08 avqust 2016-cı il tarixində Beynəlxalq Mətbuat Mərkəzində (Ünvan Mətbuat pr., 529-cu məh., bina 23, 6-cı mərtəbə, Dəyirmi zal) saat 11.00-dan 13.00-dək“Transparency International” təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi tərəfindən Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi və Konstitusiya Araşdırmalar Fondunun əməkdaşlığı ilə həyata keçirilən “Azərbaycan Şəffaflıq Tərəfdaşlığı” layihəsi çərçivəsində “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasının monitorinqi əsasında hazırlanmış Hesabatın təqdimatı keçiriləcək.
Təqdimat zamanı “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icra vəziyyətinin (2014-ci il dekabr – 2015-cı il dekabradək olan dövrü əhatə etməklə) monitorinqi zamanı əldə olunmuş nəticələr, tapıntılar, layihə komandası tərəfindən hazırlanmış tövsiyə və təkliflər təqdim ediləcək.
Tədbirdə bütün maraqlı tərəflərin – Milli Fəaliyyət Planında icraçı kimi nəzərdə tutulan dövlət orqanları, Azərbaycan Şəffaflıq Tərəfdaşlığı Layihəsi çərçivəsində yaradılan “Azərbaycan Şəffaflıq Tərəfdaşlığı Platforması”, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi üzvlərinin iştirakı nəzərdə tutulub.
Layihə çərçivəsində ümumilikdə “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 3 il 4 ay müddətində (2012-ci il sentyabr — 2015-cü il dekabr ayı) icra vəziyyəti ilə bağlı monitorinq aparılıb. Monitorinqin nəticələri əsasında hazırlanmış hesabatlar Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya və digər dövlət orqanlarına, həmçinin beynəlxalq təşkilatlara təqdim edilib.
“Azərbaycan Şəffaflıq Tərəfdaşlığı” layihəsinin məqsədi, korrupsiyaya qarşı mübarizə istiqamətində irəliləyişə nail olmaq üçün əsas maraqlı tərəflərə yardım göstərməkdir; Vətəndaşların korrupsiyaya qarşı mübarizə istiqamətində maarifləndirilməsi işini həyata keçirmək, dövlət qurumlarının bu istiqamətdə fəaliyyətinin institusionallaşmasına yardım göstərmək və eyni zamanda beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi yolu ilə islahatlara nail olmaqdır.
KİV nümayəndələri dəvətlidir. Gündəlik əlavə olunur.
Əlavə məlumat üçün “Konstitusiya” Araşdırmalar Fondunun eksperti Zaur İbrahimli ilə əlaqə saxlaya bilərsiniz. Tel: 070 6099302; (+012) 4925726, E-mail: ibrahimli-zaur@mail.ru
Tədbir ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə “Şəffaflıq Azərbaycan” İB tərəfindən icra edilən Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində keçirilir.