Vergi qanunvericiliyini öyrənək. Dərs #24 (Kameral yoxlama)

Аватар пользователя Ramil Gachay

Kameral yoxlaması nədir? Bu yoxlamanın anlayışı VM-nin 37.1-ci maddəsində göstərilib.  Qısa olaraq isə, kameral vergi yoxlaması yerlərə getmədən yoxlamanın keçirilməsidir (vergi ödəyicisinin sənədləri və məlumatları əsasında). 

Çalışın bu yoxlamaya barmaqarası baxmayın, əgər hesab edirsinizsə, kameral yoxlama zamanı sizi cəriləmək mümkün olmayacaq, siz səhv edirsiniz. Çünki təkcə vergiləri vaxtında ödəmək şərt deyil (bizim qanunvericiliyimizə uyğun olaraq). Siz, vergi ödəyicisi kimi, hesabatları da düzgün verməlisiniz və bu hesabatlar təqdim etdiyiniz vergilərə uyğun olmalıdır.

Misal üçün, siz 1 rüb üzrə 300 manat vergi ödədiniz, amma, hesabatda 200 manat göstərdiniz və elektron vergi bəyannaməsinə baxarkən, görürsünüz ki, dövlət hələ sizə boruclu qalıb. Daha sonra siz bu nöqsanı örtmək üçün az vergi ödəyirsiniz, baxmayaraq ki, siz artıq səhv hesabatı təqdim etmisiniz. Belə gedişlə, 2-3 il ərzində çoxlu sayda səhvlər edirsiniz; ödədiyiniz vergilər təqdim etdiyiniz hesabatlarla uyğun gəlmir. Və nəticədə, yoxlama zamanı, vergi orqanı bütün bu ziddiyyətləri sizin ziyanınıza hesablayır. Müəyyən olunur ki, siz dövlətə 1000 manat borclusunuz (misal kimi) və üstünə həmin məbləğin yarısını da sanksiya kimi tətbiq edirlər və siz 1500 manat cərimə olunursunuz. 

Ona görə çalışın daim öz elektron bəyannamələri yoxlayın ki, nə dövlət sizə borclu qalsın, nə siz. 

Daha bir məsləhət. Bildiyiniz kimi, şəxs öz gəlirlərini rəsmi olaraq qəbzlərlə, aktlarla (nağd olanda), ödəniş tapşırıqlarla, bank çıxarışları (nağdsız olanda) ilə sübut edir. Yeni fəaliyyətə başlayərkən bu sənədlərin sayı çox olmur və vergi ödəyiciləri onlara əhəmiyyət vermir və nəzarət etmir. Amma 2-3 ildən sonra həmin sənədlərin sayı çox olur və qarma-qarışıqlıq yaranır. Bu problemi aradan qaldırmaq üçün, elə əvvəlcədən mühasibat qovluğu alın. Qəbzləri ayrı saxlayın, ödəniş tapşırıqları ayrı, bank çıxarışlarını ayrı. Rübdə bir dəfə onları elektron bəyannamə ilə tutuşdurun. Qoy hər şey düzgün olsun. Çox vaxt aparmayacaq, amma siz yoxlamalara hazır olacaqsınız.

 

Maddə 37. Kameral vergi yoxlaması

 

37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 

37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir.

37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər.

37.4. Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir.

Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır.

37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər.

37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır.

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.