Alimentlər - (lat. alimentum — qidalanma, saxlama) — ər-arvad, valideynlər və uşaqlar tərəfindən saxlaması və dolandırılması üçün qanunvericiliyə uyğun olaraq məcburi şəkildə bir-birinə ödənilən vəsaitlər.
Kişi və arvadın birgə yaşamasından uşaq olduğu təqdirdə valideynin alimentləri ödəmək vəzifəsindən azad etmir. Alimentlərin ödəmək şərtləri aşağıda göstərilən müddəalarda göstərilib. Hər bir halda alimentlər tərəflərin razılığı ilə müqavilə əsasında və yaxud məhkəmə qərarının əsasında ödənilə bilər.
Uşaqlar üçün alimentlər
Nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlər (Maddə 22)
Məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir (ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda)
Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi (Maddə 75)
1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər.
3. Valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər.
4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.
Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı (Maddə 76)
1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:
- 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;
- 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;
- 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.
2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
Uşaqlar üçün aliment tutulan əmək haqqının və (və ya) başqa gəlirlərin növləri (Maddə 77)
Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması (Maddə 78)
1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də 76-cı maddəyə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az, təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.
Valideyn himayəsindən məhrum olmuş uşaqlara görə tutulan aliment və ondan istifadə (Maddə 79)
1. Valideyn himayəsindən məhrum olmuş uşaqlara görə aliment 76—78-ci maddələrinə uyğun olaraq tutulur və uşağın qəyyumuna (himayəçisinə) və ya himayədar valideynlərə (atalığa, analığa) ödənilir.
2. Valideyn himayəsindən məhrum olmuş və tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdə yerləşdirilən uşaqların valideynlərindən tutulan aliment həmin müəssisələrin hesabına keçirilir və hər bir uşağın özünə xərclənir.
3. Göstərilən müəssisələr həmin məbləğləri bankda saxlaya bilər. Məbləğlərin dövriyyəsindən alınan gəlirin 50 faizi uşaqların saxlanmasına sərf olunur. Uşaq bu müəssisələri tərk etdikdə aliment məbləğlərinin cəmi və alimentin dövriyyəsindən əldə olunan gəlirin 50 faizi uşağın adına bankda açılan hesaba köçürülür.
Valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı (Maddə 81)
1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.
2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.
3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.
© 2009-2022 De Jure.