İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
Birinci bölmə
QARAYEV AZƏRBAYCANA QARŞI
QƏRAR
(Şikayət № 53688/08)
Strasburq, 10 iyun 2010-cu il
Bu qərar qətidir, lakin redaktə edilməsi üçün yenidən baxıla bilər. Qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti olacaq. O, yenidən redaktə edilə bilər.
Qarayev Azərbaycana qarşı iş üzrə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci bölmə) aşağıdakı tərkibdə,
Xristos Rozakis, Sədr,
Nina Vajiç,
Xanlar Hacıyev,
Din Spilman,
Sver Erik Jebens,
Corcio Malinverni
Qeorqe Nikolau, hakimlər,
və Soren Nilsen, Bölmə Katibi,
20 may 2010-cu ildə qapalı şəkildə müzakirə edərək, həmin gündə bu qərarı qəbul edir:
PROSES
1. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 34-cü maddəsinə əsasən, Özbək vətəndaşı olan cənab Şaiq Qarayevin (“ərizəçi”) Azərbaycana qarşı verdiyi şikayət üzrə (№ 53688/08) iş 07 noyabr 2008-ci ildə başlanılmışdır.
2. Ərizəçini Bakıda vəkil işləyən xanım L. Mədətli, cənab Ə. Əliyev və cənab M. Bəxşişov təmsil ediblər. Azərbaycan Hökumətini (“Hökumət”) onun nümayəndəsi Ç.Əsgərov təmsil edib.
3. Ərizəçi, xüsusən iddia etdi ki, onun Özəbkistana ekstradisiyası Konvensiyanın 3-cü maddəsinin pozulmasına gətirib çıxarar və o, işgəncə və pis rəftar təhlükəsi əsası ilə ekstradisiyasını mübahisələndirməyə imkan verən səmərəli vasitələrə malik olmamışdır. 0, həmçinin iddia edib ki, ekstradisiya məsələsi həll olunanadək onun həbsdə olması qanunsuz olmuş və Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin “f” yarımbəndinə və bu maddənin 4-cü bəndinə zidd olaraq bu həbslə bağlı hər hansı məhkəmə nəzarəti ona əlçatan olmamışdır.
4. Palatanın Sədri 07 noyabr 2008-ci ildə Hökumətə göstərib ki, sonrakı bildirişədək ərizəçi Özbəkistana ekstradisiya edilməməlidir (Məhkəmə Reqlamentinin 39-cu qaydası).
5. 08 iyun 2009-cu ildə Birinci Bölmənin Sədri şikayət barədə Hökuməti məlumatlandırmaq qərarına gəlib. Həmçinin qərara alınmışdır ki, şikayətin mahiyyətinə onunməqbuliyyəti ilə eyni vaxtda baxılsın (Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndi).
FAKTLAR
I. İŞİN HALLARI
6. Ərizəçi 1981-ci ildə Buxarada, Özbəkistanda anadan olmuş və hazırda Özbəkistana ekstradisiya olunması üçün Bakıda istintaq təcridxanasında həbsdədir. O, etibarlıözbək pasportuna malikdir və həm Özbəkistan, həm də Azərbaycan dövlət orqanları tərəfindən özbək vətəndaşı kimi qiymətləndirilir. Lakin ərizəçi Azərbaycan vətəndaşı da olduğunu iddia edir (baxın, aşağıda).
7. Ərizəçinin atası Firudin Qarayev mənşəyinə görə azərbaycanlıdır və 1953-cü ildə Beyləqanda, Azərbaycanda anadan olub. Ərizəçinin anası Olima Qarayeva mənşəyinə görə özbəkdir və 1960-cı ildə Buxarada, Özbəkistanda anadan olub. Ərizəçinin böyük qardaşı Ceyhun Qarayev və kiçik bacısı Nərgiz Qarayeva vardır. Təsvir olunmuş hadisələr baş verdiyi vaxtda ailə Buxarada, Özbəkistanda yaşamışdır.
A. Ərizəçiyə və onun ailəsinə aid Özbəkistanda ilkin cinayət işi
I. İlkin həbs və pis rəftar
8. 21 dekabr 2000-ci ildə özü və iyirmi yaşlı bacısı daxil olmaqla, ərizəçinin bütün ailəsi altı şəxsin öldürülməsi və onların cəsədlərinin doğranılması şübhəsi ilə Buxarada həbs olunmuşlar. Görünür ki, həbsdən əvvəl özbək hüquq mühafizə orqanları doğranılmış insan cəsədlərinin qalıqlarını ərizəçinin ailəsinin evi daxilində və evin yanındakı zibil yeşiyində aşkar etmişlər. Ərizəçinin anası əsas şübhəli şəxs idi, ailənin qalan üzvləri isə iştirakçı olmaqda şübhəli idilər. Ərizəçi iddia olunan cinayətlər törədildiyi vaxtda şəhərdən kənarda olduğunu iddia etmişdir.
9. İş materiallarından görünür ki, onların həbsi Özbəkistanda medianın diqqətini cəlb etmişdir. Media məlumatları, həmçinin yalan şayiələri əks etdirmişdir ki, ərizəçinin ailəsi insan orqanlarının traffikinqinə və hətta hanibalizmə cəlb olunmuşlar. Ərizəçinin atasının və onun uşaqlarının etnik mənşəyi də adətən qeyd olunurdu.
10. Ərizəçiyə görə, etirafları almaq məqsədilə həbsdə olarkən özü və bütün ailəsi daimi olaraq işgəncəyə və pis rəftarın digər formalarına məruz qalmışlar. Əksər vaxtda onlar ayrı-ayrı kameralarda saxlanılmışlar. Ərizəçi, inter alia, döyülmənin müxtəlif formaları, yemək və içməkdən məhrum olunması və boğulma daxil olmaqla, məruz qaldığı pis rəftarın növlərinin təfsilatlı məlumatını təqdim etmişdir.
11. Görünür ki, ilkin olaraq adam öldürmə faktları ilə bağlı ərizəçiyə və onun ailəsinin əksər üzvlərinə qarşı hər hansı ittihamlar irəli sürülməmiş və anası istisna olmaqla, sübutların olmaması səbəbindən müxtəlif tarixlərdə onlar azad olunmuşlar. Lakin azad olunduqdan sonra bütün ailə (ərizəçinin bacısı istisna olmaqla) müxtəlif əsaslarla yenidən həbs olunmuşdur.
2. Ərizəçinin işi
12. Həbsdə bir neçə gün keçirdikdən sonra, 26 dekabr 2000-ci ildə ərizəçi adam öldürmədə iştirakına dair sübutlar yetmədiyi üçün azad olunmuşdur. Lakin azad edilməsindən yalnız bir neçə dəqiqə sonra ərizəçi küçədə polis əməkdaşları tərəfindən saxlanılmış və onun şəxsiyyətini təsdiq edən sənədləri tələb olunmuşdur. Ərizəçi polis bölməsinə aparılmış və orada şəxsi axtarışdan sonra polis onun ayaqqabısında gizlədilmiş heroin aşkar etmişdir. Ərizəçi iddia edib ki, narkotik polis tərəfindən ona atılmışdır, ona görə ki, o, yalnız bir neçə dəqiqə əvvəl həbsdən azad olunmuş və həddən artıq qısa müddətdə hər hansı heroin əldə edə və onu ayaqqabının içində gizlədə bilməzdi. Xüsusən, nəzərə alaraq ki, o, pis rəftarın nəticələrindən əziyyət çəkmiş və ilkin həbsdən sonra heç bir şey yeməmiş və içməmişdir.
13. 30 aprel 2001-ci ildə Buxaranın Tokculuq rayon məhkəməsi ərizəçini narkotiklərin qanunsuz saxlanılmasında təqsirli bilmiş və onu dörd il azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Bu araşdırmalar zamanı ona hüquqi yardım təqdim edilməmişdir.
14. Prezidentin əfvindən sonra, 02 avqust 2001-ci ildə ərizəçi azad olunmuşdur.
15. 27 noyabr 2001-ci ildə ərizəçi bacısı ilə birgə Özbəkistanı tərk etmiş və həmin vaxtdan Bakıda yaşamışdır.
16. Eyni zamanda, Özbəkistanın Cinayət Məcəlləsinin 97-ci maddəsinin 2-ci bəndinə (ağırlaşdırıcı hallarla adam öldürmə) və 134-cü maddəsinə (cəsədlərin üzərində sui-istifadə) əsasən, Buxara Regional Məhkəməsinin 20 noyabr 2001-ci il tarixli qərarı ilə ərizəçi altı adamın öldürülməsində və onların cəsədlərinin doğranılmasında ittiham olunmuşdur. Bundan başqa, həmin qərarla Buxara Dairə Məhkəməsi hər hansı müddət müəyyən etmədən ərizəçi barəsində həbs qətimkan tədbirini seçmişdir.
17. 06 avqust 2002-ci ildə Buxara Dairə Prokurorluğu ibtidai araşdırmanı dayandıraraq, müəyyən etmişdir ki, ərizəçi azadlıqdadır və istintaq yerində iştirakının təmin olunması məqsədilə onun axtarışını elan etmişdir.
3. Ərizəçinin ailə üzvlərinin işləri
18. Ərizəçinin atası 29 dekabr 2000-ci ildə həbsdən azad olunmuş, lakin ərizəçi ilə oxşar hallarda heroinin iddia olunan saxlanılması əsası ilə həmin gün həbs olunmuşdur. 20 noyabr 2001-ci ildə Buxara Dairə Məhkəməsi onu narkotikləri qanunsuz saxlamasına və müəyyən başqa cinayətlərə görə təqsirli bilmiş və on bir il azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir.
19. Həmin gün, 20 noyabr 2001-ci ildə Buxara Dairə Məhkəməsi ərizəçinin anasını və qardaşını altı adamın öldürülməsində və onların cəsədlərinin doğranılmasında təqsirli bilmiş və Özbəkistanın Cinayət Məcəlləsinin 97-ci maddəsinin 2-ci bəndinə və 134-cü maddəsinə əsasən, onlardan hər birini on beş il azadlıqdan məhrum etməyə məhkum etmişdir. Məhkəmə müəyyən edib ki, böyük qardaşının köməyi ilə cinayət qurbanlarının hesabına varlanmaq məqsədilə ərizəçinin anası tanış ailəni öz evinə dəvət etmiş, onları zəhərləmiş və öldürmüş və bundan sonra yerləşdirmənin asanlaşdırılması məqsədilə onların cəsədlərini doğramışdır.
20. 2004-cü ilin aprelində ərizəçinin atası da Özbəkistanın Cinayət Məcəlləsinin 97-ci maddəsinin 2-ci bəndinə və 134-cü maddəsinə əsasən məhkum olunmuşdur. Müəyyən edilib ki, o, adam öldürmədə və cəsədlərin doğranılmasında arvadına və böyük oğluna kömək etmiş və onları bu işə təhrik etmişdir. Bir neçə şikayətlərdən sonra onun 97-ci maddənin 2-ci bəndinə əsasən məhkum olunması hissəsi ləğv olunmuş və 97-ci maddənin 2-ci bəndinə əsasən məhkum olunması qüvvədə saxlanılmış və əvvəlki məhkumluğu nəzərə alınmaqla, o, qəti olaraq iyirmi il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
21. Ərizəçinin qardaşı 12 fevral 2008-ci ildə ürək və ağ ciyər səbəbindən həbsxanada vəfat etmişdir. Ərizəçiyə görə, onun qardaşının ölümünə səbəb bir neçə il ərzində məruz qaldığı pis rəftardır.
