AĞIR CİNAYƏTLƏRƏ DAİR İŞLƏR ÜZRƏ AZƏRBAYCAN RESPUBLİKASI MƏHKƏMƏSİNƏ
Azərbaycan Respublikası CM-nin 120.2.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirbəy Günahov Flankəs oğlu və Momo Qələtzadə Lotuş oğlunun müdafiəçisi, ______________ rayon Hüquq Məsləhətxanasının vəkili Hüseynov Əli Meybulla oğlunun
MÜDAFİƏ NİTQİ
Hörmətli məhkəmə, hörmətli proses iştirakçıları!
Ədalət mühakiməsinin həyata keçirilməsi kimi adlandırılan növbəti məhkəmə prosesi başa çatmaq üzrədir. Artıq hörmətli dövlət ittihamçısı da çıxış etdi və müdafiəçisi olduğum Təqsirbəy Günahov Flankəs oğlu və Momo Qələtzadə Lotuş oğluna cəza istəməsi ilə mənə aydın oldu ki, bu işdə həmin şəxslərin təqsirli bilinərək, məhkum olunacaqları tərzdə hər hansı bir ədalətdən danışmaq böyük cəsarət istəyir.
Konkret olaraq keçək cinayət işinin materiallarına:
Müdafiəçisi olduğum Təqsirbəy Günahov Flankəs oğlu və Momo Qələtzadə Lotuş oğlu Azərb. Respublikası CM-nin 120.2.1. mad. ilə cinayət məsuliyyətinə cəlb olunaraq, məhkəmə məsuliyyətinə verilmişlər.
Qeyri-ənənəvi olsa da mən müdafiə nitqimi yalnız müdafiəçisi olduğum şəxslərin təqsirləndirilən şəxs qismində cəlb edilmələri haqqındakı qərarın üzərində qurmaq istəyirəm. İşə ədalətli məhkəmə yanaşması şəraitində bu, müdafiəçisi olduğum şəxslərə bəraət vermək üçün hesab edirəm ki, kifayətdir.
Təbii ki, istintaq orqanı istintaq apararaq toplanmış sübutların əsasında təqsirli şəxsləri iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edir və bu da iş üzrə ittihamı, işin bütün mahiyyətini təşkil edir. İş üzrə bütün sübutlar isə həmin qərardakı halların sübuta yetirilməsinə xidmət edir.
Lakin biz müdafiə tərəfi olaraq, çox az istisnalar nəzərə alınmaqla, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqındakı qərarlarda göstərilən halları mübahisələndirmək fikrində deyilik. Həmin istisnaların nədən ibarət olmasını da aşağıda açıqlamağa çalışacağam.
Beləliklə də keçək müdafiəçisi olduğum şəxslərə elan edilmiş ittihamlara:
İstintaqın gəldiyi nəticəyə görə Təqsirbəy Günahov Flankəs oğlu istintaq sübutları ilə təqsirləndirilir ondan ötrü ki, o bir qrup şəxslə digər şəxsi qəsdən həyatdan məhrum etməklə qəsdən adam öldürmüşdür.
Belə ki, o 14 dekabr 2008-ci il tarixdə, saat 17 radələrində tanışı Məmmədov Himayət Şahverdi oğlu ilə sonuncunun kirayədə yaşadığı Xırdalan şəhəri, Quşçuluq yaşayış massivindəki həyət evində birlikdə çörək yedikdən sonra Nimayət Məmmədov onu bıçaqla hədələyib şalvarını soyunmasını tələb edərək, onunla cinsi əlaqədə olacağını (uşaqbazlıq) bildirdikdə, onun bu tələbindən imtina etmiş və həmin vaxtı Barambol Quluşovun otaq yoldaşlarının evə gəlməsindən istifadə edərək oradan çıxıb Xırdalan şəhəri, Fizuli küçəsi 9 №-li evə gələrək Barambol Quluşovun ona qarşı etmək istədiyi hərəkətlər barədə kirayədə bir evdə qaldıqları dostu Momo Qələtzadə Lotuş oğluna danışmış və Barambol Quluşovun sərxoş halda olub ondan əl çəkməyəcəyini, hətta onların evinə də gələcəyini bildirərək, evdən getmələrini demiş, bundan sonra hər ikisi saat 22 radələrində evdən çıxarkən yaşadıqları evin qarşısındakı küçədə Nimayət Məmmədovla qarşılaşmışlar. Barambol Quluşov əvvəllər də ayrı-ayrı kişi cinsli şəxslərlə cinsi əlaqədə olduğunu deyib, onlarla da cinsi əlaqədə olmaq istəyini bildirdikdə, onu Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ərazisində yerləşən Rəşid Behbudov küçəsinin girəcəyindəki qaranlıq yerə aparmışlar və qisas alıb qəsdən öldürmək məqsədilə bir qrup şəxslə, yəni Momo Qələtzadə Lotuş oğlu ilə birlikdə, əvvəlcə Momo Qələtzadə, sonra isə o arxadan Barambol Quluşovu əlləri ilə qucaqlayıb qaldıraraq başı üstə yerə çırpmış və hər ikisi yerdə yıxılmış vəziyyətdə olan Barambol Quluşovun həyat üçün vacib orqanı olan başından və bədəninin digər yerlərindən ayaqları ilə bir neçə zərbələr vurub, ona başın sağ alın və sol qaş nahiyyəsinin əzilmiş cırılmış yaraları, başın yumşaq toxumasının iç səthinə, beyin qişaları altına, beyin toxumasına, beyin mədəciklərinə, döş qəfəsinin sağ yarısının ön səthinin yumşaq toxumalarına qansızmalarla, həmçinin sağ tərəfli 2-ci qabırğanın sınığı ilə müşayiət olunan həyat üçün təhlükəli sağlamlığına ağır zərər vuran xəsarətlər yetirərək onu qəsdən öldürmüş və meyitini yaxınlıqdakı çirkli su hövzəsinə atıb getmişlər. Bu hərəkətləri ilə Təqsirbəy Günahov Flankəs oğlu Azərbaycan Respublikası CM-nin 120.2.1. mad. ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir.
Eyni məzmunlu ittiham müdafiəçisi olduğum digər təqsirləndirilən şəxs Momo Qələtzadə Lotuş oğluna da elan edilmişdir.
Bu sözün əsl mənasında səriştəsiz istintaqın gəldiyi heç bir məntiqə sıxmayan, çox ziddiyyətli bir nəticədir. Mənim qeyd etdiyim bu ziddiyyətlilik nədən ibarətdir:
Ziddiyyətləri göstərmək üçün heç cinayət işinin materiallarına da ehtiyac yoxdur. Sadəcə olaraq elan edilmiş ittihamı bir balaca nəzərdən keçirib analiz edək:
Birincisi, istintaqçı elan etdiyi ittihamda yazır ki, «həyət evində birlikdə çörək yedikdən sonra Barambol Quluşov onu bıçaqla hədələyib şalvarını soyunmasını tələb edərək onunla cinsi əlaqədə olacağını (uşaqbazlıq) bildirdikdə»… Bununla da istintaqçı etiraf edir ki, Barambol Quluşov 22 yaşlı evlənməli cavan oğlan olan Təqsirbəy Günahovu zorlamaq fikrinə düşür və onu üstünə bıçaq çəkməklə həm faktiki, həm hüquqi baxımdan həyat və sağlamlığı üçün təhlükəli basqına məruz qoyaraq, zorlamağa çalışır.
İkincisi, həyat və sağlamlığı üçün real təhlükənin olmasına baxmayaraq, namuslu və qeyrətli 22 yaşlı Azərbaycanlı oğlu Təqsirbəy Günahov, - müstəntiqin elan etdiyi ittihama əsasən- «onun bu tələbindən imtina etmiş və həmin vaxtı Barambol Quluşovun otaq yoldaşlarının evə gəlməsindən istifadə edərək, oradan çıxıb Xırdalan şəhəri, Fizuli küçəsi 9 №-li evə» gəlmişdir.
Üçüncüsü, yenə də - müstəntiqin elan etdiyi ittihama əsasən- «evə gələrək Barambol Quluşovun ona qarşı etmək istədiyi hərəkətlər barədə kirayədə bir evdə qaldıqları dostu Momo Qələtzadə Lotuş oğluna danışmış və Barambol Quluşovun sərxoş halda olub ondan əl çəkməyəcəyini, hətta onların evinə də gələcəyini bildirərək, evdən getmələrini» təklif etmişdir. Yəni istintaqçı özü etiraf edir ki, Təqsirbəy Günahov özünün bıçaqla hədələnərək, zorlanma cəhdinə baxmayaraq, faktiki olaraq onu zorlamağa çalışan Barambol Quluşovu, Momo Qələtzadəə evdən təcili getmələrini təklif etməklə, bağışlayır və xata-bəladan uzaq olmaq üçün Təqsirbəy Günahov Momo Qələtzadə ilə tez, yubanmadan qaldıqları mənzili tərk edirlər.
Lakin, necə deyərlər, sən saydığını say, gör fələk nə sayır! Cinsi ehtirası qalxmış Nimayət Məmmədov, nəyin bahasına olursa olsun öz ehtirasını heç bir canlının etmədiyi bir formada təmin etmək məqsədilə, Təqsirbəy Günahovun dalınca dabanbasma onların qaldıqları ünvana gəlir və yenə də - müstəntiqin elan etdiyi ittihama əsasən- onlar «evin qarşısındakı küçədə Barambol Quluşovla qarşılaşmışlar. Barambol Quluşov əvvəllər də ayrı-ayrı kişi cinsli şəxslərlə cinsi əlaqədə olduğunu deyib, onlarla da cinsi əlaqədə olmaq istəyini bildirdikdə»….
Bundan sonra isə istintaqçının əsl məntiqsizliyi başlayır: O cəlb qərarında yazır ki, «onu (yəni Himayəti) Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ərazisində yerləşən Rəşid Behbudov küçəsinin girəcəyindəki qaranlıq yerə aparmışlar».
Sual olunur, kim-kimi qaranlıq yerə aparıb? Təqsirbəy Günahovu zorlamaq istəyərkən bıçaq Barambol Quluşovda olub. Yəni bıçaqla silahlanmış vəziyyətdə Barambol Quluşov olub! Bunu elan etdiyi ittihamla istintaq özü təsdiq edir! Təqsirbəy Günahov ilə Momo Qələtzadədə isə istintaqın öz gəldiyi nəticəyə görə heç bir silah olmayıb. Onda sual olunur, kim-kimi qabağına salıb qaranlıq yerə aparıb? İstintaqçı bir tərəfdən yazır ki, Təqsirbəy Günahov və Momo Qələtzadə özlərini Barambol Quluşovun silahlı cinsi təcavüzündən qurtarmaq, qurtulmaq üçün dərhal evi tərk edib küçəyə çıxırlar, Barambol Quluşov isə öz cinsi ehtirasını qeyri-təbii formada söndürmək üçün onların qarşısını kəsir, onları hədələyərək çox kişiləri zorladığını bildirir. Onda kimin-kimi qabağına salıb qaranlıq yerə
aparması daha inandırıcıdır? Əvvəllər zorlama cinayətinə körə Rusiya Federasiyası Kuybışev Vilayəti Sızran şəhər məhkəməsi tərəfindən 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cinayət işinin materiallarından göründüyü kimi yetkinlik yaşına çatmamış əlil gənc Zarif Yangalov Ənvər oğlunu zorlamış Barambol Quluşovun, yoxsa həyatlarında heç bir cinayət törətməmiş, hər vasitə ilə təhlükəli, yəni konfliktli vəziyyətdən uzaqlaşmağa çalışmış təqsirləndirilən şəxslərin?
Sonra istintaqçı yazır ki, « qisas alıb qəsdən öldürmək məqsədilə bir qrup şəxslə, yəni Momo Qələtzadə Lotuş oğlu ilə birlikdə, əvvəlcə Momo Qələtzadə, sonra isə o arxadan Barambol Quluşovu əlləri ilə qucaqlayıb qaldıraraq başı üstə yerə çırpmış və hər ikisi yerdə yıxılmış vəziyyətdə olan Barambol Quluşovun həyat üçün vacib orqanı olan başından və bədəninin digər yerlərindən ayaqları ilə bir neçə zərbələr vurub, ona başın sağ alın….» və s. nahiyələrindən xəsarət yetirmişlər. Yəni ittihamdan görünür ki, təqsirləndirilən şəxslər onların cinsi toxunulmazlığına təcavüz edən, bıçaqla silahlanmış Barambol Quluşovu yerə yıxaraq, hər biri onun hücumunu davam etdirmək imkanını əlindən almaq məqsədilə ona bir-neçə təpik vurmuşlar. Yenə də xüsusilə qeyd etmək lazımdır ki, təqsirləndirilən şəxslərin əllərində heç bir silah, silah qismində istifadə edilə biləcək hər hansı bir əşya olmamışdır.
