...
Dahilərə qarşı keçirilən ədalətsiz məhkəmələr hər zaman tarixə silinməz olaraq həkk olunur. Hətda özündə dramatik anları ehtiva edən bu məhkəmə prosesləri, mühakimə olunanları zaman etibarilə qəhrəmanlaşdırır/dahiləşdirir, mühakimə edənləri isə lənətləyirlər.
SOKRAT DAVASI
Eramızdan öncə 400-cü illərdə yaşayan Sokrat öz fikrinə görə cəmiyyətə sırınan köhnə stereotiplərin əleyhinə getdiyi üçün, ictimai fikir axınında nur rolu oynadığı üçün tez-tez təqiblərə məruz qalırdı. O, mifoloji Allahların idarəetməsindən yaxa qurtarmaq, qul psixologiyasından azad olmaq üçün çaba sərf edirdi. Onun ideyası mifoloji düşüncənin real düşüncə ilə əvəz edilməsi idi. Onun ənənəvi ideyaları darmadağın etdiyinə görə mühakimə edən məhkəmənin "idarəedilən tərəzisi" Sokratın "ağır tərəzisi" qarşısında aciz idi. Allahlar tərəfindən təyin edilən özəl məhkəmə onu ölümə məhkum etdi. Səbəb isə ictimai qaydaların ziddinə getmək və cəmiyyəti həqiqətlər yönündə aydınlatmaq/ nurlandırmaq idi. Bəhanələri isə ictimai əxlaq qaydalarını pozmaq, gəncləri əxlaqsızlaşdırma ittihamı idi. Əslində Sokratın iki seçimi vardır, ya zəhərli baldıran otunu içərək ölmək, yada sürgün olunmaq. Sokrat sürgünə gedəcəyi zaman ictimaiyyəti aydınlatma fəaliyyətindən/fəlsəfi missionerliyindən məhrum olmuş olacaqdır. Sokrat missiyasını itirməkdənsə ölümü seçdi. Məşhur Fransız rəssamı Jacques Louis David 1787-ci ildə çəkdiyi məşhur "Sokratın ölümü" tablosu ilə Sokratın mühakiməsinin bütün çılpaqlığını ortaya qoyur. Aşağıdakı şəkil hazırda ABŞ-da Metropoliten Sənət Muzeyində saxlanılır. Həmin rəsmdə Sokratın dizinə əlini qoyan Platon, ayaq üstündə kədərlə oturan isə Kritondur. Bu tabloda qırmızı paltarlı və əlindəki baldıran zəhərini istəməyərək Sokrata uzadan isə onun tələbəsidir. Onlar Sokratın ölməməsi üçün, alternativ cəzanı seçməsi üçün onu razı salmaq istəsələr də bacarmadılar. Sokrat bilirdi ki, o haqdır/həqiqətdir, missiyasından imtina etmək isə haqdan imtina etməkdir. Haqdan imtina etmək isə onu xaraktersizləşdirəcəkdir. Ölümü seçdi. Üstündən 2400 ildən çox vaxt keçib. Amma Sokrat ideyaları və dərin təfəkkürü yaşayır, mühakimə edənlər isə lənətlənir. Dünya məşhur filosoflarından olan Kant Sokratı “ağlın idealı”, Hegel isə "insanlıq qəhrəmanı" adlandırmışdır.
Sonra yenə də bir şeyi unutmayaq. Düşüncəni, təfəkkürü, əsərləri xarakterlər formalaşdırır. Xaraktersiz insandan heç zaman faydalı nəsə çıxacağını zənn etmirəm. İnsanın biliyi, daxili xaricinə/praktikasına/davranışlarına yansımırsa, bu bilik faydasız, bilik sahibi isə "xaraktersizdir". Xaraktersiz insan isə su kimi istənilən formata uyğunlaşmağa, buqələmun kimi istənilən cildə girməyə hazırdır.
Dahilərin mühakiməsi yazısının davamı olacaq....
vəkil Aqil Layıc