22. Ərizəçinin atası Prezident əfvinə əsasən 2008-ci ilin mayında həbsxanadan azad olunmuş və Azərbaycana köçmüşdür.
23. Ərizəçinin anası da Prezident əfvinə əsasən 2008-ci ilin oktyabrında həbsxanadan azad olunmuş və 2008-ci ilin noyabrında Azərbaycana köçmüşdür.
B. Ərizəçinin ekstradisiyasına aid araşdırmalar
24. Yuxarıda göstərildiyi kimi, 27 noyabr 2001-ci ildən ərizəçi Azərbaycanda yaşayır. İş materiallarından görünür ki, ərizəçi özbək pasportu ilə qanuni şəkildə Azərbaycana daxil olmuşdur. Lakin o, yalnız doxsan gün ərzində Azərbaycanda qala bilərdi və görünür ki, bu müddətdən sonra o, icazə olmadan orada yaşamağa davam etmişdir.
25. 09 aprel 2008-ci ildə özbək dövlət orqanlarının verdiyi axtarış qərarı əsasında ərizəçi Beyləqanda polis tərəfindən saxlanılmışdır.
26. 10 aprel 2008-ci ildə Beyləqan rayon məhkəməsi ekstradisiya olunması məqsədilə ərizəçinin həbs olunmasını qərara almışdır. Beyləqan rayon məhkəməsi Buxara Dairə Məhkəməsinin 20 noyabr 2001-ci il tarixli qərarına istinad etmiş və onun qənaətini təsdiq etmişdir. Həbs üçün hər hansı konkret müddət göstərilməmiş və qeyd olunmuşdur ki, ekstradisiya qərarı qəbul edilənədək ərizəçi həbsdə saxlanılmalıdır. Beyləqan rayon məhkəməsinin qərarı qəbul olunmasından üç gün sonra mübahisələndirilə bilərdi. Lakin ərizəçi bu qərardan şikayət etməmişdir.
27. 02 may 2008-ci ildə Özbəkistan Respublikasının Baş Prokuroru ərizəçinin 1993-cü il tarixli Minsk Konvensiyası əsasında Özbəkistana ekstradisiyası barədə qərar qəbul etmişdir. İnter alia, qərarda göstərilib ki, özbək dövlət orqanlarının təqdim etdiyi məlumata görə, ərizəçi Özbəkistan vətəndaşıdır və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən verilmiş məlumata görə, “Vətəndaşlıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, o, Azərbaycan vətəndaşı hesab edilmir.
28. Azərbaycan Respublikasının Baş Prokuroru 29 iyul 2008-ci il tarixli məktubu ilə özbək dövlət orqanlarından ərizəçinin cinayət işinə aid təminatların verilməsini xahiş etmişdir. Özbəkistan Respublikası Baş Prokuroru müavininin imzaladığı 31 iyul 2008-ci il tarixli məktubla özbək dövlət orqanları təminat vermişlər ki, ərizəçiyə qarşı cinayət işi hər hansı siyasi və ya irqi motivləri əks etdirmir, ərizəçi işgəncəyə və ya hər hansı digər qeyri-insani rəftara məruz qalmayacaq və onun müdafiə hüquqları təmin ediləcək. Orada göstərilib ki, 01 yanvar 2008-ci ildən qüvvəyə minmiş 11 iyul 2007-ci il tarixli Qanunla Özbəkistanda ölüm cəzası ləğv olunmuşdur. Həmçinin əlavə olunub ki, cəzasını çəkdikdən sonra ərizəçiyə Özbəkistanı tərk etmək imkanı veriləcək və Azərbaycan Respublikasının icazəsi olmadan o, üçüncü tərəfə verilməyəcək.
30. Bundan sonra, ərizəçi ekstradisiya qərarının ləğv olunması üçün iki ayrı-ayrı araşdırmalara cəlb olunmuşdur.
1. Ərizəçinin vətəndaşlığına aid mülki araşdırmalar
31. Ərizəçinin atası Azərbaycana qayıtdıqdan sonra Beyləqanda, Azərbaycan SSRİ-də anadan olduğuna və 1975-ci ilədək orada yaşadığına əsaslanaraq, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi üçün müraciət etdi. 09 avqust 2008-ci ildə ərizəçinin atasına onun vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi təqdim olunmuşdur.
32. 09 aprel 2008-ci ildə həbs olunduqdan sonra atasının Azərbaycan vətəndaşı olduğuna əsaslanaraq, ərizəçi nümayəndəsi vasitəsilə Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi üçün müraciət etməyə cəhd etmişdir. Onun müraciəti rədd olunmuşdur, ona görə ki, bunun üçün o, şəxsən müraciət etməli idi.
33. Naməlum tarixdə ərizəçi Abşeron rayon məhkəməsində iddia qaldıraraq, onu Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin etməyin Abşeron rayon Polis İdarəsinə tapşırılmasını xahiş etmişdir. 26 sentyabr 2008-ci ildə Abşeron rayon məhkəməsi ərizəçinin tələbini təmin edərək, qeyd edib ki, daxili qanunvericiliyə əsasən ərizəçi qan hüququ ilə Azərbaycan vətəndaşı hesab olunur və Abşeron rayon Polis İdarəsinə ona şəxsiyyət vəsiqəsinin verilməsini həvalə edib.
34. Bu qətnamə əsasında və onun qüvvəyə minməsinədək, 02 oktyabr 2008- ci ildə ərizəçiyə 02 noyabr 2008-ci ilədək etibarlı olan müvəqqəti şəxsiyyət vəsiqəsi verilmişdir. Görünür ki, aşağıda qeyd olunan şikayətlərdən sonra bu müvəqqəti şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti uzadılmamış və Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi ərizəçiyə heç zaman verilməmişdir.
35. Abşeron rayon Polis İdarəsi 26 sentyabr 2008-ci il tarixli qətnamədən şikayət verərək, qeyd etmişdir ki, ərizəçi Özbəkistan vətəndaşıdır və Azərbaycan vətəndaşlığı üçün onun müraciət etməsinin yeganə səbəbi ekstradisiyadan yayınmaqdır.
36. 28 noyabr 2008-ci ildə Sumqayıt Apellyasiya Məhkəməsi Abşeron rayon məhkəməsinin 26 sentyabr 2008-ci il tarixli qətnaməsini ləğv edərək, müəyyən etmişdir ki, ərizəçi əcnəbi vətəndaşdır və “Vətəndaşlıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Respublika Prezidenti tərəfindən ona Azərbaycan vətəndaşlığı təqdim edilməyənədək, o, şəxsiyyət vəsiqəsi ala bilməz.
37. 19 yanvar 2009-cu ildə ərizəçi Sumqayıt Apellyasiya Məhkəməsinin 28 noyabr 2008-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. 11 mart 2009-cu ildə Ali Məhkəmə onun şikayətini rədd etmiş və 28 noyabr 2008-ci il tarixli qətnaməni qüvvədə saxlamışdır.
2. 18 iyun 2008-ci il tarixli ekstradisiya qərarına və ekstradisiya zamanı ərizəçinin həbsinə dair şikayətlər
38. 01 avqust 2008-ci ildə (11 avqust 2008-ci il tarixli əlavə ilə) ərizəçi 10 aprel 2008-ci il tarixli həbs qərarından və 18 iyun 2008-ci il tarixli ekstradisiya qərarından Səbailrayon məhkəməsinə şikayət vermişdir. Şikayətində o, inter alia, iddia edib ki, (a) onun həbsi daxili qanunvericilikdə əsasa malik olmamış və 10 aprel 2008-ci il tarixli həbs qərarı onun qeyri-müəyyən müddətə həbsinə qanunsuz olaraq icazə vermişdir; (b) Özbəkistana ekstradisiya olunduğu halda, o, işgəncənin və pis rəftarın digər formalarının qaçılmaz təhlükəsi ilə üzləşir; (c) vətəndaşlıq sənədlərinin ona verilməsindən dövlət orqanlarının qanunsuz imtinalarına baxmayaraq, daxili qanunvericiliyə əsasən o, qan hüququ əsasında Azərbaycan vətəndaşıdır (ona görə ki, Azərbaycan vətəndaşının oğludur) və buna görə, onun digər ölkəyə ekstradisiyası Azərbaycan qanunvericiliyinə və Minsk Konvensiyasına ziddir.
39. 03 oktyabr 2008-ci ildə Səbail rayon məhkəməsi ərizəçinin Azərbaycan vətəndaşlığına aid tələbini təsdiq edən Abşeron rayon məhkəməsinin 26 sentyabr 2008-ci il tarixli qətnaməsini nəzərə alaraq, Baş Prokurorun 18 iyun 2008-ci il tarixli qərarını ləğv etmişdir (baxmayaraq ki, həmin vaxtda Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən ləğv olunmasa belə, Abşeron rayon məhkəməsinin qətnaməsi hələ qüvvəyə minməmişdi). Səbail rayon məhkəməsi qeyd edib ki, Baş Prokurorluq üç gün müddətində bu qərardan şikayət verə bilər və belə şikayətə vaxt vermək üçün qərarın alınmasından yeddi gün sonra ərizəçinin azadlığa buraxılmasını qərara aldı (10 oktyabr 2008-ci ildə).
40. 03 oktyabr 2008-ci ildə qərarın alınmasından sonra 10 oktyabr 2008-ci ildə ərizəçi azadlığa buraxılmamışdır.
41. 10 oktyabr 2008-ci ildə Baş Prokurorluq Səbail rayon məhkəməsinin 03 oktyabr 2008-ci il tarixli qərarından şikayət vermişdir. Şikayətə əlavə olaraq Baş Prokurorluğun həmin qərarı yalnız 08 oktyabr 2008-ci ildə aldığına əsasən üç günlük müddətin bərpasına dair ərizə verilmişdir. Ərizəçi etiraz edərək, iddia etmişdir ki, cinayət prosessual qanunvericiliyi həbs qətimkan tədbirinə aid məhkəmə qərarlarından prokurorluğun şikayətləri üçün ötürülmüş üç günlük müddətin bərpasına icazə vermir. Ərizəçi, həmçinin iddia edib ki, üç günlük şikayət vermə müddətinin bərpasina dair xahiş əsassızdır, ona görə ki, Baş Prokurorluğun nümayəndəsi 03 oktyabr 2008-ci il tarixli qərar elan olunarkən məhkəmənin iclas zalında iştirak edirdi.
42. 13 oktyabr 2008-ci ildə şikayət vermə müddətinin bərpasına dair ərizə təmin olunmuş və Baş Prokurorluğun şikayəti qəbul edilmişdir.
43. 23 oktyabr 2008-ci ildə Bakı Apellyasiya Məhkəməsi Səbail rayon məhkəməsinin 03 oktyabr 2008-ci il tarixli qərarını ləğv etmişdir. Bakı Apellyasiya Məhkəməsi hesab edib ki, ərizəçi Özbəkistanın vətəndaşıdır və ona Azərabycan vətəndaşlığı formal olaraq verilməmişdir. O qeyd edib ki, ərizəçinin vətəndaşlıq tələbini təmin etməklə, aşağı məhkəmə Abşeron rayon məhkəməsinin qüvvəyə minməmiş 26 sentyabr 2008-ci il tarixli qətnaməsinə düzgün istinad etməmişdir. Buna görə, Bakı Apellyasiya Məhkəməsi 18 iyun 2008-ci il tarixli ekstradisiya qərarını qüvvədə saxlamış və ərizəçinin azadlığa buraxılması barədə Səbail rayon məhkəməsinin qərarını ləğv etmişdir. Lakin ApellyasiyaMəhkəməsinin qərarı ərizəçinin ekstradisiya edildiyi halda, işgəncə və ya pis rəftar təhlükəsinə və ekstradisiya məqsədilə onun həbsinin qanuniliyinə aid məsələlərin üstündən sükutla keçmişdir.
