Vergi qanunvericiliyini öyrənək. Dərs #19 (vergi sirri)

Аватар пользователя Ramil Gachay

Bu gün Vergi Məcəlləsinin üç, nisbətən qısa, maddələrini oxumağa təklif edirəm. Ola bilsin gündəlik həyatda o qədər də lazım olmasın, amma bilməyiniz məsləhətdir. 29 (Mənafelərin toqquşması), 30 (Kommersiya (vergi) sirri) və 31 (Vergi orqanlarının vəzifəli şəxslərinin vəzifələri).

Ola bilsin çoxlarınız "Mənafelərin toqquşması" anlayışı ilə rastlaşmısınız. Elə olur ki, vəzifəli şəxs öz qohumunu yoxlamağa məcbur olur. Çox güman ki, bu halda məmur öz qohumuna müəyyən güzəştlər etmək istəyəcək, bu da öz növbəsində yolverilməzdir, çünki qərəzliyə yol verir. Əgər kiməsə səlahiyyət verilibsə bundan sui-istifadə edilməməlidir (ola bilsin bizim cəmiyyətdə, bu bir az gülməli səslənir, amma sağlam cəmiyyət qurmaq niyyətimiz varsa bu məsələyə ciddi yanaşmalıyıq). Buna görə də bu maddə adıçəkilən cür sui-istifadələrin qarşısını almalıdır. Reallıqdan nə qədər uzaq olsa belə, ümidimiz var ki, bu maddə işləyir. 

Kommersiya (vergi) sirri deyərkən, Kommersiya sirri haqqında qanunda göstərilən anlayışlardan fərqli bir sirr başa düşməliyik. Kommersiya (vergi) sirri sırf Vergi qanunvericiliyə aiddir və digər normativ aktlarda, demək olar ki, tətbiq olunmur. İstədiyiniz təqdirdə bunu özünüz müqayisə edə bilərsiniz. Ona görə də bu anlayışı "vergi sirri" adlandırmaq bəlkə də daha uyğun olardı, çünki bəzi hallarda insanları çaşdıra bilər.

Və nəhayət 31-ci maddə. Bu maddə bəlkə də simvolik xarakter daşıyır, amma vergi orqanlarının işçiləri ilə rastlaşarkən və onlardan kobud rəftar gördükdə 31.0.3-cü maddəni yada salın -  vergi ödəyicilərinə, onların nümayəndələrinə və vergi münasibətlərinin digər iştirakçılarına diqqət və nəzakətlə yanaşmaq vəzifələri var.

Bu günə bu qədər.

 

Maddə 29. Mənafelərin toqquşması

29.0. Vergi orqanlarının vəzifəli şəxsləri tərəfindən aşağıdakı hallarda öz xidməti vəzifələrini vergi ödəyicilərinə münasibətdə həyata keçirmək yol verilməzdir:

29.0.1. vergi orqanlarının vəzifəli şəxsləri ilə vergi ödəyiciləri arasındakı münasibətlər ailə üzvlərinin münasibətləri olduqda;

29.0.2. vergi orqanlarının vəzifəli şəxslərinin və ya onların ailə üzvlərinin bilavasitə və ya dolayısı ilə vergi ödəyicisində (onun fəaliyətində) maliyyə marağı olduqda.

 

Maddə 30. Kommersiya (vergi) sirri

30.1. Vergi orqanları və onların vəzifəli şəxsləri (vergi orqanlarında işlədikləri dövrdə və ya işdən çıxdıqdan sonra) xidməti vəzifələrini yerinə yetirərkən, vergi ödəyiciləri haqqında əldə etdikləri və ya onlara etibar edilən hər hansı məlumatın məxfiliyini qorumağa borcludurlar.

30.2. Aşağıdakı məlumatlar istisna olmaqla, vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat kommersiya (vergi) sirri və şəxsi həyata dair məlumat hesab olunur:

30.2.1. vergi ödəyicisinin razılığı ilə aşkar edilən;

30.2.2. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi haqqında;

30.2.3. müəssisənin nizamnamə fondu (nizamnamə kapitalı) haqqında;

30.2.4. vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri haqqında.

