Vergi qanunvericiliyini öyrənək. Dərs #31 (Protokol və Qərar)

Аватар пользователя Ramil Gachay

Aşağıdakı maddələr hər vergi ödəyicisi üçün önəmli olan maddələrdir. Ona görə də onlarla tanış olmaq sizə çox faydalı ola bilər. Bu maddələr protokollara və qərarlara aiddir. Bu məsələ ilə bağlı çox yazmayacam, amma bildirim ki, 49-cu maddədə qeyd olunan KM hərfləri Konstitusiya Məhkəməsinin qərarını nəzərdə tutur. Həmin qərarla istinad aşağıda:

Həmin qərar vergi ödəyicilərin xeyrinədir. Belə ki:

"Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.3 və 49.6-cı maddələrinin müddəalarının tətbiqi zamanı vergi qanunvericiliyinin pozulması ilə əlaqədar eyni əmələ (hərəkətə və ya hərəkətsizliyə) görə yalnız bir dəfə Vergi Məcəlləsi və ya İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş məsuliyyətə cəlb olunmasına yol verilir.

Vergi Məcəlləsinin 49.6-cı maddəsinin müddəaları Vergi Məcəlləsində vergi pozuntularına görə məsuliyyət nəzərdə tutulmadığı hallarda tətbiq olunmalıdır."

Bu o deməkdir ki, vergi orqanı məsuliyyətə cəlb edərkən (cərimə sanksiya) yalnız bir Məcəlləni rəhbər tutmalıdır. Və eyni zamanda, eyni əməl görə həm VM-nin, həm İXM-nın müddəalarınnı tətbiq etməməlidir.

 

Maddə 48. Vergi yoxlamasının həyata keçirilməsi üzrə hərəkətlərin icraatı zamanı tərtib edilən protokola dair ümumi tələblər

48.1. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda vergi yoxlamasının keçirilməsi zamanı protokollar tərtib edilir. Protokollar Azərbaycan dilində tərtib edilir.

48.2. Protokolda aşağıdakılar göstərilir:

48.2.1. protokolun adı;

48.2.2. konkret hərəkətlərin həyata keçirilməsinin yeri və tarixi;

48.2.3. hərəkətin başlanması və bitirilməsinin vaxtı;

48.2.4. protokolu tərtib etmiş şəxsin vəzifəsi, adı;

48.2.5. hərəkətin həyata keçirilməsində iştirak edən və ya onun həyata keçirilməsini müşahidə edən şəxsin adı, lazım olduqda - onun ünvanı, vətəndaşlığı, Azərbaycan dilində danışa bilib-bilməməsi;

48.2.6. hərəkətin məzmunu, onun həyata keçirilməsinin ardıcıllığı;

48.2.7. hərəkətin həyata keçirilməsi zamanı aşkar olunan və iş üçün əhəmiyyətli olan faktlar və hallar;

48.2.8. bu Məcəlləyə uyğun olaraq əşyalar nümunə kimi götürüldükdə protokolda əşyaların miqdarı, həcmi və digər xüsusi əlamətləri göstərilməlidir.

48.3. Protokol hərəkətin həyata keçirilməsində iştirak edən bütün şəxslər tərəfindən oxunur. Həmin şəxslərin protokola daxil edilməli olan və ya işə tikilməli olan qeydlər etmək hüququ vardır.

48.4. Protokol onu tərtib etmiş vergi orqanının vəzifəli şəxsi, habelə hərəkətin həyata keçirilməsində iştirak edən bütün şəxslər tərəfindən imzalanır.

 

Maddə 49. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması

49.1. Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır:

49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi;

49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması;

49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında.

49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur.

49.3. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə çıxarılmış qərar əsasında 10 gündən gec olmayaraq vergi ödəyicisinə vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə göndərilir.KM1

49.4. Vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir.

49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır.

49.6. Vergi orqanı tərəfindən aşkar edilmiş vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisi inzibati məsuliyyətə cəlb edilməli olduqda, vergi yoxlamasını keçirən vergi orqanının səlahiyyətli vəzifəli şəxsi inzibati hüquq pozuntusu haqqında ayrıca protokol tərtib edir. Bu hüquq pozuntuları haqqında işlərə baxılma və inzibati tənbeh tədbirlərinin həmin pozuntuların edilməsində günahkar olan vergi ödəyicisinin vəzifəli şəxslərinə və vergi ödəyicisi – fərdi sahibkara münasibətdə tətbiq edilməsi vergi orqanları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq həyata keçirilir.KM2

49.7. Bu maddənin müddəaları həmçinin vergi agentlərinə də şamil edilir.

Теги: 
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.