44. Daxili qanunvericiliyə əsasən Bakı Apellyasiya Məhkəməsinin 23 oktyabr 2008-ci il tarixli qərarından şikayət verilə bilməz.
45. İş materiallarından görünür ki, 28 noyabr 2008-ci il tarixdə ərizəçi Azərbaycanda BMT-nin Qaçqınlar üzrə Ali Komissarına qaçqın statusu üçün müraciət etmişdir. Lakin görünür ki, o, müraciətinə hər hansı cavab almamışdır.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
A. Azərbaycan Respublikasının Konstitusiyası
46. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin II hissəsi nəzərdə tutur ki:
“Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz...”
B. Cinayət-Prosessual Məcəlləsi (“CPM”)
1. Cinayət icraatı üzrə təqsirləndirilən şəxslərə tətbiq olunan həbs qətimkan tədbirinə və istintaq orqanlarının hərəkət və qərarlarından şikayətlərə aid CPM-in ümumi müddəaları
47. Həbs qətimkan tədbiri məhkəmə tərəfindən qərara alınır. Bu barədə məhkəmənin qərarından cinayət prosesinin tərəfləri apellyasiya instansiyası məhkəməsinə şikayət verə bilərlər. Apellyasiya instansiyası məhkəməsinin bu məsələyə dair qərarı qətidir (CPM-in 157.6-cı maddəsi). Cinayət icraatı üzrə təqsirləndirilən şəxslərin həbsi avtomatik nəzarət altındadır və ittihamların ağırlığından asılı olaraq müəyyən olunmuş spesifik müddətləri keçə bilməz (CPM-in 158-159-cu maddələri).
48. CPM-in LII fəsli cinayət icraatı üzrə tərəflərin prokurorluq orqanlarının hərəkət və ya qərarının məhkəmə qarşısında mübahisələndirilməsi prosesini müəyyən edir.CPM-in 449-cu maddəsi nəzərdə tutur ki, təqsirləndirilən (və ya şübhəli) şəxs və ya onun müdafiəçisi, inter alia, tutulması və ya həbsinə aid prokurorluq orqanlarının hərəkət və ya qərarını mübahisələndirə bilər. Prokurorluq orqanlarının hərəkət və ya qərarının qanuniliyini yoxlayan hakim onları qanunsuz hesab etdikdə, ləğv edə bilər (CPM-in 451-ci maddəsi).
2. Ekstradisiyaya aid CPM-in müddəaları
49. CPM-in LVII fəsli cinayət məsələlərində hüquqi yardıma həsr olunub. 495.1-ci maddə nəzərdə tutur ki, xarici dövlətin səlahiyyətli hakimiyyət orqanından hər hansı şəxsin verilməsi barədə xahişi və onun həbsə alınması haqqında qərarın surətini aldıqdan sonra Azərbaycan Respublikasının sorğu edilən cinayət təqibi orqanı zərurət olduqda və bu Məcəllənin müddəalarına riayət etməklə şəxsin verilməsi haqqında qərar qəbul edilənədək onun tutulması və həbsə alınması üçün tədbirlər görə bilər. 496.1-ci maddə nəzərdə tutur ki, Azərbaycan Respublikasının ərazisində olan şəxs onun cinayət məsuliyyətinə cəlb edilməsi və ya hökmün icra edilməsi üçün bu Məcəllənin 496.2-496.7-cimaddələrində nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsinin zəruriliyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının cinayət təqibi orqanı tərəfindən xarici dövlətin səlahiyyətli hakimiyyət orqanının həmin şəxsin verilməsi xahişi ilə rəsmi müraciəti əsasında verilir.
50. Ekstradisiya məqsədilə həbs olunmuş şəxs prokurorluq orqanlarının hərəkətlərindən məhkəməyə şikayət verə bilər. Bu CPM-in 442-454-cü maddələrində müəyyən olunmuş prosesə əsasən həyata keçirilir (LII fəsil; baxın, yuxarıda). 497.2-ci maddə nəzərdə tutur ki, “bu Məcəllənin 495.1-ci maddəsinə əsasən verilməsi haqqında qərar qəbul edilənədək” həbsə alınmış şəxs Azərbaycan Respublikasının cinayət təqibi orqanı onun verilməsinin qeyri-mümkünlüyü və ya verilməsindən imtina haqqında qərar qəbul etdikdə, dərhal azad edilməlidir.
C. “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” 15 may 2001-ci il tarixli Qanun
51. Ekstradisiya haqqında 15 may 2001-ci il tarixli Qanun şəxslərin xarici dövlətə verilməsi məsələlərini tənzimləyir. Bu Qanuna əsasən, Ağır Cinayətlər Məhkəməsi xarici dövlətin sorğusu əsasında şəxsin verilməsi məsələsinə baxır və bu barədə müvafiq əsaslandırılmış qərar qəbul edir (8.1-ci maddə). Ağır Cinayətlər Məhkəməsinin şəxsin verilməsi haqqında qərarından Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada şikayət və ya protest verilə bilər (8.2-ci maddə).
III. MÜVAFİQ BEYNƏLXALQ SƏNƏDLƏR
A. Mülki, ailə və cinayət məsələlərində hüquqi yardım və hüquqi əlaqələr haqqında MDB-nin 1993-cü il tarixli Konvensiyası (“1993-cü il tarixli MinskKonvensiyası”)
52. Konvensiya 22 yanvar 1993-cü il tarixdə Minskdə imzalanmış və həm Azərbaycan, həm də Özbəkistan ona qoşulmuşlar.
53. 1993-cü il tarixli Minsk Konvensiyasının 58-ci maddəsi nəzərdə tutur ki, ekstradisiya tələbi digər sənədlərlə yanaşı həbs qərarı ilə müşayiət olunmalıdır (58-ci maddənin 2-ci bəndi). Ekstradisiya qeyri-mümkün olan hallar istisna olunmaqla, ekstradisiya tələbini aldıqdan sonra tələbi almış Dövlət ekstradisiya olunması tələb olunan şəxsi axtarmaq və tutmaq üçün təxirəsalınmaz tədbirlər görməlidir (60-cı maddə).
54. Ekstradisiyası tələb olunan şəxs müvafiq vəsatət olduqda, bu barədə tələbin alınmasından əvvəl də tutula bilər. Vəsatət həbs qərarına istinadı və ekstradisiya tələbinin göndəriləcəyi barədə qeydi əks etdirməlidir (61-ci maddənin 1-ci bəndi). Şəxs ekstradisiya tələbinin alınmasından əvvəl həbs olunduqda, tələb edən Dövlətə dərhal məlumat verilməlidir (61-ci maddənin 3-cü bəndi).
55. 61-ci maddəyə əsasən, tutulmuş şəxs tutulduğu tarixdən qırx gün müddətində ekstradisiya tələbi göndərilmədiyi halda, azad olunmalıdır (62-ci maddənin 1-ci bəndi).
B. Özbəkistanda insan hüquqları vəziyyətinə aid müvafiq sənədlər
57. BMT-nin İnsan Hüquqları Komissiyasının 2002/38 saylı Qətnaməsinə əsasən təqdim olunmuş (E/CN/.4/2003/68Add.2) hesabatında İşgəncə məsələləri üzrə Xüsusi Məruzəçi Teo van Boven Özbəkistandakı vəziyyəti aşağıdakı kimi təsvir edib:
“68. Verdikləri ifadələri onları qorxuzduqları üçün anonimliyə aparan və bununla da, bu ittihamlardan şəxsən hər hansı fayda əldə etməyən şəxslərdən də missiya zamanı aldığı bir çox ifadələr (həbsdə bir neçə ölümlər daxil olmaqla) əsasında Xüsusi Məruzəçi inanır ki, işgəncə və ya oxşar pis rəftar İşgəncəyə qarşı Komitə tərəfindən müəyyən edildiyi kimi mütəmadi xarakter daşıyır. İşgəncə işlərinin yalnız kiçik sayının mütləq etibarlılıqla sübut edilə biləcəyinə baxmayaraq, toplanmış geniş ifadələr işgəncə texnikasının və işgəncənin edildiyi yerlər və halların təsvirində bir-birinə o qədər uyğundur ki, bütün istintaqın gedişində işgəncənin inandırıcı və möhkəm təbiətini danmaq olmaz. Xüsusi Məruzəçi, həmçinin qeyd edir ki, işgəncə və pis rəftarın digər formaları Dövlətin maraqlarına qarşı hərəkətlər, ağır cinayətlər kimi əməllərdə ittiham olunan şəxslərə, eləcə də kiçik cinayətkarlara və başqalarına qarşı ayrı-seçkilik olmadan tətbiq olunan görünür.”
58. 2005-ci ilin martında BMT-nin İnsan Hüquqları Komitəsi Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakta əsasən Özbəkistan barədə ikinci dövri hesabatı nəzərdən keçirmiş və aşağıdakı qeydlərini (CCPR/CO/83/UZB) qəbul etmişdir:
“11. Komitə məhbuslara qarşı işgəncənin və pis rəftarın tətbiq olunmasının geniş yayımlanmasına aid ittihamlardan və belə hərəkətlərə görə ittiham olunmuş, təqib edilmiş və məhkum olunmuş vəzifəli şəxslərin kiçik sayından narahatdır. Narahatlıq doğurur ki, nümayəndə heyətinin qeydə aldığı kənar iştirak etmə ilə aparılmış kiçik say istisna olmaqla, polis bölmələrində və başqa həbs yerlərində müstəqil araşdırmalar keçirilmir ki, işgəncə və ya pis rəftar olmaması təmin edilsin...
15. Komitə qeyd edir ki, tutulma zamanı fərdi şəxslərin vəkilə müraciət etmək hüququ daxili qanunvericilikdə təsbit edilsə də, təcrübədə bu hüquqa çox vaxt riayət olunmur...
16. Komitədə narahatlıq qalır ki, məhkəmə orqanları tam müstəqil deyil və hakimlərin təyin olunması hər beş ildə bir dəfə icra hakimiyyəti tərəfindən yenidən baxılır...”
59. “Özbəkistanda insan hüquqları vəziyyəti barədə” 2006-cı il tarixli (A/61/526) hesabatında BMT-nin Baş Katibi Özbəkistana ekstradisiya olunan şəxslərin aqibəti haqqında narahatlığını ifadə edib:
“48. 31 mart 2005-ci il tarixli yekun qeydlərində (CCPR/OP/83/UZB) İnsan Hüquqları Komitəsi qətimkan tədbiri qismində həbsdə olarkən Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsinə uyğun gəlməyən metodlarla əldə olunması iddia olunan etiraflar əsasında məhkum edilmələrin böyük sayından narahatdır. Məhkəmə Özbəkistan Cinayət Məcəlləsində işgəncənin anlayışı barədə narahatlığını ifadə edib. Əlavə olaraq, Komitə məhbuslara qarşı işgəncənin və pis rəftarın tətbiq olunmasının geniş yayımlanmasına aid ittihamlardan və belə hərəkətlərə görə ittiham olunmuş, təqib edilmiş və məhkum olunmuş vəzifəli şəxslərin kiçik sayından narahatlığını bildirib. 26 aprel 2006-cı ilədək Özbəkistan Hökuməti Komitənin tələblərinə müvafiq olaraq bu məsələlər üzrə icra məlumatını təqdim etməli idi. Həmin vaxtdan İnsan Hüquqları Komitəsinə belə məlumat təqdim olunmamışdır.”
