Azərbaycan Respublikası adından QƏTNAMƏ
İş № 2(103)-1962/2017
Bakı şəhəri
05 aprel 2017-ci il
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası,
hakimlər Namiq Cəfərov (sədrlik edən), Cəmilə Səfiyeva və Vüqar Həsənovdan ibarət tərkibdə,
Arzu İsmayılovanın katibliyi, iddiaçı X.X.N ,
iddiaçının nümayəndəsi İntiqam Hacıyevin, cavabdeh X.X.F ,
cavabdehin nümayəndəsi Emil Aslanovun iştirakı ilə,
iddiaçı X.X.N cavabdeh X.X.F qarşı “işgüzar nüfuzun, şərəf və ləyaqətin müdafiəsi, mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08.11.2016-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq
müəyyən etdi:
Tərəflər ər-arvaddır. Onlar 1986-cı ildə nikah bağıyıblar, nikah indiyə kimi pozulmayıb, nikahın pozulması barədə iş hazırda məhkəmənin icraatındadır, lakin tərəflər faktiki olaraq ayrılıblar, ayrı-ayrı ünvanlarda yaşayırlar. Tərəflərin 2 övladı (bir oğlan, bir qız) var, onlar yetkinlik yaşına çatıb, qızları ailə qurub, oğlanları subaydır, iddiaçı oğlu ilə birlikdə yaşayır.
İddiaçı müəllimidir, Bakı şəhəri 52 saylı orta məktəbdə işləyir, biologiya fənnini tədris edir, eyni zamanda direktor müavinidir.
Tərəflərin arasındakı mübahisə cavabdehin iddiaçının barəsində yaydığı məlumatla bağlıdır. Belə ki, cavabdeh iddiaçının ona xəyanət etməsi, yəni onun dostu (cavabdehin dostu) ilə münasibətdə olması barədə məlumat yaymışdır. İddiaçı iddia edir ki, bu məlumat yalandır, buna baxmayaraq cavabdeh həmin məlumatı qohumlarına, ailəvi dostlarına və işlədiyi əmək kollektivə yaymış, nəticədə isə onun şərəfi, ləyaqəti və işgüzar nüfuzu ləkələnmişdir.
İddia ərizəsində tələb olunmuşdur: 1) həmin məlumat yalan məlumat kimi tanınsın; 2) cavabdehin üzərinə vəzifə qoyulsun ki, onun yaşadığı ünvana təkzib məktubu göndərməklə ondan yazılı qaydada üzr istəsin; 3) şərəfi, ləyaqəti və işgüzar nüfuzunun ləkələnməsi nəticəsində vurulmuş mənəvi zərərin əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə 30.000 manat tutulsun. Qətnamə ilə qət olunmuşdur ki, iddia rədd olunsun.
Apellyasiya tələbi və izahatlar:
Apellyasiya şikayətində tələb olunmuşdur ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun.
Məhkəmə iclasında iştirak edən iddiaçı bildirdi ki, cavabdeh onun barəsində həmin məlumatı yaymışdır, yayılan məlumat həqiqətə uyğun deyil, ona görə də qətnamə ləğv edilməli və iddia təmin olunmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirdi ki, o, iddiaçının barəsində həmin məlumatı yaymamışdır, heç kimə bu barədə heç nə deməmişdir, ona görə də qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
Qətnamənin yoxlanılması:
Müəyyən olunur ki, cavabdeh iddiaçının ona xəyanət etməsi, yəni onun dostu (cavabdehin dostu) ilə münasibətdə olması barədə məlumat yaymışdır. İşin bu halı iddiaçının izahatı və 1-ci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadəsi ilə təsdiq olunur. Belə ki, şahid X.X.Q (tərəflərin qonşusudur) bildirmişdir ki, cavabdeh telefonla onun evinə zəng edərək ona demişdir ki, iddiaçı dostu ilə onu aldadıb. Şahid X.X.S(iddiaçı ilə eyni məktəbdə müəllim işləyir) bildirmişdir ki, iddiaçı telefonla məktəbə zəng edərək ona demişdir ki, iddiaçı dostu ilə onu aldadıb. Şahidlər X.X.J və X.X.M(hər ikisi iddiaçı ilə eyni məktəbdə müəllim işləyir) bildirmişlər ki, cavabdehin telefonla məktəbə tez-tez zəng etdiyinin və bu zənglərdən sonra iddiaçının vəziyyətinin pisləşdiyinin şahidi olmuşlar. Şahidlərin məhkəməyə yalan məlumat verdiyini güman etməyə əsas yoxdur. İddiaçı 2 uşaq anasıdır, müəllimdir, direktor müavinidir, inandırıcı deyil ki, o, özü barəsində belə (mənəvi-əxlaqi təsəvvürlərə uyğun gəlməyən) məlumatları iş yoldaşlarına və qonşusuna bildirsin, daha sonra isə həmin şəxsləri məhkəmədə onun ərinin əleyinə ifadə verməyə təhrik etsin. İddiaşı bildirir ki, əri başqa qadınla birgə yaşamaq niyyətində olmuş, ondan ayrılmaq üçün bəhanə axtarmış, ona görə də belə məlumat yaymışdır.
“Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 14.05.1999-cu il tarixli, 7 №-li qərarının 3-cü bəndinə görə məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın şərəf və ləyaqəti ləkələməsi; məlumatın doğru olmaması; məlumatın yayılması.
Plenumun qərarında qeyd olunmuşdur ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. İddiaçının barəsində yayılan məlumat əxlaqi prinsiplər baxımından əmək kollektivində və qonşular arasında iddiaçının barəsində mənfi rəy yaratmışdır.
Plenumun qərarında qeyd olunub ki, məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. İddiaçının barəsində yayılmış məlumatın doğru olduğunu sübut etmə vəzifəsi məlumatı yayan şəxsin – cavabdehin üzərinə düşür. Cavabdeh məlumatın doğru olduğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Plenumun qərarında qeyd olunub ki, məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. İddiaçının izahatından və şahidlərin ifadəsindən görünür ki, cavabdeh məlumatı iddiaçının iş yoldaşına (X.X.S) və qonşusuna (X.X.Q) bildirmişdir.
Məhkəmə Mülki Məcəllənin 23-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, cavabdehin iddiaçının barəsində yaydığı həmin məlumatın həqiqətə uyğun olmadığı müəyyən edilməli, cavabdeh iddiaçının yaşadığı ünvana məktub göndərməklə ondan yazılı formada üzr istəməli və mənəvi zərərin əvəzi kimi iddiaçıya 1.000 manat pul ödəməlidir. Plenum qərarında qeyd olunmuşdur ki, həqiqətə uyğun olmayan məlumatın təkzib edilməsi üsulu həmin məlumatın yayılması üsuluna uyğun olmalıdır. “Ünvana məktub göndərməklə yazılı formada üzr istəmə” üsulunu təkzib etmə üsulu kimi iddiaçı tələb etmişdir, həmin üsul məlumatın yayılma üsuluna zidd sayılmır. Belə ki, məlumat telefonla şifahi formada iddiaçının iş yoldaşlarına və qonşularına yayılsa da, təkzibin məhz həmin formada həyata keçirilməsi (cavabdehin üzərinə yenidən həmin şəxslərə zəng etməsi və yaydığı məlumatın yalan olduğunu onlara bildirməsi) məqsədəuyğun deyil, cavabdehin iddiaçının özündən yazılı formada üzr istəməsi kifayətdir, əgər ehtiyac olarsa (iddiaçının özü zəruri hesab edirsə) iddiaçı həmin məktubu iş yoldaşlarına və qonşularına göstərə bilər. Həmin məlumatın yayılması iddiaçıda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuş, nəticədə o, mənəvi sarsıntı keçirərək mənəvi zərər çəkmişdir. Mənəvi zərərin əvəzinin 1.000 manat müəyyən edilməsi ağlabatandır.
İddiaçı işgüzar nüfuzunun müdafiəsini tələb etdiyindən məhkəmə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 01.11.2008-ci il tarixli qərarının 3-cü bəndində qeyd olunub ki, fiziki şəxslərin işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması ilə bağlı mənəvi zərərin ödənilməsini tənzimləyən qaydalar sahibkarlar barəsində belə məlumatların yayılması hallarına şamil edilir. İddiaçı sahibkar olmadığından “işgüzar nufuz” anlayışı ona şamil edilmir.
Beəliklə, 1-ci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmadığından və maddi hüquq norması pozulduğundan qətnamə ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır.
Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 08.11.2016-cı il tarixli
qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. X.X.F tərəfindən X.X.N barəsində yayılmış “X.X.N ərinə xəyanət etməsi barədə” məlumatın həqiqətə uyğun olmadığı müəyyən edilsin.
X.X.F X.X.N faktiki yaşadığı ünvana məktub göndərməklə həmin məlumatı yaydığına görə ondan yazılı formada üzr istəsin. Mənəvi zərərin əvəzi kimi 1.000 (min) manat X.X.F-dan X.X.N-nın xeyrinə tutulsun. İddianın qalan hissəsi rədd olunsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: /imza/ Hakimlər: /imzalar/ Əsli ilə düzdür.
Sədrlik edən: Namiq Cəfərov
http://bakuappealcourt.gov.az/uploads/images/document/2-1962-17_0e5ffe51...
© 2009-2022 De Jure.