Hörmətli proses iştirakçıları, siz burada zəruri müdafiə həddini aşma görürsünüzmü? Şəxsən mən görmürəm və qanuna, məntiqə söykənərək hesab edirəm ki, təqsirləndirilən şəxslərin hərəkətləri zəruri müdafiə çərçivəsindədir.
Gəlin burada zəruri müdafiənin nə olmasını bir daha yadımıza salaq:
Azərb. Respublikası CM-nin 36-cı maddəsi zəruri müdafiəyə həsr olunmuşdur.
36.1.-ci maddədə göstərilir ki, «Zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai-təhlükəli qəsdən qoruyarkən törədilmiş hərəkət zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır.
36.2-ci maddədə göstərilir ki, peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq bütün şəxslər zəruri müdafiə hüququna malikdirlər. Bu hüquq, dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai təhlükəli qəsddən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur. (bu isə o deməkdir ki, heç kim təqsirləndirilən şəxsləri günahlandıra bilməz ki, nəyə görə Barambol Quluşov yerə yıxılan kimi oradan qaçıb getmədiniz. Onlar qaçıb getməli deyildilər!)
36.3.-cü maddədə göstərilir ki, qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. (Burada demək yerinə düşərdi ki, bıçaqla basqın etmiş şəxsə qarşı bir-neçə təpik zərbəsinin vurulmasında açıq-aşkar uyğunsuzluq nədən ibarətdir! Kim cəsarət edib deyə bilər ki, səriştəsiz, idmanla məşğul olmayan, xüsusi hazırlığı olmayan, hətta əlində bir barmağı çatışmayan( Əzizin əlində bir barmağı y oxdur), çəlimsiz 22 yaşlı iki gəncin onlara qarşı istiqamətlənmiş bıçağa qarşı bir-neçə təpik işlətmələri qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən hərəkətdir?!) Mən sualıma cavab istəyirəm! Özünü vicdanlı hesab edən hansı insan bu iddiada ola bilər?!
Sualı başqa cür qoyaq! Əgər Barambol Quluşov bıçaqdan əlavə öz təbii gücünə, nüfuzuna, təqsirləndirilən şəxslərin ümumilikdə hər ikisindən qüvvətli olmasına birmənalı şəkildə arxayın olmasaydı, təkcə əlindəki bıçağa arxayın olub onların üstünə yeriyərək zorlamağa cəhd edərdimi? Təbii ki, yox!
Sualı bir qədər də dəyişək! Özünə hər barədə tam arxayın olmayan şəxs, ümumiyyətlə iki nəfər 22 yaşlı oğlana qarşı sözlə də olsa( zorlamağa cəhd bir yana qalsın), belə bir təklifi irəli sürə bilərdimi? Təbii ki, yox! Çünki istənilən kişi cinsli fərd üçün belə bir qeyri-adi təhqiqin qarşısında, əks tərəf dərhal hər hansı bir formada cəzalana biləcəyini başa düşür və heç kim belə təkliflə hətta zarafatyana başqasına müraciət edə bilməz! Deməli, Barambol Quluşov bu iki gənc qarşısında öz fiziki üstünlüyünə birmənalı şəkildə əmin olub və buna görə də onları qaranlıq yerə aparıb orada zorlamağa çalışıb.
Belə olan halda hansı zəruri müdafiə həddinin aşılmasından söhbət gedə bilər?! Belə olan halda təqsirləndirilən şəxslərin Barambol Quluşova sonuncunun hərəkətlərini davam etdirmək imkanını əlindən almaq məqsədilə vurduqları bir-neçə təpiyi necə qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər kimi qiymətləndirmək olar, axı necə?!!
Əgər Barambol Quluşov onun təqibindən qaçıb canlarını qurtarmaq istəyən təqsirləndirilən şəxslərin qarşısına küçədə «qəfil güllə kimi» gözlənilmədən çıxaraq, onlara tuş gəlirsə, təqsirləndirilən şəxslərin onu öldürmək məqsədilə əvvəlcədən və yaxud da Barambol Quluşovun gözləri qarşısında məsləhətləşmə aparıb razılığa gəlmələri gülünc səslənmirmi?
