Azərbaycanda COVID-19 Pandemiyasının Qanunvericiliyə Təsiri və İnsan Hüquqları Prizmasından Dəyərləndirilməsi

Ölkədə təsbit edildiyi ilk gündən etibarən ölkənin bir çox sahəsinə dərin təsir göstərən Covid-19 pandemiyası, hüquq sahəsinə də təsir göstərərək qanunvericilikdə bir sıra dəyişikliklərin həyata keçirilməsinə səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə Cinayət Məcəlləsində yeni dəyişikliklər edilib və bu, əhalinin həm narahatçılığına səbəb olub, həm də həyata keçirilmiş dəyişikliklərin, həmçinin koronavirusa qarşı aparılan tədbirlərin insan hüquqlarına qarşı atılan addım ola biləcəyinə dair bir çox şəxsdə suallar meydana gətirmişdir. Aşağıda Qanunvericilikdə aparılan dəyişiklikləri, həyata keçirilən tədbirləri və bu tədbirlərin əsaslandığı qərarları təqdim edib, yerli və beynəlxalq qanunvericiliyə görə həmin dəyişiklik və tədbirləri insan hüquqları və ictimai səhiyyə prizmasından dəyərləndirəcəyik. Xatırladaq ki, qlobal pandemiyaya səbəb olan Covid-19 virusu, ilk olaraq, Çinin Vuhan əyalətində qeydə alınmışdır və SARS-Cov-2 ştammı ilə koronoviruslar ailəsinə daxildir. Bu virus üst tənəffüs yolları yetməzliyi, pnevmoniya və sair kimi ağır fəsadlara yol aça bilər.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 17 mart 2020 tarixli Qanunun 211-ci maddəsinə əsasən, Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -

fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Bundan başqa eyni Məcəllənin 388-1-ci maddəsi internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına hallarını nəzərdə tutur ki, buraya koronavirusla əlqəli dezinformasiyanın yayılması və ya insanların panikasına səbəb ola biləcə materialların yayılması da aid edilə bilər. Həmin maddənin 388-1.1.1-ci bəndinə yəni informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə qeyd şəklində əlavə olunubdur ki, həmin maddədə göstərilən əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında 17 mart 2020-ci il tarixli Qanununa əsasən Cinayət Məcəlləsinə 139-1-ci, yəni Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması haqqında maddə əlavə edilmişdir bu maddəyə görə, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.

İlk baxışda bu tədbirlər, insan hüquq və azadlıqlarının məhdudlaşdırılması və neqativ hal olaraq qəbul edilə bilər. Belə ki, ən çox məhdudlaşdırılan hüquqlar içərisində Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin II bəndi və Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsi ilə nəzərdə tutulan sərbəst hərəkət etmə azadlığı hüququ yer almaqdadır. Lakin daha diqqətli nəzər salındığında və pandemiya ilə əlaqədar ölkə daxilində və xaricində baş verən proseslər, eləcə də virusun yayılmasının qarşısının alınmasına yönələn tədbirlər daha dərindən analiz edildiyində müəyyən olur ki, bu və ya hər hansı digər hüququn pozulması, yaranmış vəziyyətdə legitim xarakter daşıyır və ictimai səhiyyənin, o cümlədən, Azərbaycan rezidentlərinin sağlamlığının qorunmasını təmin edirlər. Belə ki, 2004-cü ildə Azərbaycan Respublikasının ratifikasiya etdiyi Avropa Sosial Xartiyasında nəzərdə tutulubdur ki, Xartiyada müdafiə edilən hüquq və azadlıqlar ictimai səhiyyənin qorunması məqsədi ilə məhdudlaşdırıla bilər. Ayrıca bu müddəa Insan Hüquqları və Biotibb Haqqında Ovideo Konvensiyasının 26-cı maddəsində də yer almaqdadır. Bundan ziyadə, qeyd etmək yerinə düşərdi ki, Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə, əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi sahəsində Azərbaycan Respublikası ali dövlət hakimiyyəti və idarəetmə orqanlarının, Naxçıvan Muxtar Respublikası ali və yerli dövlət hakimiyyəti və idarəetmə orqanlarının, Azərbaycan Respublikası şəhərlərinin və rayonlarının yerli hakimiyyət orqanlarının Azərbaycan Respublikasının ərazisində əhali arasında yoluxucu və qeyri-yoluxucu kütləvi xəstəliklərin, zəhərlənmələrin yayılmasının qarşısını almağa və ləğv edilməsinə yönəldilmiş xüsusi təhsil, hərəkət, daşıma və əmək rejimi şərtlərinin qoyulması və ləğv edilməsi kimi səlahiyyətləri vardır.
Beləcə, həyata keçirilən yerli və beynəlxalq qanunvericilik təhlili nəticəsində belə bir qənaətə gəlmək olar ki, ölkədə həyata keçirilən tədbirlər beynəlxalq hüquq normalarına tam şəkildə cavab verməkdə və ictimai səhiyyə baxımından müsbət təsirə sahibdirlər. Nəzərinizə çatdırmaq istəyirik ki, koronovirusla infeksiyasının profilaktikasına dair metodiki göstərişlərlə Nazirlə Kabinetinin rəsmi internet səhifəsində əlavə etdiyimiz link üzərindən tanış ola bilərsiniz: https://nk.gov.az/az/article/1019/

Nəcibə Rəfizadə
hüquqşünas, müstəqil tətqiqatçı

Mənbə:
Avropa Sosial Xartiyası https://az.wikipedia.org/wiki/Avropa_Sosial_Xartiyas%C4%B1

Azərbaycan Respublkasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı https://president.az/articles/36216/print

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi https://seferberlik.gov.az/service/uploads/28.08.2020.pdf

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu https://president.az/articles/36219

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 963 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin Fərmanı http://www.e-qanun.az/framework/46527

İnsan Hüquqları və Biotibb haqqında Oviedo Konvensiyası (Tercüme Ayten Mustafazade) https://azescience.org/gb/insan-huquqlari-ve-biotibb-haqqinda-oviedo-kon...
Nazirlər Kabineti Yanında Operativ Qərargahın Məlumatı https://nk.gov.az/az/article/763/
Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası haqqında Azərbaycan Respubləkası Prezidentinin Fərmnı https://president.az/articles/36217

Paşayev Ş. (2020). Yeni cəzalar: Koronavirus təhlükəsindən doğan məsuliyyət - HÜQUQİ ŞƏRH, APA İnformasiya Agentliyi https://apa.az/az/xeber/siyasi_xeberler/Yeni-czalar-Koronavirus-thluksin...

Rafizade N. (2016). Azerbaycan’da Göçmen Ve Mültecilerin Sağlik Haklari: Yasal Çerçeve, Mevcut Durum, Sorunlar ve Olasi Çözümler, Yüksek Lisans Tezi, Sakarya.

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikası Qanunu http://www.e-qanun.az/framework/7916

Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı https://president.az/articles/36210

Şəkil:
https://www.openpetition.eu/petition/online/extend-the-time-limit-to-app...

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.