Azərbaycan Respublikası adından
AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN QƏRARI
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci maddəsinin şərh edilməsinə dair
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova (məruzəçi-hakim), Rövşən İsmayılov, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin,
maraqlı subyektlərin nümayəndələri Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi İlahə Abbasovanın, Azərbaycan Respublikası Milli Məclisi Aparatının Sosial qanunvericilik şöbəsinin baş məsləhətçisi Məhəmməd Bazıqovun,
ekspert Bakı Dövlət Universitetinin Mülki hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Məhəbbət Dəmirçiyevanın,
mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əsəd Mirzəliyevin, Bakı Apellyasiya Məhkəməsinin hakimi İkram Şirinovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq Bakı şəhəri Yasamal rayon Məhkəməsinin müraciəti əsasında xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci maddəsinin “uşağın doğulmasından sonra 1 il müddətində” müddəasının şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim S.Həsənovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Bakı şəhəri Yasamal rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 15-ci maddəsinin “uşağın doğulmasından sonra 1 il müddətində” müddəasının şərh olunmasını xahiş etmişdir.
Müraciətdə göstərilir ki, iddiaçı O.Əliyev 29 dekabr 2014-cü il tarixində G.Hüseynovaya qarşı nikahın pozulması tələbinə dair məhkəmədə iddia qaldırmış, lakin cavabdeh hamilə olduğu üçün nikah pozulmamışdır. 28 fevral 2015-ci il tarixində cavabdehin uşağı ölü doğulduqdan sonra iddiaçı yenidən məhkəmədə nikahın pozulması haqqında iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı cavabdeh nikahın pozulmasına razı olmamış və Ailə Məcəlləsinin 15-ci maddəsinə istinad edərək, ərinin nikahın pozulmasını tələb etmək hüququnun olmadığını bildirmişdir.
Ailə Məcəlləsinin “Ərin nikahın pozulmasını tələb etmək hüququnun məhdudlaşdırılması” adlanan 15-ci maddəsinin tələbinə görə arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz.
Lakin bu məhdudiyyətin uşağın ölü doğulduğu, yaxud 1 yaşı tamam olanadək öldüyü hallara şamil edilib-edilməməsinin dəqiq müəyyən olunmadığını və maddənin tətbiqi ilə bağlı məhkəmə təcrübəsində müxtəlif yanaşmaların mövcud olduğunu nəzərə alaraq, müraciətedən Ailə Məcəlləsinin 15-ci maddəsində uşağın ölü doğulduğu, yaxud 1 yaşı tamam olanadək öldüyü hallarda da 1 il müddətində arvadın razılığı olmadan ərin nikaha xitam verilməsi barədə iddia qaldırmaq hüququnun olub-olmaması məsələsinə aydınlıq gətirilməsi üçün qeyd edilən normanın şərh olunmasının zəruriliyi qənaətinə gəlmişdir.
Müraciətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 17-ci maddəsində göstərilir ki, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir.
Ailə institutu tarixən vətəndaş cəmiyyətinin əsas təsisatlarından biri kimi insani dəyərlərin, mədəniyyət və nəsillərin tarixi varisliyinin qoruyucusu, sabitlik və yüksəliş təməli sayılmışdır. Ailə hər bir sivil cəmiyyətin əsasını təşkil edən, insanlığın ən ali, ülvi və saf duyğularını, nəcib niyyətlərini özündə təcəssüm etdirən ittifaq kimi dəyərləndirilmişdir.
Ailə bioloji, sosial və məişət funksiyalarına görə cəmiyyətin özəyi olmaqla yanaşı, hər bir normal insanın böyük sərvəti, zinəti, həyatının mənasıdır. Ailə əxlaq, mənəviyyat kimi dəyərlərin ucalığında dayanan birlikdir.
Ailə institutuna dövlətin verdiyi dəyərin nəticəsidir ki, ailənin qurulmasının əsasını təşkil edən nikahın bağlanılması şərtləri Konstitusiya ilə müəyyən edilmişdir.
Konstitusiyanın “Nikah hüququ” adlanan 34-cü maddəsinə görə hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır və heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Öz əsas qayəsini Konstitusiyadan götürən ailə qanunvericiliyi ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarını tənzimləyən normaları müəyyən etmişdir.