Təqsirləndirilən şəxs qismində cəlb qərarındakı həqiqətə uyğun olmayan bir fikir məni cinayət işinin başqa materiallarına da müraciət etməyə məcbur edir. İstintaqçı təqsirləndirilən şəxs qismində cəlb etmə qərarında yazır ki, «həyat üçün təhlükəli sağlamlığına ağır zərər vuran xəsarətlər yetirərək onu qəsdən öldürmüş və meyitini yaxınlıqdakı çirkli su hövzəsinə atıb getmişlər». Bu ağ yalandır! Cinayət işinin materiallarından, o cümlədən hadisə yerinə baxış protokolundan, işdəki fotoşəkillərdən də görünür ki, hadisə yerində böyük diametrli boru vardır və təqsirləndirilən şəxslər Barambol Quluşovun hücumunun qarşısını aldıqdan sonra onu həmin borunun üzərinə uzatmışlar. Onlar həmçinin göstərmişlər ki, Barambol Quluşov oradan sürüşüb borunun arxasındakı yaş otluğa düşmüşdür. Boğulması mümkün olan suya yox, məhz yaş otluğa! Yəni onlar Himayət Məmmədovu öldürmək məqsədilə hər hansı bir su hövzəsinə, gölə, gölməçəyə atmamışlar. Barambol Quluşovun suda boğulmadan ölməməsi da bunu sübut edir. Hadisə yerindən uzaqlaşarkən də onlar ehtimal etmişlər ki, Barambol Quluşov 1-2 saatdan sonra özünə gəlib qisas almaq üçün onları axtaracaqdır və buna görə də onlar Himayətlə bir daha üz-üzə gəlməmək üçün həmin ərazidə işləmək fikrindən daşınaraq, birdəfəlik həmin yeri tərk edib, Siyəzən şəhərinə gəlmişlər. Bu bir daha onu göstərir ki, təqsirləndirilən şəxslərin Barambol Quluşovu öldürmək məqsədləri olmamış və sonuncunun ölməsindən onların xəbəri olmamışdır.
Bəli, ittihama əsasən təqsirləndirilən şəxslər Barambol Quluşovun başından və bədəninin digər yerlərindən ayaqları ilə bir neçə zərbələr vurub…. Elə buradaca dayanıb, üzümü hörmətli dövlət ittihamçısına tutaraq soruşmaq istəyirəm, neyləyəydilər, vurmayaydılar?.... Bəlkə Barambol Quluşovu yıxılandan sonra tez ayağa qaldırıb üstünün tozunu çırparaq, şalvarlarını dizlərinə salıb, onun qarşısında məlum pozanı qəbul edəydilər? Belə yaxşı olardı, düzgün olardı? Bəlkə kimsə də fikirləşir ki, aylarla istintaq təcridxanasında yatdıqdan sonra 12 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası almaq şansı ilə üz-üzə durmaqdansa, elə şalvarlarını soyunsaydılar yaxşı olardı. Nə olacaqdı ki? Uzaq başı Avropa Otelinin qarşısında duran mavilərin sayı daha iki nəfər artacaqdı. Belə fikirləşənlər varsa, qoy belə də etsinlər!
Müdafiəçisi olduğum Təqsirbəy Günahov ilə Momo Qələtzadə isə belə fikirləşmirlər!
Onlar üçün namus, kişilik, qeyrət, mintalitet pafoslu sözlər deyil, gündəlik həyat tərzidir.
Onlar bıçaq qarşısında namus, kişilik, qeyrət, mintalitet anlayışlarına xəyanət etmədilər!
İndi tələb olunan isə odur ki, həmin anlayışları rəhbər tutaraq, biz proses iştirakçıları onların haqqında ədalətli fikirlər söyləyək və ədalətli qərar qəbul edək! Heç olmazsa söylədiyimiz sözlərdə ədalətli olaq!
Bir halda ki, mintalitetimizə, mənəvi dəyərlərimizə üz tutduq, görək Qurani-Kərimdə bu məsələyə necə baxılır:
Əgər ölkə Prezidenti vəzifəyə qədəm qoymazdan əvvəl Qurani-Kərimə əl qoyaraq and içirsə, deməli bizim xalqın ən yüksək mənəvi dəyərləri Qurani-Kərimdə öz əksini tapmışdır və bu məhkəmə prosesində həmin dəyərlərə müraciət etmək heç də yersiz, qanunsuz və əsassız deyil. Görək Qurani-Kərimdə bu məsələlərə, yəni kişinin kişi ilə cinsi əlaqəsinə necə münasibət bəslənir.
