...
Artıq ödənilmiş vergilərin qaytarılması vergi ödəyiciləri üçün maraqlı mövzu ola bilər. Ona görə də mövzuya dair bir az ətraflı məlumatı verə bilərik. Belə ki, VM-nin 87.4-cü maddəsində göstərilib ki, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu müddəa bizi başqa normativ akta yönəldir. Həmin müvafiq icra hakimiyyəti orqanı - Nazirlər Kabinetidir. Və qeyd olunan qaydadalarla aşağıda tanış ola bilərsiniz:
Vergilərin qaytarılması üçün müvafiq müddətlər nəzərdə tutulub və bu müddətlərə riayət edilməlidir.
Aşağıda göstərilən 88-ci maddəsində isə vergilər üzrə yaranmış borcun ödəmə ardıcıllığı göstərilib.
Maddə 87. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin qaytarılması
87.1. Vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər:
87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir;
87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir.
87.2. Vergi ödəyicisinin ödədiyi vergilərin, faizlərin və maliyyə sanksiyalarının artıq məbləğləri digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına aid edildiyi halda, vergi ödəyicisinin tələbi ilə ona şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verilir, habelə rübdə bir dəfə rüb başa çatdıqdan sonra 20 gün ərzində ona bildiriş göndərilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü və 213-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən ibtidai istintaq aparıldığı zaman vergi yoxlaması ilə əhatə olunmamış dövr üzrə şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verilmir.
87.3. Bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır.
87.4. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 88. Vergilər üzrə borcların ödənilməsi qaydası
88.0. Vergilər üzrə yaranmış borc aşağıdakı sıra qaydası ilə ödənilir:
88.0.1. yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği;
88.0.2. hesablanmış faizlərin məbləği;
88.0.3. tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği.