ki, əmanətçilər əmanət müddətinin sonunda əmanəti geri götürə bilmirsə, həmin əmanət artıq sığortalı deyil və bank müflisləşəndən sonra kompensasiya edilməli deyil. Belə olan halda əmanətlərin sığortalanması kimə lazımdır?
Məhz bütün bu arqumentləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsi Nəsimi rayon məhkəməsinin qətnaməsini ləğv etmiş və bizim iddiamızı təmin etmişdi (https://www.facebook.com/akram.hasanov.5/posts/10214479388875089)! Lakin Fond bu qətnamədən kassasiya şikayəti vermişdi. Beləliklə, bu məsələdə son nöqtəni Ali Məhkəmə qoymalı idi və qoydu da. Ali Məhkəmə də Apellyasiya Məhkəməsinin mövqeyi ilə razılaşıb iddiamızı təmin etdi (qərarı dərc edirəm). Beləliklə, Fond əmanəti kompensasiya etməlidir!
Beləliklə, Cənab Prezidentin ölkə banklarına etimadın bərpası üçün yaratdığı mühüm institutlardan birinə - əmanətlərin tam sığortalanması sisteminə etimad bərpa olundu!

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.