60. 2007-ci ilin noyabrında BMT-nin İşgəncəyə qarşı Komitəsi üçüncü dövri hesabatı (CAT/C/UZB/3) nəzərdən keçirmiş və inter alia, aşağıdakı qənaətlərini (CAT/C/UZB/CO/3) qəbul etmişdir:
“6. Komitə aşağıdakılar barədə narahatdır:
(a) Cinayət icraatında istifadə olunması üçün etirafların və ya məlumatların əldə olunması məqsədilə hüquq mühafizə və istintaq orqanlarının vəzifəli şəxsləri tərəfindən və ya onların təhriki, yaxud da razılığı ilə işgəncə və başqa qəddar, qeyri-insani, yaxud alçaldıcı rəftar və ya cəzaların tətbiqi praktikasına aid çoxlu, davam edən və eyni xarakterli ittihamlardan;
(b) Belə hərəkətlərin, adətən, məhbus fundamental təminatlardan, o cümlədən vəkilə müraciət etmək hüququndan məhrum edildiyi formal ittihamların irəli sürülməsindən əvvəl və həbs zamanı edilməsinə dair etibarlı hesabatlardan;
(c) Konvensiyanın pozulması barədə belə şikayətlərə aid çevik və qərəzsiz araşdırmaların keçirilməməsindən...
9. Komitə, həmçinin etibarlı hesabatlar alıb ki, xaricdə qaçqın statusunu almaq istəmiş və ölkəyə qaytarılmış bəzi şəxslər naməlum yerlərdə həbsdə saxlanılmış və ola bilsin ki, Konvensiyanın pozuntularına məruz qalmışlar...
11. Komitə narahat qalır ki, məlumat verilmiş inkişaflara baxmayaraq, həbsdə sui-istifadələr və ölümlər barədə bir çox məlumatlar var və onlardan bəziləri işgəncə və ya pis rəftarla müşayiət olunublar...”
61. “Qayıtmağa yer yoxdur: İşgəncə və pis rəftar Özbəkistanda” adlı 2007-ci il tarixli hesabatında Human Rights Watch aşağıdakıları təhlil edir:
“Davamlı döymələr məhbusları qorxuzmaq, onların iradəsini sındırmaq və etiraflar və ya ifadələr verməyə onları məcbur etmək üçün polis və təhlükəsizlik agentləri tərəfindən istifadə olunan ən geniş metoddur. Onlar çox vaxt məhbusları əlləri, yumruqları və ayaqları ilə döyməyə başlayır və adətən dəyənəklərdən, dolu su butılkalarındanvə müxtəlif başqa əşyalardan istifadə etməklə davam edirlər...
Bir neçə fərdi şəxslər məlumat veriblər ki, onlar ya elektrik şoklarla işgəncəyə məruz qalmışlar və ya digərlərinin işgəncəyə məruz qaldığına baxmağa məcbur ediliblər...
Bəzən polis və təhlükəsizlik əməkdaşları məhbusların boğulması məqsədilə qaz maskalarından və ya plastik çantalardan istifadə edirlər. Bəzən stula qandallanmış qurbanın başı üzərinə köhnə qaz maskasını geydirdikdən sonra oksigenin verilməsi kəsilir...”
62. İnsan Hüquqları Təcrübəsi barədə ABŞ Dövlət Departamentinin 2008-ci il tarixli Hesabatı Özbəkistanla bağlı aşağıdakı məlumatları nəzərdə tutur:
“Konstitusiya və qanunlar belə təcrübəni qadağan etsələr belə, etiraf və ya təqsirləndirici məlumatları əldə etmək məqsədilə hüquq mühafizə və təhlükəsizlik əməkdaşları, bir qayda olaraq, məhbusları döyür və ya başqa yolla onlarla pis rəftar edirlər. İşgəncə və sui-istifadə həbsxanalarda, istintaq təcridxanalarında və yerli polis və təhlükəsizlik xidməti bölmələrində adi haldır. Xəbərçilər məcburi psixiatrik müayinə daxil olmaqla, tibbi sui-istifadənin bir neçə halları barədə məlumat verirlər.
Human Rights Watch (HRW) və BMT-nin İşgənəcəyə qarşı Komitənin (CAT) 2007-ci il noyabr tarixli hesabatlarında belə nəticəyə gəlinir ki, işgəncə və sui-istifadə bütün istintaqın gedişində sistematik olur və 2003-cü ildə BMT-nin Xüsusi Məruzəçisi eyni nəticələrə gəldiyi vaxtdan sonra hər hansı inkişaf yoxdur. CAT hesabatında qeyd olunur ki, işgəncə anlayışının elementlərinə aid Cinayət Məcəlləsinin 235-ci maddəsinə dəyişikliyin edilməsinə baxmayaraq, pozuntulara görə cəza nadir hallarda baş verir və cinayətlərin ağırlığına uyğun gəlmir...”
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 3-CÜ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
63. Ərizəçi şikayət edib ki, ekstradisiya edildiyi halda, bu, Konvensiyanın 3-cü maddəsinin pozuntusunu təşkil edəcək və o, özbək dövlət orqanları tərəfindən işgəncə və ya qeyri-insani, yaxud alçaldıcı rəftara məruz qalmaq təhlükəsi ilə üzləşəcək. Konvensiyanın 3-cü maddəsi nəzərdə tutur ki:
“Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır.”
A. Şikayətin məqbuliyyəti
64. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında açıq-aşkar əsassız və hər hansı digər əsasla qeyri-məqbul deyildir. Bu səbəbdən, o, məqbul elan edilməlidir.
B. İşin mahiyyəti
1. Tərəflərin dəlilləri
65. Hökumət iddia edib ki, ekstradisiya edildiyi halda, ərizəçinin işgəncə və ya qeyri-insani, yaxud alçaldıcı rəftara məruz qalacağına inanmaq üçün əsaslı səbəblər yoxdur. Hökumət, həmçinin qeyd edib ki, onlar özbək dövlət orqanlarından təminat alıblar ki, ərizəçi ekstradisiya edildiyi halda, işgəncə və ya qeyri-insani, yaxud alçaldıcı rəftara məruz qalmayacaq və ya ölümlə cəzalandırılmayacaq. Bundan başqa, Hökumət bildirib ki, özbək dövlət orqanları müvafiq beynəlxalq sazişlərdə göstərilmiş bütün zəruri tədbirləri təqdim etmişdir. Hökumət iddia edib ki, işgəncə və pis rəftar Özbəkistanın daxili qanunvericiliyi ilə və tərəf olduğu BMT-nin Mülki və siyasi hüquqularhaqqında Beynəlxalq Paktla qadağan edilir.
66. Ərizəçi ekstradisiya edilidiyi halda, o, işgəncənin və pis raftarın real təhlükəsi ilə üzləşəcəyini bildirərək, iddia edib ki, belə praktika özbək hüquq mühafizə orqanları tərəfindən geniş istifadə olunur. Bununla bağlı, o, BMT-nin institutlarının və beynəlxalq QHT-lərin müxtəlif hesabatlarına istinad edib. Ərizəçi özbək dövlət orqanlarının təminatının etibarlılığını mübahisələndirib. Ərizəçi, həmçinin bildirib ki, özü və ailəsinin bütün üzvləri əvvəllər də təqib olunmuş və işgəncəyə, qeyri-insani və alçaldıcı rəftara özbək dövlət orqanları tərəfindən məruz qalmışlar. İddiasının təsdiqi kimi o, ailə üzvlərinə Özbəkistanda iddia olunan pis rəftarın təfsilatlı məlumatını təqdim etmişdir.
2. Məhkəmənin qiymətləndirməsi
67. Məhkəmənin formalaşmış presedent-hüququ göstərir ki, Tərəf Dövlət tərəfindən ekstradisiya Konvensiyanın 3-cü maddəsinə əsasən məsələnin ortaya çıxmasına, bununla da, həmin Dövlətin məsuliyyətinin yaranmasına o halda səbəb ola bilər ki, sözügedən şəxsin ekstradisiya edildiyi təqdirdə, qəbul edən ölkədə Konvensiyanın 3-cü maddəsinə zidd rəftara məruz qalmasına dair real təhlükə ilə üzləşəcəyinə inanmaq üçün əhəmiyyətli əsaslar göstərilsin. Belə məsuliyyətin müəyyən edilməsi qaçılmaz olaraq Konvensiyanın 3-cü maddəsinin standartlarına qarşı tələb edən ölkədə şərtlərin qiymətləndirilməsini zəruri edir. Buna baxmayaraq, məsələ ümumi beynəlxalq hüquq, Konvensiya və ya başqa sənəd əsasında qəbul edən ölkəni mühakimə etmək və ya onun məsuliyyətini müəyyən etməkdən ibarət deyildir. Konvensiya üzrə hər hansı məsuliyyətin toxunulduğu və ya toxunula biləcəyi halda, məsuliyyət ekstradisiya edən Tərəf Dövlətin üzərinə düşür, ona görə ki, o, qadağan olunmuş pis rəftara fərdi şəxsin məruz qalması ilə birbaşa nəticələnən hərəkət edir (baxın, Soerinq Birləşmiş Krallığa qarşı, 07 iyul 1989-cu il, §§ 90-91, A Seriyaları, № 161).
68. Verildiyi halda, ərizəçinin Konvensiyanın 3-cü maddəsinə əsasən qadağan olunan rəftara məruz qalmağının real təhlükəsi ilə üzləşəcəyinin göstərilib-göstərilməməsinin müəyyən olunmasında Məhkəmə, qarşısına qoyulmuş bütün materiallar və ya zəruri olduqda proprio motu (öz təşəbbüsü ilə) əldə olunmuş materiallar baxımından məsələni qiymətləndirəcək (baxın, Kruz Varas və digərləri İsveçə qarşı, 20 mart 1991-ci il, § 75, A Seriyaları, № 201). Hazırkı kimi işlərdə Məhkəmə, qəbul edən ölkədə ümumi vəziyyəti və ərizəçinin şəxsi hallarını nəzərə alaraq, onun ora göndərilməsinin qabaqcadan görülən nəticələrini araşdırmalıdır (baxın, Vilvarajah və digərləri Birləşmiş Krallığa qarşı, 30 oktyabr 1991-ci il, § 108, in fine, A Seriyaları, № 215). Bu mənada, konkret ölkədə ümumi vəziyyətə aid Məhkəmə adətən BMT-nin insan hüquqları institutlarının və ya müstəqil beynəlxalq insan hüquqlarının müdafiəsi birliklərinin son hesabatlarında əks olunmuş məlumatlara əhəmiyyət verir (baxın, məsələn, ÇalalBirləşmiş Krallığa qarşı, 15 noyabr 1996-cı il, §§ 99-100, Qərar və Qərardadların Hesabatı 1996-V; Saadi İtaliyaya qarşı (BP), № 37201/06, §§ 143-146, İHAM 2008-; və İsmoilov və digərləri Rusiyaya qarşı, № 2947/06, §§ 117-123, 24 aprel 2008-ci il).
