Vergi qanunvericiliyini öyrənək. Dərs #2

Аватар пользователя Ramil Gachay

Keçən yazımda Vegi Məcəlləsinin (VM) sadəcə 1-ci maddəsini yerləşdirmişdim. Ola bilsin heç onunla da tanış olmadınız (istəyərdim ki, səhv edim). Hüquq mürəkkəb dildə tərtib olunur və bütün maddələri oxumaq çox vaxt maraqlı olmur. 

Məcəllə özü qanun olsa belə bir-çox digər normativ aktlara istinad edir və ya yönəldir, ona görə təcrübəsiz adam Məcəlləni oxuyarkən yorulub əldən düşün, sonra da həvəsdən düşür.

Ola bilsin yazılarım qısa olsa sizə daha maraqlı olar. Fikrimcə əgər əsas məqsədimiz təhsil almaqdırsa, deməli çalışaq ki, həvəsdən düşməyək. Az olsa da oxuyaq. 

Əgər Məcəllənin 1-ci maddəsini oxusanız da belə çox güman ki, çox şeylər sizin üçün aydın olmadı və bəlkə də mənasız görsənir. Hələ ki, buna fikir vermyin, çünki bu cümlələr bütün Vergi Məcəlləsinin məzmununu əhatə edir (qısa şəkildə). 

İndi keçək 2-ci maddəyə (nəzərdə saxlayaq ki, VM-nin 221 maddəsi var). Nəzərdən keçirsəniz - yaxşı olardı. Çünki artıq görəcəksiniz ki, VM-i nə qədər qüvvətli qanun olsa belə bu sahədə tək meydan oxumur. Misal üçün 2.7-ci maddəsi bizə göstərir ki, bəzi qanunlar VM-dən üstün ola bilər. Amma bütün digər hallarda VM rəhbər tutulmalıdır. Sonra biləcəksiniz ki, Konstitusiyamızda (m.m. 3,73, 94, 138, 144 və s.) vergi qanunvericiliyinə aid edilir, necə təəccüblü olsa belə bu belədir. Ümumiyyətlə bu maddə qarışıqdır. Fikir versəniz, 2.4-1. hissəsi (maddə  hissədən, bənddən, yarımbənddən və abzasdan ibarətdir) 2.4 hissəsinə müraciət edir. 2.6 hissəsi 2.5-ə müraciət edir və s.

Amma ümumilikdə bu vacib maddədir. Əgər sizin gəliriniz xaricdən gəlirsə bu maddəyə xüsusi diqqət yetirin, çünki ikiqat vergitutma barədə məlumat bu maddədə əks olunub. Misal üçün şəxs xarici dövlətin rezidenti olmasa ikiqat vergitutma tətbiq edilə bilər (həm ordan vergi tutacaqlar, həm burdan).  2.4.8-ci bənd də çox maraqlıdır, əgər sahibkarlar həmin qanundan (Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında) istifadə etsələr yoxlamalar zamanı özünü çox arxayın apararlar.

 

Maddə 2. Azərbaycan Respublikasının vergi qanunvericiliyi

2.1. Azərbaycan Respublikasının vergi qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən və onlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir.

2.2. Bu Məcəllənin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır.

2.3. Vergi qanunvericiliyi aktları ilə digər sahə qanunvericilik aktları arasında bu Məcəllənin 2.7-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, vergitutma və vergi nəzarəti məsələləri üzrə ziddiyyət yarandıqda, vergi qanunvericiliyinin aktları tətbiq edilir.

2.4. Aşağıdakılar istisna olunmaqla, vergi qanunvericiliyindən başqa digər qanunvericilik aktlarına vergitutma və vergi nəzarəti məsələləri daxil edilə bilməz:

2.4.1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan vergi münasibətlərinə aid inzibati xətalar haqqında müddəalar;

2.4.2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vergi cinayətləri haqqında müddəalar;

2.4.3. vergi öhdəliklərinin üstünlüyü haqqında müflisləşmə və iflas haqqında qanunvericilikdə nəzərdə tutulan müddəalar;

2.4.4. büdcə qanunvericiliyində vergilərlə bağlı müddəalar;

2.4.5. vergilər üzrə dövlət təminatlarının verilməsi ilə bağlı müddəalar; 

2.4.6. hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda nəzərdə tutulan müddəalar.

2.4.7. İxrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunlarda nəzərdə tutulan müddəalar.

2.4.8. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda vergi yoxlamaları (kameral vergi yoxlamaları istisna olmaqla) haqqında nəzərdə tutulan müddəalar.

2.4-1. Vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız bu Məcəllə ilə müəyyənləşdirilir. Bu Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən bu Məcəllənin 2.4-cü maddəsində göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz.

2.5. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında bu Məcəllə ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir.

2.6. Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilə ilə bu müqavilə bağlanan dövlətin rezidentinə verilən vergi güzəştlərinə və üstünlüklərinə münasibətdə, həmin müqavilə onu bağlamış dövlətin rezidenti olmayan şəxs tərəfindən qeyd edilən güzəştlərin və üstünlüklərin alınması üçün istifadə edilirsə, bu Məcəllənin 2.5-ci maddəsinin müddəaları tətbiq olunmur.

2.7. Bu Məcəllə qüvvəyə minənədək və ya o, qüvvəyə mindikdən sonra qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunlarda bu Məcəllədə və vergilər haqqında digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin sazişlərin və ya qanunların müddəaları tətbiq edilir.

2.8. Növbəti ilin dövlət büdcəsi layihəsi çərçivəsində vergi siyasəti, vergi inzibatçılığı və vergi dərəcələrinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi zərurəti yarandıqda həmin qanun layihələri müvafiq icra hakimiyyəti orqanına cari ilin may ayının 1-dək, müvafiq icra hakimiyyəti orqanı tərəfindən isə Azərbaycan Respublikasının Milli Məclisinə cari ilin may ayının 15-dən gec olmayaraq təqdim edilir

Теги: 
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.