Bir müddət bundan əvvəl, VM-nin 102-ci maddəsinə toxunarkən, gəlir vergisindən azadolmalar və güzəştlərdən danışmışdıq. Bu gün də müvafiq azadolmalar və güzəştlərdən yazacayıq, amma bunlar bir az fəqrqlidir, çünki hüquqi şəxslərə aiddir.
Həmçinin, 10-cu fəslin (Fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan maddələr) ilk iki maddəsi ilə də tanış olacayıq.
Maddə 106. Azadolmalar və güzəştlər
106.1. Vergidən azaddır:
106.1.1. xeyriyyə təşkilatlarının gəliri - sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirdən başqa;
106.1.2. qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr;
106.1.3. beynəlxalq, dövlətlərarası və hökumətlərarası təşkilatların gəlirləri - sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirdən başqa;
106.1.4. dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünü-idarəetmə orqanlarının gəlirləri (sahibkarlıq fəaliyyətindən gəlir istisna olmaqla);
106.1.5. Azərbaycan Respublikasının Mərkəzi Bankının, onun qurumlarının, maliyyə bazarlarına nəzarət orqanının və Azərbaycan Respublikası Dövlət Neft Fondunun, habelə Əmanətlərin Sığortalanması Fondunun gəlirləri;
106.1.6. alınmış sığorta ödənişləri (həmin sığorta hadisəsi ilə əlaqədar zərərə aid edilən məbləğlərdən başqa);
106.1.7. Sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin gəliri – sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirdən başqa;
106.1.8. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət büdcəsinə olan vergi borclarının silinməsindən əldə olunan gəlir.
106.1.9. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda hüquqi şəxsin qərarı ilə onun özünün və onun tam mülkiyyətində olan rezident törəmə müəssisələrinin birinin balansından digərinin balansına əvəzsiz olaraq verilən aktivlərin dəyəri;
106.1.10. Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən bir hüquqi şəxsin balansından əvəzsiz olaraq digər şəxsin balansına verilmiş əsas vəsaitlərin dəyəri;
106.1.11. Neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq əsas fondların, daşınar əmlakın və digər aktivlərin hər hansı şəkildə həmin sazişlərdə Azərbaycan Respublikasını təmsil edən tərəfə təqdim edilməsi üzrə əməliyyatlar;
106.1.12. müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatının və ya operatorunun mənfəətinin sənaye, yaxud texnologiyalar parklarının infrastrukturunun tikintisinə və saxlanılmasına yönəldilmiş hissəsi;
106.1.13. müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslərin sənaye və texnologiyalar parkındakı fəaliyyətdən əldə etdikləri gəlir - qanunvericiliyə uyğun olaraq sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq - 7 il müddətinə;
106.1.14. kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri - 2014-cü il yanvarın 1-dən 5 il müddətinə;
106.1.15. körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin bu fəaliyyətdən əldə etdikləri gəlirləri 2014-cü il yanvarın 1-dən 10 il müddətinə;
106.1.16. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hüquqi şəxslərə ödənilən kompensasiya;
106.1.17. investisiya təşviqi sənədini almış hüquqi şəxsin həmin sənədi aldığı tarixdən əldə etdiyi mənfəətin 50 faizi - 7 il müddətinə.
106.2. Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarına məxsus olan işçilərinin ümumi sayının azı 50 faizi əlillərdən və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərdən ibarət olan istehsal müəssisələrinin mənfəət vergisinin dərəcəsi 50 faiz azaldılır.
Bu güzəştlərin alınması hüququ müəyyən edilərkən işçilərin orta siyahı sayına əvəzçilik, podrat müqavilələri və mülki-hüquqi xarakterli digər müqavilələr üzrə işləyən əlillər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər daxil edilmir.
106.3. Çıxarılmışdır.
106.4. Çıxarılmışdır.
106.5. Çıxarılmışdır.
106.6. Çıxarılmışdır.
106.7. Çıxarılmışdır.
106.8. Çıxarılmışdır.
Fəsil X. Fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan maddələr
Maddə 107. Tətbiq sahəsi
Bu fəsil gəlir vergisinin və mənfəət vergisinin məqsədləri üçün tətbiq edilir.
Maddə 108. Gəlirin əldə edilməsi ilə bağlı xərclər
Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.