69. Məhkəmə xatırladır ki, şikayət olunan tədbrin tətbiq edildiyi halda, onun Konvensiyanın 3-cü maddəsinə zidd rəftara məruz qalmasının real təhlükəsinin mövcudluğuna inandırılması üçün əhəmiyyətli əsasların olduğunu sübut etmək, prinsipcə, ərizəçiyə aiddir. Belə sübutlar təqdim edildiyi halda, onunla bağlı meydana çıxmış hər hansı şübhələrin aradan qaldırılması Hökumətə aiddir (baxın, Nnyanzi Birləşmiş Krallığa qarşı, № 21878/06, § 53, 08 aprel 2008-ci il).
70. Yuxarıda göstərildiyi kimi, presedent-hüququna uyğun olaraq, Məhkəmədən məlum olan faktlara istinadən ərizəçinin Özbəkistana ekstradisiya edildiyi halda, pis rəftara məruz qalmasının real təhlükəsinin mövcud olub-olmamasının müəyyən edilməsi tələb olunur.
71. Hazırkı Məhkəmə ilk növbədə BMT-nin insan hüquqları institutlarının hesabatlarını və Özbəkistanda insan hüquqları ilə bağlı digər sənədləri nəzərə alıb (baxın, yuxarıda 57-62-ci paraqraflar). Bu materiallara əsasən işgəncələr, mütəmadi döyülmələr və özbək hüquq mühafizə orqanları tərəfindən etirafların əldə olunması məqsədilə cinayətdə şübhəli bilinən şəxslərə və ya məhbuslara qarşı gücdən istifadə etmə barədə bir neçə etibarlı hesabatlar vardır. Həmçinin məlumat verilib ki, işgəncə və pis rəftar barədə ittihamlar səlahiyyətli özbək dövlət orqanları tərəfindən araşdırılmır. Bu hesabatların müəlliflərinin məqamını və nüfuzlarını, məlumatların toplanılması vasitələri kimi araşdırmaların ciddiliyini və sözügedən məsələlər üzrə onların qənaətlərinin bir-birinə uyğun gəlməsi faktını nəzərə alaraq, Məhkəmə onların etibarlılığına şübhə etmir.
72. Ərizəçinin şəxsi vəziyyətinə gəldikdə, Məhkəmə qeyd edir ki, mövcud olan sənədlərdə qeyri-özbək mənşəli şübhəli şəxslərin özbək mənşəli şübhəli şəxslərdən fərqli rəftara məruz qalmalarını göstərən hər hansı sübut yoxdur. Lakin görünür ki, həbsdə saxlanılan hər hansı şübhəli şəxs ondan etirafların alınması məqsədilə və cinayətkar olduğu üçün cəza kimi işgəncə və ya qeyri-insani, yaxud alçaldıcı rəftarla üzləşməyin ciddi təhlükəsi altındadır. Bundan başqa, Məhkəmənin nəzərindən qaça bilməz ki, ərizəçinin bütün ailəsi Özbəkistanda ya həbs olunmuş, ya da təqib edilmiş, onların pis rəftar barədə dəlilləri ziddiyyətli deyil və etibarlı görünür və ərizəçi şəxsən əvvəllər həbs olunmuş və şübhə doğuran hallarda məhkum edilmişdir. Məhkəmə qeyd edir ki, 2000-2001-ci illərdə ərizəçinin əvvəlki pis rəftar barədə təsviri çox təfsilatlı və inandırıcıdır. Ərizəçinin siyasi motivli olmayan hüquq pozuntusuna görə axtarışda olması faktına baxmayaraq, Məhkəmə hesab edir ki, qorxmağa kifayət qədər səbəblər var ki, belə vəziyyətdə cinayətdə şübhəli bilinən şəxs Konvensiyanın 3-cü maddəsinə zidd rəftara məruz qalmağın ciddi təhlükəsi altındadır (müqayisə edin, Soldatenko Ukraynaya qarşı, № 2440/07, § 72, 23 oktyabr 2008-ci il).
73. Bundan başqa, cavabdeh Hökumət Özbəkistanda insan hüquqları vəziyyətinə aid müxtəlif beynəlxalq hesabatlarda edilmiş qənaətləri dəyişə bilən hər hansı sübut və ya hesabatlar təqdim edə bilməmişdir. Özbəkistanda son illərdə işgəncəyə qarşı müdafiədə hər hansı fundamental inkişafla bağlı sübutlar təqdim edilməmişdir. İşgəncə və pis rəftarın Özbəkistanın daxili qanunvericiliyi və müvafiq beynəlxalq sazişlərlə qadağan olunmasına dair Hökumətin dəlilinə gəldikdə, Məhkəmə xatırladır ki, hazırkı işdə olduğu kimi, Konvensiyanın prinsiplərinə açıq-aşkar zidd olan praktikaya dövlət orqanlarının əl atdığı və ya buna yol verdikləri barədə etibarlı mənbələrin məlumat verdiyi halda, daxili qanunların mövcudluğu fundamental hüquqlara hörməti təmin edən beynəlxalq müqavilələrə qoşulma özlüyündə, prinsipcə, pis rəftar təhlükəsinə qarşı adekvat müdafiənin təmin olunması üçün kifayət deyildir (baxın, yuxarıda qeyd olunmuş Saadi işi, § 147 və Muminov Rusiyaya qarşı, № 42502/06, § 96, 11 dekabr 2008-ci il).
74. Ərizəçinin işində özbək dövlət orqanları tərəfindən spesifik təminatların əldə olunmasına dair Hökumətin dəlilinə aid Məhkəmə qeyd edir ki, Özbəkistanın Baş Prokurorunun müavini 31 iyul 2008-ci il tarixli məktubunda yazıb ki, ekstradisiyadan sonra ərizəçi işgəncəyə, qeyri-insani və ya alçaldıcı rəftara, yaxud da cəzaya məruz qalmayacaq. Lakin Məhkəmə qeyd edir ki, Baş Prokurorun müavininin və ya onun təmsil etdiyi orqanın Dövlətin adından belə təminatları vermək səlahiyyətinə malik olub-olmaması dəqiqliklə müəyyən olunmamışdır (müqayisə edin, yuxarıda qeyd olunmuş Soldatenko, § 73). Hər bir halda, belə təminatlar verilsə də, onlar özlüyündə işgəncə təhlükəsinə qarşı adekvat müdafiəni təmin etməyə kifayət deyil və belə təminatların praktiki tətbiqetmədə Konvensiya ilə qadağan olunmuş rəftar təhlükəsinə qarşı ərizəçinin müdafiə olunacağının kifayətedici təminatı olub-olmamasını araşdırmaq öhdəliyindən Məhkəməni azad etmiş olmazdı (baxın, yuxarıda qeyd olunmuş Soldatenko, § 148). İşgəncə praktikasının nüfuzlu beynəlxalq insan hüquqları hesabatlarında mütəmadi kimi təsvir edildiyini nəzərə alaraq, Məhkəmə əmin deyil ki, özbək dövlət orqanlarının verdikləri təminatlar pis rəftar təhlükəsinə qarşı etibarlı təminatı təqdim edir.
75. Yuxarıdakılar birlikdə götürülməklə, Məhkəmə üçün belə nəticəyə gəlməyə kifayət edir ki, ərizəçinin Özbəkistana ekstradisiyası Konvensiyanın 3-cü maddəsinin pozuntusu olar.
II. KONVENSİYANIN 13-CÜ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
76. Ərizəçi şikayət edib ki, ekstradisiya olunduğu halda, işgəncə və pis rəftar təhlükəsinin mövcudluğu əsası ilə ekstradisiyasını mübahisələndirmək üçün səmərəli vasitəyə malik olmamışdır.
Konvensiyanın 13-cü maddəsi nəzərdə tutur ki:
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.”
A. Şikayətin məqbuliyyəti
77. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında açıq-aşkar əsassız və ya hər hansı digər əsasla qeyri-məqbul deyildir. Bu səbəbdən, o, məqbul elan edilməlidir.
B. İşin mahiyyəti
1. Tərəflərin dəlilləri
78. Hökumət bildirib ki, CPM-in 449-451-ci maddələrinə əsasən ərizəçi səmərəli vasitələrə malik olmuşdur. Belə ki, həmin maddələrə əsasən istintaq orqanlarının hər hansı qərarı daxili məhkəmələrdə mübahisələndirilə bilər.
79. Ərizəçi bildirib ki, bir neçə tələblərinə baxmayaraq, işgəncə və ya pis rəftar təhlükəsinə aid şikayətlərindən heç biri Baş Prokurorluq və ya daxili məhkəmələr tərəfindən araşdırılmamışdır. O iddia edib ki, bu, belə növ şikayətlərə aid Azərbaycanda daxili vasitələrin səmərəsizliyindən xəbər verir.
2. Məhkəmənin qiymətləndirməsi
80. Məhkəmə təkrar edir ki, Konvensiyanın 13-cü maddəsi daxili hüquqi qayda çərçivəsində təmin edilə bildiyi hər hansı formada Konvensiyanın hüquq və azadlıqlarının mahiyyətinin tətbiqi üçün milli müstəvidə əlçatan vasitənin mövcudluğunu təmin edir. Ümumi qayda kimi, təkcə bir vasitə Konvensiyanın 13-cü maddəsinin tələblərinə tam cavab vermirsə, daxili qanunvericiliklə nəzərdə tutulmuş vasitələrin məcmusu bunu əvəz edə bilər (baxın, Kudla Polşaya qarşı (BP), № 30210/96, § 157, İHAM 2000-XI). Konvensiyanın 13-cü maddəsinin tətbiq edilməsi üçün Konvensiyanın maddi müddəası əsasında şikayət sübut edilə bilən olmalıdır. Məhkəmə hesab edir ki, ərizəçinin Konvensiyanın 3-cü maddəsinə əsasən tələbi “sübut edilə bilən” olmuş və bununla da, Konvensiyanın 13-cü maddəsi hazırkı işə tətbiq oluna bilər.
81. Konvensiyanın 13-cü maddəsi ilə tələb olunan vasitə qanunda olduğu kimi təcrübədə də “səmərəli” olmalıdır, xüsusən o mənada ki, onun həyata keçirilməsinin qarşısı cavabdeh Dövlətin hakimiyyət orqanlarının hərəkət və ya hərəkətsizliyi ilə əsassız olaraq alınmamalıdır (baxın, Aksoy Türkiyəyə qarşı, 18 dekabr 1996-cı il, § 95, Qərar və Qərardadların Hesabatı 1996-VI). Lakin “vasitənin” Konvensiyanın 13-cü maddəsinin mənasında “səmərəliliyi” ərizəçi üçün əlverişli olan nəticənin mütləqliyi ilə şərtləndirilmir (baxın, Conka Belçikaya qarşı, № 51564/99, § 75, İHAM 2002-I).
