Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə
İddiaçı: Məhəmmədov Hüseyn Əli oğlu
Ünvan: Bakı şəhəri, Ə.Məmmədov küçəsi, ev 3, m. 45
Cavabdeh: “_____________” lizinq şirkəti QSC
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu,
Əhməd Rəcəbli, ev 1, Bina15
İDDİA ƏRİZƏSİ
(əqdin etibarsız hesab olunmasına dair)
13 iyul 2013-cü il tarixində “____________” lizinq şirkəti QSC ilə (bundan sonra “Cavabdeh”) Məhəmmədov Hüseyn Əli oğlu (bundan sonra “İddiaçı”) arasında obyekti K6-1 markalı avtokran (bundan sonra “Lizinq obyekti”) olan 1613T №-li “Daxili Maliyyə Lizinqi Müqaviləsi” (bundan sonra “Müqavilə”) bağlanmışdır. Müqavilədə qiymətlər dollarla ifadə olunmuşdur. Bu isə, tamamilə qanunsuzdur.
Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin III hissəsində deyilir: “Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır”. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli Qərarının 2-ci bəndində Konstitusiyanın sözügedən müddəası belə şərh edilir: “Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin III hissəsinin “ödəniş vasitəsi” müddəası görülmüş iş, göstərilmiş xidmət, satılmış mal və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması hallarını nəzərdə tutur”.
Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra “MM”) 439.1-ci maddəsinə əsasən də pul öhdəliyi manatla ifadə edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında həmin maddə belə şərh olunur: “Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir”.
MM-in 747.1-ci maddəsində deyilir: “Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur”.
Göründüyü kimi, lizinq əşyanın əvəzli istifadəyə verilməsinin formalarından biridir. Lizinq alanın lizinq verənə ödədiyi muzd ödənişdir.
Deməli, lizinq müqaviləsində ödənilməli olan muzd manatla ifadə edilməli və ödənişlər də buna uyğun olaraq manatla ifadə olunmalıdır. Lakin Cavabdeh mövcud qanunvericiliyin tələblərini pozaraq Ödəniş cədvəlində qiymətləri dollarla ifadə etmişdir. İddiaçı isə bunu yalnız Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli Qərarının qəbulundan sonra bilmişdir. MM-in 354.2-ci maddəsinə əsasən isə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.
MM-in 337.1-ci maddəsinə görə, MM-də müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Buna görə də, 439-cu maddəsində müəyyənləşdirilmiş imperativ hüquq normasını pozmaqla bağlanılmış Müqavilə etibarsız hesab olunmalıdır.
Müqavilə layihəsi İddiaçıya Cavabdeh tərəfindən təqdim edilmiş və təqdim edildiyi şəkildə də İddiaçı tərəfindən imzalanmışdır. Buna görə də Müqavilə MM-in 417-420-ci maddələrinə əsasən standart şərtlər əsasında bağlanmış əqddir. MM-in 420.2-ci maddəsində deyilir: “Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır”. İddiaçı ilə Müqaviləni bağlayarkən Cavabdeh məhz vicdansızlıq nümunəsi göstərərək İddiaçının etimadından sui-istifadə etmişdir. Buna görə də bu əsasla da Müqavilə etibarsız hesab olunmalıdır.
Digər tərəfdən, Müqavilə MM-in 347.2.2-ci maddəsinə əsasən də etibarsızdır. Belə ki, həmin maddəyə görə şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdirsə, bu, vacib əhəmiyyətli yanılmadır. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd isə belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər.
Eyni zamanda Müqavilə MM-in 339.2-339.3-cü maddələrinə əsasən də etibarsızdır. Həmin maddələrə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur.
MM-in 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər MM-də onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
İddiaçı Müqavilə üzrə 25000 (iyirmi beş min) manat avans ödənişi və 113200 (yüz on üç min iki yüz) ABŞ dolları məbləğində lizinq ödənişi etmişdir.
Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrini rəhbər tutaraq,
XAHİŞ EDİRİK:
“__________” lizinq şirkəti QSC ilə Məhəmmədov Hüseyn Əli oğlu arasında bağlanmış 13 iyul 2013-cü il tarixli, 1613T/15/G “Daxili Maliyyə Lizinqi Müqaviləsi”nin etibarsız hesab edilməsinə və Məhəmmədov Hüseyn Əli oğlu tərəfindən Cavabdehə ödənilmiş olan 25000 (iyirmi beş min) manat məbləğində avans ödənişinin və 113200 (yüz on üç min iki yüz) ABŞ dolları məbləğində olan lizinq ödənişlərinin İddiaçının xeyrinə Cavabdehdən tutulmasına dair qətnamə çıxarasınız.
Əlavə olunan sənədlərin siyahısı:
1. İddia ərizəsinin 1 nüsxəsi – 3 vərəq;
2. “______________” lizinq şirkəti QSC ilə Məhəmmədov Hüseyn Əli oğlu arasında bağlanmış 13 iyul 2013-cü il tarixli, 1613T/15/G “Daxili Maliyyə Lizinqi Müqaviləsi”nin surəti – 4 vərəq;
3. Məhəmmədov Hüseyn Əli oğlunun şəxsiyyət vəsiqəsinin surəti – 1 vərəq;
4. Cavabdehin ünvanını təsdiq edən sənədlər (Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsindən (http://www.taxes.gov.az/) götürülmüşdür – 1 vərəq;
5. Dövlət rüsumunun ödənilməsi haqda qəbzin əsli – 1 vərəq.
_________________ Məhəmmədov Hüseyn Əli oğlu
19.04.2016-cı il