Elə növ xərclər var ki, onlar gəlirdən çıxıla bilməz. Bu cür xərclər VM-nin 119-cu maddəsində göstərilir. Həmçinin, əgər əldə olunan gəliri hesabına kompensasiya etmək niyyətiniz varsa 120-ci və 121-ci maddələrlə tanış olmağınız məsləhətdir.
Maddə 119. Gəlirdən çıxılan məbləğlərin məhdudlaşdırılması.
119.1. Aşağıdakı vergilərin, faizlərin, maliyyə sanksiyalarının və cərimələrin gəlirdən çıxılmasına yol verilmir:
119.1.1. Azərbaycan Respublikasının və ya digər dövlətlərin ərazilərində ödənilmiş mənfəət vergisi və ya gəlirdən hesablanan hər hansı digər vergi;
119.1.2. bu Məcəllə və digər qanunlarla müəyyən edilmiş qaydada hesablanmış faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr (gəlirin əldə edilməsi ilə bağlı mülki hüquq müqavilələri üzrə faizlər, dəbbə pulu (cərimə), icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi və digər analoji cərimələr istisna olmaqla).
Maddə 120. Əmlakın təqdim edilməsindən yaranan zərər
Fiziki şəxsin əmlakın təqdim edilməsindən (təsərrüfat fəaliyyəti üçün istifadə edilən əmlakdan və ya təqdim edilməsindən əldə olunan gəlirin vergidən azad edildiyi əmlakdan başqa) yaranan zərəri belə əmlakın təqdim edilməsindən əldə olunan gəliri hesabına kompensasiya edilir. Yaranmış zərər həmin ildə kompensasiya edilə bilmirsə, o, gələcək üç ilədək davam edən sonrakı dövrə keçirilir və belə əmlakın təqdim edilməsindən götürülən gəlir hesabına kompensasiya edilir.
Maddə 121. Zərərin keçirilməsi
121.1. Müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir.
121.2. Fiziki şəxsin - sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirindən çıxılmasına yol verilən xərclərinin belə ümumi gəlirdən artıq olan hissəsi digər gəlirlərdən çıxıla bilməz, lakin gələcək dövrlərdə sahibkarlıq fəaliyyətindən ümumi gəlir hesabına kompensasiya edilməsi üçün üç ilədək davam edən sonrakı dövrə keçirilə bilər.