30.2.5. vergi ödənişləri üzrə borclar.

30.2.6. hüquqi şəxslərin dövlət reyestrindəki məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla).

30.3. Kommersiya (vergi) sirri vergi orqanları, onların vəzifəli şəxsləri tərəfindən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla açılmamalıdır.

Kommersiya (vergi) sirrinin açılmasına əsas etibarilə, ancaq bununla məhdudlaşmayan, vergi yoxlaması zamanı vəzifələrini yerinə yetirərkən vergi orqanının vəzifəli şəxsinə, cəlb edilmiş mütəxəssisə və ya ekspertə bəlli olmuş vergi ödəyicisinin kommersiya (vergi) sirrinin istifadə edilməsi və ya başqa şəxsə verilməsi aiddir.

30.4. Vergi orqanına daxil olmuş və kommersiya (vergi) sirrini təşkil edən məlumatların qorunmasının və əldə edilməsinin xüsusi rejimi vardır.

Kommersiya (vergi) sirrini təşkil edən məlumatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən siyahı üzrə vəzifəli şəxslər əldə edə bilər.

30.5. Kommersiya (vergi) sirrini təşkil edən məlumatların itirilməsi və yaxud belə məlumatların açılması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

30.6. Bu Məcəllənin 30.1-ci maddəsində göstərilən vergi orqanları və onların vəzifəli şəxsləri vergi ödəyiciləri haqqında məlumatı ancaq aşağıdakı hallarda digər orqanlara qanunvericiliklə müəyyən edilmiş qaydada verə bilərlər:

30.6.1. vergi orqanlarına və onların vəzifəli şəxslərinə vergi orqanlarının vəzifələrinin həyata keçirilməsi məqsədi ilə;

30.6.2. vergi qanunvericiliyinin cinayət tərkibli pozuntuları ilə əlaqədar onların qarşısının alınması və istintaq aparılması üçün müvafiq icra hakimiyyəti orqanına;

30.6.3. inzibati xətalar və ya vergi qanunvericiliyinin cinayət tərkibli pozuntuları ilə bağlı işlərə baxılma ilə əlaqədar müvafiq məhkəmələrə;

30.6.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq digər dövlətlərin müvafiq dövlət hakimiyyəti orqanlarına;

30.6.5. sosial müdafiə haqqında qanunların yerinə yetirilməsi üçün zəruri olan hədlərdə dövlət sosial müdafiə və tibbi sığorta fondlarına;

30.6.6. gömrük qanunvericiliyinin tətbiq edilməsi məqsədləri üçün gömrük orqanlarına;

30.6.7. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədi ilə maliyyə monitorinqi orqanına. 

30.7. Dövlət hakimiyyəti orqanları və onların vəzifəli şəxsləri kommersiya (vergi) sirrini təşkil edən məlumatları əks etdirən sənədləri həmin sənədləri onlara təqdim etmiş vergi orqanlarına qaytarmalıdırlar.

30.8. Vergi ödəyicisinə aid məlumat vergi ödəyicisinin yazılı icazəsi ilə digər şəxsə verilə bilər.

 

Maddə 31. Vergi orqanlarının vəzifəli şəxslərinin vəzifələri

31.0. Vergi orqanlarının vəzifəli şəxslərinin aşağıda göstərilən vəzifələri vardır:

31.0.1. bu Məcəlləyə və Azərbaycan Respublikasının digər qanunlarına ciddi riayət etmək;

31.0.2. vergi orqanlarının hüquq və vəzifələrini öz səlahiyyətləri daxilində yerinə yetirmək;

31.0.3. vergi ödəyicilərinə, onların nümayəndələrinə və vergi münasibətlərinin digər iştirakçılarına diqqət və nəzakətlə yanaşmaq.

 

Теги: 
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.