82. Daha sonra Məhkəmə vurğulayır ki, Konvensiyanın 13-cü maddəsinə əsasən Dövlətin öhdəliyinin dairəsi ərizəçinin Konvensiyaya əsaslanan şikayətinin təbiətindən fərqlənir. Ekstradisiya kontekstində, işgəncənin və ya pis rəftarın iddia olunan təhlükəsi həyata keçirildiyi halda, baş verə bilən zərərin bərpa olunmaz mahiyyətini və Məhkəmənin Konvensiyanın 3-cü maddəsinə verdiyi önəmi nəzərə alaraq, Konvensiyanın 13-cü maddəsinə əsasən səmərəli vasitə anlayışı (i) ərizəçinin təyinat ölkəsinə ekstradisiya edildiyi halda, Konvensiyanın 3-cü maddəsinə zidd rəftarın real təhlükəsinin mövcudluğuna inanmaq üçün əhəmiyyətli əsasların olması barədə müraciətin müstəqil və ciddi araşdırılmasını və (ii) nəticələri potensial olaraq bərpa edilməz olan tədbirlərin icrasının dayandırılmasının səmərəli vasitələrinin təqdim olunmasını tələb edir (baxın, yuxarıda qeyd olunmuş Muminov işi, § 101, sonrakı istinadlarla).
83. Hazırkı işin hallarına qayıdarkən, Məhkəmə qeyd edir ki, 18 iyun 2008-ci il tarixli ekstradisiya qərarı Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən qəbul olunmuşdur. Bununla bağlı, Məhkəmə qeyd edir ki, Azərbaycanın daxili qanunvericiliyi və hüquq mühafizə orqanlarının təcrübəsi ekstradisiya qərarının çıxarılması prosesi sahəsində aydın deyildir. “Ekstradisiya haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən, ekstradisiyanı qərara almaq səlahiyyəti bu barədə əsaslandırılmış qərar qəbul edən Ağır Cinayətlər Məhkəməsinə verilmişdir (baxın, yuxarıda 51-ci paraqraf). Eyni zamanda, CPM-in 496.1-ci maddəsi ekstradisiya məsələsini həll etmək səlahiyyətini prokurorluq orqanlarına verir (baxın, yuxarıda 49-cu paraqraf). Bu ziddiyyət hazırkı işdə izah olunmamışdır. Hər bir halda, Məhkəmədən müvafiq qanunun və təcrübənin Konvensiyaya inabstracto uyğunluğunun yoxlanılması deyil, maddi hüquqla bağlı şikayətinə aid ərizəçiyə lazımi bərpa etməni təqdim edə bilən Konvensiyanın 13-cü maddəsinə uyğun gələn vasitənin olub-olmamasının müəyyən olunması tələb edilir (baxın, digər mənbələrlə yanaşı, G.H.H. və digərləri Türkiyəyə qarşı, № 43258/98, § 34, İHAM 2000-VIII).
84. Məhkəmə xatırladır ki, Konvensiyanın 13-cü maddəsinin mənasında ekspulsiya və ektradisiya ilə bağlı şikayətlərə aid məhkəmə nəzarəti qaydası, prinsipcə, səmərəli vasitəni o halda təşkil edir ki, məhkəmələr maddi və prosessual əsaslarla icra orqanının mülahizəsinin qanuniliyini səmərəli yoxlasınlar və lazım olduqda, qərarları ləğv etsinlər (baxın, Silvenko Latviyaya qarşı (BP-nin qərardadı), № 48321/99, § 99, İHAM 2002-II (çıxarışlar)). Hazırkı işdə Məhkəmə qeyd edir ki, ərizəçi Səbail rayon məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində Baş Prokurorun ekstradisiya barədə qərarını mübahisələndirmişdir. Lakin Məhkəmə qeyd edir ki, ərizəçinin işgəncə və ya pis rəftar təhlükəsindən açıq-aşkar şikayət etməsinə və bununla bağlı şikayətlərinin kifayət qədər ciddi olmasına baxmayaraq, daxili məhkəmələr onun dəlillərinə baxmamışlar. Daxili məhkəmələrin qərarları Özbəkistanda işgəncə və pis rəftar təhlükələrindən sükutla keçmiş və məhkəmələr ərizəçinin ekstradisiya məsələsini həll edərkən, bu məqamları nəzərə alan kimi görünmür.
85. Belə olan halda, Məhkəmə hesab edir ki, ərizəçi işgəncə və ya pis rəftar təhlükəsi əsası ilə ekstradisiya olunmasını mübahisələndirmək üçün səmərəli daxili vasitədən məhrum olunmuşdur.
III. KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN 1 “F” BƏNDİNİN VƏ 4-CÜ BƏNDİNİN İDDİA OLUNAN POZUNTUSU
86. Konvensiyanın 5-ci maddəsinin 1 “f” bəndinə əsasən, ərizəçi şikayət edib ki, ekstradisiya məsələsi həll olunanadək onun həbsi qanunsuzdur. Konvensiyanın 5-ci maddəsinin 1 “f” bəndinin müvafiq hissəsi nəzərdə tutur ki:
“1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz:
...
f) şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq məqsədilə və ya barəsində deportasiya, yaxud ekstradisiya tədbirləri tətbiq olunan şəxsin qanuni tutulması və ya həbsə alınması.”
87. O, Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinə əsasən, həmçinin şikayət edib ki, həbsinin qanuniliyini məhkəmə qarşısında mübahisələndirə bilməmişdir. Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi nəzərdə tutur ki:
“Tutulma və ya həbsə alınma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir.”
A. Şikayətin məqbuliyyəti
88. Məhkəmə qeyd edir ki, bu şikayətlər Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında açıq-aşkar əsassız və ya hər hansı digər əsasla qeyri-məqbul deyildir. Bu səbəbdən, onlar məqbul elan edilməlidir.
B. İşin mahiyyəti
1. Tərəflərin dəlilləri
89. Hökumət ərizəçinin iddialarını mübahisələndirib. Onlar qeyd ediblər ki, Beyləqan rayon məhkəməsinin 10 aprel 2008-ci il tarixli qərarı qanunidir və o, Buxara Dairə Məhkəməsinin 20 noyabr 2001-ci il tarixli qərarına əsaslanıb. Hökumət iddia edib ki, ərizəçinin ittiham olunduğu cinayətin ağırlığı və onun qaçması təhlükəsi həbs qətimkan tədbirinin tətbiqini əsaslandırıb.
90. Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinə aid Hökumət bildirib ki, ərizəçi CPM-in 449-451-ci maddələrinə əsasən həbsinin qanuniliyini mübahisələndirə bilən vasitəyə malik olmuşdur. Hökumət qeyd edib ki, bu müddəalara müvafiq olaraq, istintaq orqanlarının istənilən qərarı daxili məhkəmələrdə mübahisələndirilə bilər.
91. Ərizəçi Hökumətlə razılaşmamış və göstərmişdir ki, onun həbsi Konvensiyanın 5-ci maddəsinin 1 “f” bəndinin tələblərinə ziddir. Xüsusən, ərizəçi bildirib ki, həbs qərarı həbsin hər hansı müddətini əks etdirməmişdir. Ərizəçi qeyd edib ki, adi cinayət icraatında ağır cinayətdə ittiham olunan şəxslərə aid həbs müddəti on iki ayı keçə bilməz (CPM-in 157-159-cu maddələri). Lakin onun həbs müddəti bu məhdudiyyəti keçib.
92. Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinə əsasən edilmiş şikayətə gəldikdə, ərizəçi bildirib ki, ekstradisiya məsələsi həll olunanadək onun həbsinin qanuniliyinə məhkəmədə baxılması mümkünsüz olmuş və onun həbsi hər hansı məhkəmə nəzarəti və ya qərarı olmadan qeyri-məhdud müddətə davam etmişdir.
2. Məhkəmənin qiymətləndirməsi
(a) Konvensiyanın 5-ci maddəsinin 1 “f” bəndi
93. Məhkəmə xatırladır ki, Konvensiyanın 5-ci maddəsi fundamental hüququ, yəni şəxsi Dövlət tərəfindən onun hüquq və azadlıqlarına qanunsuz müdaxilədən müdafiə edir (baxın, yuxarıda Aksoy işi, § 76). Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin “a” və “f” yarımbəndləri fərdi şəxsləri azadlıqdan məhrum etməyin yol verilən əsaslarının məhdud siyahısını əks etdirir və bu əsasların birinin əhatəsinə düşmədiyi halda, azadlıqdan hər hansı məhrum etmə qanuni ola bilməz (baxın, Saadi Birləmiş Krallığa qarşı (BP), № 13229/03, § 43, İHAM 2008-...). Hazırkı işdə tərəflər arasında aydın məsələdir ki, ərizəçi “barəsində deportasiya və ya ekstradisiya məqsədilə tədbir görülmüş” şəxs kimi həbs edilmiş və onun həbsi Konvensiyanın 5-ci maddəsinin 1 “f” bəndinin əhatəsinə düşür. Lakin tərəflər bu həbsin Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin mənasında “qanuni” olub-olmamasını mübahisələndirirlər.
94. Məhkəmə qeyd edir ki, Konvensiyanın 5-ci maddəsinin 1 “f” bəndi tələb etmir ki, barəsində deportasiya və ya ekstradisiya məqsədilə tədbir görülmüş şəxsin həbsi, məsələn, onun tərəfindən cinayətin törədilməsinin və ya qaçmasının qarşının alınması üçün əsaslı şəkildə zəruri olsun. Bununla bağlı, Konvensiyanın 5-ci maddəsinin 1 “f” bəndi Konvensiyanın 5-ci maddəsinin 1 “c” bəndindən fərqli müdafiə dərəcəsini nəzərdə tutur: “f” yarımbəndinin tələbi ondan ibarətdir ki, “tədbir deportasiya və ya ekstradisiya məqsədilə görülsün”. Buna görə, Konvensiyanın 5-ci maddəsinin 1 “f” bəndinin məqsədləri üçün ölkədən çıxarılma barədə qərarın milli və ya Konvensiya hüququna əsaslanması əhəmiyyət kəsb etmir (baxın, yuxarıda qeyd olunmuş Conka işi, § 38 və yuxarıda qeyd olunmuş Çalal işi, § 112).
95. Lakin Məhkəmə təkrar edir ki, milli sistemlə təqdim olunmuş təminatlara xüsusi istinadla Konvensiyanın 5-ci maddəsinin 1 “f” bəndinin məqsədləri üçün ərizəçinin həbsinin “qanuni” olub-olmamasının yoxlanılması Məhkəməyə aiddir. Qanunla müəyyən olunmuş prosesə riayət olunub-olunmaması məsələsi daxil olmaqla, həbsin “qanuniliyi” müzakirə olunduqda, Konvensiya, əsasən milli hüquqa istinad edir və milli hüququn maddi və prosessual qaydalarına riayət etmək öhdəliyini yaradır. Lakin O, əlavə olaraq tələb edir ki, azadlığın hər hansı şəkildə məhdudlaşdırılması fərdi şəxsləri özbaşınalıqdan müdafiə etməkdən ibarət olan Konvensiyanın 5-ci maddəsinə uyğun olmalıdır (baxın, Amur Fransaya qarşı, 25 iyun 1996-cı il tarixli qərar, Qərar və Qərardadların Hesabatı 1996-III, § 50).
