Vergi qanunvericiliyini öyrənək. Dərs #49

Ramil Gachay's picture

Vergi ğd\yicisi tərəfindən hesablanan vergilər hər zaman düzgün olmaya da bilər. Buna görə də vergi orqanı vergiləri yenidən hesablaya bilər. Amma bunun üçün müvafiq əsaslar olmalıdır. Bu əsaslar VM-nin 83 maddəsində göstərilib. Həmçinin verginin hesablanması haqqında bildiriş (m.84) barədə də oxuya bilərsiniz.

Maddə 83. Vergi orqanları tərəfindən vergilərin hesablanması

83.1. Bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir.

83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır:

83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata;

83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata;

83.2.3. vergi yoxlaması materiallarına;

83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara.

83.3. Vergi orqanının səyyar və kameral vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır.

83.4. Bu Məcəlləyə müvafiq olaraq verginin vergi bəyannaməsini vermək şərti ilə ödənilməsində, yaxud əvvəllər verginin hesablanmasında səhv olunduğunu müəyyən edildiyi hallarda, vergi orqanı qanunvericiliyə uyğun vergiləri hesablayır və sonra bu Məcəllənin 84-cü maddəsinə uyğun olaraq verginin hesablanmasına dair bildirişi 5 gün müddətində vergi ödəyicisinə göndərir. Vergi orqanı bu Məcəllənin 85-ci maddəsində göstərilən müddət başa çatanadək vergi məbləğini qanunvericiliklə müəyyən edilmiş qaydada hesablaya və ya əvvələr hesablanmış vergi məbləğinə düzəliş edə bilər.

83.5. Bu Məcəlləyə müvafiq olaraq verginin vergi bəyannaməsini vermək şərti ilə ödənilməsi müəyyən edildiyi halda, verginin ödənilməsinə dair öhdəliyin əks etdirildiyi bəyannamənin tərtib edilməsi bu cür verginin hesablanması və onun ödənilməsinə dair bildirişdir.

83.6. Vergilər bu Məcəllənin 5.0.1-ci //çıxarılıb// və ya 221.4.1-ci maddələrinə uyğun olaraq alındıqda və vergi ödəyicisi vergi bəyannaməsini vermədiyi, vergi orqanı isə vergi ödəyicisinin ödəməli olduğu verginin məbləğini bu Məcəllə ilə müəyyən edilmiş qaydada digər məlumata əsasən hesablamadığı halda, hesab olunur ki, vergi orqanı vergi ödəyicisinin illik vergi öhdəliyini vergi ödəyicisinin il ərzində vergitutma bazasından tutulmuş və ya ödənilmiş vergi məbləğində hesablamış və verginin hesablanması barədə vergi ödəyicisinə bildiriş vermişdir.

83.7. Vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır.

83.8. Vergi ödəyicisinin bu Məcəllənin 83.7-ci maddəsinə uyğun olaraq verginin hesablanması barəsində vergi orqanının qərarından aşağıdakıları əsas tutaraq məhkəməyə müraciət etmək hüququ vardır:

83.8.1. vergi məbləğinin ödənilməli olan miqdarından çox olduğunu;

83.8.2. verginin vaxtından əvvəl hesablanmasına əsas vermiş amilin və ya vəziyyətin olmadığını.

83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.

 

Maddə 84. Verginin hesablanması haqqında bildiriş

84.0. Vergi ödəyicisinə verginin hesablanması haqqında bildiriş göndərilir. Verginin hesablanması haqqında bildirişdə aşağıdakılar göstərilir:

84.0.1. vergi ödəyicisinin adı və ya obyektin adı;

84.0.2. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

84.0.3. bildirişin tarixi;

84.0.4. bildirişin aid olduğu obyekt və bildirişin əhatə etdiyi vergi dövrü və ya vergi dövrləri;

84.0.5. verginin növü, hesablanmış verginin və faizlərin məbləği;

84.0.6. verginin ödənilməsinə dair tələb və ödəmənin müddətləri;

84.0.7. verginin ödənildiyi yer və üsul;

84.0.8. verginin hesablanmasına əsas olmuş hallar;

84.0.9. şikayət etmə qaydası.

 

Tags: 
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.