Vergi qanunvericiliyini öyrənək. Dərs #16 (Vergi orqanlarının vəzifələri)

Ramil Gachay's picture

Vergi orqanlarının hüquqları nə qədər geniş olsa da, onların vəzifələri də az deyil. Yadımızda saxlamalıyıq ki, səlahiyyətlər dedikdə təkcə hüquqlar yox, eyni zamanda vəzifələr də başa düşməliyik. Və bu amil bizə çox kömək edir. Bu gün Vergi Məcəlləsinin 24-cü maddəsi ilə tanış olacayıq. Həmçinin 25-ci maddəyə də diqqət yetirə bilərik. Belə ki, bu maddə dövlət gömrük orqanlarının vergitutma sahəsində hüquq və vəzifələri barədə bizə məlumat verir. Əgər sizə maraqlıdırsa, hansı vergilər onların səlahiyyətlərinə aiddir Gömrük Məcəlləsinin 227-ci maddəsinə müraciət edə bilərsiniz. 

İndi isə VM-nin 24-cü maddəsinə baxaq. Bizim diqqətimizi  24.0.2-ci maddəsi dərhal cəlb edir: vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə vergi orqanlarının vəzifəsidir. Əminəm ki, xoşunuza gəldi. 

Düşürük aşağı, vergi ödəyicilərinə onların hüquq və vəzifələrini izah etməyə vergi orqanlarının vəzifəsidir.

Belə bir vəzifə də var: vergi ödəyicilərinə vergi yoxlamalarının nəticələri haqqında aktın, habelə qanunvericiliklə müəyyən edilmiş hallarda vergi orqanının qərarının surətini verməyə. Buna baxmayaraq bu vəzifəyə hərdən riayət olunmur, ona görə də diqqətli olun və bütün zəruri sənədləri tələb edin.

Aşağıda göstərilən vəzifələrlə tanış olun, mübahisə zamanı bu müddəa sizin silahınız ola bilər.

 

Maddə 24. Vergi orqanlarının vəzifələri

24.0. Vergi orqanları:

24.0.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə;

24.0.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə;

24.0.3. vergi qanunvericiliyi və vergi qanunvericiliyində edilən dəyişikliklər barədə vergi ödəyicilərinə kütləvi informasiya vasitələri ilə və ya fərdi qaydada əvəzsiz olaraq məlumat verməyə, müəyyən edilmiş hesabat formalarının doldurulması qaydalarını izah etməyə, vergilərin hesablanması və ödənilməsi barədə izahatlar verməyə, vergi ödəyicilərinə onların hüquq və vəzifələrini izah etməyə;

24.0.4. hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin uçotunu aparmağa və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat verməyə;

24.0.5. vergi qanunvericiliyinin pozulması hallarına dair məlumatları toplamağa, təhlil etməyə və qiymətləndirməyə, belə halların baş verməsinə gətirib çıxaran səbəblərin və şəraitin aradan qaldırılması üçün müvafiq dövlət orqanlarına təkliflər verməyə;

24.0.5-1. vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmağa və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat verməyə;

24.0.6. vergi ödəyicilərinin, onların filiallarının, nümayəndəliklərinin və ya digər bölmələrinin (obyektlərinin), habelə nəzarət-kassa aparatlarının uçotunu aparmağa;

24.0.7. kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini aparmağa və bununla bağlı məlumatları (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə müvafiq icra hakimiyyəti orqanlarına göndərməyə;

24.0.8. bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulmuş qaydada vergi ödəyiciləri haqqında məlumatın, o cümlədən vergi və kommersiya sirrinin qorunması qaydalarına riayət etməyə və onu təmin etməyə;

24.0.9. vergi ödəyicilərinə vergi yoxlamalarının nəticələri haqqında aktın, habelə qanunvericiliklə müəyyən edilmiş hallarda vergi orqanının qərarının surətini verməyə;

24.0.10. vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə;

24.0.11. tabeliyində olan vergi orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirməyə;

24.0.12. bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur.

 

Maddə 25. Dövlət gömrük orqanlarının vergitutma sahəsində hüquq və vəzifələri

Dövlət gömrük orqanları mallar Azərbaycan Respublikasının gömrük sərhədindən keçirildikdə, vergilərin tutulması sahəsində bu Məcəllə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş hüquqları və vəzifələri həyata keçirirlər.

Tags: 
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.