Avtomobili niyə etibarnamə ilə alıb-satırlar?

Аватар пользователя Ramil Gachay

Maşın sahibləri bilirlər ki, Azərbaycanda nəqliyyat vasitəsini rəsmiləşdirmək problemlidir. Birinci, maşını şəxsin adına rəsmiləşdirməyə görə dövlət rüsumu yüksəkdir (etibarnamə ilə sürdükdə daha ucuz başa gəlir) və ikinci mühüm səbəb, bu sahədə korrupsiya halları həddindən artıq çoxdur. Əminəm ki, vətəndaşlar bu sahədə bütün vəzifələri ASAN xidmətə verilməsini səbrsizliklə gözləyirlər. 

Lakın fikrimcə bu işi ASAN xidmət  görsə belə bu problem status-quo qalacaq (yəni, yerindən tərpənməyəcək), çünki hər kəsin məqsədi, pula qənaət etməkdir, etibarnamə isə çox ucuz başa gəlir. Daha yaxşı olardı ki, səlahiyyətli qurum(lar) bu sahədə bəzi islahatlar aparsın. Misal üçün, müəyyən müddət ərzində (misal üçün 1 il), öz maşınnlarını öz adlarına rəsmi qaydada rəsmiləşdirməyə vətəndaşlara imkan yaratsınlar və buna görə dövlət rüsumu (bu müddət ərzində) minimuma endirilsin (misal üçün 20-30 manat). Bunun üçün Dövlət rüsumu haqqında qanuna müvafiq dəyişikliklər edilə bilər və yaxud müvafiq müddəalara morarotiy verilə bilər. 

Daha sonra avtomobilə dair etibarnamənin dövlət rüsumu artırılardı (misal üçün kənar şəxslərə verildiyi təqdirdə 100 manat). Belə olduqda maşını rəsmiləşdirmək və etibarnamə ilə sürməklə bağlı dövlət rüsumları bərabər olacaq və təbii ki, vətəndaşlar müqavilə bağlamağa üstünlük verəcək, nəinki etibarnamə ilə sürmək. 

Digər ölkələrdə bu məsələ kifayət qədər yaxşı tənzimlənir və o qədər də problem yaratmır, lakın Azərbaycanda bu problem qabarıq formalarını alıb. Belə ki, nəqliyyat vasitələrin sahibləri öz maşınlarını etibarnamə ilə başqa şəxslərə verirlər, lakın faktiki olaraq satırlar. Və qanuna əsasən onlar istədiyi vaxt həmin etibarnaməni ləğv edə bilərlər. Pul da batır, maşın da batır. Elə bilirsiniz belə faktlar yoxdur? Var. 

Amma hesab edək ki, maşının hüquqi sahibi vicdanlı adamdır (çox vaxt elə olur), amma bankdan kredit götürür (indiki zamanda bu da çox vaxt olur) və qaytara bilmir. Bank "yapışır" (tələbini yönəldir) şəxsin əmlakına (ev-maşın və s.) və etibarnamə ilə sürən yenə də ziyana düşür.

 

Теги: 
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.