96. Buna görə, Məhkəmə daxili qanunvericiliyin özünün Konvensiyaya, eləcə də onda ifadə olunmuş və ya nəzərdə tutulmuş ümumi prinsiplərə uyğun olub-olmamasınımüəyyən etməlidir. Sonuncu məsələ ilə bağlı, Məhkəmə vurğulayır ki, azadlıqdan məhrum olunma müzakirə olunduqda, xüsusilə vacibdir ki, ümumi prinsip olan hüquqi müəyyənliyə riayət edilsin. Bu səbəbdən vacibdir ki, azadlıqdan məhrum olunma üçün daxili qanunvericilikdə nəzərdə tutulmuş şərtlər açıq-aşkar müəyyən edilsin və qanunvericilik norması özünün tətbiqində qabaqcadan gözlənilən olsun ki, Konvensiya ilə müəyyən olunmuş “qanunilik” standartına cavab versin. Bu standart tələb edir ki, özbaşınalığın hər hansı təhlükəsindən yayınmaq və sözügedən hərəkətin səbəb ola bildiyi nəticələri işin halları baxımından ağlabatan dərəcədə qabaqcadan görməyi vətəndaşlara — zərurət olduqda, lazımi məsləhətlə — imkan vermək üçün bütün qanunvericiliyin özü qabaqcadan gözlənilən olmalıdır (baxın, Jesius Litvaya qarşı, № 34578/97,§ 56 İHAM 2000-IX və Baranovski Polşaya qarşı, № 28358/95, §§ 50-52, İHAM 2000-III). 97. Məhkəmə qeyd edir ki, ərizəçinin həbsə alınması barədə qərar Buxara Dairə Məhkəməsinin 20 noyabr 2001-ci il tarixli həbs qərarına əsaslanır. Bu qərar həbs üçün hər hansı müddət nəzərdə tutmamışdır. Beyləqan rayon məhkəməsinin 10 aprel 2008-ci il tarixli qərarı Buxara Dairə Məhkəməsinin 20 noyabr 2001-ci il tarixli qərarına əsaslanır və ekstradisiya barədə qərar qəbul edilənədək ərizəçinin həbsini əmr edir. Beyləqan rayon məhkəməsi ərizəçinin həbsi üçün hər hansı müddət müəyyən etmir.
98. Məhkəmə qeyd edir ki, hazırkı şikayətin əsas məsələsi o fakta aiddir ki, məhkəmə qərarı ərizəçinin ekstradisiya olunmasınadək istənilən müddətə həbsdə saxlanılması üçün kifayət olmuşdur (baxın, mutatis mutandis, Nasrulloyev Rusiyaya qarşı, № 656/06, § 73, 11 oktyabr 2007-ci il və yuxarıda qeyd olunmuş Muminov işi, § 120). Bununla bağlı ərizəçi bildirib ki, cinayət icraatında həbs qətimkan tədbirinin ümumi şərtlərinə aid CPM-in müddəaları bu vəziyyətdə tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, Hökumət ekstradisiya məsələsi həll olunanadək ərizəçinin qeyri-müəyyən həbsini tənzimləyən spesifik hüquqi müddəalar barədə hər hansı məlumatı təqdim etməmişdir.
99. Məhkəmə qeyd edir ki, daxili qanunvericilik adi cinayət icraatında “istintaq zamanı həbsi” təfsilatlı tənzimləyir və cinayət işi üzrə təqsirləndirilən şəxslərin həbs qətimkan tədbirinə məruz qalmaları üçün spesifik müddətləri müəyyən edir. Lakin “ekstradisiya məqsədilə” həbsə xüsusi olaraq tətbiq olunan müddətə aid hər hansı daxili qanunvericilik müddəası mövcud deyildir. Məhkəmə qeyd edir ki, ekstradisiya məqsədilə həbsin qərara alınması və onun uzadılması prosesini müəyyən edən açıq-aydın hüquqi müddəalar olmadığı yerdə, ərizəçinin məruz qaldığı azadlıqdan məhrum olunma özbaşınalığa qarşı adekvat təminatlarla müşayiət olunmamışdır.
100. Məhkəmə daha sonra qeyd edir ki, hətta güman etsək ki, cinayət icraatında həbs qətimkan tədbirinin ümumi şərtlərini tənzimləyən müddəalar (CPM-in 158-ci maddəsi) ekstradisiya məsələsi həll olunanadək həbsə tətbiq olunan kimi qiymətləndirilsə belə, görünür ki, milli sistem ərizəçini özbaşına həbsdən müdafiə edə bilməmışdir.CPM spesifik müddətlərdə həbsin qanuniliyinin mütəmadi yoxlanılmasını nəzərdə tutur və məhbusun davamlı həbsini əsaslandırmaq üçün uzadılma qərarlarının çıxarılmasını məhkəmədən tələb edir. Bunlardan heç biri hazırki işdə edilməmişdir. Başqa sözlə, ərizəçinin həbsi adi şübhəli və ya təqsirləndirilən şəxslərin malik olduqları hər hansı təminatlarla müşayiət olunmamışdır (baxın, mutatis mutandis, yuxarıda qeyd olunmuş Nasrulloyev işi, § 76).
101. Yuxarıdakılar Məhkəməyə belə qənaətə gəlməyə kifayət edir ki, ekstradisiya məqsədilə şəxslərin həbsini tənzimləyən Azərbaycan qanunvericiliyinin müddəaları nə dəqiq, nə də tətbiqetmədə qabaqcadan gözləniləndir və Konvensiyaya əsasən tələb olunan “qanunun keyfiyyəti” standartına cavab vermir.
102. Müvafiq olaraq, iş üzrə Konvensiyanın 5-ci maddəsinin 1 “f” bəndinin pozuntusu baş vermişdir.
b) Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi
103. Məhkəmə xatırladır ki, Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinin məqsədi tutulmuş və həbs olunmuş şəxslərin məruz qaldıqları tədbirin qanuniliyinin məhkəmə nəzarəti hüququnu təmin etməkdir (baxın, mutatis mutandis, De Vild, Ooms və Versip Belçikaya qarşı, 18 iyun 1971-ci il, § 76, A Seriyaları, № 12). Vasitə şəxsin həbsi zamanı əlçatan olmalıdır ki, zərurət olduqda, şəxsə azadlığına gətirib çıxara bilən həbsin qanuniliyinin çevik məhkəmə yoxlanılmasını əldə etməyə imkan versin. Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi ilə təmin olunan vasitənin mövcudluğu yalnız nəzəriyyədə deyil, həm də təcrübədə kifayət qədər dəqiq olmalıdır. Bu olmadığı halda, o, həmin müddəanın məqsədləri üçün tələb olunan çatımlılığa və səmərəliliyə cavab verməz (baxın, mutatis mutandis, Stoiçkov Bolqarıstana qarşı, № 9808/02, § 66 in fine, 24 mart 2005-ci il və Vaçev Bolqarıstana qarşı, № 42987/98, § 71, İHAM 2004-VIII (çıxarışlar)).
104. Hazırkı işin hallarına qayıdarkən, Məhkəmə vurğulayır ki, 1993-cü il tarixli Minsk Konvensiyası ekstradisiya məsələsi həll olunanadək həbsə alınma barədə qərarınmübahisələndirilməsi üçün prosesin hər hansı qaydalarını əks etdirmir. Müvafiq olaraq, ərizəçi öz həbsini mübahisələndirə bilmək üçün bu Konvensiyadan irəli gələn hər hansı vasitələrə malik olmamışdır (baxın, Dzuhurayev Rusiyaya qarşı, № 38124/07, § 58, 17 dekabr 2009-cu il).
105. Məhkəmə Hökumətin dəlilini qəbul edə bilməz ki, CPM-in 449-451-ci maddələri ərizəçiyə davamlı həbsinin qanuniliyinin yoxlanılması üçün araşdırmalara başlamaq imkanını təqdim edib. Bu müddəaları nəzərə alaraq, Məhkəmə qeyd edir ki, onlar istintaq orqanlarının hərəkət və qərarlarından daxili məhkəmələrə ümumi şikayət hüququnu nəzərdə tutur. Lakin ərizəçinin vəziyyətində istintaq orqanı ərizəçini ekstradisiya edib-etməməyi qərara aldığı vaxtda ekstradisiya barədə bu qərar qəbul edilənədək, onun həbsi yalnız məhkəmə tərəfindən qərara alına bilər (və belə də olmuşdur). Belə olan halda, Məhkəmə ərizəçi tərəfindən CPM-in 449-451-ci maddələrində göstərilmiş prosesdən istifadə etməklə, davamlı həbsinin qanuniliyinin yoxlanılmasını necə əldə edə biləcəyini anlamır, sadəcə o fakta görə ki, onun həbsi barədə qərar “istintaq orqanının hərəkət və ya qərarı deyil”. Bu səbəblərə görə, Məhkəmə bu nəticəyə gələ bilməz ki, Hökumətin istinad etdiyi müddəalar Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi ilə tələb olunan məhkəmə nəzarəti növünü nəzərdə tutur.
106. Məhkəmə qeyd edir ki, ərizəçi ilk həbsə alınmasını Səbail rayon məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində mübahisələndirmişdir. Lakin Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinə əsasən şikayətinin məqsədi həbsə alınması barədə ilkin qərarın qanuniliyinin yoxlanılması deyildir. Bu məqsəd daha çox müəyyən müddətin keçməsindən sonra davamlı həbsinin məhkəmə yoxlanılmasını əldə etmək uğursuzluğundan ibarət olmuşdur (baxın, mutatis mutandis, yuxarıda qeyd olunmuş İsmoilov və digərlərinin işi, § 146). Hökumət göstərə bilməyib ki, o, bu məqsədlə şikayət etmək hüququna malik olmuşdur. Daha sonra, Məhkəmə esktradisiya məsələsi həll olunanadək həbs üçün prosesi tənzimləyən hüquqi müddəaların qabaqcadan gözlənilən olmaması barədə Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə əsasən gəldiyi qənaətlərə istinad edir. Məhkəmə hesab edir ki, hazırkı işin halları baxımından, bu qənaətlər, həmçinin ərizəçinin Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinə əsaslanan şikayətlərinə uyğun gəlir, ona görə ki, Hökumət göstərə bilməyib ki, ərizəçi davamlı həbsinin qanuniliyinin məhkəmə tərəfindən yoxlanılmasına imkan verən hər hansı açıq və qabaqcadan gözlənilən prosessual vasitələrə malik olmuşdur.
107. Bundan irəli gəlir ki, esktradisiya məsələsi həll olunanadək ərizəçinin bütün həbsi zamanı o, həbsinin qanuniliyinin yoxlanılması üçün hər hansı məhkəmə prosesinə malik olmamışdır. Buna görə, iş üzrə Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinin pozuntusu baş vermişdir.
III. KONVENSİYANIN İDDİA OLUNAN DİGƏR POZUNTULARI
A. Konvensiyanın 6-cı maddəsi
108. Ərizəçi şikayət edib ki, 18 iyun 2008-ci il tarixli ekstradisiya barədə qərardan şikayəti ilə bağlı araşdırma ədalətsiz olmuş və daxili məhkəmələr müvafiq qanunları düzgün təfsir etməmişlər.
Konvensiyanın 6-cı maddəsinin müvafiq hissəsi nəzərdə tutur ki:
“Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ... işinin ədalətli... araşdırılması hüququna malikdir.”
109. Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin mənasında əcnəbilərin ölkəyə daxil oması, qalması və deportasiyası ilə bağlı məsələlər ərizəçinin mülki hüquqlarının və ya azadlıqlarının, yaxud da ona qarşı cinayət ittihamının müəyyən edilməsinə aid deyildir (baxın, Məmədqulov və Əsgərov Türkiyəyə qarşı (BP), № 46827/99 və 46951/99, § 82, İHAM 2005-I və Maaouia Fransaya qarşı (BP), № 39652/98, § 40, İHAM 2000-X).
