Vergi qanunvericiliyini öyrənək. Dərs #11 (Vergi ödəyicisinin vəzifələri)

Аватар пользователя Ramil Gachay

Keçən dərs biz vergi ödəyicisinin hüquqları barədə yazmışdıq, bu gün isə onun vəzifələri barədə. Əslində, ümumi baxanda, vergi ödəyicisinin cəmi 2 əsas vəzifəsi var: vergi ödəmək və hesabatları vermək. Bunları düzgün və vaxtında etmək lazımdır. Gəlir əldə etməyə başlamısınızsa və ya bunu etmək niyyətiniz varsa,  vergi orqanlarında qeydiyyatdan keçmək lazımdır və VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) əldə etmək lazımdır (fiziki şəxslər üçün). 

Bəzi inkişaf etmiş ölkələrdə dövlət, fəaliyyətə yeni başlamış sahibkarlara, müəyyən güzəştlər edir. Misal üçün Böyük Britaniyada sahibkarlıq fəaliyyətinə başladığı tarixdən ilk üç ay ərzində vergi ödəməkdən azadsan. Bizdə hələ belə üsullar tətbiq edilmir.

Hazırda bizim ölkədə gəliri az olan şəxslərə qarşı, vergi sistemi kifayət qədər yumşaqdır və elə fəaliyyət sahələri var var ki, dövlət öz dəstəyini göstərir (misal üçün, kənd təsərrüfatı). Vergi orqanlarında çoxlu sayda islahatlar aparılıb və xidmət səviyyəsi yüksəldilib, rahatlaşıb, elektronlaşıb. Bütün bunlara baxmayaraq vergi qanunvericiliyi hələ formalaşmaqdadır və vergi mədəniyyəti hələ də əhali tərəfindən tam mənimsənilməyib. Bundan başqa dövlət qurumları arasında müəyyən anlaşılmazlıqlar və çatışmazlıqlar olduğu üçün insanlar vergi ödəməkdən yayınırlar. Bir neçə halları öznüz də müşahidə edə bilərsiniz. Misal üçün həyətlərdə insanlar meyvə-tərəvəz alveri ilə məşğuldurlar. Onların fəaliyyəti qanunverciliklə yaxşı tənzimlənmir və ona görə də bu sahədə çoxlu sui-istifadələr olur. Polis işçiləri (xüsusilə sahə inspektorları) onları incidir, onlardan rüşvət tələb edir. Alverçilər də öz ailələrini saxlamaq üçün bütün üsullara əl atırlar. Bu sahə tənzimlənmir, amma əgər dövlət bu məsələni tənzimləsə, onda həm korrupsiya halları azalar, dövlətə vergi gələr, cəmiyyətdə olan gərginlik aradan qalxar.

Misal üçün, səyyar ticarət sistemi təkmilləşdirilməlidir. Bu sahə üzrə icazələr vergi orqanına (və ya ASAN xidmətə) həvalə edilməlidir. İcazələrin qiyməti yüksək olmamalıdır (10-20 manat illik). Həmin şəxslər mütləq vergi qeydiyyatından keçməlidirlər, onlar üçün vergi ödəmək asanlaşdırılmalıdır (çek, qəbz, kassa onların işini çətinləşdirəcək). Bu sahədə dövlət orqanları, vergi ödəyicisinə etibar edilməlidir, xüsusilə yeni başlayan şəxslərə. Polis və digər qurumlara səyyar alver ilə məşğul olan şəxslərə mane olmaq qəti qadağan edilməlidir. Əminəm ki, bu tədbirlərdən sonra, vətəndaşlar vergi ödəməkdən qaçmayacaqlar və bu işlər sahibkalığa böyük dəstək olacaq.

Belə işlərdə hər şey etibardan başlayır və birinci addımı dövlət etməlidir.

Aşağıda VM-nin 16-cı maddəsi ilə tanış ola bilərsiniz. Sizə kömək edəcək.

 

Maddə 16. Vergi ödəyicisinin vəzifələri

16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır:

16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; 

16.1.2. vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq;

16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq;

16.1.4. vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada, auditor tərəfindən yoxlanılması nəzərdə tutulduğu hallarda isə, auditor rəyi əlavə edilməklə vergi hesabatını təqdim etmək;

16.1.5. vergi orqanlarının vergi qanunvericiliyinin aşkar edilmiş pozuntularının aradan qaldırılması haqqında qanuni tələblərini icra etmək, habelə vergi orqanlarının vəzifəli şəxslərinin qanuni fəaliyyətinin icra edilməsinə maneçilik törətməmək;

16.1.6. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək; 

16.1.7. qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;

16.1.8. aşağıdakı fəaliyyət növləri istisna olmaqla, nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları vasitəsilə həyata keçirmək:

16.1.8.1. Qəzet və jurnalların satışı (belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çox olduqda);

16.1.8.2. qiymətli kağızların satışı;

16.1.8.3. lotereya biletlərinin satışı, idman mərc oyunları üzrə operator və satıcı tərəfindən həyata keçirilən fəaliyyət; 

16.1.8.4. sərnişin və yük daşıma (dəmir yolu, hava, su və avtomobil nəqliyyatı vasitəsilə) fəaliyyəti (oturacaq yerlərinin sayı 6-dan az olan qanunvericiliyə uyğun olaraq taksometr tətbiq edilməli taksilərdən başqa);