Ailə Məcəlləsinin 1.3-cü maddəsində müəyyən edilmişdir ki, ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir.
Ailə qanunvericiliyinə görə, nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır (Ailə Məcəlləsinin 2.3-cü maddəsi).
Nikaha daxil olarkən və ailə münasibətlərində sosial, irqi, milli, dini və dil mənsubiyyətinə görə vətəndaşların hüquqlarının hər hansı formada məhdudlaşdırılması qadağandır. Ailənin başqa üzvlərinin və digər vətəndaşların mənəviyyatının, sağlamlığının, hüquqlarının və qanuni mənafelərinin müdafiəsi məqsədi ilə vətəndaşların ailədəki hüquqları yalnız qanun əsasında məhdudlaşdırıla bilər (Ailə Məcəlləsinin 2.4 və 2.5-ci maddələri).
Vətəndaşlar ailə hüquqlarını və onların müdafiəsini, bu Məcəllədə başqa qayda nəzərdə tutulmayıbsa, müstəqil həyata keçirirlər. Ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərini və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır (Ailə Məcəlləsinin 6-cı maddəsi).
Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2010-cu il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir.
Konstitusiyanın və ailə qanunvericiliyinin yuxarıda qeyd olunan normalarını təhlil edərək Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, nikahın könüllülüyü, nikaha daxil olan şəxslərin iradə ifadəsinin sərbəstliyi, ailənin möhkəmləndirilməsi zəruriyyəti, ər və arvadın hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və onların bu hüquqlarının məhkəmədə müdafiəsi imkanları, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması və s. prinsiplər nikahın bütün mərhələlərini (nikaha daxil olma, nikahda olma və nikaha xitam verilməsini) əhatə edir.
Nikaha xitam verilməsinin əsasları və qaydası Ailə Məcəlləsinin 4-cü fəslinin, nikahın pozulmasının qeydə alınması məsələləri isə həmin Məcəllənin 25-ci fəslinin müddəaları ilə tənzimlənir.
Ailə hüquq nəzəriyyəsində nikaha xitam verilməsi dedikdə, müəyyən hüquqi faktların yaranması ilə əlaqədar ər-arvadın qanunla nəzərdə tutulmuş qaydada bağlanmış nikahdan əmələ gələn münasibətlərinə xitam verilməsi başa düşülür.
Ailə qanunvericiliyi nikahın pozulmasının iki qaydasını müəyyən edir - məhkəmə qaydasında və müvafiq icra hakimiyyəti orqanında (inzibati qaydada). Ailə Məcəlləsinin 16-cı maddəsinə görə nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19-21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir.
Həmin maddələrdə qanunverici məhkəmə qaydasında nikaha xitam verilməsinin iki əsas şərtini müəyyən etmişdir: ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olması; tərəflərdən birinin nikahın pozulmasına razılığının olmaması.
Ailə Məcəlləsi nikaha xitam verilməsinin qaydalarını müəyyən edərkən nikahın könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, həmçinin nikahın pozulmasının azadlığı, ər və arvadın hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması prinsipləri, habelə uşaqların hüquqlarının müdafiəsi baxımından çıxış edir.
Qeyd olunduğu kimi, Ailə Məcəlləsinin 15-ci maddəsinə əsasən arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmə təcrübəsində fikir ayrılığına səbəb olan qanunun bu məhdudlaşdırıcı göstərişi ailənin tamlığına, ana və uşağın hüquqlarının qorunmasına xidmət etməklə qadının müəyyən zaman kəsiyində, yəni hamiləlik və uşağın doğulmasından sonrakı dövrdə nəinki qəbulediləndir, eyni zamanda analığa verilən yüksək insani dəyərdir.
Bu həmçinin Ailə Məcəlləsinin vəzifələrindən də irəli gəlir. Belə ki, həmin Məcəllənin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi bu Məcəllənin vəzifələrindən biri kimi müəyyən edilmişdir.
Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə görə isə hamiləlik dövründə və ümumi uşaqların doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir.
Bu baxımdan, ərin nikahın pozulmasını tələb etmək hüququnun müəyyən müddətdə məhdudlaşdırılması ər-arvad arasında bərabərlik hüququnun pozulması kimi qəbul edilə bilməz. Belə ki, bu hüquq yalnız məlum zaman kəsiyində məhdudlaşdırılır ki, bu da Ailə Məcəlləsinin 2.5-ci maddəsinin tələbinə tam uyğundur. Burada da məqsəd qadına və uşağa münasibətdə daha yumşaq mühitin yaradılmasıdır.