Qurani-Kərimin 7-ci Əl-Əraf («Sədd») surəsi 206 ayədən ibarətdir.
Həmin Surənin 80-ci ayəsində yazılmışdır ««Lutu da peyğəmbər göndərdik. Bir zaman o öz tayfasına demişdi: «Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasızlığı ( kişilər arasında olan cinsi əlaqəni) sizmi edəcəksiniz?»»
Həmin Surənin 81-ci ayəsində yazılmışdır: «Siz qadınları atıb şəhvətlə kişilərin üstünə gəlirsiniz. Siz doğurdan da, həddi aşmış bir tayfasınız!».
Həmin Surənin 82-ci ayəsində yazılmışdır: ««Lut tayfasının bu sözə cavabı istehza ilə «Onları (Lutu və ona tabe olanları) məmləkətimizdən çıxarın, çünki onlar həddindən ziyadə təmiz, bu cür işlərlə məşğul olmayan adamlardır!»- deməkdən başqa bir şey olmamışdır»»
Həmin Surənin 83-ci ayəsində yazılmışdır: «Biz Lutu və ailəsini xilas etdik».
Həmin Surənin 84-ci ayəsində yazılmışdır: «« Onların üstünə yağış (kibrit və atəşlə yoğrulmuş əzab yağışı) yağdırdıq. Bir gör Allaha asi olan, peyğəmbərləri inkar edən günahkarların axırı necə oldu!»
Hörmətli proses iştirakçıları! Beləliklə də bəlli oldu ki, Qurani-Kərimdə bu əməlin sahibləri kibrit və atəşlə yoğrulmuş əzab yağışına layiq bilinmiş, Allaha asi olan, peyğəmbərləri inkar edən günahkarlar kimi qiymətləndirilir və göstərilir ki, belə bir yağışla onlar hamısı məhv edilmişdir.
Mən müqəddəs kitabımız Qurani-Kərimə heç bir halda şəkk gətirmədən demək istəyirəm ki, o vaxt yəqin onların hamısı məhv olmayıb, Barambol Quluşov bizim zəmanəyə gəlib çıxıb və Qurani-Kərimin tələblərinə əsasən od-alovla yandırılmalı olan əməli ilə iki nəfər təqsirsiz gəncləri də bizim istintaq orqanının «ədaləti» ilə üz-üzə gətirməklə od-alova salmışdır.
Qurani-Kərimdə kibrit və atəşlə yoğrulmuş əzab yağışına layiq bilinmiş, Allaha asi olan, peyğəmbərləri inkar edən günahkarlar kimi qiymətləndirilmiş Barambol Quluşovu nəyə görə istintaq orqanı az qala şəhidlik zirvəsinə qaldıraraq, ona cinayət prosesində zərərçəkmiş statusu verir?! Nəyə görə?!. Yox əgər belə deyilsə, onda təqsirləndirilən şəxslərə son dərəcə ağır ittihamın, hətta ömürlük azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutulan ittihamın elan edilməsnin nə ilə izah etmək olar?! Mən çox istərdim ki, hörmətli proses iştirakçılarından bu suala ağlabatan bir cavab alım!
Beləliklə də biz məsələyə istər Cinayət Məcəlləsi, istərsə də Qurani-Kərimin müddəaları baxımından qiymət verməyə çalışdıq.
Bir məsələni də deməyə bilmirəm: Gəlin məsələyə xrisitianlıq, katoliklik, buddizm, nə blim daha hansı dinlər və dillər, amerikan, ingilis, yapon, çinli, bir sözlə bu günkü bütün sivil dünya xalqlarının nöqteyi-nəzərindən baxaq! Onda biz nə görərik: bunu başa düşmək üçün sadəcə olaraq televizorun qarşısında oturaraq, həmin ölkələrin istehsalı olan filmlərə baxmaq kifayətdir. Allaha şükür ki, sutka ərzində manyaklarla bağlı ekranda heç olmazsa 3-4 film nümayiş etdirilir. Hesab edirəm bu fikirlə hamı razılaşar ki, hər filmin sonunda əgər manyakın qurbanı, hər hansı vasitə ilə maynakı öldürməyə nail olursa və özü yaralanırsa, həmin şəxs polisin nəvazişli baxışları altında təcili tibbi yardım avtomaşınında xəstəxanaya yola salınır. Yox, əgər manyakın qurbanı özü xəsarət almırsa, onu hadisə yerindən yenə də polisin nəvazişli baxışları altında birbaşa evinə yola salırlar. Amma hər bir halda polisin nəvazişli baxışları və insani diqqəti altında..!