16.1.8.5. kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı;

16.1.8.6. şüşə qablar və dəmir tullantılarının qəbul məntəqələrinin fəaliyyəti;

16.1.8.7. rabitə xidməti (internet klubların fəaliyyəti istisna olmaqla);

16.1.8.8. reklam xidməti;

16.1.8.9. mənzil təsərrüfatı obyektlərinin fəaliyyəti;

16.1.8.10. yaşayış və qeyri-yaşayış obyektlərinin kirayəyə verilməsi;

16.1.8.11. mehmanxana, motel, kempinq və yataqxana xidmətləri;

16.1.8.12. elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti, lift və təhlükəsizlik xidməti;

16.1.8.13. kanalizasiya və sanitar təmizləmə xidməti;

16.1.8.14. turizm-ekskursiya, sanatoriya-kurort və sağlamlaşdırma xidmətləri;

16.1.8.15. bədən tərbiyəsi və idman xidməti;

16.1.8.16. səhiyyə xidməti;

16.1.8.17. vəkillik, notariat və digər hüquq xidmətləri;

16.1.8.18. təhsil müəssisələrinin təhsillə bağlı olan fəaliyyəti və tədris kurslarının fəaliyyəti;

16.1.8.19. avtomobil dayanacaqlarının fəaliyyəti;

16.1.8.20. paltarların kimyəvi təmizlənməsi və boyanması, yuyulması;

16.1.8.21. mənzillərin təmiri və tikintisi;

16.1.8.22. stasionar olmayan məntəqələrdə mərasim xidmətləri və bununla əlaqədar kirayə;

16.1.8.23. lombard xidməti;

16.1.8.24. cildləmə xidməti;

16.1.8.25. səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti;

16.1.8.26. bank fəaliyyəti, həmçinin sığorta və sığorta vasitəçiliyi xidmətləri;

16.1.8.27. işçilərin sayı iki nəfərdən çox olmayaraq həyata keçirilən aşağıdakı fəaliyyətlər:

16.1.8.27.1. mebellərin təmiri və hazırlanması;

16.1.8.27.2. foto, audio-video xidməti;

16.1.8.27.3. ayaqqabıların, paltarların, trikotaj və gön-dəri məmulatlarının təmiri və fərdi tikilişi;

16.1.8.27.4. saatların, televizor, soyuducu və digər məişət cihazlarının təmiri;

16.1.8.27.5. nəqliyyat vasitələrinə texniki və digər xidmətlər;

16.1.8.27.6. bərbər xidməti;

16.1.8.27.7. zərgərlik və metal məmulatlarının təmiri və hazırlanması;

16.1.8.27.8. nəqqaşlıq və rəssamlıq emalatxanaları və təmiri məntəqələrinin fəaliyyəti.

16.1.9. nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək;

16.1.10. istismar zamanı nəzarət-kassa aparatının plombu pozulduqda və ya başqa nasazlıqlar yarandıqda vergi orqanlarına dərhal məlumat verməklə, nəzarət-kassa aparatından istifadəni müvəqqəti dayandırmaq və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etmək;

16.1.11. sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident bank idarələrində və digər qeyri-rezident kredit təşkilatlarında hesabların açılması üçün vergi orqanlarından alınmış şəhadətnamə-dublikatların bildiriş hissəsində müvafiq qeydlər etməklə, bu hesablar üzrə əməliyyatlar aparıldığı tarixədək vergi orqanına təqdim etmək;

16.1.11-1. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq nağdsız ödənişlərin aparılması üçün POS-terminalların quraşdırılmasını və istifadəsini təmin etmək;

16.1.11-2. vergi orqanı tərəfindən kameral və səyyar vergi yoxlamaları zamanı hesablanmış və ya yenidən hesablanmış vergilər, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyalarından verilmiş şikayətə məhkəmədə baxıldığı dövrdə və həmin şikayət üzrə məhkəmənin çıxardığı qərar qanuni qüvvəyə minənədək (vergi ödəyicisinin həmin vəsaitləri öz razılığı ilə ödədiyi hallar istisna olmaqla) əlavə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etmək;

16.1.12. bu Məcəllə və qanunlarla müəyyən edilmiş digər vəzifələr.

16.2. Vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edilir.

16.3. Vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir.

Vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrdə faktiki olaraq fəaliyyət göstərməsi müəyyən edildikdə vergi ödəyicisinə bildiriş göndərilməklə sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrlər üzrə vergi orqanına hesabatlar təqdim etməsi tələb olunur.

16.4. Bu Məcəllənin 16.2-ci və 16.3-cü maddələrinə müvafiq olaraq arayış təqdim edən vergi ödəyicilərinin əmlakı və (və ya) torpağı olduqda əmlak və (və ya) torpaq vergisinin hesabatları bu Məcəllə ilə müəyyən olunmuş qaydada və müddətlərdə vergi orqanına təqdim edilir.

16.5. Bu Məcəllənin 16.2-ci və 16.3-cü maddələrində nəzərdə tutulan arayışlar vergi hesabatlarının verilməsi üzrə öhdəlik yarandığı gündən qüvvəsini itirir.

 

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.