110. Müvafiq olaraq, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hazırkı işə tətbiq olunmur.
111. Belə nəticəyə gəlinir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında Konvensiyanın müddəaları ilə ratione materiae uyğun deyildir və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə əsasən rədd edilməlidir.
B. Konvensiyanın 7 saylı Protokolunun 1-ci maddəsi
112. Azərbaycan vətəndaşlığına dair tələbinə toxunmadan, ərizəçi şikayət edib ki, ekstradisiyasına aid daxili araşdırmalar aşağıdakıları nəzərdə tutan Konvensiyanın 7 saylı Protokolunun 1-ci bəndinin “a” və “b” yarımbəndlərində göstərilmiş prosessual təminatlara cavab verməmişdir: “Qanuni əsaslarla dövlətin ərazisində yaşayan əcnəbi, qanuna müvafiq qəbul edilmiş qərarların icrası istisna olmaqla, oradan çıxarıla bilməz və onun aşağıdakı imkanları olmalıdır:
a) özünün çıxarılmasına qarşı arqumentlər təqdim etmək;
b) öz işinə yenidən baxılmasını tələb etmək və; ...”
113. Məhkəmə qeyd edir ki, Konvensiyanın 7 saylı Protokolunun 1-ci maddəsi “Dövlətin ərazisində qanuni yaşayan əcnəbilərin ekspulsiyasına” aiddir. Lakin bu maddənin məqsədləri üçün “ekspulsiya” anlayışı qanuni yaşadığı ərazidən əcnəbinin məcburi çıxarılmasına yönələn hər hansı tədbirləri əhatə edir (baxın, Bolat Rusiyaya qarşı, № 14139/03, § 79, İHAM 2006-XI (çıxarışlar)). Hazırkı işdə ərizəçinin ekstradisiyaya məruz qaldığını nəzərə alaraq, 7 saylı Protokolun 1-ci maddəsinə əsasən hər hansı məsələ ortaya çıxmır.
114. Müvafiq olaraq, bu şikayət açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən rədd olunmalıdır.
C. Konvensiyanın 4 saylı Protokolunun 3-cü maddəsi
115. Ərizəçi şikayət edib ki, onun vətəndaşı olduğu Azərbaycan Respublikasının ərazisindən ekspulsiyası 4 saylı Protokolun 3-cü maddəsinə ziddir. 4 saylı Protokolun 3-cü maddəsi müvafiq hissəsində nəzərdə tutur ki:
“1. Heç kəs vətəndaşı olduğu dövlətin ərazisindən fərdi və ya kollektiv tədbirlər yolu ilə çıxarıla bilməz.”
116. Məhkəmə qeyd edir ki, ərizəçi ilk dəfə Hökumətin qeydlərinə cavab olaraq 02 noyabr 2009-cu il tarixli qeydlərində bu məsələni qaldırmışdır. Ərizəçinin vətəndaşlığına aid araşdırmalarda yekun məhkəmə qərarının Ali Məhkəmənin 11 mart 2009-cu il tarixli qərarı olmasını nəzərə alaraq, Məhkəmə qeyd edir ki, bu şikayət Məhkəməyə müddət ötürülməklə verilmiş və altı aylıq qaydaya cavab vermir.
117. Müvafiq olaraq, bu şikayət açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən rədd olunmalıdır.
IV. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
118. Konvensiyanın 41-ci maddəsi nəzərdə tutur ki:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
A. Zərər
1. Maddi zərər
119. Ərizəçi əldən çıxmış gəlirə aid maddi zərərə görə 9.000 avro tələb etmişdir. Tələblərinin əsası kimi ərizəçi həbsindən əvvəl aylıq orta maaşını göstərən bəzi ödəmə qəbzlərini təqdim etmişdir.
120. Hökumət bu tələbi mübahisələndirərək, qeyd edib ki, ərizəçi tələbini əsaslandıra bilməmişdir. Xüsusən, Hökumət iddia edib ki, təqdim olunmuş qəbzlər ərizəçinin adına verilməmişdir.
121. Müəyyən olunmuş pozuntu ilə tələbin bu hissəsi arasında hər hansı səbəbli əlaqənin olması güman edilsə belə, Məhkəmə qeyd edir ki, ərizəçinin təqdim etdiyi ödəmə qəbzləri başqa şəxsin adına verilmiş və heç bir dəlil göstərmir ki, onlar ərizəçinin iddia olunan maaşı ilə əlaqəlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tələbini əsaslandıran hər hansı başqa sübut təqdim etməmişdir. Xüsusən, o, əmək müqaviləsini və ya gəlirini təsdiq edən başqa sənəd təqdim etməmişdir. Buna görə, Məhkəmə ərizəçinin maddi zərərə aid tələbini rədd edir.
2. Mənəvi zərər
122. Ərizəçi mənəvi zərərə görə 40.000 avro kompensasiya tələb etmişdir. Daha sonra ərizəçi Məhkəmədən xahiş etmişdir ki, cavabdeh Hökumətə onu həbsdən azad etməyi və ekstradisiya məqsədilə həbsi tənzimləyən Azərbaycan qanunvericiliyinə dəyişiklik olunmasını qərara alsın.
123. Hökumət bu tələbi əsassız və həddən artıq kimi mübahisələndirib.
124. Məhkəmə hesab edir ki, ərizəçiyə sadəcə olaraq Konvensiyanın pozuntusu ilə kompensasiya oluna bilməyən mənəvi zərər vurulmuşdur. Lakin tələb olunan məbləğ həddən artıqdır. Konvensiyanın 41-ci maddəsinin tələb etdiyi kimi ədalətli əsaslarla qiymətləndirməni edərək, Məhkəmə üstünə hesablana bilən hər hansı vergi məbləği gəlməklə, mənəvi zərərə görə 16.000 avro məbləğində kompensasiya təyin edir.
125. Daxili qanunvericiliyə dəyişiklik olunmasına və ərizəçinin azadlığa buraxılmasına aid tələbə gəldikdə, Məhkəmə xatırladır ki, onun qərarları, əsasən deklarativxarakterlidir. Ümumiyyətlə, bu, ilk növbədə müvafiq Dövlətə aiddir ki, Konvensiyanın 46-cı maddəsinə əsasən hüquqi öhdəliyinə riayət etmək məqsədilə daxili hüquqi sistemində istifadə edilməli olan vasitələri seçsin (baxın, yuxarıda qeyd olunmuş Nasrulloyev, § 95). Konvensiyanın 5-ci maddəsinin 1 və 4-cü bəndlərinin pozuntusunu hazırkı işdə müəyyən etməklə, Məhkəmə mövcud olan hüquqi çatışmazlıqları aradan qaldırmaq üçün zəruri ümumi və fərdi tədbirləri görmək üzrə Hökumətin öhdəliyini müəyyən etmişdir. Belə tədbirlərin daxili qanunlara dəyişiklik edilməsini, daxili məhkəmələr tərəfindən məcburi açıqlamaların verilməsini və ya hər iki variantın birgə edilməsini və başqa tədbirlərin görülməsini əhatə edib-etməməsi cavabdeh Dövlətə aiddir. Lakin Məhkəmə vurğulayır ki, qəbul olunan hər hansı tədbirlər Məhkəmənin qərarında göstərilmiş nəticələrə uyğun olmalıdır (baxın, Assanidze Gürcüstana qarşı (BP), № 71503/01, § 202, İHAM 2004-II, sonrakı istinadlarla).
B. Xərc və məsrəflər
126. Ərizəçi, həmçinin daxili araşdırmalarda və Məhkəmə qarşısında çəkilmiş xərc və məsrəflərə görə (müxtəlif vəkillər tərəfindən göstərilmiş hüquqi xidmətlər üçün 3.600 AZN və 2.524 ABŞ dolları, tərcümə xərcləri üçün 655 AZN, poçt xidmətləri üçün 364 AZN və daxili məhkəmə rüsumları üçün 8 AZN daxil olmaqla) 4.627 AZN və 2.524 ABŞ dolları tələb etmişdir.
127. Hökumət bu tələbi əsassız və həddən artıq hesab etmişdir. Xüsusən, Hökumət bildirib ki, ərizəçi onun tərəfindən ödənilməsi iddia olunan bütün hüquqi xidmət haqlarını sübut edən hər hansı sənədləri təqdim etməmiş və Məhkəməyə təqdim olunmuş müqavilə ərizəçi ilə vəkil arasında deyil, iki vəkil arasında imzalanmışdır. Hökumət, həmçinin qeyd edib ki, poçt və tərcümə xərcləri həddən artıqdır.
128. Məhkəmənin presedent-hüququna müvafiq olaraq, xərc və məsrəflərin yalnız həqiqətən və zəruri olaraq, həmçinin əsaslandırılmış həcmdə çəkilməsi göstərildiyi halda, ərizəçi onların əvəzinin ödənilməsi hüququna malikdir. Hazırkı işdə Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təqdim olunmuş sənədlərin hamısı onun işinə aid deyil və onlardan bəziləri mahiyyətinə görə müvafiq xərclərin əsaslı və zəruri çəkildiyini aydın göstərmir. Malik olduğu sənədləri və yuxarıdakı meyarı nəzərə alaraq, Məhkəmə bütün məsələlər üzrə xərcləri əhatə edən 2.500 avro məbləğini təyin edir.
C. Faiz dərəcəsi
63. Məhkəmə məqsədəmüvafiq hesab edir ki, faiz dərəcəsi üstünə üç faiz əlavə edilməli olan, Mərkəzi Avropa Bankının təqdim etdiyi dərəcənin son həddinə əsaslanmalıdır.
BU SƏBƏBLƏRƏ GÖRƏ, MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Konvensiyanın 3 və 13-cü maddələri, 5-ci maddəsinin 1 və 4-cü bəndləri üzrə şikayətləri məqbul və qalan şikayətləri qeyri-məqbul elan edir;
2. Ərizəçinin Özbəkistana ekstradisiyasının Konvensiyanın 3-cü maddəsinə zidd olduğunu qərara alır;
3. İş üzrə Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin “f” yarımbəndinin pozulduğunu qərara alır;
4. İş üzrə Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinin pozulduğunu qərara alır;
6. Qərara alır ki,
(a) Qərarın Konvensiyanın 44-cü maddəsinin 2-ci hissəsinə əsasən qəti olduğu gündən üç ay müddətində mənəvi zərərə görə 16.000 (on altı min) avro və xərc və məsrəflərə görə 2.500 EUR (iki min beş yüz avro) Hökumət tərəfindən ərizəçiyə həll olunma gününə tətbiq edilən dərəcəyə uyğun olaraq milli valyuta ilə üstünə gəlinə bilən hər hansı vergi hesablanmaqla ödənilməlidir;
(b) yuxarıda qeyd olunan üç ay bitdiyi vaxtdan həll olunma gününədək faiz dərəcəsi yuxarıdakı məbləğ üstünə Mərkəzi Avropa Bankının faiz dövründəki təqdim etdiyi dərəcənin son həddinə uyğun ödənilməlidir;
7. Ədalətli kompensasiya üçün ərizəçinin tələbinin qalan hissəsini rədd edir.
İngilis dilində tərtib olunub və Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2 və 3-cü bəndlərinə müvafiq olaraq, qərar barədə məlumat yazılı şəkildə 10 iyun 2010-cu ildə göndərilib.
Soren Nilsen |
Xristos Rozakis |
Katib |
Sədr |
© 2009-2022 De Jure.