Bir sıra dövlətlərin nikah və ailə qanunvericiliyində də arvadın hamiləliyi dövründə və uşaq doğulduqdan sonra ərin arvadın razılığı olmadan nikahın pozulmasını tələb etmək hüququnun müəyyən müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur.
Belə ki, oxşar yanaşmalar Rusiya Federasiyası, Qazaxıstan, Ukrayna, Qırğızıstan, Moldova, Belarus Respublikalarının qanunvericiliyində də müəyyən edilmişdir.
Rusiya Federasiyası Ailə Məcəlləsinin analoji məsələni tənzimləyən 17-ci maddəsinə Rusiya Federasiyası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən nikahın pozulması işləri üzrə qanunvericiliyin tətbiqi barədə” 5 noyabr 1998-ci il tarixli Qərarı ilə şərh verilərək arvadın hamiləliyi dövründə və uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ərin nikaha xitam verilməsi barədə iddia qaldırmaq hüququnun uşağın ölü doğulduğu və ya 1 yaşına çatanadək öldüyü hallara da şamil edildiyi göstərilmişdir.
Moldovanın qanunvericiliyi isə ərin nikahın pozulması barədə iddia qaldırmasına 1 illik məhdudiyyətin qoyulmasını uşağın doğulduqdan sonra 1 il müddətində yaşaması ilə şərtləndirir.
Ailə Məcəlləsinin 15-ci maddəsinin tətbiqi ilə bağlı müxtəlif yanaşmalara gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunun mənasına görə, arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ərin nikaha xitam verilməsi barədə iddia qaldırmasına məhdudiyyətin qoyulması yalnız doğum faktı ilə şərtləndirilir. Normanın “doğulduqdan sonra” ifadəsi doğum faktından 1 il müddət keçməsini nəzərdə tutur. Uşağın doğulması artıq hüquqi fakt hesab olunur, onun ölü doğulması qanunun müəyyən etdiyi müddətin aradan qaldırılması üçün heç bir əhəmiyyət kəsb etmir.
Ailə Məcəlləsinin 15-ci maddəsinin tələbinin uşağın 1 yaşına çatanadək ölməsi halına şamil olunub-olunmaması ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunun bu norması imperativ xarakter daşımaqla birmənalı şəkildə müəyyən etmişdir ki, arvadın razılığı olmadan ər uşağın doğulmasından sonra 1 il müddətində nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz. Qanunun müəyyən etdiyi 1 il müddətində məhdudiyyət uşağın bir neçə aydan sonra ölməsi faktı ilə əlaqələndirilmir və onun ölümü də 1 illik müddəti aradan qaldırmır. Bu baxımdan, Ailə Məcəlləsinin 15-ci maddəsində nəzərdə tutulan 1 illik məhdudiyyət uşağın ölü doğulduğu və ya bir yaşına çatanadək öldüyü halları da ehtiva edir.
Göstərilən maddənin mənasına görə ərin arvadın razılığı olmadan nikahın pozulması barədə iddia qaldırmaq hüququ, uşağın ölü doğulması və ya bir yaşına çatanadək ölməsi hallarında da, yalnız uşağın doğulduğu gündən 1 illik müddət tamam olduqdan sonra yaranır.
Qanunun tələbinə görə arvadın razılığı olmadan onun hamiləliyi dövründə ər nikaha xitam verilməsi barədə iddia qaldırdığı halda onun ərizəsi məhkəmə tərəfindən qəbul edilməməli, hamiləlik iddia ərizəsinin icraata qəbul edilməsindən sonra müəyyən edildiyi halda isə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq işin icraatına xitam verilməlidir.
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Ailə Məcəlləsinin 15-ci maddəsinin “uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz” müddəası uşağın ölü doğulduğu və ya doğulduqdan sonra 1 il müddətində öldüyü halları da ehtiva edir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci maddəsinin “uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz” müddəası uşağın ölü doğulduğu və ya doğulduqdan sonra 1 il müddətində öldüyü halları da ehtiva edir.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev
Bakı şəhəri, 16 oktyabr 2015-ci il.
© 2009-2022 De Jure.