Nəyə görə məhz bizim istintaq orqanında bu nəvazişli baxışlar yoxdur? Nəyə görə analoji hadisəyə görə müdafiəçisi olduğum şəxslərin ilk addımları İstintaq Təcridxanasının qapısından içəri olmuşdur və indi də onlar həbsdə olaraq öz hüquqları uğrunda çabalayırlar?! Axı nəyə görə? Onların nəyi ingilisdən, fransızdan yaxud da almandan əskikdi?! Axı məndən tutmuş mənə qədər biz hamımız deyirik ki, bizim humanizmimizə, mintalitetimizə çatan olmaz! Nəyə görə onlar gözlə görünən təqsirsizliklərini sübuta yetirmək üçün bu yolda ilan kimi qabıq qoymalıdırlar, axı nəyə görə?! Budur bizim humanizmimiz və mintalitetimiz?!...
Hesab edirəm ki, söylədiklərim bu iş üzrə həqiqətləri görmək istəyənlər üçün kifayətdir. Yalnız bu həqiqətləri görmək istəməyən gözlərini yumub bu həqiqətlərin yanından keçib gedə bilər! Nə isə…
Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda şərh olunanları nəzərə alsaq, təqsirləndirilən şəxslərin əməlində Azərb. Respublikası CM-nin 120.2.1. madddəsinin tərkibi varmı? Təbii ki, yox! Onların əməlində hər hansı bir cinayətin tərkibi yoxdur və onların barəsində bəraət hökmü çıxarılmalıdır! Ona görə ki, onların hərəkətləri zəruri müdafiə çərçivəsindən kənara çıxmamışdır!
Qeyd etdiyim kimi bu nəticəyə gəlmək üçün müstəntiqin təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarı ilə tanış olmaq kifayətdir və cinayət işinin materiallarına baxmamaq da olar!
İşin yuxarıda göstərilən müstəsna hallarını nəzərə almaqla bir sual da qoyma yerinə düşərdi: Törətdiyi əməllərinə və mənəviyyatına qiymət verməklə istintaq orqanı kimin üstündə kimləri həbs etmişdir və bu həbs nə qədər əsaslıdır?!
hesab edirəm ki, bu suala mənəvi dəyərlərə qiymət verməyi bacaran, azərbaycanlı, qafqazlı mintaliteti haqqında cüzi təsəvvürü olan hər bir şəxs cavab olaraq deyərdi: belə bir iş üzrə təqsirləndirilən şəxslər təqsirləndirilməməli və onlar həbs edilməməli idilər! Bu birmənalı şəkildə belədir!
Hesab edirəm ki, hörmətli məhkəmə də Qurani-Kərimin şərh olunan tələblərinə və bu tələblərlə uzlaşan Cinayət Məcəlləsinin zəruri müdafiəyə həsr olunmuş 36-cı maddəsinin tələblərinə zidd hərəkət edərək, ittiham hökmü çıxarmayacaq və təqsirləndirilən şəxslərə bəraət verəcəkdir.
Beləliklə də göstərilən müstəsna halları nəzərə alaraq, hesab edirəm ki, təqsirləndirilən şəxslərin barəsində əməllərində cinayət tərkibi olmadığına görə bəraət hökmü çıxarılmalıdır.
Göstərilənləri nəzərə alaraq, Azərb. Respublikası CPM-nin 92-ci mad. tələblərini rəhbər tutub,
X a h i ş e d i r ə m :
1. Azərb. Respublikası CM-nin 120.2.1. mad. ilə təqsirləndirilən Təqsirbəy Günahov Flankəs oğlu və Momo Qələtzadə Lotuş oğlunun barəsində əməllərində cinayət tərkibi olmadığına görə bəraət hökmü çıxarasınız.
Müdafiəçi: Hüseynov
Tarix:
© 2009-2022 De Jure.