Vergi qanunvericiliyini öyrənək. Dərs #29 (Ekspert, mütəxəssis)

Аватар пользователя Ramil Gachay

Bildiyiniz kimi, səyyar yoxlama zamanı yaranan məslələri həll etmək üçün, işə ekspert və ya mütəxəssis cəlb oluna bilər. VM-nin 44-cü və 45-ci maddələri bu məsələlərə həsr olunub. Misal üçün hər hansı bir materialın tərkibini və ya quymətini müəyyən etmək lazım olur, hansılar ki malın qiymətinə təsir edir və s. Ekspertizanın keçirilməsi üçün vergi orqanının müvafiq rəsmi sənədləri olmalıdır:

Praktiki cəhəddən VM-nin bu maddələri ilə ola bilsin tez-tez rastlaşmayasınız, amma onlarla tanış olmaq təbii ki, sizin xeyrinizə ola bilər.

 

Maddə 44. Ekspertiza

44.1. Zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər.

Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir.

44.2. Ekspert qarşısında qoyulan suallar və onun rəyi ekspertin xüsusi biliyindən kənara çıxa bilməz.

Ekspert müqavilə əsasında cəlb edilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, ekspert qarşısında qoyulan suallar, səhv və ya bilərəkdən yalan rəy verməsinə görə ekspertin məsuliyyəti və mülki qanunvericiliklə müəyyən edilmiº digər məsələlər nəzərdə tutula bilər.

44.3. Ekspertiza səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının qərarı ilə təyin edilir.

Qərarda ekspertizanın təyin edilməsi üçün əsaslar, ekspertin adı və ya ekspertiza keçirən təşkilatın adı, ekspert qarşısında qoyulan məsələlər və ekspertə təqdim olunan materiallar göstərilir.

44.4. Ekspertin yoxlamanın predmetinə aid olan yoxlama materialları ilə tanış olmaq, ona əlavə materialların verilməsi barədə vəsatət qaldırmaq hüququ vardır.

44.5. Ekspert, ona təqdim edilmiş materiallar kifayət qədər olmadıqda və ya ekspertizanın keçirilməsi üçün onun bilikləri kifayət qədər olmadıqda rəy verilməsindən imtina edə bilər.

44.6. Ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanı həmin qərarla yoxlanılması keçirilən vergi ödəyicisini bu qərarla tanış etməyə və həmin şəxsin bu Məcəllənin 44.7-ci maddəsində nəzərdə tutulan hüquqlarını ona izah etməyə borcludur.

44.7. Ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı yoxlanılan şəxsin aşağıda göstərilən hüquqları vardır:

44.7.1. ekspertə etiraz etmək;

44.7.2. ekspertin onun tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək;

44.7.3. ekspertin rəyinin alınması üçün əlavə suallar təqdim etmək;

44.7.4. ekspertiza keçirildikdə vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxsinə əvvəlcədən məlumat verməklə bilavasitə və ya nümayəndəsinin vasitəsi ilə ekspertiza keçirilməsində iştirak etmək;

44.7.5. ekspertin rəyi ilə tanış olmaq.

44.8. Ekspert rəyi öz adından verir və imzalayır. Ekspertin rəyində onun tərəfindən aparılan araşdırma, gəldiyi nəticələr və qoyulan suallara əsaslandırılmış cavablar əks etdirilir. Ekspertin, ekspertiza aparıldıqda, barəsində onlara dair suallar qoyulmamış, iş üçün əhəmiyyətli olan halları müəyyən etdikdə, həmin hallar haqqında özünün rəyinə nəticələr daxil etmək hüququ vardır.

44.9. Ekspertin rəyinin surəti və ya onun rəy vermək imkanının olmaması barədə xəbər yoxlanılan şəxsə verilir. Həmin şəxsin izahat vermək, öz etirazlarını bəyan etmək, ekspertə əlavə sualların qoyulmasını, əlavə, yaxud təkrar ekspertizanın təyin edilməsini tələb etmək hüququ vardır.

44.10. Əlavə ekspertiza ekspertin rəyi kifayət qədər aydın və dolğun olmadığı hallarda təyin edilir və bu ekspertiza həmin və ya başqa ekspertə həvalə edilir.

Təkrar ekspertiza ekspertin rəyi əsaslı olmadığı və onun düzgün olmasında şübhələrin olduğu hallarda təyin edilir və başqa ekspertə həvalə edilir.

Əlavə və təkrar ekspertiza bu maddə ilə nəzərdə tutulmuş qaydada təyin edilir.

44.11. Yoxlanılan şəxsin bu Məcəllənin 44.7-ci və 44.9-cu maddələrində nəzərdə tutulmuş hüquqları ilə əlaqədar vəsatəti təmin edilmədikdə, vergi orqanının rəhbəri (onun müavini) vəsatətin rədd edilməsi səbəbləri göstərilməklə əsaslandırılmış qərar çıxarır və qərarın surətini yoxlanılan şəxsə təqdim edir.

 

Maddə 45. Vergi yoxlamasının keçirilməsinə kömək göstərilməsi üçün mütəxəssisin dəvət edilməsi

45.1. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər.

45.2. Mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz.

45.3. Mütəxəssis müqavilə əsasında dəvət olunur. Müqavilədə tərəflərin hüquq və vəzifələri, mütəxəssis qarşısında qoyulan suallar, səhv və ya bilərəkdən yalan rəy verməsinə görə mütəxəssisin məsuliyyəti və mülki qanunvericiliklə müəyyən edilmiş digər məsələlər nəzərdə tutula bilər.

45.4. Bu Məcəllənin 45.1-ci maddəsinə müvafiq olaraq cəlb olunmuş mütəxəssis onun qarşısında qoyulmuş suallar barəsində öz rəyini bildirməlidir. Mütəxəssisin rəyi yazılı şəkildə tərtib olunur, onun tərəfindən imzalanır və səyyar vergi yoxlamasının aktına əlavə edilir.

45.5. Vergi ödəyicisi vergi yoxlamasının aktına əlavə olunmuş mütəxəssisin rəyi ilə razılaşmadıqda, bu barədə yoxlama aktında müvafiq qeydlər edə bilər.

45.6. Mütəxəssisin səhv və ya bilərəkdən yalan rəy verməsi nəticəsində vergi orqanlarına və ya vergi ödəyicisinə dəyən zərərin ödənilməsi mülki qanunvericiliyə müvafiq olaraq tələb oluna bilər.

Теги: 
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.