Vergi qanunvericiliyini öyrənək. Dərs #64

Ramil Gachay's picture

Təmirlə və sığorta ilə bağlı xərclər də çəlirdən çıxıla bilər. Bununla bağlı ətraflı məlumat almaq üçün aşağıdakı maddələrlə tanış ola bilərsiniz

Maddə 115. Təmirlə bağlı xərclərin gəlirdən çıxılması

115.1. Hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərinə müvafiq olaraq bu Məcəllənin 114.3.1-ci maddəsində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 2 faizi, 114.3.2-ci və 114.3.3-cü maddələrində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 5 faizi, 114.3.7-ci maddəsində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 3 faizi və köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlər üzrə sıfır (0) faizi həddi ilə məhdudlaşdırılır. Təmir xərclərinin faktiki məbləği bu hədd ilə müəyyənləşdirilən məbləğdən az olduqda, gəlirdən təmir xərclərinin faktiki məbləği çıxılır.

Bu halda növbəti vergi illərində təmir xərclərinin gəlirdən çıxılan məbləğ həddi təmir xərclərinin faktiki məbləği ilə müəyyənləşdirilmiş hədd üzrə hesablanmış məbləği arasındakı fərq qədər artırılır.

115.2. Bu Məcəllənin 115.1-ci maddəsində müəyyən edilən məhdudlaşdırmadan artıq olan məbləğ cari vergi ilinin sonuna əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərinin artmasına aid edilir.

Amortizasiya olunmayan, köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlərin təmirinə çəkilmiş xərclər gəlirdən çıxılmır və onların balans dəyərini artırır.

115.3. İcarəyə götürülmüş əsas vəsaitlər üzrə təmir xərclərinin gəlirdən çıxılması bu Məcəllənin 115.4 -115.8-ci maddələrinə uyğun olaraq müəyyən edilir.

115.4. icarəyə götürülmüş əsas vəsaitlərin təmiri üzrə xərclərin gəlirdən çıxılan məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərinin bu Məcəllənin 115.1-ci maddəsi ilə müəyyən edilən faiz həddi ilə məhdudlaşdırılır.

115.5. Əsas vəsaitlərin icarəyə götürülməsi müddətləri, şərtləri, habelə onların təmiri üzrə xərclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verənlə icarəçi arasında bağlanılan müqavilədə razılaşdırılır.

115.6. Təmir işləri icarəyə verənin hesabına aparıldıqda, yaxud icarəçinin hesabına aparılaraq, icarə haqqı ilə əvəzləşdirildikdə bu Məcəllənin 115-ci maddəsinin müddəaları icarəçiyə tətbiq edilmir.

115.7. Əsas vəsaitlərin hər bir kateqoriyasının ilin sonuna qalıq dəyəri sıfıra bərabər olduqda, təmir xərclərinin faktiki məbləği müvafiq kateqoriyaya aid əsas vəsaitlərin qalıq dəyərinə aid edilir və bu Məcəllənin müddəalarına uyğun olaraq amortizasiya hesablanır.

115.8. Bu Məcəllənin müddəaları yalnız təmir xərclərinin gəlirdən çıxılan məbləğini məhdudlaşdırır və vergi ödəyicilərinin digər mənbələr hesabına təmir işlərini həyata keçirməsini qadağan etmir.

 

Maddə 116. Sığorta haqlarının gəlirdən çıxılması

116.1. Öz işçilərinin xeyrinə əmlakın zərərdən sığortalanması, habelə xarici sığortaçılar ilə bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları istisna olmaqla, sığortalının ödədiyi sığorta haqları gəlirdən çıxılır. 

116.2. Fiziki şəxsin Azərbaycan Respublikası sığortaçıları ilə 3 ildən az olmayan müddətə bağlanmış və sığorta ödənişinin sığorta müqaviləsinin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra verilməsini nəzərdə tutan həyatın yığım sığortası və pensiya sığortası üzrə bağladığı sığorta müqavilələri əsasında ödədiyi sığorta haqları vergitutma məqsədləri üçün işəgötürən tərəfindən həmin fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəlirindən çıxılır.

İşəgötürən tərəfindən fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəlirindən çıxılan həyatın yığım sığortası və pensiya sığortası üzrə ödədiyi sığorta haqları yalnız bank vasitəsilə sığortaçının bank hesabına ödənildikdə çıxılır.

116.3. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, ödənilmiş sığorta haqları sığortaçı tərəfindən ödəmə mənbəyində vergiyə cəlb olunur.

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.